öküz teniyası və müalicəsi

Öküz teniyası – az qaynadılmış ət və ya yaxşı...

Respublikamızın təbii-iqlim şəraiti, əhalinin adət və məşğuliyyəti helmintozların bəzi növlərinin geniş yayılması üçün şərait yaradır. Dünyada sayı iki yüz əlliyə  çatan helmintozların növlərindən  bizim Respublikamızda otuzuna  rast gəlmək olar. Helmitoazların 8-10 növü tez-tez müşahidə olunur.     Helmintozların vaxtında aşkar edilməməsi və onlara qarşı spesifik müalicənin adekvat aparılmaması bu xəstəliklərin əhali arasında geniş yayılmasına səbəb olur. Bu səbəbdən helmintozlar nəinki əhalinin sağlamlığına, əmək qabliyyətinə zərərli təsir göstərir, hətta kənd təssərüfattının maldarlıq sahəsinə ciddi ziyan vurur. Məsələn,  teniarinxoz ocaqlarında  finioz xəstəliyinə tutulmuş iri buynuzlu mal-qara arıqlayır, südü azalır, hətta yarasız hala düşür. Bu xəstəliyi öküz teniyası Taeniar hynchus saginatus törədir. Finozlu ətdən az qaynadılmış və ya yaxşı qızardılmamış xörəklər yedikdə öküz teniyasının sürfələri insanın bağırsağına düşür, orada parazitin baş hissəsi qovuqcuqdan çıxaraq 4 ədəd sorucu əmzikləri vasitəsilə insanın nazik bağırsağının selikli qişasına möhkəm yapışır və boyun hissəsindən yeni buğumlar əmələ gəlməyə başlayır, 3-4 aydan sonra isə xəstədən qurdun buğumları xaric olunur. Qurdun uzunluğu 4-15 metrə çatır. Bədəni zəncir düzülmüş buğumlardan ibarət olduğundan lentə oxşayır və xalq arasında lentvari və ya kəpənək qurd adlanır. Xəstələrdə vaxtaşırı  qurdun axırıncı buğumları nəcislə ya da sərbəst şəkildə xaricə tökülür və bununla da xəstə özünün kəpənək qurduna yoluxmuş olduğunu hiss edir.  Xəstə N, 46 yaşlı qadın  ümumi halsızlıq, tənginəfəslik, tez yorulma, iştahanın pozulması, baş ağrıları, ara bir qusma, alt paltarında tez-tez qurd hissəciklərinin xaric olduğunun qeyd olunması və qarında sancı xarakterli ağrılarla klinikamıza müraciət etdi. Dediyinə görə bir neçə dəfə iş yerində nahar zamanı tam bişməmiş ət yeməkləri ilə qidalanıb və yuxarıda sadalanan  şikayətlər onu bir ilə yaxındır ki narahat edir. Şikayətləri və nəcisin ümumi müayinəsinin (tenia yumurtalarının aşkarı) əsasında xəstəyə teniarinxoz diaqnozu qoyuldu və müvafiq müalicə təyin edildi. Müalicə nəticəsində qurd baş hissəsi ilə bağırsaqdan xaric olundu.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 02.12.2017

körpə nəcisində mikrob

Körpə nəcisində mikrob

Son zamanlar 1 yaşa qədər uşaqların nəcisin əkilməsi analizin  izahatıyla bağlı müraciət sayı çoxalıb. Analiz nəticəsində mikrob aşkarlananda, valideynlər narahat olub onu müalicə etməyə çalışırlar. Növbəti analizdə hər dəfə mikrob aşkar olduqda təşvişə düşürlər. Bu vəziyyətdə valideynləri maraqlandıran sual: mikroblar niyə məhv olunmayıb...? axı uşaq müalicə olunurdu.., bu qədər dərman qəbul edirdi...? Suala cavab vermək üçün ilk öncədən yeni doğulmuş körpədə bakteriyaların hardan və necə əmələ gəlməsini aydınlaşdıraq.  Beləliklə, artıq ilk əmizdirmə zamanı hər körpə ana südü ilə keçən bir qədər bakteriya porsiyası qebul edir, hansı ki nəticədə onun mədə-bağırsaq sistemində ömürlük məskunlaşır.  Ana südü, qida maddələri, həzmi yaxşılaşdıran və müqavimət sistemini möhkəmləndirən (700-dən çox müxtəlif növü olan) bakteriyalar ilə zəngindir. Onlara aiddir: Streptokokklar, stafilokokklar, süd-turşulu bakteriyalar, korinobakteriyalar, klebsiella, propion-turşulu bakteriyalar, leykonostoklar, qızılı stafilokokk, və s.  Yəni ki, ana südündə bakteriaların olması normal haldır!  Ana südü körpenin öz bakterial florasını inkişaf etdirir. Beləliklə, əgər bakterialar ana südündə müşahidə olunursa, təbii ki, nəcisdə də aşkar olunacaq. Buna əsaslanaraq, bakteriyaların müalicəsi məqsədi ilə nəcis və ana südünün bakterialoji analizi mənasızdır. Həmçinin ana südündə aşkarlanmış mikroblar əmizdirməyi sonlandırmaq üçün əsas deyil. Onu da qeyd edim ki, yaşılımtıl nəcis, nəcisin gündə 6 dəfə və yaxud 6 gündən bir olması,köp sancıları, düyünlü nəcis və s. normal göstərici sayılır və heç bir müalicə tələb etmir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.12.2017

qış və qidalanma

Qış və bəslənmə

Qış mövsümü yaşadığımız bu günlərdə immun sistemimizi gücləndirməmizin ən təsirli yollarından biri ’Yetərli ve Balanslı’ bəslənmədir. Xüsusilə infeksiyalara qarşı daha həsas olan uşaqlar, hamilələr və  yaşlılar üçün bəslənmə bu mövsümdə ayrı bir önəm daşımaqdadır. Hər mövsümdə olması gərəkən kimi, karbonhidrat, protein ve yağları günlük bəslənməmiz içərisində balanslı bir şəkilde almalı, bunlara əlavə olaraq qış aylarının ən çox görünən xəstəliklərindən olan qribə qarşı yetərli vitamin almaya diqqət göstərməliyik. Xüsusilə, A və C vitaminindən zəngin turunçgillər, kök, brokoli, qabaq, kələm, yaşıl bibər, mandalin, cəfəri və digər mövsüm tərəvəzləri və meyvələri süfrələrimizdən əksik etməməliyik. Həftədə 2 günü keçməyəcək şəkildə qırmızı ət, digər günlərdə bəyaz ət və ya balıq əti seçim edilməlidir. Payız və soyuq qış günlərində balıq, tərkibindəki  Omega-3 yağ asitinə görə immun sisteminin qüvvətlənməsinə  dəstək verər. Qış aylarında süfrədən əksik olmaması gərəkən qidalardan biri də quru paxlalılardır. Xüsusən quru fasülyə, noxud həftədə ən az bir gün alınmalıdır. Quru fasülyə, noxud, yaşıl mərcimək kimi lifdən zəngin quru paxlagillər qış mövsümündə hərəkətsizliklə bərabər gələn qəbizlik şikayətləri üçün də həll ola bilər. Ayrıca kəpəkli taxılların (qara çörək, bulqur, kəpəkli makaron / düyü / ərişdə / un) və xüsusilə C vitaminindən zəngin tərəvəz və meyvələrin alımına və gündə 10 - 14 stəkan su içilməsinə ağırlıq verilməsi qəbizliyin qarşısına keçməyə  yardım edəcəkdir. Hava soyumasıyla birlikdə bədənin  temperaturu azalır və bazal metabolizma surəti düşür. Bədənimiz normal temperatura gəlmək üçün enerjiyə ehtiyac duyur. Bu vəziyyət yemək yemə istəyimizin artmasına səbəb olur, xüsusən yüksək enerji verən karbonhidratlı qidalar qəbul edilir. Bu tərz bəslənməni vərdiş halına gətirmək bu dövürdə surətlə  kilo artımına səbəb ola bilər. Qışda alınan kiloların digər bir səbəbi də fiziki aktivliyimizə məhdudiyyət qoyan hava şərtləridir. Hərəkətsizliklə birlikdə günlük qidalarla aldığımız enerjinin, sərf etdiyimiz enerjidən daha artıq olması kilo artışına səbəb olmaqdadır. Gün içində hər qida qrupundan yetərli miqdarda almaq, yəni ehtiyacımız olan protein, karbonhidrat, yağ, vitamin və minerallar, xüsusilə, qış aylarında bədənin özünü müdafiə sistemini sağlamlaşdırması adına olduqca önəmlidir. Xüsusən  bu dövrdə metabolizmamızı surətləndirməyin ən yaxşı yolu yenə balanslı və sıx aralıqlarla bəslənməkdir. Bəslənmənin sıx aralıqlarla olması, məsələn, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi və aralara əlavə ediləcək ara yeməklər ilə həm qan şəkəri səviyyəsinin sabit qalmasını, həm də ana yeməklərdə çox acıb həddindən artıq qida qəbulunu əngəlləyəcəkdir. Burada diqqət ediləcək şey, günlük alınması gərəkən qidaların balanslı olaraq öğünlərə paylaşdırılmasıdır. Bir öğündə aşırı, digər öğündə az qida alımı həm qan şəkərinin qaydaya salınmasında, həm də kilo artışında sıxıntı yaşanmasına səbəb olmaqdadır. Bu səbəblə mümkün olduqca öğünləri miqdar olaraq balanslı dağıtmağa diqqət etməli. Bunun üçün də xüsusilə bir Bəslənmə və Diyet uzmanı kontrolunda sizə özəl bəslənmə planının qurulmasında fayda vardır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.12.2017

