d vitamini defisitinin orqanizmə təsiri

D vitamini defisitinin orqanizmə təsiri

Vitamin D nədir? Vitamin D başqa cür günəş vitamini adlanır. Demək olar ki, qidaların tərkibində çox az miqdarda olan vitamin D maksimal dozalarda bizim dərimizin  gün şüalarının təsirinə maksimal məruz qaldığı zaman ifraz olunur. Vitamin D defisitinin səbəbləri  – Qarabuğdayı dərili insanlarda vitamin D-nin orqanizmdə sintezi açıq dərili insanlara nisbətən daha az olur;  – Hamiləlik və əmizdirmə dövründə qadın orqanizmində vitamin D-ə tələbat yüksələrək, defisit müşahidə oluna bilər;  – Gəzintiyə daha az çıxa bilən yaşlı adamlar;  – Günün əksər hissəsini qapalı ofislərdə keçirən ofis işçiləri;  – Gecə növbəsində işləyən insanlar,  hansılar ki, gündüzlər yatmalı olurlar. Vitamin D defisitinin simptomları Son zamanlar vitamin defisiti dünya səhiyyə sistemi üçün ciddi problem yaradır. Vaxtında müalicə olunmadıqda ürək-damar sistemi xəstəlikləri və onkoloji xəstəliklər riskini artırır. Əgər sadalayacağım ən çox rast gəlinən simptomlarınız varsa, diqqətli olun. – Теz-tez təkrarlanan infeksiyalar; – Əhval-ruhiyyənin dəyişkən olması; – Daimi yorğunluq; – Sümük ağrıları, zəif sümüklər; – Əzələlərdə ağrılar. Vidaminin D-nin diaqnostikası Venoz qanda vitamin D-nin müayinəsinə əsaslanır. 10 ng/ml-dən az göstərici ciddi defisiti, 10-20 ng/ml arası orta dərəcəli defisiti, 20-30 ng/ml mülayim dərəcəli defisiti, 30-100 ng/ml norma, 100 mg/dl isə toksik halı göstərir. Vidamin D defisitinin müalicəsi Hər pasiyentə uyğun olaraq vitamin D preparatı dozalarının və müalicə müddətinin seçilməsi aparılmalıdır. Doza həddini aşdıqda intoksikasiya əlamətləri yarana bilər. Vidamin D profilaktikası Əksər insanlar hər gün gün altında 15-20 dəqiqə dayanmaqla lazımi doza vitamin D-ni  ala bilərlər. Bunun üçün optimal vaxt saat 11.00-15.00 arası hesab olunur. Bu zaman xüsusi gün əleyhinə kremlərdən istifadə etmək olmaz. Rasional profilaktika metodlarından biri də düzgün qidalanmadır. Gün şüaları ilə birlikdə istifadə olunduqda effekti daha yaxşı olur. Beləliklə, payız və qışda çalışmaq lazımdır ki, qida menyunuzda yağlı balıq növləri ( skumbriya, losos, tuna balığı), yumurta sarısı, qaraciyər, pendir, süd məhsulları əskik olmasın. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 09.05.2018

