proloterapiya ilə miqren ağrısından qalıcı olaraq qurtulun

Miqren: səbəbləri, əlamətləri və müalicəsi

Bir çox miqren ağrısı çəkən xəstə ağrılarının keçməyəcəyini və ömür boyu bu ağrıları çəkəcəyi düşüncəsini qəbul etmişdir.Çünki miqren ağrısı səbəbi ilə bir çox həkimə baş vurmuş,bir çox müayinə(MR, Tomoqrafiya, Rentgen, Qan Testi və s.) olunmuşdur, miqren ağrısı isə müxtəlif müalicələrə baxmayaraq davam edir və hər yeni müalicə xəstəni daha ümidsiz hala gətirir. Bu vəziyyətin əsl səbəbi nədir? Günümüzdə, texnologiya və tibb irəliləməsinə baxmayaraq, niyə miqren ağrısı tam olaraq müalicə edilmir? Çünki, mövcud müalicələrin böyük əksəriyyəti yalnız ağrı kəsilməsi üçün simptomatik  müalicələrdir. Bu müalicələr nəticəsində miqren ağrısı ya biraz yüngülləşir və ya bir müddət sonra davam edir, hətta daha da ağırlaşır. Miqren nədir? Miqren, daha çox birtərəfli və şiddətli başağrıları olub, ürəkbulanma-qusma, səsə və işığa həssaslıq əlamətləri ilə müşayiət olunan   ciddi bir xəstəlik hesab edilir. Miqren ağrısının dözülməzdir, həyat keyfiyyətini aşağı salır və ağrılar saatlar hətta günlərlə davam edə bilir . Hər 4 qadından biri miqrendən əziyyət çəkir . Bu ağrılara səbəb üçlü sinir ucluqlarının qıcıqlanması,  iltihab mediatorların qanda artması, bədənimizi idarə edən vegetativ sinir sistemindəki dəyişikliklərdir. Əsasən, boyun bölgəsində yerləşmiş olan vegetativ sinir sisteminə bağlı nasazlıqların aradan qaldırıldıqda miqren ağrılarının azalması qeyd olunmaqdadır. Buna görə miqreni meydana gətirən əsas  səbəb anadan olarkən yaşanmış boyun travması və ya sonradan qazandığımız doğru düzgün  xatırlamadığımız bir yol qəzası, yüksəkdən düşmə ya da zərbəyə bağlı bir boyun travması ola bilər. Boyun və kürək bölgəmizdəki əzələlərin qeyri-düzgün istifadəsinə  bağlı olaraq zamanla zədələnməsi  müəyyən bir müddət sonra qarşımıza başağrısı olaraq çıxmaqdadır. Miqren ağrılarını artıran və azaldan faktorlar vardır.  Miqren ağrılarını artıran səbəblər: Bəzi xəstələr miqren ağrısını artıran faktorları çox dəqiq saysalar da, bu hal bütün miqren xəstələrinə aid edilməyə bilər.  Ümumi olaraq miqren ağrısını provokasiya edən səbəblər aşağıdakılardır:  – Parlaq və parlayan işıqlar, yüksək səs  və səs-küy, dumanlı mühit;  – Temperatur dəyişikliyi;  – Kəskin və güclü qoxular və parfumlər;  – Fiziki və emosional stress, gərginlik, narahatlıq, depressiya və ya aşırı həyəcan;  – Uzun sürən uçuş səbəbindən həddindən artıq yorğunluq, məşq və aşırı yorğunluq;  – Allergiya və allergik reaksiyalar;  – Yuxu rejimi və nizamsız yuxu dəyişiklikləri;  – Siqaret çəkmə və ya siqaret çəkmə mühitinə məruz qalmaq;  – Qida rejimində dəyişikliklər, yemək yeməmək və qan şəkərinin düşməsi;  – Dehidrasiya (həddindən artıq susuzluq);  – Alkohol istifadəsi;  – Menstrual tsiklin disfunksiyası, kontraseptiv dərmanların  istifadəsi ya da menapauzaya bağlı hormonal dəyişikliklər;  – Gərginlik baş ağrısının olması;  – Tiramin tərkibli yeməklər (pendir, qırmızı şərab, hisə verilmiş balıq, əncir, paxla, toyuq ciyəri);  – Şokolad, fındıq / fındıq yağı, avokado, banan, soğan, sitrus meyvələri və sitrus bitkiləri, süd məhsulları;  – Fermentli və ya turşu məhsulları və turşuları;  – Yuxu dərmanları, kontraseptiv dərmanlar, hormonal dərmanlar ... Miqren ağrısına səbəb olan faktorlar heç də həmişə miqrenin səbəbi deyil, miqrenə səbəb olan amillərdən qaçmaq isə miqrenin qarşısını almır. Hər kəsdə  miqren ağrısını provokasiya edən  faktorlar fərqlidir. Miqrenin əlamətləri nələrdir? Miqrenin əlamətləri başın bir tərəfinə: daha çox gicgah, ənsə və gözə yayılan ağrılar olub, boyun əzələlərinin spazmı və yanaşı olaraq ürəkbulanma, qusma, səsə və işığa həssaslıq aid edilə bilər. Qusmadan sonra bir çox xəstələrdə başağrılarının azalması miqrenə xarakterik göstəricidir Miqren öncəsi əlamətlər: göz önünüdə rəngli işıqlar, qara kölgə, müxtəlif qoxular, əllərdə və ya üzdə uyuşma, qarışqa gəzmə hissinin olması  "aura" adlanır və bir çox xəstə bu əlamətlər meydana gəlməyə başladığında müəyyən bir müddət sonra miqren ağrısının meydana gələcəyini deyir.Hər miqren ağrısı eyni olmasa da, miqren tipik simptomlarını aşağıdakı kimi göstərə bilərik: – Orta və ya ağır baş ağrısı, başın bir tərəfində ağrı adətən məhduddur; – Ağrı əsasən, nəbz atışı şəklindədi, pulsasiya edicidir; – Fiziki fəaliyyət ağrıları kəskinləşdirir; – Ağrı səbəbi ilə gündəlik təkrarlanan fəaliyyətlərdə çatışmazlıq və gücsüzlük gözlənir; – İşıq və səs-küyə qarşı həssaslıq artmışdır və bu həssaslıq səssiz və qaranlıq bir otaqda uzanaraq azalır.Tipik olaraq xəstələr səssiz və qaranlıq bir otaqda uzanmaq istəyirlər;  – Bəzi xəstələr tərləmə, temperatur dəyişikliyi, qarın ağrısı və ishal kimi əlamətlər göstərir. Auralı miqren Bir çox xəstə baş ağrısı başlamazdan əvvəl və ya "aura" adlı baş ağrısı zamanı bəzi xəbərdarlıq əlamətləri təsvir edir. Auralar aşağıdakılardır: – Baş qarışdırıcı düşüncələr və təcrübələr; – Fotoaparat  flaşı kimi parlayan qəribə işıqlanma; – Görmə sahəsində ziqzaqvari  xətlər; – Görmə sahəsindəki kor ləkələr və ya boş sahələr; – Qollarla və ayaqlarda gizildəmə və iynəbatma; – Danışıq çətinliyi; – Boyunda, çiyinlərdə və qollarda gərginlik,sancılar; – Xoşagəlməz, kəskin qoxu. Miqren baş ağrısı olan bir çox insan bu simptomlar birüzə etməyə başladığında baş ağrısı başlayacağını bilirlər ... . Miqrenin müalicəsi Əgər migren müalicəsində ümumiyyətlə, istifadə edilən müalicə metodlarını göstərsəydik: 1. Dərmanlar (ağrıkəsicilər, serotonin agonist, antidepresantlar və digər dərmanlar) .Dərmanlar müəyyən bir müddət təsirli ola bilər amma çoxu ciddi ağrılarda qeyri-kafi qalırlar və davamlı dərman istifadəsinin də sağlamlıq baxımından zərəri vardır. Ayrıca ağrıya təsir edən dərman dozası bir müddət sonra təsirsidir  və doza artırılmaqdadır, dərmanların özü ağrının səbəbi olmağa başlayır. 2. Botilinium toksini: Miqren botoksu kiçik iynələrlə miqren ağrı nöqtələri boyunca alın, gicgah, ənsə və boyun nahiyəsinə inyeksiya edilir. Müalicə 6 aydan bir aparılır. Effektivliyi azdır. 3. Miqren əməliyyatı: Boyun bölgəsindən başımızın yuxarısına doğru çıxan sinirlərin diseksiyonu və kəsilməsi prosesi.Əməliyatdan sonra sinir ötürülməsi kəsildiyi üçün ağrı bir müddət yox olur lakin ağrını meydana gətirən əsl səbəb ortadan qaldırılmadığı üçün ağrılar təkrar ortaya çıxmaqdadır. Bütün bu müalicələrdən başqa istifadə üsulları da vardır. Ancaq bu müalicələr və digər bütün üsullar yalnız ağrını kəsməyə istiqamətli yanaşmalar olduğu və ağrının əsl səbəbini ortadan qaldırmadıqları üçün müəyyən bir müddət təsirli olmaqda, qalıcı bir nəticə meydana gətirə bilməməkdədirlər. 4.Boyun və kürək nahiyəsinə təyin olunan proloterapiya iynələr vasitəsilə  bu nahiyələrdəki əzələ və bağ gərginliklərini azaldaraq vegetativ sinir sisteminə təsir edərək bu təsiri ortadan qaldırır. Beləcə miqren ağrısı və digər əlamətləri (işıq qığılcımları, bulanıq görmə, ürəkbulanma, qusma) tam aradan qalxır.Müalicə effekti 90%dir, təsir müddəti uzunmüddətlidir.   Yaxşı, cəmiyyətin əhəmiyyətli bir hissəsini ciddi bir şəkildə təsir edən miqren ağrısının gerçək və qalıcı müalicəsi mümkün müdir? Miqren müalicəsində "Osteopatiya",  miqren ağrısının səbəbini ortadan qaldıraraq müalicə edən və qalıcı nəticə ala biləcəyiniz bir müalicə üsuludur ... Həyatımızı əhəmiyyətli dərəcədə təsir edən miqren ağrılarının müalicəsi mümkündür.Bunun üçün əvvəlcə xəstənin anamnezii yaxşı bir şəkildə araşdırılmalıdır. Bəlkə də illər əvvəl keçirilən bir yol qəzası, ya da boyuna alınan zərbə ya da xəstənin davamlı olaraq kondisionerə məruz qalması miqren hücumlarına səbəb olmaqdadır. Bunun yanında ediləcək fiziki müayinə ilə birlikdə adamın kürək və boyun əzələləri ilə boyun oynaqları və bağlarındaki gərginlik təsbit edilərək buna istiqamətli müalicə tətbiq olunur. Boyun bölgəsinə tətbiq olunan osteopatiya ilə birlikdə miqren ağrısı böyük nisbətdə bir neçə seansda keçməkdədir. Osteopatiya ilə boyun və kürək bölgəsindəki qeyri-sabitlik, oynaq və bağlardaki disfunksiya müalicə edildiyi üçün miqren ağrısının əsl səbəbi ortadan qaldırılmış olur. Beləcə xəstələrdə uzunmüddətli müalicə əldə edilir.İlk seansdan sonra belə xəstələr ağrılarının yüngülləşdiyini, miqren hücumlarının müddəti və sıxlığının azaldığını qeyd  deyirlər.    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az   

