Osteoxondroz

Osteoxondroz

Osteoxondroz nədir? Osteoxondroz mikrozədələrlə müşayiət olunan osteoxondropatik xəstəliklər qrupuna aiddir, kliniki morfoloji cəhətdən sümüyün süngər maddəsinin aseptik nekrozu ilə gedən xroniki xəstəlikdir. Osteoxondroz zamanı fəqərəarası diskdə mikrozədələr  yaransa da fəqərəarası diskin və ya sümüyün dağılması baş vermir. Ostexondrozun yaranması: Osteoxondrozun yaranma mexanizmi fəqərəarası disk nahiyəsinin qeyri-rasional yüklənmə nəticəsində (uzunmüddətli məcburi vəziyyətdə olma, ağır yükqaldırma, ağır atletika və gimnastika ilə həddən artıq məşğul olmaqla) mexaniki travma almasıdır. Adətən, bu yüklənmələr onurğa sütununun hər hansı bir fəqərəsinin yerdəyişməsi və ümumilikdə, onurğa sütununun biomexanikasının pozulmasından sonra yaranır. Fəqərəarası diskin qidalanma və özünübərpa sistemi xarici travmatizasiya ilə mübarizə apara bilmir. Osteoxondrozun əsas əlamətləri:  Osteoxondrozun əsas əlaməti diskin hündürlüyünün rentgenoqrammada və ya MRT-də azalmasıdır. Diskin xarici qişasının kiçik zədələnmələri, daxili nüvənin xaricə çıxması isə disk yırtığına səbəb ola bilər. Beləliklə, bu yanaşmaya görə, osteoxondrozun yaranma səbəbi daha çox mexanikidir. Osteoxondroz zamanı yaranan ağrı: Osteoxondroz zamanı yaranan ağrı sindromu nə ilə əlaqəlidir? Sinir köklərinin zədələnmiş disk ilə sıxılmasına birmənalı yanaşmaq düzgün olmazdı. Əksər hallarda osteoxondroz zamanı yaranan ağrı sindromu  onurğa sütununun travmaya uğrayan nahiyəsinin stabilləşməsinə yönəlmiş, müdafiə xarakterli əzələ spazmı ilə əlaqəlidir. Əzələ spazmına cavab olaraq vena və limfatik damarların sıxılması baş verir, zədələnmiş nahiyədən maye axını pozulur, yumşaq toxumaların ödemi baş verir. Ödemli toxumalar sinirləri sıxaraq lokal və ya ətraflara irradiasiya edən ağrıya səbəb olur. Osteoxondrozun ağırlaşması:  Osteoxondrozun ağırlaşması fəqərəarası disk yırtığına çevrilə bilər. Osteoxondrozun yaranmasına səbəb olan mexaniki faktorlar onurğa sütununun yüklənmələri, davam etməkdə olan əzələ gərginləşmələri başqa nahiyədə osteoxondrozun və onun nəticəsi olan fəqərəarası disk yırtığının yaranmasına səbəb olacaq. Orqanizm vahid bir sistemdir və  orqanizmin bir nahiyəsində problem olduqda orqanizm bütövlükdə əziyyət çəkir. Əgər hər hansı bir boyun fəqərəsi nahiyəsində yerdəyişmə (travma, səmtsiz hərəkət) baş vermişsə, bədənin ümumi mərkəzi oxunu stabil saxlamaq üçün onurğa sütununda oma və bel fəqərələrinin əks tərəfə çevrilməsi baş verəcək. Orqanizmin daha az enerji itkisini və bədənin tarazlığını təmin etmək üçün baş verən bu dəyişikliklər lokal olaraq bel-oma nahiyəsinin və bel fəqərələrinin biomexanikasının pozulmasına və yüklənmənin  artmasına səbəb olur.  Osteoxondrozun yaranma səbəbləri: Osteoxondrozun yaranma səbəbi daxili orqanlarla da əlaqəli ola bilər: Mədə, bağırsaq, öd kisəsi, böyrəklər, yumurtalıqlar və uşaqlığın infeksion, iltihabi və ya disfunksional  xəstəlikləri zamanı bu orqanların kapsullarının lokal spazmı baş verir. Spazm nahiyəsinə orqanizmin müxtəlif regionlarından , xüsusilə də qarın boşluğu və çanağa daha yaxın olan bel-oma nahiyəsindən müxtəlif fassiya və əzələlər də qoşulur və bu fassiyaların gərginləşməsi baş verir. Belə gərginliklər bel fəqərələrinin rotasiyasına və bel ağrılarına səbəb ola bilər. Qastroenteroloji, uroloji və ginekoloji sferanın bel ağrılarında rolu mühümdür. Kişilərdə isə prostat vəzi xəstəlikləri oma nahiyəsində gərginlik və qan dövranı pozulmasına, beşinci bel (L5) və birinci oma (S1) fəqərələri zədələnməsinə səbəb ola bilər.  Boyun osteoxondrozunun yaranmasında döş qəfəsi orqanları, qabırğalar, onurğa sütununun aşağıda fəqərələri və kəllə sümüklərinin vəziyyəti də xüsusi əhəmiyyətlidir. Osteoxondrozun müalicəsi:  Osteoxondrozun müalicəsində kranial osteopatiya boyun ağrılarının həllində mühüm rol oynayır. Müasir tədqiqatlar kəllə sümüklərinin tikişlər vasitəsilə əlaqəli olduğunu və bunların travma və ya daxili proseslərə cavab reaksiyasını təsdiq etmişlər. Lor orqanlarının (burun cibləri, daxili qulaq sistemi), üz-çənə oynağı və udlaq-qırtlaq nahiyəsi orqanlarının istənilən infeksion-iltihabi xəstəlikləri kranial sistemə təsirsiz ötüşmür. Kəllə onurğa sütunu ilə vahid biomexaniki sistem təşkil edir. Kəllə sümüklərində yerdəyişmə ənsə sümüyünün C1 - birinci boyun fəqərəsinə qeyri-bərabər təzyiqinə səbəb olur. Yuxarı boyun fəqərələrinin yerdəyişməsi blokadaya – hərəkət məhdudluğuna səbəb olacaq, o isə öz növbəsində aşağı seqmentlərin yükünü artıracaq. Nəticədə bel və boyun fəqərələrinin travmatizasiyası və osteoxondrozun yaranması baş verir. Osteoxondrozun  müalicəsində osteopatiya prosedurlarından istifadə olunur. Osteopat həkimin məqsədi orqanizmin normadan kənara çıxdığı nahiyəni aşkarlayıb, səbəbi aradan qaldırmaqdan ibarətdir. Zərif osteopatik prosedurlarla səbəb aradan qaldırılır, biomexanika yaxşılaşdırılır, bədənin özünütənzimləmə sistemi işə salınır. Bu zaman osteopat həkim təkcə osteoxondroz və ya fəqərəarası disk yırtığını müalicə etmir, xəstənin əzələ-skelet-fassial aparatını bütövlükdə müalicə edir, digər orqanlarla əlaqəsini tənzimləyir Osteoxondrozun profilaktikası: Osteoxondrozun uğurlu müalicəsi üçün pasiyentin üzərinə də öhdəliklər düşür. Onurğa yüklənməsinin məhdudlaşdırılması, qida rejiminin optimal laşdırılması, əmək rejiminin balanslaşdırılması və mütəmadi olaraq idman hərəkətləri məsləhət olunur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 05.02.2020

