SOS bu qrippdir ! hekimtap.az

SOS bu qrippdir !

Hörmətli atalar və analar!!!! Ən əsası odur ki, sizin taktikanız virusun necə adlandığından asılı olmamalıdır. Bu qrippin fəsli qripp, donuz qrippi, at qrippi, quş qrippi və s., olmasından asılı olmayaraq bir şeyi unutmayın ki, bu virusdur, hava-damcı yolu ilə keçir və tənəffüs orqanlarını zədələyir. Bütün bunlardan çıxış vasitəsi kimi xəstəliyə qarşı konkret yanaşma seçməlisiniz.  Profilaktika  Əgər siz və yaxud övladınız virusla qarşılaşdığınız zaman ona qarşı müdafiə antitelləri (qanda olan əkscisimlər) yoxdursa siz xəstələnəcəksiniz. Bu antitellər iki halda yarana bilər ya siz xəstələndikdən sonra, ya da siz peyvənd olunduqdan sonra.  Yalnız adi fəsli qrippdən peyvənd olunmaq mümkündür, hazırki qrippə qarşı isə peyvənd hələki yoxdur.  1. Peyvənd olunmaq imkanınız varsa peyvənd olunun - lakin bir şərtlə ki, siz tam sağlamsınız və peyvənd olunmaq üçün poliklinikada xəstə insanların əhatəsində uzun növbədə dayanmalı olmayacaqsınız. Sonuncu vəziyyət sizin peyvənd olunma şansınızı olduqca azaldır.  2. Virusun mənbəyi insan və yalnız insandır.  Karantin - əla olardı! Böyük kütlənin olduğu yerlərə getməyi məhdudlaşdırmaq. Bir dayanacağı piyada getmək, supermarketə gedişi azaltmaq - ağıllıcadır!    3. Maska. Xeyirli vasitədir, lakin panaseya deyil. Yaxınlıqdakı sağlam insanları virusdan qorumasa da virusla zəngin damcıların havaya çıxmasının qarşısını alacaq.  4. Xəstə insanın əlləri-onun ağzı və burnu qədər təhlükəlidir. Xəstə üzünə toxunduqdan sonra, virus onun əllərində toplanır, siz xəstənin əllərinə toxunduqda virusla salamlaşmış olursunuz.  Öz üzünüzə toxunmayın. Əllərinizi tez-tez yuyun, özünüzlə nəm dezinfeksiyaedici salfetlər gəzdirin.  Özünüz də adət edin, uşaqlara da öyrədin ki, cib dəsmalınız və ya salftekanız yoxdursa ovucunuza deyi dirsəyinizə öskürün.   İmkan daxilində kredit kartlardan istifadə edin, pul virusun ən çox yayılma mənbəyidir.  5. Hava !!!  İsti, quru, hərəkətsiz  havada virusun hissəcikləri saatlarla öz aktivliyini qoruyub saxlayır. Soyuq, nəmli, hərəkətli havada isə bu hissəciklər məhv olurlar.  Gəzinti çox xeyirlidir, gəzinti zamanı virusa yoluxma praktiki olaraq mümkün deyil. Təmiz havada gəzərkən maskadan istifadə etməyə ehtiyac yoxdur, maskanı avtobusa və ya metroya daxil olarkən taxın.  Otağın optimal istiliyi  - 20 °С, nəmliyi isə 50-70% olmalıdır. Tez-tez intensiv havalandırma vacibdir. İstənilən istiləndirmə vasitəsi havanı qurudur. Məhz istiləndirmə fəslinin başlanması virusun epidemiya vaxtına təsadüf edir.Rütubətliyə nəzarət edin.Döşəməni nəm parça ilə silin. Hava nəmləndiricilərindən istifadə edin. Uşaq kollektivlərində havanın nəmləndirilməsini tələb edin.  Qalın geyinin amma isidici sistemlərdən mümkün qədər az istifadə edin.  6. Selikli qişaların vəziyyəti!!! Yuxarı tənəffüs yollarında daima selik əmələ gəlir. Selik - selikli qişaların yerli müdafiəsini təmin edir. Selikli qişalar quruyanda yerli immunitet pozulur və virusun yoluxma ehtimalı artır.Yerli immunitetin əsas düşməni quru hava və eləcə də selikli qişaları qurudan dərman vasitələridir (ən populyar olanları – dimedrol, suprastin, tavegil, nazivin, halazolin və s.).   Selikli qişaları nəmləndirin! Elementar olaraq:1çay qaşığı adi duzu 1lt qaynadılmış suda həll edib, istənilən pipetkalı flakona tökün və daima burnunuza damızdırın (quruluq və ətrafdakı insanlar nə qədər çoxdursa o qədər tez-tez tökün məslən:hər 10dəq bir). Bunun üçün aptekdən fizioloji məhlul və ya salin, akvamaris və s., kimi hazır məhlullardan da istifadə edə bilərsiniz.  Profilaktikaya aid deyə biləcəklərim bu qədər.  Diqqətli olun ! Yuxarıda yazdıqlarımın virusəleyhinə olan sintetik preparatlarla heç bir əlaqəsi yoxdur. Onlar təbii tərkiblidir və virusəleyhinə olan sintetik preparatlardan  fərqli olaraq uşaq orqanizminə heç bir əlavə təsiri yoxdur.  QRİPP - ƏKSƏRİYYƏT ÜÇÜN YÜNGÜL XƏSTƏLİKDİR.  Kəskin respiaror virus infeksiyalarının KRVİ və qrippin müalicəsi təkcə tabletlərlə deyil, orqanizmin virusla mübarizə apara biləcəyi şəraitin yaradılması ilə mümkündür.  Müalicə qaydası  1. Otağın nəmliyinə və temperaturuna nəzarət etmək və qalın geyinmək gərəkdir. Otağın temperaturu 20 °С, nəmliyi isə 50-70% olmalıdır. Döşəməni tez-tez silmək, otağı havalandırmaq lazımdır.  2. Uşağı məcburi yedizdirməyə çalışmayın. Əgər özü istəyirsə - yüngül, karbohidrat tərkibli və maye qidalara üstünlük verin.  3. Çoxlu maye içməyinə nəzarət edin! Mayenin temperaturu bədən temperaturuna yaxın olmalıdır. Çoxlu maye içməlidir. Kompotlar, müxtəlif bitki çayları (kəklikotu, gülxətmi, çobanyastığı), meyvə qurularını qaynadıb içmək. Peroral rehidrotasiya üçün aptekdə müxtəlif vasitələr var-regidron, elektrolit,qastrolit və s..  4. Buruna tez-tez duz məhlulları damızdırın.  5. Banka, xardal və s., kimi klassik yayındırıcı müalicələr vlaideyn sadizmi də olsa psixoloji təsirləri var.  6. Əgər yüksək temperaturla mübarizə aparırsınızsa - Viburcool (Heel) şamları və ya parasetamol ya da ibuprofen istifadəmedə bilərsiniz, aspirin qətiyyən olmaz.  Günümüzün ən böyük bəlası :qalın geyindirmək, otağı havalandırmaq, zorla yemək verməmək və çoxlu maye içizdirmək «müalicə» hesab olunmur, atanın aptekə göndərilməsi isə «müalicə» hesab olunur.   7. Yuxarı tənəffüs yollarının zədələnməsi zamanı (burun, udlaq) heç bir bəlğəmgətiricilər lazım deyil-onlar öskürəyi yalnız artıra bilirlər. Aşağı tənəffüs yollarının zədələnməsi (bronxit, pnevmoniya) isə özbaşına müalicə olunmamalıdır. Ona görə də özbaşına heç bir «lazolvan, mukaltin» və s., istifadə etmək olmaz.    8. Allergiyaəleyhinə preparatların  KRVİ müalicəsi ilə heç bir əlaqəsi yoxdur.  9. Virus infeksiyaları heç bir antibiotiklə müalicə olunmurlar. Antibiotiklər fəsadları azaltmır, əksinə artırır.  10. Yerli istifadə üçün olan bütün interferonların effektivliyi sübut olunmayıb effektivsizliyi isə sübut olunub.  Həkim nə zaman lazımdır? - Hər zaman! Lakin bu real deyil. Həkimin mütləq lazım olduğu vəziyyətləri sadlayıram:   - Xəstəliyin dördüncü günündə yaxşılaşmanın olmaması;  - Xəstəliyin yeddinci günündə temperaturun qalxması;   - Yaxşılaşmadan sonra vəziyyətin pisləşməsi;   - KRVİ simptomlarının olduqca ağır gedişi;   - Dərinin avazıması, susuzluq, təngnəfəslik, intensiv ağrı, irinli ifrazatın olması;    - Öskürəyin artması, onun produktivliyinin azalması; dərin nəfəsalma öskürək tutmasına səbəb olursa;    - Temperaturu aşağı salmağa sadaladıqlarımızdan heç biri kömək etmirsə.  Həkim dərhal lazımdır:   - Huşun itməsi;   - Qıcolmalar;   - Tənəffüs çatışmamazlığı əlamətləri (nəfəsalmanın çətinləşməsi, təngnəfəslik, hava çatışmamazlığı hissi);   - İstənilən yerdə intensiv ağrının olması;   - Zökəmin olmamasına baxmayaraq boğazda ağrının olması;   - Qusma ilə müşahidə olunan baş ağrısı;   - Boğazın şişkinliyi;   - Üstünə basarkən itməyən səpki;   - Qızıdırmasalıcı preparatların qəbulundan 30 dəqiqə sonra temperaturun 39 °С aşağı düşməməsi;   - Titrətmə və avazıma ilə gedən istənilən temperatur qalxması.  Yuxarıda yazdıqlarım hər bir həkimin bilməli olduğu və geniş kütləyə çatdırmalı olduğu məlumatlardır. Əgər siz birnanasınızsa – qripp haqqında bilməli olduğunuz hər şeyi artıq bilirsiniz.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 23.12.2017