dərinin irinli xəstəlikləri nədir

Dərinin irinli xəstəlikləri

Dərinin irinli xəstəlikləri nədir? Dəri insan bədəninin ən böyük orqanı olub, daxili oraqanlarla xarici mühit arasında baryer xatakterini daşıyır. O, orqanizmi xarici mühitin zərərli təsirindən, mexaniki zədələnmə və günəş şüalarından qorumaqla yanaşı, termorequlyasiyanı həyata keçirir, həmçinin tənəffüs prosesində iştirak edir. Dərinin vəziyyəti insanın ümumi sağlamlığına, onun immuniteti və əhvalına da ciddi təsir göstərir. Dəri örtüyünü zədələyən xəstəliklər arasında ən geniş yayılmışı dərinin irinli xəstəlikləridir. Bütün dəri xəstəliklərinin 75%-i məhz irinli xəstəliklərin payına düşür. Bu xəstəliklərin təhlükəsi ondan ibarətdir ki, vaxtında başlanmamış müalicə ağırlaşmalara, bu isə iş qabiliyyətinin qismən, nadir hallarda isə tamamilə itirilməsinə səbəb ola bilər.  Dərinin irinli xəstəliklərinin formaları Dərinin irinli xəstəliklərinin aşağıdakı formaları var: Furunkul – bu tük follikulunun, piy vəzisinin və dərialtı ətraf toxumaların kəskin irinli-nekrotik  iltihabıdır. Dolama – irinin falanqa nahiyəsində toplanmasıdır. Bu zaman xəstəliyin ümumi simptomları özünü büruzə verə bilər, laki əksər hallarda ciddi ifadə olunmur. Barmaq falanqalarının (daha çox proksimal) müayinəsində şişkinlik nahiyəsi, hiperemiyalar müəyyənləşdirilir.     Furunkulyoz – bu, resediv gedişata malik bir neçə bir neçə furunkulun müxtəlif nahiyələrdə yerləşməsidir. Furunkulyoz zamanı xəstədə maddələr mübadiləsi pozuntusunu (şəkərli diabet, avitaminoz) aşkara çıxarmaq lazımdır. Müalicə immunoterapiya da daxil olmaqla, kompleks şəkildə aparılır.   Karbunkul – bir neçə yaxın tük follikulunun və piy vəzilərinin kəskin yayılmış irinli-nekrotik iltihabıdır. Bu zaman dəri və dərialtı toxumanın irinli iltihab əlamətləri ilə nekrozu yaranır. Karbunkullar daha çox boyunun arxasında, kürəkarası nahiyədə yerləşir.     Fleqmona – bu, huceyrə boşluqlarının məhdudlaşmayan yayılmış kəskin irinli iltihabıdır. Xəstəlik daha çox stafilokokk və istənilən digər irintörədici mikroflora tərəfindən yaranır. İnfeksiya toxumaya zədələnmiş dəri və selikli qişa vasitəsilə, müxtəlif inyeksiyalardan sonra, limfogen və hemotogen yolla, karbunkul və furunkulların onları əhatə edən toxumalara keçidi zamanı yaranır.          Hidradenit – bu, tər vəzilərinin irinli iltihabıdır.  İnfeksiya gigiyena qaydalarına əməl etmədikdə və izafi tərləmə hallarında düşür.   Qızıl yel – dəri və ya selikli qişanın kəskin seroz-eksudativ iltihabıdır. İnfeksiya xırda çatlardan və dəri üzərindəki zədələrdən düşür.     Follikulit – tük follikulunun orta və dərin şöbələrinin zədələnməsidir. İrinli iltihabla nəticələnir. Follikulit bakterial, göbələk, virus, parazit etiologiyalı ola bilər. Sikoz – qızılı stafilakokun törətdiyi irinli dəri xəstəliyidir. Sikozun inkişafının əsasında follikulların hissiyat qabiliyyətini dəyişən neyro-endokrin pozuntular dayanır. Sikoz üzdə saqqal və bığ nahiyəsini zədələyir. Civzə – yağ vəzlərinin aktivliyindən qaynaqlanan, dəridən qabarıq şəkildə görülən, ara-sıra içi iltihablı ola bilən sızanaqlardır.  Üz, boyun, kürək və digər nahiyələrdə yerləşə bilər. Daha çox yeniyetməlik dövründə (12-18 yaş) rast gəlinir. Dərinin irinli xəstəliklərinin əlamətləri Belə patologiya zamanı iltihabi reaksiya yaranır ki, bu da ümumi və yerli dəyişikliklərə gətirib çıxarır. Xəstəliyin ifadə olunma dərəcəsi iltihabi prosesə nə dərəcədə qoşulmasından və orqanizmin ümumi reaktivliyindən asılıdır. Dərinin irinli xəstəlikləri özünü aşağıdakı əlamətlərlə büruzə verə bilər:  – Bədən temperaturunun qalxması (bəzən febril qıcolmayadək);  – İrin intoksikasiyası simptomları – baş ağrısı, zəiflik, əmək qabiliyyətinin pisləşməsi, apatiya, adinamiya, iştahanın pozulması, yuxululuq və ya əksinə yuxunun pozulması;  – İltihab nahiyəsində ağrı;  – İltihab nahiyəsində dəri örtüyünün hipermiyası. Bütün bu simptomlar qeyri-spesefik olub, irinli-iltihabi dəri xəstəliklərinin istənilən klinik formasında müşahidə edilə bilər. Bundan başqa, hər bir xəstəliyin spesifik əlamətləri qeyd olunur. Yerləşməsindən asılı olaraq, müəyyən nahiyələrdə patoloji prosesin dərəcəsini,  habelə ağırlaşma ehtimalını müəyyənləşdirmək mümkündür. Dərinin irinli xəstəliklərinin müalicəsi Yerli terapiya özündə konservativ və cərrahi metodları birləşdirir. Konservativ müalicə metodları xəstəliyin erkən mərhələlərində tətbiq olunur.   Burada tərkibində antibiotik və mikrob əleyhinə maddələr olan mazların tətbiqi mütləqdir. Əgər iltihabi prosess artıq irinləmə mərhələsində keçmişsə, bu zaman cərrahi müdaxilə göstərişdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   

