piylənmə nədir səbəbləri

Piylənmə

Piylənmə nədir? Piylənmə – mübadilə proseslərinin pozulması nəticəsində orqanizmdə piyin dərialtı toxumada və digər toxumalarda toplanması və bədənin kütləsinin artmasıdır. Piylənmənin əlamətləri Piylənmənin əsas əlamətləri – bədən kütləsinin artıqlığı və bununla əlaqədar yaranan diskomfortdur. Bədən kütləsini qiymətləndirmək üçün bədən kütləsinin indeksi (BKİ) müəyyənləşdirilir. Bunun üçün çəkini (kq) boyun hündürlüyünün kvadratına (m) bölürlər. Piylənmə diaqnozu BKİ 30 və ya bundan yuxarı olduqda qoyulur. BKİ 18.5-dən 25-dək olarsa, bədən kütləsi normal sayılır, 25-30 aralığında dəyişərsə, bu halda söhbət bədən kütləsinin artıqlığından gedir. Piylənmənin formaları Piylənməni alimentar-konstitusional, hipotalamik və endokrin piylənmə formalarına bölürlər. Alimentar-konstitusional piylənmə sistematik izafi qidalanma zamanı inkişaf edir və qismən irsi xarakter daşıyır. Bu tip piylənmə qida rejiminin pozulmasından və fiziki yüklənmənin kifayət qədər olmamasından yaranır. Hipotalamik piylənmə hipotalamik sistem funksiyalarının pozulmasının nəticəsidir. Endokrin piylənmə isə endokrin vəzilərin patologiyalarından (hipoterioz, hiperkortisizm, hipoqonadizm) irəli gəlir. Piylənmənin ən geniş yayılmış səbəbi qida davranışının pozuntusu və bunun nəticəsi olaraq, qidanin izafi miqdarda qəbul edilməsidir.    Əgər qida vasitəsilə orqanizmə daxil olan kalori gündəlik fiziki aktivlik vasitəsilə yandırılmırsa insan bədinini bu kaloriləri piy qatları şaklində özündə saxlayır. Piylənmənin inkişafına risk faktoru kimi azhərəkətli həyat tərzini, hormonal preparatların və ya antidepressantların qəbulunu, genetik faktoru, bəzi fizioloji vəziyyətləri (hamiləlik, laktasiya, klimaks) göstərmək olar. Bundan başqa, piylənmə bəzi xəstəliklərlə, məsələn, İsenko-Kuşinq və ya Prader-Villi sindromları ilə də əlaqədar ola bilər. Ağır artrit ümumi fiziki aktivliyin aşağı düşməsinə, bu isə öz növbəsində çəkinin artmasına və piylənmənin inkişaf etməsinə zəmin yaradır.     Piylənmənin diaqnostikası Piylənmənin diaqnostikası ümumi baxış və BKİ-nin müəyyənləşdirilməsi ilə aparılır. BKİ 30-35 arasında dəyişərsə birinci dərəcəli, 35-40 aralığında olarsa, ikinci dərəcəli, 40-50 arası dəyişərsə üçüncü dərəcəli, 50-dən yuxarı olarsa, dördüncü dərəcəli piylənmə diaqnozu qoyulur. Müxtəlif növ piylənmələrin differensiyasiyası üçün deksametazon testi və ya baş və onurğanın rentgenoloji müayinəsi təyin edilə bilər. Bundan başqa, piylənməsi olan pasiyentlərə qanda qlükozasının nəzarə alınması vacibdir, xüsusən onların susuzluq və ağız quruluğundan şikayətləri varsa. Göstərişlərə uyğun olaraq, qlükozaya tolerantlıq testi aparılır.   Piylənmənin müalicəsi Piylənmənin müalicəsinin başlıca məqsədi bədən kütləsinin aşağı salınmasıdır. Bunun üçün diyetaterapiya və yanaşı olaraq, fiziki və psixoterapevtik müalicə metodları təyin edilir. İştaha artıqlığı zamanı onu azldan xüsusi preparatlar təyin olunur. Dördüncü dərəcəli piylənmənin müalicəsində mədə həcminin kiçildilməsinə və ya bağırsaqlarda qida maddələrinin sovrulmasının aşağı salınmasına yönəldilmiş müxtəlif üsullu cərrahi müdaxilələr tövsiyə oluna bilər. Müasir dövrdə geniş yayılmış əməliyyatlar içərisində mədədaxili balonun yerləşdirilməsini və mədənin bandajlanmasını misal göstərmək olar. Mədənin şuntlanması əməliyyatlarına daha az hallarda rasr gəlinir. Piylənmənin ikincili endokrin formalarında əsas xəstəliyin müalicəsi aparılır.   Piylənmənin fəsadları Piylənmə hipertoniya xəstəliyi, 2-ci tip şəkərli diabet, metabolik sindrom, erektil disfunksiya, sonsuzluq, qaraciyər piylənməsi və bir çox başqa xəstəliklərin yaranması riskini artırır. Piylənmənin profilaktikası Piylənmənin profilaktikası üçün, xüsusən də irsi-konstitusional meyillilik varsa, balanslaşdırılmış və az kalorili diyetalara əməl etmək və fiziki aktivliyi artırmaq lazımdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 04.05.2018