qalxanvari vəz zob

Qalxanvari vəz – sağlamlığımızın ön sipəri

Endokrinoloqlar bəzi digər dar tibbi ixtisas sahibləri kimi yalnız öz ixtisaslarına aid  xəstəlikləri dərindən bilməklə kifayətlənə bilmirlər. Buna səbəb elə bu ixtisasa aid predmetin özüdür. Çünki endokrinologiya daxili sekresiya vəzilərinin xəstəliklərini öyrənir. Endokrin vəzilər, daha doğrusu daxili sekresiya vəzilərinin hormonları isə tək bir orqana təsir etmir. Onlarda pozulma olduqda müxtəlif orqanların xəstəliklərinin simptom və əlamətləri qeyd olunur. Ona görə də endokrinoloqlar ən müxtəlif orqan xəstəliklərinin simptom və əlamətlərinə həssaslıqla yanaşmalıdırlar. Daxili sekresiya vəzilərinin içərisində ən mühüm yer tutanlardan biri də sağlamlğımızın keşiyində  bir sipər kimi duran qalxanvari vəzdir. Bu vəzi iki yod tərkibli hormon – T4 və ondan daha aktiv T3 hormonu, həmçinin bədəndə kalsium mübadiləsinə nəzarət edən hormonlardan biri olan kalsitonini sintez edir. Əsas hormonlar - T4 və T3 hormonları isə insan orqanizmi homeostazının (daxili stabillik) əsas requlyatorlarından sayılır. Bu hormonların birbaşa iştirakı ilə toxuma və orqanlarda əsas metabolik proseslər gedir. Yeni hüceyrələrin normal yaranması, struktur differensasiyası və apoptoz da bu hormonların təsiri ilə həyata keçirilir. Digər funksiyası bədənin normal temperaturunun saxlanması və kalorigen effektidir. Belə ki, yodlu hormonlar toxumaların oksigeni sərf etməsini, oksidləşməni və sərbəst radikalların həm yaranmasını, həm də neytrallaşmasını tənzimləyir. Hələ ana bətnindən başlayaraq bütün həyatı boyu yodlu hormonlar orqanizmin zehni, psixi və fiziki inkişafına təsir edir. Xüsusilə ana bətnində və erkən uşaqlıq dövründə hər hansı bir səbəbdən tirotrop hormon çatışmazlığına məruz qalan uşaqlar ağır zehni-psixi-fiziki qüsurlu bir xəstəliklə - kretinizmlə xəstələnirlər. Yodlu hormonlar həmçinin T-limfositlərini stimullaşdıraraq immun sistemini gücləndirmək xüsusiyyətinə də malikdirlər. Bu qədər funksiyası olan kiçik bir vəzin bir qalxan formasında və göz önündə olmasının özü də hardasa simvolikdir. Lakin biz bu məqalədə  qalxanvari vəzin bəzi xəstəlikləri barəsində danışacağıq. Zob və ya ur nədir? Zob və ya ur qalxanvari vəzin (tiroid vəzin) yaş və cinsə görə normal ölçülərinin yuxarı  limitindən çox böyüməsidir. Qadınlarda bu limit 18 sm3, kişilərdə 25 sm3-dir. Zob fiziki müayinə tapıntısı, görünən və ya instrumental müayinədə aşkar olunan bir əlamətdir. Özü bir ayrıca xəstəlik deyil. Zobun çoxlu səbəbləri və formaları var. Bundan savayı, zob metabolizmdə özünü hipertiroid, eutiroid və hipotiroid şəkildə göstərə bilər. Biz bu kiçik məqalədə ölçülərdən asılı olmadan hipertiroid və hipotiroid vəziyyətlərə qısa nəzər yetirəcəyik. Qalxanvari vəzin xəstəlikləri nə səbəbdən baş verir?  - Yod çatışmazlığı - Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən Yer kürəsində 2 milyard insan xroniki yod çatışmazlığından əziyyət çəkir.  - Autoimmun xəstəliklər - Tam məlum olmayan səbəblərdən immun sistemi öz hüceyrələrinə hücum edir. Nəticədə həm hipertiroidizm (Qreyvs xəstəliyi), həm də hipotiroidizmlə (Haşimoto xəstəliyi) müşayiət olunan xəstəliklər qeyd oluna bilər. Autoimmun proseslərin artmasının səbəblərinin isə pisləşmiş ekologiya, bəzi dərman vasitələrinin qəbulu və genetik faktorların olması güman olunur.  - Bəzi genetik xəstəliklər  - Virus və ya bakterial mənşəli iltihablar – tiroiditlər  - Yatrogen təsir (radiasiya müalicəsi, tiroid cərrahiyyəsi, bəzən tirotoksik  təsir göstərən dərman vasitələri)  - Qalxanvari vəzin kanser və qeyri-kanser şişləri və yaxud düyünləri    - Bəzən hamiləlik trigger rolunu oynayaraq qalxanvari vəzdə problemləri başlada və ya pisləşdirə bilər. Əgər müalicəsiz buraxılsa, bu həm ana, həm də döl üçün təhlükədir. Bu hallar abort, vaxtından qabaq doğuş və ölü çağa doğuşuna səbəb ola bilir.    Qalxanvari vəzin laborator analizlərinin və instrumental müayinələrinin “əlifba” -sı: nə və nə üçün olunur? - Qanda TSH müayinəsi - hər hansı bir xəstəni qalxanvari vəzi xəstəliyinə görə yoxlamaq istədikdə ən yaxşı tək skrininq müayinəsidir.  Həmçinin, tiroid hormonu əvəzetmə terapiyasında olan xəstələrə monitorinq üşün də seçim müayinəsidir. Çünki qalxanvari vəzin xəstəliklərinin əksəriyyəti “birincilidir”. Yəni proses ilk növbədə vəzidə başlanır və hormonal balansda azca dəyişiklik hələ T4 və T3-ün laborator müayinəsində özünü göstərməzdən xeyli qabaq TSH-ın artıb-azalması ilə qeyd olunur. Hiportiroidizmdə - TSH artır, hipertiroidizmdə isə TSH azalır. Əgər TSH yüksəkdirsə,  qan zərdabunda sərbəst T4, TSH aşağıdırsa sərbəst T4 və total T3 ölçülməsi məqsədəuyğundur.  - Anti-tireoid peroksidaza əks-cicimcikləri (anti-TPO) – xroniki limfositik tiroidit (Haşimoto xəstəliyini) yoxlamaq üşün ən dəqiq testdir. Digər antitellərdən anti-TG (anti-tireoqlobulin) də autoimmun tieroiditi göstərir, amma anti-TPO kimi həssas test deyil.  - Anti-TSH və TSİ (tireoid-stimuledici immunoqlobulinlər) - Qreyvs xəstələrinin əksəriyyyətinin qanında qeyd olunur. Lakin əgər diaqnoz şübhə doğurmursa, bu bahalı analizin təyin olunmasına gərək yoxdur.  - Qanda tireoqlobulin - TG miqdarının ifrat qalxması - differensasiya olunmuş tireoid kanserin qayıtmasını və dağıdıcı tireoditi göstərə bilir. Lakin çüzi qalxmalar qeyri-spesifikdir və vəzin ən müxtəlif xəstəliklərində ola bilər.  - Radioaktiv yod udulma müayinəsi (Radioactive iodine uptake-RAIU)  bir nuklear müayinə üsulu olub tirotoksikozlu xəstələrdə radioktiv yod izotoplarının yüksək  ya aşağı  dozada udulmasını  təyin edərək vəzin funksional vəziyyətini qiymətləndirir və vəzin xəstəlkləri ilə bağlı differensasiya məqsədi daşıyır.  - Tiroid radioaktiv skan  isə yüksək RAİU tireotoksikozlu xəstələr – Qreyvs xəstəliyi, toksiki çoxdüyünlü adenoma və təkdüyünlü toksiki adenoma arasında differensasiya etmək üçündür.  - Qanda kalsitonin miqdarı rutin olaraq təyin olunmur. Həkim-endokrnoloq yalnız “düyünlü zob” xəstəlyində  medulyar tireoid kanserə şübhəsi olduqda bu hormonun yoxlanması haqqında qərar verir.  - Ultrasəs müayinəsi – struktur dəyişikliklərini qiymətləndirmək üçün seçim metoddur. Ehtiyac yarandığı hallarda xəstələrə əlavə laborator-instrumental müayinələr də təyin olunur. Qalxanvari vəzin xəstəliklərinə ümumi baxış Qalxanvari vəzin xəstəliklərini hormon izafiliyi - əskikliyi, başqa sözlə metabolizmə təsiri baxımından şərti olaraq 3 qrupa ayırmaq olar: hipertiroidizm, hipotiroidizm və eutiroidizmlə gedən xəstəliklər. Bu baxımdan qeyd edək ki, endokrinologiyada “tirotoksikoz” anlayışı ilə “hipertiroidizm” anlayışı eyni deyil. Tirotoksikoz hər hansı səbəbdən qanda T4, T3 və ya ikisinin də yüksəlməsidir. Bu heç də o demək deyil ki, xəstə  həmişə və  hökmən simptomatikdir və ya “toksiki” vəziyyətdədir. Düzdür, biz endokrinoloqlar da xəstələrimizə izah məqsədilə, daha çox onların sorğusuna cavab olaraq  bəzən sadələşdirilmiş şəkildə “zəhərli zob” söz birləşməsindən istifadə edirik. Amma hər halda izah edirik ki, bu anlayış şərtidir.  Hipertiroidizm anlayışı  tirotoksikozun, yəni hormonların artmasının məhz  qalxanvari vəzinin özünün aktiv fəaliyyəti ilə əlaqədar olan hallar üçün nəzərdə tutulur. Sadə dildə desək, bütün hipertiroidizmlərdə tirotoksikoz var, amma bütün tirotoksikozlar hipertiroidizmə görə deyil. Yuxarıda qeyd etdiyimiz nuklear müayinə - RAİU üsulu ilə tirotoksikozun hipertiroidizm və qeyri-hipertiroidizm səbəbləri ayırd edilir: a) Yüksək RAİU – tirotoksikoz  - Qreyvs xəstəliyi  - Çox düyünlü toksiki ur  - Toksiki adenoma  - Hipofizin  TSH – sekresiya edən şişi  - İnsan xoriogonik qonadotropinlə (Human chorionic gonadotropin –hCG) induksiya olunmuş tirotoksikoz b) Aşağı RAIU tirotoksikozu  - Süni (qəsdən hormone qəbulu ilə) tirotoksikoz;  - İfrat yod qəbulu ilə induksiya olunmuş tirotoksikoz;  - Yarımkəskin tiroidit;  - Doğuşdan sonrakı (postpartum) tiroidit;  - Gizli (silent –“səssiz”) tiroidit;  - Antiaritmik dərmanla induksiyalaşmış tirotoksikoz. Tirotoksikozun ən çox qeyd olunan forması olan  hipertiroidizmlərin və ya xalq arasında  davamlı olaraq “zəhərli zob” adını almış  xəstəliklərin 3 ən böyük səbəbi var: Qreyvs xəstəliyi, çoxdüyünlü toksiki zob və toksiki adenoma (və ya Autonom Fəaliyyətli Tireoid Düyün – AFTD) Nədir Qreyvs xəstəliyi? Bu xəstəlik immun sistemində səbəbi naməlum qalan dəyişikliklər nəticəsində “doğma-yad” tanıma mexanizminin pozulması və nəticədə orqanizmin öz immun hüceyrələrinin qalxanvari vəziyə hücum etməsi – yəni autoimmun proses nəticəsində baş verir. Naticədə auto-əkscisimciklər vəzdəki TSH reseptorlarına birləşərək hormon istehsalını ifrat artırır və vəzin özünün də bu səbəbdən diffuz böyüməsinə səbəb olur. Bu hormonlar isə hər şeyi sürətləndirir. Bütün orqan və sistemlərdə sözün həqiqi və məcazi mənasında sürətli proseslər gedir. Nəticədə əsəbilik, emosionallıq, yuxusuzluq, diqqət və yaddaş pisləşməsi, tremor, ürəkdöyünmə və aritmiyalar, sistolik arterial hipetenziya, ifrat tərləmə və sidik ifrazı, metabolizmin sürətlənməsi, istiliyə ifrat dözümsüzlük, ishala meyllik, arıqlama, fiziki çalışmalara dözümsüzlük və töyşümə, dombagözlük və digər oftalmopatiya əlamətləri, dermopatiya (qamış sümüyüönü miksedema), saçların nazikləşməsi və akropatiya (barmaqların baraban çubuqları halını alması və ödemi), qadınlarda həm də menstruasiya pozulmaları – amenorreya, oliqomenorreya, hipomenorreya, anovulyasiya, kişilərdə cinsi sfera pozulmaları yaranır. Təcrübə göstərir ki, çox vaxt ilk əlamətlər əsəbilik və emosionallıq olduğu üçün sadəcə stresslə və ya “nevroz”-la əlaqələndirlir. Bu da xüsusən kişilərdə diaqnostik gecikmələrə gətirir. Nədənsə çoxları yanlış olaraq belə hesab edir ki, “zob” qadın xəstəliyidir. Düzdür qadınlarda tiroid vəzin xəstəlikləri, o cümlədən  Qreyvs xəstəlyi kişilərə nisbətən daha çox rast gəlininir. Amma bu hal xəstəliyin kişilərdə heç rast gəlməməsi demək deyil. Beləliklə, Qreyvs xəstəliyi (və yaxud Avropada Bazedov xəstəliyi) kliniki olaraq tirotoksikoz əlamətləri ilə diffuz zob, oftalmopatiya və dermopatiya ilə xarakterizə olunur. Yaşlı şəxslərdə isə bəzən hipertiroidizm atipik keçərək simpatik sinir sistemi aktivasiyası yerinə apatiya və  depressiya, stenokardiyanın və ürək çatışmazlığınının pisləşməsi kimi simptom və əlamətlər verə bilər. Bu kliniki olaraq “apatetik hipertiroidizm” adlanır. Toksiki çoxdüyünlü ur və toksiki adenoma tipik olaraq uzun müddət çoxdüyünlü uru olan şəxslərdə bəzi düyünlərin və toksiki adenomada həmin tək düyünün autonom funksiya əldə etməsi ilə xarakterizə olunur. Bu halda düyün və ya düyünlər  öz hipofizinin TSH ilə stimulyasiya olunmadan müstəqil və necə gəldi hormon istehsal edirlər. Hansı az rast gələn hipertirodizm növləri var? Əslində bu məlumat daha çox mütəxəssislərə maraqlıdır. Buraya hipofiz vəzin TSH sekresiya edən adenomaları, xoriokarsinomalı qadınlarda və bəzi testikulyar kanserli kişilərdə insan xorioqonik  hormonun ifrat miqdarı nəticəsində qalxanvari vəzin TSH reseptorlarının qıcıqlanması, yumurtalıqların  ektopik tiroid hormon sintez edən bəzi teratomaları, funksional metastatik follikulyar və ya papilyar tireoid kanserlər aiddir.   Hipertiroidizm səbəbindən olmayan tirotoksikozlar hansılardır? Yuxarıda göstərdiyimiz kimi, müxtəlif tiroiditlər (postpartum, yarımkəskin, ağrısız, radiasion və ya palpasiya ilə induksiya olunmuş) hallar hipertiroidizm olmadan tirotoksikozun səbəbidir. Həmçinin, yod hormonları və ya bu tərkibli məhsulların bilərəkdən, yaxud bilməyərəkdən qida ilə və ya yatrogen qəbulu da bu qrupa aiddir. Maraqlı ola biləcək bir haşiyə kimi qeyd edək ki, endokrinoloq-tiroidoloqlar amerikalı sensasion və dəbdəbəli sərlövhələri sevən jurnalistlər tərəfindən “hamburger tireotoksikozu” adını almış hallarla tanışdırlar. Belə ki, 1984-1985-ci illərdə ABŞ-da Minnesota ştatında və yaxır ərazilərdə  121 nəfərdə tirotoksikozun “mini-epidemiyası” qeyd olundu. Araşdırmalar zamanı məlum oldu ki, xüsusi dadlı olsun deyə qəssablar ətə heyvanın tiroid vəzisinin tikələrini də qatırmış.  