uşaqlarda tiklər və onların müalicəsi

Uşaqlarda məntiqsiz hərəkətlər (tiklər) və onların müalicəsi...

Tiklər haqqında məlumat Tiklər, əsasən, 3-6 və 12-15 yaş arasında müşahidə edilir. Yəni, məktəbəqədər və yeniyetməlik dövründə. Bu da səbəbsiz deyil, çünki bu, yaşarası keçid dövrü sayılır və daha çox diqqət verilməsi tələb olunur. Yadda saxlamaq lazımdır ki, istər azyaşlının, istərsə də istərsə də yeniyetmənin sonrakı inkişafı məhz bu dövrdən çox asılıdır. 3-6 yaş – məktəbəqədər yaş dövrünü əhatə edir. Bu mərhələdə uşaqlar sevgi ilə əhatə olunduğu mühitdən, doğmalarından ayrılıb bağçaya, məktəbə və hazırlıq qrupuna getməyə məcbur qalır. Elə bu zamandan da uşağın əsas qorxuları başlanır. O, “anam məni atıb gedəcək” deyə düşünərək, həyəcan və narahatlıq keçirir ki, bu da uşağın psixologiyasına öz mənfi təsirini göstərir. Yeni mühitə, tanımadığı uşaqlara, müəllim və məktəb həyatına uyğunlaşma xüsusi hazırlıq tələb etdiyinə görə, valideynlər bunu mütləq diqqətdə saxlamalıdırlar. Adətən, uşağını bağçaya və ya məktəbə hazırlaşdıran valideynin ilk vəzifəsi balacaya təzə paltar, yeni oyuncaqlar, yaxud məktəb ləvazimatı almaq olur.   Bir çox ata-ana hazırlıq prosesini bununla bitmiş hesab edir və diqqət veriləsi ən vacib məqam – uşağın yeni mihitə psixoloji hazırlığı ya arxa plana keçir, yaxud da heç yada düşmür. 12-15 yaş isə yeniyetməlik, yaxud da el arasında deyildiyi kimi, “dəliqanlılıq” dövrü adlanır. Valideynlərlə yeniyetmələr arasında toqquşmalar, anlaşmazlıqlar məhz bu dövrdə pik həddinə çatır. Burada ulularımızın “dəliqanlılıq” ifadəsi lap yerinə düşür. Davranışlarında çılğınlıq müşahidə olunan yeniyetmənin hərəkətlərini bəzi halda ətraf normal qarşılayır, hətta bir çox hallarda yaşlı nəsil “fikir verməyin, qanının qaynayan vaxtıdır” deyib, narahatlıq keçirməməyi məsləhət görürlər. Əslində isə yeniyetmənin çılğınlığı, yaxud da susqunluğu bir növ həyəcan siqnalıdır. Məhz bu yaşda yeniyetmələr özlərini təsdiqə meyilli olurlar ki, bu da mütləq diqqətdə saxlanılmalıdır. Tiklərin yaranma səbəbləri Bəzən yeniyetmədə özgüvənin sarsılması psixoloji gərginliyə, özünə qapanmaya gətirib çıxarır. Sıxıntı və həyəcanlar bu zaman tiklərn də yaranmasına səbəb olur. Tiklərin yaranma səbəblərindən biri də təqliddir. Kiçik yaşlı uşaqlar böyükləri təqlid etməyi xoşlayırlar. Ata-ana, yaxın və doğmalar da onların gülüş yaradan bu hərəkətlərindən həzz alırlar. Hətta evə qonaq gələndə belə uşaqlara bu hərəkətləri sevərək təkrarladırlar. Təbii olaraq, balaca təqlidə bir növ vərdiş edir. Tiklərin qrupları Tiklər bir neçə qrupa bölünür:  – Motor tiklər – buraya boyun oynatmaq, qaş qaldırmaq, göz qırpmaq, çiyin çəkmək, ehtiyac olmadığı halda belə təkrar-təkrar saç sığallamaq və s. aiddir.  – Vokal tiklər – öskürmək, boğaz arıtlamaq, burun çəkmək və s.  – Söz tiklərinə danışarkən eyni sözü təkrarlamaq, kobud ifadələrin təkrar-təkrar istifadəsi misal ola bilər. Tiklər daimi və keçici olur. Keçici tiklər bədənin müxtəlif hissələrində özünü göstərir və müəyyən müddətdən sonra keçib gedir. Belə tiklərə uşaqlarda daha tez-tez rast gəlinir. Əgər bu cür tiklər bir il müddətinə keçib getməzsə, artıq daimi xarakter daşıyır. Tiklər və valideyn nəzarəti Tiklərin davamlı olmasında ətrafdakı adamların, məsələn, ata-ananın, müəllimlərin və s. rolu böyükdür. Çünki böyüklər uşaqların hərəkətlərini daim nəzarətdə saxlayır, çox vaxt valideynlər uşağın bacarıq səviyyəsini nəzərə almadan ondan daha böyük nəticələr gözləyirlər. Bu da uşaqların çiyninə gücləri çatmayacağı yükün məsuliyyətini qoyur və təbii olaraq, ağır məsuliyyət hissi gərginliyə gətirib çıxarır. Nəticədə uşağın özünə güvəni azalır, sıxıntı, gərginlik artır, bu da öz növbəsində özünəqapanma kimi qorxulu psixoloji durum yaradır. Bir çox valideynlər isə ümumiyyətlə, hərəkətlərində, davranışlarında yaranan dəyişikliyə ötəri hal kimi yanaşır, özlərini “uşaqdır, böyüyəndə keçib gedəcək” nağılına inandırırlar.    Tiklər yaranarsa nə etməli?  – Əgər övladınızın tiklərlə bağlı sıxıntısı varsa, bunu onun üzünə vurmayın;  – Ona həssaslıqla yanaşın və tənqid etməyin;  – Sərt qayda və cəzalar tərbiq etmək yolverilməzdir;  – Dərs yükü və digər məşğələlər qismən azaldılmalıdır. Yadda saxlamaq lazımdır ki, sevgi və qayğı hər problemin ilk açarıdır. Əgər tiklər kəskin formada özünü göstərirsə, bu halda həkim müayinəsi məsləhətdir. Təbii ki, psixoloji konsultasiyanın paralel aparılması şərti ilə. Çünki dərman müalicəsi müsbət nəticə versə də, tikləri yaradan səbəbi aradan qaldıra bilməz. Odur ki, bu problemin köklü həlli üçün psixoloji kömək almaq vacibdir.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 31.03.2018