Süd vəzi biopsiyasi nədir? hekimtap.az

Süd vəzi biopsiyasi nədir?

Biopsiyanın 4 növü var: 1) punksion biopsiya  2) aspirasion biopsiya  3) eksizion biopsiya  4) insizion biopsiya  1. Punksion biopsiya süd vəzinin şübhəli sahəsindən və ya törəmədən nazik iynə vasitəsi ilə hüceyrə kütləsinin götürülməsinə deyilir. 2. Aspirasion biopsiya süd vəzinin kistoz törəməsindən nazik iynə vasitəsilə icra edilir. Həm müayinə, həm də müalicə məqsədi daşıyır. 3. Eksizionbiopsiya cərrahiyyə yolu ilə stasionar şəraitdə ümumi anesteziya ilə icra edilir. Bu biopsiya zamanı patoloji toxuma tam çıxarılır. 4. İnsizion biopsiya patoloji toxumanın bir hissəsinin götürülməsinə deyilir. Bunu ya tru-cut biopsiya dəyilən müayinə üsulu ilə (yerli keyitmə ilə, xüsusi avtomat və ya yarım avtomat qalın iynəsi olan tapançalar ilə olunur), ya da cərrahiyyə əməliyyat yolu ilə icra edilir. Ambulator şəraitdə icra olunan punksion, aspirasion və tru-cut biopsiya bəzən USM və ya mammoqrafiya nəzareti altında olunur. Götürülən toxuma və ya hüceyrə materialı patomorfoloji laboratoriyaya göndərilir və mikroskop altında tədqiq olunur. Biopsiya nəticələrindən təxmini  80% xəstələrdə xoş, 20% isə bəd xassəli proses aşkarlanır. Niyə qadınlar süd vəzi biopsiyasından qorxur və çəkinir? Bəzi insanlar “biopsiya süd vəzini zədəliyir və gələcəkdə problem yaradır” əfsanəsinə inanır, amma bu belə deyil. Biopsiya dünya üzrə qəbul olunmuş vacib müayinə metodudur. Həkim mammoloq tərəfindən müayinə, USM, mammoqrafiya, MRT müayinələri xəstəyə ilkin diaqnoz qoyulmasına kömək edir və bunlar əksər hallarda son diaqnoz qoyulması və müalicə təyin olunması üçün kifayət edir. Süd vəzidə isə şübhəli toxuma, törəmə olduqda biopsiya patomorfoloji müayinə ilə olmadıqda düzgün diaqnoz qoymaq və müalicə taktikasını təyin etmək mümkün deyil. Təcrübəli mütəxəssis tərəfindən icra edilən süd vəzi punksion, aspirasion və ya tru-cut biopsiya ambulator şəraitdə, yerli anesteziya ilə ağrısız tam təhlükəsiz qısa vaxt ərzində icra edilir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 22.12.2017

