qanazlığının səbəbləri və müalicəsi

Qanazlığı

4532
Müəllif: Terapevt Pərvanə Fətullayeva

Qanazlığının səbəbləri hansılardır?

Qan azlığının ən çox rast gəlinən səbəbi dəmir defisitidir. Bundan başqa B12 defisiti, fol turşusu defisiti, sümük iliyi çatmamazlığı, iltihabi xəstəliklər, böyrək xəstəlikləri, mədə - bağırsaq sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri, revmatoloji xəstəliklər, endokrin pozğunluqlar kimi çox səbəblərdən də qanazlığı yarana bilər. 

Qanazlığı nədir?

Vücudumuzda toxumalara oksigen daşınması funksiyasını eritrositlərdə olan hemoqlobin yerinə yetirir. Hemoqlobinin qadınlarda 120 q/l, kişilərdə isə 140 q/l dən aşağı olması anemiya - qan azlığı halı olaraq dəyərləndirilir. 

Qanazlığı üçün risk qrupları:

1. Hamilələr və laktasiya dövründə olan qadınlar;
2. Körpələr və uşaqlar; 
3. Fertil yaşda olan qadınlar (bəlli miqdardan artıq qan itirilməsi ilə gedən;
menstruasiya ilə əlaqəli dəmir depolarının tükənməsi);
4. Pubertat - intensiv böyümə dövrü;
5. Tərkibində az dəmir olan pəhrizlə qidalananlar. 

Qanazlığının əlamətləri:

1. Halsızlıq, yorğunluq, yuxululluq;
2. Baş ağrısı, baş gicəllənmə;  
3. Dad hissinin təhrif olunması;
4. Dəri örtüyünün solğunluğu (xüsusilə ovucların və selikli qişaların);
5. Dərinin quruluğu, ağız bucaqlarında çatlar;
6. Dilin selikli qişasının hamarlaşması köndələninə cızıqlanmış dırnaqlar, onlarda qaşığa bənzərliyin formalaşmasına meyllilik;
7. Saçların qırılması və tökülməsi;
8. Ürəkdöyünmə, döş qəfəsində ağrılar;
9. Bayılma.

Qanazlığının müalicəsi

Dəmirdefisitli anemiya təsdiq olunmuşsa müalicə mütləq dəmir preparatlarının əsasən daxilə qəbulu ilə aparılır. Pəhrizlə defisiti bərpa etmək olmaz. Hemoqlobinin miqdarı normallaşdıqdan sonra da dəmir depolarının bərpası üçün müalicəni həkimin təlimatı üzrə 4-6 ay qəbul etmək lazımdır.

Qanazlığının profilaktikası

Orqanizmin dəmirə olan gündəlik təlabatı 10-15 mq-dır. Dəmirin mənbəyi əsasən qırmızı ətdir. Heç bir meyvə-tərəvəz gündəlik dəmir təlabatını ödəyəcək miqdarda dəmirə sahib deyil, eyni zamanda heyvani mənbədən alınan dəmir orqanizm tərəfindən yaxşı mənimsənilir.
 
C vitamini tərkibli meyvələr (limon, portağal) dəmirin sorulmasını yaxşılaşdırırlar. Dəmirin sorulması qidada olan bəzi maddələrin təsirindən (çayda olan tanin, fosfor turşusu fitin, kalsium duzları, süd), eləcə də bəzi dərman maddələrinin dəmirlə eyni vaxtda qəbulu zamanı (tetrasiklin, almagel, fosfalügel, kalsium preparatları, levomisetin, penisillin və s.) azala bilər. 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.