hipertoniya yüksək qan təzyiqi haqqında

Hipertoniya - yüksək qan təzyiqi

Yüksək qan təzyiqi nədir? Dünya əhalisinin 26 faizində təzyiq xəstəliyi var. Bu xəstələrin də 30 faizi xəstəliklərindən xəbərsizdir, 40 faizi xəstəliklərindən məlumatlı olduğu halda düzgün və ya heç bir müalicə almırlar, belə ki, xəstələrin yalnız 30 faizi adekvat müalicə alaraq təzyiqin fəsadlarından özlərini qoruyurlar. Təzyiq xəstəliyi fəsadlarına görə bu gün qlobal sağlıq problemidir. Yüksək təzyiq üçün əsas hədəf orqanlar ürək, beyin, böyrəklərdir. Yüksək təzyiq – sistolik təzyiqin 140 mm civə sütununundan, diastolik təzyiqin 90 mm civə sütunundan yüksək olduğu hal hesab olunur. Təzyiq xəstəliyi yaranmasına görə essensial yəni birincili ola bilər. 90 faiz təzyiqli xəstələrdə birincili təzyiq xəstəliyi olur.  Yüksək təzyiq xəstəliyinə genetik – irsi meylliliyi olan insanların eyni zamanda düzgün olmayan yaşam tərzi xəstəliyin inkişafı üçün zəmin yaradır. Artıq çəki, duzlu qidaların çox qəbulu, az hərəkətlilik, zərərli vərdişlər – siqaret və alkoqol qəbulu təzyiqin yaranması üçün risk faktorlarıdır.  Bir də təzyiq xəstəliyi ikincili səbəblərdən olur. Belə ki, böyrək xəstəlikləri, ürək xəstəlikləri, sinir mənşəli problemlər, hormonal pozğunluq fonu təzyiqin yüksəlməsinə səbəb ola bilər. Yüksək qan təzyiqinin əlamətləri hansılardır? Əlamətləri başağrıları, başgicəllənmə, halsızlıq, ürəkdə narahatlıq, görmədə pozğunluq, dəridə qızartı və.s. ola bilər.  Hipertoniya – yüksək təzyiq xəstəliyinin fəsadları insult, miokard infarktı, böyrək çatmamazlığı, görmənin pozğunluğudur.  Yüksək qan təzyiqinin diaqnostikası Bir neçə dəfə yüksək təzyiqin ölçülərək qeyd olunması lazıdır. Yüksək təzyiq olduğu məlum olduqdan sonra birincili vəya ikincili hipertoniya xəstəliyi ayırd olunmalıdır.  Yüksək təzyiqin müalicəsi və profilaktikası Xəstəliyi aşkar etdikdən sonra yüksək qan təzyiqi ilə mübarizədə düzgün yaşam tərzinə keçmək dərman müalicəsindən də daha çox effektli ola bilir. BKİ-nin (bədən kütlə indeksi) 25-dən yuxarı olması artıq çəki hesab olunur və mütləq çəki azaldılmalıdır. Düzgün pəhrizə riayət olunmalıdır. Duz – bədəndə suyun saxlanmasına və təzyiqin artmasına səbəb olur.  İnsanın gündəlik duza təlabatı 6 qr təşkil edir və duzu emal olunmuş qidaları istifadə edərkən yetəri qədər mənimsəyirik. Yüksək təzyiq xəstələri duzların gündəlik qəbulunu minimuma endirməlidirlər (3 qr.dan az).  Az hərəkətli həyat tərzi ümumi qan dövranına, orqanların normal fəaliyyətinə zərərlidir və yüksək təzyiq xəstəliyinin yaranmasına səbəb olur.  Piyada gəzinti, idman hərəkətləri, aktiv həyat tərzi profilaktik məqsədlə çox xeyirlidir. Zərərli vərdişlərdən – siqaret və alkoqoldan uzaq olmaq vacibdir. Son zamanlar isə yüksək təzyiqin yaranmasında risk faktorları kimi energetik içkilərin qəbulu və gecə yuxusuzluğu aktualdır. Müalicədə istifadə olunan dərmanların qəbulu mütəmadi və uzun müddətli ola bilir. Dərmanların düzgün qəbul qaydasına düzgün riayət olunmalıdır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 02.05.2018

nevroz və müasir yanaşma

Nevroz və müasir yanaşma

Nevroz nədir? Nevroz orqanizmdə heç bir orqanik patologiya olmadan meydana çıxan pozuntudur. Əslində müasir tibbdə nevroz yox, daha çox nevrotik pozuntular, həyəcan pozuntuları, təşviş pozuntuları diaqnozları işlədilir. Nevrotik pozuntulardan əziyyət çəkən pasientlerin çox vaxt laborator, instrumental və radioloji müayinələrində heç bir dəyişiklik aşkar olunmur. Nevrozun yaranma səbəbləri Nevroz psixoloji, sosial, genetik ve bioloji səbəblərdən meydana çıxa bilər.  – Psixoloji səbəb kimi pasiyentin uşaqlıq dövrünü normal yaşaya bilməməsi, ailədə münaqişələr və s. göstərmək olar.  – Sosial səbəblərə isə maddi durumun yaxşı olmamasını, işsizlik və s. aid etmək olar.  – Bir çox xəstəliklərdə olduğu kimi, nevrozda da genetik faktorlar özünü büruzə verə bilər.  – Nevrozun yaranmasında ən başlıca səbəb isə bioloji səbəbdir, yəni beyində serotonin maddəsinin (xoşbəxtlik hormonunun ) səviyyəsinin aşağı düşməsidir. Nevrozun formaları Nevrozun bir çox növləri var. Buraya aiddir:  – Həyəcan nevrozu;  – Obsessiv-kompulsiv nevroz;  – Somatik nevroz;  – Fobiyalar;  – Postravmatik stress pozuntusu və s. Nevrozun simptomları  – Həyəcan;  – Ürək döyüntülərinin sayının artması;  – Kefsizlik;  – Ruh düşkünlüyü;  – Bəd xəbər eşitmə qorxusu;  – Yorğunluq;  – Yuxu və iştaha pozulmaları;  – Bədənin müxtəlif nahiyələrində ağrılar;  – Xəstəlik qorxusu;  – Ölüm qorxusu;  – Beyindən çıxmayan fikirlər ve hərəkətlər;  – Patoloji səliqəlilik və s . Nevrozun diaqnostikası Nevroz diaqnozunu qoymaq üçün pasiyentdən ətraflı anamnez toplamaq çox vaxt yetərli olur. Lakin bəzən qanda müəyyən parametrləri də yoxlamağa ehtiyac duyuruq. Nevrozun müalicəsi Nevrozların müalicəsi ən son protokollara uyğun olaraq pasiyentin yaşı,  yanaşı xəstəlikləri, çəkisi və s. nəzərə alınaraq fərdi qaydada aparılır. Effektiv müalicə aparmaq üçün ilk növbədə xəstəliyin yaranma səbəbini müəyyənləşdirmək lazımdır.  Nevroza səbəb psixoloji gərginlik, özünəqapanma, təşvişli hiss-həyəcan olarsa, bu zaman müalicənin mütləq komponenti psixoterapiyadır. Həmçinin, sakitləşdirici texnikaların tətbiqi də müsbət təsir göstərir. Nevrozun profilaktikası Nevrozla yaşamağa məhkum deyilsiniz, bunu həyat tərzinə çevirməyin. Vaxtında bizə müraciət etsəniz, düzgün müalicə ilə bu problemlərdən tamamilə qurtulacaqsınız.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.05.2018

erektil disfunksiya impotensiya

Erektil disfunksiya (İmpotensiya)