çəpgözlük

ÇƏPGÖZLÜK

Çəpgözlük nədir? Çəpgözlük əsasən, uşaqlarda rast gəlinən və geniş yayılmış oftalmoloji patologiyadır. Bu, bir və ya hər iki gözün düz baxarkən yerləşmə pozuntusudur. Çəpgözlük nəzərəçarpmayacaq dərəcədən, uşağa diskomfort yaradacaq səviyyəyədək ola bilir. Çəpgözlük estetik problem olmaqla yanaşı, gözlərin normal fəaliyyətinə də mənfi təsir göstərir. Belə ki, dəqiq görmə get-gedə pozulur və pasiyetin sterioskopik görmə qabiliyyəti itir.   Çəpgözlüyün yaranma səbəbləri hansılardır? Çəpgözlük anadangəlmə və qazanılma səbəblərdən yarana bilər. Buraya aiddir: - orta və yüksək dərəcəli ametropiya (yaxındangörmə, uzaqdangörmə və astiqmatizm); - travmalar; - iflic və parezlər; - gözləri hərəkət etdirən əzələlərin inkişaf və birləşmə anomaliyaları; - MSS xəstəlikləri; - somatik xəstəliklər; - infeksion xəstəliklər (qızılca, difteriya, skarlatina və s.); - bir gözün görmə itiliyinin kəskin enməsi. Çəpgözlüyün hansı növləri var?   Çəpgözlüyün növləri fərqlidir: - yalnız əməliyyatla düzələn; - eynəklə düzələn; - həm əməliyyat, həm də eynəyin birgə tətbiqi ilə düzələn. Çəpgözlük necə müayinə olunur? Müayinə həkim-oftalmoloq tərəfindən aparılır və vizual olaraq müəyyənləşdirilir. Müayinə zamanı mütəxəssis görmə itiliyini, çəplik bucağını yoxlayır, gözlərin mütəşəkkilliyi xüsusi güzgülər vasitəsi müəyyən edilir. Həmçinin, gözlərin hərəkiliyi öyrənilir. Bəzi hallarda nevroloji müayinəyə də ehtiyac olur. Çəpgözlüyün müalicəsi necə aparılır? Çəpgözlüyün müalicəsi aşağıdakı üsullarla aparılır: - optik korreksiya (eynək, yumşaq kontakt linzalar); - hər iki gözün görmə itiliyinin artırılması (aparat prosedurları); - ortoptik və diploptik müalicə (binokulyar görmənin inkişaf etdirilməsi); - göz əzələlərinin xüsusi məşqlərlə möhkəmləndirilməsi; - botoks inyeksiyaları. Konservativ müalicə metodları nəticə göstərməzsə, cərrahi müdaxilə tələb olunur.  Çəpgözlüyü korreksiya etmək üçün iki növ cərrahi metod mövcuddur - gücləndirici və zəiflədici. Gücləndirici əməliyyat əzələnin qısaldılması vasitəsilə həyata keçirilir. Bu zaman əzələnin göz almasına birləşən nahiyəsi toxunulmaz qalır. Zəiflədici növdə isə əzələnin göz almasına birləşsən nahiyəsi dəyişdirilərək qüzeyli qişadan uzağa birləşdirilir. Çəpgözlük əməliyyatı ümumi anesteziya ilə “bir gün” rejimində aparılır, xəstə həmin gün evə yazılır. Tam bərpa üçün bir həftə yetərlidir. Əməliyyatın nəticəsi kimi kosmetik defekt aradan qaldırılır və binokulyar görmə funksiyası bərpa olunur. 3 yaşa qədər əməliyyat binokulyar görmənin bərpasını təmin edir. 3 yaşdan sonra gözlər ortoforik olsa da, binokulyar görmə bərpa olunmur.

Paylaşıldı: 29.01.2020

Smart linzalar (Ağıllı linzalar)

Smart linzalar (Ağıllı linzalar)

Smart linzalar nədir? Tibb texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə bir çox xəstəliklərin müalicəsi, korreksiyası və profilaktikası əhəmiyyətli dərəcədə asanlaşıb. Bu, oftalmologiyaya da aiddir. Göz xəstəliklərinin korreksiyasında tətbiq olunan ən müasir və effektli vasitə - smart linzalardır (“ağıllı” linzalar). Yaxın keçmişə qədər mirvari suyu (katarakta) əməliyyatı zamanı pasientin təbii bülluru çıxarılır, yerinə isə monofokal linza implantasiya edilirdi. Bu zaman pasiyent yaxına eynək linzasından istifadə etmək məcburiyyətində qalırdı. İndi isə hər şey dəyişib. Belə ki, monofokal linzalar trifokal linzalarla əvəz olunur, beləliklə, həm yaxın, həm də uzaq məsafələrdə eynəksiz tam görmə təmin edilir. “Ağıllı” linza hesab olunan trifokal linzalar hidrofob olub, qatlanan və yumşaqdır. Bu linzalar hazır formada xüsusi injektorlarda yerləşdirilmiş şəkildə olur və pasiyentin təbii bülluru aspirasiya edildikdən sonra onun yerinə implantasiya olunur. Bu gün "ağıllı” linzalar gözdaxili linza texnologiyasında ən son nailiyyət hesab olunub, yaxın və uzaq  məsafədə təbii görməyə ən yaxın görməni təmin edir. Beləliklə, həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır.   Linzaların unikallığı həm də ondan ibarətdir ki, onlar implantasiya edildikdən sonra eynek istifadəsinə ehtiyac qalmır - pasiyent eynəksiz kitab oxuyur, yaxın və uzaq məsafədəki yazı və cismləri rahatlıqla görür. “Ağıllı” linzalar hansı xəstəliklərdə istifadə edilir?  “Ağıllı” linzalar müxtəlif səbəblərdən gözdəki təbii büllurun bulanması (mirvari suyu) və ya yaşa bağlı yaxını görmə qabiliyyətinin zəifləməsi, gənc şəxslərdə uzağı görmə zəifliyi - miopiya zamanı eksimer lazer korreksiya etmək mümkün olmadıqda ən aktual müalicə seçimidir. “Ağıllı” linzalar gözə uzaq, orta və yaxın məsafələrdən gələn işıq şüalarını sındıraraq, retinada bir nöqtədə toplayır, beləliklə, tək bir linza ilə eyni zamanda bütün məsafələrdəki cismləri görmək mümkün olur. Bu linzalar eynək və kontakt linza ehtiyacını ortadan qaldırır. “Ağıllı” linzalar hər bir şəxs üçün xüsusi olaraq ölçülür və ona uyğun linza implantasiya edilir. “Ağıllı” linzaların fərqli cəhətləri Multifokal linzalardan fərqli olaraq, bütün məsafələrdə rahat görmə təmin etməklə yanaşı, işıqlarda yayılma, işıqlı halqalar görmə kimi şikayətlər olmur. Daha əvvəl istifadə olunan multifokal linzaların mənfi xüsusiyyətləri “ağıllı” linzalarda müşahidə olunmur və pasiyentlər bütün məsafələri rahatlıqla görürlər.

