zəhərli zob nədir əlamətləri

Zəhərli zob

20708
Müəllif: Endokrinoloq Ayşən Xəlilova

Paylaşıldı: 04.05.2018
Ayşən Xəlilova

Zəhərli zob nədir?

Zəhərli zob – tibdə bu xəstəliyə toksik ur (Qreyvs xəstəliyi) deyilir. Bu qalxanvari vəzinin ölçülərinin və funksiyasının artması ilə xarakterizə olunur. Bu zaman qana həddindən artıq qalxanvari vəzi hormonları ifraz olunur.

Zəhərli zobun yaranma səbəbləri

Toksik zob (zəhərli zob) immun sistemində yaranmış defekt nəticəsində yaranır. Bu tip xəstəliklər autoimmun xəstəliklər adlanır. Bu xəstəlik zamanı yaranmış anticisimciklər qalxanvari vəzi toxumasını daim qıcıqlandraraq onun ölçülərinin böyüməsinə, vəzin  funksiyasının artmasına və qana həddindən artıq hormon ifrazına səbəb olur.

Hormonların artıq ifrazı maddələr mübadiləsini surətləndirir, maddələr mübadiləsini həddindən artıq surətləndirir, orqanizmin müxtəlif orqan və toxumaların həyat fəaliyyəti üçün vacib olan enerji ehtiyatını tükəndirir. Bu zaman ən çox zədələnən sinir  sistemi və ürək-damar sistemidir.

Zəhərli zobun simptomları

Daha çox yayılmış əlamətlərinə əsəbilik, qıcıqlanma, kəskin arıqlama, əllərdə və bütün bədəndə əsmə ( tremor), gözlərdə bərəlmə, ürək çırpınması, təngnəfəslik, boğulma, temperaturun bir qədər artmasını misal göstərmək olar.

Ürək çırpınması 1 dəqiqədə 120-130 vurğuya çata bilir. Xəstəlik vaxtında müalicə olunmadıqda, ürək-damar sistemi tərəfindən geri dönməz dəyişikliklər baş verir. Toksik zobu olan pasientlər digərlərindən istahanın kəskin artmasına baxmayaraq, kəskin arıqlama (10-15 kq), ümumi zəiflik və tərləmənin artması ilə seçilirlər. İstilik tənziminin pozulması nəticəsində pasientlərə həddindən artıq isti olur, hətta ətraf mühitin ən aşağı temperaturu belə olduqda üşümə hiss etmirlər.

Mədə-bağırsaq tərəfindən ürəkbulanma, qusma, idarə olunmayan ishal pasientlərin geniş yayılmış şikayətlərindəndir. Artıq hormonun təsirindən sümüklərdən kalsium yuyulmağa başlayır  və nəticədə osteopeniya yaranır.

Qadınlarda aybaşı pozğunluqları, kişilərdə cinsi pozğunluqlar da bu xəstəliyin əsas əlamətlərindəndir.

Zəhərli zobun diaqnostikası

Pasientin obyektiv halı (danışıq tərzi, görünüşü, gözlərin vəziyyəti, nəbzin və təzyiqin ölçülməsi) həkimə diaqnozdan şübhələnməyə imkan verir.

Toksik zoba şübhələndiyimiz zaman qanda hipofiz hormonlarından TSH, həmçinin sərbəst T4 və T3  yoxlanması mütləqdir. Lazım gəldikdə qanda anticisimciklərin müayinəsi də istənilə bilər. Zəhərli zob zamanı istifadə olunan instrumental müayinə metodlarından ən geniş yaılanı ultrasəs müayinəsidir ki, bu da qalxanvari  vəzinin üzvi dəyişiklikləri haqda məlumat vermiş olur. Daha sonra toksikliyin Qreyvs ilə əlaqəsi olub-olmadığını sinsitiqrafiya ilə dəqiqləşdirmək olar.

Zəhərli zobun növləri

Xəstəlik qalxanvari vəzinin ölçülərindən asılı olmayaraq gedişinin ağırlığından asılı olaraq 3 qrupa bölünür.
 – Yüngül forma – Pasientin şikayətləri əsasən, nevrotik xarakterdədir. Ürək ritmi pozumayıb, ürək vurğularının sayı 1 dəqiqədə 100 vurğunu keçmir.
 – Orta ağır forma – ayda 8-10 kq çəkinin itirilməsi, Ürək vurğularının sayı 1 dəqiqədə 100-110 vurğu olması.
 – Ağır forma – Həddindən artıq çəkinin itirilməsi (üzülməyə qədər), ürək, mədə-bağırsaq sistemi, qaraciyər, böyrək funksiyalarının pozulması olur.

Zəhərli zobun müalicəsi

 – Dərman müalicəsi (antireoid preparatlarla) Bu zaman tirozol, metimazol, propiltiourasil preparatlarından istifadə olunur). Bu preparatlat qalxanvari vəzi toxumasında toplanaraq tiroid hormonlarının ifrazını basqılayır.

 – Radioaktiv yodla müalicə (dərman preparatları kömək etmədiyi hallarda, yaşlı pasientlərdə istifadə olunur. Effektiv müalicə metodu sayılır.)

 – Cərrahi müalicə (bu metoddan öncə də adətən dərman müalicəsi ilə yüngül yaxşılaşma əldə olunmalıdır).

Zəhərli zobun profilaktikası

Ağır tireotoksik vəziyyətdən qaçmaq üçün, qalxanvari vəzin ölçüləri böyümüş. Ancaq funksiyası dəyişilməmiş  pasientlərin tez-tez instrumental və hormonal müayinələrdən keçirilməsi mütləqdir.

Həkim tərəfindən vaxtında və düzgün qoyulmuş diaqnoz və buna müvafiq aparılan müalicə, pasientləri müxtəlif orqan və toxumalarda geri dönməz dəyişikliklərin yaranmasından qoruyur.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.