uşaqlıq mioması nədir

Uşaqlıq mioması

Mioma (fibromioma) əzələ (əzələ və birləşdirici) toxumasından ibarət xoşxassəli şişdir. Bir çox qadınlar bu diaqnozun qoyulmasını eşidəndə panikaya düşür, “məndə şiş var deyə” təşviş keçirirlər. Amma ciddi narahatçılığa səbəb yoxdur. Əlbəttə, mioma xoşagələn bir şey deyil, lakin qorxulu “xərçəng” xəstəliyinə də heç bir aidiyyatı yoxdur.   Uşaqlıq mioması nədir? Uşaqlıq mioması uşqlıq hüceyrələrinin spontan olaraq bölünməsi nəticəsində yaranır. Bunun səbəbi hələ ki, sonadək məlum deyil, lakin fibromanın hormonlar tərəfindən stimullaşması və hər şeydən əvvəl estrogen sekresiyası ilə əlaqədar olması müəyyən edilmişdir. Başqa sözlə desək, estrogenlər miomanın böyüməsinə şərait yaradır, progesteron isə əksprosesə səbəb olur. Lakin bu, heç də o demək deyil ki, estrogen və progesteronun qanda normal balansı birmənalı olaraq miomanı istisna edir. Miomaya kifayət qədər geniş yayılmış xəstəlikdir, tibbi statistikaya görə, 30 yaşa qədər bütün qadınların 20%-də rast gəlinir. Bəzi hallarda uşaqlıq divarında müxtəlif ölçüdə bir yox, bir neçə düyün yaranır.          Beləliklə, xəstəliyin başlıca səbəbi hormonal pozulma, daha dəqiq desək, orqanizmdə qadın cinsi hormonlarının səviyyəsinin artmasıdır. Mioma gənc qızları və klimaks dövrünə qədəm qoymuş qadınları demək olar ki, heç vaxt narahat etmir. Amma 25-50 yaş arasında miomanın yaranma şansı çox yüksəkdir. Bunun ehtimalı hamiləlik və cinsi orqanların iltihabi proseslərində, həmçinin immunitet zəiflədikdə daha yuxarı olur.    Uşaqlıq miomasını yaradan səbəblər Miomanın yaranmasına bir çox səbəblər zəmin yarada bilər:  – İrsi meyillilik (ana və ya nənədə uşaqlıq miomasının olması);  – Menstrual tsiklla bağlı problemlər;  – Sonsuzluq və hamiləliyin pozulması;  – Maddələr mübadiləsinin pozulması (piylənmə, şəkərli diabet);  – Çoxsaylı abortlar;  – Bunlardan başqa, yaxınlarda alimlər müəyyənləşdiriblər ki, uşaqlıq mioması və stres arasında birbaşa əlaqə var.  Uşaqlıq miomasının əlamətləri və ağırlaşmaları Uşaqlıq miomasının gedişatı, adətən simtomsuz olur. Lakin bəzi əlamətlər var ki, onlar uşaqlıq miomasına dəlalət edir:  – Menstruasiya zamanı qanaxmanın həddindən artıq olması;  – Tsiklin pozulması;  – Qarının aşağı nahiyəsində və ya beldə ağrılar. Düzdür, miomadan şübhələnmədən illərlə yaşamaq olar, amma onun yaratdığı fəsadlar böyük narahatçılıqlar yaradır:  – Güclənmiş qanaxma anemiyaya səbəb ola bilər;  – Böyümüş şiş qonşu orqanları sıxa, nəticədə ağrı, sidiyə getmədə problem, qəbizlik yarana bilər. Əgər mioma uşaqlığın divarına tam bitişməyibsə, “ayaqcıqların” (şişin uşaqlığa birləşən nahiyəsi)  burulmasından ehtiyat etmək lazımdır, bu zaman şişin nekrozlaşması, iltihabı və ya cırılması mümkündür. Zahirən bu, qanaxma, qarında kəskin ağrılar və qızdırmanın qəfil qalxması ilə müşahidə edilə bilər. Miomanın daha bir ağırlaşması – hamiləliklə və doğuşla bağlı problemlərdir.             Uşaqlıq miomasının diaqnostika və müalicəsi Miomanın aşkara çıxarmaq üşün ən etibarlı üsul – ildə bir dəfə həkim-ginekoloqun müayinəsindən keçməkdir. Yaxşı mütəxəssis mioma düyününü əli ilə də müayinə edə bilir, lakin diaqnozu dəqiqləşdirmək üçün USM vacibdir. Tərəddüd yaranarsa, laparoskopiya və histeroskopiya tələb oluna bilər.     Miomanın müalicəsi pasiyentin yaşı və onun planlarından asılıdır. Əgər miomanın ölçüləri uzun illər böyümürsə və qadın hamiləlik planlaşdırmırsa, bir çox həkimlər medikamentoz müalicə tətbiq edirlər. Hormonal preparatlar miomanın inkişaf etməsini zəiflədə, bəzi hallarda dayandıra bilər. Hamiləlik planlaşdıran gənc qadınlara həkimlər əməliyyat tövsiyə edirlər. Miomanın yüngül formalarında təkcə düyünlər kənarlaşdırılır, uşaqlıq demək olar ki, zədələnmir və gələcəkdə normal hamiləlik mümkündür. Əgər düyünlər çox böyük olarsa, bu, uşaqlığın tam çıxarılması ilə nəticələnə bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 04.05.2018

