İdman zədələnmələrinin əməliyyatsız müalicəsi: Proloterapiya hekimtap.az

İdman zədələnmələrinin əməliyyatsız müalicəsi: Proloterapiya

Proloterapiya bir çox idman zədələnmələrində birinci seçim ideal müalicə metodudur. Bu regenerativ, bərpaedici müalicə növü sport zədələnmələrində geniş istifadə edilir. Çünki idmançılar yaralanma hadisələrində  treninqləri dayandırmaq və yarışlardan qalmağı istəmirlər. Kompleks PROLOTERAPİYA idmançılara əzələ-oynaq zədələnmələri zamanı müalicə dövründə məşqləri davam etməyə imkan verir, və eyni zamanda zədələnən toxumanı tam bərpa edir. Sport zədələnmələri zamanı tam sağalmaq və idmanı buraxmadan bunu etmək üçün PROLOTERAPİYA ideal seçim olaraq qalır. İdmançıların neçə müddət proloterapiya etdirməlidirlər? Bu asılıdır zədələnmədən nə qədər müddət sonra proloterapiyaya başlanılıb və zədələnmə dərəcəsi nəqədərdir. Həkim müayinəsindən sonra neçə seans Proloterapiya müalicəsi lazım olduğu məlum olur. Əksər zədələnmələrdə ortalama 3-6 seans kifayət edir. Bir çox təzə zədələnmələr 1-2 seans ilə tam sağalır. Lakin zədə köhnə və mürəkkəb olduqda 6-8 seans da gərəkə bilir. Proloterapiya adətən hər 4-6həftədən bir , bəzən 3 həftədən bir də edilir. Proloterapiya seanslar arası müddətdə idmançılar məşq edə bilərlərmi? Hərəkət və idman proloterapiya müalicə müddətində arzu ediləndir, çünki hərəkət  oynaqlara qan axını və qidalar gətirir.  Bu ənənəvi RİCE protokolunun i “istirahət”  məsləhəti (Rest, İce, Compression, Elevation) və əməliyyatdan sonra həftələrlə immobilizasiyanın, hərəkətsizliyin  əksinədir. Proloterapiya edilən idmançı seanslar arası müddətdə də aktiv və fəal olmaqları təmin edilir. Həkim tərəfindən reabilitasiya hərəkətlər də tövsiyyə edilir. PRP Proloterapiya - menisk və vətər yırtımalarının əməliyyatsız müalicəsi Proloterapiya mütəxəssisi müalicəyə PRP əlavə etməyi təklif edəcəkdir, hansı ki bu müalicə ilə effektivlik daha da yuksələcəkdir. Bu müalicə daha çox qan dövranı zəif olan zədə nahiyələrində ,çiyin və çanaq nahiyələrində  xüsusi tendedopatiyalar, menisk yırtıqları, bağ qırılmaları da daxil olmaqla geniş istifadə edilir. Dayanıqsız, zəif oynaqlar üzərində daimi hərəkət və gərginlik nəticəsində oynaqda degenerativ proses artacaqdır. Meniskektomiya kimi toxumanın çıxarılması əməliyyatı idmançılarda osteoartiritin yaranma vaxtını qısaldır, tezləşdirir. Proloterapiya müalicə metodu cərrahi müalicəyə alternativdir. Proloterapiya = regenerasiya, bərpa. kortizon = degenerasiya, dağılma. Çox zaman idmançıların xronik zədələnmələri zamanı ağrını kəsmək üçün kortikosteroid, hormon iynələr təklif edilir. Bu müddət ərzində həmin iynələr ağrını müvəqqəti kütləşdirə, və oynağı zədələyəcəkdir, beləliklə idmançı zədəli oynaqla performans göstərəcəkdir. Xatırladım ki Proloterapiya zamanı yeridilən proliferativ maddələr zədələnmiş oynaqları yeni, sağlam hüceyrələrlə əvəz edir, tam bərpa edir. Bununla da ağrının səbəbini kökündən sağaltmış olur. İdmançılarda ən çox rast gəlinən əzələ-oynaq xəstəlikləri və onların PROLOTERAPİYA metodu ilə əməliyyatsız  mümkün olan müalicəsi: Boyun, kürək və bel ağrıları:  - Disk qabarması  - Boyun qeyri stabilliyi  - Degenerativ disk xəstəliyi  - Başağrısı  - Disk yırtığı  - Əzələ spazmı  - Həddindən artıq dartılma sindromu  - Radikulopatiya  - Sakro-iliak dayanıqsızlıq Diz ağrıları:  - ACL yırtığı  - Osteoartirit  - Diz qapağının xondromalyasiyası  - Tullanan dizi  - Dizdə qeyri-stabillik  - MCL yırtığı  - PCL yırtığı  - Əməliyyatdan sonrakı diz ağrıları  - Qaçıcıların dizi  - Tendinopatiya Ayaq və topuq ağrıları:  - Aşil tendinopatiyası  - Topuq artiriti  - Xrniki topuq burxulması və qeyri-stabilliyi  - Morton nevrinoması  - Plantar fassiit  - Əməliyyatdan sonrakı ayaq və topuq ağrısı Çiyin ağrıları:  - Bursitlər  - Donmuş çiyin  - Glenoid labral yırtığı  - İmnimgement syndrome  - Çiyin qeyri-stabilliyi  - Suraspinatus yırtığı Çanaq ağrısı, sağrı və bud ağrıları:  - Groin gərilməsi  - Hamstring tendinopatiyası  - İşalgiya  - Çanaq instabilitəsi  - Pubic symphysis (qasıq simfizi) disfunksiyası Dirsək ağrısı, bilək və əl ağrıları:  - Qolfçu dirsəyi (Golfer`s Elbow)  - Tenisçi dirsəyi  - Tendonit  - Tendinoz  - Barmaq ağrısı  - Bilək burxulması © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Опубликовано: 22.03.2018