Paylaşıldı: 29.01.2020

Süd vəzi xərçəngi

Süd vəzi xərçəngi

SÜD VƏZİ XƏRÇƏNGİ NƏDİR? Süd vəzi xərçəngi axar və paycıq parenximasının epitel hüceyrələrindən əmələ gələn bədxassəli törəmədir. Süd vəzi xərçəngi dünyada qadınlar arasında onkoloji xətəliklərdən ən tez-tez rast gələn xəstəlikdir. SÜD VƏZİ XƏRÇƏNGİNİN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ: Tam öyrənilməyib, amma xəstəliyin hüceyrə genomunda hormonların və xarici amillərin təsirləri ilə əlaqəsi sübut olunub. SÜD VƏZİ XƏRÇƏNGİNİN RİSK FAKTORLARI: 1) 12 yaşından tez menstruasiya olması; 2) 55 yaşından yuxarı mentruasiyadan kəsilməsi; 3) Abortlar,doğuşun olmaması,30yaşindan yuxarı doğuşun olması; 4) Uşağı əmizdirməmək və az əmizdirmək; 5) Hormonal preparatların qəbulu; 6) Ginekoloji xəstəliklər; 7) Piylənmə; 8) Süd vəzinin zədələnməsi; 9) Ailə faktorları; 10) İrsi faktor ( BRCA 1,BRCA 2 genlərin mutasiyası ); 11) Alkoqolun qəbulu. SÜD VƏZİ XƏRÇƏNGİNİN ƏLAMƏTLƏRİ: 1) Süd vəzidə və ya qoltuqaltı nahiyyədə sərtlik,düyünlü bərkimə sahəsi və ya törəmənin olması; 2) Süd vəzin deformasiyası,formaca və ölçücə dəyişiklilyi; 3) Dəridə və gilədə batma,qızartı,büzüşmə,qalınlaşma,xoralaşma əlamətləri; 4) Gilədən ifrazatın gəlməsi ( daha çox qanlı,tünd rəngdə olan); SÜD VƏZİ XƏRÇƏNGİNİN HİSTOLOJİ FORMALARI: 1) Qeyri invaziv forma: Axar xərçəngi in situ Paycıq xərçəngi in situ 2) İnvaziv forma: Axar Paycıq Selikli Medulyar Papilyar Tubulyar və s. 3) Pedjet xəstəliyi. SÜD VƏZİ XƏRÇƏNGİNİN KLİNİKİ FORMALARI: 1) Düyünlü forma; 2) Diffuz forma; 3) Pedjet xəstəliyi. Sayına və yerləşməsinə görə: 1. Birtərəfli ( ipsilateral) İkitərəfli ( bilateral) 2. Solitar Multifokal Multisentrik. SÜD VƏZİ XƏRÇƏNGİNİN DİAQNOSTİKASI: 1) Mammoloqun baxışı; 2) Ultrasəs müayinəsi; 3) Mammoqrafiya; 4) Biopsiya; 5) Süd vəzi MRT müayinəsi; 6) PET KT müayinəsi. SÜD VƏZİ XƏRÇƏNGİNİN MÜALİCƏSİ: 1) Cərrahi əməliyyat; 2) Kimyaterapiya; 3) Şüa terapiya; 4) Hormonterapiya. SÜD VƏZİ XƏRÇƏNGİNİN PROFİLAKTİKASI: 1) Özü-özünü müayinə ( mensrtuasiya olan qadınlar tsiklin 7-14cü günündə,menstruasiyası qeyri-mütəmadi olan və ya tamamilə olmayan qadınlar isə ayda bir dəfə eyni tarixdə özü-özünü müayinə etməlidir); 2) Vaxtı-vaxtında həkimə müraciət etmək və müayinə olunmaq ( şişönü xəstəlikləri vaxtında aşkarlanması və müalicə edilməsi məqsədilə 40 yaşına qədər sağlam qadınlara ildə bir dəfə mammoloqun baxışı,göstəriş olarsa USM və ya MMQ olunur.40 yaşdan yuxarı olanlar ildə bir dəfə mammoloqun baxışı və MMQ tibbi göstəriş olarsa USM, MRT olunur); 3) İrsi faktor aşkar olunduqda ( BRCA 1 və BRCA 2 genlərində mutasiya) profilaktik əməliyyat olunması; 4) Sağlam qida və sağlam həyat tərzi.

