MİOKARDİT

MİOKARDİT

Miokardit nədir Miokardit – ürəyin əzələ qişasının ağır iltihabi xəstəliyidir, kardiomiositlərin nekrozu ilə nəticələnir. Xəstəliyin inkişafı 2 əsas mexanizmdən biri ilə təyin olunur: infeksion və ya digər karditoksok agentin təsiri ilə kardiomiositlərin birbaşa zədələnməsi; infeksion və ya digər kardiotoksik agentə qarşı baş vermiş autoimmun reaksiya ilə kardiomiositlərin zədələnməsi. Miokardın iltihabı ocaqlı və ya diffuz ola bilər. İltihab perikard qişasına yayılarsa, mioperikardit əmələ gəlir. Miokarditin səbəbləri Miokarditi əmələ gətirən səbəblər infeksion və ya qeyri-infeksion ola bilər. Bir çox hallar idiopatik (naməlum səbəbli) olaraq qalır. İnfeksion miokardit əsasən virus etiologiyalıdır. Əsas törədicilər parvovirus B19 və insanın herpes virusu (6-cı tip) hesab olunur. İnkişaf edən ölkələrdə xəstəliyin əmələ gəlməsi revmatik kardit, Şaqas xəstəliyi və ya HİV (QİÇS) ilə əlaqələndirilir.  Qeyri-infeksion səbəblərə kardiotoksinlər, bəzi sistem pozğunluqlar və bəzi dərman maddələri (hiperhəssaslıq reaksiyasının törətdiyi miokardit) aiddir.  Giqant hüceyrəli miokardit Giqant hüceyrəli miokardit – miokarditin nadir forması olub, fulminant (ildırımsürətli, tez inkişaf edən) gedişi ilə xarakterizə olunur. Səbəbi məlum deyil, lakin autoimmun mexanizm inkar edilmir. Biopsiya zamanı xarakter çoxnüvəli giqant hüceyrələr müəyyən olunur. Bu xəstələr kardiogen şok vəziyyətində və ağır aritmiya formaları ilə stasionara daxil olurlar.  Giqant hüceyrəli miokarditin proqnozu pisdir. Xəstəliyin bu formasını digər xəstəliyi olmayan, ildırımsürətli ürək çatışmazlığı və davamlı aritmiyaları olan xəstədə inkar etmək lazımdır, çünki immunosupressiv (immun sistemin aqressiv reaksiyasını azaldan) terapiya həyatda qalmanı artıra bilər. Klinik əlamətlər Miokarditin klinik əlamətləri müxtəlif ola bilər: minimal simptomlar və ya ildırımsürətli ürək çatmamazlığı və ölümlə nəticələnən aritmiyalar görülə bilər. Simptomlar miokarditin etiologiyasından, həmçinin, miokardın zədələnmə dərəcəsindən asılıdır. Xəstələrdə yorğunluq, təngnəfəslik, ödem, döş qəfəsində ağrılar olur. İşemik ağrıdan fərqli olaraq, hərəkət, öskürək, tənəffüs və ya udma perikardit ağrısını gücləndirir.  İnfeksion mənşəli miokarditdə bədən temperaturunun yüksəlməsi, əzələ ağrıları, dərman səbəbli miokarditdə dəridə səpgilər müşahidə olunur. Miokardit gedişinə görə kəskin, yarımkəskin və xronik olur. Bəzi hallarda ürək boşluqlarının böyüməsi (dilatasion kardimiopatiya) ilə nəticələnir. Miokarditin diaqnostikası Elektrokardioqramma, exokardioqramma, qanın laborator analizi yoxlanmalıdır. “Qızıl standart“ metod endomiokardial biposiyadır (EMB), lakin mənfi nəticə xəstəliyi inkar etmir. EMB-nın riskli ağırlaşmaları var, miokardın yırtılması və ölüm baş verə bilər, bu səbəbdən rutin olaraq icra edilnmir, əsasən ildırımsürətli ürək çatmamazlığında yoxlanılır. Digər müayinələr etioloji xarakter daşıyır: qanın biokimyəvi analizi və əkilməsi, autoimmun xəstəliyin təyini, HİV analizi, qrip, streptokokk və Koksaki viruslarına qarşı antitellərin təyini və s. Miokarditin müalicəsi  Müalicə əsasən 2 istiqamətdə aparılır: ürək çatmamazlığı və aritmiyaların müalicəsi; əsas xəstəliyin müalicəsi. Sarkoidoz, dərman mənşəli və giqant hüceyrəli miokarditdə immunosupressiv terapiya aparılır. Miokarditin proqnozu Proqnoz ümumiyyətlə pisdir. Həkimə erkən müraciət etdikdə müalicə nəticə verə bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 30.04.2020