Anadangəlmə hipotireoz
 hekimtap.az

Anadangəlmə hipotireoz

Anadangəlmə hipotireoz nədir? Anadangəlmə hipotireoz yenidoğulmuşlarda ən çox rast gəlinən endokrin problemdir. Qeyd edim ki, hipotireoz qalxanvari vəzin (hamının bildiyi «zob»u yaradan orqan) fəaliyyətinin normadan aşağı olmasıdır və insanlar arasında əsasən böyüklərin endokrin patologiyası kimi tanınır. Buna görə də çox vaxt valideyn uşaqda xəstəliyin bəzi əlamətlərini gördükdə bunu yenidoğulmuşlarda tez-tez rast gəlinən digər nevroloji, dəri və mədə-bağırsaq problemləri ilə əlaqələndirir. Nəticədə isə anadangəlmə hipotireoz diaqnozunun qoyulması gecikir. Xəstəlik hər canlı doğulmuş 3500-4000 uşaqdan birində rast gəlinir. Bu isə böyük rəqəm sayılır. Bəzi ölkələrdə xəstəliyi erkən aşkar etmək üçün yenidoğulmuşlarda topuq testi (ilk 7 gün ərzində dabandan qanın alınması) aparılır. Təəssüf ki, bizim ölkədə bu test hələ ki dövlət səviyyəsində aparılmır, yaxın gələcəkdə aparılacaq. Anadangəlmə hipotireozun yaranma səbəbləri Anadangəlmə hipotireozun əsas səbəbi ana bətnində olarkən dölün qalxanvari vəzin özünün və ya hormonunun formalaşmasında əmələ gələn problemlərdir. Hamiləliyin ilk 12 həftəsində döl tamamilə ananın qalxanvari vəzisindən asılıdır, daha sonralar isə öz hormonları ifraz olunmağa başlayır. Bu isə birbaşa hamiləlik planlayan qadında və hamiləlik boyu hər trimestrə uyğun olaraq qalxanvari vəz hormonlarının səviyyəsinin normal olmasını tələb edir. Xəstəlik zamanı vəzin yetərli inkişaf etməməsi, ektopiyası (vəzin yerinin dəyişməsi), yaxud dishormonogenez nəticəsində vəzin böyüməsi (ur, zob), və ya yod çatışmazlığı, ya da tiroid hormon dirəncinə təsadüf edilir. Anadangəlmə hipotireozun əlamətləri Xəstəliyin əsas əlamətləri bunlardır: fizioloji sarılığın uzun çəkməsi, qəbizlik, aşırı yuxuya meyillilik, zəif əmmə və ya əmməmə, iştahsızlıq, dəridə quruluq. Bundan başqa belə uşaqlarda göbək yırtığı, iri dil, arxa əmgəyin 1sm-dən böyük, burun yəhərinin çökək, səsin kobud, saçların kobud və kövrək olması da tez-tez rast gəlinən əlamətlərdəndir. Daha sonra isə uşağın vaxtında oturmaması, danışa bilməməsi (bəzən, zəif eşitməsi), boyunun və cinsi inkişafının geri qalması və s. kimi müxtəlif əlamətlər meydana çıxır. Anadangəlmə hipotireozun ağırlaşmaları Xəstəlik vaxtında aşkarlanıb müalicəsinə başlanmadıqda uşağın gələcəyi üçün ən çox problem yaradan əqli inkişafın geri qalması olur. Belə ki, artıq 6 aylıq olarkən başlanan müəlicə İQ dəyərinin (zəka göstəricisi) 80-dən aşağı olmasına səbəb olur. Normalda isə bu göstəricinin orta göstəricisi 90-110,  yüksək göstəricisi isə 120 və yuxarıdır.  Beləliklə, müalicəyə nə qədər tez başlanarsa uşağın o qədər cəmiyyət üçün normal psixiki və fiziki sağlam şəxs kimi yetişəcəyinə şans artır. Anadangəlmə hipotireozun müalicə metodları Müalicə diaqnoz uşaq endokrinoloqu tərəfindən təstiqləndikdə dərhal başlanır. Çatışmayan hormon müalicə ilə əvəz olunur. Bəzi hallarda 3 yaşında müalicə həkim nəzarəti altında 1 aylıq müddətə kəsilir, əgər vəz funksiyasını normal davam etdirərsə müalicə dayandırılır. Bu keçici anadangəlmə hipotireozun olduğunu göstərir. Əks halda isə müalicə ömür boyu davam etdirilir. İdealda müalicəyə başlama zamanı ilk 2 həftədir.   Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 22.03.2018

