uşaqlarda qrip virusu

Uşaqlarda qrip virusu

1524
Müəllif: Pediatr Elşən Tağıyev

Paylaşıldı: 19.04.2018
HekimTap Pro

Qrip uşaqlarda ən geniş yayılmış mövsümi xəstəliklərdən biridir. Uşaqlar böyüklərə nisbətən bu virusa 5 dəfə çox yoluxurlar və qrip onlarda daha ciddi ağırlaşmalar yarada bilər. Qripi öz axarına buraxmaq, təkcə xalq təbabəti reseptləri ilə müalicə etmək və ələlxüsus da, xəstəliyin öz-özünə keçməyini gözləmək olmaz. Hər bir valideyn uşaqlarda qripin əlamətlərini, hansı həkimə müraciət etməli olduğunu və profilaktik tədbirləri bilməlidir.   

Uşaqlarda qripin yaranma səbəbləri

Soyuqdəymə haqda miflər nə qədər geniş yayılsa da, onu qeyd etmək lazımdır ki, qripə küçədə papaqsız gəzmək və ya ayaqların islanması səbəbindən yoluxmurlar. Soyuqdəymə özlüyündə xəstəlik törətməsə də, yoluxma şansını artırır: soyuq kiçik damarların spazmını yaradır, bu isə immun sistemin işinə öz mənfi təsirini göstərir.

Qrip – virus xəstəliyidir, sürətlə yayılır və yüksək virulentliyə (dəyişmə qabiliyyətinə) malikdir. Qrip virusu praktik olaraq hər il mutasiya edir və buna görə də ona qarşı dayanıqlı immunitet yaratmaq mümkün deyil. Məsələn, əgər siz cari mövsümdə qripə yoluxmusunuzsa, bu, o demək deyil ki, virusun başqa ştammı ilə qarşılaşsanız vəziyyət bir də təkrarlanmayacaq. Məhz ona görə də qrip əleyhinə peyvəndləməni hər il arapmaq lazım gəlir.

Qrip epidemiyası hər ilin payız-qış mövsümündə baş verir, bütün dünyanı əhatə edən pandemiyaya isə 15-20 ildən bir rast gəlinir.   

Qripə yoluxmaq çox asandır. O, daha çox adamdan adama hava-damcı vasitəsi ilə keçir – yəni uşağınızın yanında kimsə asqırarsa,bu yoluxma üçün kifayət edə bilər. Lakin bu virus məişət yolu ilə də yoluxa bilər (çirkli əllər və s.) Virus özlüyündə dayanıqlı deyil və onu istənilən məişət antiseptiki və ya yuyucu vasitə ilə məhv etmək mümkündür. Amma bu cür gigiyenik normalara yalnız evdə əməl olunur. Gigiyena qaydalarının vacibliyini  hələ tam dərk etməyən uşaqlar isə əllərini müntəzəm yumur, oyuncaqlarını başqaları ilə dəyişir, eyni stəkandan istifadə edirlər və s. Bütün bunlar isə qripə yoluxma riskini artırır.

Uşaqlarda qrip virusunun əlamətləri

Həkimlər uşaqlarda qrip xəstəliyini bir neçə formaya bölürlər:
Yüngül forma – 37.5 0C-dən yuxarı hərarət, yüngül öskürək, boğazda selikli qişanın qıcıqlanması.
Orta ağır forma – baş ağrıları, əzələ və oynaqlarda ağrılar, zəiflik, titrətmə, öyümə və qusma, 39.5 0C-dək qızdırma, öskürək, tənəffüsün çətinləşməsi.
Ağır forma – 40.5 0C-dək qızdırma, sayıqlama və hallisünasiyalar.
Hipertaksik forma – virusun çox sürətlə inkişaf etməsi, 40.5C-dək qızdırma, burundan qanaxma, səpgilər, sayıqlama, bayılma və qıcolmalar.

Uşaqlarda qrip virusunun təhlükəsi

Qrip ilk növbədə ağırlaşmaları ilə təhlükəlidir. Bu ağırlaşmalar sırasına pnevmoniya, meningit və ensefalit, əzələ xəstəlikləri, otit, rinit, sinusit və bronxit aiddir.

uşaqlarda qrip virusu

Uşaqlarda qrip virusunun müalicəsi

Yüngül və orta ağır formalarda uşağın vəziyyəti 3-4 günə yaxşılaşır, lakin oskürək və boğazda qıcıqlılıq 10-15 gün davam edə bilər.

Ağır forma daha təhlükəlidir və ağırlaşmalara səbəb ola bilir. Hipertoksik forma ən təhlükəli forma olub, əksər hallarda ölümlə nəticələnir. Uşaqlarda qripin müalicəsi simtomların ifadə olunması dərəcəsindən və xəstəliyin formasından asılıdır.

Yüngül və orta ağır formalar adətən stasionar müalicə tələb etmir. Burada əsas müalicə metodu uşağın düzgün rejimlə təmin olunmasıdır. Uşaq yaxşı havalandırılan məkanda yatağa yerləşdirilməlidir. Belə günlərdə yüngül dietaya əməl etmək lazımdır. Çünki qripə yoluxmuş uşaq iştahasını itirir və onu məcbur yedizdirmək olmaz.

Məcburən ağır yeməklər qəbul etməkdənsə, xəstə bir-iki qaşıq şorba içsə məsləhətdir. Əks halda, ağır yeməklər qusmaya, bu isə əlavə stresə və boğazın onsuz da iltihablaşmış selikli qişasının qıcıqlanmasına səbəb olacaq.

Qrip zamanı dieta yüngül və zülalla zəngin olmalıdır, xörəklərin ilıq halda (isti yox) verilməsi tövsiyə edilir. Virus xəstəliklərində bol su içmək birbaşa göstərişdir. Uşağa otlardan dəmlənmiş çaylar, təbii şirələr (turş olmayan), kompot, su vermək faydalıdır.         

Təbii ki, bütün bu vasitələr əsas terapiya sayılan virus əleyhinə preparatlarla yanaşı tətbiq olunur. Bundan başqa simptomatik müalicə də aparılır. Medikamentoz müalicə mütləq həkimin göstərişinə uyğun aparılmalıdır. Özünümüalicə ağır fəsadlara yol aça bilər.

Uşaqlarda qrip virusunun profilaktikası

Virusla kontaktı tamamilə kəsmək mümkün deyil. Ona görə də profilaktik tədbirlər uşağın təcrid olunmasında çox, yoluxma ehtimalının azaldılmasına və uşağın immun sisteminin möhkəmləndirilməsinə yönəldilməlidir.

Orqanizmin qoruyucu qüvvəsini möhkəmləndirməyə bunlar kömək edə bilər: “fast food” və ciddi sənaye emalına məruz qalmış məhsulların məhdudlaşdırılması, həkinin göstərişinə uyğun olaraq, əlavə vitamin və mineral komplekslərinin qəbul edilməsi, təmiz havada gündəlik gəzinti və oyunlar.

Epidemiya zamanı əlavə qoruyucu tədbirlərə ehtiyac var. Buraya aiddir: virusun havadakı konsentrasiyasını azaltmaq məqsədilə otağın havalandırılması, əllərin tez-tez yuyulması (təkcə yeməkdən əvvəl yox), antiseptik yuyucu vasitələrlə otaqların müntəzəm təmizlənməsi. Qripin profilaktikasında vacib yerlərdən birini də hər il payızda – epidemiya mövsümündən əvvəl aparılan peyvəndləmə tutur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.