Paylaşıldı: 13.05.2018

uşaq qidalanması necə olmalıdır

Uşaq qidalanması

Körpə orqanizmi çox zərif və həssas bir strukturdur. Onun həyatının ilk 3 ilində qəbul etdiyi qidalar gələcək sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqlarını düzgün qidalandırsınlar. Bir qrup mütəxəssisin apardığı birgə tədqiqatlar zamanı uşağın müxtəlif dövrlərdə necə qidalanması haqda tərtib etdiklər qaydaları diqqətinizə çatdırırıq: 1aydan 4 ayadək Dünyaya gəldikdən sonra ilk vaxtlar körpə günün çox hissəsini yatır, ayılanda isə qidalanır. Uşaqların həyatlarında ən sürətlə böyüdüyü period məhz budur – boyu 3 sm, çəkisi isə 600 qr! Bununla yanaşı, körpə aktiv inkişaf edir və yeni bacarıqlara yiyələnir. Asrtıq 3-cü həftədə o, nəzərini hərəkətsiz əşya üzərində saxlamağı öyrənir, eləcədə qarnı üstə uzandıqda başını döndərməyə, qaldırmağa və bir neçə saniyə saxlamğa cəhd göstərir. Bu dövrdə uşağınıza lazım olan qida – ana südüdür. O, uşağı yaxşı qidalandırır, həmçinin, müxtəlif xəstəliklərdən qoruyur. 4 aydan 6 ayadək Artıq körpə bir qədər böyüyüb. O, ətrafını daha aktiv müşahidə edir və hətta eşitdiyi səsləri imitasiya etməyi öyrənir, sadə səslərdən daha mürəkkəb səslərə keçməyə başlayır. Uşağın artıq həzm sistemi formalaşıb, böyrəkləri möhkəmlənib, bağırsaqları uzanıb. Əmici refleks bu dövrdə zəifləyir və çeynəmə refleksi ilə əvəz olunur. Bütün bunlar körpəyə yeni təamları dadmağa şərait yaradır. Artıq uşağın qaşıq vasitəsilə qidalanmaq vaxtıdır. 6 aydan 8 ayadək Körpəniz artıq 7-ci ayına keçir, o artıq iməkləyir, oyuncaqları itirəndə nəzərləri ilə onları axtarmağa başlayır. İlk dişin çıxmağına lap az qalıb  - bu isə o deməkdir ki, yeni qidalara başlamaq lazımdır. Artıq uşağa sıyıqlar, dadlı südlü desertlər, hətta ət püresi yedizdirmək olar. Amma qida rasionuna ətin əlavə olunması müəyyən qaydalara müvafiq həyata keçirilməlidir. Dietoloqların tövsiyələrinə görə, bu dövrdən etibarən uşağı beşdəfəlik qida rejiminə keçirməyə cəhd göstərmək olar.   Uşağın aktiv hərəkət etməyə başlaması da elə bu dövrə təsadüf edir. O, hər şeyi əlinə götürməyə çalışır. Körpənizə bir az əli ilə qidasını oynatmağa şərait yaradın. Bu, kiçik motorika və təxəyyülün inkişafına yaxşı təsir göstərir. 8 aydan 12 ayadək Bu dövrdə uşaqların çəkilərində hər ay təqribən 500 qr, boylarında isə 2sm artım müşahidə edilir. Artım tempi bir qədər azalır, əvəzində fiziki imkanlar və psixika formalaşır. Bu, xüsusən vacib period hesab olunur, belə ki, körpənin şəxsiyyəti üzə çıxır və o, bacarıqlarını nümayiş etdirməyi öyrənir, özünü lap böyüklər kimi aparır! Övladınzı artıq bir çox meyvə və tərəvəzlərlə tanışdır. Ona görə də gələcək bir neçə ay ərzində tanıdığı qidaları qəbul edəcək, amma kiçik tikələrlə. Bu yaşda uşaq artıq müxtəlif qidaların dadını ayırd etməyi öyrənir.    12 ay və daha böyük dövrlər Artıq körpə öz həyatında doğulandan bu dövrədək çoxlu sevincli anlar yaşayıb – ilk təbəssüm, ilk sözlər, ilk dişlər...Əsasən, səs və hecalardan ibarət qığıltılar “ata” və “ana” sözlərinə transformasiya olunur. Yeri gəlmişkən, körpəniz bir yaşa qədər danışmırsa, narahat olmayın, əksər uşaqlar bir yaşından sonra dil açır. Həkim-pediatrlar körpəni “ümumi süfrəyə” cəlb eləməkdə tələsməməyi tövsiyə edirlər. Çünki bir yaş və yaşı bundan yuxarı olan uşaqların həzm sistemi böyüklərin həzm sistemindən fərqlidir. Ona görə də uşağın qida rasionuna istənilən dövrdə diqqətlə yanaşmaq vacibdir. Unutmayın ki, uşaq qidalanarkən onu əhatə edən mühit də ürəkaçan olmalı, prosesə maneçilik törətməməlidir. Belə olan halda körpəniz özünü xoşbəxt hiss edəcək. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 11.05.2018

