zob xəstəliyi nədir və müalicəsi

Zob xəstəliyi

Zob – qalxanabənzər vəzin bədxassəli şiş və iltihabla əlaqəsi olmayan  böyümüş vəziyyətidir. Qalxanabənzər vəz mütənasib (diffuz zob) böyüyə və ya onda düyünlü zob inkişaf edə bilər.  Əgər vəzin funksiyası azalıbsa, buna hipotireoid zob, artıbsa, toksik zob deyilir. Zob, adətən, boynun ön hissəsində, nadir hallarda dil kökü ətrafında lokallaşa bilər. Zobun qeyri-tipik yerlərdə əmələ gəlməsi yaxınlıqda olan toxuma və damarların (aorta) sıxılmasına gətirib çıxarır ki, bunun da nəticəsində qidanı udmaq çətinləşə, səs temberi dəyişə, bronxial astmadan əziyyət çəkən xəstələrdə boğulma tutmaları yarana bilər.        Zob xəstəliyinin yaranma səbəbləri Dünya səviyyəsində daha çox endemik zob yayılıb. Bu xəstəlik qidada yod çatışmazlığından yaranır. Zobun əmələ gəlməsinə, həmçinin, hipotireoz, strumogen məhsulların qəbulu, qalxanabənzər vəz hormonlarının anadangəlmə sintez pozuntusu, dərman preparatlarının yan təsirləri, toksiki diffuz zob, tireoidit, hipertireoz, qalxanabənzər vəzin xərçəngi səbəb ola bilər. Zob simptomları endokrin disfunksiya ilə əlaqədar olmayıb, bir qayda olaraq, yalnız boynun ön hissəsinin böyüməsi və deformasiyası ilə özünü göstərir. İri ölçülü zob ətraf anatomik strukturları sıxaraq udma və tənəffüsü çətinləşdirə bilər. Qalxanabənzər vəz funksiyalarının pozulması fonunda yaranan zob hipotireoz və ya tireotoksikoz simptomokomplekslər ilə müşayiət oluna bilər. Hipotireozun (tireoid hormonların kifayət qədər ifraz olunmaması) əlamətləri: quru və avazımız dəri, saçların tökülməsi, dırnaqların sınması, iştahanın azalması, qaşların seyrəkləşməsi, çəkinin artması. İfadə olunmuş patoloji prosesdə nitqin ləngiməsi, daimi yuxululuğun yaranması, yaddaşın pisləşməsi, menstrual tsiklin pozulması müşahidə edilə bilər. Tireotoksikoz (tireodit hormonlarının izafi ifrazı) yuxusuzluq, qıcıqlılıq, ümumi zəiflik, ürək döyüntüsünün şiddətlənməsi, iştahanın yaxşı olmasına baxmayaraq, çəkinin azalması, arterial təzyiqin yüksəlməsi, normadan artıq tərləmə, əllərdə əsmə (tremor) ilə özünü göstərir.              Zob xəstəliyinin səviyyələri Dünya Səhiyyə Təşkilatının təsnifatına görə qalxanabənzər vəz böyümə dərəcəsinə uyğun 3 dərəcəyə bölünür: Dərəcə 0 – zob yoxdur; I dərəcə - zob palpasiya edilir, lakin boynun normal vəziyyətində vizualizasiya olmur; II dərəcə - zob palpasiya olunur və gözlə görünür.  Zob xəstəliyinin diaqnostikası Xəstəliyin ilkin diaqnostikası qalxanabənzər vəzin palpasiyasından ibarətdir. Standart müayinə - qalxanabənzər vəzin ölçülərini dəqiq müəyyənləşdirmək və oradakı düyünləri aşkara çıxarmaq üçün ultrasəs müayinədir. 1 sm və daha böyük şişlər aşakara çıxarsa, incəiynəli aspirasion biopsiya təyin edilir. Zobun ölçüləri iri olarsa, tənəffüs yollarının komressiyası qeydə alına bilər. Belə hallarda döş qəfəsi və qida borusunun rentgeni göstərişdir. Bəzi hallarda zobu müayinə etmək üçün MRT tətbiq olunur.         Zob xəstəliyinin müalicəsi Zobun orqanizmə patoloji təsiri olmadığı üçün əksər hallarda xüsusi müalicə tələb etmir. Xəstəliyin gedişatını izləmək üçün pasiyentlərin müntəzəm olaraq endokrinoloq konsultasiyasından keçmələri kifayətdir. Zobun iri ölçülü olduğu və kompressiv sindrom müşahidə edildiyi hallarda qalxanabənzər vəzin üzərinə düşən funksional ağırlığı azaltmaq lazımdır.    Hipotireozun əsas müalicə metodu əvəzləyici hormonal terapiyadır. Hiperfunksiya antireoid preparatlarla (tiamazol, propiltiourasil, merkazolil) korreksiya edilir.    Cərrahi müdaxilə qalxanabənzər vəzin tam və ya hissəvi kənarlaşdırılması (strumektomiya) məqsədilə aparılır. Bəzi hallarda radioaktiv yodla müalicə təyin edilir.   Zob xəstəliyinin ağırlaşmaları Zobun ağırlaşmalarına böyümə zamanı qonşu orqanların kompressiyaya uğramasını, zobun bədxassəli şişə keçməsini, zobdaxili qanaxma, iltihabi prosesləri misal göstərmək olar.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 24.04.2018