Kişiləri sağlamılqla bağlı bütün problemlərdən ən çox sarsıntıya salanı erektil disfunksiyadır desək, yanılmarıq. Buna adətən impotensiya da deyirlər. Bu xəstəliyin faciəsi ondadır ki, o, cəmiyyətdə ayıb bir hal kimi qəbul edilir, ona görə də xəstə çox hallarda problemi ilə yaşamaq məcburiyyətində qalır. Cinsi aktı başlaya və ya bitirə bilməyən kişilər əksər hallarda həkimə müraciət etmir, aptek vasitələrinin “möcüzəvi” yardımına güvənirlər. Nəticədə isə özünümüalicə vəziyyəti daha da ağırlaşdırır. Erektil disfunksiya nədir? Erektil disfunksiya cinsi aktın dolğun şəkildə həyata keçirilməməsi ilə bağlı xroniki çətinlikdir. Burada söhbət ereksiya problemlərindən, orqazmın baş tutmasından və seksdən zövq almağa mane olan digər problemlərdən gedə bilər. Lakin adətən, pasiyentlər həkimə birinci şikayətlə müraciət edirlər. Bu zaman seksual ehtiras zamanı hansısa səbəblər üzündən cinsiyyət orqanı kifayət qədər qanla təchiz olunmur (yumşaq qalır, ölçüləri böyümür). Onu da bilmək vacibdir ki, impotensiya kifayət qədər geniş yayılmış diaqnozdur. Statistikaya görə, onun bu və ya digər dərəcəsindən 40 yaşdan yuxarı kişilərin 50%-ə qədəri əziyyət çəkir. Amerikalı alimlərin hesablamalarına görə, erektil disfunksiyanın “qurbanlarının” sayı 150 milyondan çoxdur. Baxmayaraq ki, müalicənin effektliliyi 95 %-dir, pasiyentlərin cəmi 10 %-i həkimə müraciət edir. Erektil disfunksiyanın inkişafına bir sıra risk faktorları təsir edə bilər. Belə ki, potensiya probleminə daha çox uzun müddət siqaret çəkənlərdə, şəkərli diabeti olan, ürəyin işemik xəstəliyi və hipertoniya xəstəliyindən əziyyət çəkən, həmçinin depressiya, nevroz və digər psixi pozuntuları olan kişilərdə rast gəlinir.   Bəzən impotensiya müəyyən preparatların qəbulu, qida rasionu və ya həyat şəraitinin birdən-birə dəyişilməsi, həmçinin qasıq nahiyəsində yaranan travma və orada aparılan əməliyyatların fonunda da yarana bilər. Alkohollu içkilərdən çox istifidə edən və günün çox hissəsini kompüter və ya rol arxasında keçirən kişilər də risk qrupuna aiddirlər.   Erektil disfunksiyanın səbəbləri və növləri Həkimlər impotensiyanın səbəblərini 3 qrupa bölürlər: orqanik (təbii ereksiyanın yaranmasına və dayanıqlılığına fiziki maneələr), psixogen (heç bir fizioloji pozuntu qeydə alınmır, seks problemi xroniki yorğunluq və ya psixoloji travma ilə izah edilir), həmçinin qarışıq (xəstəliyin inkişafına hər iki faktor təsir edir). Müvafiq şikayətlərlə mütəxəssisə müraciət edənlərin 20%-i erektil disfunksiyanın psixogen səbəblərindən əziyyət çəkirlər. Burada söhbət daha çox gənc və orta yaşlı kişilərdən gedir. Belə pasiyentlərin müalicəsi, əsasən, həkim-psixoterapevt tərəfindən aparılır.   İmpotensiyanın yaranma səbələri arasında ən geniş yayılmışı orqanik səbəblərdir – çox vaxt yaşla əlaqədar qan damarlarının divarlarında baş verən dəyişikliklərdən irəli gəlir. İş ondadır ki, damarların zədələnməsi zamanı cinsiyyət orqanının qanla təchizatı prosesi zəifləyir və nəticədə ereksiya problemi yaranır. Həmçinin, sekslə bağlı problemlərə bəzən damarların elə patologiyası səbəb olur ki, bu zaman qan cinsiyyət orqanını vaxtından əvvəl tərk edir. Əgər erektil disfunksiya hormonal pozuntu fonunda yaranarsa, bu zaman ehtiras sistemi bütünlüklə iflasa uğrayır: kişi ümumiyyətlə, sekslə maraqlanmaya bilər.    Erektil disfunksiyanın əlamətləri Bir sıra əlamətlər var ki, onlar mütəxəssislə məsləhətləşmək üçün əsasdır: səhər ereksiyasının olmaması, masturbasiya zamanı ereksiyanın mümkün olmaması, ehtiras zamanı ereksiya sürətinin azalması və ya ereksiyanın tamamilə olmaması, erkən boşalma. Orqanik təbiətli erektil disfunksiyalarda bu simptomlar tədricən inkişaf edir, əksər hallarda kişinin seksə olan marağının azalması ilə müşayiət olunur. Əgər xəstəliyin əsasında psixoloji problemlər dayanırsa, cinsi aktdan kənar heç bir əlamət yaranmaya da bilər (səhər ereksiyası olur, seksual kontakt zamanı çətinliklər müntəzəm deyil, ayrı-ayrı hallarda müşahidə edilir). İstənilən halda, erektil disfunksiyanın əsl səbəbini yalnız həkim müəyyənləşdirə bilər. Bunun üçün ilkin konsultasiyadan sonra o, laborator analiz və xüsusi müayinələr təyin edəcək (damarların USM-i, cinsiyyət orqanının innervasiyasının yoxlanması və s.) Əgər psiyentdə xroniki somatik xəstəliklər aşkara çıxarsa (şəkərli diabet və ya hipertoniya xəstəliyi), bu halda ixtisas həkimi - kardioloq və ya endokrinoloqun konsultasiyası da diaqnostika və müalicənin əsas elementini təşkil edir. Erektil disfunksiyanın müalicəsi İmpotensiyanın uğurla müalicə olunub-olunmaması bir sıra faktorlardan, əsas da xəstəliyin yaranma səbəbindən asılıdır. Məsələn, gənc kişidə psixogen xarakterli erektil disfunksiyanı müalicə etmək, prostat vəzin çıxarılması əməliyyatı zəminində baş verən ağır orqanik impotensiyanı müalicə etməkdən qat-qat asandır.     Tibbi yardıma vaxtında müraciət olunması terapiyanın müsbət nəticə verməsi baxımdan əhəmiyyətlidir. Çünki xəstəlik dərinləşdikcə patoloji prosesin qarşısını almaq çətinləşir. Andrologiya tibbin kişi cinsiyyət sistemi problemləri ilə məşğul olan bir sahəsidir. Burada erektil disfunksiya ilə mübarizə aparmaq üçün çoxsaylı metodlar var. Həkimlər qeyd edirlər ki, pasiyentin vəziyyətinin yaxşılaşmaması hallarına demək olar ki, rast gəlinmir. Ona görə də bu problemi geri dönməyən faciəvi proses kimi qəbul edib, ağır diaqnoz eşitmək qorxusu ilə həkimin qəbuluna düşməkdən çəkinmək lazım deyil. Erektil disfunksiya – qarşısı alına bilinəcək xoşagəlməz haldır və qətiyyən ağır emosional böhrana səbəb olmalı deyil.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 01.05.2018

bas beyin sisleri nedir bas beyin sisleri Baş beyin şişlərinin müalicəsi başağrısı beyin şişi şişlərinin növləri Metastatik beyin şişləri  Xoşxassəli baş beyin şişləri  bas beyin sisleri