ağciyərlərin xroniki obstruktiv xəstəliyi

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) insanın tənəffüsünü çətinləşdirən ağciyər xəstəliyidir. Bu, ağciyərlərin bir qayda olaraq, siqaret çəkmək səbəbindən zədələnməsi ilə səciyyələnir. AXOX adətən iki cür inkişaf edir: 1. Bronxitik forma. Xroniki bronxit zamanı havanın ağciyərlərə daxil olduğu tənəffüs yolları (bronxlar) iltihab vəziyyətində olur və daim çoxlu selik ifraz edir. Əgər xəstə 3 ay davamlı öskürürsə və bu, ildə 3 dəfə təkrarlanırsa, artıq xroniki bronxit demək olar. Bu zaman bronxların divarları qalınlaşır, bu da tənəffüs yollarının daralmasına (obstruksiyasına) səbəb ola bilər. Belə vəziyyətdə insan çox çətinliklə nəfəs alır.   2. Emfizematoz forma. Emfizema zamanı alveolların divarları zədələnir və elastikliyini itirir. Nəticədə ağciyərlərin qan və udulan hava arasındakı qaz mübadiləsi (oksigen və karbon) üçün faydalı sahəsi azalır. Oksigenin qana kifayət qədər daxil olmaması nəticəsində təngənəfəslik yaranır, insan hava çatışmazlığı hiss edir.  Xəstəliyin bu forması üçün xəstələrin arıq olması xarakterikdir. Zaman keçdikcə AXOX bir qayda olaraq, daha da ağırlaşır. Ağciyər toxumasının artıq başlamış zədələnmə prosesini saxlamaq mümkün deyil. Lakin ağciyərlərdəki alveolların dağılma prosesini ləngitmək üçün tədbirlər görmək, həmçinin AXOX-dən əziyyət çəkən xəstənin vəziyyətini yaxşılaşdırmaq olar.   AXOX-nin yaranma səbəbləri Əksər hallarda AXOX-in yaranmasına səbəb siqaret çəkmədir. Uzun illər tütün tüstüsü ilə nəfəs almaq tənəffüs yollarını qıcıqlandırır ağciyər alveollarının elastik liflərini dağıdır. Passiv siqaret çəkmə də çox ziyandır. AXOX-nin yaranmasına digər səbəblər kimi uzun müddət kimyəvi buxarlarlarla, toz və çirklənmiş hava ilə nəfəs almanı da göstərmək olar. Adətən ağciyər liflərinin dağılması prosesinin ilkin əlamətlərinin özünü göstərməsi üçün uzun illər tələb olunur. Ona görəd də AXOX daha çox 60 yaşından yuxarı adamlarda rast gəlinir. Bundan başqa, AXOX yaranma riski həyatı boyunca çoxsaylı və ciddi ağciyər infeksion xəstəlikləri keçirmiş adamlarda daha yüksəkdir, xüsusən də bu xəstəliklər uşaq yaşlarında keçirilibsə. 30 və ya 40 yaşlarında ağciyərlərin emfizeması diaqnozu qoyulmuş adamlarda alfa-1-antitripsin zülalının irsi anomaliyası ola bilər, lakin xoşbəxtlikdən bu patologiyaya nadir hallarda rast gəlinir.             AXOX-nin əlamətləri AXOX özünü, əsasən, aşağıdakı əlamətlərlə büruzə verir:  – Uzunmüddətli (xroniki) öskürək. Əzab verici öskürək, bəzən olur ki, güclü öskürək nəticəsində xəstələrin qabırğaları sınır.  – Öskürək zamanı bəlğəm; ​​​​​​​ – Fiziki yüklənmələr zamanı güclənən təngənəfəslik. ​​​​​​​ – İş qabiliyyətinin aşağı düşməsi. AXOX-nin diaqnostikası AXOX-nin olub-olmamasını müəyyənləşdirmək üçün pulmonoloq və ya terapevtin konsultasiyasına getmək vacibdir. O, tibbi baxış edəcək və ağciyərlərinizə qulaq asacaq. Bundan sonra əvvəllər keçirdiyiniz xəstəliklərə dair suallar verəcək. Siqaret çəkdiyinizi və ya ağciyəri zədələyə biləcək digər kimyəvi maddəllərlə təmasda olub-olmadığınızı soruşacaq.  Daha sonra xarici tənəffüsün funksional qiymətləndirilməsi üçün testlər aparılır (məsələn, spirometriya). Spirometriyanın nəticələri ağciyərlərin nə dərəcədə yaxşı işlədiyini göstərir.    Bundan başqa, həkim döş qəfəsinin rentgeni və digər testlər təyin edə bilər ki, simptomlara səbəb ola biləcək digər problemləri istisna etsin. AXOX daha çox Bronxial astma ilə müqayisə edilir. Bu isə yuxarıda qeyd etdiyim spirometriya müayinəsinə və xəstənin verdiyi məlumatlara əsasən fərqləndirlir. AXOX-nin mümkün qədər tez aşkar olunması vacibdir. Belə olan halda ağciyərlərin zədələnmə prosesini ləngitmək üçün tədbirlər görmək mümkündür. AXOX-nin müalicəsi AXOX-nin inkişafını ləngitmək üçün ən yaxşı üsul – siqareti tərgitməkdir! Bu, mümkün və ən vacib addımlardan biridir. Siqaret çəkmə müddətindən asılı olmayaraq, bu pis vərdişdən imtina etmək ağciyər dağılmasının qarşısını əhəmiyyətli dərəcədə ala bilər. Müalicə həkimi xəstəliyin simptomlarını yüngülləşdirən və əhvalı yaxşılaşdıran müalicə təyin edir ki, bu da həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Dərmanlar tənəffüsü yüngülləşdirməyə, təngənəfəsliyi aradan qaldırmağa və ya yüngülləşdirməyə kömək edə bilər. Dərman müalicəsindən başqa, ağciyər xəstəliklərinin reabelitasiya proqramı da mövcuddur ki, bunun sayəsində tutmaları düzgün idarə etməyi öyrənmək olar. Bu proqram üzrə mütəxəssislər xəstələri AXOX zamanı düzgün tənəffüs texnikasına öyrədirlər ki, bunun sayəsində tənəffüsü yüngülləşdirmək mümkündür. Bundan başqa, pasiyentlərə fiziki hərəkətlərin düzgün yerinə yetirilmə və düzgün qidalanma qaydaları tövsiyə edilir.     Xəstəliyin proqressivləşməsi zamanı bəzi xəstələrə oksigen terapiyası kursları keçmək tövsiyə oluna bilər.     AXOX-nin profilaktikası Burada tənəffüs yollarının infeksion xəstəliklərinin profilaktikası xüsusən vacibdir. AXOX-dən əziyyət çəkən adamlar ağciyər infeksiyalarına daha həssasdırlar. Bu cür xəstələrə hər il qripə qarşı peyvənd olunmaq göstərişdir. Bundan başqa, pnevmokokk peyvəndləri tövsiyə olunur ki, onlar AXOX-nin kəskinləşmə tezliyini və pnevmoniyanın yaranma riskini azaldır. Heç nəyə baxmayaraq, peyvəndlənmiş pasiyent pnevmaniya olarsa, xəstəliyin gedişatı xeyli yüngül olur.      Bundan başqa, ev şəraitində olarkən bəzi qaydalara əməl etmək lazımdır: ​​​​​​​ – Müxtəlif kimyəvi maddələrlə təmasdan qaçmaq; ​​​​​​​ – Evdə kondisioner və ya hava filtri istifadə etmək məsləhətdir; ​​​​​​​ – İş vaxtı fasiləyə çıxmaq vacibdir; ​​​​​​​ – Müntəzəm olaraq fiziki hərəkətlər etmək; ​​​​​​​ – Yaxşı qidalanmaq.     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 11.05.2018