Qalxanabənzər vəzin düyünləri
 hekimtap.az

Qalxanabənzər vəzin düyünləri

Qalxanabənzər vəz düyünləri haqqında ümumi məlumat Qalxanabənzər vəzin düyünləri bəzən xəstənin özü tərəfindən və ya həkim tərəfindən palpasiya zamanı aşkar edilir. Bu, dyünlərin müəyyənləşdirilməsi metodunun yalnız 6-7%-ni təşkil edir. 80-90% isə ultrasəs müayinəsinin payına düşür, çünki elə düyünlər var ki, onları palpasiya vasitəsilə aşkar etmək olmur. Xəstədə düyün aşkar edilərsə, ilk növbədə bu düyünün bədxassəli olub-olmamasına diqqət yetirilir. Bundan sonra düyünün isti və ya soyuq düyün olması müəyyənləşdirilir. İsti düyünlərin bədxassəli düyünə çevrilməsi ehtimalı çox azdır – 1% təşkil edir. Soyuq düyünlərinsə bədxassəli olma ehtimalı isti düyünlərlə müqayisədə 10-15 dəfə çoxdur. Əgər düyün uşaqda aşkar olunarsa, bu risk daha da artır. Böyüklərə nisbətən uşaqlarda düyünlərin bədxassəli olma ehtimalı 3-4 dəfə yuxarıdır. Qalxanabənzər vəz düyünlərinin yaranma səbəbləri Düyünün yaranma səbəbləri daha çox pasiyentin keçirdiyi yanaşı xəstəliklərinə bağlıdır. Əgər o, tez-tez baş-boyun nahiyəsinin şüalanma müayinəsindən keçibsə, kimya terapiyası qəbul edibsə, pasiyentin autoimmun xəstəliyi olubsa və bir çox başqa səbəblərdən düyünlər yarana bilər. 60% hallarda isə düyünlərin yaranma səbəbi bilinmir. Məsəslən, bəzi pasiyentlərdə kistoz adlanan soyuq düyünlərə rast gəlinir ki, həmin düyünlərin içi maye ilə dolu olur. Bu düyünlərin də səbəbi bəlli deyil. Qalxanabənzər vəz düyünlərinin əlamətləri Soyuq düyünlər əksər hallarda heç bir klinik əlamətlər vermir. Isti düyündürsə, pasiyentdə hipertireoz vəziyyətlər yarana bilər. Yəni pasiyentdə əsəbi gərginlik, izafi tərləmə, arıqlama müşahidə edilə bilər. Yaxud da düyünün böyük olması traxeya və bronxları sıxa, nəticədə təngənəfəslik yarana bilər. Qayıdan sinirin sıxılması baş verərsə, pasiyentin səsində dəyişkənlik qeyd oluna bilər. Qalxanabənzər vəz düyünlərinin diaqnostikası Düyün aşkar olunduqdan sonra ilk növbədə pasiyentdən geniş anamnez toplalnır. Daha sonra dəqiq məlumat almaq üçün incə iynə biopsiyası vasitəsilə diaqnostika aparılır. Qalxanabənzər vəzin diaqnostika vasitələri arasında incə iynə biopsiyası ən vaciblərdən biri sayılır. Belə ki, bunun vasitəsilə həkim düyünün bədxassəli olub-olmamasını müəyyənləşdirir. Qalxanabənzər vəz düyünlərinin müalicəsi Əgər incə iynə biopsiyası müsbət nəticə verərsə, düyünlər sadəcə izlənməli, pasiyent vaxtaşırı həkimin qəbulunda olmalıdır. Soyuq düyünlərin biopsiya mənfi nəticə verərsə, cərrahi müdaxilə qaçılmazdır. İsti düyünlər əgər müalicəyə tabe olursa, hipertireoz kimi müalicə olunur və TSH və T4-ün təyininə əsasən müalicənin effektliliyi izlənilir. Effekt alınmazsa, bu halda da əməliyyat göstərişdir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 17.03.2018