Paylaşıldı: 08.05.2018

HekimTap Pro
17140
meningioma nədir və müalicəsi

Meningiomalar

Meningioma nədir? Meningiomalar – ən çox rast gəlinən xoş xassəli baş beyin şişləri olub, beynin üzərini örtən qoruyucu təbəqə olan  ̏ meninks ̏ – beyin örtüyündən əmələ gəlir. Meningiomalar əksəriyyətlə xoş xassəli, düzgün konturlu, yavaş böyüyən və əməliyyatla tamamən müalicə edilə bilən baş beyin şişləridir. Xoş xassəli olsalar da, bəzən yerləşdikləri yerdən asılı olaraq ciddi fəsadlara, həmçinin həyatı təhlükəyə də səbəb ola bilərlər. Meningiomaların rastgəlmə tezliyi Birincili (beyin və beyin ətrafı toxumalardan qaynaqlanan) beyin şişlərinin 34%-ni meningiomalar təşkil edir. Hər 100.000 nəfərdən 4-5-ində meningioma görülür. Qadınlarda görülmə sıxlığı kişilərdən 2 dəfə çoxdur. Yaş artdıqca görülmə sıxlığı artan meningiomalar, daha çox 30-70 yaşlar arasında rast gəlinir. Meningiomaların təxminən 2-3%-i bəd xassəli olur. Meningiomaların növləri Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatlarına əsasən, 15 növü olan meningiomalar təbiətinə görə  3 qrupa ayrılır:  – ÜST dərəcə 1 (WHO grade 1) meningiomalar: ən sıx görülən qrupdur. Xoş xassəlidirlər və yavaş böyüyür.  – ÜST dərəcə 2 (WHO grade 2) meningiomalar:  bütün meningiomaların 8-10%-ni təşkil edirlər. 1-ci dərəcəli meningiomalara nisbətən daha sürətli böyüyürlər və təkrarlanma riskləri daha çoxdur.\  – ÜST dərəcə 3 (WHO grade 3) meningiomalar: Digər meningiomalara nisbətən daha sürətli böyüyərək, beynin başqa yerlərinə və başqa orqanlara yayıla bilirlər. Meningiomaların dərəcələndirilməsi əməliyyat zamanı alınan toxumaların histopatoloji dəyərləndirilməsi ilə aparılır. Əksər şişlər 1-ci dərəcəli olduğuna görə əməliyyatdan sonra hər hansı bir əlavə müalicə üsuluna ehtiyac qalmır. Bəzi 2-ci dərəcəli və bütün 3-cü dərəcəli şişlərdə əgər əməliyyatla tam çıxarılmayıbsa, şişin geri qalan qisminə şüa terapiyası tədbiq olunur. Meningiomaların əmələ gəlməsi səbəbləri Meningiomaların gəlmə səbəblərinə radiasiyaya məruz qalma və müxtəlif növ genetik xəstəliklərin olması göstərilmişdir. Belə ki, hər hansı səbəbə görə, üz-çənə və baş-boyun nahiyyəsinə radioterapiya alan xəstələrdə menengiomaların əmələ gəlmə sıxlığı artmışdır. Bundan başqa Neyrofibromatoz xəstəliyi kimi bəzi genetik xəstəliklərdə menengiomalar daha sıx rast gəlinir. Meningiomaların əlamət və simptomları Meningiomalar yavaş böyüyən şişlər olduqlarına görə nisbətən gec və yüngül əlamətlər verirlər. Adətən simptomlar əmələ gəldikdə şişlər kifayət qədər böyümüş olurlar. Meningiomalar həm ümumi beyin əlamətləri, həm də yerləşdikləri yerə xas olaraq xüsusi əlamətlər verirlər. Ümumi beyin əlamətlərinə misal kimi aşağıdakıları göstərmək olar:  – Baş ağrısı;  – Bulantı-qusma;  – Yuxululuq;  – Şüur bulanıqlığı;  – Qıcolma tutmaları və s. Yerləşdikləri yerə xas əlamətlərə misal olaraq:  – Davranış və xarakter dəyişikliyi;  – Əldə və ayaqda keyimə;  – Əldə və ayaqda parez və iflic;  – Nitq və danışığın pozulması;  –  – Müvazinətin və yerişin pozulması;  – Eşitmə və görmə pozuntusu;  – Qoxu ala bilməmək və s. Meningiomaların diaqnostikası Digər baş beyin şişlərində olduğu kimi meningiomaların diaqnostikasında da ən çox istifadə olunan müayinə üsulları kompüter tomoqrafiya (KT) və maqnit-rezonans tomoqrafiyadır (MRT).  Kontrastlı baş beyin MRT-si  meningiomaların yeri, ölçüsü, sinir və damarlara olan münasibəti haqqında məlumat verdiyi üçün ən önəmli müayinə üsuludur. Meningiomaların müalicə prinsipləri Müşahidə – Kiçik ölçülü və əlamət verməyən şişləri olan xəstələr, minimal əlaməti olan yaşlı xəstələr, əməliyyatı yüksək riskli olan və əməliyyat olmaq istəməyən xəstələr neyrocərrah tərəfindən yaxın nəzarətə alınırlar. Bu qrup xəstələr 3-6 aylıq fasilələrlə kontrol müayinəyə çağırılırlar. Əgər kontrol müayinələrdə şişin ölçüsü artarsa və ya əlamətlər ağırlaşarsa, o zaman cərrahi müalicə  tədbiq edilir. Cərrahi müalicə – Meningiomalar əksər hallarda əməliyyatla tam çıxarıla bilən şişlərdəndir və əməliyyat bu şişlərin ən effektli müalicə üsuludur. Əməliyyatlar adətən açıq üsulla, yəni kraniotomiya ilə (kəllə qapağı açılaraq) icra edilsə də, bəzi kəllə əsası meningiomaları endoskopik yolla (burundan girilərək) əməliyyat edilə bilər. Radioterapiya – Əgər əməliyyat zamanı hər hansı bir səbəbdən (şişlər damar və sinirlərə yapışmış olduqlarından) geridə şiş toxuması qalırsa, o zaman şişin təbiətindən asılı olaraq, belə xəstələr ya müşahidəyə alınır (xoş xassəli şiş), ya da  radioterapiya (bəd xassəli, ÜST 3-cü dərəcə şiş) tədbiq edilə bilər.  Bundan başqa, cərrahi əməliyyat mümkün olmayan hallarda da xəstələr radioterapiya ilə müalicə alır. Meningiomaların müalicəsində kimyəvi terapiya çox nadir istifadə edilir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   