Qıcqırmanın səbəbləri və müalicəsi
 hekimtap.az

Qıcqırmanın səbəbləri və müalicəsi

Qastroezofaqeal reflüks xəstəliyi dünyada ən geniş yayılmış qastroenteroloji  xəstəlikdir. Qastroezofaqeal reflüks xəstəliyi (QERX)  mədə və 12 barmaq bağırsağın möhtəviyyətının qida borusuna  müntəzəm geri qayıtması və bunun nəticəsində  qida borusunun distal (aşağı) hissəsinin zədələnməsi və iltihabın (reflüks ezofaqit) inkişafı deməkdir. Belə bir hal eroziv ezofaqit, peptik xora, qida borusunun peptik daralması, qanaxmalara səbəb ola bilər. Lakin, ən ciddi və təhlükəli ağırlaşmalardan biri olan Barret qida borusudur, yani bağırsaq metaplaziyası (qida borusunu epitelisi bağırsaq epitelisi ilə əvəz olunur).   Bu xəstəlik xərçəngönü vəziyyət sayılır və qida borusunun aşağı hissəsində adenokarsinoma (xərçənq) inkişafı üçün böyük risk hesab olunur.    QERX-in risk faktorları  - Stress;  - Köklük;  - Hamiləlik;  - Müəyyən dərmanların, alkoqolun qəbulu;  - Siqaret çəkmə;  - Yağlı və ədivalı yeməklər;  - Kofe, şokolad, nanəli məhsullardan istifadə;  - Diafraqmanın qida borusu dəliyinin yırtığı; QERX-in simptomları  - Döş sümüyünün arxasında yanğı hissi (qıcqırma);  - Turşulu və ya acılı möhtəviyyət ilə qəyirmə;  - Ağızda turş dad və turş dadlı suyun yığılması;  - Disfaqiya - udmanın çətinləşməsi, xususi ilə sulu yeməyin qida borusundan çətinlik ilə keçməsi hissiyatı;  - Döş sümüyünün arxasında ağrı, boyuna, alt cənəyə,qola, kürəyə yayilma ehtimalı ilə;  - Xroniki öskürək, uzananda töyşümə;  - Gecə zamanı boğulma tutmaları; QERX-in diaqnostikası:  - Rəqəmsal rentgen vasitəsilə qida borusunun vəziyyətini, qida borusuna mədədən reflüksun olub-olmamasını, qida borusunun şişlərini, QERXin müəyyən fəsadlarını və s.təyin etmək olar;  - Ezofaqoskopiya (zond udma) qida borusunun zədələnməsinin olub olmadığı, reflüks ezofaqitin inkişaf səviyyəsini, ağırlaşmaların təyin edilməsi və göstəriş olarsa məsələn, Barret qida borusuna şübhə  zamanı histomorfoloji müayinə üçün selikli qişadan hissəciklərin qötürülməsi üçün təyin edilir;  - Turşuluq səviyyəsini (pH), sutka ərzində reflüksun təkrarlanmasının sayını oyrənmək üçün qida borusunun 24 saatlıq pH-metriya və impedansometriya vasitəsi ilə monitorinqi (yoxlanılması); QERX-in müalicəsində qeyri medikamentoz tövsiyələr  - Artıq çəkini azaldmaq;  - Siqaret çəkməkdən, müəyyən dərmanların qəbulundan imtina etmək;  - Dar paltar geyinməmək;  - Ağır yüklərin qaldırılmasına, qarın əzələlərinin gərginləşməsinə yol verməmək;  - Yatağın başını qaldırmaq;  - Gün ərzində az miqdarda 4-5 dəfə yemək, yatmazdan isə üç saat əvvəl qida qəbulunu dayandırmaq;  - Spirtli və kofeinli (enerji) içkilərdən, qazlı sulardan, yağlı, qızardılmış, istiotlu, pomidorlu, nanəli çox isti və ya soyuq yeməklərdən, şokoladlarardan imtina etmək; Medikamentoz müalicənin məqsədi  - Mədə şirəsinin turşuluğunun azalması və onun neytrallaşması;  - Qidanın mədədən vaxtında evakuasiyası və qeri qida borusuna qayıtmaması;  - Konservativ (dərman vasitəsilə) müalicə 4-8 həftədən az olmamalıdır. Altı ay ərzində bu üsul effektiv olmasa, xəstəliyin kəskinləşmə epizodları çoxalsa və ciddi fəsadlar (təkrarlanan qanaxmalar, qida borusunun daralması, Barret qida borusu) qeydə alınsa cərrahi müalicə göstərilir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 20.12.2017

Skolioz bütün ailənin problemidir hekimtap.az

Skolioz bütün ailənin problemidir

Bu gün skolioz çox geniş yayılmış bir xəstəlikdir. Onun səbəbini düzgün oturmamaq, qamətin düzgün tutulmaması ilə deyil daha çox valideynlərin övladın onların sahibləndiyi varlıq deyil, ailədə arzuolunan qonaq olduğunu unutmalarıdır. Ata və ana onların ailəsində dünyaya göz açmış şəxsiyyətə öz istedadını tapmaqda və onu təkmilləşdirməkdə yardım etməlidirlər.  Alternativ təbabətə görə skoliozun yaranmasının səbəbində insanın daxili dözümlülüyünün pozulması dayanır. Bu xəstəlik adətən erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir və fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı oraqnalarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur. Təssüflər olsunki, bugünün valideynləri övladlarına yad olan idealları, öz tamamlanmamış arzularını reallaşdırmağa məhkum edirlər. Valideynlər övladlarını “gilə” bənzədir və o “gildən” istdədikləri fiquru düzəldirlər, özünün inkişaf etməsinə imkan belə yaratmırlar. Beləliklə yeniyetmə dövrünə çatdıqda insan öz daxili özəyini itirərək valideyn fikrindən asılı bir varlığa çevrilir.  Nəticədə, natamamlıq kompleksi, öz gücünə inamsızlıq hissi və asılılıq yaranmış olur. Fiziki səviyyədə bu onurğa sütununun bütün bağ aparatının zəifləməsinə səbəb olur. Ənənəvi tibbin skoliozun müalicəsində istifadə etdiyi metodlar, əsl səbəbi aradan qaldıra bilmədiyi üçün müalicənin nəticələri uzunmüddətli olmur. Skoliozun müalicəsində istifadə olunan idman hərəkətləri əsas xəstəliyin (spondiloz, spondiloartroz, fəqərəarası disk yırtığı) ağırlaşmasına səbəb ola bilər. Qədimdə skolioz nadirən rast gəlinirdi. Çünki uşağın tərbiyəsində onun zəif və güclü tərəfi nəzərə alınırdı və öz istedadını inkişaf etdirməyə şərait yaradılırdı. Əgər skolioz rast gəlinsəydi  çox effektiv və eyni zamanda zərərsiz olan bugünə kimi gəlib çatmış və öz dəyərini itirməmiş olan bir üsuldan istifadə olunurdu. Söhbət kinnara terapiyadan gedir. Kinnara terapiya— bu sadəcə at sürmək deyil, atın üstündə tarazlığı saxlamağa yönəlmiş idmandır. At minərkən insan psixoloji, fiziki  və enerji informasiyon səviyyədə kentavra çevrilir. At hərəkətə başlayan kimi (əvvəlcə asta və getdikcə sürətli) tarazlığını qorumaq şərti ilə bütün bədəni ilə  spiralabənzər və ahəngli hərəkətlər etməyə başlayır. Bu zaman atla eyni ritmdə nəfəs alması arzuolunandır.  Bu cür məşqlər həftədə 1-3 dəfə olmaqla hər dəfə 30-60 dəqiqə davam edir. Məşqlər zamanı miofassial (əzələ-bağ) bloklar aradan qalxır; fəqərələr öz yerlərinə qayıdırlar. Onurğa sütunu və paravertebral zonaların qan təchizatı həmçinin fəqərəarası mərkəzlərin tənzimlənməsi aktivləşir və şlakların xaric olunması artır. Kinnaraterapiya skoliozla yanaşı uşaq serebral iflici, hipertoniya və xora xəstəliyi, vegetativ nevrozlar, bronxial astma, böyrək zədələnmələrində və s. effektlidir. Skoliozun son zamanlar istifadə olunan və zərərsiz müalicə üsullarından biri də osteopatiyadır. Skoliozun müalicəsinə erkən yaşlardan başlamaq lazımdır. Məsələn övladınız dünyaya gələndən sonra onun inkişafına nəzər yetirsəniz körpənin başını daima bir tərəfə əyməsi, başının formasındakı deformasiyalar, gəzməyə başlayarkən ayaqlarını düzgün atmaması (barmaq uclarında gəzmək, ayaqlarını içəriyə atma) kimi hallar gələcəkdə övladınızda hər hansı  bir qamət pozulması yarana biləcəyi ehtimalını bildirir. Osteopatiya həm müayinə həm də müalicə üsulu olaraq erkən yaşlardan skoliozun aşkara çıxarılıb vaxtında aradan qaldırılmasında unikal müalicə üsuludur. Bu zaman osteopat həkim zərərsiz texnikalarla əzələ bağ apparatının, fəqərələrin, çanaq sümüklərinin və digər problemli nahiyələri aşkar edir və aradan qaldırır.  Skoliozun erkən aşkara çıxarılması sizin və övladınızın gələcəkdə həm maddi həm də mənəvi əziyyətinizin qarşısını almağa kömək edəcək.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 19.12.2017