Baş beyin şişləri - müasir yanaşma

Baş beyin şişi nədir? Baş beyin şişləri, kəllə daxilində bəzi qrup  hüceyrələrin kontrolsuz və anormal şəkildə böyüməsi və çoxalması nəticəsində əmələ gələn yenitörəmələrdir. İnsan orqanizmində rast gəlinən şişlərin təxminən 2%-ni baş beyin şişləri təşkil edir. Baş beyin şişlərinin növləri: Baş beyin şişlərinin 150-dən artıq növü mövcud olub 2 əsas qrupa ayrılırlar: 1. Birincili baş beyin şişləri 2. İkincili baş beyin şişləri Bilavasitə beyin və ya beyini əhatə edən toxumalardan əmələ gələn şişlər birincili baş beyin şişləri adlanır. Birincili şişlər öz növbəsində qliyal (beyin hüceyrələrindən əmələ gələn) və qliyal olmayan (beyin ətrafı toxuma hüceyrələrindən əmələ gələn) şişlər olaraq 2 yerə bölünür. Bundan başqa, beyin şişləri inkişaf xüsusiyyətlərinə görə xoş xassəli və bəd xassəli olur. İkinicili (Metastatik) beyin şişləri – başqa orqanlarda (süd vəzi, ağciyər, mədə və s.)  mövcud olan şişlərin qan vasitəsilə beyinə yayılmasından əmələ gəlir. Metastatik şişlər xərçəng hesab olunur və bəd xassəlidirlər. Xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin təxminən 25%-də beyində metastaz aşkarlanır. Ağciyər xərçəngi olan xəstələrdə isə bu rəqəm daha yüksəkdir və bu xəstələrin təxminən 40%-də beyinə metastaz olur. Əvvəllər beyin metastazı olan xəstələrin həyat göstəriciləri çox aşağı idi və bu insanlar cəmi bir neçə həftə yaşayırdılar. Son zamanlar inkişaf etmiş diaqnostik vasitələrin və innovativ cərrahiyyə metodlarının tədbiqi ilə bu xəstələrin həm yaşam müddəti illərlə uzadılmış, həm də həyat keyfiyyətləri yaxşılaşdırılmışdır. Xoşxassəli baş beyin şişlərinin növləri: Meningioma – ən sıx rast gəlinən xoşxassəli şişdir. Bütün beyin şişlərinin 10-15%-ni təşkil edirlər. Meningiomaların nadir də olsa çox az bir qismi  bədxassəlidir.  Bu şişlər beyin və onurğa beyini əhatə edən zardan (qişadan) əmələ gəlirlər. Hipofiz adenoması – beyin şişləri arasında rastgəlmə tezliyinə görə 4-cü yerdədir. Xoşxassəli şişlərdir və adətən çox yavaş böyüyürlər. Nadirən  bədxassəli formaları olsa da, onlar da özünü xoşxassəli şişlər kimi aparır. Adenomalar hipofiz vəzindən əmələ gəlirlər və adətən 30-40 yaş arası insanlarda görülurlər. Şvannoma – insanlarda sıx görülən xoşxassəli şişlərdəndir. Sinirlərin ətrafında olan Şvann hüceyrələrindən əmələ gəlirlər. Sinirlərə sirayət etmədən onları sıxışdıraraq klinik əlamət verir. Daha çox eşitmə sinirindən əmələ gəldiyinə görə qulaqlarda küy və eşitmə azlığı kimi şikayətlərə səbəb olur. Xoşxassəli olsalar da, həddindən artıq böyüdüklərində beyin sapını sıxışdıraraq ölümə səbəb ola bilər. Beyin və onurğa beyin sinirləndən əmələ gəldiyi kimi, nadir də olsa  əl və ayaq sinirlərindən də əmələ gələ bilər. Xordoma – xoşxassəli, yavaş böyüyən şiş olub, daha çox 50-60 yaşlı insanlarda görülür. Ən sıx görüldüyü  yerlər, kəllə əsasındakı sümüklər və onurğa sütunun oma hissəsidir. Xoşxassəli şiş olmasına baxmayaraq, xordomalar ətraf toxumalara sirayət edərək sinir toxumasını zədələyə bilir. Bu şişlər nadir olub, birincili beyin şişlərinin 0,2%-ni təşkil edirlər. Kraniofaringioma – xoşxassəli beyin şişi olsa da, yerləşdiyi yer beyinin dərinində və görmə siniri ilə yuxu arteriyası arasında olduğu üçün mürəkkəb şiş hesab olunur. Adətən hipofiz vəzisinin (bədənimizdə hormonal tarazlığı kontrol edən vəz) ətrafından əmələ gəldiyinə görə, xəstələrdə hormonal yetməzliyə səbəb olur. Qanqliositoma, qanqlioma və  anaplastik qanqlioma – sinir hüceyrələrindən əmələ gələn nadir törəmələrdir və daha çox gənc yaşlarda görülür. Bədxassəli baş-beyin şişlərinin növləri: Qliomalar insanda ən çox rast gəlinən beyin şişi növü olub, bədxassəli şişlərin 78%-ni təşkil edirlər. Bu şişlər, beyində dəstək hüceyrələr hesab olunan qlia hüceyrələrindən əmələ gəlirlər. 3 cür qlial hüceyrə tipi mövcuddur: astrositlər, ependim hüceyrələri və oliqodendrositlər. Qlial şişlər (qliomalar)  aşağıdakılardır: Astrositomalar – ən geniş yayılmış qlioma növü olub, birincili beyin və onurğa beyin şişlərinin təxminən yarısını təşkil edirlər. Astrositomalar beyinin dəstək hüceyrələrindən olan, ulduz şəkilli astrositlərdən əmələ gəlir. Astrositomalar hər yaşda və beyinin hər yerində görülə bilər. Uşaqlarda daha çox aşağı dərəcəli olduqları halda yaşlı insanlarda daha çox yüksək dərəcəli olur. Ependimomalar – beyin daxili mədəciklərin divarında yerləşən ependim hüceyrələrindən əmələ gəlirlər. Bütün beyin şişlərinin 2-3%-ni təşkil edirlər, həm baş beyin, həm də onurğa beyində rast gəlinirlər. Multiform qlioblastoma – ən bədxassəli şişlərdən biridir. Çox sürətlə böyüyərək, ətraf beyin toxumasına yayılır və  proqnozu pisdir. Daha çox 50-70 yaşlı insanlarda və daha çox kişilərdə görülür. Medulloblastoma – daha çox uşaqlarda rast gəlinən və beyincikdən inkişaf edən şişdir. Yüksək dərəcəli (yəni, bədxassəli) şişlər olub adətən şüa və kimyəvi terapiyaya yaxşı cavab