Hamiləlikdə bel ağrıları

Hamiləlikdə bel ağrıları

Hamiləlik orqanizmin bir çox orqan və sistemlərinə yüklənmə ilə müşaiyət olunur.  Dayaq-hərəkət sistemi ən çox yüklənən sistemlərdəndir və hamiləlikdə bel ağrıları bir çox qadınları narahat edən şikayətlərdəndir.  Adi hallarda müxtəlif ağrıkəsicilərdən istifadə etmək mümkün olsa da hamiləlik zamanı əks göstərişlər çoxdur və ağrıkəsicilərdən istifadə  zamanı xüsusilə ehtiyatlı olmaq gərəkdir.Hamiləlikdə yaranan bel ağrıları zamanı alternativ müalicə üsulları köməyinizə çatacaqdır.   Hamiləlikdə bel ağrılarının yaranma səbəbləri Hamiləlikdə yaranan bel ağrıları həm fizioloji, həm də müxtəlif xəstəliklərin səbəbi kimi yarana bilər. Hamiləliyin özü aşağıdakı mexanizmləri işə salır:   Qadının çəkisinin artması; Uşaqlığın ölçülərinin artması; Ağırlıq mərkəzinin önə doğru yerdəyişməsi; Onurğa sütununun formasının dəyişməsi Çanaq sümüklərinin böyüməsi. Bütün bu əlamətlər hamiləlikdə onurğa sütununa yüklənmənin artmasına, əzələlərin gərginləşməsinə və ağrının yaranmasına səbəb olur. Relaksin hormonunun hamiləlikdə artmaslı vəziyyəti daha da ağırlaşdırır. Bağların elastikliyin artmasına, dölün doğuş yollarından rahatlıqla keçməsinə xidmət edən relaksin hormonu, onurğa sütununda  fəqərələrin ətrafındakı bağların da boşalmasına səbəb olur və bu zaman fəqərəarası disklərin zədələnməsi üçün şərait yaradır. Bu faktorların təsiri hamiləliyin son aylarında daha çox nəzərə çarpır.  Hamiləliyin erkən mərhələlərində yaranan bel ağrıları, qadında əvvəlcədən hər hansı bir fəqərə sütünu problemi, ginekoloji patologiya və ya həzm sistemi xəstəliklərinin olması haqqında məlumat verir. Məhz ona görə də erkən mərhələdə yaranan bel ağrıları zamanı mütləq həkim qəbulunda olmaq məsləhətdir.  Hamilələrdə bel ağrılarının diaqnostikası Hamilələrdə bel ağrılarının diaqnostikası üçün rentgen və kompyuter tomoqrafiya (KT) istifadəsi əks göstəriş olduğu üçün digər obyektiv müayinə üsullarına üstünlük verilir. Maqnit rezionans tomoqrafiyada (MRT)  şüalanma riski olmasa da nadir hallarda istifadə olunur.  Kompleks diaqnostik müayinələrə aşağıdakılar aiddir: Qanın ümumi və biokimyəvi analizi; Sidiyin ümumi analizi; Qanda hormonların təyini; Ultrasəs müayinə. Osteopat həkimin diaqnostik üsulları hamilələrdə bel ağrısının müayinəsində effektiv və təhlükəsizdir, eyni zamanda ilkin səbəbi tapmağa yardım edir. Beləki, hamiləlikdə bel ağrılarının səbəbi daxili orqanlarda olan patologiyalar, əvvəllər keçirilmiş olan hər hansı bir cərrahi əməliyyatın qalıq əlamətləri olan çapıqlar, bitişmələr və ya, uşaqlıqdan mövcud olan qamət pozulmaları, şmorl düyünləri və ya ətraflarda olan hər hansı bir travma ola bilər. Hamiləlikdə bel ağrılarının xüsusiyyətləri  Əvvəldə də qeyd etdiyim kimi hamiləlikdə bel ağrıları zamanı dərman vasitələrindən istifadə xüsusilə ehtiyatlı olmalıdır, ana və döl üçün həyati vacib göstəriş olmadıqca ağrıkəsicilərin istifadəsi məhdudlaşdırılmalıdır. Hamiləlikdə bel ağrıları zamanı alternativ üsullar öz effektivliyini sübut etmişdir: müalicəvi idman ; massaj; akupunktura; nəfəs hərəkətləri, meditasiyalar; xüsusi bandajlardan istifadə. Lakin hər bir alternativ üsulun da istifadəsindən öncə həkim məsləhəti və həkim təyinatı olması mütləqdir ! Hamiləlikdə bel ağrılarının müalicəsi                              Hamiləlikdə yaranan istənilən lokalizasiyalı ağrıların müalicəsində osteopatiya fəsadsız və ən effektiv üsuldur.Osteopatiya səbəbin dəqiq tapılmasına və ağırının  aradan qaldırılmasına, daha öncələrdən yaranmış və bədənə mənfi təsir edən travmanın və ya iltihabın fəsadlarının aşkarlanmasına yönəlmişdir. Həkim osteopat ağrının yaranma mənbəyini aşkarlayıb onu aradan qaldırmaq üçün müalicə planı hazırlayacaqdır.  Adətən hamiləlikdə bel ağrıları hamiləliyin üçüncü trimestrində yaransa da, əsas səbəbləri daha erkən vaxtlara təsadüf edir Düzgün yanaşma ilə osteopatik proseduralar hamiləliyin istənilən dövründə ziyansızdır və hamiləlikdə yaranan bel ağrısını effektiv yolla aradan qaldırır.   Əlbəttə profilaktika müalicədən yaxşıdır prinsipini üstün tutaraq  hamiləliyə hazırlaşdığınız müddətdə və ya ümumilikdə beldə ağrılarınız olmasa belə osteopata müraciət etməniz daha yaxşı olardı. Beləliklə siz təkcə bel ağrılarından deyil, hamiləlik toksikozundan, yuxusuzluqdan, varikoz damarların çıxmasından, qəbzlikdən və hamiləkdə yarana biləcək digər problemlərdən sığortalana bilərsiniz. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 12.04.2020