Abdominal (qarın) ağrıları
 hekimtap.az

Abdominal (qarın) ağrıları

Ağrı ən geniş yayılmış simptomlardan biridir, hansı ki, pasiyentlərə ağır fiziki və psixolojı təsir göstərir. Demək olar ki, ağrı təbabəti inkişaf etdirən amillərdən biridir. Təbabətin ilk nailiyyəti ağrının aradan götürülməyi ilə əlaqədardır. Qarında ağrı sindromu, yəni abdominal ağrı kliniki praktikada qarın boşluğunda yerləşən orqanların əksər xəstəlikləri ilə bağlıdır. Abdominal ağrı müxtəlif səbəblərdən yarana bilər. Burada əsas məqsəd ağrını differensasiya etməkdir, yəni bu narahatçılıq adi köpmə nəticəsində də yarana bilər və yaxud ciddi patoloji prosessin simptomu da ola bilər. Adətən bir neçə saniyədən 2-3 dəqiqəyə qədər uzanan ağrı narahatçılığa səbəb deyil. Abdominal ağrı əsasən visseral və somatik olur:  - Visseral ağrı boş orqanların divarlarında yerləşən sinir uclarının qıcığı nəticəsində əmələ qəlir. Bunlar həmin orqanın spazmı ya da genişlənməsi ilə bağlı ola bilər. Bu ağrıların intensivliyi və yayılma xarakteri müxtəlifdir.  - Somatik ağrı isə onurğa beynindən çıxan peritonu innervasiya edən sinir uclarının qıcığlanması sayəsində yaranır. Visseral ağrılara əks olaraq somatik ağrılar mütəmmadi, müəyyən lokalizasiyalı, peritonun ön divarının əzələ gərginliyi ilə müşayiət olunur, kəsici xarakter daşıyır, hərəkət və tənəffüs zamanı  artır, bu səbəbdən xəstələr məcburi vəziyyət alır. Qarın ağrısına səbəb olan xəstəliklərin və patoloji halların əsas qrupları:  - Qarın boşluğunun orqanlarının, mədə və 12 barmaq bağırsağın, qaraciyər və öd yollarının, mədəaltı vəzin, bağırsaqların,  dalağın funksional və ya orqanik xəstəlikləri;  - Qida toksikoinfeksiyası;  - Peritonun iltihabı, zədələnməsi;  - Böyrək və sidik yollarının xəstəlikləri;  - Qarın boşluğunda yerli arterial qan dövranının pozulması;  - Sinir sisteminin bəzi xəstəlikləri (Herpes Zoster);  - Onurğa sütununun xəstəlikləri, məsələn spondiloartroz;  - Birləşmə toxumanın diffuz xəstəlikləri (düyünlü periartrit), revmatizm;  - Hiperlipoproteinemiya, şəkərli diabet, tirotoksikoz və s. kimi xəstəliklərdə nadir hallarda kəskin qarın ağrıları qeyd olunur;  - Qan sisteminin bəzi xəstəlikləri (hemorragik vaskulit, tromboflebik splenomegaliya); Qarında ağlarına səbəb olan, nadir və ən pis müalicəyə tabe olan xəstəlik xərçəngdir. Ağrılarla bağlı müayinə zamanı ilk növbədə onkoloji xəstəlikləri inkar etmək lazımdır. Qarında ağrı zamanı nə etmək lazımdır Qarın ağrısı zamanı  müayinəsiz ağrıkəsicilərldən, qızdırıcıdan (isti qrelka), imalələrdən qəti istifadə etmək olmaz, çünki bu simptomun həkim müayinəsindən əvvəl aradan götürülməsi səhv diaqnozun qoyulmasına və ciddi fəsadlara səbəb ola bilər. Belə hallarda buz tətbiq oluna bilər. İlk növbədə, qarın nahiyyəsində ağrı hiss etsəniz həkimə müraciət etməyiniz məsləhətdir. Nə vaxt təcili tibbi yardima ehtiyac ola bilər: 1. Qarının sağ tərəfində əmələ gələn ağrılar kəskin appendisit haqqında düşündürə bilər. Kəskin appendisit – kor bağırsağın soxulcanabənzər çıxıntının (appendiks)  iltihabı, cərrahi müdaxilə tələb edən və son dərəcə təhlükəli bir xəstəlikdir. Appendisitin əlamətləri:  - Ağrı qəflətən mədə və ya göbək ətrafı nahiyyələrdə əmələ gəlir, sonra bütün qarını əhatə edə bilər və bir neçə saatdan sonra müəyyən yerdə, adətən sağ qalça çuxur nahiyyəsində lokalizasiya olur;  - Bədən hərərətinin yüksəlməsi, ürək bulanma və qusma müşahidə oluna bilər;  - Appendiksin yüksək yerləşməsi (qaraciyərin altında) zamanı ağrı qarının üst sağ yarısında lokalizasiya edilir;  - İltihablı appendiks kor bağırsağın arxasında yerləşərsə, ağrı bel nahiyyəsinə və ya qarın boyu yayıla bilər;  - İltihablı appendiks çanaqda yerləşən zaman sağ qalça çuxur nahiyyəsində olan ağrılara qonşu orqanların iltihabı əlamətləri - sistit (sidik kisəsinin  iltihabı), sağ tərəfli adneksit (sağ uşaqlıq artımlarının iltihabı) - qoşulur. Ağrının gözlənilməz kəsilməsinə diqqət yetirin, çünki  bu hal iltihablı bağırsaq divarının deşilməsi ilə bağlı ola bilər. Yaşlı insanlarda yuxarıda sadalanan əlamətlər zəif qeyd olunur, çünki yaşla əlaqəli olaraq orqanizmin cavab reaksiyası aşağıdır. Az yaşlı uşaqlarda isə kəskin appendisit təzahürlərinin xüsusiyətləri budur:  - Narahat olurlar;  - Yeməkdən imtina edirlər;   - Güclü ağrı zamanı qışqırırlar;   - Ağız boşluğunda quruluq əmələ gəlir;   - Bədən hərarəti 38—39 °С qədər qalxır. Yardım:  - Təcili tibbi yardımın çağırılması;  - Qida və maye qəbulu, ağrıkəsicilərdən istifadə qadağandır;  - Qarın nahiyyəsinə buz qoyulmalıdır. 