verirlər. Oliqodendroqliomalar – oliqondendrosit adlanan hüceyrələrdən əmələ gəlirlər. Daha çox orta yaşlı insanlarda görülür. Baş beyin şişlərinin digər növləri: Hemangioblastomalar – yavaş böyüyən şişlərdir və adətən beyincikdə yerləşirlər. Hemangioblastomalar qan damarlarından əmələ gəlirlər. Adətən tərkiblərində kista olub,  çox böyük ölçülərdə ola bilirlər. Daha çox 40-60 yaşlı insanlarda və ən çox da kişilərdə görülür. Rabdoid şiş – nadir, olduqca aqressiv və bütün sinir sisteminə yayılmağa meyilli şişdir. Bədənin hər yerində əmələ gələ bilir. Daha çox uşaq və gənclərdə görülür. Baş beyin şişlərinin səbəbləri: Beyin şişlərinin əmələ gəlməsində əsas səbəb kimi, hüceyrə xromosomlarında yerləşən  genlərin zədələnməsi göstərilir. Gen zədələnmələri ya anadangəlmə olur, ya da doğulduqdan sonra qazanılır. Anadangəlmə gen zədələnmələrinin səbəbi hamiləlik zamanı ananın keçirdiyi müxtalif növ xəstəliklər və ya döldə əmələ gələn genetik xəstəliklər əsas rol oynayır. Bu xəstəliklərə misal olaraq Neyrofibromatoz, Von Hippel-Lindau xəstəliyi, Tuberoskleroz və s. xəstəliklərdir. Ətraf mühitin zərərli təsirləri də genlərin zədələnməsinə səbəb olmaqla yanaşı, zədəli genlərdən yenitörəmələri əmələ gəlməsinə şərait yaradır. Zədələnmiş genlər hüceyrələrdə normal bölünmə prosesini pozaraq, hüceyrələrin anormal çoxalmasına səbəb olur. Anormal çoxalan bu hüceyrələr şişləri əmələ gətirir. Ətraf mühitin zərərli təsirlərinə misal olaraq karsinogen qidalar, atmosfer çirklənməsi, radiyasiyanı göstərmək olar. Baş beyin şişlərinin simptomları: Baş beyin şişlərinin simptomları şişin yerləşmə yerindən  və ölçüsündən asılı olaraq çox müxtəlifdir. Buna baxmayaraq bəzi ümumi simptomlar əksər beyin şişlərində görülə bilər. Ümumi əlamətlər aşağıdakılardır:  – Baş ağrısı (adətən səhər yuxudan duranda ən şiddətli olur);  – Qıcolma tutması və ya ürəkgetmə;  – Ürək bulanma və ya qusma;  – Huşun pozulması və s. Sadalanan şikayətlər qeyri-spesifik xarakterli (yəni, sadəcə şişlərə xas deyil) olub, adətən bir neçəsi eyni anda görülür. Bundan başqa şişlərin yerləşdiyi yerdən asılı olaraq spesifik (şişə xas olan) əlamətlər də mövcuddur. Bu əlamətlər:  – Görmə pozğunluğu- əgər şiş görmə siniri sıxır və ya ənsə payında yerləşirsə;  – Eşitmə pozğunluğu- əgər şiş eşitmə sinirini sıxır və ya gicgah payında yerləşirsə;  – Əldə və ayaqda iflic və ya parezlər- əgər şiş hərəkət mərkəzinə (alın payında) təsir edirsə;  – Əldə, ayaqda və ya bədənin bir hissəsində hissiyyatın pozulması (uyuşma, keyimə)- şiş hissiyyat mərkəzində (təpə payında) yerləşərsə;  – Davranış və xarakter dəyişikliyi- şiş alın payında yerləşərsə və s. Baş beyin şişlərinin diaqnostikası: Beyin şişlərinin diaqnostikasında ən çox istifadə olunan müayinə üsulları komputer tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiyadır (MRT). Buna baxmayaraq beyin şişlərinin diaqnostikasında “qızıl standart” Kontrastı MRT hesab olunur. MRT çəkilən zaman damardan yeridilən kontrast maddə birbaşa şiş toxumasında  toplanaraq onun boyanmasına səbəb olur. Bununla da nəinki,  şişin yeri, xarakteri, damarlanması, tərkibi, beyin toxumasının vəziyyəti haqqında dolğun məlumat  əldə edilir, həmçinin  şişin çıxarılması üçün cərrahi əməliyyatın növü və taktikası  da müəyyənləşdirilir. Bundan başqa, təkrarlayan şişlərin və metastatik şişlərin diaqnostikasında pozitron-emissiyon tomoqrafiya (PET) müstəsna yerə sahibdir. Baş beyin şişlərinin müalicəsi: Baş beyin şişlərinin müalicəsi şişin ölçüsündən, yeləşdiyi yerdən, sayından, növündən asılı olaraq dəyişir. Baş beyin şişlərinə müasir yanaşma prinsipləri aşağıdakı kimidir:  – Müşahidə;  – Dərman müalicəsi;  – Cərrahi müalicə;  – Kimyəvi terapiya;  – Şüa terapiyası. Sadalanan müalicə növlərinin seçilməsində şişin xüsusiyyətləri ilə yanaşı, xəstənin yaşı, ümumi vəziyyəti, yanaşı xəstəliklərinin olub-olmaması daha önəmli rol oynayır. Buna görə də, hər bir xəstəyə fərdi yanaşaraq mövcud halda xəstəyə hansı müalicə növünün daha uyğun  olduğu təyin edilərək ona görə müalicə tədbiq olunur. Təbii ki, hər müalicə növünün özünəməxsus riskləri və əlavə təsirləri mövcuddur. Ölçüsü kiçik olan və əlamət verməyən şişlər adətən müşahidəyə alınır və xəstələr 3-6 aylıq fasilələrlə kontrola çağırılırlar. Əksər şişlərin ilkin simptomlarını aradan qaldırmaq üçün dərman müalicəsi başlanılsa da, şişlərin ən effektli müalicəsi cərrahi müalicədir. Cərrahi yolla şişin çıxarılması həm xəstələrin simptomlarını daha tez keçirir, həm də  xəstələrin sağalmasını tezləşdirir. Cərrahi yolla müalicəsi mümkün olmayan və yaxud əməliyyatla şişin hamısı çıxarılmayan xəstələrə şüa terapiyası və ya kimyəvi terapiya tədbiq olunur. Adətən şişin təbitəindən asılı olaraq xəstələr ya şüa, ya da kimyəvi terapiya alırlar. Əksər hallarda isə xəstələr öncə şüa terapiyası, ardından isə kimyəvi terapiya alırlar. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.04.2018