dislaliya nədir səbəbləri

Dislaliya

Dislaliya nədir? Dislaliya mərkəzi sinir sisteminin və ya eşitmə orqanlarının zədələnməsi ilə əlaqədar olmayan nitq səslərinin tələffüz pozuntusudur. Dislaliyaya məktəbəqədər uşaqların (5-6 yaşlı) 25-30%-də (bəzi məlumatlara görə - 52,5% ), ibtidai sinif şagirdlərinin (1-2-ci sinif) 17-20%-də, bunlardan böyük yaşlı uşaqların isə 1%-də rast gəlinir. Son illər dislaliyanın strukturunda səs tələffüzünün polimorf pozuntuları üstünlük təşkil etməyə başlayıb ki, bu da gələcəkdə disqrafiya və disleksiyaya gətirib çıxara bilər. Dislaliya mexaniki və funksional olmaqla, iki qrupa bölünür. Dislaliliyanın yaranma səbəbləri Mexaniki dislaliyada yanlış səs tələffüzünün əsasında periferik artikulyasiya aparatının (dil, dodaqlar, dişlər, çənələr) üzvi defektləri dayanır. Dil və dodaqların quruluşunun dislaliyaya gətirən anomaliyalarına daha çox dil və üst dodaq yüyəninin qısalığı səbəb olur, nisbətən az – makroqlassiya (irihəcmli dil), mikroqlassiya (ensiz, kiçik dil), yoğun, azhərəkətli dodaqlar. Dil yüyəninin qısalığı zamanı hər şeydən əvvəl dilüstü səslərin, dodaqların anomaliyasında isə dodaq və dodaq-diş səslərinin tələffüzündə qüsur yaranır. Makro və mikroqlossiya isə, adətən, ümumi fiziki və ya əqli geriliyi olan uşaqlarda müşahidə edilir.  Mexaniki dislaliyanı şərtləndirən anatomik qüsurlar anadangəlmə xarakter daşıya və yaxud da diş-çənə sisteminin xəstəlik və travmalarından yarana bilər.   Funksional dislaliya zamanı artikulyasiya aparatının quruluşu dəyişməz qalır, yəni səs tələffüzünün pozulmasını yaradan üzvi səbəb olmur. Bu halda dislaliyayanın səbəbi sosial və ya bioloji faktorlarla əlaqədardır. Mənfi sosial faktorlar sırasına uşaqların böyüklərin yanlış nitqini yamsılaması (tələsik, dialekt və s.), ailədə bilinqvizm (ünsiyyət zamanı iki dildən istifadə etmə) halları, böyüklərin “uşaq dilində” danışması, pedaqoji savadsızlıq daxildir. Funksional dislaliya yaradan bioloji faktorlara tez-tez xəstələnən uşaqlarda nitq inkişafını yubadan ümumi fiziki zəifliyk, fonematik eşitmənin formalaşmaması aiddir.    Dislaliyanın simptomları Dislaliya zamanı tələffüs qüsurları özünü səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi və təhrif olunması kimi büruzə verir. Səsin buraxılması dedikdə, bu və ya digər hallarda (sözün əvvəlində, ortasında və sonunda) səsin tamamilə düşməsi nəzərdə tutulur. Səsin əvəz edilməsi – doğma dilin fonetik sistemində mövcud olan bir səsin digəri ilə əvəz olunmasıdır. Əgər uşaq düzgün tələffüs olunmuş iki səsi nitq zamanı daim səhv salırsa (yəni gah yerli, gah da yersiz istifadə edirsə), bu, səslərin yerdəyişməsindən xəbər verir. Səslərin təhrif