Paylaşıldı: 19.01.2020

Qalaktoreya

Qalaktoreya

QALAKTOREYA NƏDİR? Qalaktoreya gilədən görünüşünə, tərkibinə, konsistensiyasına görə südü xatırladan ifrazatın gəlməsidir. Qalaktoreya ayrılıqda xəstəlik deyil, bir neçə xəstəlikləri müşaiyət edən simptomdur. QALAKTOREYANIN NÖVLƏRİ: Patoloji qalaktoreya - laktasiya bitəndən ( 5 aydan tez olmamaq şərtilə) sonra gilədən südün gəlməsidir. Fizioloji qalaktoreya - südün hamiləlik və əmizdirmə zamanı sekresiyasıdır. PATOLOJİ QALAKTOREYANIN SƏBƏBLƏRİ: 1.Sistematik baş verən stress faktorları; 2.Bəzi preparatların qəbulu; 3.Hipotalamus, hipofiz, qalxanvari, böyrəküstü vəzilərin və yumurtalıqların hormonal pozğunluq yaradan patoloji prosesləri; 4.Palotoloji reflektor aktivlik – süd vəzilərin həddindən artıq qıcıqlanması; 5.Böyrək, qaraciyər çatmamazlığı; 6.Səbəbi bilinməyən( idiopatik); 7.Fiziki gərginlik. QALAKTOREYANIN DİAQNOSTİKASI 1) Düzgün anamnez toplanması; 2) Baxış, süd vəzilərin palpasiyası, ifrazatın vizual olaraq qiymətləndirilməsi (rəngi, qatılığı); 3) İfrazatın sitoloji müayinəsi; 4) Qan analizi; 5) Ultrases müayinesi, mammoqrafiya, duktoqrafiya; 6) Türk yəhərinin rentgenoqrafiyası, hipofizin MRT müayinəsi. QALAKTOREYANIN MÜALİCƏSİ 1) Qalaktoreyanı yaradan səbəbləri aradan qaldırmaq. 2) Konservativ müalicə.