insan papilloma virusu

İnsan papilloma virusu

İnsan papilloma virusu (İPV) cinsi yolla keçən və geniş yayılmış infeksiyalardan biridir.  Bundan başqa, uşaqların doğuş vaxtı, eləcə də məişət-kontakt üsulu ilə yoluxma mümkündür. Bu virus hamam, sauna, idman zallarında bir müddət yaşaya və insanın yaralanmış dərisindən orqanizmə keçə bilir. Virus orqanizmə düşdükdən sonra dəri hüceyrələrini zədələyir. Zədələnmiş hüceyrədə virus iki növdə olur:  – Xromosomdan kənar – xoşxassəli forma sayılır;  – Hüceyrənin genomuna daxil olan – bədxassəli forma. İPV-nin inkubasiya dövrü bir aydan bir neçə ilədək davam edə bilər. Virus müxtəlif faktorların təsirindən (stress, soyuqlama və s.) aktivləşir və intensiv şəkildə çoxalmağa başlayır.      Papilloma virusu xəstəliklərin törədicisi kimi İPV bir sıra xəstəliklərin inkişaf etməsinə şərait yaradır:  – Dərinin zədələnməsi (adi və yastı ziyillər, ziyiləbənzər epidermodisplaziya);  – Cinsiyyət orqanların selikli qişasının zədələnməsi (kondilomalar, uşaqlıq boynu eroziyası, uşaqlıq boynu xərçəngi və s.);  – Digər selikli qişaların zədələnməsi (ağız boşluğunun selikli qişasının zədələnməsi, ağciyərlərin residiv edən papillomatozu, baş, boyun və ağciyərlərin xərçəngi). İnsan papilloma virusunun diaqnostikası Bu patologiyanın diaqnostikası üçün xüsusi İPV testlərdən istifadə olunur. Daha dəqiq müayinə metodu zəncir-polimer reaksiyası sayılır. Bu metodla nəinki virusun orqanizmdə olub-olmadığını, həmçinin, onun növünü də müəyyənıəşdirmək mümkündür. Bəs əgər siz bu problemlə üzləşibsinizsə, nə etməli? Vurğulamaq lazımdır ki, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək və təhlükəsiz intim həyat sizə bu virusdan qorunmağa kömək edəcəkdir. İnsan papilloma virusunun müalicəsi Hazırda bu virus əleyhinə spesifik terapiya mövcud deyildir. Başqa sözlə, bu virusu orqanizmdən heç bir preparatla kənarlaşdırmaq olmur. İPV-nin müalicəsi bu günə kimi açıq mövzu olaraq qalır. İPV-nin terapiyasında adətən kompleks müalicə aparılır və bu zaman onkoloji patologiyalar yarada biləcək viruslara xüsusi diqqət ayrılır. Qeyd edək ki, insan bu virusa yoluxubsa, təkcə müalicə ilə kifayətlənməməli, daim mütəxəssisin nəzarəti altında olmalıdır. İnsan papilloma virusunun müalicəsi kompleks terapiya tələb edir. Bu zaman zədələnmiş nahiyələrə həm yerli təsir göstərilir, həm də ümumi təsir preparatları təyin edilir. Yerli müalicəyə, əsasən, kondiloma və ziyillərin kənarlaşdırılması aiddir. Lakin onların kənarlaşdırılması yetərli deyil. Həmçinin, orqanizmin müqavimətini, immunitetini artıran preparatların da təyin edilməsi vacibdir. Ona görə də ümumi müalicə məqsədilə geniş spektrli virus əleyhinə preparatlardan, müxtəlif interferonlardan və interferon stimulyatorlarından istifadə olunur. Hər bir pasiyent üçün həkim fərdi müalicə təyin edir. Belə ki, İPV ilə yanaşı xəstədə digər viruslar da (məsələn, herpes) inkişaf edir.             İnsan papilloma virusunun profilaktikası Müasir dövrdə insan papilloma virusunun təkcə müalicəsi deyil, həmçinin, peyvənd vasitəsilə profilaktikası da mümkündür. Peyvənd gənc yaşlarda olunduqda xüsusən effektli olur. Əgər özünüzdə İPV-yə şübhə yaranarsa, mütəxəssisə müraciət edin və özünümüalicədən çəkinin.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.04.2018