HekimTap Pro
13971
aqorafobiya nədir və əlamətləri

Aqorafobiya

Aqorafobiya – evdən çıxmaqdan, marketə daxil olmaqdan, izdihamlı və ictimai yerlərdə olmaqdan, qatarla, avtobusla, təyyarə ilə tək səyyahət etməkdən qorxmaqdır. Aqorafobiyanın şiddəti fərdlər arasında önəmli dərəcədə dəyişə bilir. Məsələn, şiddətli aqorafobiyası olan biri evi tərk edə bilmədiyi halda, digəri uzun məsafəni problemsiz gedə bilir. Əlamətləri əsasən 3 yerə ayrılır: – Fiziki – Koqnitiv – Davranış Aqorafobiyanın fiziki simptomları əsasən sizi  narahat edən situasiyanın içinə düşdüyünüzdə meydana çıxır. Bununla belə aqorafobiyalı bir çox insan fiziki simptomlara nadir hallarda məruz qalır, çünki belə insanlar onları narahat edən vəziyyətdən qaçmağa çalışırlar. Aqorafobiyanın fiziki əlamərləri panik atakın əlamətləri ilə bənzər ola bilər.  – Tez- tez ürək döyünməsi  – Tez-tez nəfəs almə(hiperventilyasiya)  – İsti və ya tərli hiss etmə  – Özünü xəstə hiss etmə  – Ürək ağrısı  – Udma aktında çətinlik  – İshal  – Baş gicəllənmə Aqorafobiyanın koqnitiv əlamətləri fiziki əlamətlərlə əlaqəli olan, bəzən də əlaqəli olmayan duyğu və düşüncələrdir. Koqnitiv əlamətlər aşağıdakı formalarda ola bilər:  – Panik atak tutması sizi başqalarının yanında utandıracaq duruma salacaq düşüncəsi  – Panik atak yaşam üçün təhlükəlidir –məsələn ,tutma zamanı ürəyiniz dayanacaq və nəfəs ala bilməmə qorxusu düşüncəsi  – Ağlın itirilmə düşüncəsi  – İctimayətdə kontrolunuzu itirmə qorxusu  – İnsanlar qarşısında titrəmə və qızarma  – İnsanlar mənə baxır kimi düşüncələr Panik atakla əlaqəli olmayan psixoloji əlamətlər də vardır:  – Başqalarının yardımı olmadan işləyə bilməyəcəyini və həyatda qala bilməyəcəyini hiss etmək  – Evdə tək qalma qorxusu (monofobiya)  – Xüsusi bir narahatçılıq hissi və ya qorxu     – Davranış əlamətləri Aqorafobiyanın davranışla əlaqəli əlamətləri arasında:  – Toplum olan yerlərdən qaçmaq  – Ev sahibi olmaq-uzun müddət evdən çıxmamaq  – Hər hansı bir yerə getdiyində yanında etibar edə biləcək birini götürmək   – Evdən çox aralanmaqdan qaçınma Bəzi insanlar onları narahat edən vəziyyətlərlə üzləşməmək üçün özlərini buna məcbur edirlər, lakin buna cəhd edərkən belə daxili olaraq bir qorxu və narahatlıq hiss edirlər. Tibbi tövsiyyə: Əgər sizdə aqorafobiyanın əlamətlərinin olduğunu düşünürsüzsə, mütəxəssis yardımı alın! Aşağıda göstərilən hər hansı bir əlamətə sahibsənizsə, tibbi yardım almağınız məsləhət görülür.  – Ürək agrısı  – Nəfəs darlığı  – Baş gicəllənməsi  – Bayılma  – Səbəbsiz  arıqlama  – Ürək doyünmələri  – Depressiya  – İntihar düşüncəsi və ozunə zərər vermə   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 24.04.2018

abdominoplastika qarın gərmə əməliyyatı

Abdominoplastika (qarın gərmə əməliyyatı)