olunması doğma dilin fonetik sistemində möcud olmayan səslərin istifadə olunmasıdır və buna adətən, mexaniki dislaliya zamanı rast gəlinir. Dislaliyanın diaqnostikası Dislaliya zamanı nitqin diaqnostik müayinəsi anada hamiləlik və doğuşun gedişatı xüsusiyyətlərinin, uşağın keçirtdiyi xəstəliklərin, bioloji eşitmə və görmənin, dayaq-hərəkət aparatının vəziyyətinin öyrənilməsindən başlanır. Daha sonra loqoped vizual olaraq, atrtikulyar aparat orqanlarının düzülüş və hərəkətliliyini müayinə edir.                        Loqopedik müayinə prosesində pozuntunun xarakteri aşkar edilir (səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi və təhrif olunması), daha sonra fonematik eşitmənin vəziyyəti yoxlanılır. Loqopedik rəydə dislaliyanın forması (mexaniki və ya funksional), növü (artikulyator-fonematik, akustik-fonematik, artikulyar-fonetik), yanlış səs tələffüzünün növü (rotasizm, siqmatizm və s.) öz əksini tapır. Mexaniki dislaliya zamanı uşağa stomatoloq, funksional dislaliya zamanı isə uşaq nevroloqunun konsultasiyası da tələb oluna bilər. Dislaliyanın korreksiyası Dislaliya korreksiyası üçmərhələli iş üzrə aparılır: hazırlıq mərhələsi, ilkin tələffüz vərdişlərinin formalaşdırılması mərhələsi və kommunikativ vərdişlərin formalaşdırılması mərhələsi. Mexaniki dislaliya zamanı hazırlıq mərhələsində artikulyar aparatın quruluşundakı (dil yüyəni və üst dodağın plastikası, ortodontik müalicə kursu ) anatomik defektlərı aradan qaldırmaq vacibdir. Hərəki-funksional dislaliyanın hazırlıq mərhələsində nitq motorikası inkişaf etdirilir (artikulyar gimnastika, loqopedik masaj), sensor funksional dislaliyada fonematik proseslər inkişaf etdirilir. Dislaliyanın korreksiyası üzrə məşğələlərin müntəzəm, həftədə 3 dəfədən az olmayaraq, aparılması vacibdir. Həmçinin, loqopedin tapşırıqlarının evdə edilməsi də vacib şərtdir. Sadə dislaliya üzrə məşğələlər 1-3 ay, mürəkkəb dislaliya üzrə isə 3-6 ay təşkil edir.           Dislaliyanın proqnoz və profilaktikası Dislaliya əksər hallarda uğurla korreksiya olunur. Dislaliyanın müvəffəqiyyətlə dəf olunması defektin mürəkkəbliyindən, uşağın yaşı və fərdi xüsusiyyətlərindən, məşğələlərin müntəzəmliyindən, valideynlərin bu işdə iştirakından asılıdır. Məktəbəqədər uşaqlarda səs tələffüzü məktəbli uşaqlara nisbətən, aşağı sinif şagirdlərində isə orta və yuxarı sinif şagirdlərinə nisbətən daha tez korreksiya olunur. Dislaliyanın profilaktikası nitq orqanlarındakı anatomik pozuntuların vaxtında aşkar olunmasını tələb edir. Bundan başqa, valideynlər unutmamalıdırlar ki, onlar nitqin inkişafı baxımından övladları üçün örnəkdirlər.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 31.03.2018

