uşaqlarda tiklər və onların müalicəsi

Uşaqlarda məntiqsiz hərəkətlər (tiklər) və onların müalicəsi

4506
Müəllif: 077 398 00 55

Paylaşıldı: 31.03.2018
HekimTap Pro

Tiklər haqqında məlumat

Tiklər, əsasən, 3-6 və 12-15 yaş arasında müşahidə edilir. Yəni, məktəbəqədər və yeniyetməlik dövründə. Bu da səbəbsiz deyil, çünki bu, yaşarası keçid dövrü sayılır və daha çox diqqət verilməsi tələb olunur. Yadda saxlamaq lazımdır ki, istər azyaşlının, istərsə də istərsə də yeniyetmənin sonrakı inkişafı məhz bu dövrdən çox asılıdır.

3-6 yaş – məktəbəqədər yaş dövrünü əhatə edir. Bu mərhələdə uşaqlar sevgi ilə əhatə olunduğu mühitdən, doğmalarından ayrılıb bağçaya, məktəbə və hazırlıq qrupuna getməyə məcbur qalır. Elə bu zamandan da uşağın əsas qorxuları başlanır. O, “anam məni atıb gedəcək” deyə düşünərək, həyəcan və narahatlıq keçirir ki, bu da uşağın psixologiyasına öz mənfi təsirini göstərir.

Yeni mühitə, tanımadığı uşaqlara, müəllim və məktəb həyatına uyğunlaşma xüsusi hazırlıq tələb etdiyinə görə, valideynlər bunu mütləq diqqətdə saxlamalıdırlar. Adətən, uşağını bağçaya və ya məktəbə hazırlaşdıran valideynin ilk vəzifəsi balacaya təzə paltar, yeni oyuncaqlar, yaxud məktəb ləvazimatı almaq olur.  

Bir çox ata-ana hazırlıq prosesini bununla bitmiş hesab edir və diqqət veriləsi ən vacib məqam – uşağın yeni mihitə psixoloji hazırlığı ya arxa plana keçir, yaxud da heç yada düşmür.

12-15 yaş isə yeniyetməlik, yaxud da el arasında deyildiyi kimi, “dəliqanlılıq” dövrü adlanır.

Valideynlərlə yeniyetmələr arasında toqquşmalar, anlaşmazlıqlar məhz bu dövrdə pik həddinə çatır. Burada ulularımızın “dəliqanlılıq” ifadəsi lap yerinə düşür. Davranışlarında çılğınlıq müşahidə olunan yeniyetmənin hərəkətlərini bəzi halda ətraf normal qarşılayır, hətta bir çox hallarda yaşlı nəsil “fikir verməyin, qanının qaynayan vaxtıdır” deyib, narahatlıq keçirməməyi məsləhət görürlər. Əslində isə yeniyetmənin çılğınlığı, yaxud da susqunluğu bir növ həyəcan siqnalıdır. Məhz bu yaşda yeniyetmələr özlərini təsdiqə meyilli olurlar ki, bu da mütləq diqqətdə saxlanılmalıdır.

Tiklərin yaranma səbəbləri

Bəzən yeniyetmədə özgüvənin sarsılması psixoloji gərginliyə, özünə qapanmaya gətirib çıxarır. Sıxıntı və həyəcanlar bu zaman tiklərn də yaranmasına səbəb olur.

Tiklərin yaranma səbəblərindən biri də təqliddir. Kiçik yaşlı uşaqlar böyükləri təqlid etməyi xoşlayırlar. Ata-ana, yaxın və doğmalar da onların gülüş yaradan bu hərəkətlərindən həzz alırlar. Hətta evə qonaq gələndə belə uşaqlara bu hərəkətləri sevərək təkrarladırlar. Təbii olaraq, balaca təqlidə bir növ vərdiş edir.

Tiklərin qrupları

Tiklər bir neçə qrupa bölünür:

 – Motor tiklər – buraya boyun oynatmaq, qaş qaldırmaq, göz qırpmaq, çiyin çəkmək, ehtiyac olmadığı halda belə təkrar-təkrar saç sığallamaq və s. aiddir.
 – Vokal tiklər – öskürmək, boğaz arıtlamaq, burun çəkmək və s.
 – Söz tiklərinə danışarkən eyni sözü təkrarlamaq, kobud ifadələrin təkrar-təkrar istifadəsi misal ola bilər.

Tiklər daimi və keçici olur. Keçici tiklər bədənin müxtəlif hissələrində özünü göstərir və müəyyən müddətdən sonra keçib gedir. Belə tiklərə uşaqlarda daha tez-tez rast gəlinir. Əgər bu cür tiklər bir il müddətinə keçib getməzsə, artıq daimi xarakter daşıyır.

Tiklər və valideyn nəzarəti

Tiklərin davamlı olmasında ətrafdakı adamların, məsələn, ata-ananın, müəllimlərin və s. rolu böyükdür. Çünki böyüklər uşaqların hərəkətlərini daim nəzarətdə saxlayır, çox vaxt valideynlər uşağın bacarıq səviyyəsini nəzərə almadan ondan daha böyük nəticələr gözləyirlər.

Bu da uşaqların çiyninə gücləri çatmayacağı yükün məsuliyyətini qoyur və təbii olaraq, ağır məsuliyyət hissi gərginliyə gətirib çıxarır. Nəticədə uşağın özünə güvəni azalır, sıxıntı, gərginlik artır, bu da öz növbəsində özünəqapanma kimi qorxulu psixoloji durum yaradır.

Bir çox valideynlər isə ümumiyyətlə, hərəkətlərində, davranışlarında yaranan dəyişikliyə ötəri hal kimi yanaşır, özlərini “uşaqdır, böyüyəndə keçib gedəcək” nağılına inandırırlar.   

Tiklər yaranarsa nə etməli?

 – Əgər övladınızın tiklərlə bağlı sıxıntısı varsa, bunu onun üzünə vurmayın;
 – Ona həssaslıqla yanaşın və tənqid etməyin;
 – Sərt qayda və cəzalar tərbiq etmək yolverilməzdir;
 – Dərs yükü və digər məşğələlər qismən azaldılmalıdır.

Yadda saxlamaq lazımdır ki, sevgi və qayğı hər problemin ilk açarıdır.

Əgər tiklər kəskin formada özünü göstərirsə, bu halda həkim müayinəsi məsləhətdir. Təbii ki, psixoloji konsultasiyanın paralel aparılması şərti ilə. Çünki dərman müalicəsi müsbət nəticə versə də, tikləri yaradan səbəbi aradan qaldıra bilməz. Odur ki, bu problemin köklü həlli üçün psixoloji kömək almaq vacibdir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.