beyin şişlərinin müasir müalicə prinsipləri

Beyin şişlərinin müasir müalicə prinsipləri

Baş beyin şişlərinin müasir müalicə prinsipləri Baş beyin şişlərinin müalicəsi həm şişin ölçüsündən, yerləşmə yerindən, sayından, həm də xəstənin yaşından, ümumi vəziyyətindən və yanaşı xəstəliklərinin olub-olmamasından asılı olaraq dəyişir. Bəzi şişlər sadəcə müşahidəyə alındığı halda, əksər şişlər radikal əməliyyatla müalicə olunur. Aşağıda baş beyin şişlərinə müasir yanaşma prinsipləri sadalanmışdır. Baş beyin şişlərində müşahidə Əgər baş beyin şişi tək, kiçik ölçülü, xoş xassəlidirsə və xəstədə klinik əlamət yoxdursa, o zaman  xəstələr müşahidəyə alınır. Xəstələrə hər hansı müalicə tədbiq etmədən, 3-6 aylıq fasilələrlə kontrol müayinələrə çağırlırlar. Əgər zamanla şişin ölçüsü böyüyərsə və ya xəstədə ələmətlər üzə çıxarsa, o zaman xəstəyə lazımi məlumatlar verilərək uyğun müalicə tədbiq edilir. Baş beyin şişlərinin dərman müalicəsi Dərman müalicəsi adətən beyin şişlərinə bağlı əlamətləri azaltmaq və ya aradan qaldırmaq üçün istifadə olunur. Buna baxmayaraq,  prolaktinoma kimi bəzi şişlərin müalicəsi sadəcə dərmanla aparıla bilər. Beyin şişlərində ən çox aşağıdakı dərman qrupları istifadə olunur:  – Qıcolma əleyhi (anti-epileptik) dərmanlar – baş beyin şişlərinə bağlı qıcolma tutmalarının müalicə və profilaktikasında geniş istifadə olunur.  – Ödem əleyhi dərmanlar – baş beyin şişlərinə bağlı əmələ gələn beyin ödemini (şişməsini) aradan qaldırmaq məqsədi ilə təyin edilir.  – Ağrı kəsici dərmanlar – şişə bağlı baş ağrıları zamanı təyin edilir.  – Hormonla müalicə – bəzi beyin şişlərində (hipofiz adenoması, kraniofarengioma) orqanizmdə ifraz olunan hormonların miqdarı azaldığına görə dəstək hormon müalicəsinə ehtiyac olur.  – Digər dərmanlar – prolaktinoma kimi bəzi hipofiz adenomaları  sadəcə dərmanlarla tamamən müalicə edilə bilər. Buna görə də bu şişlər aşkarlandıqda ilk növbədə dərmanla müalicəyə başlanmalıdır. Baş beyin şişlərinin cərrahi müalicəsi: Cərrahi müalicə ən effektli müalicə olmaqla yanaşı, əksər baş beyin şişlərinin də əsas müalicə üsuludur. Cərrahi əməliyyatın üstünlüyü, şişlərin tam və ya tama yaxın çıxarılması və bununla da beyin sıxılmasının aradan qaldırılması, həmçinin çıxarılan şiş nümunələrinin patohistoloji dəyərləndiriməsi ilə şişlərin növünü və dərəcəsini təyin etməkdir. Baş beyin şişlərinin müalicəsində tədbiq olunan əsas cərrahi əməliyyat növləri aşağıdakılardır: Biopsiya – adətən beyinə geniş yayılmış və ya beynin çox önəmli yerlərinə sirayət eləmiş şişlər tam çıxarıla bilmədiyinə görə, kəllə sümüklərində açılan kiçik bir dəlikdən girilərək şiş toxumasından kiçik parçalar alınır və pato-histoloji dəyərləndirməyə (əkimə) göndərilir. Gələn cavaba görə də şişə şüa terapiyası və ya kimyəvi terapiya tədbiq olunur. Kraniotomiya – əksər şişlər bu üsulla əməliyyat edilir. Kraniotomiya- kəllə sümüklərinin kəsilməsi deməkdir. Əməliyyatda xüsusi alətlərin (kraniotom) köməyi ilə kəllə sümükləri qaldırılaraq, beyin zarı açılır və beyinə girilərək  şişlər çıxarılır. Əməliyyatın sonunda isə kəsilmiş sümüklər yerinə bərkidilir. Endoskopik əməliyyatlar – xüsusi işıqlandırma və kamera ilə təchiz olunmuş alətlərlə kəllə sümükləri açılmadan (kraniotomiya etmədən) edilən əməliyyatlardır. Bu əməliyyatlar zamanı endoskopik alətlərlə burundan girilərək kəllə əsasında yerləşən şişlər (hipofiz adenomaları, kraniofarengioma, kordoma və s.) çıxarılır. Baş beyin şişlərinin radioterapiyası Radioterapiya və ya şüa terapiyası, yüksək enerjili rentgen şüalarından istifadə edilərək  şiş hüceyrələrinin  zədələnməsi və bunun hesabına şişin böyüməsinin qarşısının alınması, hətta şişin kiçildilməsi prinsipinə əsaslanan müalicə üsuludur. Əməliyyatla tam çıxarıla bilməyən və ya əməliyyat etmək mümkün olmayan şişlərin müalicəsində istifadə olunur. Şüa terapiyasının bir neçə növü mövcudd: Standart xarici şüa radioterapiyası – şişə kiçik dozalarda və təkrar seanslarla şüa verilir, bunula da  beyinə az zədə verməklə şişin maksimum şüalanmasına çalışılır. Proton şüa müalicəsi – xüsusi radioaktivliyə malik olan protonlardan istifadə edilərək şiş toxuması şüalandırılır. Stereotaktik radiocərrahiyyə – Qamma Bıçaq (Gamma Knife), Siber Bıçaq (Cyber Knife) və Novalis kimi növləri mövcuddur. Xüsusi çərçivədən istifadə edilərək eyni anda müxtəlif nöqtələrdən şişin mərkəzinə şüa göndərilir ki, bununla da beyinə az zərər verməklə şişin mərkəzində yüksək doza əldə edilmiş olur. Yuxarıda sadalanan radioterapiya növlərinin hər hansı birinin digərindən üstünlüyünü göstərən hər hansı tədqiqat mövcud deyil. Hər bir üsulun özünəməxsus müsbət və mənfi tərəfləri mövcuddur.  Ona görə də bu üsullardan hər hansı biri seçilərkən hər bir xəstə  fərdi olaraq dəyərləndirilir. Baş beyin şişlərinin kimyəvi terapiyası Kimyəvi terapiya – şişlərin xüsusi dərman maddələri ilə müalicəsi deməkdir. Kimyəvi terapiya- şişin növündən və mərhələsindən asılı olaraq şişi tamamən müalicə etmək, yayılmasının qarşısını almaq, şişin böyüməsini yavaşlatmaq və bədənin fərqli yerlərinə yayılmış şiş hüceyrələrini yox eləmək üçün istifadə olunur. Bu dərmanları xəstələr ya ağızdan qəbul edir ya da damardan vurulur. Bəzi hallarda kimyəvi müalicə tək başına verilir, əksər hallarda isə əməliyyat və şüa terapiyası ilə eyni anda və ya onlardan sonra tədbiq olunur. Kimyəvi terapiya zamanı müalicənin effektini artırmaq üçün adətən bir neçə dərman maddələri kombinasiya halında verilir. İstifadə olunan bu dərmanlar beyin şişləri ilə yanaşı bədənin başqa yerlərində normal hüceyrələrə də təsir edirlər ki, bunun nəticəsində də dərmana bağlı əlavə təsirlər (bulantı-qusma, immunitetin zəfləməsi, qanazlığı, saç tökülməsi və s.) üzə çıxır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 03.05.2018