HekimTap Pro
19569
ailə planlaması əhəmiyyəti

Ailə planlaması

Ailə planlaması günümüzün aktual mövzularından biridir və cütlüklərin bunu bilməsi vacibdir. Ailə planlaması hamiləliyin fərdlərin sağlamlığına, büdcəsinə uyğun bir vaxta planlanması deməkdir. Bunun üçün ilk növbədə, kontrasepsiya üsullarını bilmək lazımdır. Hal-hazırda sevindirici haldır ki, qanunvericiliyin tələbi ilə cütlüklər nikaha girməzdən əvvəl tibbi müayinələrdən keçirlər, lakin təəssüf ki, cinsi yolla keçən infeksiyalar və qadının digər göstəriciləri yoxlanılmır. Bütün hamiləliklərin planlı olması vacib şərtdir. Yəni cütlüklər mütləq bütün müayinələrdən keçməlidirlər, məqsəd sağlam ailə və sağlam uşaqdır. Bununçün qadının lazımi tibbi müayinələrdən keçir və hamiləliyə hazırlanır. Bu məqsədlə qadın lazım olan bəzi preparatları qəbul etməlidir. Məsələn, hamiləlikdən əvvəl 3 ay ərzində qadınlar fol turşusu qəbul etməlidirlər. Ful turşusu dölün formalaşmasında böyük əhəmiyyət daşıyır və onun çatışmazlığı böyük fəsadlara gətirib çıxara bilər. Uşaq dünyaya gəldikdən sonra növbəti hamiləliyi 2-5 ildən sonra planlamaq tövsiyə olunur. Çünki doğuşdan sonra qadının bir çox resursları tükənir və ona görə də doğuşdan sonra qeyd olunan periodun gözlənilməsi vacibdir. Hamiləliyin qarşısını almaq üçün mütəxəssis tərəfindən müvafiq qorunma üsulu təyin edilir. Əgər hamiləlik qeyd olunan perioddan tez baş verərsə, hamiləliyin çətin keçməsi, doğulan uşaqda inkişaf geriliyi problem və digər fəsadlar yarana bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.03.2018