Paylaşıldı: 19.01.2020

Psixologiyada öz əksini tapmış fərqli sindromlar

Psixologiyada öz əksini tapmış fərqli sindromlar

Psixologiya elmi qədim tarixə məxsusdur. Psixologiya elmi insanların fərdi-psixoloji xüsusiyyətlərini və şəxsi keyfiyyətlərinin təşəkkülü və dəyişməsini öyrənir. İnsanın psixoloji keyfiyyətlərinin məcmusu, onu digər insanlardan fərqləndirir, onun fəaliyyətini təşkil edir. Bu dəfə az rast gəlinən , fərqli, maraqlı və heyrətlənəcəyimiz bir neçə sindromlarla tanış olacağıq. Əvvəlcə baxaq sindrom nədir? Tibbdə və psixologiyada sindrom termini eyni vaxtda baş verən kliniki aşkar olunmuş simptomların oxşarlığına əsaslanır. Belə ki, xüsusiyyətlərdən biri digər xüsuiyyətlərin olması barədə xəbərdarlıq edir. Otello sindromu - "Qısqanclıq hər zaman sevginin göstəricisi deyil". Patoloji qısqanclıq kişilərə nisbətən, qadınlarda daha çox görülür və hər iki cinsdə fərqli şəkildə biruzə verilir. Qadınlar patoloji qısqanmanı daha emosional şəkildə və içəqapalı olaraq yaşayır. Kişilərdə isə qısqanclıq daha çox hərəkətlərində şiddət və cinayət olaraq üzə çıxır. Bu sindroma tutulan insanlar olmayan şeyləri olmuş kimi düşünürlər. Əsas xüsusiyyətləri: Yüksək səviyyədə aldatılma qorxusu;  Hər kəsdən, hər şeydən qısqanmaq;  Təhqir edərək qarşılarındakı şəxsi dəyərsiz hiss etdirmək;  İdarə edilə bilməyən və aşırı reaksiyalar;  Şiddətə meyillilik .  Bəs niyə Otello sindromu-? Bu sindrom adını Uilyam Şekspirin Otello oyunundan alıb. Orada Otello xanımı Desdemonanın onu aldatdığını düşündüyünə görə onu haqsız yerə öldürür. Sonradan həyat yoldaşını günahsız yerə öldürdüyünü bilərək “Mənim üçün ağılsızca, amma çox sevən biri deyin. Asan qısqanmayan, amma bir dəfə qısqandısa, özünü itirən, biri deyə bəhs edin” deyir və özünü də öldürür. Yad əl sindromu – “Alien” sindromu da adlandırılan bu xəstəlik əllərdən birinin nəzarətdən kənar hərəkətlər etməsi kimi əlamətlərlə  özünü göstərir.  Kənardan baxıldığında bu hərəkətləri xəstənin etdiyini düşünmək olur, ancaq həmin hərəkətlər xəstənin istəyindən kənar edilir.  Sindromun yaranma səbəbi nədir? İnsanda və onurğalı heyvanlarda vestibülyar aparat deyilən bir nəsnə var. Vəzifəsi başın və bədənin fəzada vəziyyətinin dəyişməsini, habelə bədənin hərəkət və istiqamətini qavramaqdır. Vestibülyar aparat pozulanda hərəkətlərdə koordinasiya pozulur, bədən müvazinətini itirir və s. Sanki vestibülyar aparatımız pozulub. Əl oğurlayır, dil vətəndən danışır… Qulaq bir şey eşidir, göz başqa şey görür. Bizi depressiyaya sürükləyən də bunlardır, bəlkə… Bu sindroma nə vaxt rast gəlinib? İlk dəfə ötən əsrin əvvəllərində Almaniyada qeydə alınıb. Bir qadının sol əli özünün boğazından tutub boğurmuş. Qadının boğazını sol əlindən güclə alıb xilas ediblər. Tibdə buna “yad əl sindromu” adı verilib… …Sanki bir yad əl bizi boğur. Kənardan bizə düşmən lazım deyil. Bizi özümüzlə baş-başa qoymaq kifayətdir.  