bradikardiya

Bradikardiya

Bradikardiya nədir? Bradikardiya – ürək yığılmalarının sayının dəqiqədə 60 vurğudan az olması ilə səciyyələnən bir aritmiya formasıdır. Peşəkar idmançılarda bu pozğunluq normal hesab olunur. Əksər hallarda bradikardiya müxtəlif ürək patologiyalarının fonunda yaranır. Bradikardiyanın mülayim dərəcəsi hemodinamik pozulmalara səbəb olmur. Daha ciddi hallarda azalmış ürək ritmi orqan və toxumaların qan təchizatının azalmasına, oksigen aclığına gətirib çıxarır, onların fəaliyyətini pozur. Bradikardiyanın növləri Bradikardiya fizioloji və patoloji olur. Patoloji bradikardiya kəskin formada gedərək onu törədən xəstəlik (miokard infarktı, miokardit, intoksikasiyalar) aradan qaldırıldıqdan sonra keçib gedə bilər. Bəzi xəstəliklərdə isə bradikardiyanın xronik formalarına rast gəlinir.  Ürəkdaxili səbəblərin lokalizasiyasından asılı olaraq sinus bradikardiyası və ürək blokadaları ayırd edilir.  İnkişaf səbəblərinə görə sinus bradikardiyası aşağıdakı formalara bölünür: ekstrakardial (neyrogen), üzvi (ürək zədələnmələri), dərman, toksik və idmançı bradikardiyası.  Bradikardiyanın əlamətləri Mülayim bradikardiya qan dövranı pozğunluqları ilə müşayiət edilmir, klinik əlamətləri olmaya da bilər.  Ürək yığılmalarının sayı 40 vurğu/dəqiqədən az olduqda, eləcə də ürəyin üzvi dəyişikliyi fonunda başhərlənmə, halsızlıq, bayılmaönü vəziyyət və bayılma halları müşahidə edilir. Həmçinin yorğunluq, çətinləşmiş tənəffüs, qeyri-stabil arterial təzyiq, döş qəfəsində ağrılar, diqqət və yaddaşın, görmənin qısamüddətli pozulması, huşun dumanlaşması izlənilə bilər. Bradikardiyanın əlamətləri ümumilikdə onu fonunda inkişaf edən hemodinamik pozğunluqların ağırlığı ilə düz mütənasibdir. Miokardın yığılma funksiyasının və qan dövranının zəifləməsinə ilk növbədə hipoksiyaya məruz qalan baş beyin reaksiya verir; bir neçə saniyədən 1 dəqiqəyə qədər davam edən huşun itirilməsi, qıcolma tutmaları baş verə bilər. Belə vəziyyətlər həyat üçün təhlükə daşıdığından təxirəsalınmaz tibbi yardımın aparılmasını tələb edir. Uzunmüddətli tutmalar tənəffüsün dayanması ilə nəticələnə bilər. Bradikardiyanın diaqnostikası Bradikardiyanın xarakterik əlamətləri anamnezin toplanması və obyektiv müayinə prosesində aşkarlanır. Baxış zamanı seyrək nəbz, normal ürək tonları, bəzən tənəffüs aritmiyası müəyyən edilir.  Elektrokardioqrafiya müayinəsində seyrək ürək atımları, blokadalar qeydə alınır. Qeydiyyat anında bradikardiya epizodları aşkar edilmədikdə EKQ-nin sutkalıq monitorinqindən (Holter müayinəsi) istifadə olunur. Exokardioqrafiya vasitəsilə ürəyin atım gücünün 45%-dən çox olmayan azalması, ürək ölçülərinin böyüməsi, miokardın degenerativ dəyişikliyi təyin edilir. Tredmil-test (fiziki yüklənmə sınağı) köməyi ilə fiziki iş zamanı ürək atımı qiymətləndirilir. Tranzitor (keçici) blokadaları EKQ və Holter monitorinqi ilə müəyyən etmək mümkün olmadıqda ürəyin ötürücü yollarının transezofagial (qida borusundan) elektrofizioloji müayinəsi tətbiq edilir. Bradikardiyanın müalicəsi Klinik əlamətlərlə müşayiət olunmayan mülayim və funksional bradikardiya müalicə tələb etmir. Üzvi, ekstrakardial , toksik formalarda əsas xəstəliyin müalicəsi həyata keçirilir. Stenokardiya, arterial hipertoniya, bayılma, ürək çatışmazlığı, mədəcik aritmiyasının inkişafı bradikardiyanın aktiv müalicəsinə göstəriş sayılır. Morqani-Adams-Stoks tutmaları (qəflətən başhərlənmə, diskoordinasiya, dərinin solğunluğu və soyuq tərlə örtülməsi, huşun itməsi) yarandıqda kardiocərrahın konsultasiyası və elektrostimulyatorun – fizioloji tezlikli elektrik impulsları hasil edən süni aparıcı ritm aparatının implantasiyası ilə baölı məsələnin həlli mütləqdir.  Adekvat və davamlı ürək ritmi normal hemodinamikanın bərpasına səbəb olur.  Bradikardiyanın proqnoz və profilaktikası Ürəyin üzvi zədələnmələri bradikardiyanın gedişinə qeyri-qənaətbəxş təsir edir. Ritmin dayanıqlı azalması fonunda tromboembolik ağırlaşmaların yaranma ehtimalı, həmçinin əlilliyin inkişafı mümkündür. Bradikardiyanın mülayim və ya fizioloji formalarında proqnoz qənaətbəxşdir Ekstrakardial səbəblərin, ürəyin üzvi xəstəliklərinin, miokarda toksik təsirlərin aradan qaldırılması, dərman dozalarının düzgün seçilməsi bradikardiyanın qarşısını almağa imkan verir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 06.04.2020