2. Yırtıq nahiyyəsində əmələ gələn ağrı – yırtığın boğulması əlamətidir. Qarın boşluğunda yırtığın yerləşməsindən asılı olaraq onun boğulması nəticəsində qarında kəskin ağrılar əmələ gəlir və aşağıdakı göstərilən simptomlarla müşayət edilir:  - Yırtığın böyüməsi və bərkiməsi;  - Geri qarın boşluğuna sərbəst daxil ola biməməsi;  - Palpasiya zamanı ağrılı olduğu;  - Ürək bulanma, qusma;  - Nəcis və qaz ifrazatının ləngiməsi;  - Əksər hallarda yırtıq üzərində dərinin göyərməsi;  - Ürək döyüntülərinin sayının artması. Yardım:  - Xəstəyə yataq rejimi təşkil olunmalıdır;  - Qarın boşluğunda yırtığı geri düzəltməyə çalışmayın, çünki bu bağırsağın zədələnməsi ilə nəticələnə bilər;  - Qida və mayə qəbulu, ağrıkəsicilərin istifadəsi qadağandır;  - Gecikmədən təcili tibbi yardım çağırılmalıdır. 3. Qarında ağrı kəskin pankreatin (mədəaltı vəzin iltihabı) əlaməti də ola bilər. Kəskin pankreatitin inkişafında qaraciyər, öd yollarının və həzm sisteminin başqa orqanlarının patologiyası, qida rejiminin kobut şəkildə pozulması, alkoqoldan sui istifadə, ağır damar xəstəlikləri, allergik vəziyyətlər və s. mühüm rol oynayır. Simptomları:  - Ağrılar kəskin, kəmərvari və uzun sürəndir;  - Bazu və bel nahiyyəsinə yayılır;  - Daimi mədə nahiyəsində ağrı müşahidə olunur;  - Ürək bulanma, rahatlıq gətirməyən qusma və əksər hallarda ishal ilə müşayiət olunur;  - Sarılığın qoşulma ehtimalı var;  - Qarında köp və əzələlərində gərginlik qeyd olunur;  - Xəstə adətən bir yanında məcbur hərəkətsiz qalır; Yardım:  - Təcili tibbi yardımın çağırılması;  - Heç bir dərmanlardan istifadə olunmaması;  - Qarın nahiyyəsinə təcili buzun qoyulması. 4. Öd daşı xəstəliyi və xroniki xolesistit (öd kisənin iltihabı) sağ qabırğa altı nahiyyəsində ağrıya səbəb ola bilər. Bu xəstəliklərin kəskinləşməsi daşların öd kisəsinin boyun nahiyyəsində, öd axarlarında tıxanmasına, öd kisəyə infeksiyanın keçməsi və iltihabın yaranmasına bağlıdır. Əksər hallarda buna səbəb düzgün qidalanmamaq (çox yağlı, əddviyallı, qızardılmış yeməklər), hədsiz fiziki yükləmələr, streslər və s. Simptomlar:  - Sağ qabırğa altı nahiyyədə qəflətən kəskin tutmaşəkilli ağrıların yaranması və davamlı olması, kürəyin sağ hissəsinə, qarın boyu yayılması;  - Ürək bulanma, rahatlıq qətirmiyən ödlə qusma;  - Hərarətin yüksəlməsi;  - Neytrofil leykositoz (qanda leykositlərin sayının artması);  - Dəridə və görünən selikli qişalarda sarılığın yaranması;  - Xəstələrin çox narahat olması, durmadan bədən üçün rahat vəziyyət axtarılması. Yardım:  - Tam sakitlik və yataq rejimin yaradılması;  - Təcili yardımın çağırılması;  - Maye, qida və dərmanların qəbulu həkim gəlməzdən əvvəl qəti qadağandır. 5. Bel nahiyyəsində qəflətən yaranan ağrı kəskin böyrək sancılarının əlaməti ola bilər. Böyrək sancısı sidiyin böyrəklərdən ifrazatı zamanı maneəyə rast gəlməsindən yaranır və ağrı tutması ilə özünü göstərir. Ağrı tutmaları çox vaxtı daşların böyrəkdən sidik yolları ilə keçən zamanı əmələ gəlir. Nadir hallarda tuberkuloz, sidik sisteminin şişləri, böyrəklərin zədələnməsi böyrək sancısına səbəb olurlar. Əlamətləri:  - Bir neçə dəqiqədən bir neçə saata qədər davam edən qəflətən yaranan kəsici ağrılar;  - Bəzi hallarda ağrılar qısa müddətli fasilələrlə bir neçə gün davam edir;  - İlk olaraq ağrı bel nahiyyəsində xəstə böyrək tərəfindən yaranır, sonra qasığa yayılır;  - Tezləşmiş diurez (sidik ifrazatı), sidikdə qan izləri müşahidə ola bilər;  - Ürəkbulanma, qusma. Yardım:  - Tam sakitlik və yataq rejimi;  - Bel nahiyyəsinə qızdırıcının qoyulması və ya 10-15 dəqiqə ərzində isti vanna qəbulu;  - Təcili tibbi yardımın çağırılması. 6. Mədə və 12 barmaq bağırsağın xora xəstəliyin kəskinləşməsinin əlamətləri:  - Ac, yeməkdən qısa müddətdən sonra əmələ gələn və ya gecə yuxudan oyadan kəskin ağrılar;  - Ağrıların əsas lokalizasiyası: mədə, sağ və sol qabırğa altı nahiyyələr;  - Yayılma nahiyyələri: bel, döş qəfəsi, qarının aşağı hissəsi;  - Məcburi vəziyyətdə ağrılar azalır;  - Ürəkbulanma, qusma qəhvəyi rəngtə möhtəviyyatla, qara rəngdə nəcis (melena). Yardım:   - Təcili qastroenteroloqa müraciət. Mədə ağrılarına bənzər ağrılarla yanaşı ürək nahiyyəsində kəskin ağrıların olması miokardın infarktı haqqında düşündürür. Yardım:  - Hərəkət qəti qadağandır;  - Təcili tibbi yardım dərhal çağırılmalıdır. 7. “Kəskin qarın”ın səbəbləri: mədə və ya 12 barmaq bağırsaq xorasının deşilməsi, kəskin bağırsaq keçməməzdiyi, peritonit, qadınlarda uşaqlıq borusunun dağılması və s. Əlamətləri:  - Qarında yayılmış, çox qüclü kəskin (xəncər sancılanması) ağrılar;  - Məcburi burulmuş vəziyyət ayaqların qarına sıxılması ilə;  - Qusma, zəiflik, üşütmə. Yardım:  - Maye və qida qəbulu, ağrıkəsicilərdən istifadə, hərəkət qəti qadağandır;  - Qarın nahiyyəsinə selofana sərilmiş buzun qoyulması;  - Dərhal təcili yardımın çağırılması. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 18.12.2017