uşaq sinir iflici

Uşaq sinir iflici

Uşaq sinir iflici nədir? Bu xəstəliyə, həmçinin, beyin iflici də deyilir. Uşaq sinir iflici 6 ayında diaqnozu qoyulan hərəki-hissi funksiyaların pozulması ilə xarakterizə olunan uşaq xəstəliyidir. Uşaq sinir iflicinin əmələ gəlmə səbəbləri Xəstəliyin əmələ gəlməsinə səbəb doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonra hərəki mərkəzin funksiyasının pozulmasıdır. Bu zaman hərəki aktivliyin zəifləməsi ilk aylarda özünü büruzə verməyə bilər. Bu ona görə baş verir ki, uşaqlarda ilk üç ayda əzələ tonusu çox yüksəkdir, buna hipertonus deyilir. Diaqnoz, əsasən, 3-6 ay arasında qoyulur. Əgər uşaq 4 aylığında başını saxlaya bilmirsə, 5 aylığında əlini əşyalara uzatmırsa, 9 aylığında dəstəksiz otura bilmirsə, 15 aylığında 6-8 söz tələffüz etmirsə, 18 aylığında yerimirsə, bu, artıq həyəcan siqnalıdır. Analar qeyd olunan simptomlara diqqət yetirməli və onlar müşahidə olunarsa, mütləq mütəxəssisə müraciət etməlidirlər. Uşaq sinir iflicinin formaları Uşaq sinirinin 4 forması vardır: spastik, extrapiramidal, atomik və qarışıq formalar. Əgər xəstəlik dörd ətrafı da iflic edirsə, bu kvadroplegiya, iflic iki ətrafdadırsa, yəni bədənin yarı hissəsini tutursa, hemeplegiya, yuxarı ətrafları tutrasa, diplegiya yaxud da paraplegiya adlanır. Bunaların arasında spastik formaya daha çox rast gəlinir. Bu zaman ətrafların çoxu hipertonusda olur və bu, daha çox aşağı ətraflarda müşahidə edilir. Spastik formanın diaqnozunu qoymaq çox asandır – uşağı ilk 3 aylığında qucağa götürdükdə onun ayaqları çarpazlaşır. Ekstrapiramidal formaya ən çox nüvə ensefalopatiyası və bilurubin ensefalopatiyası keçirən uşaqlarda rast gəlinir. Atonik forma əzələ tonusunun tamamilə süst olması ilə xarakterizə olunur. Bu zaman uşaqğı tutmaq, onu dəstəksiz harasa qoymaq qeyri-mümkün olur. Buna səbəb əzələlərin hipotoniyada olmasıdır. Qarışıq forma yuxarıda qeyd olunan  simptomların qarışıq variantıdır. Uşaq sinir iflicinin simptomları Spastik formada əzələlərdə hipertonus müşahidə edilir. Bu zaman ətrafı və ya oynağı açmaq mümkün olmur. Atonik formada uşaqlarda süstlük qeydə alınır. Bu zaman bütün əzələlərdə hipotonus müşahidə edilir. Ekstrapiramidal forma əlavə hiperkinezlərlə xarakterizə olunur, yəni uşaqlarda qeyri-iradi əlavə hərəkətlər müşahidə edilir. Bundan başqa eşitmə problemi, koqnitiv funksiyaların pozulması və s. qeydə alınır. Uşaq sinir iflici diaqnozunun qoyulması  Uşaqa sinir iflici diaqnozunun qoyulması klinikaya əsaslanır. Lakin mərkəzi sinir sisteminin digər problemlərinə şübhə yaranarsa, bu zaman pasiyent MRT-yə yönləndirilir. Əgər əlavə ocaqlar, kista, hemotoma və digər problemlər varsa, onların da yanaşı müalicəsi aparılır. Xəstəlik zamanı koqnitiv problemlərlə yanaşı, qıcolmalara meyillilik də qeydə alına bilər. Bu meyillilik müalicədə fizioterapiya və reabelitasiya metodlarını tətbiq etmək şansını azaldır. Belə ki, bu metod qıcolmaları daha provokasiyası edə bilər.     Uşaq sinir iflicinin müalicəsi Uşaq sinir iflicinin müalicəsində yalnız uşaq sinir həkiminin deyil, həmçinin, ortoped, psixoloq, LOR və oftalmoloqun da müdaxiləsi tələb olunur. Bundan başqa, mütləq fizioterapiya və reabelitasiya metodlarından istifadə etmək lazımdır. Daha bir müalicə metodu uzay terapiyasıdır. Uzay terapiyası pasiyentin kiçik işlərlə və ya oyunlarla məşğuliyyətinə əsaslanır ki, bu zaman uşağın incə motorikası inkişaf etdirilir. Uşaq sinir iflicinin müalicəsində, həmçinin, erqoterapiya metodu tətbiq olunur. Burada uşağın əl hərəkətlərinin köməkliyi ilə koqnitiv funksiyalar inkişaf etdirilir.   Xəstəliyin müalicəsində təbii ki, konservativ müalicə üsullarına da ehtiyac var. Burada nootrop preparatlar, antiepileptik dərmanlar və sinir ötürücülüyünü yaxşılaşdıran digər preparatlardan istifadə olunur.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.03.2018