QLAUKOMA

QLAUKOMA

Qlaukoma nədir? Qlaukoma - gözdaxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması, nəticədə görmə sinirinin tədricən atrofiyasına səbəb olan xəstəlikdir. Xalq arasında bu patologiyaya göz təzyiqi və ya “"qarasu”da deyilir. Xəstəliyin yayılma coğrafiyası çox geniş olub - dünyada 45 milyon təşkil edir, daha çox 40 yaşından yuxarı kişi və qadınlarda rast gəlinir. Xəstəlikdən əziyyət çəkən hər 20 nəfərdən biri təəssüf ki, görməsini tamamilə itirir. Qlaukomanın hansı növləri var? Qlaukoma, əsasən, iki qrupa bölünür: açıq bucaqlı qlaukoma və qapalı bucaqlı qlaukoma. Açıq bucaqlı qlaukoma - bütün xəstəlik hallarının 90%-ni təşkil edir. Bu formada, adından da göründüyü kimi, qüzehli-buynuz  bucağı açıq olur. Əksər hallarda illər ərzində proqressivləşir və dəyişikliklərin üzə çıxması bir neçə il təşkil edir. Patologiyanın bu növü kor ləkənin, sinir liflərinin və görmə sahəsinin struktur və funksional defektinə səbəb our. Qapalı bucaqlı qlaukoma - xəstəliyin nisbətən az rast gəlinən formasıdır.  Bu formada gözdaxili təzyiq sürətlə artmağa başlayır. Qapalı qlaukomada bəbəyin genişlənməsinə səbəb olan istənilən vasitə, məsələn, işıq, müəyyən dərmanlar, hətta gözləri müayinə etmək üçün istifadə edilən bəbəkgenişləndirici damcılar qüzeyli qişanın gözdaxili maye axarlarının bloklamasına səbəb olur. Bu zaman göz alması qısa zamanda sərtləşir - təzyiq qəfildən ağrı və görmənin dumanlanmasına gətirib çıxarır. Qlaukomanın yaranma səbəbləri hansılardır? Qlaukomanın dəqiq yaranma səbəbi hələ də məlum deyil. Xəstəliyin əmələgəlmə etiologiyası barədə müxtəlif nəzəriyyələr mövcud olsa da, başlıca səbəb kimi gözdaxili hipertenziya qeyd olunur. Qlaukoma necə müayinə edilir? Qlaukoma, əsasən, inkişafının son mərhələsində üzə çıxdığından böyük təhlükə doğurur. Xəstəliyə malik insan uzun müddət heç bir əlamət müşahidə etməyə bilər.  Qlaukoma geridönməz xəstəlik olduğundan onun erkən müayinə edilməsi çox vacibdir. Müayinəni həkim-oftalmoloq və ya optometrist görmənin standart müayinəsi çərçivəsində həyata keçirir.  Qlaukomanın müayinəsi - biomikroskopiya (yarıq lampa ilə müayinə), tonometriya (gözadaxili təzyiqin ölçülməsi), qonioskopiya (ön kamera bucağının müayinəsi) və görmə sahələrinin müəyyən edilməsindən ibarətdir. Qlaukomanın əlamətləri hansılardır? Qlaukoma özünü aşağıdakı əlamətlərlə büruzə verir:   – Gözlərdə ağrı, ağırlıq və kəsilmə hissi, görmə sahəsinin daralması; – Parlaq işığa həssaslıq; – Görmənin dumanlanması, gözlərin önündə “torun” əmələ gəlməsi; – Sutkanın axşam və gecə saatlarında görmənin pisləşməsi; – Gözlərin qızarması; – Gözətrafı zəif ağrılar və s. Qlaukoma necə müalicə olunur? Təəssüf ki, qlaukomanın tam müalicəsi yoxdur. Buna baxmayaraq, bəzi dərman terapiyaları, eləcə də cərrahi və lazer müalicəsi mövcuddur. Damcı və dərman müalicəsi o qədər də uğurlu hesab edilmir. Qlaukomanın ən effektli müalicəsi cərrahi və lazer əməliyyatıdıdr.     Bu əməliyyatlar vasitəsilə gözlərin daxilindəki mayenin rahat boşalması üçün  göz daxilində əlavə kanallar açılır.  Bununla xəstəliyin inkişafı xeyli dərəcədə yubadılır  və ya olduğu səviyyədə saxlanılır. Qlaukomanın aşağıdakı cərrahi müalicə üsulları var: - Trabekulektomiya;, - Kanaloplastika:  - Lazer-iridektomiya; - Cərrahi iridektomiya - Siliar cismin krioterapiyası; - Endoskopik siklofotokaoqulyasiya. Nəzə almaq lazımdır ki, əməliyyatsonrası mərhələ də çox vacibdir. Belə ki, pasiyent həkimin göstərişlərinə əməl edərək, lazım olan dərman vasitələrini vaxtında tətbiq etməlidir. Qlaukomanı zamanında müəyyən etmək üçün ildə ən azı iki dəfə profilaktik müayinə olunmaq tövsiyə edilir. Bu müayinələr çox vaxt almır, amma sizi böyük bir bəladan xilas edə bilər! © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 06.04.2020