Sağlam qidalanma və idman bədən quruluşunu yaxşılaşdırır, amma möcüzə yaratmır. Zahiri görünüşdəki çatışmazlıqları bəzən, yalnız cərrah aradan qaldıra bilir. Sallaq, möhkəmliyini itirmiş qarın məhz belə problemlərdəndir. Bu zaman vücudunuzun gözəlliyini qaytarmaqda yeganə köməkçiniz abdominoplastika – qarın gərmə əməliyyatıdır. Abdominoplastika əməliyyatı nədir? Qarın formasını müxtəlif səbəblərdən itirə bilər. Əksər hallarda qadınlar abdominoplastika haqqında hamiləlik və doğuşdan sonra düşünürlər. Birdən-birə çəkisini itirmiş adamlar da cərraha az müraciət etmirlər.  Abdinoplastikaya müraciət edən pasiyentlərin müəyyən hissəsini yaşlı adamlar təşkil edir – illər keçdikcə əzələ və dəri öz möhkəmliyini itirir və bunu diyeta ilə bərpa etmək heç cür mümkün olmur. Beləliklə, abdominoplastika elə bir əməliyyatdır ki, onun vasitəsilə artıq dəri və qarın nahiyəsində dərialtı piylər çıxarılır, həmçinin, qarın əzələləri gərilir. Nəzərinizə çatdıraq ki, bu, o qədər də asan əməliyyat deyil və ondan sonra müəyyən reabelitasiya dövrü tələb olunur. Maraqlı bir fakt kimi onu da dmek lazımdır ki, bütün plastik əməliyyatların 7%-i abdominoplastikanın payına düşür.        Abdominoplastika əməliyyatlna göstərişlər Qarın gərmə əməliyyatı 18 yaşdan yuxarı bütün adamlara tətbiq oluna bilər. Lakin məqsədiniz çəki verməkdirsə, yaxşı olar ki, abdominoplastika əməliyyatına arzuladığınız çəkiyə çatdıqdan sonra müraciət edəsiniz, bu zaman nəticə daha ürəkaçan olacaq. Əgər yaxın zamanlarda hamiləlik planlaşdırılırsa, bu barədə həkimə məlumat verilməlidir. Düzdür, qarın gərmə əməliyyatı olmuş qadınlar təkrar hamilə qala bilərlər, heç bir əks göstəriş yoxdur. Lakin hamiləlik əməliyyatın nəticəsinə mənfi təsir göstərir və yenidən dəri boşalması, artıq piylərin yaranmasına səbəb olur. Ona görə də əməliyyatın hamiləlikdən sonra icra olunması daha məqsədəuyğundur. Qarın gərmə əməliyyatına aşağıdakılar göstərişdir:  – Qarın nahiyəsində artıq piy qatlarının olması;  – Qarında çoxsaylı sallaq dərilər;  – Qarın əzələsinin zəifliyi;  – Çapıq deformasiyası; Abdominoplastika əməliyyatına əks-göstərişlər İstənilən ciddi cərrahi müdaxilədə olduğu kimi, abdominoplastikada da əks-göstərişlər var. Bunlar aşağıdakılardır:  – Kəskin və ya xroniki xəstəliklər. Bu halda mövcud problem həll olunmalı və məhz bundan sonra bədən quruluşunun korreksiyasına müraciət edilməlidir;  – Şəkərli diabet və qalxanabənzər vəzin xəstəlikləri;  – Qan laxtalanması problemi;  – Ağciyər və ya ürək çatışmazlığı. Abdominoplastika əməliyyatından sonrakı mənzərə Qarın gərmə əməliyyatı xəstənin tam yatdığı ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyat təqribən 2 saat davam edir. 1 gün xəstəxanada qalmağınız şərtdir. Əməliyyatın ertəsi gün artıq evə gedə bilərsiniz. Reabilitasiya periodu təxmini 5-7 gündür. 1 həftə sonra iş həyatına geri dönmək olar. Buna baxmayaraq, 1 ay müddətində ağırlıq qaldırmaq, idmanla məşğul olmaq və günəş vannası qəbul etmək tövsiyə edilmir.   Tikişlər dartılmasın deyə, 1 həftə ərzində dik yerimək məsləhət deyil. Müvəqqəti çətinlik yaratsa da, belibükülü gəzməli olacaqsınız. Əməliyyatdan sonra 2-5 gün qarın nahiyəsində gərginlik və həssaslıq hiss etməyiniz normaldır. Bəzi başqa əlamətlər də aradan qalxdıqdan sonra – 6 ayın tamamında qarın şəklinin son vəziyyətini görə biləcəksiniz. Bundan artıq 2 ay sonra idmana başlamaq mümkündür. Təbii ki, bütün cərrahi müdaxilələrdə olduğu kimi, abdominoplastikanın da özünəməxsus ağırlaşmaları var. Buraya anestezioloji risk, infeksiyalaşma, qanama, yara sağalmasının kecikməsi kimi hallar aiddir.          Abdominoplastika əməliyyatı insanda özünəgüvənin yaranması baxımından böyük əhəmiyyət kəsb edir. Gözəl və güvənli görünmək hamınızın haqqıdır! Mövzu ilə bağlı videolar:         © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 21.04.2018