İti uclu kondilomalar
 hekimtap.az

İti uclu kondilomalar

İti uclu kondilomalar nədir? Bu, cinsi yolla keçən bir xəstəlikdir. Həmçinin, bu xəstəliyi yaradan virus anadan körpəyə də keçə bilər. Xəstəliyin müxtəlif adları var - ziyillər, iti uclu və ya ekzofit kondilomalar. Daha düzgün adı - ekzofit kondilomadır. Baxmayaraq ki, xəstəliyin müxtəlif adları, forma və lokalizasiyaları var, onları birləşdirən bir şeydir - dərinin üzərində əmələ gəlməsi. Ona görə də onları ekzofit kondiloma adlandırmaq daha düzgündür. Kondilomaların yaranma səbəbləri Bu gün xəstəlik çox geniş yayılıb və artım tendensiyası müşahidə olunur. Təhlükəsi isə bayaq qeyd olunan kimi, cinsi yolla keçməsidir. Xəstəliyin yaranma səbəbi 6 və 11 tipli popiloma virusudur, bunu laborator metodla, bəzən vizual metodla müayinə edirlər. Simptomları Bəzən xəstəlik simptomsuz ötüşür və ya əksinə özünü göynəmə və ağrılarla büruzə verir. Ağrılar adətən cinsi akt zamanı özünü  göstərir. Qan ifrazatları ola bilər. Qasıq nahiyəsində yaranan diskomfort iş qabiliyyətini aşağı sala bilər. Kondilomaların diaqnostikası Xəstəliyin diaqnostikası kolposkopiya vasitəsilə həm xarici, həm də daxili cinsiyyət orqanlarının müayinəsi ilə aparılır. Bu, böyütmə imkanı 30 dəfəyə qədər olan bir mikroskopdur. Bundan başqa, anaskopiya və uretroskopiya metodlarından da istifadə edilir. Amma əlbəttə ki, ilkin müayinə metodu vizual müayinədir. Kondilomaların müalicə metodları İti uclu kondilomaların kənarlaşdırılmasının bir çox üsulları var. Onlardan ən geniş yayılmışları kriodestruksiya, termokoaqulyasiya, kimyəvi koaqulyasiya, lazer destruksiyası və radiocərrahiyyədən istifadə ilə kənarlaşdırılmadır.   Sadalanan bütün metodların hər birinin müsbət və mənfi cəhətləri var. Amma ümumilikdə, bu metodların hamısının bir nəticəsi var - onların tətbiqindən sonra kondilomanın yerini hamar dəri və ya üzərində prosedurdan heç bir iz qalmayan selikli qişa əvəz edir. Ona görə də kondilomanın kənarlaşdırılması üçün məhz hansı metodun seçilməsi o qədər də əhəmiyyətli deyildir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 17.03.2018

Uşaqlarda febril qıcolmalar  
 hekimtap.az

Uşaqlarda febril qıcolmalar  

Bədən hərarəti yüksək olanda yaranan qıcolamaya febril qıcolma deyilir. Uşaqlıq dövrünün ən çox rast gəlinən, xoşxəssəli, qızdırmaya bağlı ortaya çıxan tutmasıdır. Ən çox 1 ay-5 yaş arasında rast gəlinir. Oğlan uşaqlarında rast gəlmə tezliyi qızlara nisbətən daha yüksəkdir. Ən çox temperatur 38.5-dən yuxarı olan hallarda rast gəlinir. Bu tip qıcolmalar, əsasən, qısamüddətli, yayılmış, tonik-klonik tutma şəklində keçir. Bir neçə dəqiqə davam edir. Belə hallarda tutmadan qabaq ağlama, nəfəs saxlama, əzələlərin sərtləşməsi müşahidə edilə bilər. Febril qıcolmaların yaranmasında ən önəmli risk faktorları xəstənin yaşı və bədən hərarətidir. Uşağın ata-anasında, ailə üzvlərində, yaxın qohumlarında febril qıcolma olan uşaqlarda bu tutmanın olma ehtimalı daha yüksəkdir. Febril qıcolmalar sadə və mürəkkəb olur: 15 dəqiqədən qısa sürən, 24 saat ərzində təkrarlanmayan tutma sadə, 15 dəqiqədən çox çəkən, gün ərzində təkrarlanan, temperatur 38 dərəcədən aşağı olarkən belə baş verən tutma isə mürəkkəb febril qıcolmadır. Febril qıcolma epilepsiya deyildir, epilepsiyaya keçmə ehtimalı isə 0.5 %-dir. Tutma zamanı uşaq yanı üstə uzandırılmalı və ağıza heç bir müdaxilə olunmamalıdır. QEYD: 1. Febril qıcolma epilepsiya deyil. 2. Dörd yaşdan sonra təkrar olma riski aşağıdır. 3. Qısa müddət davam edən febril tutma beyində heç bir iz qoymur. 4. Peyvənd üçün əksgöstəriş sayılmır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Опубликовано: 16.03.2018