Taxikardiya

Taxikardiya

Taxikardiya nədir? Ürək yığılmasının dəqiqəlik tezliyinin artması taxikardiya adlanır. Yetişkin insanlarda normal nəbz 60-90 vurğu arasında dəyişilə bilər. Normal nəbz anlayışı çox nisbidir; bir çox şey insanın yaşından, bədən çəkisindən, fiziki quruluşundan və s. amillərdən asılıdır. Beləliklə, 90 vurğu/dəq – dən çox olan nəbz taxikardiya adlanır. Taxikardiya fizioloji və patoloji, həmçinin sinus və qeyri-sinus mənşəli ola bilər. Burada sinus taxikardiyaları haqqında məlumat verilir. Taxikardiyanın növləri      1 – Fizioloji taxikardiya orqanizmin fiziki yüklənmələrə (idman, fiziki iş və s.), stresə, hərarətin yüksəlməsinə və s. cavab olaraq baş verir. Bu halda insan dincəldikdə, sakitləşdikdə və ya sağaldıqda ürək yığılmalarının tezliyi normaya düşür.      2 – Patoloji taxikardiyanın səbəbi ürək, ağciyər, qalxanvari vəzi və s. xəstəlikləri ola bilər. Bu halda taxikardiya başhərlənmə, halsızlıq, təngnəfəslik və s. kimi pozulmalarla müşayiət olunur. Hansı hallarda taxikardiya xəstəlik əlaməti sayılmır? Fiziki işdən, stresdən sonra, havasız otaqda qaldıqda, bədən temperaturu artdıqda baş verən taxikardiya qorxulu deyil. Adətən bədən temperaturunun 1 dərəcə artması nəbzi 10 vurğu artırır. Sağlam insanda taxikardiya ürək nahiyəsində ağrı, təngnəfəslik, başhərlənmə, göz önündə qaralmalar, bayılma və s. kimi simptomlar olmur. İnsan fiziki işi bitirdikdə, havasız otaqdan çıxdıqda, Bədən temperaturu normallaşdıqda nəbzin tezliyi öz-özünə (dərmansız) keçir. Sağlam insanda nəbzin normaya qayıtması təxminən 5 dəqiqə ərzində (bundan artıq yox) baş verir. Taxikardiyanın əlamətləri Əgər taxikardiya sizdə “durduğu yerdə” baş verirsə və başhərlənmə, göz önündə qaralma, bayılma, təngnəfəslik, halsızlıq, ürək nahiyəsində ağrılar və s. simptomlarla müşayiət olunursa, bu, hər hansı bir ürək xəstəliyinin əlaməti ola bilər. Əgər taxikardiya başhərlənmə, halsızlıq, tez yorulma, dəri örtüklərinin quru və solğun olması ilə özünü büruzə verirsə, bu, anemiya (qanazlığı) və ya digər daha ciddi qan xəstəliklərinin əlaməti ola bilər. Əgər taxikardiya bədən çəkisinin “səbəbsiz” (gözlə görünməyən, bilinməyən) azalması, həddən artıq əsəbilik, əllərin əsməsi, bəzi fizioloji halların pozulması ilə müşayiət olunarsa, bu halda qalxanvari vəzin fəaliyyətinin pozulması olan hipertireoz xəstəliyindən şübhələnmək olar. Əgər taxikardiya öskürək, təngnəfəslik, ağır tezləşmiş nəfəsalma, nəfəsalma zamanı xırıltı kimi simptomlarla gedirsə, bu, ağciyər xəstəliyinin əlamətləri ola bilər. Sadaladığımız xəstəliklərdən əlavə bəzi şiş xəstəlikləri (böyrəküstü vəzi şişi), hipoqlikemiya (qanda şəkərin səviyyəsinin kəskin enməsi), güclü qanaxma, şok, orqanizmin susuzlaşması (tez-tez təkrarlanan qusmaya və ishala görə), böyrəküstü vəzilərin çatışmazlığı, ürəyin zədələnməsi (travma nəticəsində) və s. kimi xəstəliklər və pozulmalar taxikardiyaya səbəb olur. Təbii ki, bu zaman taxikardiyadan əlavə digər müvafiq pozulmalar da meydana çıxır. Taxikardiyanın müalicəsi Müalicə kardioloq və digər mütəxəssislərin birgə iştirakı ilə aparılmalıdır.  Ürək yığılmalarının tezliyini artıran amillər: kofein tərkibli içkilər (çay, qəhvə), nikotin, alkoqol, kəskin qidalar, şokolad, psixoemosional və fiziki yüklənmələr uzaqlaşdırılmalıdır.  Fizioloji sinus taxikardiyası müalicə tələb etmir. Patoloji taxikardiyanın müalicəsi əsas xəstəliyin aradan qaldırılmasına yönəldilir. Nevrogen mənşəli ekstrakardial sinus taxikardiyalarında nevroloqun konsultasiyası mütləqdir. Reflektor taxikardiya (hipovolemiya) və kompensator taxikardiya (anemiya, hipertireoz) hallarında onları törədən amillər aradan qaldırılmalıdır. Əks halda nəbzin azaldılmasına istiqamətləndirilmiş terapiya arterial təzyiqin kəskin azalmasına və hemodinamik dəyişikliklərin daha da ağırlaşmasına gətirib çıxara bilər. Taxikardiyanın proqnoz və profilaktikası Fizioloji sinus taxikardiyasının proqnozu hətta ifadəli subyektiv əlamətlər zamanı qənaətbəxş olur. Ürək xəstəliklərində sinus taxikardiyası əksər hallarda ürək çatışmazlığı və ya sol mədəciyin disfunksiyasının əlaməti sayılır; belə hallarda proqnoz kifayət qədər ciddi olur. Sinus taxikardiyasının profilaktikası ürək patologiyasının erkən diaqnostika və müalicəsindən, ekstrakardial amillərin aradan qaldırılmasından ibarətdir. Taxikardiyanın cidid ağırlaşmalarının qarşısını almaq üçün sağlam həyat tərzinə riayət olunmalıdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 03.04.2020