ÜRƏK QAPAQLARI

ÜRƏK QAPAQLARI

Ürəkdə qan axını və hemodinamik stabillik qapaqlarla tənzim olunur. Qapaqlar ürək boşluqları arasında və ürək boşluqları ilə damarlar arasında yerləşir. Ürəyin həm sol, həm də sağ mədəciyində birtərəfli «gətirici» və birtərəfli «çıxarıcı» qapaqlar vardır. Sağ qulaqcıqla sağ mədəcik arasında üçtaylı qapaq, sağ mədəciklə ağciyər arteriyası arasında pulmonar qapaq yerləşir. Sol qulaqcıqla sol mədəcik arasında mitral qapaq, sol mədəciklə aorta arasında aortal qapaq yerləşir.  Qapaqlar ürəyin daxili qişasından (endokarddan) əmələ gələn büküşlərdir. Hər bir qapaq aparatı fibroz həlqədən və ona birləşmiş qapaq taylarından ibarətdir. Mitral və pulmonar qapaqlar iki taydan, trikuspid və aortal qapaqlar üç taydan ibarətdir. Qapaqların mürəkkəb makro- və mikrostrukturu onların möhkəmliyini, elastikliyini təmin edir. Qapaq strukturları müxtəlif gərginliyə məruz qalır; məsələn, sol mədəciyin sistolası zamanı mitral qapaq taylarının səthindəki gərginlik, xordaların taylara birləşdiyi nöqtələrdəki gərginlikdən 500-800 dəfə azdır.  Ürək qapaqları insan ürəyinin normal fizioloji fəaliyyətinin vacib və ayrılmaz hissəsidir. Qapaqların zədələnməsi zamanı ürəyin işi ciddi şəkildə pozula bilər. Qapaq zədələnmələri anadangəlmə və ya qazanılmış, stenoz (daralma) və ya çatmamazlıq şəklində olur.  Anadangəlmə qapaq qüsurları yalnız cərrahi yolla müalicə olunur. Qazanılmış qapaq qüsurları ağır hallarda cərrahi, başlanğıc mərhələlərdə medikamentoz yolla müalicə olunur, bu zaman qüsurun törətdiyi xəstəliyin dərman müalicəsi aparılır (məsələn, ürək çatmamazlığı, tromboemboliyaların profilaktikası, səyrici aritmiyanın profilaktikası və müalicəsi və s.). Cərrahi müalicədə bioloji və süni qapaq protezlərindən istifadə olunur.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 28.04.2020