Paylaşıldı: 08.05.2018

dizin ön çarpaz bağ yaralanmaları

Dizin ön çarpaz bağ yaralanmaları

Ön çarpaz bağ nədir? Ön çarpaz bağ dizin normal funksiya görməsi üçün vacib sabitləyici bağlardan biridir. Bu bağ bud sümüyü və qamış sümüyü arasında yerləmiş olub qamış sümüyünün hərəkətlər nəticəsində önə doğru yerdəyişməsini əngəlləyir.11 mm qalınlığında və 38 mm uzunluğunda olan bu bağ 2 dəstədən təşkil olunmuşdur (anteromedial və posterolateral dəstələr). Bağın içərisindən incə bir damar şaxəsi keçir.Ona görə də diz travması alıb dizi şişən hər 3 xəstənin 2-sində ön çarpaz bağ yaralanması (həssəvi və ya tam qopma) görülür. Ön çarpaz bağ yaralanması nə zaman meydana gəlir? Bu bağ sabit ayaq uzərində dayanarkən bud sümüyünün qamış sümüyü üzərində ani dönməsi nəticəsində zədələnir. Xəstələr dizlərindən ‘’səs’’ gəldiyini və bir neçə dəqiqə sonra dizdə şişlik və hərəkət məhdudluğunun olduğunu söyləyirlər. Şiddətli ağrıdan futbolçu və ya basketbolçu idmana davam edə bilmir. Xroniki hallarda isə bu xəstələrdə sanki ``boşluğa basma``hissi olur.Travmanı şiddətinə görə ön çarpaz bağ yaralanmaları dizin bayır meniskinin və iç meniskinin yaralanması ilə birlikdə görülə bilər.Qadın idmançılarda anatomik xüsusiyyətlərindən dolayı kişilərə nəzərən daha çox rastlanır.Yaşlı insanlarda bağın qopması daha çox gövdəsindən, uşaqlarda isə qamış sümüyünə yapışma yerindən qopur.Bu xüsusiyyətlərinə görə də müalicə prinsipləri fərqlənir.  Ön çarpaz bağ yaralanmalarının diaqnostikası necə aparılır? Bu klinik və instrumental muayinələrin nəticəsinə görə müəyyən edilir. Önəmli olan bu bağın tam yoxsa hissəvi qopmasını müəyyən etməkdir.Bu bağın tamlığının pozulmasını göstərən xüsusi klinik müayinə üsullarının tətbiqi(Lachman test və Önə çəkmə testi), yırtığın xarakterini 90 % müəyyənləşdirmədə yardımçı olur. Çox az hallarda muayinə bizə detallı bilgilər vermir(diz çox şişərsə, ağrı şiddətli isə).Bu zaman 1 həftə sonra aparılan təkrari müayinə ilə diaqnoz dəqiqləşdirilir. Sonra isə MRT vasitəsilə obyektiv muayinə tamamlanmış olur. Ön çarpaz bağ zədələnmələrinin müalicəsində nə kimi yeniliklər tətbiq olunur? Qadın idmançılarda daha çox rastlanan ön çarpaz bağ yaralanmaları riski, idman həkimlərinin təklif etdiyi xüsusi proqramlar vasitəsilə azaldılmışdır. Bu mövzu haqqında idmançılarımız yaxşı olardı ki kulub fizioterapisti və ya idman həkimlərindən detallı məlumatları alsınlar. Digər bir məsələ isə bağın iki dəstədən təşkil olunduğu və hər dəstənin fərqli funksiya görməsinin öyrənilməsidir. Sonuncu məsələ qopmuş bağın müalicə prinsiplərinə dəyişiklikıər gətirmişdir. Əgər bu dəstələrdən biri qoparsa buna hissəvi yırtıq deyirik. İdmançılarda təmir edilməsi mütləqdir. Tam yırtıqlara yanaşma isə tək və ya çüt dəstə şəklində rekonstruksiya texnikalarının yaranmasın gətirib çıxarmışdır. Eyni zamanda son canlı preparat(meyit) çalışmalarında yeni diz bağının(anterolateral ligament) kəşv edilməsi idmançılarda ön çarpaz bağ yaralanmalarının müalicəsinə baxışı dəyişdirmişdir. Bizdə yeni olan bu araşdırmaları yaxından izləyirik və xəstələrimiz üçün yeni fürsətlər yaradırıq.Mərkəzimizdə idman cərrahiyyəsinin ən son mualicə texnikalarını tətbiq edirik. Bununla bağlı istər nəzəri istərsə də texniki bütün imkanlara sahibik. Ön çarpaz bağ yaralanmalarında bu bağı əvəz edən vətəri daha çox 2 yerdən ala bilirik. Bunlardan biri hamstring əzələ qruplarının vətərləri digəri isə diz qapağı vətərindən (patellar tendon) götürülür. Alınmış bu bağları xüsusi metodlarla hazırladıqdan sonra artroskopik olaraq qopmuş bağın yerinə tam anatomik yerləşdirirk. Ön çarpaz bağı təmir edilmiş xəstələr reablitasiya proqramının ardından əvvəlki həyatlarına tam olaraq qayıdırlar. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    