diz oynağında menisk yırtıqları

Diz oynağında menisk yırtıqları

Diz bizim ən sistematik təşkil olunmuş və ən böyük oynaqlarımızdan biridir. Dizlərdə meydana gələn ağrı həm onun quruluşundan, həm də funksiyasından asılı olaraq, fərqli səbəblərlə əlaqəli ola bilər. Gün ərzində müxtəlif hərəkətlərdə pilləkan enib-qalxarkən, avtomobildən enərkən, uzun müddət dizi bükük vəziyyətdə oturarkən diz önündə meydana gələn ağrı diz qapağı və diz içərisindəki anatomik strukturların ciddi probleminin olduğunun əlamətləri ola bilər.İstər həvəskar, istərsə də professional səviyyədə idmanla məşğul olan və ya ağır işlərdə çalışan insanlarda daha çox rastlanan diz ağrısı bu oynağın mürəkkəb biomexaniki xüsusiyyətlərindən asılı olaraq diz içi anatomik strukturlardan olan menisklərin zədələnməsi ilə daha çox əlaqəlidir. Menisk nədir? Menisklər diz oynağının içərisində, elastik quruluşlu, oynaq səthlərini qismən örtən, çox vacib funksiyara sahib anatomik strukturdur. Medial və lateral menisk adı verilən və  hər dizdə iki ədəd olan bu orqan, ağırlıq daşıma, idman əsnasında diz oynağına yük minməsi zamanı ``şok absorbsiyası`` funksiyasını həyata keçirir. Menisklərin ön ve arxa buynuzları, gövdə və kök qismləri vardır. 3 zona müəyyən edilmişdir: ``red-red zona``, ``white-red zona``, ``white-white zona`` . Bu zonalar meniskdəki yırtığın təmirinə qərar vermədə əsas alınacaq faktorlardır. Menisk yırtığı necə yaranır? İdman zamanı və ya gündəlik həyatda dizlər, bükük vəziyyətdə ikən bədəni çox yüksək qüvvə ilə diz üzərində döndürdükdə menisk yırtığı meydana gəlir.Buna rotasional qüvvələr deyilir.Örnək olaraq futbolda rəqibi aldatma hərəkətləri, basketbolda feyk atma kimi hərəkətlər buna misal ola bilər. Menisk yırtıqları yaşa görə dəyişkənlik göstərir:  – Gənc xəstələrdə əsas səbəb travmadır,vertikal menisk yırtığı daha çox rastlanır.  – Yaşlı xəstələrdə artroz(degenerativ oynaq xəstəliyi) əsas səbəbdir. Kompleks və ya horizontal yırtıqlar daha çox rastlanır  – Uşaqlarda menisk yırtıqları diskoid menisk zəminində daha çox yaranır. Menisk yırtığının növləri? Bir neçə formada rastlana bilər:   – Horizontal menisk yırtığı Yırtıq oynaq səthinə paralel uzanır, menisk  üst ve alt yarıya ayrılır. Bu yırtıqlar daha çox  40 yaş üzərində, travma olmadan, degenerativ oynaq xəstəliyi zəminində meydana gəlir. Parameniskial kistlər horizontal menisk yırtığında daha çox rastlanır.  – Longitudinal menisk yırtığı Oynaq səthinə perpendikulyar bir yırtıq görülür. Yırtıq cizgisi meniski iç və bayır hissələrə ayırır. Bu yırtıqlar 40 yaş altında, travma sonrası daha çox rastlanır.Meniskin arxa buynuzunda və kənari olaraq yerləşir (periferik yırtıq cizgisi). Periferik longitudinal yırtıqlar daha çox ÖÇB (Ön Çarpaz Bağ) yırtığı ilə birlikdə rastlanır. MRT-də meniskə dik, bir ya da hər iki oynaq səthi ilə də əlaqəli cizgi şəklində görünür.  – Radial menisk yırtığı Menisk funksiyasını ağır dərəcədə pozan vertikal istiqamətdə yırtıqlar olub sərbəst kənardan meniskə doğru uzanır. Daha çox medial menisk  arxa buynuzunda ya da lateral meniskin ön buynuzun gövdə ilə birləşdiyi nahiyyədə yerləşir.  – Kök yırtığı Radal menisk yırtığının xüsusi bir formasıdır. Koronar MRT görüntüsündə meniskial kök, tibia platosu üzərində uzanarkən görülməlidir. Sagital planda (MRT) arxa çarpaz bağın tam medialında iç meniskin arxa buynuzu seçilmirsə, kök yırtığından şübhələnilməlidir. Menisk ekstruziyası (MRT-də Meniskin tibia platonun> 3 mm kənarına daşması) daha çox kök yırtığında rastlanır. Kök yırtıqlarının rezeksiyası(yəni meniskektomiya) “hoop tension-strain” itirilməsinə gətirib çıxarır. Kök yırtığını və  geniş radial yırtıqları qətiyyən rezeksiya etmək olmaz. Xüsusi metodlarla tikilməlidir.  – Kompleks menisk yırtığı Yuxarıda göstərilən yırtıq tiplərinin bir neçəsi birlikdə rastlanır. Kompleks yırtıqlarda Menisk  fraqmantlərə ayrılmışdır.  – Yer dəyişdirmiş menisk yırtığı Dil şəkilində yırtıq (flap) və ya “ Kova sapı yırtığı” ya da qopan müxtəlif ölçüdə hissəvi yırtıqlar görülə bilər. Çox kiçik parçalar artroskopiyada görülməyə bilər. Bu səbəbdən diz oynağının MRT (maqnit rezonans tomoqrafiya) ilə muayinəsi əsas şərtdir. Medial meniskin dil şəklində yırtıqları daha çox arxaya doğru AÇB (arxa çarpaz bağ) istiqamətində, bəzən isə dizin müxtəlif anatomik boşluqlarına doğru istiqamətlənir. Lateral menisk fragmentləri daha çox oynağın bayır yarımboşluqlarında yerləşir.  – “Kova sapı yırtığı” Longitudinal yırtıq parçalarının oynaq mərkəzinə yer dəyişdirməsi nəticəsində meydana gəlir. Daha çox medial (iç) meniskdə rastlanır. MRT ilə diaqnoz dəqiqləşdirilir. Lateral meniskin bu tipli yırtığı nadirdir. Menisk yırtığının şikayətləri nələrdir? Dizdə ağrı və kilidlənmə, yırtıq meydana gələn nahiyədə  şişlik kimi şikayətlərlə yanaş, zədələnmə zamanı dizdən ``pop`` səsi də eşidilə bilər. Xroniki menisk yırtığı varsa yoxuş çıxarkən, qaçma zamanı yırtıq olan nahiyyədə küt ağrılar yarada bilər. Eyni zamanda, dizin tam bükülməsini məhdudlaşdıra bilər.  Menisk yırtığının müalicəsi necə aparılır? Tibbin digər sahələrində olduğu kimi, Ortopediya və Travmatologiyada da texnoloji yeniliklərdən faydalanırlar. Bir zamanlar açıq oynaq əməliyyatları bu yeniliklərlə əlaqədar olaraq yerini qapalı artroskopik əməliyyatlara vermişdır. Artıq açıq menisk əməliyyatları tarixə qovuşmuşdur. Menisk yırtıqlarında icra ediləcək əməliyyatlara menisk tikilməsi , mensikektomiya, menisk transplantasiyası göstərilə bilər . Menisk transplantasiyası texniki səbəblərdən ölkəmizdə hələ ki icra edilmir. Amma bu istiqamətdə çalışmalarımız davam edir. Yaxın gələcəkdə bu tip əməliyyatlara başlamağı planlaşdırırıq. Menisk tikilməsi və menisektomiya əməliyyatları tam qapalı şəkildə yəni artroskopik olaraq həyata keçirilir. Meniskektomiya yırtığın xarakterindən asılı olaraq edilir. Meniskektomiya təmas səthini artırıb ikincili qığırdaq zədələnmələrini sürətləndirir və degenerativ oynaq xəstəliyinə yol açır. Tikiş texnikalarının inkişaf etdirilməsilə əlaqədar olaraq meniskektomiya bir qədər məhdudlaşdırılmışdır. Demək olar ki, əksər yırtıqların rekonstruksiyası aparılır. Menisk yırtıqlarının müalicəsində yaş sərhəddi varmı?  – 45 yaş altında olan xəstələrdə artroz əlamətləri yoxdursa, aşağı ətrafın mexaniki oxu normaldırsa, yırtıq tipi nə olursa olsun, cərrahi əməliyyat göstərişdir.  – 45 yaş üzərində olan xəstələrdə artrozun səviyyəsi, yırtığın tipi və aşağı ətrafın mexaniki oxunun vəziyyətinə görə qərar verilir.  – Menisk yırtıqlarında nə zaman cərrahi müalicə edilməlidir?  – Yeni keçirilmiş travma sonrasında ani başlayan ağrı;  – Kilidlənmə və dizdə şişlik;  – Menisklərin yerləşmə yerlərinə uyğun lokal ağrı;  – MRT-də  vertikal, radial, kompleks, oblik menisk yırtıqları artroskopik cərrahi müalicə edilirlər. Mövzu ilə bağlı videolar:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 30.04.2018