Bu isə ifrat hormonlu qida qəbul edən şəxslərdə gözlənilməz tirotoksikoz əlamətlərinin meydana çıxmasına səbəb olmuşdu.   Lütvən nəzərə alın  ki, biz bu məqalədə hamburgerlərin zob yaratdığını demirik. Bu sadəcə ABŞ-da kütləvi-elmi ədəbiyyatda da işlədilən şərti bir addır. Tirotoksikozun laborator müayinəsində nə olmalıdır? Qeyd etdiyimiz kimi, TSH təyini ən senzitiv üsuldur. Belə ki, qalxanvari vəzin hormonla bağlı probleminə ilk “reaksiya” TSH-dan gəlir – TSH kəskin azalır. Bir müddət sonra isə T4 və T3-ün miqdarının artması, daha sonra isə isə yüngül leykopeniya, normoxrom normositik anemiya, qaraciyər transaminazalarının, qələvi fosfataza və osteokalsinin yüksəlməsi, yüngül hiperkalsiemiya, hiperfosfatemiya, albumun və xolesterinin isə azalması qeyd olunur.   Ona görə də bu xəstələrdə tirotoksikoza görə standart tiroid panellə yanaşı biokimyəvi və ümumi qan dəyişikliklərini qiymətləndirmək üçün qanın ümumi və biokimyəvi analizi də təyin olunur. Hipertiroidizm necə müalicə olunmalıdır? Əvvəlcədən deyək ki, simptomatik yaxşılaşma məqsədilə əksər xəstələrə beta-blokatorlar təyin olunur. Hipertiroidizmləri müalicə etmək üçün isə üç əsas metoddan istifadə olunur. Tirostatiklərlə dərman müalicəsi – bəzi Avropa ölkələrində, Rusiyada və ölkəmizdə bu metod daha çox dəstəklənir. Üstünlüyü – kifayət qədər effektiv olması və nisbi ucuzluğudur. Zəif cəhəti rekurrent hallarının o biri metodlara nisbətən çox olması, dərmanların bəzən kənar təsirləri və müalicənin gündəlik dərman qəbulu ilə üzun müddət aparılmasıdır. Radioaktiv yod ilə ablasion müalicə - ən çox Yaponiya və Şimali Amerikada (Kanada, ABŞ) endokrinoloqlar tərəfindən dəstəklənir. Üstünlüyü – sadə və yüksək effektivliyi, əsas zəif cəhətləri isə stasionar müalicənin uzun müddətli olması, müalicə təsirinin gec üzə çıxması, cərrahiyyə kimi burada da müalicədən sonra hipotirodizmin qeyd olunması, hamilələrdə əks-göstəriş olmasıdır. Cərrahiyyə - əksər vaxt hipertiroidizmlərdə seçim üsulu deyil. Cərrahiyyəyə əsas göstərişlər simptomatik kompressiya verən iri urlar, aşağı RAİU göstəriciləri olan hallar, sənədləşdirilmiş və ya şübhəli tiroid kanser olanlar, iri və qeyri-funksional fotopenik (“soyuq”) və yaxud hipofunksonal düyünlər, hamilələr və yaxın 4-6 ayda hamiləliyi planlaşdıran  qadınlar, yanaşı paratiroid vəzin xəstəlikləri olanlar  və kənar effektlərə görə, yaxud şəxsi təşəbbüslə anitiroid dərmanlardan imtina edənlər sayılır. Orta ağırlıqlı və ağır oftalmopatiyada da  cərrahi müalicə məqsədəuyğundur. Hipotiroidizm nədir? Hipotirodizm əksər vaxt vəzin özündə yaranmış dəyişikliklər nəticəsində az hormon istehsalı ilə bağlı yaranan bir vəziyyətdir. Hipotroidizm ifadə olunmuş və ya yumşaq ola bilər. İfadə olunmuş hipotiroidizmdə qanda T4 azalıb və TSH kompensator yüksəlib. Daha çox yayılmış yumşaq və ya subkliniki hipotirodizmdə isə TSH yüksəlsə də, T4 normadadır. Subkliniki hipotiroidizm ya heç bir simptom vermir, ya da hiperxolesterinemiya və yüngül ürək-damar sistemi xəstəlikləri əlamətləri ilə (məsələn, diastolik hipertenziya) özünü göstərir. Ümumuiyyətlə, hipotiroidizm çox yayılmış patoloji vəziyyətlərə aiddir. Məsələn, statistikaya əsasən ABŞ-da əhalinin 4-8%-də subkliniki hipotiroidizm, 0,3-0,4%-də isə ifadə olunmuş hipotiroidizm qeyd olunur. Diaqnoz qoyulan orta yaş adətən ömrün 50-ci illəridir. Qadınlarda kişilərə nisbətən 3 dəfə çox qeyd olunur. Doğuşdan sonra qadınların 5-10%-də tranzitor hipotiroidizm qeyd olunur. Hipotirodizmin ən mühüm səbəbi autoimmun proses olan xroniki limfositik tiroidit – Haşimoto xəstəliyidir. Digər səbəblərə endemik yod çatışmazlığı ilə bağlı hipotiroidizm, spesifik yatrogen hipotiroidizm (cərrahiyyədən, radioaktiv yod müalicəsindən, müxtəlif tirotoksik dərman qəbulundan  sonra), boyun nahiyəsinə irradiasiyadan sonrakı hipotiroidizm, infiltrativ xəstəliklər, mərkəzi (hipofiz-hipotalamus) hipotroidizm aiddir. Əgər hipertirodizmdə hər şey sürətlənirdisə, hipotiroidizmdə hər şey ləngiyir. Xəsətələr yorğunluqdan, əzgünlik və süstlükdən şikayətlənirlər. Başqalarından fərqli olaraq onlara daim soyuqdur.  Qəbizliyə meyllidirlər. Çəkiləri artır. Dəri quruyur, tüklər tökülür. Qadınlarda menstruasiya pozulmaları qeyd olunur. İrəliləmiş hallarda isə bradikardiya, diastolik hipertenziya, periorbital şişkinlik və üzün ödemi, qanda beta-karotinlərin yüksəlməsinə görə sarımtıl dəri, karpal tunel sindromu əlamətləri (əl barmaqlarında ağrılar) qeyd olunur. Palpasiyada və USM-də qalxanvari vəz böyümüş, kiçilmiş və normal ölçülərdə ola bilər. Laborator müayinələrdə tiroid paneldə TSH, T4 və T3 hormonları, antitellər ilə bağlı qeyd olunmuş dəyişikliklərlə yanaşı normoxrom normositik anemiya, hiperxolesterinemiya, hiponatriemiya və kreatin-fosfokinazanın yüksəlməsi qeyd oluna bilər.  Endemik urun laborator diaqnostikasında isə yod-kreatin əmsalı və dəri-yod sınağı istifadə oluna bilər. Bütün ifadə olunmuş hipotireozlu xəstələr hormon əvəzedici müalicə almalıdırlar. TSH-da davamlı yüksəlmə qeyd olunan subkliniki hipotiroid vəziyyətlərin də tiroid preparatlarla müalicəsi məqsədəuyğundur. Digər əksər subkliniki hipotiroid vəziyyətlərin isə tibbi müşahidədə olması tövsiyyə olunur. Yekun Qalxanvari vəzin xəstəlikləri təkcə endokrinoloji deyil, ümumiyyətlə çox yayılmış xəstəliklərə aiddir. Ona görə də müxtəlif qeyri-spesifik şikayətlərlə müraciət edən xəstələrdə skrininq müayinələr aparılması məqsədə uyğundur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.11.2017