hamiləlik dövründə anemiya

Hamiləlik dövründə anemiya

Hamiləlik dövründə anemiya nədir? Anemiya hamiləlik dövründə yanaşı gedən və geniş yayılmış vəziyyətlərdəndir. Bir qayda olaraq, hamiləlik dövründə qadın dəmir defisiti anemiyası ilə üzləşir. Bu xəstəlik oksigenin orqan və toxumalara daşınmasına cavabdeh olan hemoqlobinin səviyyəsinin aşağı düşməsi ilə özünü büruzə verir. Təbii ki, nəticədə qırmızı qan hissəcikləri – eritrositlərin miqdarı azalır. Anemiyanın üç ağırlıq dərəcəsi var – yüngül, orta və ağır. Bu xəstəlik ona görə təhlükəlidir ki, yüngül formada özünü praktik olaraq heç nə ilə göstərmir, yəni orqanizmdə baş verən hər hansı dəyişiklik barədə heç bir siqnal gəlmir. Hamilə qadında anemiya şübhəsi dəri rənginin avazıması nəticəsində yaranır. Ona görə də müntəzəm olaraq qan analizlərinin aparılması böyük əhəmiyyət kəsb edir. Əldə olunmuş nəticələr anemiyanın inkişafının qarşısını almaqda mütəxəssislərə kömək edəcək. Anemiyanın dölün inkişafına və doğuş prosesinə böyük təsir göstərdiyini nəzərə alsaq, artıq hamiləliyin ilk həftələrindən xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər görmək vacibdir.       Anemiyanın hamiləlik dövründə təhlükəsi Anemiya artıq hamiləliyin ikinci yarısında özünü göstərir, pik həddinə isə 29 və 36-cı həftədə çatır. Bu, ona görə baş verir ki, hamiləlik dövründə orqanizmin dəmirə olan tələbatı hədsiz çox olur. Çünki dəmir hemoqlobinin yaranmasında mühüm rol oynayır ki, gələcəyin anası və dölün buna böyük ehtiyacı var. Əgər dəmirin sərfiyyat sürəti hamilə qadının orqanizminə daxil olan dəmirin sərfiyyat sürətindən artıqdırsa, anemiya yaranır və buna da mütləq müalicə tələb olunur. İş ondadır ki, anemiyanın qarşısı alınmasa, xoşagəlməz halların baş verməsi mümkündür. Buraya hamiləliyin ikinci yarısında toksikozun inkişafı, vaxtından əvvəl doğuş riskini aid etmək olar. Bundan başqa, doğuş prosesində qanaxmanın çox olması müşahidə edilə bilər, çünki anemiya qanın qatılaşma prosesinə mane olur. Anemiya doğuşdan sonrakı dövrdə müalicə olunmazsa, süd ifrazının azalması müşahidə edilə bilər. Ananın orqanizmdəki dəmir defisiti dölün bətndaxili inkişafı üçün təhlükəlidir. Belə ki, oksigen və qida maddələrinin çatışmazlığı yaranır, döldə hipoksiya və hipotrofiya riski əhəmiyyətli dərəcədə artır. Bunun da nəticəsində uşaq zəif doğula bilər, yaxud da çəki azlığı, zəif immunitet, infeksion xəstəliklərə həssaslıq qeydə alına bilər.       Hamiləlik dövründə anemiyanın əlamətləri Anemiya qadının ümumi vəziyyətinə təsir etdiyindən onun müalicəsinə birmənalı olaraq ehtiyac var. Anemiya bir sıra ələmətlərlə özünü büruzə verir. Buraya aiddir: zəiflik, tez yorulma, dərinin quruması, baş gicəllənməsi; daha ağır formalarda: saçların tökülməsi, ürək döyüntüsünün artması və bayılmalar. Belə anemik əlamətlərin yaranması qanda hemoqlobinin aşağı düşməsi, oksigen aclığının yaranması, həmiçinin istehsal olunan enerjinin miqdarının azalması ilə əlaqədardır. Digər simptomlar qrupu sideropenik simptomlar adlanır. Onlar ferment funksiyalarının pozulması fonunda yarana bilər, əlamətləri bunlardır: dərinin quruluğu və qabıq verməsi, rənginin avazıması, dodaqların kənarında çatların əmələ gəlməsi, saçların quruması və qırılması. Bundan başqa, anemiya zamanı qadınlarda ağız dadının pozulması mümkündür – gələcək analar birdən təbaşir və ya torpaq, çiy meyvə (məsələn kartof) yemək istəyirlər. Hansı ki, bu vəziyyət onlarda hamiləlikdən əvvəl müşahidə olunmayıb.          Hamiləlik dövründə anemiyanın müalicəsi və profilaktikası Anemiyanın profilaktikası və müalicəsi üçün hamilə qadının qida rasionuna mütləq tərkibində dəmir və heyvan mənşəli zülallar olan qidalar daxil edilməlidir. İlk növbədə bu, ət, balıq, süd məhsulları, çox miqdarda çiy meyvə-tərəvəzdir (kök, alma, kələm). Təbii ki, anemiya təkcə dieta ilə müalicə olunmur. Ona görə də mütəxəssislər dəmir tərkibli preparatlar təyin edirlər. Müalicənin müddəti bir neçə ay davam edir. Lakin anemiyanın əlamətləri aradan qalxdıqdan sonra müalicəni dərhal kəsmək olmaz. 2-3 aydan sonra həkim təyin edilmiş dozanı iki dəfə azaldır və bununla da anemiyanın profilaktikası davam edir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 20.04.2018