Bronxial astma
 hekimtap.az

Bronxial astma

Bronxial astma nədir? Bronxial astma xroniki ağ ciyər xəstəlikləri içində ən geniş yayılmış xəstəliklərdən biridir. Bronx divarında mikrobik olmayan iltihab nəticəsində yaranır, bronxospazmla, döş qəfəsində sıxıntı ilə, təngənəfəslik, boğulma tutmaları ilə xarakterizə olunan xəstəlikdir. Xroniki xəstəlikdir – kəskinləşmə və sakitləşmə dövrləri var. Xəstəlik tutmalar şəklindədir.  Qadınlar və kişilər arasında yayılma ehtimalı eynidir. Kök adamlarda arıqlara nisbətən daha çox yayılıb. Genetikasında bronxial astma olan isnsanlar risk qrupuna daxildirlər. Bronxial astma necə yaranır? Həssas, allergik insanlarda hər hansı bir allergenlə təmasdan sonra bronx divarının selikli qişası şişir. Allergenlər fərqlidir - immun sistemindən, bədən tipindən asılı olaraq fərqlənirlər. Onlardan inqalyasion allergenləri misal göstərmək olar. Bu, nəfəs yolu ilə təmasda olduğumuz allergenlərdir. Buraya ev tozu, siqaret tüstüsü, bitki tozcuqları, müxtəlif kimyəvi maddələr, ətirlər və s. aid ola bilər. Bundan başqa, akarları misal göstərmək olar. Bu, ev gənələridir. Əsasən, yataqda – yorğan-döşəyin yununda olur. Onların həm özləri, həm də ifrazatları çox güclü allergendir. Ona görə də bunlarla təmasdan sonra bronx həssaslaşıb, bronxospazm vəziyyəti yarada bilər. Bundan başqa, qida allergenləri də mövcuddur. Ev heyvanları və onların ifrazatları güclü allergenlərdir. Bu baxımdan, bronxial astmadan əziyyət çəkən insanların evlərində ev heyvanlarının saxlanması tövsiyə olunmur. Bronxial astmanın əlamətləri Bronxial astmanın əsas əlamətləri boğulma tutmaları, inadlı quru öskürək, xüsusən səhərə yaxın - yuxudan oyadan quru öskürəklər, təngənəfəslik, döş qəfəsində sıxıntı, hava çatışmazlığı hissi, oksigen çatışmazlığına bağlı olan əlamətlər – halsızlıq, zəiflik, baş ağrıları. Boğulma tutmaları ilə bağlı pasiyentlər çox vaxt depressiv olurlar. Fobiya və ölüm qorxularından əziyyət çəkirlər. Tibbin müasir nailiyyətləri sayəsində, pasiyent düzgün kontrol edilərsə, bronxial astma ölümlə nəticələnmir. Bronxial astmaya uşaqlarda da rast gəlinir. Bu həm də genetik xarakter daşıya bilər. 2 yaş ərəfəsində virus infeksiyalarına, soyuqdəymələrə çox məruz qalan uşaqlarda bronxial astma yaranma ehtimalı daha çoxdur.   Bronxial astmanın diaqnostikası Xəstəliyin diaqnostikası zamanı əvvəlcə pasiyent kliniki şikayətlərinə görə  müayinə edilir, ağ ciyərlərinə qulaq asılır. Bəzən qulaq asmağa heç ehtiyac belə qalmır – fitverici səslər kənardan eşidilir. Xəstənin xırıltılarını, boğulmaları eşidilir. Rentgen vasitəsilə əgər ağır fəsad varsa, onu görmək mümkündür.     Spirometriya vasitəsilə ağ ciyərlərin hava tutumunu yoxlayırıq. Bronxun spazm dərəcəsi müəyyənləşdirilir. Bu, həkimə düzgün diaqnoz qoymağa köməklik edir. Dəri testləri vasitəsilə hansı qidaya və ya toza qarşı həssaslığın olduğu müəyyənləşdirilir. Qan analizləri vasitəsilə inqalyasion qida allergenlərini təyin edilir. Müəyyən qan təhlilləri vasitəsilə xəstənin allergik olub-olmadığı müəyyənləşdirilir. Bütün bunlardan sonra xəstəyə pəhriz və həyat tərzi izah olunur.        Bronxial astmanın müalicəsi və profilaktikası Bronxial astmanın müalicəsində əsasən iki qrup dərmanlardan istifadə olunur. Bunlardan birincisi xəstəliyi kontrol altına alan dərmanlardır. İkinci qrup isə köməkçi dərmanlardır. Onlardan tutmalar zamanı vəziyyətdən çıxmaq üçün istifadə edilir. Bronxial astmanın profilaktikası üçün ilk növbədə allergenlə təması minimuma endirmək lazımdır. Pasiyentin daha çox məskunlaşdığı yerlərdə yaş təmizsləmələr aparılmalıdır. Akarlara görə yun yorğan-döşəkdən istifadə olunmamalıdır. Bunun əvəzinə sintetikadan istifadə məsləhətdir. Yataq dəstləri hər həftə 60 dərəcədən yuxarı temperaturda yuyulmalıdır ki, gənələr məhv olsun. Otaqların havası tez-tez dəyişdirilməlidir. Kimyəvi maddələrdən istifadə olunmamalıdır. Həkim tərəfindən qida allergenləri müəyyən testlərlə təyin olunmalıdır. Allergenlər müəyyən olunduqdan sonra pasiyent bu qidalardan uzaq dayanmalıdır. Bronxial astmadan əziyyət çəkənlərə həkim tövsiyəsi Bronxial astma xroniki xəstəlik olduğu üçün pasiyentlər tez-tez müalicədən bezir, onu yarımçıq saxlayır, bəzənsə özünümüalicə ilə məşğul olurlar, alternativ üsullara müraciət edirlər. Belə tədbirlər pasiyentə nəinki kömək etmir, əksinə, onun vəziyyətini daha da ağırlaşdırır. Bu xəstələr daim həkim nəzarəti altında olmalıdırlar. Bronxial astmadan əziyyət çəkənlər çəkilərini nəzarətdə saxlamalıdırlar. Çünki piylənmə olduqda döş qəfəsinin genişlənməsi çətinləşir, ağ ciyərin hava tutumu azalır. Ona görə belə xəstələrə idmanla məşğul olmaq tövsiyə olunur. İdman ağ ciyərlərin hava tutumunu artırır, köməkçi əzələləri möhkəmləndirir.                  İdman növlərindən ən çox üzgüçülük tövsiyə olunur. Bir şərtlə ki, hovuz açıq şəraitdə olsun. Qapalı hovuzlarda sudakı dezinfeksiyaedici maddələr pasiyentə spazm verə bilər. Fitnes zallarında isə məsləhətdir ki, məşqlər xalı olmayan zallarda keçirilsin ki, tozla təmas az olsun. Nəmişliyə görə zirzəmidə yerləşən idman zalları tövsiyə olunmur, çünki nəmişlik və rütubət bronxial astmanı kəskinləşdirən amillərdir. Unutmayın ki, bronxial astma müalicə olunmasa da, kontrol altına alılna bilən bir xəstəlikdir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 16.03.2018