osteoporoz kimlərdə rast gəlinir

Osteoporoz kimlərdə rast gəlinir?

Osteoporoz sümük kütləsinin azalması ilə gedən və sonunda sümük sınıqları ilə nəticələnən metabolik xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 50 yaşından yuxarı hər iki qadından və üç kişidən biri bu xəstəlikdən əziyyət çəkir. Məlum olduğu kimi 25-30 yaşa qədər sümüklərdə sümükləşmə tam başa çatır və sümüklər özünün ən ağır çəkisini əldə edir. Lakin 40 yaşından sonra sümüklər öz çəkisini itirməyə başlayır. Belə ki, sümüklər kişilərdə il ərzində öz çəkisinin 1%-ni, qadınlarda isə 1-4%-ni itirir. Onu da qeyd etməliyik ki, klimakterik dövr, bəzi dərman preparatları ilə uzunmüddətli müalicələr, müxtəlif xəstəliklər zamanı sümüklərin çəki itirməsi il ərzində 5%-ə qədər çata bilər. Nəticədə sümüklər möhkəmliyini itirir və kövrəkləşir. Bu proses osteoporoz adlanır. Osteoporoza ən çox menopauza sonrası qadınlarda rast gəlinir. Bununla yanaşı osteoporoza səbəb olan risk faktorları da var. Risk faktorları sırasında qəbul edilən dərmanlar (kortizon, tiroid hormonlar, heparin, antiepileptik dermanlar və s.), spirtli içki, siqaret, kofein, kalsium və D vitamini əskikliyi, hərəkətsizlik, fiziki aktivliyin az olması, endokrin xəstəliklər, 5 il ərzində 3 sm-dən çox boy qısalması olan xəstələr, 3 ən çox doğuşu olan və 1 ildən çox süd verən qadınlar, öncədən sümük sınıqları olan xəstələr var. Müşahidələrə görə 50% hallarda osteoporoz heç bir şikayət verməyə bilər, ilk sınıqlar minimal cüzi travmalardan belə, ola bilir. Bel və digər sümüklərdə gedən xroniki ağrılar, boyun qısalması, qozbel olma xəstələri daha çox narahat edir. Xəstədə öncədən bir sınığın olması sonrakı sınıqların olma riskini 5 dəfə artırır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün 65 yaşdan yuxarı və ya ən az bir risk faktoru daşıyan, erkən menopauzaya girən, yanaşı digər endokrin xəstəlikləri olan qadınlar osteoporoz riskinə görə mütləq müayinələrdən keçməlidirlər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 29.11.2017

miofassial ağrı sindromu və proloterapiya ilə müalicəsi

Miofassial ağrı sindromu və onun proloterapiya ilə effektiv...