prolaktioma nədir və müalicəsi

Prolaktinoma

Prolaktinoma nədir? Prolaktinoma qanda prolaktin hormonunun artması ilə müşahidə olunan simptomakomleksdir, buna hiperprolaktinemik sindrom da deyilir. Prolaktin hormonu beyindəki hipofiz vəzində yerləşir və bir çox funksiyaları yerinə yetirir. Bu sindroma, əsasən, 20-50 yaşlı qadınlarda, həmçinin, kişilərdə rast gəlinir, sonsuzluq səbəblərindən biri hesab olunur. Prolaktinomanın əlamətləri Prolaktinoma kişilərdə sonsuzluq, libidonun zəifləməsi, erektil disfunksiya kimi özünü göstərir. Bu simptomları müşahidə edən kişilər çox vaxt uroloqa və ya androloqa müraciət edirlər. Hansı ki, bu simptomların əsasında hiperprolaktinomik sindrom dayanır. Nadir hallarda, hiperprolaktinomik sindrom zamanı kişilərdə ginekomastiya (süd vəzində böyümə), qalaktoreya (südə bənzər mayenin ifraz olunması) qeydə alınır. Bundan başqa, kişilərdə baş ağrıları, görmədə problemlər, təzyiqin qalxması da müşahidə edilə bilər. Qadınlarda hiperprolaktinomik sindrom müxtəlif disfunksiyalar, əsasən də menstrual tsiklin pozulması, depressiya, emosional ləbillik, piylənmə, tüklənmə, ətraflarda ödem, çəkinin düşməməsi, süd vəzi nahiyəsində ağrılar və qalaktoreya ilə özünü büruzə verir. Prolaktinomanın diaqnostikası Diaqnozun qoyulması qanda prolaktinin miqdarının müəyyənləşdirilməsi və hipofizin MRT-si ilə həyata keçirilir. Prolaktinomanın müalicəsi Prolaktinomanın müalicəsi adətən prolaktinin səviyyəsini aşağı salan medikamentoz terapiya ilə aparılır. Müalicə sxemi və preparat dozasını endokrinoloq müəyyənləşdirir. Prolaktinomanın müalicəsində bu preparatlardan istifadə edilir: bromokriptin, levodop, siproqeptadin, kaberqolin. Bromokriptin qəbulu zamanı pasiyentlərin 85%-ində bir neçə həftə ərzində prolaktin konsentrasiyasının normaya düşməsi müşahidə olunur. Kaberqolinin üstünlüyü onun prolonq təsirli olmasıdır (həftəyə 1-2 qəbul kifayət edir), yan təsirləri bromokriptindən azdır. Preparatların qəbulu fonunda prolaktinomanın ölçüləri və prolaktin sekresiyası azalır, görmə qabiliyyəti yaxşılaşır, kiçik mikroadenomalar birdəfəlik keçib gedə bilir. Bundan başqa, qadınlarda menstrual tsikl normallaşır, fertillik (hamilə qalmaq imkanları) bərpa olunur. Kişilərdə testosteronun səviyyəsi qalxır, cinsi funksiyalar normallaşır, spermoqrammanın yaxşılaşması qeydə alınır.  Prolaktinomanın proqnoz və profilaktikası Prolaktinomanın proqnostik göstəriciləri hormonal aktivlik və xəstəliyin kliniki gedişatı ilə səciyyələnir. Prolaktinomanın residivi və hiperprolaktinemiyanın bərpasına əməliyyatdansonrakı 5 illik periodda 20-50% pasiyentlərdə rast gəlinir. Makroprolaktinomalarda yaxşılaşma cəmi 10-30% hallarda qeydə alınır. Prolaktinomanın medikamentoz terapiyası uzun müddətə hesablanıb. Mikroprolaktinomalar zamanı müalicəyə 2 ildə bir dəfə fasilə verilir. Bir çox pasiyentlərdə şiş bu müddət ərzində itir. Makroprolaktinoma hallarında isə çoxillik medikamentoz terapiya təyin edilir. Xəstə dispanser nəzarətə alınır, hər il kompüter tomoqrafiyası, oftalmoloqun müayinəsi aparılır. İldə iki dəfə prolaktinin qandakı səviyyəsi ölçülür.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 20.04.2018

fiziki və psixoloji şiddət nədir

Şiddət nədir?