Hipertoniya xəstəliyi

Hipertoniya xəstəliyi

Arterial təzyiq nədir? Arterial təzyiq (AT) fəaliyyət göstərən qan dövranı sisteminin vacib göstəricilərindən biridir. Sistolik AT – ürəyin yığılması (sistola) zamanı arterial sistemdə əmələ gələn maksimal təzyiqdir. Diastolik AT – ürəyin boşalması (diastola) zamanı arteriyalardakı minimal təzyiqdir. AT millimetr civə sütunu (mm c.s.) ilə ölçülür. AT-in normal göstəriciləri 110/70 – 130/85 mm c.s. arasındadır. Arterial hipertoniya Arterial hipertoniya (AH) – arterial təzyiqin davamlı yüksəlməsidir. Cavan və orta yaşlı kişilər qadınlara nisbətən AH ilə daha çox xəstələnirlər, 50 yaşdan yuxarı qadınlar arasında isə xəstələnmə halları kişilərə nisbətən daha çoxdur. AH ürəyin işemik xəstəliyi, beyin insultu və ürək çatmamazlığının əsas risk faktorlarından biridir.  Hipertoniyanın növləri Əmələ gəlmə səbəblərindən asılı olaraq bütün AH halları 2 qrupa ayrılır: 1 – birincili (essensial) AH – hipertoniya xəstəliyi (HX), AT-in yüksəlməsi ilə digər hər hansı bir patologiya arasında əlaqə tapmaq mümkün olmayan hallar;  2 – ikincili (simptomatik) AH – digər patologiyanın təzahürüdür (böyrək, endokrin və sinir sistemi xəstəlikləri, damar patologiyası və s.). Hipertoniya xəstəliyinin etiologiyası naməlum olaraq qalır. Lakin xəstəliyin inkişafına təkan verə bilən bəzi arzuolunmaz faktorlar (risk faktorları) yaxşı öyrənilmişdir. Daha yaxşı öyrənilən risk faktorlarına aşağıdakılar aiddir: Irsi meyllilik; fiziki aktivliyin məhdudluğu (hipodinamiya); piylənmə; xörək duzundan çox istifadə olunması; hiperlipidemiya (ateroskleroz); tütün çəkmə; yaş; alkoqollu içkilərin çox istifadəsi və s. Hipertoniya xəstəliyinin əlamətləri Xəstəliyin proqnozu əsasən hədəf orqanların (ürək, baş beyin, böyrəklər, gözlər) zədələnmə dərəcəsinə görə təyin olunur. Əksər xəstələrdə hipertoniya xəstəliyinin başlanğıc mərhələləri AT-in yüksəlməsi ilə əlaqəli olan subyektiv simptomlarla müşayiət olunmaya bilər. Belə hallarda Hipertoniya xəstəliyinin diaqnozu ancaq fizikal və instrumental müayinə nəticələrinə əsasən qoyula bilər. Hipertoniya xəstəliyinin ən çox görünən simptomları ümumi beyin əlamətləri (başhərlənmə, başda küy, yaddaşın zəifləməsi, baş ağrıları, tez yorulma, qıcıqlılıq, unutqanlıq, gündüz yuxululuq və gecə yuxusuzluğu və b.), ürək nahiyəsində ağrılar, təngnəfəslik, ödemlər, görmənin pozulmasıdır. Xəstəyə baxış, anamnestik məlumatların tam toplanması, AT-in düzgün ölçülməsi, dəqiq laborator diaqnostika, elektrokardioqrafik və exokardioqrafik müayinələrin aparılması çox vacibdir.  Hipertonik kriz – AT-in qəflətən yüksəlməsidir, bu hal serebral, koronar, böyrək qan dövranının əhəmiyyətli dərəcədə pisləşməsi ilə müşayiət olunur, bu da ciddi ağırlaşmalar – insult, miokard infarktı, aorta divarının laylanması, ağciyər ödemi, kəskin böyrək çatmamazlığı riskini xeyli artırır. Bədxassəli hipertoniya AT-in əhəmiyyətli dərəcədə yüksəlməsi, hədəf orqanlarda üzvi dəyişikliklərin sürətli proqressivləşməsi ilə xarakterizə olunur. Hipertoniyanın bu variantı medikamentoz müalicəyə çox çətin tabe olur. Hipertoniya xəstəliyinin müalicəsi Hipertoniya xəstəliyinin müalicəsində əsas məqsəd hipertoniya ağırlaşmalarının inkişaf riskini və ölüm hallarını maksimal dərəcədə azaltmaqdır. Buna ömürlük uzun terapiya yolu ilə nail olunur. Hipertoniya xəstəliyinin qeyri-medikamentoz müalicəsi risk faktorlarının aradan qaldırılması və ya azaldılmasına yönəlmişdir – artıq bədən çəkisinin azaldılması, xörək duzundan və alkoqoldan istifadənin məhdudlaşdırılması, tütün çəkmədən imtina, fiziki aktivliyin artırılması və s. AT-in səviyyəsindən, risk faktorlarının sayından və yanaşı xəstəliklərin varlığından asılı olmayaraq hər bir HX olan pasiyent üçün bu tədbirlərin aparılması vacibdir. Medikamentoz terapiya hipertoniya xəstəliyinin mərhələsi, AT-in səviyyəsi, risk faktorlarının və yanaşı patologiyaların varlığı, həmçinin hədəf orqanların zədələnməsi nəzərə alınaraq təyin olunur. Başlanğıc AT-in 140/90 mm c.s.-dan yüksək olduğu istənilən halda, xüsusilə əgər xəstə yüksək və çox yüksək risk qrupuna aiddirsə, medikamentoz terapiya başlanmalıdır.  Aparılmış tədqiqatlar göstərir ki, hipertoniyalı xəstələrin adekvat müntəzəm müalicəsi insultdan ölüm hallarını 54%, miokard infarktından ölüm hallarını 43%, damar mənşəli ölümləri 20%, ümumi ölüm hallarını 13% azaltmağa imkan verir. Hipertoniya xəstəliyinin profilaktikası Hipertoniya xəstəliyinin birincili profilaktikası bütün insanlara (xüsusən risk qrupunda olan) tövsiyə olunur, bunun üçün onlar vərdiş etdikləri həyat tərzinə nəzər yetirməli və lazımi dəyişikliklər etməlidirlər. İkincili profilaktika AH-sı diaqnoz kimi təsdiq olunmuş pasiyentlərə aparılmalıdır. Profilaktik kompleksə qeyr-medikamentoz (daha ciddi tədbirlər) və medikamentoz terapiya aiddir. Həmçinin, fizioterapevtik prosedurlar, müalicəvi bədən tərbiyəsi, psixoterapevtik treninq və autotreninqlər, sanitar-kurort müalicəsi məsləhət görülür.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 03.04.2020