kişi sonsuzluğu faktorları və səbəbləri

Kişi sonsuzluğu faktorları

Kişi sonsuzluğu haqda ümumi məlumat Kişi sonsuzluğu bir yenilik deyil, baxmayaraq ki, əvvəllər hesab olunurdu ki, sonsuzluqdan yalnız qadınlar əziyyət çəkə bilərlər. Kişi sonsuzluğu ayrı-ayrı səbəblərdən, genetik xəstəliklər də daxil olmaqla, müxtəlif xəstəliklərdən yarana bilər. Sonsuzluğun bir çox növlərini müalicə etmək olsa da, bəzi hallarda ekstrakorporal mayalandırma (EKM), yəni süni mayalandırma tətbiq olunur. Əgər sonsuzluq heç cürə müalicə olunmursa, həkim donorluq təyin edə bilər.   İstənilən halda, kişi sonsuzluğunun qarşısını almaq üçün mütəmadi həkim nəzarətində olmaq vacibdir. Belə olan təqdirdə, müxtəlif xəstəlikləri erkən mərhələdə aşkar etməyə şərait yaranacaq ki, onların bu mərhələdə müalicəsi daha asan olacaq. Əksər hallarda çox da baha olmayan preparatlardan istifadə etməklə və ya cərrahi müdaxilədən sonra problemli tezliklə həll etmək mümkündür.      Amma istənilən halda, sonsuzluq əlamətləri özünü göstərərsə, yüksək ixtisaslı mütəxəssisə müraciət etmək lazımdır ki, həkim dəqiq diaqnoz qoya və müalicə apara bilsin.   Kişi sonsuzluğunun səbəbləri Kişi sonsuzluğu bir sıra səbəblərdən yarana bilər. Buraya aiddir:  – Əvvəllər keçirilmiş infeksion – iltihabi xəstəliklər,məsələn, uretrit, prostatit, xlamidioz, göbələk xəstəlikləri və s. Bu xəstəliklərin xroniki forması, uzun müddət müalicənin aparılmaması xüsusilə təhlükəlidir.  – Kişi cinsiyyət orqanında özünü göstərən anadangəlmə anomaliyalar.  – 60 % hallarda kişi sonsuzluğu damar genişlənməsi, yəni varikosel nəticəsində yaranır.  – Toxumçıxarıcı axarın keçilməzliyi, hansı ki, bunun nəticəsində spermanın uretraya daxil olması mümkün olmur. Buna səbəb iltihabi xəstəliklər ola bilər ki, bu da uzun müddətli ilkin müayinə, bəzən cərrahi müdaxilə tələb edir.  – Sistem xəstəliklər, məsələn, vərəm, böyrək çatışmazlığı, şəkərli diabet və s.  – Autoimmun spermatogenez.  – Qeyri-müəyyən genezin mövcudluğu (təqribən 5% hallarda rast gəlinir).  – Professional zərərlər, məsələn isti sexlərdə çalışma. Kişi sonsuzluğunun növləri Kişi sonsuzluğunun məhz hansı səbəbdən yaranmasının böyük rolu var. Mütəxəssislər sonsuzluğun bir neçə formasını müəyyənləşdiriblər:  – Genetik;  – Obturasion forma;  – Sekretor forma;  – İmmun sonsuzluq;  – İkincili sonsuzluq.   Kişi sonsuzluğunun müalicəsi Konservativ müalicə Kişilərdə sonsuzluğun müalicəsi müxtəlif yollarla aparıla bilər. Burada vəziyyətin nədən yarandığının böyük rolu var. Adətən tam tibbi müayinədən sonra müvafiq müalicə, EKM proseduru və ya donor spermasında istifadə təyin olunur. Müalicə prosesinə aiddir:  – Konservativ ənənəvi müalicə;  – Köməkçi vasitə kimi sanator-kurort müalicəsi;  – Ciddi təyinat üzrə cərrahi müalicə;  – Müasir reproduktiv texnologiyalar. İmmunoloji pozuntu zamanı kişi sonsuzluğu faktoru konservativ metodla müalicə edilir. Bu metodlar hormonal,sekretor pozuntularda çox münasibdir. Müalicə prosesi belə gedir: hormonal preparatlar, immuntənzimləyici vasitələr, spermatogenez prosesi stimulyatorları təyin edilir. Bəzi həkimlər müayinədən sonra antiestrogenlər istifadə edə bilərlər ki, kişinin orqanizmindəki testosteron və qonadotrop hormonların səviyyəsi artırılsın. Həmçinin, özündə mikroelementlər birləşdirən vitamin kompleksləri təyin edilə bilər. Elə prepaparatlar da var ki, tərkibi kişi orqanizmi üçün vacib olan elementlərlə zəngindir və onların tətbiqi öz müsbət təsirini göstərir. Bundan başqa, qeyri-ənənəvi müalicə üsulları, məsələn, hidroterapiya təyin oluna bilər. Lakin onların tətbiqi digər müalicə metodları ilə kompleks şəkildə aparılmalıdır. Bu müalicələri yalnız həkim təyin edir və özünümüalicəyə qətiyyən yol vermək olmaz. Əks halda, vəziyyət daha da ağırlaşa bilər.        Cərahi müalicə Cərrahi müalicə varikosel və ya digər ciddi xəstəliklər zamanı aparılır. Varikosel praktik olaraq yalnız cərrahi yolla müalicə edilir, əməliyyat zamanı varikoz kənarlaşdırılır. Bundan sonra hər iki və ya bir yumurtanın qan dövranı yaxşılaşır, nəticədə cinsi həyat qaydasına düşür, qadın yumurtacığının mayalanması mümkün olur. Varikosel zamanı kişi sonsuzluğu o zaman uğurla müalicə olunur ki, cərrahi müdaxilə vaxtında, yəni yumurtaların və ya bir yumurtanın atrofiyası başlamamış edilsin. Cərrahi müdaxilə ilə, həmçinin, digər patologiyaları da aradan qaldırmaq mümkündür.        EKM proseduru Sonsuzluq müalicəyə tabe olmadıqda həkim ekstrakorporal mayalandırma (EKM) proseduru təyin edə bilər. Belə əməliyyata aşagıdakılar göstərişdir:  – Azoospermiya, yəni eyakulyantda spermatozoidlərin tam və ya hissəvi olmaması  – Kişilərdə immunuloji sonsuzluq EKM inseminasiya ilə yanaşı təyin edilir ki, bu prosedur kifayət qədər effektlidir. Əksər hallarda spermatozoidlərin həyat qabiliyyəti bərpa olunur.     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 03.05.2018