Paylaşıldı: 08.05.2018

qol gərmə əməliyyatı braxioplastika

Qol gərmə əməliyyatı (braxioplastika)

Qol gərmə əməliyyatı nədir? Qadınların və kişilərin əksəriyyəti xarici görünüşlərini çox ciddi yanaşır və hər hansı qüsur yaranarsa, bunu tezliklə aradan qaldırmağa çalışırlar. Lakin bütün cəhdlərə baxmayaraq, elə problemlər üzə çıxır ki, onların öhdəsindən müstəqil gəlmək mümkün olmur. Bunlara misal olaraq yaş və çəki dəyişməsindən irəli gələn dəri sallanmalarını göstərmək olar. Dəri sallanmaları qollarda müşahidə oldunduqda xüsusən diskomfort yaradır. Qollardakı dərinin əvvəlki möhkəmliyi və elastiklikliyini qaytarmaq üçün müasir plastik cərrahiyyə unikal metodika təklif edir. Bu, braxioplastika, yəni qol gərmə əməliyyatıdır. Əməliyyat zamanı sallaq dərilər kənarlaşdırılır, dəri dartılır, nəticədə yuxarı ətrafların relyefi bərpa olunur. Beləliklə, qollar daha gənc və estetik  görünüş alır. Qol gərmə əməliyyatı nə zaman həyata keçirilir? Əgər, sadəcə dəri boşalmanız varsa, o zaman qol gərmə əməliyyatı icra olunur. Dəri keyfiyyəti yaxşıdırsa, amma artıq piylər varsa, belə hallarda liposaksiya həyata keçirilir.  Həm artıq piylər, həm də dəri boşalması müşahidə olunan hallarda liposaksiya ilə bərabər, dəri dartılması əməliyyatı da icra olunur. Qol gərmə əməliyyatı 18-dən yuxarı hər yaşda icra oluna bilər. Amma çəki vermək planınız varsa, o zaman çəki verib normal kilonuza çatdıqdan sonra əməliyyatın icra olunması tövsiyə olunur. Belə olan təqdirdə əməliyyatın nəticəsi daha qənaətbəxş olacaq. Qol gərmə əməliyyatından əvvəl Əməliyyatdan əvvəl sağlamlığınız və sizi narahat edən xəstəliklər barədə həkimə mütləq məlumat verilməlidir. Əməliyyatdan əvvəl tələb olunan bəzi müayinələrdən keçəcəksiniz. Əməliyyatdan sonrakı nəticəni müqaisə etmək üçün qolunuzun şəkli çəkiləcək. Bu əməliyyatda dirsəkdən başlayan qolun iç səthi ilə yuxarıya doğru uzanan kəsik aparılır. Dəri bolluğu azdırsa və qolaltına yaxın bölgədədirsə, o zaman qolaltından aparılan kiçik bir kəsik yetərli ola bilər. Qol gərmə əməliyyatından sonra Əməliyyatdan sonra qoyulan sıxıcı sarğının və ya başqa adla desək, korsetin qolda 1 ay qalması dərinin daha gözəl oturmasını təmin edəcək. Əməliyyatdan sonra 5-7 gün qollarda gərginlik və həssaslıq hiss etməyiniz normaldır. Ağrı hissini minimallaşdırmaq məqsədi ilə ağrıkəsicilər verilir. Əməliyyat izləri ilk bir neçə ay çəhrayı rəngdə olacaq və nəzərə çarpacaq, amma zamanla solaraq, dəri rəngini alacaq. 5-10 gün sonra iş həyatınıza geri dönəcəksiniz. Lakin bununla belə, 2 ay ağır qaldırmaq, ağır idman etmək, dartınmaq, sauna və solyariyə getmək olmaz. Qol gərmə əməliyyatına əks-göstərişlər Qol gərmə əməliyyatının keçirilməsi üçün bəzi ümumi əks-göstərişlər var. Bunlar aşağıdakılardır:  – Ürək-damar xəstəlikləri, endokrin sistemi xəstəlikləri (şəkərli diabet), onkologiya;  – Qanın pis laxtalanması;  – Dəri örtüyünün xəstəlik və zədələnmələri;  – Kəskinlik dövründə olan infeksion və xroniki xəstəliklər;  – Hamiləlik və laktasiya dövrü.  Qol gərmə əməliyyatının ağırlaşmaları Hər bir əməliyyatda olduğu kimi, bu əməliyyatın da ağırlaşmaları mümkündür. Buraya qanama, infeksiyalaşma, yara sağalmasında gecikmə və s. aid etmək olar. Həkimin məsləhətlərinə ciddi əməl olunarsa, ağırlaşmaların baş vermə ehtimalı çox aşağıdır. Qollarınızda yaranacaq hissiyatsızlıq sizi qorxutmasın, bu, tədricən aradan qalxacaq. Xəstələrimizin çoxunda rast gəlinməsə də, ağırlaşmalar haqqında  məlumatlı olmağınız məsləhətdir. Qol gərmə əməliyyatından sonra xarici görünüşünüzdə baş verəcək dəyişiklik sizi heyrətləndirəcək, daha inamlı və güvənli edəcəkdir.  Mövzu ilə bağlı video:     Əməliyyatdan video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 05.05.2018