hamiləlik diabeti nədir

Hamiləlik diabeti

Hamiləlik diabeti nədir? Hamiləlik diabeti (tibbi adı Hestasion diabet), qadında ilk dəfə hamiləlik zamanı qan şəkərlərinin yüksəlməsidir. Adətən bu problem hamiləliyin ikinci yarısında aşkarlanır. Bir qayda olaraq, əgər hamiləlik öncəsi qadında diabetin risk  faktorları varsa və ya diabet meyillidirsə, onda hamiləlik zamanı qanda şəkərlərin artması müşahidə olunur. Hestasion diabet zamanı  hamiləlikdən öncə qadının qan şəkərləri norma daxilində olur. Hamiləlik diabetinin yaranma səbəbləri və risk faktorları Hamiləlik diabeti 2-3 % hamilələrdə müşahidə olunur. Risk faktorlarına aiddir:  – Piylənmə, artıq bədən çəkisi;  – Hamilə qadının yaşının 30-dan çox olması;  – Yaxın qohumlarda şəkərli diabetin olması;  – Yumurtalıqların poikistozu xəstəliyi olanlar;  – Əkiz və üçüz hamiləlikər;  – Öncəki hamiləlik zamanı iri uşağın doğulması;  – Hamiləlik diabetinin əlamətləri. Bu, maddələr mübadiləsinin pozuntusu olub, adətən heç bir xarici əlamətlə özünü göstərmir. Hamiləliyin son aylarında ultrasəs müayinəsi zamanı uşağın həddindən artıq iri ölçülü olması diqqəti cəlb edə bilər. Bu dövrdə də müalicəyə başlamaq olar, ancaq artıq bir qədər gec olmuş olur. Müalicəyə əvvəldən başlamaq lazımdır. Ona görə də endokrinoloqlar hamilə qaınları hamiləliyin 24-28-ci həftələrində qlükoza tolerant test müayinəsindən keçməyə məcbur edirlər. Bəzən hamilə qadında qan şəkərlərinin artmasına şübhəni qadının çəkisinin həddindən çox artması,  susuzluq və tez-tez sidiyə getmək kimi şikayətlərinin olması yarada bilər. Ancaq bu, nadir hallarda olur. Bu simptomlara güvənmək olmaz. Bütün ehtimalları nəzərə alaraq, istənilən halda, qlukoza tolerant testi keçmək mütləqdir. Hamiləlik diabetinin diaqnostikası Yuxarıda sadaladığım bütün şikayətlər və risk faktorları olan qadınlar hələ hamiləlik öncəsi, hamiləlik planlaması zamanı qlükoza tolerant testi keçmələri tövsiyə olunur. Müayinə zamanı acqarına qan götürülür, sonra pasiyentə qlükoza şərbəti içirilir və bundan 1 və 2-ci saatlarda qanda qlukoza yoxlanılır. Karbohidrat mübadiləsi pozulan insanlarda qanda şəkər yüksəlmiş olur. Ola bilər ki, bu test əvvəllər diaqnoz qoyumiş tip1 və tip2 diabet  diaqnozu təsdiqlənsin. Əgər qadında şəkərli diabetin risk faktorları yoxdursa, onda test  hamiləlik planlanması zamanı, əgər artıq hamiləlik varsa, hamiləliyin 24-28 ci həftələrində yoxlanılır. Gəlin bir az ətraflı baxaq: Bu testin aparılması 2-3 saat vaxt və bir neçə dəfə qan götürülməsi tələb edir. Bu zaman hamiləyə veriləcək qlukoza məhlulunun həcmi həkim tərəfindən təyin olunur. Qlikohemoqlobin analizi də yoxlanılır, lakin diaqnozun dəqiqləşdirilməsi üçün kifayət deyil. Hamiləlik zamanı icazə verilən şəkər göstəriciləri hansılardır?  – Aclıq 5.1 mmol/l- dən aşağı  – Qlukoza şərbətindən 1 saat sonra 10.0 mmol/l-dən aşağı  – Qlukuza şərbətindən 2 saat sonra 8.5 mmol/l-dən aşağı Bu göstəricilərdən biri artdıqda hestasion diabet diaqnozu qoyulur. Bu adətən gizli xarakter daşıdığından onu qan analizləri ilə aşkarlamaq olur. Əgər diaqnoz təsdiqlənirsə, həkim pasientdən arterial təzyiqə və böyrəklərin işini qiymətləndirmək üçün sidik müayinələri də istəyə bilər. Hamiləlik diabetinin müalicəsi Əsas müalicəvi vasitə – pəhrizdir.  Qlükoza mübadiləsinin pozulması zamanı kontrolun yaxşı olması üçün effektiv pəhriz növü, aşağı karbohidratlı pəhrizdir.  Bal və digər şirniyyat növləri qanda şəkərin səviyyəsini kəskin artırır. Əgər hamiləyə hestasion diabet diaqnozu qoyulubsa, onda bu məhsullar qadına və onun gələcək övladına zərərlidir. Gilas, çiyələk və digər meyvə və giləmeyvələr qanda şəkərləri artıraraq, xeyirdən çox zərər vermiş olur. Yaxşı olar ki, bu tip qidalar da ya azaldılsın, ya da təmamilə qida rasionundan çıxarılsın. Bütün vacib lif, vitamin və mineralları əsasən göyərti, qoz-fındıq, tərəvəzlərdən alınması məqsədəuyğundur. Fiziki aktivliyə gəldikdə isə, hamilə qadınlar idmanı ehtiyatla, heç bir düşük təhlükəsi yoxdursa, həkimin icazəsi olduqdan sonra etməlidirlər. Ən ziyansız fiziki aktivlik isə piyada gəzinti hesab olunur. Bəzən pəhriz və fiziki aktivlik ilə şəkərlər tənzim olunmadıqda, onda hamilə qadına insulin müalicəsi başlanılmalıdır. İnsulin müalicəsi və dozaları, hər pasyentə fırdi olaraq seçilir. Adətən uzun müddətli təsirə malik preparatlardan başlanılır. Ehtiyac olduqda isə, əsas yeməklər öncəsi qısa təsirli insulinlər əlavə olunur. Hamiləlik diabetinin təhlükəsi Hestasion diabet dölə neqativ təsir edə bilər. Doğum anına uşaqda çox böyük bədən çəkisi ola bilər ( 4,5-6 kq). Dölün artıq çəkisinə makrosomiya deyilir. Bu o deməkdir ki, doğuş çətin keçə bilər və hətta Keysəriyyə əməliyyatına ehtiyac ola bilər. Gələcəkdə belə uşaqlarda piylənmə, şəkərli diabet və s. problemlər yarana bilər. Hestasion diabet fonunda hamilələrdə preeklampsiya riski artmış olur. Bu ağırlaşma arterial təzyiqin artması, ətraflarda ödemlər və sidikdə zülalın çıxması ilə xarakterizə olunur. Bu fəsad ana və uşağın həyatı üçün təhlükə daşıyır. İri bədən çəkisi ilə doğulmuş uşaqda tənəffüs pozuntusu, əzələ tonusunun azalması, əmmə refleksinin zəifliyi, ödemlər və sarılıq müşahidə oluna bilər. Buna diabetik fetopatiya deyilir. Gələcəkdə isə ürək çatışmazlığı, əqli və fiziki inkişafın zəifliyi müşahidə oluna bilər. Qadınlarda isə hamiləlikdən sonra gələcəkdə tip 2 şəkərli diabetin yaranma riski yüksək olur. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 10.05.2018