Gəzən cəsəd sindromu - Xəstəliyi kəşf edən Kotardın adıyla  xatırlanan bu xəstəlik zamanı xəstələr özlərinin ölü olduqlarına və bədənlərinin bir qisminin çürüdüyünə inanırlar . Şizofreniya və bipolar pozğunluq olan insanlarda daha çox rastlanan bu xəstəlik, miqren, şiş və travma alan insanlarda da görülə bilər. Yaşanmış hekayə -Olduqca az rast gəlinən sindrom 2008-ci ildə 53 yaşında filippinli bir qadında müşahidə edilib. Ölü olduğunu söyləyən qadın ailəsindən meyitxanaya aparılmasını istəyib. Nadir rast gəlinən bu sindromda sayıqlamalar, özündən və dünyadan təcrid olunma, ölümsüzlük düşüncələri, hallüsinasiyalar, intihar düşüncələri və pessimizm müşahidə edilir. Bu sindroma kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Xəstəliyin başlanğıc yaşı 52-dir. Araşdırmalar zamanı xəstəliyin bir çox psixiatrik və orqanik xəstəliklərlə əlaqəli ola biləcəyi ortaya çıxıb. Belə ki, xəstəliyə tutulmuş şəxs bu vəziyyətdə hər şeyini itirmiş olduğundan şikayətlənir. Bədəninin bir qismini və ya hamısını itirdiyini, ümumiyyətlə, öldüyünü və gəzən bir cəsəd olduğunu düşünür. Xəstə üstündə böcək, ya da soxulcan gəzdiyini düşünər, hətta çürüdüyünə və cəsəd kimi iyləndiyinə inanar. Xəstəliyin sonrakı mərhələsində xəstə insanı yuxudan məhrum edən kokain ağrısı yaranır. Xəstə ölü olmaq və ölü olmamaq fikirləri arasında əzab çəkməyə başlayır. "Peter Pan" sindromu - Bu sindroma sahib insanlar, böyüməkdən qorxan uşaqlar ,bununla yanaşı böyüklərdə də ola bilər. Özünü uşaq kimi hiss edib belə davranışlar sərgiləyən insanlarda rast gəlinir. Peter Pan sindromlu insanlar böyüklərin götürdüyü məsuliyyətlərdən qaçırlar. Peter Pan sindromunun əsas xüsusiyyətləri?  Bu sindroma malik insanlar böyümək və yaşlanmaq istəmir. İşə başlamaq, ailə qurmaq, övlad sahibi olmaq kimi yetkin insanlar üçün normal olan fəaliyyətlərin heç birini həyata keçirə bilmirlər.  İnsan fərdi məsuliyyətlərindən qaçıb, rahat və qayğısız həyat sürmək istədikləri üçün ailələrinin yanında yaşamağı üstün tuturlar.  Bazar ertəsi sindromu- Belə sindromu olan insanlar həftənin başlanması ilə əlaqədar yeni iş həftəsini, çətin dərs rejimini və s. düşünərək həftəsonu tətilində dincəlmək əvəzinə özlərinə əzab verirlər. Maraqlıdır ki, ilk iş günündən sonra çətinliklər unudulsa da növbəti həftəsonunda bu hal yenidən təkararlanır.Hər bir sindromun yaranma səbəbləri, xüsusiyyətləri ailə daxili münasibətlərdən və gündəlik yaşam tərzindən aslı ola bilər. Bunlar araşdırılmalı və hər bir sindrom üçün müailicə metodları və texnikaları müəyyən edilməlidir. Çarəsizlik bu sindromlara düçar olmaq deyil, çarəsizlik ilk addımı ata bilməməkdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 14.01.2020