göz allergiyası nədir və səbəbləri

Göz allergiyası

Havada olan hissəciklər asanlıqla göz səthi ilə təmasa girərək, allergik reaksiyalara səbəb ola bilər. Göz allergiyasının səbəbləri Demək olar ki, hər kəs həyatında heç olmasa bir dəfə də olsa, allergik reaksiyalarla üzləşib. Allergiya – orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığıdır. Müasir həyatımızda allergik xəstəliklər o qədər geniş yayılıb ki, onları haqlı olaraq sivilizasiyanın xəstəlikləri adlandırmaq mümkündür.   Allergiya istənilən bir şeydən – qida, kosmetika, məişət kimyası, ev heyvavanları və s. yarana bilər. Bu maddələr allergenlər adlanır. Bu və ya digər insanın hər hansı maddəyə olan hiperhəssaslığının dəqiq səbəbi məlum deyil, lakin fərdin allergik xəstəliklərə anadan gəlmə meyilliliyi və uzun müddət ərzində orqanizmdə yığılan allergenlərin allergik təsirindən danışmaq olar.    Allergiya nəyə görə gözlərə ziyan vurur? Gözlər anotomik və fizioloji xüsusiyyətləri baxımdan müxtəlif allergenlərə qarşı həssasdır. Allergenlərin böyük hissəsi havada olduğundan onlar gözlərin səthi və burunla asanlıqla təmasa girir. Bu cür allergenlərə toz, bitki tozcuqları, ev heyvanlarının tüklərini, havada uçan kimyəvi maddələri misal göstərmək olar. Göz allergiya reaksiyaları orqanizmə başqa yolla, məsələn qida və ya dərman preparatları vasitəsi ilə daxil olan allergenlər tərəfindən də yarana bilər. Əksər hallarda allergik reaksiyalar maddələrin bilavasitə göz qapağı və ya gözün səthi ilə təmasından ortaya çıxır. Buraya kosmetik vasitələri, göz damcıları və maz şəklində olan dərman preparatlarını aid etmək olar.   Göz allergik xəstəliklərinin növləri Gözlərin allergik reaksiya formaları kifayət qədər müxtəlifdir. Buraya göz qapaqlarının zədələnməsindən başlamış, toksiko-allergik keratitlər, uveitlər və hətta göz sinirinin zədələnməsini aid etmək olar. Allergik reaksiyalar arasında ən çox rast gəlinəni göz qapaqlarının allergik dermatiti və müxtəlif növ konyunktivitlərdir. Göz qapaqlarının allergik dermatiti bir qayda olaraq, kosmetik vasitələr və dərman preparatlarının istifadəsindən yaranır. Əlamətləri üz dərisinin al-qırmızı rəng alması, şişməsi, köpəşmə şəklində səpgilərin əmələ gəlməsidir. Bütün bunlar qaşınma və yanma hissi ilə müşayiət oluna bilər. Allergik konyunktivit kəskin və xroniki ola bilər. Hər iki halda gözlərin müxtəlif səviyyədə qızarması, yaşarması, sapşəkilli selikli maddənin ayrılması müşahidə edilə bilər. Kəskin allergik konyunktivitin əlaməti isə konyektivanın hemozudur. Bu zaman göz qişasında “şüşəyəbənzər” pərdə yaranır. Pollinoz konyunktivitləri müxtəlif bitkilərin tozcuqları yaradır, ona görə də kəskinləşməsi daha çox mövsümi xarakter daşıyır, yəni otların, çiçəklərin, ağac və s. çiçəklənməsi dövrünə təsadüf edir. Allergik konyunktivitin simtomları ilə yanaşı, kliniki təzahürü özünü burun axması, asqırma, dəri səpgiləri, tənəffüsün ağırlaşması (allergik bronxial astma) ilə göstərə bilər. Bahar konyunktiviti və ya keratokonyunktivit (buna bahar katarı da deyilir) mövsümi xəstəlik olub, ilin isti aylarında kəskinləşir. Hesab olunur ki, xəstəliyə səbəb ultrabənövşəyi şüalara qarşı, yəni günəş işığına olan fərdi hiperaktivlikdir. Lakin təkanverici mexanizm kimi bəzi bitkilərin allergenləri də göstərilir. Bu xəstəlikdən yalnız uşaqlar, daha çox oğlanlar əziyyət çəkirlər. Onları gözlərdə göynəmə, işiqdan qorxu, göz yaşarması, seliyin ayrılması incidir. Kontakt linza istifadəçilərini linzaların materialına və ya linzaları saxlamaq üçün nəzərdə tutulmuş məhlula allergik reaksiyası ola bilər. Uçan kimyəvi maddələr, məsələn, saç lakı, dezodorant və digər aerozollar asanlıqla linzaların səthinə düşərək allergik konyunktivit yarada bilər.   Göz allergiyasının diaqnostikası Gözlərin allergik zədələnməsinin diaqnozu spesifik klinik mənzərəyə, həmçinin dəqiq anamnez göstəricilərinə əsaslanır – simptomların ilin hansı dövründə yaranması, nədən sonra yaranması, ev heyvanlarının olub-olmaması və s. Allergik reaksiyanı qanda eozinofillərin miqdarını müəyyənləşdirməklə təsdiq etmək olar. Bu məqsədlə, həmçinin ümumi İgE-nin və kation eozinofil zülalının konsentrasiyasının təyin edilməsindən istifadə olunur. Konkret allergen növünü müəyyən etmək üçün dəri probları da aparılır. Göz allergiyasının müalicəsi Əgər allergik reaksiya yaradan maddə məlumdursa, ən yaxşı müalicə üsulu allergenin aradan qaldırılması və onunla təmasın profilaktikasıdır. Allergiyanın simptomlarının aradan qaldırılması üçün yerli və sistem terapiya təyin olunur. Onu da bilmək vacibdir ki, istənilən preparatın özünəməxsus xüsusiyyəti, o cümlədən yan təsirləri var. Ona görə də mütəxəssis müalicəni müayinədən və diaqnozun təsdiq olunmasından sonra təyin edir.   Allergik reaksiyaların azaldılması və aradan qaldırılması üçün əsasən, histamin reseptorları blokatorlarından və membran stabilizatorlarından  tosqun hüceyrə membran stabilizatorlarından istifadə edilir. Bu preparatlar həm göz damcıları, həm də daxilə qəbul etmək üçün dərman şəklində olur.    Həmçinin, kortikosteroid, iltihab əleyhinə qeyri-steroid vasitələr təyin edilə bilər - onlar iltihabı müalicə edir, şişləri azaldır. Maz və damcı şəklində olan kortikosteroidlər bir qayda olaraq, xroniki proseslərdə əlavə terapiya kimi təyin edilir. Onu da nəzərə almaq lazımdır ki, kortikosteroid preparatlar bir sıra yan təsirlərə malikdir: gözdaxili təzyiq, yerli immunitetin düşməsi və s. İltihab əleyhinə qeyri-steroid vasitələr ağır konyunktivitlərin, uveitlərin, bahar keratokonyunktivitlərinin kompleks müalicəsində tətbiq olunur. Damar daraldıcı preparatlar qısa müddətlik də olsa, şişləri, gözlərin qızartısını azaldır,  lakin alleregik konyunktivitin əsas müalicəsi hesab edilmir. Kontakt linza istifadəçiləri konyunktivit və digər ciddi xəstəliklərin profilaktikası məqsədilə linzaları istifadə və onlara qulluq qaydalarına ciddi əməl etməli və vaxtaşırı oftalmoloqun qəbuluna gəlməlidirlər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 