DRESSLER SİNDROMU

DRESSLER SİNDROMU

Dressler sindromu nədir Bu sindrom 1955-ci ildə amerikalı həkim V.Dressler tərəfindən kəskin moiokard infarktının ağırlaşması kimi təsvir olunmuşdur. Miokard infarktının 2-6-cı həftəsində perikardın, plevranın və ağciyərlərin autoimmun zədələnməsi ilə xarakterizə olunur. Dressler sindromu üçün tipik triada xarakterikdir:  - perikardit; - plevrit; - pnevmoniya. Bəzən bu triada oynaqların sinovial qişasının autoimmun zədələnməsi ilə müşayiət olunur. Dressler sindromunun səbəbləri Dressler sindromu miokard infarktlı xəstənin orqanizmində miokardial və perikardial antigenlərə qarşı antitellərin olması ilə əlaqələndirilir. İnkişaf mexanizminin əsasında miokard hüceyrələrinin parçalanması və toxuma nekrozu məhsullarının qana keçməsi durur. Buna cavab olaraq orqanizmdə dəyişilmiş zülallar sintez olunur və bu zülallara qarşı immun sistem sürətlə antitellər əmələ gətirir. Əgər pasiyentdə destruktiv zülallara qarşı hiperhəssaslıq varsa, antitellər həmçinin, döş qəfəsini, ürəyi, ağciyərləri və oynaqları əhatə edən qişalardakı «özünün» zülallarına da aktiv hücum edir. Bəzən bu cür immun aqressiya bu orqanların iltihabi zədələnməsinə səbəb olur. Pasiyentdə artıq var olan autoimmun xəstəliklər və keçirilmiş miokard infarktından sonra hərəkət aktivliyinə gec başlanılması Dressler sindromunun yaranmasına təkan verir.  Dressler sindromunun əlamətləri Xəstəliyin özünü büruzə verməsi seroz qişaların və ağciyərlərin zədələnmə dərəcəsindən asılıdır.  Perikardit Dressler sindromu zamanı adətən çox ağır keçmir. İnfarktından 2-6-cı həftəsində ürək nahiyəsində ağrılar əmələ gəlir; ağrılar kəskin deyil, nitroqliserin qəbulu ilə keçmir, 30-40 dəqiqə və daha çox davam edir. Subfebril temperatur (37-38°C) və zəiflik müşahidə olunur. Bir qayda olaraq, ağrı və temperatur bir neçə gündən sonra itir. Perikard boşluğuna yığılan maye çox deyil və adətən hemodinamik pozğunluqlar törətmir.  Plevrit postinfarkt sindrom zamanı birtərəfli və ya ikitərəfli ola bilər. Döş qəfəsində tənəffüs zamanı güclənən ağrılar əmələ gəlir, auskultasiyada plevranın sürtünmə küyü eşidilir. Plevra boşluğuna maye yığıldıqda ağrılar və küy itir. Pnevmoniya Dressler sindromunda perikardit və plevritə nisbətən daha az rast gəlinir, özünü təngnəfəsliyin artması ilə göstərir. Ağciyərlər üzərində məhdud sahədə krepitasiyalar və ya yaş xırıltılar eşidilir.  Dressler sindromunun diaqnostikası Xəstəliyin diaqnozu qanın biokimyəvi və immunoloji analizi, döş qəfəsinin və oynaqların rentgenoqrafiyası, exokardioqrafiya, MRT və s. əsasən qoyulur. Postinfarkt sindromun əsas diaqnostik meyarları keçirilmiş miokard infarktından 2-6 həftə sonra əlamətlərin başlaması və qlükokortikoidlərin təyini ilə sürətlə keçməsidir.  Dressler sindromunun müalicəsi  Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq müvafiq müalicə təyin olunur. Müalicə mütləq olaraq stasionar şəraitdə, hemodinamik göstəricilərin dinamik müşahidəsi altında aparılmalıdır. Perikard və plevraya yığılan mayenin miqdarı çox olarsa, punksiya icra edilir və maye çəkilir. Dressler sindromunun müalicəsində antibiotiklər effektli deyil. Dressler sindromunun profilaktikası Dressler sindromunun əmələ gəlmə ehtimalını azaldan əsas tədbir miokard infarktı keçirmiş xəstənin erkən dövrdə hərəkət aktivliyini bərpa etməsidir. Bu dövr infarktın 2-3-cü günündə, xəstənin xəstənin vəziyyətini və ağırlaşma riskini dəyərləndirərək həkim tərəfindən təyin edilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 28.04.2020

Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir?

Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir?