Şiddət, sahib olunan gücün və hakimiyyətin bir insana, bir qrupa, özünə, bir fikrə, həyat tərzinə, fiziki və psixoloji olaraq yaralanmaya, itkiyə səbəb olacaq bir formada müəyyən yollarla tətbiq olunmasıdır. Duyğular davranışlara istiqamət verə bilir, amma insanın duyğularını hansı istiqamətə yönəltməsi, hansı davranışı sərgiləməsi özünün seçimində, nəzarəti altında və öz məsuliyyəti daxilində olur. Dolayısi ilə qısqanclıq, əsəb, hirs duyğuları insani duyğular olsa da, şiddəti təmsil edir. Nəzər nöqtəsi də məhz bu duyğular üzərində olmalıdır. Əgər bir davranış əsəbi vəziyyəti sərgiləmək, hirsini boşaltmaq, nifrət hissini bildirmək, alcaltmaq, cəzalandırmaq, güc göstərmək, insanı kontrol altında saxlamaq ücün sərgilənirsə, bu davranış şiddət tətbiqidir. Şiddətin fərqli növləri vardır: Fiziki şiddət Təmas, bir əşya, hər hansı bir vasitə ilə və ya bir heyvan, ya da fiziki üstünlüyün istfadəsi ilə qorxuducu, təhdid edici bir bədən dili, yüksək səs tonu fiziki şiddətdir. Yumruq, təpik, itələmə, bağırmaq, sıxışdırma, bir yerə bağlama, təhlükəli yerdə bilərəkdən saxlama, qorxduğu şeylərlə baş-başa buraxma, yaralayıcı, kəsici alətlərlə və ya silahla təhdid etmə ya da zərər vermə ən çox yayılan şiddət növləri arasındadır. Psixoloji şiddət Davamlı olaraq aqressiv davranış, birinə nifrət hissini aşılamaq, hissləri ilə oynamaq, yetərsiz hiss etdirmək, günahlandırmaq, alçaltmaq, başqalarının yanında təhqir etmək, sevdiyi şeylərdən məhrum etmək, zəif nöqtələrini bilib və qorxularından istifadə edərək, əleyhinə istifadə edərək təhdid etmək və ya qorxutmaq, sevdiyi şeyə ya da onun üçün dəyərli olana zərər vermək psixoloji şiddətin ən yayılmış formalarıdır. Güc göstərib cəzalandırmaq və özünü pis hiss etdirmək məqsədi güdən münasibət və davranışlar da psixoloji şiddət anlamına gəlir. Küsmək, danışdırmamaq, tərk etmək, tərk etməklə təhdid etmək və aldatmaq da psixoloji şiddətidir. Cinsi şiddət Razılq olmadan və insanı narahat edən hər cür cinsi münasibət, yaxınlaşma və cinsi münasibət cinsi şiddətdir. Xüsusilə təcavüz, istəmədiyi zamanda və istəmədiyi şəkildə toxunmaq, cinsi münasibətə məcbur etmək, istəmədiyi halda pornoqrafiya izlətmək, bir obyekt və ya bir heyvan istifadə edərək cinsi istismara təhrik etmək cinsi şiddətdir. Məcburi hamilə buraxmaq, istəmədiyi hamiləliyi davam etdirməyə məcbur etmə və ya istədiyi hamiləliyi sonlandımaya məcburiyyət ən ağır cinsi şiddət heasb olunur. Ekonomik şiddət Maddiyatın bir güc, kontrol, alçaltma, cəzalandırılma, ayrıseçkilik vasitəsi olaraq istifadəsi şiddət növüdür. Şəxsin işləməsinə, pul qazanmasına icazə verməmək, çalışaraq yüksəlməsinə mane olmaq, iş həyatına bilərəkdən mane olmaq, aldığı məvacibi əlindən almaq, şəxsi pulsuz buraxmaq və ya az miqdarda pul verib ehtiyaclarını az miqdarla ödəməsini gözləmək, kreditə məcbur etmə və kredit üçün məcburi zamin saxlama ekonomik şiddət hesab olunur. Texnoloji şiddət İnrerneti və sosial paylaşım saytlarını istfadə edərək, bir fikrə, dəyərə, irqə, bir insan haqqında yalnış məlumat vermə, ittiham etmə, bir insanın görüntüsünü yaymaq və ya görüntünü yaymaqla təhdid etmə texnoloji şiddətin yayılmış formalarıdır. Mobil telefon vasitəsi ilə hər an harda oldugunu izləmə, əlaqə proqramlarının ən son istifadə saatlarını yoxlan, mesaj göndərərək və ya təkrar zəng etməklə istismar etmə, mesajların yoxlanılması və ya icazəsiz oxumaq, elektron poçta və sosial mediya şifrələrinin sındırılması da texnoloji şiddətdir. Ailədaxili şiddət Eyni dam altında yaşayan və ya uzaq-yaxın qan bağı ilə bağli olan ailə üzvlərinin birinin digərinə göstərdiyi münasibət - əsasən, fiziki, psixoloji, sosial, cinsəl və ekonomik şiddət ünsürü iç-içə yaşanan sistematik şiddət növüdür. Ailədaxili şiddətin qurbanı isə əsasən uşaqlar və qadınlardır. Bəzən də yaşlı nəsil və ya yeniyetmələrdir. Alkoqol və ya narkotik qəbulu ailədaxili şiddətə səbəb olur. Şiddət sərgiləyən münasibət və davranışdan heç kim sığortalnmayıb.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 20.04.2018