Podaqra
 hekimtap.az

Podaqra

Podaqra nədir? Podaqra sidik turşusu mübadiləsinin pozulması sayəsində yaranan metabolik oynaq xəstəliyidir. Bu zaman sidik turşusunun natrium duzları oynaq yarığındakı sinerial qişaya düşür və nəticədə uratlar onu zədələyir. Beləliklə, iltihabi proses yaranır. Bu, özünü gecə başlayan möhkəm oynaq ağrıları ilə büruzə verir. Ayağın baş barmağı şişir, qızarır, qeyd etdiyimiz kimi, dözülməz ağrılar verir. Tutmalar 1-4 gün ərzində davam edə bilər. Əvvəllər effektli vasitələr olmadığından xəstələr çox əzab çəkirdilər, lakin müasir dövrdə iltihab əleyhinə bir çox preparatlar mövcuddur və onların köməkliyi ilə tutmaları aradan qaldırmaq olur. Podaqranın əlamətləri Podaqra kişilərdə, əsasən, 40 yaşdan sonra, qadınlarda isə klimaks dövründə başlayır. Podaqra metobalik pozuntu olduğu üçün bütün orqanizmdə metobolik dəyişikliklər müşahidə edilir. Buraya ateroskleroz, ürəyin işemik və hipertoniya xəstəlikləri, piylənmə, böyrəklərdə amilodioz, şəkərli diabet və s. daxildir. Bəzi mənbələrdə bu, metabolik sindrom kimi də qeyd olunur. Qeyd olunduğu kimi, podaqranın kəskin ağrıları əvvəlcə axşam saatlarında ayağın baş barmağından başlanır. Əgər müalicə vaxtında başlanmazsa, ağrılar digər oynaqlara da yayılır. Podaqra uzun müddət müalicə olunmazsa, dəri altında, hətta qulağın qığırdağında belə spesifik düyünlər yarana bilər. Bir müddət sonra onlar partlayır və düyünlərin içərisindən kəsmiyəbənzər maye ifraz olunur. Bu da uratlardır, sadəcə, onlar yumşaq toxumalarda toplanıblar. Uratlar, əsasən, oynaqlarda, vətər ətrafında toplanırlar. Podaqranın müalicəsi “Podaqra”  diaqnozu o deməkdir ki, insan həyat tərzini köklü şəkildə dəyişməli və daim lazım olan preparatlar qəbul etməlidir, belə ki, bu xəstəliyin tam müalicəsi yoxdur. Buna baxmayaraq, vaxtında olunan mütəxəssis müdaxiləsi sayəsində podaqranı nəzarət altına almaq, tutmaların ağrılılığını minimuma endirmək, ağırlaşmalardan sığortalanmaq mümkündür. Podaqranın əsas müalicə prinsipi sidik turşusunun səviyyəsinin orqanizmdə nəzarətdə saxlamaqdan ibarətdir. Medikamentoz müalicə üçün həkim-revmatoloqa müraciət etmək lazımdır. Düzgün müdaxilə ilə sidik turşusunun həcmi orqanizmdə azalacaq və o, tezliklə orqanizmdən xaric ediləcək. Yalnız yüksək ixtisaslı həkimin tövsiyə etdiyi preparatlar mümkün yanaşı xəstəliklər zamanı orqanizmə minimum ziyan verər.                     Podaqranın profilaktikası Podaqranın yaranma ehtimalını azaltmaq üçün ət məhsullarının qəbulunu məhdudlaşdırmaq, vaxtaşırı yüngülləşdirici pəhrizlər saxlamaq lazımdır. Mövzu ilə bağlı video: © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 16.03.2018