Paylaşıldı: 03.05.2018

HekimTap Pro
11907
artroskopik cərrahiyyə nədir

Artroskopik cərrahiyyə

Artroskopiya nədir? Artroskopiya endoskopik cərrahiyyənin xüsusi bir növüdür. “Arthro” oynaq, “skopia” görmək mənasını verir. Oynaq içərisində meydana gələn problemləri tədqiq etməyə və eyni seansda bu problemləri aradan qaldırmaq üçün müdaxilə etməyə geniş imkanlar açır. Böyük və kiçik oynaq xəstəliklərinin müalicəsində seçilən minimal invaziv bir metoddur. Ağırlaşmaları çox az, faydalılığı isə çox yüksəkdir.     Artroskopiyanın üstünlükləri Artroskopik müdaxilənin ən mühüm üstünlüyü, ətraf yumşaq toxumaları zədələməyən çox kiçik kəsik açılmasıdır (təxminən 0.5 sm). Açıq cərrahiyyəyə görə daha az yumşaq toxuma travması olması və erkən hərəkətə imkan verməsi artroskopiyanın ən vacib üstünlüyüdür. Əməliyyat sonrasında  daha az ağrı, sürətli reablitasiya, qısa müddətdə işə dönmə və xəstəxana xərcinin az olması digər üstünlükləridir . Artroskopiyada anesteziya növü  Bu daha çox xəstənin tibbi vəziyyəti və aparılacaq əməliyyatın müddətinə görə ümumi , regional və ya lokal anesteziya olaraq seçilir. Daha qısa müddətli artroskopik prosedurlarda lokal və ya sedasiya deyilən anesteziya növü seçilir. İyirmi dəqiqədən daha uzun turniket istifadəsi  tələb olunan artroskopik əməliyyatlarda , sümük müdaxilələri zəruri olduğu hallarda lokal anesteziya və ya sedasiya uyğun deyil, ümumi anesteziya seçilməlidir. Artroskopiyada anestetik maddələrin yan təsirləri  ən çox  ürəkbulanma və qusma, regional anesteziyada  isə baş ağrısıdır. Artroskopiyanın tətbiqi Artoskopiyanın müddəti 30 dəqiqə ilə 2 saat arasında dəyişir. Bu müddətin artması və ya azalması oynaqdaxili problemin ciddiliyindən və həkimin təcrübəsindən asılıdır. Aşağıdakı oynaq artroskopiyaları icra edilir :  – Çiyin oynağı artroskopiyası: Rotator Cuff yırtığı (vətər qopmaları), təkrari çiyin çıxıqları (Bankard lezyonu), impingement (sıxışma sindromları), bursit və s.  – Diz oynağı artroskopiyası: Qığırdaq zədələnmələri (xondromalaziyalar) , menisk yırtıqları, ön çarpaz və arxa çarpaz bağ yırtıqları, plika formasionları, sinovit və s.  – Əl-bilək oynağı artroskopiyası: Bağ yaralanmaları, qığırdaq problemləri, qanqlion kistləri, tfcc yırtıqları, sinovit və s.  – Dirsək oynağı artroskopiyası: Oynaq siçanı (loose body), lateral epikondilit, osteochondritis dissecans (ayıran osteoxondrit)  – Aşıq-baldır oynağı artroskopiyası: Ön və arxa sıxışma sindromları,  tendinitlər, haqlund deformasiyası, aşıq sümüyünün qığırdaq problemləri və s. Artroskopiyanın ağırlaşmaları: Artroskopik ağırlaşmalar çox az rastlanır və daha yüngül formada özünü göstərir. Ən geniş yayılmış ağırlaşması oynaqdaxili  strukturların iatrogen zədələnmələri və əməliyyat sonrası rastlanan oynaq şişkinliyidir. Menisk və yağ yastıqcıqlarında, çarpaz bağlarda zədələnmə, hemartroz, tromboflebit, infeksiya, turniket paresteziyası, sinovit və fistula, oynaq içində yad cisim unudulması, damarların və sinirlərin zədələnməsi və s. göstərilə bilər. Ümumilikdə bu ağırlaşmalar 1%-dən azdır. Artroskopiyada sağalma periodu Artroskopik cərrahiyyədən sonra sağalma açıq əməliyyatla müqayisədə çox daha sürətli olur və adətən həmin gün xəstə evinə yazılır. Artroskopiyada yara izləri adətən çox kiçikdir və çətinliklə fərq edilir. Kiçik kəsiklər,  ümumiyyətlə, ağrısızdır ancaq cərrahiyyədən sonrakı bir neçə həftəlik müddətdə oynaqda bir miqdar şişmə və diskomfort hissi  meydana gələ bilər. Müalicə edilən problem artritdirsə bu müddət daha uzun olur. Bu problemin qarşısının alınması üçün xəstələrə müəyyən dərman preparatları yazılır. Asqılar, ortezlər və köməkçi yerimə vasitələri tövsiyyə edilir. Bir çox xəstə bir həftə içində işinə qayıtmaq imkanı əldə etmiş olur. İdmana geri dönmək isə nisbətən uzun çəkir. Reablitasiya proqramlarına ehtiyac yaranır.    Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   