Gündəlik həyatda qolumuzu oynatmaq və işlətməyimizi təmin edən çiyin oynağı müxtəlif  istiqamətlərdə hərəkətə imkan verən ən qarışıq oynaqdır. Lif, sümük, sinir, damarlar çox sayda bağ və digər dəstəkləyici toxumalardan ibarət çiyin oynağında bu strukturlara təsir edən fərqli səbəblərdən ağrılar baş verə bilər. Narahatlıq vaxtında aradan qaldırılmazsa həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə olunacaq. Çiyin sıxışma sindromu (Impingement sindromu) nədir? Əsasən yetişkinlərdə meydana gələn, qolu müxtəlif istiqamətlərdə hərəkət etdirərkən ağrı və narahatlığa səbəb olan, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən sindromdur.  Əlamətləri:  Qollarda gücsüzlük hissi, Hissiyatın itməsi, Qarışqa gəzməsi hissi, Keyimə, Xəstələrin əksəriyyətinin şikayəti  baş üstü hərəkətlər edərkən, ağır yük qaldırarkən, hətta paltar geyinərkən meydana çıxan narahatlıqlardır. Məs.: Xəstə pencəyini geyinən zaman çiyindən qola doğru yayılan ağrı meydana gəlir və bu qolun arxaya doğru getməsinə mane olur.   Ağırlaşması oynaqda yerləşən Bursa kisəsinin iltihablaşmasına, Tendinitə gətirib çıxara bilir. Yaranma səbəbləri:  Daxili orqanların xəstəlikləri Travmatik zədələnmələri İltihabi Revmatik xəstəliklər Duruş pozğunluğu-Çiyinlər önə doğru əyilirsə. Düzgün olmayan  oturuş halında kompyuter istifadəsi və maşın sürmək.. Müxtəlif peşə sahiblərində qolun mütəmadi olaraq 90 dərəcədən yüksək bucaq altında açılması. Məsələn: Müəllimlərdə, lövhəyə yazı yazarkən. Rəngsazlarda yüksək səthləri rəngləyərkən və s. Əgər sizdə bu  kimi əlamətlər varsa, mütləq Ortoped-Travmatoloqa müraciət etməlisiniz! 

Paylaşıldı: 28.04.2020

Uşaqlarda əqli gerilik (oliqofreniya)

Uşaqlarda əqli gerilik (oliqofreniya)