HT2 HT
6159
uşaqlarda qrip virusu

Uşaqlarda qrip virusu

Qrip uşaqlarda ən geniş yayılmış mövsümi xəstəliklərdən biridir. Uşaqlar böyüklərə nisbətən bu virusa 5 dəfə çox yoluxurlar və qrip onlarda daha ciddi ağırlaşmalar yarada bilər. Qripi öz axarına buraxmaq, təkcə xalq təbabəti reseptləri ilə müalicə etmək və ələlxüsus da, xəstəliyin öz-özünə keçməyini gözləmək olmaz. Hər bir valideyn uşaqlarda qripin əlamətlərini, hansı həkimə müraciət etməli olduğunu və profilaktik tədbirləri bilməlidir.    Uşaqlarda qripin yaranma səbəbləri Soyuqdəymə haqda miflər nə qədər geniş yayılsa da, onu qeyd etmək lazımdır ki, qripə küçədə papaqsız gəzmək və ya ayaqların islanması səbəbindən yoluxmurlar. Soyuqdəymə özlüyündə xəstəlik törətməsə də, yoluxma şansını artırır: soyuq kiçik damarların spazmını yaradır, bu isə immun sistemin işinə öz mənfi təsirini göstərir. Qrip – virus xəstəliyidir, sürətlə yayılır və yüksək virulentliyə (dəyişmə qabiliyyətinə) malikdir. Qrip virusu praktik olaraq hər il mutasiya edir və buna görə də ona qarşı dayanıqlı immunitet yaratmaq mümkün deyil. Məsələn, əgər siz cari mövsümdə qripə yoluxmusunuzsa, bu, o demək deyil ki, virusun başqa ştammı ilə qarşılaşsanız vəziyyət bir də təkrarlanmayacaq. Məhz ona görə də qrip əleyhinə peyvəndləməni hər il arapmaq lazım gəlir. Qrip epidemiyası hər ilin payız-qış mövsümündə baş verir, bütün dünyanı əhatə edən pandemiyaya isə 15-20 ildən bir rast gəlinir.    Qripə yoluxmaq çox asandır. O, daha çox adamdan adama hava-damcı vasitəsi ilə keçir – yəni uşağınızın yanında kimsə asqırarsa,bu yoluxma üçün kifayət edə bilər. Lakin bu virus məişət yolu ilə də yoluxa bilər (çirkli əllər və s.) Virus özlüyündə dayanıqlı deyil və onu istənilən məişət antiseptiki və ya yuyucu vasitə ilə məhv etmək mümkündür. Amma bu cür gigiyenik normalara yalnız evdə əməl olunur. Gigiyena qaydalarının vacibliyini  hələ tam dərk etməyən uşaqlar isə əllərini müntəzəm yumur, oyuncaqlarını başqaları ilə dəyişir, eyni stəkandan istifadə edirlər və s. Bütün bunlar isə qripə yoluxma riskini artırır. Uşaqlarda qrip virusunun əlamətləri Həkimlər uşaqlarda qrip xəstəliyini bir neçə formaya bölürlər: Yüngül forma – 37.5 0C-dən yuxarı hərarət, yüngül öskürək, boğazda selikli qişanın qıcıqlanması. Orta ağır forma – baş ağrıları, əzələ və oynaqlarda ağrılar, zəiflik, titrətmə, öyümə və qusma, 39.5 0C-dək qızdırma, öskürək, tənəffüsün çətinləşməsi. Ağır forma – 40.5 0C-dək qızdırma, sayıqlama və hallisünasiyalar. Hipertaksik forma – virusun çox sürətlə inkişaf etməsi, 40.5C-dək qızdırma, burundan qanaxma, səpgilər, sayıqlama, bayılma və qıcolmalar. Uşaqlarda qrip virusunun təhlükəsi Qrip ilk növbədə ağırlaşmaları ilə təhlükəlidir. Bu ağırlaşmalar sırasına pnevmoniya, meningit və ensefalit, əzələ xəstəlikləri, otit, rinit, sinusit və bronxit aiddir. Uşaqlarda qrip virusunun müalicəsi Yüngül və orta ağır formalarda uşağın vəziyyəti 3-4 günə yaxşılaşır, lakin oskürək və boğazda qıcıqlılıq 10-15 gün davam edə bilər. Ağır forma daha təhlükəlidir və ağırlaşmalara səbəb ola bilir. Hipertoksik forma ən təhlükəli forma olub, əksər hallarda ölümlə nəticələnir. Uşaqlarda qripin müalicəsi simtomların ifadə olunması dərəcəsindən və xəstəliyin formasından asılıdır. Yüngül və orta ağır formalar adətən stasionar müalicə tələb etmir. Burada əsas müalicə metodu uşağın düzgün rejimlə təmin olunmasıdır. Uşaq yaxşı havalandırılan məkanda yatağa yerləşdirilməlidir. Belə günlərdə yüngül dietaya əməl etmək lazımdır. Çünki qripə yoluxmuş uşaq iştahasını itirir və onu məcbur yedizdirmək olmaz. Məcburən ağır yeməklər qəbul etməkdənsə, xəstə bir-iki qaşıq şorba içsə məsləhətdir. Əks halda, ağır yeməklər qusmaya, bu isə əlavə stresə və boğazın onsuz da iltihablaşmış selikli qişasının qıcıqlanmasına səbəb olacaq. Qrip zamanı dieta yüngül və zülalla zəngin olmalıdır, xörəklərin ilıq halda (isti yox) verilməsi tövsiyə edilir. Virus xəstəliklərində bol su içmək birbaşa göstərişdir. Uşağa otlardan dəmlənmiş çaylar, təbii şirələr (turş olmayan), kompot, su vermək faydalıdır.          Təbii ki, bütün bu vasitələr əsas terapiya sayılan virus əleyhinə preparatlarla yanaşı tətbiq olunur. Bundan başqa simptomatik müalicə də aparılır. Medikamentoz müalicə mütləq həkimin göstərişinə uyğun aparılmalıdır. Özünümüalicə ağır fəsadlara yol aça bilər. Uşaqlarda qrip virusunun profilaktikası Virusla kontaktı tamamilə kəsmək mümkün deyil. Ona görə də profilaktik tədbirlər uşağın təcrid olunmasında çox, yoluxma ehtimalının azaldılmasına və uşağın immun sisteminin möhkəmləndirilməsinə yönəldilməlidir. Orqanizmin qoruyucu qüvvəsini möhkəmləndirməyə bunlar kömək edə bilər: “fast food” və ciddi sənaye emalına məruz qalmış məhsulların məhdudlaşdırılması, həkinin göstərişinə uyğun olaraq, əlavə vitamin və mineral komplekslərinin qəbul edilməsi, təmiz havada gündəlik gəzinti və oyunlar. Epidemiya zamanı əlavə qoruyucu tədbirlərə ehtiyac var. Buraya aiddir: virusun havadakı konsentrasiyasını azaltmaq məqsədilə otağın havalandırılması, əllərin tez-tez yuyulması (təkcə yeməkdən əvvəl yox), antiseptik yuyucu vasitələrlə otaqların müntəzəm təmizlənməsi. Qripin profilaktikasında vacib yerlərdən birini də hər il payızda – epidemiya mövsümündən əvvəl aparılan peyvəndləmə tutur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 19.04.2018