Miyofasiyal ağrı sindromu nədir?    Bu xəstəliyin əvvəllər fərqli adları mövcud idi: oynaq və ya əzələ revmatizmi; təkrarlanan travma sindromu (dartılma,stress); miyofassit; mioqeloz; əzələ gərginliyi ağrısı; aşırı yük sindromu. Çox vaxt bu xəstəliyin sinonimləri ağrı mərkəzini göstərirdi: tennisçi dirsəyi (və ya bir qolfçunun); boyunarxası nevralqiya; qabırğa-kürək sindromu; çiyin-kürək periartriti; gərgin baş ağrısı; lyumbaqo və s. Miyofasiyal ağrı sindromunda əzələlərdə spazm sahələri əmələ gəlir (triqqer nöqtələri-TT). TT əzələ tonusunu yüksəldir, gücünü azaldır, əks olunan ağrı görünüşünə qatqı təmin edir (adətən oynağa yönülü və ya oynağın özü) və vegetativ pozulmalar. Tez-tez olan şikayətlər: beldə, onurğada, oynaqlarda sərtlik və ağrı, baş ağrıları, udmaqda çətinlik, nəfəs darlığı, ürək döyüntüsünün pozulması, qəbizlik. Bəzən həddən artıq güclü ağrı. Miyofasiyal ağrı sindromunun səbəbləri: Bunun bir neçə səbəbi var:  - Birinci səbəb: İnsan daimi hərəkət şəraitində formalaşır - uşaqlara nəzər salın. Bizim əzələlər uzun müddətli hərəkətsizliyə görə nəzərdə tutulmur. Kiçik uşaqdan on dəqiqə hərəkət etməməsini istəyin, onun üçün çox çətin olacaq, çünki bu onun orqanizmi üçün qeyri-adidir. "Yaxşı yetişdirilmiş" adam iş masası arxasında saatla hərəkət etmədən oturur.  - İkinci səbəb: İnsan, həmçinin sürətli və güclü olmayan monoton hərəkətlərə, əzələlərdə xroniki yorğunluğa səbəb olmasına baxmayaraq, monoton hərəkətlərə uyğunlaşmayıb.  - Üçünçü səbəb: Kəskin həddindən artıq yükləmə, ani hərəkət, ağır çəki qaldırmaq, hipotermiya və birbaşa zədələnmənin baş verdiyi əzələ zədələri: yıxılma, kəsik, yol qəzaları, cərrahi əməliyyatlar və s. əmələ gələn əzələ travmaları.  - Dördüncü və fikrimcə ən vacib səbəb: Müasir insanın fiziki hərəkətlə aradan qaldıra bilmədiyi, emosional stress. Qədimdə insan hər hansı bir əhəmiyyətli hadisəyə hərəkət ilə reaksiya verirdi - təhlükə, sevinc, acı. Bu güclü hadisə həqiqətən faydalı fiziki reaksiyayla mübarizə etməməli və ya qaçışla xilas olmağı tələb etmirsə, o zaman şəxs öz duyğularını dağıdan ritual rəqslərə müraciət etmişdir. Nə üçün? Çünki güclü emosiyalarda qana, fiziki reaksiya üçün əzələləri dərhal tənzimləyən, maddələr daxil olur (mübarizə, qaçış). Əgər bu an insan hərəkətsiz qalırsa o zaman maddələr əzələ spazmına gətirir. Bu çoxdan və hər kəsə  məlumdur. Lakin, tibbi ədəbiyyatda adətən damarların spazmına səbəb olan balaca əzələlər qeyd edilir, damarların spazmı nəticəsində qan təziqi yüksəlir, insult və infarkt təhlükəsi əmələ gəlir. Əslində isə stress zamanı ən iri (skelet) üz, baş, boyun, bel əzələlərinin tonusu yüksəlir - hərəkətə ani hazırlığı ifadə edir, ancaq hərəkət baş vermir. Müasir insan qədim insandan fərqli olaraq stressə reaksiya verir: siqaret çəkir, alkoqol qəbul edir, şirniyyat yeyir. Bu halda, fiziki fəaliyyətlə aradan götürülməmiş, əzələ spazmı uzun müddətli qalır - əzələyə toxunduqda nə qədər sıx olduğu hiss olunur. Həkimlər buna əzələ tonusu yüksəlib deyirlər. Miyofasiyal ağrı sindromunun əlamətləri: Bir neçə həftə və ya ay sonra belə bir əzələdə kiçik bir spazmoidik ağrılı sahə əmələ gəlir - triqqer nöqtəsi (TT). Bütün bunlar tədricən baş verərsə, şəxs yalnız oynaq hərəkətləri əhəmiyyətli dərəcədə məhdud və ağrılı olduqda xatırlayır. Məsələn, corab geyinərkən və ya üst rəfdən əşya götürərkən əziyyət çəkir. TT üzərinə basıldığında çox ağrılı olur (adətən ona toxunmadıqda ağrı olmur). Bu onun daşıdığı ən kiçik problemdir. TT əks olunan ağrı verir, adətən oynaq tərəfə və ya oynağın özünə. Yəni insan ağrını mənbəyi olan yerdə hiss eləmir (məsələn, TT boyun əzələlərində güclü ağrını ələ, kürəyə və ya ürək bölgəsinə vurur). TT-nin verdiyi ikinci narahatlıq (əsasən baş və boyun əzələlərində) - bunlar müxtəlif həssaslıq pozulması və vegetativ simptomlardır: baş ağrıları, arterial təziqin yüksəlməsi, diqqət və yaddaş pozulması, başgicəllənmə və yüksək yorgunluq, ağızda quruluq, qıcığlanma və quru öskürək, udmaqda çətinlik, boğazda ağrı, boğulma hissi, güclü tərləmə və ya dəri quruluğu, görmə və eşitmə pozulması, ürək döyüntüsü pozulması, qəbizlik və ishal ilə mədə-bağırsaq traktının pozulması və başqa simptomlar. Nəhayət üçüncü narahatlıq TT ilə spazmlı bir sahədə olan əzələ normal fəaliyyət göstərə bilməyəcəyi, zəiflədiyi və funksiyası digər əzələlər tərəfindən fəaliyyət göstərdiyi zaman əzələ disfunksiyası baş verir. Digər əzələlərin fəaliyyətin üstlənmiş əzələlər üçün bu iş qeyri-adi olduğu üçün, əzələlər tez yorulur və daha tez spazma olur. Həttda bir müddət sonra onlarda TT əmələ gəlir. Bədənin bütün yarısı ağrımağa başlıyır. Boyun əzələləri və bir çox bel əzələləri cütləşir və eyni zamanda hər iki tərəfdən eyni zamanda patoloji prosesdə iştirak edirlər. Beləliklə, bir spazmlı əzələ müalicə edilməsə bütün yeni əzələ qrupları bütün bədənin əzələlərinə qədər cəlb olunacaq. Zəiflik, narahat yuxu və daimi yorğunluq var, axşama isə adətən asanlaşır. Bütün əzələlərin müalicəsi ətraflı olaraq C.Q.Treyvellin, D.Q.Simonsun “Miyofasiyal ağrılar və disfunksiyalar: Triqqer nöqtələri üzrə rəhbərlik”. Bu istedadlı yazıçılar miyofasyonal ağrı sindromunun yaradıçısı deyillər. Lakin, əsas kitabları yaratdılar ki, əzələlər, oynaqlar və ağrılarla məşqul olan bütün həkimlərin masasında olmalıdır. ABŞ-da əhalinin üçdə birində MFAS-u var. Düşünürəm ki, Russiyada bu göstərici daha yüksəkdir. Buna görə də xəstənin xroniki ağrı şikayətlərində ilk növbədə miyofasional disfunksiya istisna edilməlidir, demək olar ki 90% hallarda məhz bu səbəb ağrı mənbəyi olur. Xəstəliklə bağlı suallarınıza cavab yuxarıda qeyd olunan kitablarda tapa bilərsiz. Bu iki cildli kitab və digər yazarların öz təcrübələrinə əsasən, həm xəstələr, həmdə həkimlər üçün çoxsaylı kitablar dərc edilmişdir. Onlardan bəziləri rus dilinə tərcümə olunmuşdur. Xəstələr üçün ən məşhur kitab - Devis K.,Devis A. “Triqqer nöqtələri: xroniki ağrılarda dərmansız müalicə” (Bu kitab müxtəlif bir başlıq altındada buraxıldı - “Xroniki ağrıdan necə qurtulmaq olar:başlanğıc nöqtələrinin öz-özünə masajı”). Həmçinin tərcümə olunmuşdur: D.Finando “Ən yeni masaj ensiklopediyası. Təziq və dartılma texnikası. Gərginlik nöqtələri”; Ferqyuson L.,Qervin R. “Miyofasional ağrıların müalicəsi. Kliniki rəhbərlik”. Belə bir sual əmələ gəlir: niyə insanın və insanlığın dünyaya gəldiyi ilk gündən tanış olduğu əzələ ağrısı bu günə kimi yaxşı öyrənilməmişdir. Cavab: tibb insan bədəninin çəkisinin 40% tutan əzələləri unutmuşdur, tibbdə əzələlərnən məşğul olan ixtisas yoxdur. Buna görədə belə bir çox adları və istiqamətləri olan çox sayda “alternativ tibb” göründü və çiçək açdı: manual terapiya, osteopatiya, kineziterapiya, proloterapiya. Miofassial ağrı sindromunun müalicəsi: 1. Birbaşa TT-yə təsir. TT-ni quru iynə ilə deşmək və yaxud dərini soyutduqdan sonra əzələlərin dartılması. Müalicə və özünü müalicə - TT-ni dərin masaj. 2. Əzələlərin rahatlaşdırılması və düzgün hərəkətin stereotipinin bərpası üçün xüsusi gimnastika. 3. Pis vərdişlərdən azad olmaq (səhv pozalar və hərəkətlər), əzələlərin istiləşməsi,yuxunun normallaşması və qidalanma. Müalicə və özünü müalicənin nəticəsi xəstənin ağrı mahiyyətinin anlayışı və əzmindən asılıdır. Proloterapiya ilə miofassial ağrıların effektiv müalicəsi: Proloterapiya qeyri-cərrahi müalicə metodu olub, degenerativ disk xəstəliklərinin müalicəsində effektiv istifadə edilir. Proloterapiya orqanizmin özü-özünü yeniləməsinə, bərpa etməsinə- proliferasiyaya əsaslanır.  İynə ilə onurğanın zədələnmiş nahiyəsində oynaq, bağ və toxumalara hipertonik şəkərli məhlul yeridilərək həmin nahiyədə sağalma prosesini sürətləndirərək zədəli toxumaları bərpa edir. Nəticədə onurğanın oynaq, bağ apparatı sağalır, daha güclü olur. Proloterapiya əməliyyata alternativ müalicə növüdür. Əmliyyatsız onurğanın degenerativ xəstəliklərinin, eləcə də disk qabarma, protruziya, və yırtıqlarının müalicəsi deməkdir. Proloterapiya hətta onurğasında eməliyyat aparılmış, lakin əməliyyatdan sonra da ağrıları keçməyən xəstələr üçün də ideal bir müalicəsdir. Müalicə müddəti xəstəliyin ağırlığından asılı olaraq 3-6 seans təşkil edir. Hər seans 25-40 dəqiqə zaman tələb edir. Prosedurdan sonra xəstə dərhal normal həyatına dönə bilir. Proloterapiya ölkəmizdə ilk kəz mənim tərəfimdən 2014-cü ildən tətbiq edilməsinə baxmayaraq, Amerikada 1940-cı illərdən, Türkiyədə isə 2008-ci ildən bəri müvəffəqiyyətlə istifadə edilir. Proloterapiyanın 3 növü vardır:  - Hipertonik məhlul ilə  - Trombositlərlə zəngin plazma (PRP) ilə  - Kök hüceyrələr ilə Tədqiqatlar göstərir ki müalicəyə çətin tabe olan xronik ağrılar, eləcə də fibromialgiyalar  və miofassial ağrılar proloterapiya ilə effektiv və zərarsiz müalicə olunur. Proloterapiyadan sonra xəstələr ağrılardan xilas olaraq həyat keyfiyyətləri əhəmiyyətli yüksəlir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 29.11.2017