osteoxondroza müasir yanaşma

Osteoxondroz

Osteoxondroz nədir? Osteoxondroz – oynaq qığırdaqlarının kompleks distrofik pozğunluğudur.  Praktik olaraq bütün oynaqlarda ola bilər. Lakin ən çox fəqərəarası disklərdə rast gəlinir. Lokalizasiyasından asılı olaraq ayrılır boyun, döş və bel osteoxondrozu.  Osteoxondrozun patogenezi Osteoxondrozun yaranma səbəbi ilkin olaraq qığırdaq toxumanın və fəqərə cisminin qidalanmasının pozulması, insanın hormanal sistemində dəyişikliklər nəticəsində olur. Qığırdaq elastikliyini və turqorunu itirərək formasının və tərkibini dəyişir. Düzgün olmayan qidalama osteoxondroz prosesini dərinləşdirir. Fəqərəarası disklərin qidalanması diffuziya yolu ilədir, ona görə də travmadan  sonra disklərin bərpası  çətin olur. Osteoxondrozun səbəbləri Osteoxondrozun, fəqərəarası diskdə baş verən dəyişikliklərin səbəbləri tam öyrənilməməişdir. İnsanlar osteoxondrozun yaranmasını ən çox 35 yaşdan sonra hiss etməyə başlayırlar. Bu prosesin inkişafına və kəskinləşməsinə müxtəlif onurğa  travmaları, statik və dinamik qeyri bərabər yük daşıma və eləcə də vibrasiya təkan verir. İnsanın yaşı nə qədər çoxdur, simptomlar o qədər şox aşkar görünür. Buna baxmayaraq son dövrlərdə 18 yaşdan 30 yaşa kimi insanlar da kürək ağrıları şikayətləri ilə müraciət edirlər. Xəstəliyin bu qədər erkən başlama səbəbləri az deyil: zəif fiziki hazırlıq, qamət pozğunluğu, onurğa əyrilikləri, yastı pəncəlik və artıq çəki. Bundan başqa əsas olaraq aşağıdakı səbəbləri saymaq olar: 1. İrsi (genetik) meyillilik; 2. Orqanizmdə maddələr mübadiləsi pozğunluğu, infeksiya, intoksikasiya; 3. Həddindən artıq çəki; 4. Düzgün qidalanmama (mikroelementlərin və maye qebulunun az olması); 5. Yaşlanma ilə əlaqədar dəyişikliklər; 6. Qamətin, duruşun pozulması, onurğa əyrilikləri,  onurğa sütünü seqmentlərində hədindən artıq hərəkətlilik ( qeyri-stabillik), yastı pəncə; 7. Xoşagəlməz ekoloji şərait; 8. Hipodinamiya, az hərəkətli həyat tərzi; 9. Ağır qaldırmaqla əlaqəli peşə, tez-tez gövdənin vəziyyətini dəyişmək (fıqlanma, əyilmə-düzəlmə hərəkətləri); 10. Ayaq üstə, oturaq, uzanaraq uzun müddət narahat pozada qaldıqda, ağırlıq qaldırdıqda, ağırlıq daşıdıqda və sairə disklərdə və bütün onurğada təzyiqi artıran işlər, hərəkətlər; 11. Həddindən artıq fiziki yüklənmə, sümük-əzələ sisteminin inkişaf patologiyaları; 12. Onurğanın həddindan artıq yüklənməsi pəncənin xəstəliklərində, eləcə də narahat ayaqqabılar, hündür daban ayaqqabıların geyinilməsi  və hamiləlik ilə də əlaqəlidir; 13. Professional idmançılarda müntəzəm gedən məşqlərin birdən kəskin dayandırılması; 14. Əsəb gərginliyi, stres faktorları; 15. Siqaretçəkmək. Osteoxondrozun əlamətləri Osteoxondrozdan əziyyət çəkən insanlar kürək olan daimi ağrılardan, tez-tez ətraflarda keyləşmə, uyuşma hisslərindən şikayət edirlər. Vaxtında düzğün müalicə aparılmadıqda ətraflarda arıqlama, atrofiya və gücsüzlüyə gətirib çıxardır. Osteoxondrozun əsas simptomları: 1. Daimi sızıldayıcı kürək ağrıları, ətraflarda uyuşma və gücsüzlük 2. Kəskin hərəkətlər etdikdə, fiziki gərginlikdə, ağırlıq qaldırdıqda, öskürdükdə və asqırma zamanı ağrılar artır 3. Hərəkət məhdudluğu, əzələlərin spazmı Osteoxondrozun klassifikasiyası Lokalizasiyasına görə osteoxondrozun 3 növü var: 1. Boyun osteoxondrozu 2. Döş fəqərələrinin osteoxondrozu 3. Bel-oma osteoxondrozu Boyun osteoxondrozunun əlamətləri, simptomları: Boyun osteoxondrozu zamanı əllərdə, çiyinlərdə, başda  ağrılar, qulaqda küy, başgicəllənmə, gözün önündə qaralmalar, rəngli işıq qığılcımlrı kimi simptomlara rast gəlmək mümkündür. Döş fəqərələrinin osteoxondrozunun əlamətləri: Döş fəqərələrinin osteoxondrozu zamanı döş qəfəsində ağrılar, ürək nahiyəsində və digər daxili orqanlarda ağrıların olması mümkündür. Bel-oma fəqərələrinin osteoxondrozunun əlamətləri:  – Bel-oma fəqərələrinin osteoxondrozu zamanı bel nahiyəsində ağrılara, omaya, aşağı ətraflara bəzən isə kiçik çanağa irradiasiya edən, yayılan ağrılar ola bilir.  – Sinir köklərinin zədələnməsi ( fəqərəarası disk yırtığı (qrıja), sümük çıxıntılarınŞ osteofitlərin yaranması, spondilolistez ( fəqərə sürüşməsi), spondiloartroz): ayağa yayılan ağrılar və hissiyat pozğunluğu, hipotrofiya, hipotoniya, sinirin innervasiya  etdiyi əzələlərdə zəiflik, reflekslərin enməsi əlamətləri rast gəlinir. Osteoxondrozun diaqnostikası Osteoxondrozdan əziyyət çəkən insanın diaqnostiksı xəstə həkimə müraciət etdiyi andan başlayır.Xəstə adətən nevroloq tərəfindən müayinə edilir. Onurğa ayaq üstə, oturaq və uzanmış vəziyyətlərdə sakitlikdə və eləcə də hərəkət edərək  müayinə edilir. Fəqərələrin zədələnmə səviyyəsi xususi anatomik xüsisiyyətlərlə və ya xüsusi sxemlərlə sayılaraq təyin edilir. Onurğanı müayinə edərkən xəstənin qamətinə, duruşuna fikir verilir, gövdənin quruluş xüsusiyyətlərinə, arxa çıxıntıların sırasına ( onurğanın orta yarığı), kürək sümüyünün aşağı səviyyələrinə, çanaq sümüyünün qasıq qanaqlarına, belin yan konturlarına, çiyinlərin vəziyyətinə, əzələlərin relyefinə, fəqərələrin yerləşmə ardıcıllığına diqqət yetirilir. Onurğanın palpasiyası deformasiyanın olub olmaması haqqda, lokalizasiyanı aşkar etməkdə, xəstəliyin ağırlıq dərəcəsinin təyin edilməsində əlavə məlumat verir. Onurğanı palpasiya etdikdə  fəqərələrin ətrafında yerləşən əzələlərdə gərginlik, spazm qeyd edilir, ən çox travmalar və onurğanın digər zədələnmələri zamanı əzələ tonusunun yüksəlməsi müşahidə edilir. Onurğanın görüntüləmə müayinələri arasında rentgen müayinənin, komputer tomoqrafiya və maqnit-rezonans tomoqrafiyanın xüsusi rolu vardır, beləki bu müayinələr zamanı zədələnmənin yeri aşkar edilərək, diaqnoz dəqiqləşdirilir və gizli patologiyaları aşkara çıxartmaq mümkün olur. Diaqnostik məlumatlar müalicə həkiminə düzgün müalicə metodu ilə yanaşmağa, xəstəni müalicə etməyə imkan verir. Osteoxondrozun müalicəsi  1. Osteoxondrozun konservativ müalicəsi Osteoxondrozun konservativ müalicəsinə müxtəlif ağrıkəsici dərmanlar, miorelaksantlar, xondroprotektorlar aid edilir. 2. Osteoxondrozun müalicəsində fizioterapiya metodları Osteoxondrozun müalicəsində müxtəlif fizioterapiya üsullarından, elektrofarez, ulutrasəs dalğa müalicəsi, TİENS, müxtəlif vannaların qəbulu, dartma üsülları, müalicəvi bədən gimnastikası, manual terapiya və s istifadə edilir. 3. Osteoxondrozun fəsadlarının cərrahi müdaxiləsi Fəqərəarası disk yırtıqları, fəqərə sürüşmələri, onurğanın patoloji əyrilikləri osteoxondrozun fəsadlarə kimi də meydana çıxa bilir. Bu zaman cərrahi müdaxilə ən son seçim olmalıdır. Osteoxondrozun müalicəsində Proloterapiya Osteoxondrozun müalicəsi zamanı müxtəlif ağrıkəsiciqeyri-steroid iltihab əleyhinə və hormonal dərmanlardan , əzələ spazmını aradan götürən vasitələrdən, xəstənin həyat fəaliyyətini yaxşılaşdırmaq üçün müxtəlif konservaiv müalicələrdən və eləcə də fizioterapiya metodlarından istifadə edilir. Bütün bu müalicələrin məqsədi ağrını müvəqqəti də olsa kəsmək insanın həyat keyfiyyətini aşağı salan, hərəkət məhdudluğu verən ağrılardan xilas etməkdir. Nəticədə ağrı kəsilsə də onurğa zədəli olaraq qalır və vaxtaşırı simptomlar ortaya təkrar və daha ağır fəsadlarla çıxmış olur. Bir çox əzələ-oynaq xəstəliklərində istifadə edilən bərpaedici müalicə metodu proloterapiya osteoxondrozun müalicəsində də geniş istifadə edilir. Proloterapiya ilə osteoxondrozu və onun fəsadlarını- fəqərəarası disk yırtığı, protruziyası və qabarmasını, onurğa əyriliklərini,skoliozu tam müalicə etmək mümkündür. Proloterpiya metodu ilk dəfə Amerikada yaranmışdır və tətbiq edilmişdir, bundan başqa bir çox avropa ölkələrində, Türkiyədə və artıq 5 ildir mənim tərəfimdən ölkəmizdə də müvəfəqiyyətlə tətbiq edilir. Proloterapiya proliferasiya sözündən götürülmüşdür. Bildiyimiz kimi proliferasiya sağalmada ən önəmli prosesdir. Orqanizmin özünün sağaldıcı sistemi vardır. Yəni özü-özünü bərpa edə bilir. Necə ki yaralanan əlimiz qaysaqlanaraq sağalır. Osteoxondroz zamanı zədələnmiş oynaqlar, disklər və bağ apparatı iynə vasitəsi ilə yeridilən proliferativ məhlul ilə bərpa edilrək gücləndirilir və tam sağalma əldə edilir. Bir çox tədqiqatlar proloterapiya müalicəsindən sonra fəqərəarası disk yırtığının ölçülərində əhəmiyyəli kiçilmələr olduğunu göstərir. Artıq qəbul edilmişdir ki ağrıkəsici və ya hormonal dərmanlar degenerativ prosesləri artırır, zədələnməni daha da artırır. Ağrı xəstəliyin yalnız nəticəsidir, proloterapiya isə xəstəliyin səbəbini müalicə edir və elə ona görə də qalıcı nəticə verir. Bəs proloterapiya kim tərəfindən edilməlidir? Hər bir sahədə olduğu kimi proloterapiya da mütləq bir proloterapiya mütəxəsisi tərəfindən tətbiq edilməlidir. Əks təqdirdə çox ağır nəticələrlə üzləşmək mümkündür. Proloterapiya ilə osteoxondrozun müalicəsi 97% effektivdir. Lakin bu metoda düzgün xəstə seçimi ve proloterapiyanı edən həkimin bu işdə təcrübəsi və əl bacarığı böyük əhəmiyyət daşıyır. Proloterapiya cərrahiyəyə alternativ ola bilərmi? Bəli, proloterapiya metodu cərrahi müdaxilələrə alternativ bir müalicədir. Osteoxondrozdan, fəqərəarası bel yırtıqları və protruziyalardan əziyyət çəkən millionlarla  xəstələr proloterapiya ilə əməliyyata getməkdən xilas olmuşlar. Əksinə əməliyyat olunan və hələ də ağrıları keçməyən xəstələrin də köməyinə proloterapiya gəlmişdir. Proloterapiya 3-4 həftədən bir aparılan 30-40 dəqiqəlik prosedur olub 3-8 seans aparıla bilir. Ağrısız, tamamən zərərsiz bir müaicə olub əzələ-oynaq xəstəliklərində tam, qalıcı sağalma verir. Proloterapiya etdirmədən əməliyyat qərarı almayın! Unutmayın kortikosteroid=degenerasiya, proloterapiya= regenerasiya © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 28.04.2018