qanazlığının səbəbləri və müalicəsi

Qanazlığı

Qanazlığının səbəbləri hansılardır? Qan azlığının ən çox rast gəlinən səbəbi dəmir defisitidir. Bundan başqa B12 defisiti, fol turşusu defisiti, sümük iliyi çatmamazlığı, iltihabi xəstəliklər, böyrək xəstəlikləri, mədə - bağırsaq sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatoloji xəstəliklər, endokrin pozğunluqlar kimi çox səbəblərdən də qanazlığı yarana bilər.  Qanazlığı nədir? Vücudumuzda toxumalara oksigen daşınması funksiyasını eritrositlərdə olan hemoqlobin yerinə yetirir. Hemoqlobinin qadınlarda 120 q/l, kişilərdə isə 140 q/l dən aşağı olması anemiya - qan azlığı halı olaraq dəyərləndirilir.  Qanazlığı üçün risk qrupları: 1. Hamilələr və laktasiya dövründə olan qadınlar; 2. Körpələr və uşaqlar;  3. Fertil yaşda olan qadınlar (bəlli miqdardan artıq qan itirilməsi ilə gedən; menstruasiya ilə əlaqəli dəmir depolarının tükənməsi); 4. Pubertat - intensiv böyümə dövrü; 5. Tərkibində az dəmir olan pəhrizlə qidalananlar.  Qanazlığının əlamətləri: 1. Halsızlıq, yorğunluq, yuxululluq; 2. Baş ağrısı, baş gicəllənmə;   3. Dad hissinin təhrif olunması; 4. Dəri örtüyünün solğunluğu (xüsusilə ovucların və selikli qişaların); 5. Dərinin quruluğu, ağız bucaqlarında çatlar; 6. Dilin selikli qişasının hamarlaşması köndələninə cızıqlanmış dırnaqlar, onlarda qaşığa bənzərliyin formalaşmasına meyllilik; 7. Saçların qırılması və tökülməsi; 8. Ürəkdöyünmə, döş qəfəsində ağrılar; 9. Bayılma. Qanazlığının müalicəsi Dəmirdefisitli anemiya təsdiq olunmuşsa müalicə mütləq dəmir preparatlarının əsasən daxilə qəbulu ilə aparılır. Pəhrizlə defisiti bərpa etmək olmaz. Hemoqlobinin miqdarı normallaşdıqdan sonra da dəmir depolarının bərpası üçün müalicəni həkimin təlimatı üzrə 4-6 ay qəbul etmək lazımdır. Qanazlığının profilaktikası Orqanizmin dəmirə olan gündəlik təlabatı 10-15 mq-dır. Dəmirin mənbəyi əsasən qırmızı ətdir. Heç bir meyvə-tərəvəz gündəlik dəmir təlabatını ödəyəcək miqdarda dəmirə sahib deyil, eyni zamanda heyvani mənbədən alınan dəmir orqanizm tərəfindən yaxşı mənimsənilir.   C vitamini tərkibli meyvələr (limon, portağal) dəmirin sorulmasını yaxşılaşdırırlar. Dəmirin sorulması qidada olan bəzi maddələrin təsirindən (çayda olan tanin, fosfor turşusu fitin, kalsium duzları, süd), eləcə də bəzi dərman maddələrinin dəmirlə eyni vaxtda qəbulu zamanı (tetrasiklin, almagel, fosfalügel, kalsium preparatları, levomisetin, penisillin və s.) azala bilər.      © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 05.05.2018