Sarı pilinq

Sarı pilinq

Sarı pilinq nədir? Sarı pilinq - üzün qısa müddətə bərpası ilə müşayiət olunan kimyəvi pilinq növüdür. Bu kosmetik vasitənin əsas tərkibi retinol turşusudur (A vitaminin süni analoqu). O, parlaq sarı rəngə malikdir, ona görə də preparat “sarı pilinq” adı ilə tanınır.   Sarı pilinqin təsir mexanizmi Bu pilinq növü şərti olaraq kimyəvi adlandırılıb, belə ki, onun epidermis və dermaya təsiri canlı hüceyrələri zədələmir.  Onun tərkibini təşkil edən turşu birləşmələri  dəriyə cavanlaşdırıcı təsir göstərir, onun səthindəki buynuzlaşmış ölü hüceyrələri aradan qaldırır, eləcə də dərinin dərin qatlarındakı hüceyrələrarası qarşılıqlı əlaqəni tənzimləyir. Bundan başqa, qeyd olunan pilinq növü dəri hüceyrələri reseptorlarındakı prosesləri stumullaşdırır və güclü antioksidant təsir göstərir.  Sarı pilinqin nəticələri Sari pilinq həyata keçirildikdən sonra aşağıdakı nəticələr alınır: Toxumaların regenerasiya sürəti artır; Elastin, kollagen, gialuron turşularının sintezi sürətlənir; Dərinin üst qatı incəlir; Qan dövranı stimullaşır; Ayrı-ayrı piy vəzilərinin ifrazı normaya düşür; Melanin ifrazı azalır. Sarı pilinqin effektinin qalıcılıq müddəti 5 aydır. Sarı pilinqin hansı üstünlükləri var? Qısa müddətə bərpaolunma - 1 həftəyədək; Ağırlaşma və allergiya riski yoxdur; İstənilən tip dəriyə tətbiq etmək mümkündür; 25 yaşdan yuxarı hər kəs üçün yararlıdır; Sarı pilinqə göstərişlər hansılardır? Sarı pilinqə göstərişlər aşağıdakılardır: Piqment ləkələri, çillər; Qırışlar, fotoqocalma; Məsamələrin genişlənməsi, çapıqlar; Civzələr; Keratoma. Sarı pilinqə əks-göstərişlər hansılardır? Sarı pilinqə bəzi əsk-göstərişlər də var. Onlara aiddir: Hamiləlik və laktasiya; Qaraciyər xəstəlikləri; Dermatozlar; Ziyillər; Allergiya; Rozaseya. Sarı pilinqi ildə 2 dəfə həyata keçirmək tövsiyə olunur. Bu müddət hüceyrələrin funksiyalarını aktivləşdirmək, dərini cavanlaşdırmaq və kosmetik qüsurları aradan qaldırmaq üçün kifayət edir.