Immunitet və osteopatiya

Immunitet və osteopatiya

İmnuniteti gücləndirmək üçün osteopatiya Zəifləmiş immunitet- bir çox xəstəliklərin  yaranma səbəbidir. İmmunitet zəifdirsə orqanizm bakteriyalarla mübarizə apara bilmir, kiçik travma və ya stressə tab gətirə bilmir, toxumaların xroniki iltihabı tez-tez kəskinləşir.  Zəifləmiş immun sisteminin əlamətləri -xroniki yorğunluq, -tez haldan düşmə, -yuxululuq və ya əskinə yuxusuzluq, -baş ağrıları, -müxtəlif nahiyələrdə herpesin çıxması, -tez-tez infeksion xəstəliklərə yoluxma, -əzələ və oynaqlarda ağrılar, -çoxsaylı xroniki xəstəliklər və onların ağırlaşması ola bilər. Biz hamımız anadangəlmə  və  qazanılma  immunitetə  sahibik,  immuniteti  gücləndirmək  isə bizim öz əlimizdədir.    Bəs immuniteti gücləndirmək  üçün nə etməliyik? -Vitamin və minerallar -A, B5, C, D,F,PP, Se, Zn,Mg, Ca, Fe,J -Qidalanma - asan həzm olunan karbohidrat, şəkər və trans yağlardan azad, bitki və proteinlə zəngin qidalanma -Bol maye qəbulu -Probiotiklərin qəbulu -Aktiv həyat tərzi -Kontrast duş qəbulu İmmuniteti gücləndirmək üçün xüsusi dieta, vitamin qəbulu, daimi fiziki aktivlik məsləhət görülsə də, bu məsləhətlər bəzən  kömək etmir. Orqanizmin daxilində olan somatik disfunksiyaları müalicə etmədikcə, bu tədbirlər yetərli olmaya bilər.   Bu işdə sizə osteopat həkimin müalicə taktikası kömək edə bilər. Düzgün osteopatiyadan sonra orqanizmin daxili bərpa mexanizmləri heç bir dərmansız aktivləşir və orqanizmin müqaviməti artır. Osteopat həkim immuniteti gücləndirməkdə sizə necə kömək edə bilər? -orqanizmdə gərginlikləri aradan qaldırmaqla (hər bir gərgin, spazmlı və ağrılı toxuma qan dövranı pozulur, arteriyal qan xeyrli maddələri toxumaya çatdıra bilmir, ziyanlı iltihab mediatorları və toksiki maddələr isə toxumada toplanıb qalır, nəticədə yerli immunitet pozulur) -Limfa dövranı aktivləşdiyi üçün immun hüceyrələri orqanizmin bütün nahiyələrinə rahatlıqla ötürülə bilir; -Stress vəziyyətindən xilas etməklə - stress vəziyyətində olan insanlarda osteopatiyadan sonra  immun sisteminin göstəriciləri artır.  İmmun sisteminin gücünü göstəricisi İgA -dır. Orqanizmin vacib antitellərindən olan İgA selikli qişalarda yerləşir və orqanizmi zərərli bakteriyalar, virus və mikroblardan qoruyur. Müasir tədqiqatlar İg A nın stress vəziyyətində azaldığını sübut etmişdir. Osteopatiya immun sistemini necə aktivləşdirir İmmun sisteminin gücləndirmək üçün osteopat həkimin arsenalında yüzlərlə texnika vardır. Bu osteopatiya proseduralardan  lifodrenaj texnikaları immun sisteminin gücləndirilməsində çox effektlidir. Bunun üçün pasientə cəmi 40 dəqiqə vaxt lazımdır, 40 dəqiqədən sonra pasientdə yorğunluq və halsızlıq azalmış, əzələ və oynaq ağrıları keçmiş olacaq, özünü gümrah və enerji dolu hiss edəcəkdir. Həftədə bir dəfə təkraralanan osteopatiya proseduruası ilə sizi güclü immunitetinizi təmin edə bilərsiniz.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Paylaşıldı: 18.03.2020