Paylaşıldı: 03.05.2018

şəkərli diabet nədir və müalicəsi

Şəkərli diabet

Şəkərli diabet nədir? Şəkərli diabet orqanizmdə maddələr mübadiləsinin (xüsusilə karbohidrat) pozulması ilə gedən xəstəlikdir. İlk öncə xəstəliyin necə yaranmasını izah etməzdən əvvəl insulin hormonunun orqanizmdə rolundan danışmaq istəyirəm. İnsulin qida ilə aldığımız şəkərin hüceyrələrimizə keçirən nəqliyyat vasitəsidir. Əgər insulin az ifraz olunarsa və ya işləmə mexanizmi pozularsa, onda qida ilə qana daxil olan şəkər hüceyrə daxilinə keçə bilmir və qanda şəkərin səviyyəsi yüksək qalır. Beləliklə, şəkərli diabetin yaranması 2 əsas mexanizmə əsaslanır. Birinci mexanizm zamanı mədəaltı vəzidən insulin hormonunun ifraz olunmasında problem yaranmış olur və qana lazımi qədər insulin daxil ola bilmir. İkinci mexanizm zamanı isə, mədəaltı vəzi yetərincə insulin ifraz etməsinə baxmayaraq, insulin hüceyrələrimizin səthində yerləşən xüsusi ötürücülərlə birləşməsində problem yarandığından mədəaltı vəzi tərəfindən qana kifayət qədər insulin və qida ilə bol miqdar şəkər daxil olmasına baxmayaraq, hüceyrə daxilinə şəkər keçə bilmir və hüceyrələr ac qalmış olurlar. Şəkərli diabetin yayılması Statistikaya görə 2000-ci ildə dünyada şəkərli diabetdən əziyyət çəkən insanların sayı 140 mln olub. 2025-ci ilin proqnozuna görə isə bu rəqəmin 300 mln-a çatacağı gözlənilir. Hər il şəkərli diabetin ağırlaşmasından 3 mln insan dünyasını dəyişir. Şəkərli diabetin səbəbləri Bəs artıq bu qədər vusət alımş bir xəstəliyin yaranma səbəbləri nədir? Yaranma səbəbləri çoxdur. Risk faktorlarına stres, qeyri-düzgün qidalanma rejimi, şəkərlə zəngin olan qidaların həddindən artıq çox istifadə edilməsi, piylənmə, yaşlı dövr, oturaq həyat tərzi və az hərəkətlilik,  ailədə şəkərli diabetli xəstələrin olmasını misal göstərə bilərik. Şəkərli diabetin növləri Şəkərli diabetin daha çox yayılmış bir neçə növü var:  – Tip 1 diabet ( bütün diabetli xəstələrin 5-10%-ni təşkil edir.)  – Tip 2 diabet  – Hestasion diabet ( hamiləlik dövrü zamanı rast gəlinir)  – Bəzi nadir genetik formalar Şəkərli diabetin diaqnostikası Qanda şəkərin müayinəsi ilə diaqnoz qoyulur. Günün hər hansı bir vaxtı qan şəkərinin 200-dən yüksək olması diaqnozu təsdiqləyir. 8 saatlıq aclıq sonrası qan verilir. Aclıq qan şəkərinin 100 mg%-dən aşağı olması şəkərli diabet diaqnozunu inkar edir. Əgər rəqəm 100-126 mg% arasındadırsa, gizli şəkər diaqnozu qoymaq üçün daha geniş müayinələrə ehtiyac var. Qanda şəkər 126 mg%-dən yüksək olması şəkərli diabet diaqnozunu təsdiqləyir. Lakin bu zaman diaqnozun dəqiqləşdirilməsi üçün diaqnostik müayinələrə ehtiyac duyula bilər. Şəkərli diabetin simptomları Xəstəliyin əsas əlamətləri: susuzluq, daima yorğunluq, hissi, ümumi zəiflik, tez-tez, xüsusilə də gecələr sidiyə getmək, çəkinin azalması, bəzi pasientlərdə isə əksinə artması görmədə bulanıqlıq, əl və ayaqlarda uyuşma,  qaşınmalar və dəri problemləri ola bilər. Ancaq gündəlik praktikamızda heç bir şikayəti olmadan, digər xəstəliklərə görə müayinə olunan zaman aşkarlanan şəkərli diabetli pasientlərimiz də az deyil. Şəkərli diabetin müalicəsi Bəs şəkərli diabetin müalicəsi varmı? Şəkərli diabet xronik bir xəstəlik olduğundan, onun təmamilə müalicəsi mümkün deyil. Hal- hazırda şəkərli diabetin müalicəsi istiqamətində olan metodlarımız aşağıdakılardır: Pəhriz və düzgün qidalanma rejimi; Fiziki aktivliyin artırılması, müxtəlif idman növləri ilə məşğul  olmaq; Şəkərsalıcı həblərin istifadə olunması; İnsulin müalicəsi; Cərrahi müalicə. Bu metodun uzunmüddətli effektivliyi tam araşdırılmadığından istifadəsi üçün bir çox göstərişlər olması mütləqdir. Şəkərli diabetin profilaktikası İlk öncə sağlam qidalanma rejimi, 7-8 saatlıq yuxu rejimi, düzgün fiziki aktivliklərlə məşğul olmağımız lazımdır. Yanaşı olaraq digər orqan xəstəliklərimiz də mütləq müayinə və müalicə olunmalıdır. Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 03.05.2018