Paylaşıldı: 08.01.2020

Uşaqlarda ünsiyyət problemi

Uşaqlarda ünsiyyət problemi

UŞAQLARDA ÜNSİYYƏT PROBLEMİ Uşaqlarda görülən psixoloji problemlərdən biri də, ünsiyyətdir. Ünsiyyət azlığı uşaqlarda  kiçikyaşlarından özünü göstərir. Bunun davamı yeniyetməlik və erkən gənclik yaşlarına qədər davam edə bilir. Ünsiyyət verbal və qeyri verbal formada olur. Verbal forma – canlı ünsiyyətdir, qeyri verbal isə telefon, kompyuter, yazı vasitəsilə olur. ÜNSİYYƏT PROBLEMİNİN SƏBƏBLƏRİ Bunun bir cox səbəbləri vardır. Genetik, hər hansı bir problem (Autizm, USİ, Daun, PİL və s.), Ailə münaqişələri,  hamiləlik dövründə dölün inkişafına diqqət yetirməmək, ananın hamiləlik dövründə aldığı travma, qorxu, stress, depressiv hal, atanın alkoqolizm və narkotik maddə düşkünü olması,  uşağın əmmə prosesinin tez başa catması və ya əksinə uzun müddət döş əmən, yeməyi  blender vasitəsilə yeyən, soska əmənlər, ən əsası isə ailədə uşağın diqqət mərkəzindən uzaqda olmasıdır.  HANSI YAŞDA PROBLEM GÖRÜLÜR Artıq bəlli bir yaşa catan  uşaqlarda yəni (2, 3, 4 yaşlarda) söz ehtiyatının olmaması, iki və daha cox sözlərin  ardıcıl söylənə biləməməsi baxca dövrünə təsadüf etdiyindən, uşaqlar özünü ifadə edə bilmirlər. Bu dövr gözəcarpan dövr olmadığı üçün valideynlər o qədər narahat olmurlar. Artıq məktəbə hazırlıq dövründə müəllimlər həyəcan təbili çalırlar. Bu zaman  uşaqlar ünsiyyət qura bilmirlər, müəllimin şifahi nitqinə gec reaksiya verirlər, həmyaşıdları ilə rollu oyunlar qura bilmirlər, təxəyyülün formalaşması gecikir, əyani-əməli təfəkkürdə problemlər özünü göstərməyə başlayır.  Böyükməktəb yaşına catdıqda, ünsiyyətə girə bilmir, özünü ifadə edə bilmir, özgüvən əskikliyi əmələ gəlir, həmyaşıdlarından geri qalırlar və sonda özünəqapanma, tənhalığa meyl yaranır.  BU ZAMAN NƏ BAŞ VERƏ BİLƏR Susidə meyl (intihar cəhd),  özünə cəza vermə, valideynlərə cəza vermək ücün özlərinə xətər yetirirlər. Otağa girərək, saatlarla üzüqoyulu yataqda qalma,  təlimdə ləngimə, kompyüter ve telefona asılılq, ailə üzvlərinə qarşı aqressiv münasibət, sosiallaşma probleminin yaranması kimi hallarla müşahidə olunur. Bu kimi insanlar əksər vaxt uğursuzluqdan, bəxtlərinin gətirməməsindən, başqaları kimi ola bilmədiklərindən şikayət edirlər. Kimisə günahkar bilirlər, onlara daimi mane olan insanlar haqqında danişırlar. Bele insanlar daha cox neqativ tipli insanlar adlanır.  BU HALIN YARANMAMASI ÜÇÜN NƏ ETMƏLİ Artiq uşaqların 1.5 yaşlarında nitqləri  formalaşmağa başlayır. Söz bazalarında 10 sayda və daha cox sözlər olmalıdır. 2 yaşında 2 sadə sözdən  ibarət cümlələr qurulur. 3 yaşlarında isə 2 və daha cox sözlərdən cümlələr quraraq fikir və düşüncələrini formalaşdırmağa başlayırlar. Valideynlər bu yaşı nəzərə alaraq, mütəmadi olaraq, uşaqları söylətməli, komandalar verməli, göz təması qurmalı, suallar verərək cavab almalarını təmin etməlidirlər. Bu dövr həm fizioloji, həm cinsi, həm də psixoloji inkişaf dövrü  adlanır. Üç (3) yaş uşaqlarda ilk böhran  yaş dövrü oldugundan daha həssas və diqqətli olmaq tövsiyyə olunur. Nitqdə hər hansı bir  nöqsan nəzərə çarparsa mütləq həkim və loqopedik, psixoloji müayinədən keçirmələri tövsiyyə olunur.  ERKƏN MÜDAXİLƏ, SƏLİS VƏ GÖZƏL ÜNSİYYƏT  DEMƏKDİR.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 08.01.2020

Spinner