Vaginoplastika

Vaginoplastika

Vaginoplastika Əməliyyatı Nədir? Hər bir qadında vagina başqa-başqa uzunluqda və genişlikdə ola bilər. Vagina toxumasının özəllikləri və keyfiyyətindən asılı olaraq yığılma və genişlənmə xüsusiyyəti var. Bu xüsusiyyət hər bir qadının təbii doğuş edə bilməsi üçün normal bir haldır. Yenə doğuşlarla bağlı uşaqlıq yolu yan divarlarında çatlar, ya da dərinləşdikdə yırtıqlar ola bilir, vagina normadan çox artıq genişlənə bilir. Hansı ki, cinsi əlaqə zamanı vaginanın darlığı həm kişi, həm də qadınlar üçün çox önəmlidir. Normada qadınlar cinsi əlaqə zamanı vaginanın yan divar əzələlərini yığaraq vaginanı darlaşdıra bilərlər. Ancaq çox doğuşu olan qadınlarda bu əzələlər boşalır. Bir çox qadınlar bu əzələləri necə gücləndirməyi bilmirlər. Vaginadakı genişlik kişilərdə cinsi yaşayış zamanı aldıqları həzzi azaldır. Vaginanın çox geniş olması zamanı içəriyə hava qaçaraq cinsi əlaqə zamanı qaz çıxarma tərzində səslər yarada bilir və bu da hər 2 tərəfə olduqca pis duyğular yaşadır. Qadınlar problemin nə olduğunu və nədən qaynaqlandığını bilmədiklərindən, ya da utandıqlarından dolayı hələ də həkimlərinə bu tip problemlərini söyləməyə çəkinirlər. İndiki çağlarda isə bu tip problemləri konservativ, ya da cərrahi müalicə ilə düzəldə bilirik. Elə bu məqsədlə vaginada aparılan əməliyyatlara Vaginoplastika deyilir. Vaginoplastika əməliyyatı anatomik quruluşundan, öndə sidik kisəsi, arxada düz bağırsaq ilə qonşu olan ciddi bir zonada aparıldığına görə vaginal cərrahiyyədə böyük təcrübəsi olan ginekoloq cərrah tərəfindən aparılmalıdır. Bu səbəblə də genital estetika sahəsində yetərincə təcrübəsi olmayan həkimlər və özəlliklə də genital zonada profesionallığı olmayan plastik cərrahlar tərəfindən genital estetik əməliyyatlar aparılmamalıdır. Əməliyyat ümumi anesteziya altında aparılır. Bu əməliyyatın müddəti əməliyyat olunacaq zonaya və görüləcək işlərə görə dəyişir. Vaginoplastika əməliyyatı başlıca olaraq 45 dəq-1,5 saat çəkir. Bu zaman sorulan saplardan istifadə edildiyinə görə postoperasion dövrdə sap sökülməsindən söhbət gedə bilməz. Xəstə haradasa 1,5-2 ay sonra cinsi həyatına qayıda bilir. Qadınların vaginaplastika əməliyyatını seçməsinin səbəb Əksər qadın vaginoplastika əməliyatını vaginada yaranmış anormal hissiyyat - “bollaşma” hissi səbəbi ilə istəyir. Qadınlar cinsi əlaqə zamanı azalan sürtünmə səbəb ilə daha az zövq aldıqlarını, daha çətin orqazmın yaranmasını bildirirlər. Vaginaplastika cinsi əlaqə zamanı sürtünməni artırır. Əməliyyat sanrası əlaqə zamanı hər iki cins dəyişikliyi hiss edir. Vaginaplastika əməliyyatının riskləri haqqında Hər bir cərrahi əməliyyatda olduğu kimi bu əməliyyat zamanı xəstədə qanaxma və infeksiya riski vardır. Qanaxma olarsa əməliyyat zamanı dayandırılır, infeksiya riski isə əməliyyat zamanı və sonrası təyin olunan antibiotiklə qarşısı alınır. Xəstədə normadan artıqda daralma ola bilər. Lakin normal keçən əməliyyat zamanı bu rast gəlinmir. Vaginoplastika əməliyyatı vaginanın vəziyyətinə görə 1-1.5 saat davam edir. Cərrahi əməliyyat həm yerli, həm də ümumi anesteziya ilə icra oluna bilir. İlk 2 gün əməliyyat nahiyəsində yüngül ağrı və rahatsızlıq olur. Əməliyyatdan sonra xəstəyə antibiotik və ağrıkəsici təyin olunur (5 gün). Tikiş üçün istifadə olunan saplar sorulan olduğu üçün xəstə tikiş sökdürmür. Əksər xəstə bir gün xətəxanada qalır və iki gün sonra isə işinə qayıda bilir. Bəzi xəstələrdə isə bu 5 gün çəkir. Əməliyyatdan sonrakı dövr Əməliyyatdan sonra əməliyyat nahiyəsində agrı müşahidə olunmur. Əməliyyatdan sonra xəstəyə antibiotik (5 gün) və antiseptiklərlə yerli yuyunmalar təyin edilir. Ağrıkəsicilərin təyin olunmasına ehtiyac olmur. Tikiş üçün istifadə olunan saplar sorulan olduğu üçün bu tikişlər sökülmür. Əməliyyatdan 4-6 həftə sonra cinsi əlaqənin olmasına icazə verilir. Bu əməliyyatlar cütlüklərin cinsi münasibətinə necə təsir edir? - Qadınlar özlərinə daha çox güvəndikləri üçün cinsi əlaqədədə aktiv olurlar. Əvəllər ayda bir dəfə cinsi əlaqə yaşayan cütlüklər əməliyyatdan sonra həftədə 1-2 dəfə münasibətdə olmağa başlayırlar. Vagionaplastika təkcə estetik görüntünü yaxşılaşdırmır, həm də cinsi həyata müsbət təsir edir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Paylaşıldı: 17.03.2020

