çəpgözlük

ÇƏPGÖZLÜK

4303
Müəllif: Oftalmoloq Gülşən Dikmen , Əlaqə: 055 808-84-23

Paylaşıldı: 29.01.2020
Gülşən Dikmen

Çəpgözlük nədir?

Çəpgözlük əsasən, uşaqlarda rast gəlinən və geniş yayılmış oftalmoloji patologiyadır. Bu, bir və ya hər iki gözün düz baxarkən yerləşmə pozuntusudur. Çəpgözlük nəzərəçarpmayacaq dərəcədən, uşağa diskomfort yaradacaq səviyyəyədək ola bilir.

Çəpgözlük estetik problem olmaqla yanaşı, gözlərin normal fəaliyyətinə də mənfi təsir göstərir. Belə ki, dəqiq görmə get-gedə pozulur və pasiyetin sterioskopik görmə qabiliyyəti itir.  


Çəpgözlüyün yaranma səbəbləri hansılardır?

Çəpgözlük anadangəlmə və qazanılma səbəblərdən yarana bilər. Buraya aiddir:

- orta və yüksək dərəcəli ametropiya (yaxındangörmə, uzaqdangörmə və astiqmatizm);
- travmalar;
- iflic və parezlər;
- gözləri hərəkət etdirən əzələlərin inkişaf və birləşmə anomaliyaları;
- MSS xəstəlikləri;
- somatik xəstəliklər;
- infeksion xəstəliklər (qızılca, difteriya, skarlatina və s.);
- bir gözün görmə itiliyinin kəskin enməsi.


Çəpgözlüyün hansı növləri var?

 

Çəpgözlüyün növləri fərqlidir:

- yalnız əməliyyatla düzələn;
- eynəklə düzələn;
- həm əməliyyat, həm də eynəyin birgə tətbiqi ilə düzələn.


Çəpgözlük necə müayinə olunur?

Müayinə həkim-oftalmoloq tərəfindən aparılır və vizual olaraq müəyyənləşdirilir. Müayinə zamanı mütəxəssis görmə itiliyini, çəplik bucağını yoxlayır, gözlərin mütəşəkkilliyi xüsusi güzgülər vasitəsi müəyyən edilir. Həmçinin, gözlərin hərəkiliyi öyrənilir.

Bəzi hallarda nevroloji müayinəyə də ehtiyac olur.


Çəpgözlüyün müalicəsi necə aparılır?

Çəpgözlüyün müalicəsi aşağıdakı üsullarla aparılır:

- optik korreksiya (eynək, yumşaq kontakt linzalar);
- hər iki gözün görmə itiliyinin artırılması (aparat prosedurları);
- ortoptik və diploptik müalicə (binokulyar görmənin inkişaf etdirilməsi);
- göz əzələlərinin xüsusi məşqlərlə möhkəmləndirilməsi;
- botoks inyeksiyaları.

Konservativ müalicə metodları nəticə göstərməzsə, cərrahi müdaxilə tələb olunur.  Çəpgözlüyü korreksiya etmək üçün iki növ cərrahi metod mövcuddur - gücləndirici və zəiflədici.

Gücləndirici əməliyyat əzələnin qısaldılması vasitəsilə həyata keçirilir. Bu zaman əzələnin göz almasına birləşən nahiyəsi toxunulmaz qalır.

Zəiflədici növdə isə əzələnin göz almasına birləşsən nahiyəsi dəyişdirilərək qüzeyli qişadan uzağa birləşdirilir.

Çəpgözlük əməliyyatı ümumi anesteziya ilə “bir gün” rejimində aparılır, xəstə həmin gün evə yazılır. Tam bərpa üçün bir həftə yetərlidir. Əməliyyatın nəticəsi kimi kosmetik defekt aradan qaldırılır və binokulyar görmə funksiyası bərpa olunur.

3 yaşa qədər əməliyyat binokulyar görmənin bərpasını təmin edir. 3 yaşdan sonra gözlər ortoforik olsa da, binokulyar görmə bərpa olunmur.