Əqli gerilik psixikanın ləngiməsi və ya qismən ləngiməsidir. Adətən üç yaşlı uşaqlarda rast gəlinir, bəzən erkən məktəb yaşlarında da əmələ gəlir. Uşaqlarda əqli geriliyin səbəbləri Əqli geriliyin yaranmasının bir çox səbəbləri mövcuddur, lakin onların hamısının yaranma səbəbləri sonadək məlum deyil. Əqli geriliyin inkişafına təsir göstərən faktorları iki qrupa ayırırlar: ekzogen (xarici) və endogen (daxili). Onlar dölün ana bətnində inkişafı dövründə və körpənin həyatının ilk aylarında və ya illərində təsir göstərə bilər. İnkişafın kəskin pozuntusuna səbəb olan bir çox faktorlar var. Onlardan ən geniş yayılmışları aşağıdakılardır: Qadının hamiləlik dövründə keçirdiyi ağır infeksion xəstəliklər - qızılca, skarlatina, qrip və s. Metabolizmatik xəstəliklər, məsələn, trioid stimullaşdırıcı hormonun aşağı olması (TSH); Zərbə nəticəsində dölün travmatik zədələnməsi. Əqli zəiflik doğuş zamanı yaranan travmalar nəticəsində yarana bilər; Uşaqlarda əqli geriliyin simptomları    Əqli geriliyin əsas əlaməti uşağın intellektinin aşağı olmasıdır. İntellektin aşağı düşmə dərəcəsindən asılı olaraq, əqli gerilik yüngül, orta və ağır formalara bölünür. Əqli geriliyin yüngül formasında (digər adı debillik) xəstənin İQ göstəricisi 50-69 arasında dəyişir. Belə uşaqların xarici görkəmi başqa uşaqlardan heç nə ilə fərqlənmir. Onlar, əsasən, təhsildə çətinlik çəkirlər, belə ki, diqqətləri yayınıq olur. Buna baxmayaraq, əqli geriliyi yüngül olan uşaqların yaddaşları kifayət qədər dəqiq və yqxşıdır.   Əqli geriliyin orta formasında (digər adı imbisillik) İQ 35-49 arasında dəyişir. Bu cür uşaqlar bağlılıq hiss edir, cəza və tərifi ayırd edə bilirlər. Onları elementar özünəqulluq vərdişlərinə alışdırmaq, yazı yazmaq, oxumaq, yüngül hesablama qaydalarını mənimsətmək mümkündür. Əqli geriliyin ağır forması (idiotiya) – belə uşaqların İQ-sü 34-dən aşağıdır. Belə pasiyentlərə nəyi isə öyrətmək mümkün deyil. Onlar danışa bilmir, hərəkətləri yöndəmsiz olur. Emosiyaları narazılıq və məmnunluq hissləri ilə məhdudlaşır. Əqli geriliyin bu formasından əziyyət çəkən uşaqların daimi nəzarətə ehtiyacları var və onlar xüsusi müəssisələrə yerləşdirilirlər. Uşaqlarda əqli geriliyin diaqnostikası Əqli geriliyin diaqnostikası İQ səviyyəsinin yoxlanması vasitəsilə aparılır. Bu xəstəliyi əksər hallarda, uşağın erkən yaşlarında aşkara çıxarmaq olur. Genetik səbəblərdən yaranan əqli gerilik ana bətnində özünü göstərir (məsələn, Daun sindromu). Bunu müəyyənləşdirmək üçün hamiləliyin ilk aylarında skrininq müayinəsi aparılır. Bunun köməkliyi  ana hamiləliyi saxlamaq və ya dayandırmaq barəsində qərar verir. Əqli geriliyin elə formaları var ki, onlar körpədə müəyyən sistemin inkişafdan qalması fonunda yaranır. Bu qrupda ən geniş yayılmış xəstəlik fenilketonuriyadır.  Fenilketonuriya ilə doğulmuş uşaqlar sağlam uşaqlardan fərqlənmirlər. Lakin doğulduqdan bir neçə ay sonra onlar süstləşir, dərilərində səpgilər əmələ gəlir, xoşagəlməz spesifik iyi olan izafi tərləmə müşahidə edilir. Müalicə uşağın 3 aylığınadək aparılarsa, intellekti qoruyub saxlamaq mümkündür. Ona görə də erkən körpəlik dövründə müntəzəm olaraq, pediatrın müayinəsindən keçmək lazımdır. Əgər müayinə zamanı pediatr əqli gerilikdən şübhələnərsə, o, uşağı nevroloqa yönəldir. Sidiyin və qanın analizi, bəzən isə ensefaloqrama təyin edilir. Böyük yaşlı uşaqlara uşaq psixopedaqoq, psixoloq və ya psixiatrın konsultasiyası tövsiyə olunur. Əqli geriliyin səbəbini müəyyənləşdirmək məqsədilə DNT analizi də təyin edilə bilər.     Uşaqlarda əqli geriliyin müalicəsi Uşaqlarda əqli geriliyin müalicəsi üçün bir çox preparatlar mövcuddur. Münasib preparatı yalnız müalicə həkimi təyin edə bilər. Xəstəliyin yaranma səbəbindən asılı olaraq, yod preparatları, hormonlar (əgər xəstəlik qalxanvari vəzinin xəstəliyi tərəfindən törədilərsə) təyin olunur. Fenilketonuriya zamanı xüsusi qida rejimi kifayət edir, onu pediatr təyin edir. Əqli geriliyin korreksiyası üçün həkimlər çox vaxt nootroplar tətbiq edir. Nootrop preparatlar beyin toxumasında maddələr mübadiləsini yaxşılaşdırmaq üçün tətbiq olunur. Əqli geriliyin müalicəsi kompleks yanaşma tələb edir. Medikamentoz müalicə fərdi yanaşma ilə müşayiət edilməli, buraya psixoloq və loqopedlər cəlb olunmalıdır. Bütün bunlar uşağın cəmiyyətə adaptasiya olunmasına kömək edəcək.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Paylaşıldı: 26.04.2020