qadınlarda sonsuzluq və müalicəsi

Qadınlarda sonsuzluq

Demək olar ki, bütün qadınlar həyatlarının müəyyən mərhələsində dünyaya uşaq gətirmək barədə düşünürlər. Lakin uşaq planlanmasından ana olmağadək olan müddətdə qadın bir çox problemlərlə üzləşə bilər. Cütlüklərin təqribən 10-15 %-i hamiləliklə bağlı çətinliklər yaşayırlar, minlərlə qadına isə “sonsuzluq” diaqnozu qoyulur. Lakin qadın sonsuzluğu heç də faciəvi diaqnoz deyil. Əksər hallarda sonsuzluğu uğurla müalicə etmək mümkündür. Müasir reproduktiv texnologiyalar isə təbiəti “aldatmağa” kömək edir və heç nəyə baxmayaraq, uğurlu hamiləliyə nail olunur. Qadın sonsuzluğu nədir? Əgər 12 ay müddətində heç bir qoruyucu vasitədən istifadə etməyərək müntəzəm cinsi yaxınlıq zamanı hamiləlik qeydə alınmazsa, qadın sonsuzluğundan şübhələnmək olar. Yaşı 35-dən yuxarı olan qadınlarda yuxarıda qeyd olunan müddət 6 ay azalır. Qadın sonsuzluğunun əlamətləri Sonsuzluğun hamilə qala bilməməkdən başqa əlaməti yoxdur. Lakin riski artıran bəzi faktorlar var. Buraya həddindən artıq hündür boy və bədən kütlə indeksinin çox aşağı olmasını, anamnezdə ağır iltihabi və cinsiyyət sisteminin infeksion xəstəliklərini, qeyri-müntəzəm menstrual tsikl və ya amenoreyanı (menstruasiyanın tamamilə olmaması) aid etmək olar. Nəzərə almaq lazımdır ki, hamiləliyin mümkün olmamasına səbəb həm qadın, həm də kişi faktoru, eləcə də bunların hər ikisi ola bilər. Ona görə də sonsuzluğa şübhə yaranrsa, qadın da, kişi də hərtərəfli müayinədən keçməlidir. Bu məqalədə daha çox qadın sonsuzluğundan söhbət gedəcək. Qadın sonsuzluğunun səbəbləri Qadın sonsuzluğuna bir çox faktorlar səbəb ola bilər. Əksər hallarda hamiləliyin olmaması kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri ilə əlaqədardır, özü də təkcə kəskin vəziyyətdə deyil,  xroniki hallarda da. Buraya hətta, çox illər əvvəl keçirilmiş xəstəliklər də aiddir. Cinsiyyət sistemi orqanlarının iltihabi xəstəlikləri əksər hallarda uşaqlıq borularının keçilməzliyinə səbəb olur. Qadın sonsuzluğuna, həmçinin, anadangəlmə və qazanılmış patologiyalar və uşaqlığın deformasiyası – çox vaxt buna çoxsaylı abortlar səbəb olur, uşaqlığın endometriozu, miomatoz düyünlər və s. gətirib çıxara bilər. Qadın sonsuzluğu genetik xarakter də daşıya bilər: hamiləlik mümkündür, lakin düşük riski çox yüksəkdir. Genetik səbəblərə xromosom tərkibinin müxtəlif pozuntularını da aid edirlər. Daha az hallarda sonsuzluq psixoemosional səbəblərlə izah olunur. Bəzi psixi pozuntular,depressiyalar, daimi ağır stress qadın fertilliyini aşağı salır.    Qadın sonsuzluğunun diaqnostikası Sonsuzluğun diaqnostikası üçün anamnez toplanması və ginekoloji müayinədən başqa, bir sıra test və tədqiqatlar tələb olunur: Cinsi yolla yoluxan xəstəlikləri müəyyən etmək üçün hər iki partnyor analizdən keçməlidir. Qanın hormonal analizi sonsuzluğun endokrin təbiətini müəyyənləşdirir. Rentgenoqrafiya və ultrasəs müayinənin köməkliyi ilə kiçik çanaq orqanları tədqiq olunur. Kontrast rentgenoqrafiya sonsuzluğun uşaqlıq patologiyası və ya deformasiyası, yaxud da uşaqlıq borularının birləşməsi və ya şiş səbəbindən olub-olmamasını müəyyənləşdirir.  USM həmçinin, uşaqlıq borularının vəziyyətinin dəqiqləşdirilməsində də istifadə edilir. Uşaqlığın selikli qişasının toxuma testləri endometriyanın hüceyrə strukturu barədə məlumat verir Histeroskopiya vizual müayinə metodudur. Bu zaman uşaqlığa kiçik kamera daxil edilir ki, onun sayəsində polipləri, şişləri, seliyin strukturundakı dəyişiklikliyi müşahidə etmək mümkündür. Bu metodla həmçinin, toxumalardan problar da götürmək olur. Qeyd olunan üsulun informatifliyi çox yüksək, dəqiqliyi isə demək olar ki, 100%-dir. Qadın sonsuzluğunun müalicəsi Sonsuzluğun tam müayinəsi adətən 2-3 aydan çox davam etmir. Bundan sonra həkim diaqnoz qoyur və müalicə taktikası seçir. Əksər hallarda sonsuzluq müalicə olunur. Qadınlarda sonsuzluğun müalicə metodları bunun yaranma səbəblərindən asılıdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 10.05.2018