ağızdan xoşagəlməz qoxu

Ağızdan xoşagəlməz qoxu

Ağızdan xoşagəlməz qoxu (halitoz) - vacib sosial problemlərdən biridir. Eyni zamanda bir çox xəstəliklərin müəyyən edilməsində əhəmiyyətlidir. Üstünlük verilən qidalardan asılı olaraq (xüsusən qidada zülalın yüksək miqdarı, əsasən yalnız zülal maddələri ilə diet saxlayan şəxslərdə rast gəlinə bilər) - dilin üzərində, damaq ciblərində və iltihablaşmış badamcıqların səthində yerləşən yüzlərlə patogen bakteriyalar uçucu kükürd birləşmələri, bəzi yağ turşuları, fenol törəmələri (indol, skatol və s.), poliaminlər, azot törəmələri (ammonyak, sidik cövhəri və s.) əmələ gətirir və xoşagəlməz qoxuya səbəb olur. Halitoz fizioloji və patoloji olmaqla iki yerə ayrılır: 1. Fizioloji ağız qoxusu - səhər yuxudan durarkən hiss edilən qoxudur, dişləri fırçaladıqdan sonra hiss edilməməlidir. İstifadə edilən ədviyyatlar, sarımsaq, fermentativ pendir, balıq, süd və s. qoxusu da fizioloji qoxu hesab edilir və müalicə edilmir. 2. Patoloji ağız -  qoxusu dedikdə, daimi davam edən xoşagəlməz qoxu nəzərdə tutulur:  - Ağız boşluğunda quruluq;  - Ağız boşluğunun (dişlər, diş əti, süni protezlər, badamcıqların iltihabı) xəstəlikləri;  - Tənəffüs sisteminin (burun, bronx və ağciyər) xəstəlikləri;  - Həzm sisteminin (reflüks, axalaziya, qastrit, xora; qaraciyər) xəstəlikləri;  - Metabolizm pozuntuları (məs. diabet zamanı aseton qoxusu);  - Böyrək xəstəlikləri (balıq qoxusu);  - Aclıq (xüsusən bol zülallı pəhriz və oruc) zamanı rast gəlinir. Diaqnostikası:  - Halimetr (sulfitlərin təyininə əsaslanır);  - Bakterioloji müayinələr (yaxmanın "əkilməsi", həmçinin yeni üsul olaraq bakteriyaların PZR üsulla təyini). Müalicəsi:  - Spesifik müayinə və müalicə yalnız həkim tərəfindən aparıla bilər. Lakin aşağıdakı qaydaları bilmək vacibdir:  - Kariesli dişləri, damaq xəstəliklərini müalicə etdirmək;  - Süni protezlər və diş qapaqlarını kontrol etdirmək (qapaqların altında toplanan qida çürümə nəticəsində xoşagəlməz qoxu yaradır);  - Dişləri səhər və axşam olmaqla gündə 2 dəfə fırçalamaq;  - Diş fırçasını hər iki aydan bir yeniləmək;  - Dişlərin arasını hər 3 gündən bir xüsusi diş sapları ilə təmizləmək, xüsusi məhlullarla (stomatoloqunuz tərəfindən tövsiyə edilmiş) qarqara etmək;  - Gündüz qəbul edilən qidalardan sonra 10 dəqiqəni keçməməklə şəkərsiz saqqız çeynəmək;  - Tərkibində çoxlu sadə şəkərlər saxlayan hazır qidalardan istifadəni azaltmaq;  - Menyuya uyğun olduğu halda nanə, alma, darçın və digər ədviyyatlardan istifadə etmək;  - Ağız qurumasının qarşısını almaq üçün periodik olaraq su içmək;  - Yatarkən burnu qapayıb yatmamaq (oksigensiz mühit bakteriyaların çoxalması üçün şərait yaradır);  - Qidanı ağızda yaxşı çeynəmək;  - Siqaret çəkməmək. Qeyd edilənlərə riayət edildiyi, lakin nəticə əldə edilmədiyi hallarda əsas xəstəliklərin (LOR, həzm sistemi, endokrin, böyrək xəstəlikləri və s.) müayinə və müalicəsini gecikdirməmək lazımdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 27.11.2017