Çoxdöllü hamiləliklərə nəzarət
 hekimtap.az

Çoxdöllü hamiləliklərə nəzarət

Son 30 ildə çoxdöllü hamiləliyin yayılması istiqamətində  insan evalyusiyasında çox böyük yatirogen dəyişikliklər baş vermişdir. İnkişaf etmiş ölkələrdə çoxdöllü  hamiləliklərin rastgəlmə tezliyi 3 dəfə artaraq ümumi doğuşların 3% -ni təşkil edir. Statistik göstəricilərə görə hər 100 cüt əkiz hamiləlikdən 70-i diziqot, 30-u monoziqot əkiz hamiləlik olur. USM-də  bir xorion aşkarlanarsa monoziqot, iki xorion aşkarlanarsa  diziqot hamiləlik kimi dəyərləndirilir. Rastgəlmə tezliyinə görə diziqot əkiz ehtimalı 87,5% , monoziqot 12,5%  təşkil edir.  Diziqot əkiz hamiləlik iki fərqli oositdən yaranır. Müxtəlif  ölkələrdə  rastgəlmə tezliyi fərqlidir. Belə ki, Avropa ölkələrində  diziqot əkiz hamiləliklərin rastgəlmə tezliyi hər 1000 doğuşa 7-12-dir (7-12/1000 doğuş). Belə hal  daha  çox ana xətti üzrə meyillik, təkrar doğuşlar, yuxarı yaş qruplarda, yumurtalıqların stimulyasiyasından sonra, hormonal kontraseptiv preparatların qəbulu dayandırıldıqdan sonra yarana bilir. Monoziqot əkiz hamiləlik bir ziqota, morula yaxud blastosistadan bölünmə prosesində meydana çıxır. İrsiyyət qeyd edilmir. Rastgəlmə tezliyi demək olar ki, bütün dünyada eynidir. İlk 3 gün ərzində morulanın bölünməsindən DX/DA, 4-8-ci günlərdə blastosistanın bölünməsindən MX/DA, 8-13-cü günlər -MX/MA, blastosistanın 13-cü günündən sonra bölünməsi baş verərsə SİAM əkizləri meydana çıxır. Əkiz hamiləlikdə baş verə biləcək ağırlaşmalar Düz olmayan gəlişlər 50 %, vaxtından əvvəl doğuş 40 %, dölyanı mayenin vaxtından əvvəl axması 5-15 %, hipertenziya 15 %, preeklampsiya 5-25 %, doğuşdan sonra qanaxmalar 6-22 %, cift gəlişi 1 %, ciftin vaxtından əvvəl qopması 2-6 %, uşaqlıq boynu çatmazlığı 2 %, hestasion diabet 7 %, göbək ciyələinin dolaşması (MX/MA) 50-70 %, hipotrofiya 15-50 %, discordant böyümə 14-29 %, anadangəlmə anomaliyalar 6-10 %, transfuziya sindromu 1-2 %, revers arterial perfuziya (nadir hallarda). Çoxdöllü hamiləliyə nəzarət  - Hamiləliyin 10-14 həftəsinə qədər xorion  sayını dəqiqləşdirmək lazımdır;  - Hamiləliyin ilk 3 aylığında fol  turşusu və dəmir preparatları təyin edilməlidir;  - Hamiləliyin 18-20-ci həftəsində USM (anomaliyalar ,uşaqlıq boynunun ölçülməsi);  - Hamiləliyin 34-cü həftəsinə  qədər vaxtından əvvəl doğuş təhlükəsi  olarsa qlükokortikoidlərin təyini;  - Hamiləliyin 26-cı həftəsindən başlayaraq USM və DOPPLER üsulu ilə göbək ciyəsi arteriyasında qan axını 2-4 həftədə bir yoxlamaq. * Vaxtından əvvəl doğuşun qarşısı alınması məqsədilə qospitalizasiyanın effektliyi sübut edilməyib!  USM Çoxdöllü hamiləliyə şübhə olduqda təkrar usm uzatmağa ehtiyac yoxdur. Hamiləliyin 8-ci həftəsindən tez olmayaraq 2 müsbət ürək vurğusu olan döl yumurtası aşkarlanarsa diaqnoz təsdiqlənmiş olur. USM həcmi Döllərin sayı, anatomiyası, fetometriyası, dölyanı mayenin miqdarı, döllərin yerləşməsi (xüsusilə 3-cü üçaylıqda), ciftin vəziyyəti, xorionallıq (müxtəlif cift DD/DA), zirvə əlamətinin olması DX/DA, qalın arakəsmə (2 mm  dən böyük) olarsa çox güman ki DX/DA, nazik arakəsmə olarsa (2mm dən az) MX/DA əkiz olması əlamətidir. Amnion qişaya görə nazik arakəsmə varsa MX/DA, arakəsmə yoxdursa MX/MA. Yalnız çoxdöllü hamiləliyə xas olan ağırlaşmalar: diskordant  boy inkişafı (qeyri -bərabər) , transfuziya sindromu, yapışmış döl sindromu, monoamniotik əkizlər, döllərdən birinin ölümü (embolizasiya sindromu) , döllərin bitişməsi(siam əkizləri). Diskordant (qeyri-bərabər) boy inkişafında kiçik dölün çəkisi 20-25 % geri qalır. Çox vaxt kiçik döl tələf olur. Səbəbi isə  konstitusional  müxtəliflik, plasentar çatışmazlıq, transfuziya sindromu və.s  göstərilir.  