Otoplastika

Otoplastika

Otoplastika nədir? Otoplastika qulaqda olan anadangəlmə və ya sonradan yaranan qüsurların aradan qaldırılmasına xidmət edir. İnsanın üzündə estetik və funksional əhəmiyyəti olan qulaq seyvanlarının böyük olması, formasının düzgün olmaması və ya heç inkişaf etməməsi kimi anomaliyaları ola bilir. Bunların arasında ən çox rastlaşdığımız qulaq seyvanlarının önə doğru yerləşməsidir. Qulaqlar normal ölçüdə olsa da başla əmələ gətirdiyi bucaq böyük olduqda estetik cəhətdən ciddi problemlər yarada bilər. Bu estetik çatışmazlıq xüsusilə uşaqlıq və gənclik yaşlarında insanın psixologiyasında və sosiallaşmasında  ciddi problemlər yarada bilir. Otoplastika əməliyyatı ön tərəfə doğru böyük bucaq əmələ gətirmiş qulaq seyvanının təbii anatomik qırışlarını yenidən formalaşdıraraq normal bucaq əmələ gətirmə əməliyyatıdır. Otoplastika əməliyyatı hansı yaşda aparılır Demək olar ki, bütün yaşlarda otoplastika əməliyyatı aparıla bilər. Ən erkən 5-6 yaşdan sonra cərrahi əməliyyat aparıla bilər. Ancaq əməliyyatın uşağın məktəbə başlamasından əvvəl aparılması psixoloji və özünə inam problemlərinin yaranmasının qarşısını alaraq məktəbə adaptasiyanı tezləşdirir. Qulaqlarının formasından narazı olan yetkin yaşlı insanlarda da bu əməliyyat aparıla bilər. Əməliyyat necə aparılır? Qulaq ilə baş arasındakı bucaq qadınlarda ən çox 20, kişilərdə 25 dərəcə olmalıdır. Əməliyyatda qarşıya qoyulan məqsəd qulaqla baş arasında bucağı azaltmaq və qulaq qırışlarının fomasındakı pozğunluqları düzəltməkdir. Uğurlu bir otoplastika əməliyyatı qulaqların ölçülərini mütənasib olmasını və formasının başa uyğun olmasını təmin edir. Bu əməliyyat təqribən 1-2 saat davam edir. Bu əməliyyatı çox vaxt ümumi anesteziya altında aparmağa üstünlük verirəm. Əməliyyat qulaq arxasında qulaq seyvanın başa yapıştığı qövsə parallel bir kəsik aparmaqla başlayır. Normadan artıq olduğu müəyyənləşdirilmiş dəri çıxarılır. Müəyyən yerlərdə qığırdaq hissələrə şırımlar ataraq qığırdağın forması kövşəkləşdirilir. Qalıcı tikişlərlə qığırdağa son forması verilir. Qulağın baş ilə əmələ gətirdiyi bucağı yoxlamaqla yanaşı qulaq seyvanının yuxarı və aşağı hissələrinin öz aralarındə əmələ gətirdiyi bucaq da yoxlanmalıdır. Əməliyyat qulaq arxasındakı dəriyə tikişlərin və drenajın qoyulması ilə başa çatır. Otoplastika əməliyyatından sonra Əməliyyatdan çıxdıqdan sonra qulaqlarınız da daxil olmaqla başınızın bandajla sarıldığını görəcəksiniz. Burada məqsəd həm əməliyyat nahiyəsində ödem əmələ gəlməsinin qarşısını almaq həm də qulağa qoyduğumuz tikişləri qorumaqdır. əməliyyatdan sonra qızartı və şişkinlik ola bilər. Qızartı və şişkinlik birinci həftədən sonra öz-özünə çəkiləcək. Qulaq arxasındakı tikişlər adətən 7-10 gün sonra sökülür. Birinci həftə ərzində arxasıüstə yatmağınız qulaq ətrafı nahiyənin travmaya məruz qalmasının qarşısını alır. Qulaq tikişlərinin qorunması və yeni formasına alışa bilməsi üçün əməliyyatdan sonra bandaj istifadə olunur. Bir neçə gün sonra başdakı bandaj çıxarılaraq daha yumşaq sarğılara və ya saç və qulaq bantlarına keçmək olar. 2-3 həftə ərzində qulaqlarınızı hər hansı bir zərbədən qorumalı və qulağın önə doğru bükülməsinə səbəb ola biləcək hərəkətlərdən uzaq durmalısınız. Effektivliyi. Otoplastikanın nəticəsi sabit və ömürlük olur. Zaman keçdikcə qulaq qığırdaqlarınını cüzi sərtləşməsi müşahidə olunur. Eyni zamanda, qulaq seyvanlarının havanın temperatur dəyişikliklərinə həssaslığı arta bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Paylaşıldı: 12.03.2020

Spinner