uşaqlarda hidrosele və toxum ciyəsinin sisti

Uşaqlarda hidrosele və toxum ciyəsinin sisti

HİDROSELE NƏDİR? Hidrosele valideynlər arasında daha çox  "vodyanka və ya xayalığa su yığılması" termini kimi tanınır. Hidrosele xaya qişaları arasına maye yığılmasına deyilir. Bu da özünü xayalığa su yığılması kim biruzə verir. Bu zaman adətən səhərlər xayalıq boş, axşama doğru uşağın aktivliyi ilə əlaqədar olaraq xayalıq şişkin vəziyyətdə qeyd edilir. TOXUM CİYƏSİNİN SİSTİ NƏDİR? Əgər maye qasıq kanalının daxili dəliyi ilə xayalıq arasında lokal bir yerdə sist şəklində yığılarsa buna toxum ciyəsinin sisti və ya kordon sisti deyilir. Bu zaman xayalıqdan yuxarıda qasıq nahiyyəsində yumru və gərgin bir sist qeyd edilir. ƏMƏLƏ GƏLMƏ SƏBƏBİ Normalda uşaq doğulana kimi bağlanmalı olan peritonun yataq çıxıntısı adlandırdığımız strukturun (processus vaginalis, qarın boşluğu və xayalıq arasındakı yol) bağlanmaması və yalnız qarındaxili mayenin keçə bilməsi qədər dar bir ölçüdə açıq qalması nəticəsində qarındaxili maye xaya qişaları arasına yığılır ki, buna da hidrosele deyilir. Qasıq yırtığından fərqli olaraq hidroseli də bağlanmayan peritonun yataq çıxıntısı çox dar olur, buna görə də qasıq yırtığındakı kimi bura daxili orqanlar girə bilmir, yalnız bu yol vasitəsilə qarındaxili maye keçərək xayalığa yığılır. Toxum ciyəsi sistinin əmələ gəlmə səbəbi isə qarın boşluğu və xayalıq arasındakı yolun (processus vaginalis) yuxarıdan yani qarın boşluğu və aşağıdan yani xaya tərəfindən bağlanması orta hissədə isə açıq qalaraq sist şəklində bura mayenin yığılmasıdır. Hidrosele özü də iki yerə bölünür:  - əlaqəli hidrosele  - əlaqəsiz hidrosele Əgər xaya qişaları arasına yığılan maye yenidən qarın boşluğuna qayıdırsa buna əlaqəli hidrosele, yox əgər maye qarın boşluğuna qayıda bilmirsə buna əlaqəsiz hidrosele deyilir. RAST GƏLMƏ TEZLİYİ Hidrosele körpə və uşaqlarda çox rast gəlinən bir patologiyadır.  Əksər hallarda bu xəstəlik ikitərəfli olur. Sağ tərəfdə sol tərəfə nisbətən daha çox rast gəlinir. Əksər uşaqlarda xayalıqdakı maye 1 yaşına kimi sorulur və bu patologiya aradan qalxır. HİDROSELENİN KLİNİKİ ƏLAMƏTLƏRi Hidroselenin kliniki əlamətləri adətən 1 yaşına kimi valideyn və ya pediatr tərəfindən qeyd edilir. Valideynin əsas şikayəti xayalıqda ağrısız bir şişkinliyin olmasından ibarətdir. Əlaqəli hidroseli zamanı qarın boşluğu ilə əlaqə olduğuna görə belə uşaqlarda aktivlikdən sonra adətən axşama doğru xayalıqda şişkinlik artır, uşaq yatdıqdan sonra bədənin horizontal vəziyyət alması ilə əlaqədar , maye qarın boşluğuna qayıdır və səhər uşaq yuxudan durarkən xayalıqda şişkinlik-maye qeyd edilmir. Uşaq yenidən oynamağa, aktivlik göstərməyə başladıqda yenidən xayalıqda şişkinlik artır. Fiziki müayinə zamanı xayalıqda yumşaq, üzərinə əllə təzyiq etdikdə həcmini bir qədər azaldan şişkinlik qeyd edilir. Əlaqəsiz hidrosele zamanı isə uşağın aktivlik və istirahət halında, eləcədə üzərinə təzyiq etdikdə həcmini dəyişməyən   şişkinlik qeyd edilir. Toxum ciyəsinin sisti zamanı isə qasıq nahiyyəsində törəmə qeyd edilir. Üzərinə əllə təzyiq etdikdə həcmini azaltmır və ağrı qeyd edilmir. HİDROSELENİN DİAQNOZU Hidrosele və toxum ciyəsinin sisti zamanı diaqnoz qoymaq adətən çətinlik törətmir. Baxış zamanı xayalıqda ağrısız şişkinliyin qeyd edilməsi, əllə üzərinə təzyiq etdikdə və ya aktivlik və istirahət zamanı həcmini azaltması əlaqəli, azaltmaması isə əlaqəsiz hidrosele üçün  xarakterik diaqnostik meyarlardandır. Bundan əlavə xayalığa işıq salarkən mayenin işığı keçirməsi ilə əlaqədar olaraq asanlıqla xayalıqda mayenin olub-olmamasın ayırd etmək mümkündür ki, bu na da "diofonoskopiya" müayinə üsulu deyilir. Ehtiyac olarsa ultrasonoqrafiya (UZİ) müayinəsindən yararlanmaq olar. Bəzən boğulmuş qasıq yırtığı ilə gərginləşmiş hidroseline və ya toxum ciyəsinin sistini fərqləndirmək çətinlik törədə bilər. Nəzərə almaq lazımdır ki boğulmuş yırtıq zamanı yırtıq möhtəviyyatını bağırsağ ilgəkləri, qızlarda yumurtalıq təşkil edə biləcəyindən uşaqda qusma, ümumi narahatçılıq,  şişkinlik üzərinə əllə təzyiq etdikdə ağrı halları qeyd edilir. Belə halda diaqnozu dəqiqləşdirmək üçün punksiya etmək əks göstərişdir, ehtiyac olarsa ultrasonoqrafiya müayinəsindən istifadə edilir. HİROSELENİN MÜALİCƏSİ Hidroselenin 1 yaşa kimi uşaqlarda əməliyyatsız sağalma ehtimalı böyükdür. Belə ki, bu diaqnoz qoyulan uşaqları 1 yaşdan əvvəl əməliyyat etməyə heç bir gərək yoxdur. Çünki əlaqəli hidroselenin böyük bir qismi peritonun yataq çıxıntısının bağlanması ilə əlaqədar olaraq öz-özünə yox olur. 1 yaşdan sonra isə uşağın aktivliyinin artması ilə əlaqədar olaraq hidroselenin əməliyyatsız keçmə ehtimalı çox aşağıdır. Ona görədə 1-1.5 yaşına kimi gözləmək, bu yaşdan sonra isə əməliyyat etmək məsləhətdir. Çox böyük ölçülü və ya çox gərgin əlaqəsiz hidrosele zamanı daha erkən zamanda əməliyyat etmək də mümkündür. Bundan əlavə gərginləşmiş hidrosele və ya toxum ciyəsinin sisti zamanı xaya və xaya damarlarının sıxılma ehtimalı olduğundan da tez əməliyyat qərarı verilə bilər. Sist və hidrosele zamanı iynə vasitəsilə punksiya edilərək mayenin boşaldılması infeksiyalaşma rskini artırdığından , xaya və ciyə elementlərinin zədələnmə təhlükəsi olduğundan, elə cə də bu proses əlaqəli hidrosele zamanı heç bir məna kəsb etmədiyindən məsləhət görülmür. HİDROSELE ZAMANI ƏMƏLİYYAT Hidrosele zamanı əməliyyatın mahiyyəti qarın boşluğu və xayalıq arasındakı yolun bağlanılması və xaya qişaları arasındakı mayenin boşaldılmasından ibarətdir. Əməliyyat adətən açıq üsulla planlı şəraitdə, kosmetik 1-2 sm-lik kəsiklə qasıq nahiyyəsindən icra edilir. Əməliyyatdan 5 saat sonra xəstə evə yazılır. Təxum ciyəsinin sisti zamanı da qasıq nahiyyəsindən aparılan 1-2 sm-lik kəsiklə sist əldə olunaraq, çıxarılır və xəstə əməliyyatdan 5 saat sonra evə yazılır. QASIQ YIRTIĞI VƏ HİDROSELENİN FƏRQİ NƏDİR? Qasıq yırtığı və hidroselenin yeganə fərqi bətindaxili dövrdə bağlanmalı olan peritonun yataq çıxıntısı adlandırdığımız strukturun (processus vaginalis) ölçüsündədir. Əgər bu struktur geniş ölçüdə açıq qalarsa bu zaman buradan qarindaxili orqanlar keçərək qasıq yırtığına, əgər dar məsafədə açıq qalarsa qarındaxili maye keçərək hidroseleyə səbəb olur. Qasıq yırtığından fərqli olaraq hidroselenin 1 yaşına kimi sorulma ehtimalı böyükdür. VALİDEYNLƏR NƏYƏ FİKİR VERMƏLİDİRLƏR! Əksər uşaqlarda doğuşdan sonra bir və ya isə ikitərəfli hidrosele qeyd edilə bilər. Bu adətən uşağa ağrı və ya hər hansı bir narahatçılıq törətməməkdədir. Bundan valideyn təlaşlanmamalı və nəzərə almalıdır ki, əksər hallarda da 1 yaşına kimi bu problem öz-özlüyündə keçib gedir. Lakin nəzərə almaq lazımdır ki, 1 yaşa kimi sorulmayan hidroselenin bu yaşdan sonra keçmə ehimalı çox aşağıdır. Ona görə maksimum 1.5 yaşına kimi gözlədikdən sonra əməliyyat qərarı verilməlidir. Yuxarı yaşlarına kimi əməliyyat olunmayan uşaqlarda xaya qişaları arasına yığılan maye xayalıqda temperatur fərqi yaradaraq xayanın inkişafına təsir edə və ya bəzən yol genişlənərək qasıq yırtığına keçə bilər. Ona görə də əməliyyatın gecikdirilməsi məsləhət görülmür. Həkimlə əlaqə: Mob: (+994) 50 373-31-73 Klinika: Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 22.11.2017

Spinner