Mayomed
3253
qaraciyər yağlanması nədir

Qaraciyər yağlanması

Qaraciyər yağlanması nədir? Normada qaraciyərin bütün hüceyrələrində cüzi miqdarda lipidlər və yağlar var. Bunların miqdarı normadan artıq olarsa, qaraciyərdə yağlanma adlanan bir durum yaranır. Əgər qaraciyər hüceyrələrinin 5-10%-dən artığı yağlanırsa, qaraciyər yağlanması diaqnozu qoyula bilər. Yağ lipidlərinin miqdarı qaraciyər hüceyrələrinin içərisində artdıqca, hüceyrələr zədələnir, qaraciyərdə müəyyən iltihabi reaksiyalar gedir, nəticədə qaraciyərin fibrozu, qaraciyər serrozu, qaraciyər xərçəngi, qaraciyər çatışmazlığı kimi ağır xəstəliklər yarana bilər. Qara ciyər yağlanmasının yaranma səbəbləri Qaraciyər yağlanması piylənmədən əziyyət çəkən, qanda lipidlərin, xolesterinin normadan artıq olan, metobolik sindromlu xəstələrdə, şəkərli diabet xəstələrində, hipodinamiyada olan insanlarda daha çox rast gəlinir. Bəzi dərman preparatlarını uzun müddət qəbul edən, davamlı olaraq parenteral qidalanan şəxslərdə də qaraciyər yağlanması qeydə alına bilər. Qara ciyər yağlanmasının simptomları Qara ciyər yağlanması ilkin mərhələdə simptomsuz olur. Bu xəstəlik çox zaman təsadüfi müayinələr nəticəsində ortaya çıxır (ultrasəs və ya kompüter tomoqrafiyası zamanı). Lakin yağlanmanın dərəcəsi artdıqca, qara ciyərin ölçüləri böyüdükcə, onun üzərindəki qlisson kapsulu gərilir və piylənmənin axırıncı mərhələlərində sağ qabırğaaltı nahiyədə ağırlıq hissi, ağrı və köpmə hissləri yaranır. Ona görə də mütləq check-up müayinələrindən keçmək lazımdır ki, qaraciyər yağlanması erkən aşkarlansın və müalicə olunsun. Qara ciyər yağlanmasında diaqnozun qoyulması Qaraciyər yağlanması əvvəlcə ultrasəs müayinəsi vasitəsilə təsbit olunur. Qanda qaraciyər enzimlərinin miqdarına diqqət yetirilir, enzimlərdə dəyişiklik varsa, diaqnozun qoyulması üçün “qızıl standart” sayılan qaraciyərin biopsiyası təyin edilir. Qara ciyər yağlanmasının müalicə metodları Qara ciyər piylənməsindən əziyyət çəkən insanlar ilk növbədə, həyat tərzlərini dəyişməli, fiziki aktivliklərini artırmalıdırlar. Qaraciyər yağlanması əleyhinə kifayət qədər dərman preparatları kəşf olunub, lakin onların heç biri çəki atmaq qədər effektli deyil. Karbohidrat və şəkər qəbulunu məhdudlaşdırıb, meyvə-tərəvəz qəbuluna üstünlük vermək tövsiyə olunur.   Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.03.2018

əvəzləyici hormonal terapiya

Əvəzləyici hormonal terapiya (ƏHT)

Əvəzləyici hormonal terapiya qadınlarda klimaksın mənfi nəticələrinin aradan qaldırılması üçün istifadə olunan hormonal terapiyadır. Bunun üçün progestoron və estrogen tərkibli müxtəlif preparatlar istifadə olunur. Bu terapiyanın məqsədi yumurtalıqların itirilmiş hormonal funksiyasının əvəz olunmasıdır.  Göstərişlər: 1. Aşağıda sadalanan simptomların olması:  – Vazamator – "isti gəlmələr" və tərləmə;  – Uşaqlıq yolunun quruluğu və cinsi əlaqənin ağrılı olması;  – Yuxusuzluq və emosional gərginlik;  – Dizuriya (sidik buraxmada müəyyən patalogiyalar) və sidiyə tez-tez getmələr. 2. Vaxtından qabaq və ya induksiya olunmuş cərrahi müdaxilə nəticəsində menopauza 3. Uzun müddətli estrogenlərin defisitinin profilaktikası nəticədinə daxildir:  – Osteoparoz və sümüklərin sınıqları – ƏHT 5 il müddətində istifafəsi 50% halda azaldır.  – Ürək-damar xəstəlikləri, ƏHT qoruyucu təsir göstərir və infarkt keçirən xəstələrin yaşama şansını artırır. 4. Çoxmiqdarlı, qeyri-requlyar, disfunksional uşaqlıq qanaxmaları perimenopauza dövründə, anemiya ilə müşahidə olunan, histerektomiyadan imtina edənlərdə. Əks göstərişlər:  1. Süd vəzlərinin karsonoması; 2. Endometriyanın xərçəngi; 3. Uşaqlıq yolunun müəyyən olunmayan etiologiyalı qanaxmaları; 4. Dərin venaların aktiv fazada olan trombozları və ya anamnezdə trombozların olması. Tövsiyələr:  – Həyat tərzinə diqqət – diyeta (az yağlı və bol lifli qidalara üstünlük).  – İdman (çəki artımını nəzarətdə saxlamaq), piyada gəzintilər.  – Zərərli vərdişlərdən imtina. Kontrasepsiya 1. Menopauza başlayana kimi ovulyasiya olur. 2. ƏHT hamiləlikdən qorumur. 3. Baryer kontrasepsiya metodlarından aybaşı kəsildikdən sonra istifadə olunmalıdır:  – 1. 2 il müddətinə 50 yaşdan cavan qadınlarda.  – 2. 50 yaşdan yuxarı olanlarda bir il müddətində. Depressiya, narahatlıq və psixoemosional gərginlik: bu simptomları qiymətləndirib müştərək konsultasiya aparılmalı və medikamentoz müalicə aparmaq. Kliniki və labarator müayinələr.  – Hormonal müayinələr;  – Uşaqlıq yolunun yaxması;  – Kiçik çanaq orqanlarının müayinəsi;  – A/T ölçülməsi və nəzarəti;  – Endokrin orqanların müayinəsi (qalxanabənzər vəz), metabolik pozulmaların öyrənilməsi;  – Tam qan müayinələri. Müalicə – hər bir qadına individual yanaşma. Müalicənin effektini 3 ay sonra müəyyən etmək olar.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.03.2018