anus və düz bağırsaq atreziyası

Anus və düz bağırsaq atreziyası

Anus və düz bağırsaq atreziyası nədir? Anus və düz bağırsaq atreziyası – düz bağırsaq və anal dəliyin təbii kanalının olmaması ilə səciyyələnən anorektal nahiyənin anadangəlmə inkişaf qüsurudur. Düz bağırsağın tam atreziyası kliniki olaraq, ilk nəcisin olmaması ilə doğuşun ilk sutkasında özünü göstərir. Bu zaman aşağı bağırsaq keçilməzliyi simptomu uşağı narahat edir. Atreziyanın sviş formalarında nəcis aralıqdakı fistuladan, uretranın xarici dəliyindən, cinsiyyət yarığından  ifraz oluna bilər. Düz bağırsağın atreziyası dizqnozu müayinə zamanı, aralığın USM göstəriciləri, fistuloqrafiya və sistouretroqrafiya əsasında qoyulur.      Anus dəliyi və düz bağırsağın atreziyasını yalnız cərrahi yolla aradan qaldırmaq mümkündür. Bu, adətən mərhələli şəkildə həyata keçirilir (kolostomiya, proktoplastika). Düz bağırsağın atreziyası ilə doğulan uşaqların faiz nisbət 1:5000 kimidir, oğlanlarda iki dəfə çox rast gəlinir.   Təqribən 30% hallarda düz bağırsağın atreziyası ürək, böyrək, sidik yolları, cinsiyyət orqanlarının anadalgəlmə qüsuru ilə müşayiət olunur. Düz bağırsağın atreziyası doğuşun ilk günlərindən təxirəsalınmaz cərrahi müdaxilə tələb edir.   Anus və düz bağırsaq atreziyasının səbəbləri Düz bağırsaq atreziyasının yaranması embrional inkişaf pozuntusu, daha dəqiq desək, kloakanın urogenital sinus və düz bağırsaqda bölünməməsi, proktodeumun perforasiyasının olmamasıdır. Normalda kloakanın sidik-cinsiyyət və anorektal səthlərə bölünməsi embriogenezin 7-ci həftəsində baş verir. Məhz həmin dövrdə kloaka membranında urogenital kanal və anus dəliyinə müvafiq iki dəlik yaranır. Embriogenezin göstərilən müddətdə normal gedişatının pozuntusu zamanı anus və düz bağırsağın anomaliyaları yaranır.           Anus və düz bağırsaq atreziyasının əlmatləri Əgər düz bağırsağın atreziyası diaqnozu hər-hansı səbəbdən uşaq doğulduqdan dərhal sonra qoyulmayıbsa, kliniki alamətlər adətən özünü 10-12 saat sonra göstərir. Körpə narahat olur, yatmır, ana südü əmmir, gücənir. Sutkanın sonunadək aşağı bağırsaq keçilməzliyinin əlamətləri yaranır: ilkin nəcis və qaz ayrılmır, qarında köpmə, qusma (əvvəlcə mədədəki maddələrlə, daha sonra öd və nəcis kütlələri ilə), ifadə olunmuş toksikoz və eksikoz müşahidə edilir. Yardım göstərilmədiyi halda uşaq aspirasiya pnevmoniyası, bağırsağın perforasiyası və peritonitdən ölə bilər.     Anus və düz bağırsaq atreziyasının diaqnostikası Əksər hallarda anus və düz bağırsaq atreziyası yeni doğulmuşun ilkin müayinəsində aşkara çıxır. Bundan daha az hallarda həyatın ilk sutkalarında qüsur uşaqda ilkin nəcisin xaric olmaması və kəskin bağırsaq keçilməzliyinin klinikası ilə müəyyən olunur.      Düz bağırsaq atreziyasına şübhə yaranarsa, uşağın müayinəsi qısa müddət ərzində aparılmalıdır, əks halda cərrahi müdaxilə olmazsa, xəstə 4-6 sutka ərzində ölür. Atreziyanın səviyyəsini müəyyənləşdirmək üçün ilkin müayinə kimi Vanqenstin üsulu ilə invertoqrafiya, aralığın USM-i, aralığın nazik iynəli punksasiyası aparılmalıdır.     Xarici sfinkterin yerləşdiyi nahiyəni və tamlığını müəyyənləşdirmək üçün elektromioqrafiya aparılır. Sidik sisteminə açılan svişlərin lokalizasiyası uretrosistoqarafiyanın köməkliyi, aralığın svişləri isə fistuloqrafiya ilə dəqiqləşdirilir. Anus dəliyinin normal formalaşması zamanı düz bağırsağın atreziyası  diaqnozu düz bağırsağın zondlanması, barmaq müayinəsi, rektoskopiya və proktoqrafiya vasitəsilə qoyulur. Dəqiqləşdirici diaqnostika məqsədilə MRT-dən, diaqnostik laparoskopiyadan istifadə oluna bilər.  Düz bağırsağın atreziyası əksər hallarda digər qüsurlarla yanaşı əmələ gəldiyindən böyrəklərin və yrəyin USM-i, ezofaqoskopiya aparmaq zəruridir.       Anus və düz bağırsaq atreziyasının müalicəsi Atreziyanın bütün formaları cərrahi müdaxilə vasitəsilə aradan qaldırılır. Nəcis kütlələrinin xaric olmasının qarşısını alan tam atreziya, rektouretal və rektovezikal svişlər, daralmış rektovaginal və rektoaralıq svişlər zamanı təcili cərrahi müdaxilə tələb olunur. Atreziyanın aşağı formalarında aralığın birmərhələli proktoplastikası yerinə yetirilir. Atreziyanın yüksək formalarında qüsurun mərhələli korreksiyası tələb olunur. Uşağın həyatının ilk sutkalarında bağırsaq keçilməzliyini aradan qaldırmaq üçün siqmastoma qoyulur. Daha sonra uşağın bir yaşında siqmastomaın bağlanması və qarın-aralıq proktoplastikası həyata keçirilir. Bu cür yanaşma uşaqların ölüm halları faizini aşağı salır və daha yaxşı fünksional nəticələr əldə etməyə şərait yaradır.     Əməliyyatdan sonrakı dövrdə stenozun profilaktikası üçün 2-3 ay ərzində anal kanalın bujlanması, rektal gimnastika, imalələr edilir. Aralıq və ya uşaqlıq yolu svişləri zamanı cərrahi müdaxilə adətən 6 ay – 2 yaş aralığında həyata keçirilir. Əməliyyat öncəsi dövrdə yumşaldıcı pəhriz göstərişdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 10.05.2018