uşaqlarda hipospadiya nədir

Uşaqlarda hipospadiya (Peyğəmbər sünnəti)

Uşaqlarda hipospadiya nədir? Hipospadiya – oğlan uşaqlarında sidik-cinsiyyət sisteminin anomaliyası olub, əsasən, sidik kanalı dəliyinin patoloji yerdəyişməsi ilə xarakterizə olunur. Xəstəliyin morfoloji ekvivalenti uretranın arxa divarının olmamasıdır. Patoloji dəliyin yaranması hesabına sidik kanalının distal ucluğu cinsiyyət orqanının başında deyil, onun arxa hissəsində və ya aralıqda yerləşir. Son statistikaya görə, yeni doğulmuş oğlan uşaqlarında hipospadiyanın rastgəlmə tezliyi 1:150-dir. Bu xəstəlik androgen çatışmazlığının əlaməti kimi dəyərləndirilir. Təcrid olunmuş hipospadiyaya nadir hallarda rast gəlinir. Bu, əsasən, cinsiyyət sisteminin başqa patoloji dəyişiklikləri ilə izah olunur: kriptorxizm, ginekomastiya, hidronefroz, qasıq yırtığı və s. Hipospadiya müstəsna olaraq, kişi patologiyası hesab edilir. Lakin bu anomaliyaya bəzən qızlarda da rast gəlinir. Uretranın arxa divarının olmaması və onun distal hissəsinin dislokasiyası sidiyin saxlanmaması probleminə gətirib çıxarır, bu isə pasiyentin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır.    Hipospadiya uşaqlarda sidik ifrazı ilə əlaqədar bir sıra çətinliklər yaradır. Əksər hallarda sidiyə getmək üçün oğlan uşağı oturaq vəziyyət almalı olur ki, bu da onun həmyaşıdları arasında istehza doğurur. Ona görə də kişi cinsiyyət orqanındakı problemlər bir sıra komplekslərə, psixoloji narahatlıqlara səbəb ola bilər.  Uşaq hipospadiyasının yaranma səbəbləri Cinsi mənsubiyyət əlamətləri bətndaxili inkişafın artıq beşinci həftəsində özünü göstərməyə başlayır. Sidik-cinsiyyət sisteminin normal inkişafı steroid hormon olan – testosteron tərəfindən tənzimənir ki, bunun da ifrazı embriogenezin 8-ci həftəsindən başlanır.     Hamiləliyin birinci və ikinci trimestrləri gələcək uşağın cinsiyyət orqanlarının formalaşmasında kritik period hesab olunur. Sidik-cinsiyyət sisteminin histogenez və orqanogenezinin patogenetik pozulma mexanizmi xromosom anomaliyaları, ayrı-ayrı genlərin defektləri ilə səciyyələnir. Hipospadiyanın yaranması üçün xromosom və gen zədələnməsi mütləq şərt deyil. Bəzi hallarda ana və uşaq arasındakı hormonal disbalans özünü göstərir. Yeni doğulmuşlarda hipospadiyanın konkret yaranma səbəbini müəyyənləşdirmək kifayət qədər çətindir. Sidik-cinsiyyət sisteminin anadangəlmə patologiyası bir sıra səbəblərdən yarana bilər:  – Hamiləlik dövründə embriotoksik və fetotoksik preparatların qəbulu;  – Ananın pis vərdişləri;  – Hamiləlik dövründə antiandrogen təsirli hormonal preparatların qəbulu;  – Anannın qeyri-rasional qidalanması;  – Bətndaxili infeksiya;  – Hamiləlik dövründə ağırlaşmalar (hamiləliyin pozulma təhlükəsi, ağır taksikozlar, qanaxmalar və s.). Uşaq hipospadiyasının əlamətləri Hippospadiyanın kliniki mənzərəsi uretranın üst dəliyinin lokallaşmasından və onun daralma dərəcəsindən asılıdır. Hipospadiyanın yüngül formaları sidik ifrazının ciddi pozuntusuna gətirib çıxarmır. Ona görə də belə pasiyentlərin rekonstruktiv əməliyyata ehtiyacı olmur. Xarici dəliyin diametri kiçik olarsa, uşaq sidiyə çətin və nazik şırnaqla, ləngiyərək getməsindən şikayətlənəcək. Subkoronal forma kişi cinsiyyət orqanının qismən əyə bilər ki, bu da sidik ifrazını çətinləşdirir. Sidik şırnağı ayaqlar tərəfə yönəlir və bunun qarşısını almaq üçün uşaq özünə “rahat” vəziyyət seçməli olur. Penil hipospadiyada çinsiyyət orqanı əhəmiyyətli dərəcədə deformasiyaya uğrayır. Tualete getmək üçün uşaq penisini dartaraq yuxarı qaldırmalı, yaxud da oturaq vəziyyət almalı olur. Uretranın daralması sidiyə getmək baxımından ciddi problem yaradır. Uşaq iki səbəbdən tualetə getməyə çətinlik çəkir: əvvəla o, sidik uretranın daralmış hissəsindən keçənədək əziyyət çəkir, ikinci tərəfdən sidiyə getmək üçün oturaq vəziyyət almalı olduğundan psixoloji diskomfort hiss edir.   Xayalıq və aralıq  hipospadiya zamanı uşağın xarici cinsiyyət orqanı şəkildəyişməyə məruz qalır – penis çox kiçik, deformasiyaya uğramış olur. Belə halda sidiyə getmə yalnız oturaq halda mümkün olur. Sidik ifrazı xeyli çətinləşir.   Hipospadiya digər inkişaf anamoliyaları ilə yanaşı da ortaya çıxa bilər. Uşaqlarda sidik-cinsiyyət sisteminin anadangəlmə patologiyası hormonal pozuntulardan irəli gəldiyindən, hipospadiyalı oğlanlarda ikincili cinsi əlamətlər çox vaxt olmur, bunun əvəzinə feminizasiya simptomları ortaya çıxır (ginekomastiya və s.). Uşaq hipospadiyasının diaqnostikası Hipospadiyanı artıq yeni doğulmuş uşağın ilkin müayinəsində aşkara çıxarmaq mümkündür. Yüngül və orta-ağır formalar pediatr tərəfindən asanlıqla müəyyənləşdirilir. Xarici cinsi əlamətlər (penis, xayalıq və xayalar) özünü göstərsə də, bəzi dəyişikliklərə uğrayır. Belə uşaqların cinsiyyət orqanı əyilmiş ola bilir, bəzən kriptorxizm aşkara çıxır. Lakin uretra dəliyinin yerdəyişməsi artıq hipospadiyanın ilkin diaqnostik meyarı sayılır.     Hipospadiyanın ağır formaları doğuşdan sonra uşağın cinsinin düzgün identifikasiya edilməməsinə səbəb ola bilər. İnkişafdan qalmış xarici cinsiyyət orqanları, xayalığın ikiləşməsi, xayaların olmaması həkimləri çaşdırır.   Belə mübahisəli hallarda digər diaqnostika metodlarından istifadə edilir ki, onların vasitəsilə uşağın cinsi yüksək dəqiqliklə müəyyənləşdirilir. Buraya daxili orqanların ultrasəs müayinəsi və s. aiddir.   Uretranın vəziyyətini öyrənmək üçün urofloumetriya, USM, venadaxili uroqrafiya və sistouretroqrafiya kimi instrumental müayinə metodlarından istifadə olunur. Uşaq hipospadiyasının müalicəsi Hipospadiya anadangəlmə inkişaf anomaliyalarına aid olduğundan onun medikamentoz müalicəsindən danışmağa dəyməz. Bu qüsuru aradan qaldırmaq üçün cərrahi üsullardan istifadə olunur. Sidik-cinsiyyət orqanları üzərində aparılan əməliyyatlar rekonstruktiv və plastik cərrahiyyəyə aiddir. Cərrahi müdaxilənin məqsədi təkcə xarici cinsiyyət orqanlarının anatomik quruluşunu yox, həmçinin, əsas funksiyalarını bərpa etmək və estetik defekti aradan qaldırmaqdır.     Cərrahi müalicənin effektivliyi onun aparılma dövründən asılıdır. Hipospadiyanın cərrahi müalicəsi üçün optimal period – iki yaşadəkdir. Əməliyyat nə qədər yubadılarsa, uretranın və cinsiyyət orqanının anatomik quruluşunu bərpa etmək bir o qədər çətin olur. Bundan başqa, üç yaşdan sonra uşaqlar qız və oğlan arasındakı müəyyən fərqləri dərk etməyə başlayırlar, bu baxımdan anadangəlmə qüsur gələcəkdə uşağın psixoloji travma almasına gətirib çıxara bilər.    Bu gün hipospadiyanı aradan qaldırmaq üçün yüzlərlə cərrahi texnika mövcuddur. Lakin xəstəliyin hər bir vəziyyəti fərdi yanaşma tələb edir. Hipospadiya zamanı medikamentoz müalicə əməliyyatdan sonrakı dövrdə bakterial infeksiyaların profilaktikasına, lazım gələrsə, ağrı sindromunun aradan qaldırılmasına yönəldilir. Ayrı-ayrı hallarda endokrinoloq tərəfindən fərdi hormonal korreksiya proqramı təyin edilir. Uşaq hipospadiyasının ağırlaşmaları Hipospadiya radikal müalicə tələb edən bir xəstəlikdir. Medikamentoz preparatlar, ələləxüsus da xalq təbabəti vasitələri bu qüsuru heç cür aradan qaldıra bilməz. Əks halda, hipospadiya inkişaf edəcək və uşaq üçün ciddi narahatlıqlar, gələcəkdə isə psixoloji sarsıntılar yaşadacaq. Hipospadiyanın əsas əlamətlərindən başqa (uretranın daralma səbəbindən sidik ifrazının çətinləşməsi, ağrılı ereksiya), belə pasiyentlərdə bir sıra ağırlaşmalar da ola bilər:  – Cərrahi korreksiya vasitəsilə çətin aradan qalxan uretra və xarici cinsiyyət orqanlarının dayanıqlı morfoloji dəyişikliyi;  – Svişlər;  – Sonsuzluq;  – Cinsi natamamlıq fonunda yaranmış psixi pozuntular. Mövzu ilə bağlı video: © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 28.04.2018

Spinner