Mayomed
7938
Onurğa ağrıları hekimtap.az

Onurğa ağrıları

Onurğa ağrıları nədir? Onurğada olan ağrılar öz xarakterinə görə üç yerə bölünür: Birincisi qeyri-spesifik ağrılardır. Bu zaman onurğa ətrafı nahiyələrdə - dəridə, əzələdə, dərialtı piy qatında müəyyən problemlər ola bilər ki, onların yaratdığı ağrılar onurğa ağrısı kimi qəbul oluna bilər. Əslində onurğada heç bir prosess yoxdur, sadəcə dəridə, əzələdə, dərialtı piy qatında problem var. İkinci tip ağrılar – radikulopatiya ağrılarıdır. “Radikulo” – sinir kökü deməkdir, “patiya” – patoloji proses mənasını verir. Bu, o deməkdir ki, pasiyentin onurğasında degenerativ dəyişikliklər var. Osteoxandroz, protruziya, disk yırtıqları və s. xəstəliklər zamanı pasiyentdə radikulopatiya ola bilər. Məsələn, tutaq ki, onurğada disk yırtığı varsa, həmin disk yırtığı sinir kökünə təmas edir, orada kompressiya yaradır həmin sinir kökünün birləşərək yaratdığı nahiyədə olan dəyişiklikləri sinir kökünün sıxılması verir. Üçüncü növ ağrılar onurğa beynində və daxili üzvlərdə olan patologiyalarla əlaqədar ağrılardır. Tutaq ki, kiçik çanaq orqanlarında iltihabi proses var və bunun nəticəsində yaranan ağrılar çanağın arxa divarına ötürülür və pasiyent bel-omba və sağrı nahiyəsində ağri hiss edir. Bunu düzgün differensasiya edib, onurğa ağrılarından ayırd etmək olar. Radikulopatiya ağrıları Məqalədə, əsasəsən, onurğaların özü ilə əlaqədar olan radikulopatiya tipli ağrılardan danışılacaq. Təbii ki, bu ağrılar onurğanın hansı nahiyəsində olmasından asılıdır. Tutaq ki o, boyun nahiyəsində olarsa, həmin simptomatika boyun, baş və yuxarı ətraflarda özünü büruzə verəcək, onurğanın döş nahiyəsində bütün gövdə nahiyəsini, ağrılar onurğanın bel-omba nahiyəsində lokalizə olarsa, bel-omba, sağrı nahiyəsi və aşağı ətrafları əhatə edir. Onurğada baş verən distrofik-degenerativ dəyişikliklər boyun nahiyəsində olarsa, ağrılar əvvəlcə boyunda əmələ gəlir, ağrı başqa yerə irradiasiya etmir. Xəstələr adətən bunu bir soyuqdəymə ağrısı kimi qəbul edib, müxtəlif növ məlhəmlərdən yararlanırlar, istilik prosedurlarından istifadə edirlər. Əgər proses müalicə olunmursa, artıq arxa boyun simpatik düyün sindromu yaranır. Bu dövrdə ağrılar artıq baş nahiyəsinə irradiasiya edir. Pasiyent boyunda olan ağrılarla bərabər, başında da ağrılar hiss edir. Xəstəlik yenə də müalicə olunmazsa, çiyin-kürək, çiyin-əl sindromları əmələ gəlir. Bu zaman proses onurğa sütununun boyun nahiyəsində getsə də, ağrıyan çiyin nahiyəsi və əl nahiyəsi olur. Hətta, bəzən boyun nahiyəsində ağrı hiss olunmur. Əgər xəstəlik yenə də müalicə olunmazsa, ön pilləli əzələ sindromu yaranır. Bu zaman döş qəfəsinin yuxarı nahiyəsindəki ön pilləli əzələlərdə ağrılar yaranır. Xəstəlik bu dövrdə də müalicə olunmazsa, fəqərə arteriyası sindromu başlayır. Bu, çox ağır bir sindromdur. Pasiyent artıq normal yeriyə bilmir, yıxılır, qusur, başında ağrılar, qulaqlarında küy müşahidə edilir. Eyni dəyişikliklər onurğanın döş nahiyəsində olarsa, proses artıq gövdə nahiyəsində gedir. Əvvəlcə ağrı onurğanın ətrafında, sonra təxminən gövdənin ortasına