bağırsağın iltihablı xəstəlikləri nədir

İltihabi bağırsaq xəstəlikləri

İltihabi bağırsaq xəstəlikləri nədir? İltahibi bağırsaq xəstəlikləri olan xoralı kolit və Kron xəstəliyi mədə-bağırsaq traktının ciddi orqanik xəstəlikləri olub, bağırsağın selikli qişasında iltihab yaradır. İlk növbədə gənc yaşlı insanlara ziyan vurur, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır.   Xoralı kolit xəstəliyi zamanı yalnız yoğun bağırsaq zədələndiyi halda, Kron xəstəliyində mədə-bağırsaq traktının istənilən şöbəsi (ağız boşluğundan başlamış düz bağırsağadək), daha çox isə nazik və yoğun bağırsaq zədələnir. İltihabi bağırsaq xəstəliklərinin rastgəlmə tezliyi müxtəlif ölkələrdə geniş diapozonda dəyişir. Bu xəstəliklərə daha çox Skandinaviya ölkələrində, ABŞ-nin şimal ştatlarında, İsraildə rast gəlinir. Orta hesabla ildə əhalinin hər 100 000 nəfərinə yeni 7-15 xoralı kolit və 4-7 Kron xəstəliyi aşkara çıxır. Bu xəstəliklərə istənilən yaş periodunda, daha çox 20-40 yaş aralığında rast gəlmək olar. Xəstəliyin başlanmasının ikinci pik nöqtəsi – 60 yaşdan sonradır.    İltihabi bağırsaq xəstəliklərinin yaranma səbəbləri Təəssüf ki, iltihabi bağırsaq xəstəliklərinin inkişaf səbəbləri indiyə kimi sonadək öyrənilməyib. İmmun sistemdə bağırsaq qişasının iltihabına, nəticədə isə divarının zədələnməsinə səbəb olan faktorlar məlum deyil.      Hazırda hesab olunur ki, iltihabi bağırsaq xəstəlikləri 3 əsas faktorun təsirindən yaranır:  – Genetik;  – Qidalanmanın xarakteri – rasionda daha çox rafinə edilmiş və fast-food məhsullarının olması;  – Bağırsaq mikroflorası tərkibinin pozulması. Onu da bilmək lazımdır ki, xoralı kolit və Kron xəstəlikləri dalğavari gedişata malikdir, yəni kəskinləşmə və remissiya dövrləri var. İltihabi bağırsaq xəstəliklərinin əlamətləri İltihabi bağırsaq xəstəliklərinin aşağıdakı əlamətləri var:  – İshal (diareya) sutkada 2-4 dəfədən 8-10 dəfəyədək;  – Nəcisdə qan və selik qarışığı;  – Yalançı defekasiya çağırışları (tenezm), demək olar ki, nəcis kütləsi olmadan selik, qan və irinin ayrılması;  – Daha ços spastik olmaqla qarın ağrıları, defekasiyadan əvvəl güclənir və defekasiyadan sonra yüngülləşmir;  – Yuxarıda qeyd olunan simtomlar daha çox gecə saatlarında və ya səhərə yaxın özünü büruzə verir. Bundan başqa, iltihabi bağırsaq xəstəliklərinin ümumi simptomlarına çəkinin itirilməsi, iştahanın pozulması, bədən temperaturunun artması, yorğunluq, yaşıdlarla müqayisədə boy artımı və inkişafın ləngiməsi.    İltihabi bağırsaq xəstəlikləri olan bəzi pasiyentlərdə bağırsaqdankənar əlamətlər də üzə çıxa bilər. Onlardan daha çox rast gəlinəni bunlardır:  – Artrit (oynaqların iltihabı);  – Ağız boşluğunun xoraları (stomatit);  – Dərinin zədələnməsi (eritema);  – Gözlərin iltihabı (daha az hallarda rast gəlinir). İltihabi bağırsaq xəstəliklərinin diaqnostikası İltihabi bağırsaq xəstəliklərinə şübhə yaranarsa, bir sıra müayinələrdən keçmək vacibdir: 1. Qan analizləri (iltihabı aşkara çıxarmaq üçün); 2. Nəcis analizi (qan aşkara çıxarmaq və bağırsaq infeksiyasını istisna etmək üçün); 3. Endoskopik müayinə:  – Ezofaqoqastroduodenoskopiya  – Kolonoskopiya 4. Şüa diaqnostika metodları (ultrasəs, rentgenoqrafik (kontrast maddə ilə)), komüter tomoqrafiyası və s. iltihabi bağırsaq xəstəliklərinin müayinəsində köməkçi xarakter daşıyır. İltihabi bağırsaq xəstəliklərinin müalicəsi İltihabi bağırsaq xəstəlikləri xroniki xəstəliklər olub, kəskinləşmə və remissiya periodlarına malikdir. Müalicə aşağıdakı məqsədlərlə aparılır:  – Kəskinləşmə dövründə mümkün dərəcədə qısa müddət ərzində remissiyaya nail olmaq (iltihabı aradan qaldırmaq);  – Remissiyanın mümkün qədər uzunmüddətli dayanıqlılığını təmin etmək – bunun üçün xəstəliyin simptomlarının qarşısını alan dərmanlar qəbul etmək vacibdir;  – Xəstəliyin ağırlaşmalarının qarşısını almaq. Preparat və dərman formasının seçimi iltihabın bağırsaqda lokallaşma və yayılmasından, həmçinin xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 09.05.2018

mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Xora xəstəliyi

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi nədir? Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi kifayət qədər geniş yayılmış diaqnozlardandır. Statistik məlumatlara görə, ayrı-ayrı ölkələrdə əhalinin 5-10 %-i bu xəstəlikdən əziyyət çəkir. Özü də kişişilərdə bu patologiyaya qadınlardan 3-4 dəfə çox rast gəlinir. Bu xəstəliyin xoşagəlməz xüsusiyyəti ondan ibarətdir ki, o daha çox gənc, əmək qabiliyyətli insanlara ziyan vurur və nəticədə onları uzun müddətə iş qabiliyyətindən məhrum edə bilir. Məqalədə mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən, onun yaranma səbəbləri, diaqnostika və müalicəsindən söhbət gedəcək.          Bu, mədə və onikibarmaq bağırsağın residiv edən, daha çox yaz- payız aylarında kəskinləşmə ilə özünü göstərən xəstəlik olub, həmin orqanların selikli qişasında bir və ya bir neçə xora defektlərinin yaranması ilə xarakterizə olunur. Xəstəliyin pik nöqtəsi 25-50 yaşlara təsadüf edir. Ehtimal ki, bu, adamların məhz həmin yaş periodunda emosional həssas olduğundan, çox vaxt düzgün olmayan həyat tərzi sürməsindən, qeyri-müntəzəm və qeyri-rasional qidalanmasından irəli gəlir.  Mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin yaranma səbəbləri Mədə və onikibarmarmaq bağırsaq xorasının yaranmasında bir çox nəzəriyyələr var, lakin bütün bu nəzəriyyələrin əsasında mədə və onikibarmaq bağırsaqdakı müdafiə və aqressiv faktorlar arasında tarazlığın  hansısa səbəbdən pozulması durur. Mədə və onikibarmaq bağırsağın selikli qişasının defekti aqressiya faktorlarının (buraya HCl turşusu, öd turşusu, pepsin fermenti, Helikobakter pilori bakteriyası və s. aid etmək olar) selikli qişanın müdafiə faktorlarından (yerli immunitet, adekvat mikrosirkulyasiya, prostaqlandinlərin səviyyəsi və digər faktorlar) üstün olduğu hallarda baş verir.  Mədə və onikibarmaq bağırsaq xorasını yaradan səbəblərə aiddir:  – Helikobakter piloriyə yoluxma (bu mikrob müdafiə faktorlarını pozaraq və turşuluğu artıraraq selikli qişada iltihab yaradır);  – Bəzi dərman preparatlarının qəbulu (iltihab əleyhinə qeyri-steroid vasitələr, steroid hormonlar);  – Qeyri-müntəzəm qidalanma;  – Kəskin və xoniki streslər;  – İrsilik. Mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin əlamətləri Mədə və onikibarmaq bağırsaq xorası üçün xroniki, dalğavari gedişat xarakterikdir, yənin remissiya və kəskinləşmə periodu vaxtaşırı bir-birini əvəz edir (kəskinləşmə daha çox yaz-payız aylarında özünü göstərir). Xəstələr şikayətlərini təqribən 4-12 həftə arasında özünü büruzə verən kəskinləşmə vaxtı bildirirlər, sonra simptomatika bir neçə aydan bir neçə ilədək reqressiyaya uğrayır. Kəskinləşməyə bir sıra faktorlar səbəb ola bilər. Onlardan diyetada yol verilən ciddi xətaları, izafi fiziki yüklənməni, stress, infeksiya, bəzi dərman preparatlarının qəbulunu misal göstərmək olar.    Əksər hallada xora xəstəliyi mədə nahiyəsində qeydə alınan şiddətli ağrılarla başlayır. Ağrıların başlama zamanı xoranın hansı nahiyədə lokallaşmasından asılıdır:  – “erkən” ağrılar (qida qəbulundan bilavasitə sonra başlayır, mədədəki qidanın onikibarmaq bağırsağa keçidi zamanı, yəni yeməkdən 2 saat sonra azalır) mədənin yuxarı bölməsində lokallaşan xoralara xarakterikdir;  – “gecikmiş” ağrılar (təxminən qida qəbulundan 2 saat sonra yaranır) mədənin antral bölməsinin xorasından əziyyət çəkən adamlarda yaranır;  – acqarına və ya gecə ağrıları (acqarına, adətən gecə saatlarında yaranır, əksər hallarda qida qəbulundan sonra azalır) onikibarmaq bağırsağın xora xəstəliyinə dəlalət edir.   Ağrıların dəqiq lokallaşma nöqtəsi olmur və özünü müxtəlif cür  – göynəmə formasında, kəsici, deşici, küt və ya tutma şəklində göstərir.   Xora xəstəliyindən əziyyət çəkən şəxslərin mədə şirəsinin turşuluğu və mədənin selikli qişasının buna həssaslığı yüksək olduğundan, tez-tez qıcqırma hallarına rast gəlinir. Bu, ağrı ilə eyni zamanda, habelə ağrıdan əvvəl yarana bilər.   Xəstələrin təqribən yarısı turş dadı olan, tüpürcək ifrazı ilə müşayiət edilən gəyirmədən şikayətlənirlər. Tez-tez rast gəlinən simptomlardan öyümə və qusmanı göstərmək olar. Qusma adətən ağrılar şiddətlənəndə müşahidə olunur və xəstəni xeyli sakitləşdirir. Məhz elə bu səbəbdən xəstələrin çoxu özlərini qusdurmağa cəhd göstərirlər. O ki qaldı iştahaya, xora xəstəliyindən əziyyət çəkən adamlarda bu, çox zaman dəyişməz qalır yaxud da artmış olur. Ayrı-ayrı hallarda – adətən intensiv ağrılar zamanı – iştahanın azalması müşahidə edilir. Bəzən növbəti yemək qəbulundan sonra yaranacaq ağrı qorxusu – sitofobiya qeydə alınır. Bu simptom ifadə olunmuş arıqlamaya səbəb ola bilər. Orta hesabla xəstələrin 50%-də defekasiya pozuntuları, xüsusən də qəbizlik yaranır. Xəstəlik pasiyentin şikayətləri və onun qarnının palpasiyası zamanı, həmçinin xüsusi diaqnostik vasitələrin köməkliyi ilə aşkarlanır.  Mədə və onikibarmaqbağırsaq xora xəstəliyinin ağırlaşmaları Xora xəstəliyinin ağırlaşmaları müxtəlifdir, daha çox və tez-tez rast gəlinən ağırlaşması xora nahiyəsində olan qanaxmadır. Bəzən "lal xoralar" olur ki, xəstənin heç bir şikayəti olmadan xora nahiyisəndən qansızma olur, bu isə xəstədə xroniki anemiyaya səbəb olur. İkinci ehtiyat edilən ağırlaşma isə xoranın maliqnizasiyası-bəd xassəliyə keçmə ehtimalıdır.Bu isə daha çox Helibactery Pylori aşkarlanan və bu bakteriyanın müalicəsi olunmayan xəstələrdə rast gəlinir. Mədə və onikibarmaq bağırsaq xorasının müalicəsi Xoranın mədədə və ya onikibarmaq bağırsaqda olmasından asılı olmayaraq konservativ müalicə taktikası eynidir. Ağırlıq dərəcəsindən asılı olaraq, xora xəstəliyinin müalicəsi həm konservativ (xəstənin rejiminin optimallaşdırılması, antibiotik və antisekretor preparatların istifadəsi ilə diyetik tövsiyələrin gözlənilməsi), həm də cərrahi (adətən xəstəliyin ağırlaşmış formalarında) üsulla aparılır. Reabelitasiya mərhələsində dietoterapiya, fizioterapiya və psixoterapiyanın böyük rolu vardır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Paylaşıldı: 09.05.2018

Spinner