rentgen diaqnostikası nədir

Rentgen diaqnostikası

Rentgen diaqnostikası müayinəsi qızıl standart olub, ilkin müayinə metodu hesab edilir. Ayrı-ayrı ixtisas həkimləri lazım olduqda pasiyentlərini rentgen müayinəsinə yönəldirlər. Rentgen müayinəsi metodları Rengenoqrafiya – ən geniş yayılmış metodlardan hesab edilir. Bu, bədənin hər hansı bir hissəsinin rentgen şüalarından istifadə etməklə, xüsusi fotomaterial üzərində çəkilməsidir.   Rentgenoqrafiya (daha çox rentgen kimi tanınınb) metodunun tətbiqi ilə misal üçün, dişlərin və ya skeletin təsvirini əldə etmək mümkündür. Rengenoqrafiyadan, həmçinin, damarların və onurğanın kompleks diaqnostikası zamanı sınıqların müayinəsində, insan orqanizmində yad cismlərin aşkar olunmasında istifadə olunur. Rentgen stomatoloq, ortoped və travmatoloq tərəfindən təyin edilə bilər. Rentgenoskopiya Təsvirin ekrandan əldə olunması prosesidir. Onun vasitəsilə orqanları fəaliyyətdə olarkən müayinə etmək mümkündür. Söhbət diafraqmanın hərəkəti prosesindən, ürək döyüntüsündən, qida borusunun, bağırsaqların və mədənin peristaltikasından gedir.   Bu metodun vasitəsilə orqanların bir-birinə nisbətən necə yerləşdiyi haqda vizual təsəvvür almaq, müxtəlif patologiyaları aşkar etmək mümkündür.   Flyüoroqrafiya   Rentgen təsvirinin bilavasitə ekrandan çəkilməsi prosesidir. Bu, xüsusi avadanlıqlar vasitəsilə həyata keçirilir. Hazırda daha çox rəqəmsal flüoroqrafiya metodundan istifadə edilir. Flüoroqrafiyadan, əsasən, ağ ciyərlərin və döş qəfəsinin digər orqanlarının müayinəsində istifadə olunur. Tomoqrafiya Yunan dilindən tərcümədə “kəsiyin təsviri” mənasını verir. Başqa sözlə, tomoqrafiyanın məqsədi müayinə obyektinin, yəni orqanın daxili strukturunun çoxqatlı təsvirini almaqdır. Bu metod bir sıra orqanların, eləcə də bədən hissələrinin müayinəsində tətbiq olunur. Kontrast rentgenoqrafiya Adi rentgenoqrafiya olub, kontrast maddənin (barium sulfat) istifadəsi ilə həyata keçirilir. Bu texnologiyanın vasitəsilə bu və ya digər orqanın ölçüsü, forma və vəziyyətini, hərəkətlilik səviyyəsi, relyef tipi müəyyənləşdirilir, orqanın selikli qişasının vəziyyəti öyrənilir. Həmçinin, bu müayinə metodilə baş vermiş dəyişikliklər və yaranmış şişləri aşkara çıxarmaq olar. Bu metod o hallarda istifadə olunur ki, daha primitiv müayinə metodları tələb olunan  nəticələri vermir.   Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.03.2018