hestasion diabet hamilə qadınlarda diabet nədir

Hestasion diabet

Hestasion diabet nədir? Hestasion diabet – hamiləlik vaxtı qadının qanında ilk dəfə şəkərin səviyyəsinin qalxmasıdır. Bir qayda olaraq, bu problem hamiləliyin ikinci dövründə yaranır. Bu zaman qanda şəkər göstəricisinin artması təbii fizioloji faktorlarla və qadında risk faktorunun olması ilə əlaqədardır. “Hestasion diabet” diaqnozu o deməkdir ki, hamiləliyə qədər pasiyentin qanındakı qlükozanın səviyyəsi normal olub.    Hestasion diabet – 2-3.5 % hallarda rast gəlinən hamiləlik ağırlaşmasıdır. Onun yaranması faktorları bunlardır: bədən kütləsinin artıq olması, piylənmə, yaşın 30-dan yuxarı olması, genetik faktor, yumurtacıqların polikistozu, əkizlər və ya üçəmlərə hamiləlik, əvvəlki hamiləlikdə iri uşağın doğulması. Hestasion diabetin əlamətləri Maddələr mübadiləsinin bu cür pozulması heç bir zahiri faktorlarla özünü göstərmir, o vaxta kimi ki, USM müayinəsində dölün həddindən artıq böyük olması aşkarlanır. Həmin mərhələdə müalicəyə başlamaq olar, lakin bu, bir qədər gecikmiş müalicə sayılır. Yaxşı olar ki, müalicə daha erkən mərhələdə başlansın. Elə bu səbəbdən də bütün qadınları hamiləliyin 24-28-ci həftələrində qanda qlükozanın səviyyəsini təyin etmək üçün analizlərə yönəldirlər. Qanda şəkərin yüksək olmasından qadın həddindən artıq çəki aldıqda da şübhələnmək olar. Bəzən pasiyentlərdə artıq susama və tez-tez sidiyə getmə müşahidə edilir. Lakin bu nadir hallarda baş verir, yəni bu simptomlara güvənmək olmaz. Qlükozaya tolerantlıq testini istənilən halda keçmək lazımdır. Hestasion diabetin diaqnostikası Yuxarıda qeyd olunan risk faktorları mövcuddursa, qadınlar qlükozaya tolerantlıq testini hələ hamiləliyi planlaşdırarkən keçməlidirlər. Bu müayinə zamanı acqarına qan analizi götürülür, daha sonra pasiyentə qlükoza məhlulu içizdirilir və 1-2 saatdan sonra qan analizi təkarar alınır. Karbohidrat mübadiləsi pozulmuş adamlarda qlükoza qəbulundan sonra şəkərin səviyyəsi yüksək olur. Ola bilsin ki, əvvəllər diaqnozu qoyulmamış 1-ci və ya 2-ci tip şəkərli diabet aşkar olunsun. Risk faktorları olmadığı təqdirdə, qlükozaya tolerantlıq testi hamiləliyin planlanması dövründə deyil, artıq hamiləlik dövründə verilir (üçüncü trimestrin əvvəlində).    Hestasion diabetin təhlükəsi Hestasion diabetin ana üçün təhlükəsi Hestasion diabet zamanı erkən doğuş və ölü uşağın doğulması halları qeydə alına bilər. Hestoz, hidromnion, fetoplasentar çatışmazlıq və dölün hipotrofiyası müşahidə olunması istisna deyil. Bundan başqa, diabetik ketoasidoz, cinsiyyət yollarının infeksiyaları da qeydə alına bilər ki, bu da dölün infeksiyalaşması və erkən doğuş baxımından təhlükəlidir. Həmçinin, hestasion diabet görmənin, böyrəklərin funksiyalarının, dölün qan dövranının pozulmasına səbəb olan mikroangiopatiya yarada və bir sıra başqa fəsadlara yol aça bilər. Hestasion diabetin uşaq üçün təhlükəsi Ana və körpə arasında karbohidrat mübadiləsinin xüsusiyyətləri belədir – uşaq anadan qlükoza alır, lakin insulini isə yox. Beləliklə, yaranan hiperqlikemiya (qlükozanın səviyyəsinin yuxarı olması), xüsusən də üçüncü trimestrdə, yəni körpənin hələ özünü insulini olmadığı dövrdə, döldə müxtəlif patologiyalara səbəb ola bilir. 12-ci həftədən sonra (uşağın orqanizmində insulin yaranan dövrdə) hiperinsulinemiya yaranır ki, bu da asfiksiyanın əmələ gəlməsi və doğuş zamanı travmalar baxımında təhlükəlidir. Bununla yanaşı, tənəffüs pozuntuları və yenidoğulmuşun hipoqlikemik vəziyyəti də mümkündür. Bu problemlərin qarşısını almaq olarmı? Bəli. Əsas odur ki, problem haqda maariflənmiş olasınız və vaxtında mütəxəssisə müraciət edəsiniz. Hestasion diabetin müalicəsi Hestasion diabetin müalicəsi əsasən dietadan ibarətdir. Zərurət yaranarsa, mütəxəssis tərəfindən fərdi qaydada, dəqiq hesablanmış insulin iynəsi əlavə oluna bilər. Bundan bşaqa, çox da ağır olmayan fiziki yüklənmələr tövsiyə edilir. Lakin bu zaman ehtiyatlı olmaq lazımdır ki, ümumi vəziyyət pisləşməsin və düşük halları yaranmasın. İstənilən halda, bu məsləni həkimlə müzakirə etmək vacibdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 19.04.2018

Spinner