hepatit c virusu

Hepatit C

Hepatit C nədir? Hepatit C orqanizmin Hepatit C virusu (HCV) ilə yoluxması nəticəsində baş verən qaraciyərin iltihabi xəstəliyidir. Hepatit C virusunun çoxalması və qaraciyər toxumalarının zədələnmələri sayəsində patoloji proseslər inkişaf edir, qaraciyər sirrozu və xərcəng xəstəliyi riskləri yaranır. Bu forma hepatit növləri arasında ən təhlükəlisi sayılır. Təkcə orqanizmin ümumi funksiyalarını sıradan çıxardığı və əlilliyə, ya da ölümə səbəb ola biləcək xəstəlik yarada biləcəyi üçün yox, həm də xəstəliyin gedişatının xarakterinə görə. Məsələ ondadır ki, hepatit C-nin simptomları bir qayda olaraq, ifadə olunmur, infeksiya gizli inkişaf edir, virus əleyhinə peyvənd isə mövcud deyil. Hepatit C-nin yaratdığı ağırlaşmalardan hər il 350 minə yaxın insan ölür. Hepatit C-nin əlamətləri Hepatit C-nin ilkin əlamətlərinin büruzə verməsi orqanizmin müqavimətindən asılıdır. Yoluxmadan ilkin simptomatikanın üzə çıxmasınadək olan müddət 2 həftədən 6 ayadək davam edə bilər. İnfeksiyadan şübhə yaranarsa, ilkin diaqnostika kimi qanın polimezar zəncir reaksiya (PZR) metodu ilə müayinəsi aparılır ki, bu da yoluxmadan 2 həftə sonra qanda virusun RNT-sinin olub-olmadığını aşkara çıxarmağa şərait yaradır.     Hepatit C-ni “mülayim qatil” kimi xarakterizə etmək olar. Belə ki, gizli simtomatika və ifadə olunmuş ağırlaşmalar HCV-yə şübhə olmadan orqanizmin ciddi zədələnməsi ilə nəticələnir.   Hepatit C-nin ilkin simptomlarına iş qabiliyyətinin aşağı düşməsini, astenik vəziyyəti, yorğunluq hissini aid edirlər. Virusun orqanizmdə ifadə olunmuş yayılması mərhələsində hepatit C-nin əlamətləri ağıdakılardır:  – İştahanın pozulması və ya olmaması;  – Ürəkbulanma;  – Ümumi zəiflik, asteniya, əhvalın pisləşməsi;  – Oynaqlarda ağrı;  – Dəri örtüyü, selikli qişa, gözlərin ağlı qişasının sarımtıl rəng alması. Belə ki, qaraciyərin zədələnməsi qanda bilirubin konsentrasiyasının artmasına səbəb olur;  – Qaraciyər və dalağın ölçülərinin böyüməsi. Hepatit C-nin səbəbləri, virusa yoluxma yolları HCV virusu qan və digər bioloji ifrazatlar vasitəsilə hematogen yolla yoluxur. İnfeksion agent ən kiçik qan damcılarında belə mövcuddur və maye quruduqdan sonra otaq temperaturunda 5 gün aktiv qalır. Yoluxma HCV-li xəstənin biloji materialının invaziv prosedurlar zamanı digər orqanizmə daxil olması nəticəsində baş verir. Yoluxma, həmçinin yaralanmış dəri səthindən də (cızıqlar, çatlar, selikli qişaların zədələnməsi və s.) ola bilər. Beləliklə, hepatit C-yə aşağıdakı hallarda yoluxmaq olar:  – Qeyri-steril şprislərlə inyeksiya zamanı;  – Xəstə donorun qan, plazma, orqan və toxumalarının köçürülməsində;  – Stomatoloji klinakalarda, kosmetik və manikür salonlarında, tatu döydürülməsində və s. qeyri-steril alətlərin tətbiqi prosesində;  – Yoluxmuş adamla cinsi akt zamanı: selikli qişada ən kiçik çatlar belə kifayət edir;  – Hamiləlik zamanı anadan uşağa yoluxma;  – Məişət yolu ilə yoluxma: üzqırxan cihazlar, diş fırçalarının istifadəsi zamanı (çox nadir hallarda rast gəlinir);  – Qeyri-steril şəraitdə doğuş və əməliyyat prosedurları zamanı. Hepatit C-nun ağırlaşmaları Ağırlaşmaların inkişaf sürəti orqanizmin ümumi vəziyyətindən, immun sistemin antitel ifrazı qabiliyyətindən, genotipin forması və virusun mutasiya edib-etməməsindən, həmçinin insanın həyat tərzi və dietasından asılıdır. Alkohol və yağlı qidaların istifadəsi patoloji proseslərin əhəmiyyətli dərəcədə sürətlənməsinə gətirib çıxarır. Hepatit C aşağıdakı xəstəlik və pozuntulara səbəb ola bilər:  – Qaraciyər toxumalarının fibrozu;  – Steatohepatit, qaraciyər toxumalarının piy toxumaları ilə əvəz olunması;  – Qaraciyər sirrozu;  – Hepatosellülyar karsinoma, qaraciyər toxumalarının xərçəngi;  – Portal xarakterli hipertenziya;  – Assit, mayenin qarın boşluğuna yığılması;  – Daxili orqanların varikoz genişlənməsi;  – Qaraciyər ensefalopatiyası;  – Toxumaların dağılması və qaraciyərin normal işləməməsi syəsində orqanizmin xroniki intaksikasiyası;  – Gizli daxili qanaxmalar. Hepatit C-nin müalicəsi Hepatit C nin müalicəsi orqanizmin dəstəklənməsinə, həmçinin HVC virusu ilə mübarizəyə yönəlmiş terapiyaya əsaslanır.  Hepatit C-nin terapiya kursuna aşağıdakılar aiddir:  – Virus əleyhinə preparatlarla dərman terapiyası;  – Qaraciyər funksiyalarının dəstəklənməsi üçün dərmanların qəbulu;  – Qüvvətləndirici təsirə malik preparatların, immunomodulyator və imuunitet stimulyatorlarının tətbiqi. Medikamentoz terapiya kursu dieta qaydalarına, gündəlik rejimə əməl etmədikdə,  habelə fiziki yüklənmələri məhdudlaşdırdıqda effektli olmayacaq. Hepatit C inasanın immunitetinə və qaraciyər toxumalarına çox aqressiv təsir göstərir. Ona görə də pasiyentlərin ciddi dietaya əməl etməsi, istirahətə vaxt ayırması və digər virus və bakteriya infeksiyaları ilə təması məhdudlaşdırması vacibdir. Mövzu iləbağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 05.05.2018