Transfuziya sindromu-arteriovenoz anastamozlar vasitəsilə qan bir döldən digərinə ötrülür (donor respient). Belə hal  6-7 cüt  MX əkizlərdən 1-də rast gəlinir. USM vasitəsilə aşkarlanır. USM əlaməti qeyri-bərabər inkişaf, ölçücə iri olan döldə çoxsululuq, bəzən ölçücə iri olan döldə ödemin olması, ölçücə kiçik olan döldə azsululuq, yapışmış kiçik döl, döllərdən birinin yaxud hər ikisinin ölümü ola bilər. Transfuziya  sindromunun müalicəsi:  - Yüksək səviyyəli doğum evlərində xüsusi şəraitdə aparıla bilər.Beləki  bu sindrom adətən hamiləliyin  15-16 -cı həftələri arası yaranır.Müalicə üsulu kimi lazer  fotokoaqulyasiyası, amnioreduksiya , arakəsmənin perforasiyası kimi üsullardan  istifadə edilir.  - Monoamniotik əkizlərdə 70% hallarda  göbək ciyəsinin dolaşması kimi  döllər üçün  həyati təhlükə yaradan fəsada rast gəlinir. Bu səbəbdən hamiləliyin 32-34 həftəsində belə hamiləlik kesər kəsiyi ilə tamamlanmalıdır. Döllərdən birinin ölümü:  - Belə ağırlaşma halı hamiləliyin ilk üçaylığında  döllərdən birinin yox olması ,ikinci üçaylıqda  döllərdən  birinin masserasiya (FETUS PAPYRACEUS) zədələnmə sindromu, embolizasiya (ventrikulomeqaliya), beynin atrofiyası, porensefaliya, bağırsağın atreziyası yaxud nekrozu, böyrək nekrozu kimi səbəblərdən  yarana bilər. Doğuşun  aparılma taktikası: Birinci döl baş gəlişində olduqda  - Doğuş üçün hamiləliyin optimal müddəti 37-38 həftə;  - Hər iki dölün fasiləsiz  monitorinqi;  - Hamilələrin hamısına vena daxili kateter qoyulması;  - Doğum fəaliyyətinin zəifliyi olarsa 1-ci döl doğulduqdan sonra oksitosin təyin edilə bilər;  - Epidural analgeziyadan istifadə edilə bilər;  - Neonatoloq və anestezioloqun (epidural anestezi olarsa) doğumda iştirakı ilə 2-ci 3-cü səviyyəli doğum evlərində doğuş aparılmalıdr;  - 2-ci döl boylama vəziyyətindədirsə amniotomiya edilib doğuş müvafiq qaydada idarə olunur;  - Əgər 2-ci döl boylama vəziyyətində deyilsə daxili korreksiya yaxud dölün ayağından ekstraksiya icra olunmaqla normal doğuş həyata keçirilir;  - Doğumdan sonra Oksitosin damcı üsulu ilə doğumdan sonra qanaxmanın profilaktikası məqsədilə 2 saat müddətində təyin edilir. Birinci döl baş gəlişində olmadıqda  - Hamiləliyin 38-ci həftəsində doğuşun dölün mühafizəsi naminə kesər kəsiyi ilə tamamlanmalıdır;  - Üçdöllü hamiləlikdə isə 34 həftəlik hamiləlikdən tez olmayaraq cərrahi doğuş aparılır. Həmçinin belə hamiləlikdə hamiləliyin 30-cu həftəsindən sonra qospitalizasiya da ola bilər. Əkiz döllə doğum zamanı bir və ikinci döllərin doğuşu arasında interval Adətən birinci döl doğulduqdan iki dəqiqə sonra digər döl doğulur. Bəzən isə elə hallarla rastlaşa bilirik ki, birinci döl doğulur, lakin digər döllərin doğulması gecikir. Belə hallarda bəzən yanlış olaraq xəstəni təcili kesər kəsiyi əməliyyatına götürürlər. Lakin qeyd edək ki, birinci və digər döllərin doğulması arasında fasilə baş verərsə, xüsusən vaxtından əvvəl doğuşlarda vaginal müayinədən (tezləşmiş) çəkinmək lazımdır. Birinci dölün doğumundan sonra tokolitiklər, antibiotiklər bir həftə ərzində təyin edilə bilər. Eyni zamanda uşaqlıq yolundan yaxma götürülməli, ananın vəziyyətinə nəzarət məqsədilə temperatur ölçülməli, koaquloqrammaya nəzarət, vaxtından əvvəl doğuşa, ciftin vaxtından əvvəl ayrılması kimi fəsadları aşkarlamaq məqsədilə usm və laborator  monitorinqi  aparmaq tövsiyyə edilir. Eyni zamanda ananın və dölün vəziyyətinə gündəlik nəzarət də aparılmalıdr. Beləliklə, yuxarıdakı ədəbiyyat məlumatlarının da araşdırılmasından məlum olur ki, çoxdöllü hamiləliklər hamiləliyin gedişi və doğum müddətində təkdöllü hamiləliklərlə müqaisədə daha çox ağırlaşmalara səbəb ola bilir. Bununlada kesər kəsiyi ilə doğumların çox olması, doğumdan sonrakı fəsadlar, hamiləliyin müxtəlif hestasiya müddətində antenatal itkilərin olması və yenidoğulmuşlarda nevroloji problemlərin çoxluğu ilə diqqəti çəkir. Bu baxımdan çoxdöllü hamiləliyin və doğumun aparılması mama ginekoloqlardan hər zamankından daha artıq diqqətli, tədbirli olmağı tələb edir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 17.12.2017