qədər yayılır, nəhayət bütün gövdəni əhatə edir. Bu dövrdə olan ağrılar zamanı xəstə güman edir ki, onun hansısa daxili orqanı ağrıyır və başqa mütəxəssislərə müraciət edir və yanlış müalicələr aparılır. Düzgün ünvana müraciət edtdikdən sonra xəstəlik differinsasiya olunur və lazımi müalicə təyin edilir. Radikulopatiyanın bel-omba ağrıları əhali arasında çox geniş yayılıb. Bu təbii anotomik quruluşla və insanların fiziki işlə məşğul olması ilə əlaqədardır. Bu zaman bel-omba nahiyəsində stenoz, yəni onurğa kanalının daralması əmələ gəlir. Daralmaya səbəb qığırdıqlarda baş verən dəyişikliklə əlaqədar osteofitlərdir. Buna el arasında duz yığılması da deyilir. Həmin o sümük törəmələri onurğa kanalının içərisinə doğru çıxıntılı vəziyyətdə olur, onurğa beyini ilə təmas edərək daralma yaradır. Protruziya İkincisi protruziyadır. Disklərdə olan pulpoz nüvə ətrafında fibroz halqalarda müəyyən biokimyəvi proseslər gedir və onun qabarması baş verir. Məhz bu qabarmanın hesabına kanalda daralma əmələ gəlir. Daha bir səbəb onurğada sürüşmədir. Önə və ya arxaya sürüşmə zamanı da stenoz yarana bilər. Sarı bağların hipertrafiyası Sarı bağların hipertrafiyasını da qeyd etmək lazımdır. Bəzən bu zaman yaranan simptomatika disk yırtığı simptomatikasından daha güclü olur. Belə olan hallarda çox adam birbaşa disk yırtığından şübhələnir. Amma əslində bu, sarı bağların hipertrafiyasıdır. Pasiyent özünü möhkəm soyuğa verərsə, uzun müddət soyuq şəraitdə yaşayarsa, uzun müddət soyuq şəraitdə işlədikdə sarı bağların hipertrafiyası yaranır və burada heç bir disk yırtığından söhbət getmir. Faset sindromu Bel-omba nahiyəsində olan ağrılarından faset sindromunu da misal göstərmək olar. Bu, onurğada üst fəqərə ilə və alt fəqərəni birləşdirən oynaqlar var, buna faset oynaqlar deyilir. Onurğada distrofik-degenerativ dəyişikliklər baş verəndə bu oynaqlar da kənarda qalmır. Orada baş verən spesifik dəyişikliklər sayəsində faset sindromu yaranır. Xəstələrdə xüsusən qasıq nahiyəsində, sağrı nahiyəsində ağrılar hiss olunur. Üçüncü növ radikulopatiya ağrıları omba-qalça birləşməsinin disfunksiyasıdır. Bu zaman baş verən ağrılar da onurğaya, aşağı ətraflara irradiasiya edir. Radikulopatiya ağrılarının müalicəsi Müalicəyə gəlincə, ən əvvəl müxtəlif  ağrıkəsicilər vasitəsilə ağrı aradan qaldırılır. Radikulopatiya ağrılarının sinir kökündə iltihab prosesi olduğundan iltihab əleyhinə qeyri-steroid preparatlardan istifadə olunur.  Radikulopatiya olan yerlərdə mikrosirkulyasiya pozulduğundan onu stimullaşdıran, venoz axınını sürətlərdən  dərman vasitələrindən istifadə olunur, habelə ödem əleyhinə xüsusi preparatlar istifadə edilir. Ağrı aradan qaldırıldıqdan sonra xəstəlik səbəbə uyğun olaraq fizioterapevtik yolla müalicə edilir.    Onurğa ağrılarından əziyyət çəkənlərə ağır fiziki işlə məşğul olmaq, hündürlükdən tullanmaq, ani hərəkətlər etmək, soyuq hava şəraitində işləmək, soyuq qida məddələri və içkilər qəbul etmək, spirtli içki içmək və siqaret çəkmək tövsiyə olunmur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Опубликовано: 15.03.2018

Spinner