zəhərli zob nədir əlamətləri

Zəhərli zob

Zəhərli zob nədir? Zəhərli zob – tibdə bu xəstəliyə toksik ur (Qreyvs xəstəliyi) deyilir. Bu qalxanvari vəzinin ölçülərinin və funksiyasının artması ilə xarakterizə olunur. Bu zaman qana həddindən artıq qalxanvari vəzi hormonları ifraz olunur. Zəhərli zobun yaranma səbəbləri Toksik zob (zəhərli zob) immun sistemində yaranmış defekt nəticəsində yaranır. Bu tip xəstəliklər autoimmun xəstəliklər adlanır. Bu xəstəlik zamanı yaranmış anticisimciklər qalxanvari vəzi toxumasını daim qıcıqlandraraq onun ölçülərinin böyüməsinə, vəzin  funksiyasının artmasına və qana həddindən artıq hormon ifrazına səbəb olur. Hormonların artıq ifrazı maddələr mübadiləsini surətləndirir, maddələr mübadiləsini həddindən artıq surətləndirir, orqanizmin müxtəlif orqan və toxumaların həyat fəaliyyəti üçün vacib olan enerji ehtiyatını tükəndirir. Bu zaman ən çox zədələnən sinir  sistemi və ürək-damar sistemidir. Zəhərli zobun simptomları Daha çox yayılmış əlamətlərinə əsəbilik, qıcıqlanma, kəskin arıqlama, əllərdə və bütün bədəndə əsmə ( tremor), gözlərdə bərəlmə, ürək çırpınması, təngnəfəslik, boğulma, temperaturun bir qədər artmasını misal göstərmək olar. Ürək çırpınması 1 dəqiqədə 120-130 vurğuya çata bilir. Xəstəlik vaxtında müalicə olunmadıqda, ürək-damar sistemi tərəfindən geri dönməz dəyişikliklər baş verir. Toksik zobu olan pasientlər digərlərindən istahanın kəskin artmasına baxmayaraq, kəskin arıqlama (10-15 kq), ümumi zəiflik və tərləmənin artması ilə seçilirlər. İstilik tənziminin pozulması nəticəsində pasientlərə həddindən artıq isti olur, hətta ətraf mühitin ən aşağı temperaturu belə olduqda üşümə hiss etmirlər. Mədə-bağırsaq tərəfindən ürəkbulanma, qusma, idarə olunmayan ishal pasientlərin geniş yayılmış şikayətlərindəndir. Artıq hormonun təsirindən sümüklərdən kalsium yuyulmağa başlayır  və nəticədə osteopeniya yaranır. Qadınlarda aybaşı pozğunluqları, kişilərdə cinsi pozğunluqlar da bu xəstəliyin əsas əlamətlərindəndir. Zəhərli zobun diaqnostikası Pasientin obyektiv halı (danışıq tərzi, görünüşü, gözlərin vəziyyəti, nəbzin və təzyiqin ölçülməsi) həkimə diaqnozdan şübhələnməyə imkan verir. Toksik zoba şübhələndiyimiz zaman qanda hipofiz hormonlarından TSH, həmçinin sərbəst T4 və T3  yoxlanması mütləqdir. Lazım gəldikdə qanda anticisimciklərin müayinəsi də istənilə bilər. Zəhərli zob zamanı istifadə olunan instrumental müayinə metodlarından ən geniş yaılanı ultrasəs müayinəsidir ki, bu da qalxanvari  vəzinin üzvi dəyişiklikləri haqda məlumat vermiş olur. Daha sonra toksikliyin Qreyvs ilə əlaqəsi olub-olmadığını sinsitiqrafiya ilə dəqiqləşdirmək olar. Zəhərli zobun növləri Xəstəlik qalxanvari vəzinin ölçülərindən asılı olmayaraq gedişinin ağırlığından asılı olaraq 3 qrupa bölünür.  – Yüngül forma – Pasientin şikayətləri əsasən, nevrotik xarakterdədir. Ürək ritmi pozumayıb, ürək vurğularının sayı 1 dəqiqədə 100 vurğunu keçmir.  – Orta ağır forma – ayda 8-10 kq çəkinin itirilməsi, Ürək vurğularının sayı 1 dəqiqədə 100-110 vurğu olması.  – Ağır forma – Həddindən artıq çəkinin itirilməsi (üzülməyə qədər), ürək, mədə-bağırsaq sistemi, qaraciyər, böyrək funksiyalarının pozulması olur. Zəhərli zobun müalicəsi  – Dərman müalicəsi (antireoid preparatlarla) Bu zaman tirozol, metimazol, propiltiourasil preparatlarından istifadə olunur). Bu preparatlat qalxanvari vəzi toxumasında toplanaraq tiroid hormonlarının ifrazını basqılayır.  – Radioaktiv yodla müalicə (dərman preparatları kömək etmədiyi hallarda, yaşlı pasientlərdə istifadə olunur. Effektiv müalicə metodu sayılır.)  – Cərrahi müalicə (bu metoddan öncə də adətən dərman müalicəsi ilə yüngül yaxşılaşma əldə olunmalıdır). Zəhərli zobun profilaktikası Ağır tireotoksik vəziyyətdən qaçmaq üçün, qalxanvari vəzin ölçüləri böyümüş. Ancaq funksiyası dəyişilməmiş  pasientlərin tez-tez instrumental və hormonal müayinələrdən keçirilməsi mütləqdir. Həkim tərəfindən vaxtında və düzgün qoyulmuş diaqnoz və buna müvafiq aparılan müalicə, pasientləri müxtəlif orqan və toxumalarda geri dönməz dəyişikliklərin yaranmasından qoruyur. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 04.05.2018

Spinner