Artıq çəki yaradan 8 səbəb
 hekimtap.az

Artıq çəki yaradan 8 səbəb

Həkim-dietoloq Pərvin Sadıqzadə çəki artımının qarşısını almağın sirlərini eksklüziv olaraq açıqlayıb. Beləliklə, artıq çəki yaradan 8 əsas səbəb hansılardır? 1. Az yatmaq Yuxu azlığı nəticəsində melatonin, serotonin və dofamin hormonlarının balansı pozulur. İş ondadır ki, insan az yatdıqda leptin və qrelin hormonlarının ifrazı pozulur. Bu hormonlar isə müvafiq olaraq, toxluq və aclıq hisslərini tənzimləyir. Az yatmaq sistemli xarakter aldıqda leptinin  səviyyəsi aşağı düşür, qrelinin səviyyəsi isə artır. Bu zaman güclü aclıq hissi müşahidə olunur və beləliklə, insanlar əksər hallarda normadan artıq qida qəbul edirlər. Əgər siz saat 23.00-dan gec yatırsınızsa, orqanizminizi piyyandırıcı hormonlarsız qoymuş olursunuz.      2. Sarsıntı (Stress) Çəki artımının ikinci səbəbi sarsıntıdır. Bu prosesdə iştirak edən  hormonlar leptin, insulin və kortizoldur. Bu haqda növbəti materialda daha ətraflı danışacağıq. Yorğunluq, əsəbilik və sarsıntı, yəni xoşbəxtlik hormonunun çatışmazlığı artıq çəki yaradan əsas amillərdəndir. 3. Orqanizmdə bəzi maddələrin çatışmazlığı. Məsələn, mikroelementlər və xüsusilə vitamin D-nin çatışmazlığı. D vitamini insan orqanizmi üçün əvəzolunmaz elementdir. Bu vitaminin çatışmazlığı artıq çəki yaratmaqla yanaşı, bir çox başqa xəstəliklərə (zökəm, yüksək qan təzyiqi, xərçəng və.s) belə yol aça bilər. D vitamini qıtlığından əziyyət çəkməmək üçün rasionunuza süd məhsulları, yumurta və treska balığının ciyərini əlavə etmək tövsiyyə olunur. 4. Südün tərkibindəki zülala qarşı olan həssaslıq Bəzi insanların orqanizmi kazeini qəbul etmir. Bunun nəticəsi kimi təkcə allergiya deyil, həm də mayenin orqanizmdə saxlanılmasına meyillilik müşahidə olunur. Əhalinin demək olar ki, 8-12 %-i bundan əziyyət çəkir. 5. Antibiotik və immunomodulyatorların müntəzəm olaraq çox miqdarda istifadəsi Bu, orqanizmdə toksinlərin artmasına şərait yaradır, bu da maddələr mübadiləsinin zəifləməsinə səbəb ola bilər ki, nəticədə mütləq çəki artımı müşahidə edilir. Həmçinin, KOK (Kombinə edilmiş Oral Kontraseptivlər – hamiləlik əleyhinə dərmanlar), hormonal vasitələr, steroid və betablokatorlar bilavasitə və ya dolayısı ilə çəkinin artmasına şərait yaradır. Preparat qəbulu zamanı çəki artımı müşahidə olunduqda həkimə müraciət etməyiniz tövsiyə edilir. 6. Yaş İnsanın yaşı artdıqca maddələr mübadiləsi zəifləyir və bu da çəki artımına səbəb olur. Həm də yaşlı insanlar daha passiv həyat tərzi sürürlər və normadan artıq qidalanırlar, bu da təbii ki, kökəlməyə gətirib çıxarır. Belə insanlara aktiv həyat sürmək, qida rejiminə və rasionuna yenidən baxmaq tövsiyyə olunur. 7. Mayenin kifayət qədər qəbul olunmaması Su – orqanizmdən toksinləri və piy parçalanmasından yaranan artıqları xaric edən əsas maddədir. İnsan orqanizminin bir sutkada hər kq çəki üçün 30 ml təmiz suya ehtiyacı var. Əgər hüceyrələrarası mühitdə suyun miqdarı kifayət qədər olmazsa, o zaman piy hüceyrələrinin fəaliyyəti zamanı ifraz olunan maddələrin orqanizmdən çıxarılması çətinləşir. Metabolik proseslər və piylərin parçalanması prosesləri yubanır. Bu isə o deməkdir ki, çəkinin aşağı salınması mümkünsüz olur - əksinə çəki artır. 8. Alkohol Spirtli içkilərin 1ml-ində təxminən 7.5 kkal enerji var. Bundan başqa, orqanizmə düşən alkohol artıq mayenin çıxarılması prosesini yubadır. Üstəgəl, spirtli içki adətən ya karbohidratlarla, ya da piylərlə zəngin qidaların normadan artıq qəbul olunması ilə müşahidə olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 14.12.2017

Plasentanın patologiyaları
 hekimtap.az

Plasentanın patologiyaları

Göbək ciyəsinin döl qişalarına birləşməsi 0,5-0,8% hallarda rast gəlinən bir patalogiyadır (insertio funiculi umbilicalis velamentoza). Normalda göbək ciyəsi ciftlə birləşir, ancaq nadir halda döl qişalarına birləşə bilir. Bu halda göbək ciyəsi damarları müəyyən bir məsafədə cift toxumasından kənarda - su və xovlu qişalar arası keçir. Əgər damarların qişalar arası yerləşməsi uşaqlığın aşağı qütbündə yerləşərsə (vaza previa) onda su qişasının yırtılması zamanı damarların tamlığı pozula bilər və qanaxma baş verir. Döl qan itirmədən tələf olur. Bu patalogiyada hətta su qişası yırtıldıqda və tamlığı saxlanılsa belə 3-cü trimestrdə dölün öndə gələn hissəsinin Varton həlməşiyi ilə qorunmayan damarları sıxması ilə yaranan kəskin hipoksiyanın dölün asfiksiyasına səbəb olması ilə dölün bətndaxili ölümü baş verir 90% hallarda. 60-70% bu patalogiyada dölün bətndaxili inkişaf ləngiməsinə rast gəlinir. Dünya çapında bu patalogiyanın aşkarlanmasında hamiləliyi 35 həftə hestasiya müddətində abdominal doğuşla başa çatdırmaq məsləhət görülür (Diri doğulma əsas götürülərək) ancaq praktikada 39-40 həftədə belə diri doğulma halının bu patalogiyada rast gəlinməsi qeyd olunur (Əlbəttə bu praktik həkimlərin subyektiv fikirləridir). Vaza previa 2 tipdə olur: 1) VP - 1 tip uşaqlıq boynunun daxili dəlik səviyyəsində Varton həlməşiyi ilə qorunmayan açıq damarların yerləşməsi (mənim pasiyentimdə rast gəlinən tip) 2) VP - 2 tip daxili dəlik səviyyəsində plasentanın əlavə paycığı ilə körpü təşkil edən açıq damarlar. Bu patalogiya hamiləlikdə rəngli doppler müayinəsində 20 həftədən sonra tam dəqiq aşkarlanır. Yalnız doğuşda əgər dölyanı maye axmayıbsa, hamilədə uşaqlıq boynunda açıqlıq varsa, daxili müayinədə Cor tonlara bənzər pulsasiyanın hiss olunduğu qalın konsistensiyada damarlar əllənə bilər. Bu hal həkimi ehtiyatlandırmalıdır! İyirmi üç illik təcrüəmdə 31 yaşlı hamilə qadın (anamnezində 9 il 1-li sonsuzluq ) spontan baş vermiş hamiləliklə mənə müraciət etdi, hamiləliyin 26-cı həftəsində rəngli doppler müayinəsində hamilədə Vaza Previa (insertio funiculi umbilicalis velamentoza) aşkarlandı. Hamilə qadının hamiləliyinin Ktq, Usm müayinələri nəzarəti ilə 36 həftə + 3 gün hestasiya dövrünə çatdırıb, hamiləliyini kesar kəsiyi ilə çəkisi 2400, boyu 48 sm diri kişi cinsində uşağın doğulması ilə başa çatdırdım.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Əməliyyatdan sonra çəkilmiş foto:

Опубликовано: 08.12.2017

Spinner