Septik artrit

Septik artrit

2879
Müəllif: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: 050 367-41-47

Paylaşıldı: 20.09.2020
Əli Əlizadə

Septik artrit infeksiya nəticəsində yaranan oynağın iltihabi xəstəliyidir. Septik artriti həm də infeksion artrit də adlandırırlar. Adətən bakteriyalar tərəfindən törədilir. Törədici bəzi hallarda virus və göbələk də ola bilr. Adətən septik artrit bir iri oynağı, məsələn: diz və ya bud-çanaq oynağını zədələyir. Nadir hallarda septik artrit bir neçə oynağı zədələyə bilər. 


Septik artritin səbəbləri

Törədici bakteriyalar qan vasitəsilə orqanizmin bir hissəsindən oynağa daxil olur. İnfeksiya həmçinin açıq yaradan və diz oynağında aparılan cərrahi əməliyyatdan sonra da yayıla bilər.

Uşaqlarda və böyüklərdə kəskin septik artritin törədiciləri arasında stafilakok və streptokok çox təsadüf olunur. Cavan yaşlı xəstələrdə Neisseria gonorrhoeae bakteriyası ən çox təsadüf olunan törədicidir. Bu bakteriyalar qanla oynağa daxil olaraq oynağı zədələyir, iltihab və ağrı törədir.  

Bakteriyalardan əlavə viruslar və göbələklər də törədici ola bilər: Törədici viruslara aiddir: 

  • Hepatit A, В və С
  • Parvovirus B19
  • QİDS 
  • Adenovirus
  • Koksaki virus
  • Parotit
  • Alfaviruslar
  • Flaviviruslar

Törədici göbələklərə aiddir: histoplazma, koksidiomiset və blastomiset aiddir. Bu infeksiyalar bakterial infeksiyadan fərqli olaraq tədricən inkişaf edir.


Hansı xəstələrin septik artritə tutulma ehtimalı yüksəkdir?

Kiçik yaşlı uşaqlarda və yaşlı şəxslərdə septik artritin rast gəlmə ehtimalı daha yüksəkdir. Açıq yarası olan xəstələrdə də bu risk çox yüksəkdir. Bundan əlavə bir sıra autoimmun xəstəliklər (revmatoid artrit, sistem qırmızı qurd eşənəyi), zəif immun sistemi (alkoqolizm, immunodepresantlarla müalicə, QİDS infeksiyası olan) və yanaşı xroniki xəstəlikləri, məsələn: xərçəng, şəkərli diabet olan xəstələr, oynaqda (əsasən diz və bud-çanaq oynağının) endoprotez yerləşdirilmiş xəstələr, TNF-alfa ingibitorları ilə müalicə alan xəstələr, qaraciyər və böyrək çatışmazlığı olan xəstələr də bu sıraya aiddir. Bundan əlavə əvvəllər zədələnmiş oynaqların infeksiyalaşma ehtimalı da yüksəkdir.   


Septik artritin əlamətləri

Əsas şikayət oynaqda güclü ağrı, oynaqda şişkinlik və temperaturun yüksəlməsidir. Digər simptomlar:

  • Yorğunluq və ümumi zəiflik
  • Yüksək hərarət
  • Oynaqda hərəkət məhdudluğu
  • Xüsusən hərəkət zamanı zədəli oynaqda güclü ağrı
  • Şişkinlik (oynaqda mayenin miqdarının artması)
  • Oynaqda yerli hərarətin qalxması 


Septik artritin diaqnostikası

Septiki artritin dəqiq diaqnozunu qoymaq üçün artrosentez proseduru icra olunur. Bu prosedur zamanı oynaqdan müayinə üçün oynaq mayesi (sinovial maye) alınır. Oynaq mayesinin laborator müayinəsi aparılır. Normal halda bu maye steril olmalıdır. 

Oynağın zədələnməsini aşkar etək üçün oynağın rentgenoloji müayinəsi aparılır. Qan analizləri iltihabın gedişinə nəzarət üçün lazımdır. Oynağın MRT (maqnit rezonans tomoqrafiya) müayinəsi oynaqda dağılma prosesini dəqiqləşdirmək üçün daha həssas müayinə metodudur, amma xəstəliyin erkən mərhələsində az informativdir. 


Septik artritin müalicəsi

Əgər infeksion mənşəli artritdirsə infeksiyanın yayılmasının qarşısını almaq üçün antibiotikoterapiya (venadaxili olmalı) təcili aparılmalıdır.  

İlkin olaraq emprik müalicədə geniş təsir spektrli antibiotik istifadə olunur. Törədici təyin olunduqdan sonra ona həssas antibiotik təyin olunur. Müalicə 4-6 həftəyə qədər davam etməlidir. Artroskop vasitəsilə infeksiyalaşmış toxuma xaric olunur və oynaq təmizlənir. Əgər oynağın drenaj olunması aspirasiya və ya artroskopiya vasitəsilə mümkün olmasa, oynağın açıq əməliyyatı aparılmalıdır. 

  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az