hepatit b virusu

Hepatit B

B qrupu hepatitinə yalnız xəstə insanın bioloji materialı ilə kontakt vasitəsilə yoluxmaq olar. Əksər hallarda pasiyent bu virusa hiss etmədən yoluxur. Ona görə də xəstəlik ya laborator analizlər, ya da xarakterik simptomatika zamanı üzə çıxır. Vaxtlı-vaxtında müalicə kursu keçən adamlar tam sağala və onlarda hepatit B virusuna qarşı dayanıqlı immunitet formalaşa bilər.    Hepatit B nədir? Hepatit B insan orqanizminə düşdüyü halda həyatı vacib daxili orqanlara mənfi təsir göstərməyə başlayan bir virusdur. Bu xəstəlik daha çox mikrohüceyrə səviyyəsində qaraciyəri zədələyir. B qrup hepatiti simtomsuz və ya güclü ifadə olunmuş simptomlu gedişata malik ola bilər. Xroniki formaya keçərkən bu virus-infeksiya xəstəliyi əksər hallarda qaraciyər serrozu və xərçəngə səbəb olur. B qrup hepatitit aşağıdakı kimi təsnifatlaşdırılır:  – Sürətli. Hepatitin sürətli formasında xəstələrdə bir neçə saat ərzində beyində şişlik əmələ gəlir və pasiyent komaya düşür. Əksər hallarda belə vəziyyətlər ölümlə nəticələnir.  – Kəskin. Hepatitin kəskin formasında pasiyentdə xəstəliyin bir neçə mərhələsi müşahidə olunur. Əvvəlcə ilkin simptomatika özünü göstərir ki, bu zaman pasiyentin dərisi saraımtıl rəng alır. Hepatit B-nin kəskin formasının son mərhələsi qaraciyərin fəaliyyətdən düşməsidir.  – Xroniki. Hepatit B xroniki formaya insan orqanizminə düşdükdən 1-6 ay sonra çevrilir. Bu bir neçə ay inkubasiya dövrü sayılır ki, o, bitdikdən sonra səciyyəvi simptom və əlamətlər üzə çıxmağa başlayır. Hepatit B-nin səbəbləri B qrup hepatitinin inkişafına səbəb xəstəliyi yaradan virusun insan orqanizminə daxil olmasıdır. Bu xəstəliyə immun sistemi zəif olan insanlar daha çox həssasdırlar. Belə insanlarda alkohol, nikotin, kimyəvi və toksik maddələr, dərman preparatları immunitetə daha çox neqativ təsir göstərir. İmmunitetə həmçinin, pasiyentin  keçirdiyi xəstəliklər də mənfi təsir edə bilər, hansılar ki, nəticəsində orqanizmdə mübadilə proseslərinin pozulması, vitamin və mineralların və s. çatışmazlığı ilə nəticələnir.   Hepatit B virusundan əziyyət çəkən insanlar sosial baxımdan təcrid olunmalı deyillər, belə ki, bu virus infeksiyası hava-damcı yolu ilə yoluxmur. Hepatit B-nin əlamətləri Hepatit B-dən əziyyət çəkən pasiyentlərin əksəriyyətində bu xəstəliyin xarici əlamətləri özünü uzun müddət göstərməyə də bilər – virus yalnız laborator analiz vasitəsilə aşkara çıxır. İnsan orqanizmində inkişaf edən hepatit B xarici əlamətlər göstərərsə, pasiyentlərdə aşağıdakı simptomatika qeydə alına bilər:  – Ürəkbulanma;  – Erkən yorğunluq;  – Rinit;  – Bədən hərarətini qalxması (əksər hallarda qızdırma 39-40 dərəcəyə çatır);  – Öskürək;  – Ümumi zəiflik;  – Burun-boğaz nahiyəsində ağrı hissi;  – Möhkəm baş ağrıları;  – Dəri rənginin dəyişməsi (sarımtıllıq);  – Sidiyin rənginin dəyişməsi (köpüklənməyə başlayır, tünd çay rəngi alır);  – Oynaqlarda ağrı sindromu;  – İştahanın pozulması;  – Nəcisin rənginin dəyişməsi (rəngsizləşir);  – Sağ qabırğa altında ağırlıq;  – Titrətmə. Hepatit B xroniki mərhələyə keçərkən əsas simtomlardan əlavə, qaraciyər çatışmazlığı qeydə alınır ki, bunun da fonunda orqanizmin zəhərlənməsi baş verir. Xəstəliyin bu mərhələsində pasiyent kompleks müayinə keçməzsə, o zaman mərkəzi sinir sisteminin zədələnməsi mümkündür. Hepatit B-nin diaqnostikası Əgər insan özündə Hepatit B-nin inkişafına dəlalət edən simtomları aşkar edərsə o, təcili mütəxəssisə müraciət etməlidir. Qəbul zamanı həkim palpasiya metodu ilə qaraciyər nahiyəsini müayinə edir və anamnez toplayır. İkin diaqnozu qan və sidiyin laborator analizi təsdiq və ya inkar edə bilər. Hepatit B-yə şübhə yaranarsa, pasiyentlərə əksər hallarda immunoqramma adlanan kliniki-laborator müayinə təyin edilir. Bunun sayəsində nəinki orqanizmin xəstəliyə reaksiyasını müəyyənləşdirmək, həmçinin yaxın gələcəyə proqnoz vermək də mümkündür. Həkim hepatit B-nin ağırlaşmasından şübhələnərsə, xəstəyə qaraciyərin biopsiyası təyin olunur. Bu analiz vasitəsilə qaraciyər strukturunun nə dərəcədə dəyişdiyini və onun hüceyrələrinin bədxassəli dəyişikliyə uğrayıb-uğramadığı müəyyənləşdirilir.   Hepatit B-ni müalicəsi Kəskin hepatit B yüngül formalı gedişata malik olarsa, xəstə müalicəni ev şəraitində ala bilər. İlk növbədə orqanizmin detaksikasiyasını aparmaq lazımdır ki, bunun üçün çoxlu miqdarda si içmək tələb olunur. Mülicə həkimi infeksiyanı məhv edən və qaraciyərin funksiyalarını bərpa etməyə dəstək olan dərman preparatları təyin edir. Müalicə zamanı xəstə yataq rejiminə əməl etməli və istənilən fiziki aktivlikdən çəkinməlidir. Mütləq qaydada dieta qaydalarına əməl etmək lazımdır ki, bunun sayəsində qaraciyər funksiyaları daha sürətlə bərpa olunur.  Kəskin hepatit B bir çox pasiyentlərdə özü keçib gedir və onlara  xüsusi medikamentoz terapiya kursu təyin edilmir. Mütəxəssislər belə pasiyentlərə dəstəkləyici terapiya tövsiyə edə bilərlər ki, bunun sayəsində orqanizm virus infeksiyasının öhdəsindən daha asanlıqla gəlir. Xəstəliyin inkişaf prosesində pasiyentin orqanizmi güclü intaksikasiyaya məruz qalır, ona görə də mütəxəssislər damar daxilinə damcı metodu ilə yeridilən preparatlar təyin edirlər.  Hepatit B xroniki vəziyyətə keçən hallarda xəstəyə kompleks müalicə təyin olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 02.05.2018

Spinner