STENOKARDİYA

STENOKARDİYA

Stenokardiya nədir Stenokardiya – ürəyin işemik xəstəliyidir, yəni ürəyin oksigenə olan tələbatı ilə təchizatı arasında tarazlığın pozulmasıdır, döş qəfəsində ağrı tutmaları ilə xarakterizə olunur. Bu, miokard infarktı olmadan keçici işemiyanın əlamətidir. Stabil və qeyri-stabil formaları vardır. Stabil stenokardiya zamanı ürəyin üzərinə düşən yüklənmə artdıqca klinik əlamətlərin şəkli və şiddəti artır. Qeyri-stabil stenokardiya isə fiziki aktivlik olmadan da, sakit vəziyyətdə yarana bilər. Stenokardiyanın səbəbləri Stenokardiyanın əsas səbəbi ürəyi qidalandıran koronar damarların ateroskleroz mənşəli daralmasıdır. Xəstəliyin özünü büruzə verməsi damar mənfəzinin nə dərəcədə daralmasından və fiziki yüklənmənin ağırlığı, həmçinin davametmə müddətindən birbaşa asılıdır. Stenokardiyanın digər səbəblərindən biri də koronar damarların spazmı – damarın əzələ qatının kəskin gərginləşməsi ola bilər. Nadir hallarda tac damarların emboliyası (trombozu) da keçici və hissəvi daralma yaradarsa,  stenokardiyaya səbəb ola bilər, lakin bu vəziyyət əsasən miokard infarktı ilə nəticələnir. Damarların aterosklerotik zədələnməsi olmadan belə, bəzi xəstəliklər (arterial hipertoniya, aortal stenoz, hipertrofik kardiomiopatiya, anemiya, hipoksiya) ürəyin yüklənməsini artırdığı üçün stenokardiya sindromu yarada bilər. Ağrını əmələ gətirən nədir Fiziki və ya emosional gərginlik zamanı ürək daha tez-tez və güclü yığılır, oksigenə və qidalı maddələrə, bir sözlə enerjiyə tələbatı artır, lakin koronar arteriyaların daralması nəticəsində bu, təmin olunmur. İşemiya – yəni ürəyin oksigen aclığı əmələ gəlir. Ürək həyəcan siqnalı verir – ağrı yaranır.  Stenokardiya tutmaları fiziki aktivliyin artması, emosional gərginlik, arterial təzyiqin yüksəlməsi, siqaret çəkmə zamanı, soyuq və küləkli havada əmələ gəlir.  Stenokardiyanın klinik simptomları Stenokardiyanın əsas əlaməti ağrıdır. Ağrı zəif, narahatlıq verməyən və ya intensiv, güclü ola bilər. Ağrının əsas xüsusiyyəti tutmaşəkilli olması (əmələgəlmə və kəsilmə vaxtı aydın hiss olunur), müəyyən şərtlər və hallar zamanı baş verməsi, başqa nahiyələrə yayılması və nitroqliserin qəbulu ilə azalması və ya kəsilməsidir. Xəstələr döş qəfəsi üzərində və ya döş sümüyü arxasında təzyiqedici, sıxıcı, yandırıcı, göynədici xarakterli ağrı hiss edir. Ağrı əsasən sol tərəfdə (sağ tərəfdə də ola bilər) kürəyə, çiyinə, qola, boyuna, çənəyə yayıla bilər, mədə nahiyəsində hiss oluna bilər. Eyni zamanda dəri rənginin avazıması, arterial təzyiqin yüksəlməsi, nəbzin artması, ürəkdə çırpınma hissi müşahidə oluna bilər.  Stenokardiya tutmaları əsasən fiziki iş zamanı, pilləkən qalxarkən, iti addımlarla və ya dik yolda, soyuq havada, həmçinin, küləyin istiqamətinə qarşı yürüyərkən və ya emosional gərginlik (qorxu, həyəcan, stres) zamanı yaranır. Bu faktorlar aradan götürüldükdə ağrı tutmaları azalaraq kəsilir. Atipik stenokardiya qarında ağrı, köp, gəyirmə, təngnəfəslik şəklində özünü göstərir. Bəzən xəstələr ağrının olmadığını, “ürək sıxılması“ və ya boğulma hiss etdiklərini bildirirlər. Xüsusilə şəkərli diabet xəstələrində stenokardiyanın ağrısız, “lal“ və ya silinmiş, yayındırıcı simptomlu formaları rast gəlinir. Sakitlik stenokardiyası fiziki aktivlik olmadan, sakit halda əmələ gəlir, əsasən nəbzin yüksəlməsi ilə özünü göstərir. Gecə stenokardiyası yuxu vaxtı, nəbzin və təzyiqin qalxması ilə başlayır, ağrı tutmaları əmələ gəlir.  Stenokardiyanın diaqnostikası Diaqnoz xəstənin şikayətlərinə və ağrının xarakterinə əsasən qoyulur. Mütləq olaraq xəstədən ətraflı anamnez toplanılır, elektrokardioqramma və exokardioqramma müayinələri aparılır. Stenokardiyanın diaqnostikasında “qızıl standart“ metod tredmil-test və ya fiziki yüklənmə sınağıdır. Bu sınağın nəticəsi müsbət olduqda və ya ağır klinik əlamətlər zamanı xəstəyə koronar angioqrafiya (invaziv yolla koronar damarların yoxlanması) olunmalıdır. \ Stenokardiya tutmaları zamanı nə etməli Stenokardiya tutması baş verdikdə fiziki hərəkəti tez dayandırmaq, oturmaq və ya uzanmaq, sıx yaxalığı və ya qalstuku açmaq, otağa təmiz hava gəlməsini təmin etmək, xəstəni emosional olaraq sakitləşdirmək lazımdır. Dil altına nitroqliserin qoyulmalıdır, 1-3 dəqiqə sonra tutma keçməzsə, bunu təkrarlamaq lazımdır. Xəstəyə aspirin tableti verilməlidir. Təcili tibbi yardım briqadası çağırılmalıdır. Stenokardiyanın proqnozu və profilaktikası Tez-tez baş verən və çox davam edən stenokardiya tutmaları miokard infarktı ilə nəticələnə bilər. Stenokardiyanın müalicəsi uzunmüddətli, hətta daimi, müntəzəm həkim nəzarətilə aparılmalıdır. Həkimə vaxtında müraciət etmək, müalicəyə və tövsiyələrə dəqiq, məsuliyyətlə riayət etmək, həyat tərzini dəyişmək, siqaretdən imtina etmək və artıq bədən çəkisini normallaşdırmaq lazımdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 26.04.2020