Mayomed
14052
ovulyasiyanın əlamətləri nələrdir

Ovulyasiyanın əlamətləri

Əziz oxucular texniki cəhətdən hamiləlik üçün əlverişli vaxt 12 saatdan 24 saata kimi hesab olunur. Belə ki "ovulyasiya" (latınca, ovum-yumurta demekdir) – yetişmiş follikulun partlaması nəticəsində yumurta hüceyrənin qarın boşluğuna düşməsinə deyilir. Yenidoğulmuş qız uşağında follikulların sayı bir milyona yaxın olur, ancaq cinsi yetişkənlik dövrünə qədər onlardan 300-400 mini qalır, bunlardan isə cəmi 300-400 ədədi bütün reproduktiv dövrdə yetişir. Ovulyasiya adətən menstural siklin ortasında, yəni mensturasiyadan təxmini iki həftə əvvəl baş verir. Follikulun yetişməsi və ovulyasiyanın həyata keçməsində hipofizin ön payının hormonları mühüm rol oynayır. Follikulların yetişməsində FSH (follikul stimulə edici hormon), ovulyasiyanın baş verməsində isə, digər hormonlarla yanaşı, LH (lüteinləşdirici hormon) əsas yeri tutur. Yumurta hüceyrənin mayalanması uşaqlıq borusunun ampulyar hissəsində baş verir. Mayalanmış yumurta hüceyrə bir neçə günə uşaqlığa düşərək onun divarına implantasiya olunur. Əgər mayalanma baş verməzsə, yumurta hüceyrə 12-24 saat ərzində məhv olur.  Ovulyasiyanın subyektiv və obyektiv əlamətləri var. Subyektiv əlamətlərə qarının aşağı nahiyəsində ağrı, cinsi istəyin artması, obyektiv əlamətlərə isə, uşaqlıq yolunda seliyin artması, qatılaşması, dartılması, bazal temperaturun ovulyasiya günü düşüb sonra isə yüksəlməsi aid edilir. Bu əlamətlərə əsasən qadın özü ovulyasiyanın olmasını anlaya bilər. Lakin ovulyasiya testi, USM (ultasəs müayinəsi), qanda hormonların miqdarını yoxlamaqla ovulyasiyanın baş verməsini dəqiqləşdirmək olar. Ovulyasiya testi çox sadə test olub evdə istifadə oluna bilər. Bu test sidikdə LH-ın (lüteinləşdirici hormon) təyininə əsaslanır. Əgər mensturasiya requlyardısa, test növbəti mensturasiyaya 17 gün qalmış aparılmağa başlanılır. Məsələn, tsikl 28 gündürsə,11 günündən başlanır. Test gündə 1 və ya 2 dəfə (səhər –axşam), təxmini 5-6 gün istifadə oluna bilər. Test hər gün eyni vaxtda tətbiq olunmalıdır. Sidik ifrazı test tətbiq olunana qədər 4 saat saxlanmalıdır. Testdən əvvəl bol maye qəbul etmək olmaz. Çünki bu zaman sidikdə LH-ın səviyyəsi azala bilər. Ovulyasiya testi USM ilə birlikdə aparıldıqda daha effektiv olur. Belə ki, bu artıq test istifadəsinin qarşısını alır. USM-də follikulun ölçüsü 18-20 mm olduqda test tətbiq olunmağa başlanılır. Testdə iki xəttin olması LH-ın yüksəlməsini göstərir. Xətt əvvəl solğun olur, sonra isə LH-ın artması ilə parlaqlaşır. Əgər bundan sonra 48 ərzində cinsi əlaqə olarsa, mayalanma riski yüksəkdir. Nəzərə almaq lazımdır ki, ovulyasiyanın vaxtı hər qadında eyni deyil. Hətta, bir qadında da aylara görə fərq edə bilər. Bəzi hallarda isə, xüsusən qadının tsikli çox qısadırsa, ovulyasiya menstural qanın gəlməsinin son günlərinə düşə bilər. Bəzi tədqiqatlarda ovulyasiyanın günlərinin dölün cinsinə təsir etməsi də göstərilir. Belə ki, ovulyasiya günü mayalanma baş verərsə oğlan, digər günlərdə isə qız uşağı olacağı təxmin olunur. Qeyd edək ki, Dr. Leyla Məmmədli fəaliyyəti ərzində müxtəlif kurslar, o cümlədən Türkiyə Respublikasında histeroskopiya, laproskopiya, mama-ginekologiya sahəsində USM və digər bu sahələrdən kurslar keçmiş və öz biliklərini davamlı olaraq təkmilləşdirməyə cəhd göstərmişdir. Leyla xanım hal-hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Mamalıq və Ginekologiya Kafedrasında çalışır və elmi-pedoqoji fəaliyyətlə məşğul olur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 29.03.2018

Spinner