ŞƏKƏRLİ DİABET VƏ ÜRƏK-DAMAR SİSTEMİ

ŞƏKƏRLİ DİABET VƏ ÜRƏK-DAMAR SİSTEMİ

Şəkərli diabet niyə qorxuludur Mikro- və makrodamar yatağının zədələnməsində klassik modellərdən biri şəkərli diabet xəstəliyidir. Bu xəstəlik zamanı gözlərin zədələnməsi 80-90%, böyrəklərin zədələnməsi 35-40%, magistral damarların aterosklerozu (ürəyin, beynin, aşağı ətrafların) 70% hallarda baş verir. Bütün damar yatağının bu cür geniş miqyaslı zədələnməsini başqa heç bir xəstəlik törətmir. II tip şəkərli diabet xəstələrinin əsas əlillik və ölüm səbəbi ürək-damar sisteminin patologiyalarıdır (infarkt, ürək çatmamazlığı, insult). Şəkərli diabet ürək xəstəliklərinin əmələ gəlmə riskini 3-4 dəfə artırır. Risk faktorları Şəkərli diabet xəstələrində aterosklerozun yaranmasının risk faktorları çox önəmlidir. Bunlara aiddir:  I Qeyri-spesifik risk faktorları: 1.dəyişilə bilinməyən: yaş, kişi cinsi, irsiyyət, menopauza; 2.dəyişilə bilən: siqaret çəkmə, az hərəkətlilik (hipodinamiya), piylənmə, dislipidemiya, arterial hipertoniya. II Spesifik risk faktorları: hiperqlikemiya, hiperinsulinemiya, insulinə rezistentlik. Klinik simptomlar Şəkərli diabet xəstəliyi olan qadınlar koronar arteriyaların aterosklerozundan onları qoruyan təbii müdafiədən məhrum olurlar. Şəkərli diabet üçün kəskin və xronik damar çatmamazlığının ağrısız (lal) gedişi xarakterikdir. Bunun səbəbi diabetik neyropatiya nəticəsində ürək əzələsinin innervasiyasının pozulmasıdır. Diabetli xəstələrdə infarktdansonrakı ağırlaşmalar (kardiogen şok, durğunluq ürək çatmamazlığı, aritmiyalar) və ölüm halları daha çox rast gəlinir, ürəyin işemik xəstəliyinin müalicəsində nitropreparatların effektivliyi azalır. Müayinə Şəkərli diabet xəstələrində ürək patologiyalarının aşkar olunmasının çətinliyini nəzərə alaraq yüksək risk qrupunda olan xəstələrdə, hətta şikayətlər olmasa belə, ürək patologiyalarının aktiv skrininqi (ilkin müayinəsi) aparılmalıdır. Elektrokardioqramma, exokardioqramma, Tredmil-test (fiziki yük sınağı), Holter (EKQ-nin sutkalıq qeydi), angioqrafiya müayinələrinin olunması vacib şərtdir.  Müalicə prinsipləri Müalicə əsasən risk faktorlarının korreksiyasına yönəldilməlidir; qanda şəkərin səviyyəsi, arterial təzyiq, lipid dəyişikliyi, qanın laxtalanma sisteminin pozulması kontrol altına alınmalıdır. Dərman müalicəsinə tabe olmayan xəstələrə angioqrafiya olunması, stent qoyulması və ya aorta-koronar şuntlama əməliyyatının aparılması tələb oluna bilər. Profilaktika Şəkərli diabet xəstələri yaşından və şikayətlərinin olub-olmamasından asılı olmayaraq mütləq şəkildə kardioloqa müraciət etməli, ətraflı müayinə olunmalıdır. Erkən aşkar olunmuş ürək-damar patologiyası və onun vaxtında düzgün müalicəsi insan ömrünü uzadır və həyat keyfiyyətini yaxşılaşdırır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 26.04.2020

Cinsi zəiflik - Müxtəlif xəstəliklərin ilk siqnalıdır

Cinsi zəiflik - Müxtəlif xəstəliklərin ilk siqnalıdır

Cinsi zəiflik-erektil disfunksiya bir çox hallarda ciddi xəstəliklərin ilk siqnalı ola bilər. Belə ki,aparılan tədiqiqat işləri nəticəsində aydın olmuşdur ki, erektil disfunksiya-miokard infarktı, insult, ürək-damar sistemi xəstəliklərinin əmələ gəlmsəinin ilk əlaməti ola bilər. Amerika kardioloqlarının araşdırmalarına əsasən onlar erektil disfunksiya ilə ürək-damar xəstəlikləri arasında əlaqənin olmasını aşkar etmişlər. Bu xəstələrdə artıq çəki, yüksək təzyiq, şəkərli diabet, metabolik sindrom, tütün məmulatlarından istifadə müşahidə edilmişdir. Cinsi zəifliyi olan xəstələrdə ürək-damar sistemi xəstəlikləri iki dəfə çox rast gəlinr. Tədqiqat işlərinin rəhbəri Maykl Blaxa(Michael Blaha) deyir: ”Bizim tədqiqat işlərinin nəticələrinə əsasən demək olar ki, erektil disfunksiya-ürək damar sistemi xəstəliklərinin artma riskini göstərir.” Alimin sözlərinə görə pasientin cinsi zəifliklə bağlı şikayəti-pasienti ürək problemi yoxdursa belə həkim üçün ciddi siqnal olmalıdır. Bu halda pasientdə ürək çatmamazlığının erkən dövrünü aşkar etmək üçün daha dərin müayinə aparmaq tövsiyə olunur. Tez-tez erektil disfunksiya ilə rastlaşan kişilərə, alimlər kardioloqun müayinəsindən keçməyi məsləhət görürlər.Eyni zamanda bir çox cinsi zəifliyi olan xəstələrdə ilkin dövrlərdə müayinə zamanı şəkərli diabetin 1-ci tipi aşkar edilmişdir. Çox vaxt bu kimi xəstələrdə diabetik neyropatiya, ürəyin işemik xəstəliyi, ateroskleroz müşahidə edilir. Belə ki,Problem sosial əhəmiyyət daşıyaraq pasientlərin həyatı keyfiyyətlərinin aşağı düşməsinə,şəkərli diabet xəstələrin 40%-də sonsuzluq kimi ciddi problemlərlə ağırlaşa bilər. Cinsi zəifliyin-erektil disfunksiyanın başlanğıc dövrlərində androloqa müraciət edilməsi ürək-damar xəstəlikləri,insult,şəkərli diabet kimi ciddi xəstəliklərin ağırlaşmasının vaxtında qarşısının alınmasında  mühüm əhəmiyyət kəsb edir.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 24.04.2020

Spinner