Menisk yırtıqlarının əməliyyatsız müalicəsi: Proloterapiya hekimtap.az

Menisk yırtıqlarının əməliyyatsız müalicəsi: Proloterapiya

Menisk nədir? Menisklərin iki zonası olur. Qırmızı zona meniskin xarici tərəfi, ağ zona isə daxili tərəfidir. Menisk yırtıqları bu iki zonadan hansında olmasına görə xarakterizə olunur. Menisk yırtığının xarakteri həkimə meniskin özünü bərpa edə bilən və ya bərpa edə bilməyən olduğunu təsbit etməyə kömək edir. Qırmızı zona qanla zəngin təchiz olunmuş zonadır. Bu zonada yırtılma olduqda yaranın sağalması üçün lazım olan sağaldıcı və bərpaedici faktorlar qan vasitəsi ilə həmin nahiyəyə gətirilərək sağalma gedir. Ağ zona menisk yırtığı qan təchizatı olmadığında orada sağalma çox az olur. Menisk yırtığı köndələn olduqda və həm qırmızı, həm də ağ zonanı əhatə etdikdə belə əməliyyatsız meniski bərpa etmək mümkündür. Menisk yırtıqlarının  növləri:  - Meniskin bütün qalınlığı boyu yırtılma və ya hissəvi yırtılması  - Menskin hissəvi yırtılması  meniski natamam kəsir, tam qalınlığı boyu yırtılma zamanı çıxıntılı yırtıla bilir və   menski tam kəsir.  - Meniskin vertikal yırtılması (Bucket handle tear) Bu növ yırtılma hər iki zonada mümkündür. Bu tip yırtılma menisk ilə kəsişmir, daha çox  vedrənin əl tutacağı əyriliyinə oxşadığına görə adını ordan götürmüşdür.  - Yeni tədqiqata əsasən həkimlər klinik araşdırma aparıblar və təsdiq edilib ki Trombositlə Zəngin Plazma ilə Proloterapiya müalicəsi meniskin vertikal yırtılmasını 7 aya tam bərpa edir.  - Bu yırtıq növündə cərrahi əməliyyat 23% yetərsizdir. Menisk yırtığı zamanı MRT müayinəsi :  - Meniskin posterior (arxa) buynuz yırtığı  - Meniskin radial  (həlqəvi) yırtığı  - Meniskin horizontal yırtığı  - Medial meniskin kompleks yırtığı  - Meniskal kökün yırtılması Menisk yırtığının müalicəsi Menisk yırtılmaları nəhayətində degenerativ artiritlərə gətirib çıxardır. Oynaq zəifliyinin və dayanıqsızlığının  səbəbini tapmaq, degenerativ prosesi regenerativ inyeksion müalicə ilə dayandıraraq artiritin proqressivləşməsinin də qarşısını almaq olar. Diaqnozdan asılı olaraq menskin tamam bərpası eləcə də diz oynağının tam sağaldılması Proloterapiya ilə mümkündür. Belə ki , Proloterapiya oynağı gücləndirir. Kompleks Proloterapiya müalicə metodu diz cərrahiyəsinə alternativ müalicədir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 01.03.2018

Beyin qan dövranı xəstəlikləri: İnsult
 hekimtap.az

Beyin qan dövranı xəstəlikləri: İnsult

İnsult haqqında: Nevroloji xəstəliklər arasında yaşlılarda insultun tezliyi və əhəmiyyəti  birinci yerdədir. İnsult geniş şəkildə hemorragik və işemik olaraq iki cür karakterizə olunur. İşemik insult beyin damarlarının okkuluziyası səbəbindən yaranır və beyin infarktı ilə nəticələnir. İnsult kəskin beyin qan dövranı çatmamazlığı olub, 24 saatdan çox davam dən nevroloji defisit və ya ölüm ilə nəticələnən kəskin fokal beyin itkisi ilə xarakterizə olunur. Amerika İnsult Assosasiyası artıq insultu belə izah edir ki, nevroloji fokal defisitlər olduqda (hətta 24 saatdan az davam etdikdə belə)  MRT, KT müayinəsində beyin infarktı aşkar edilirsə bu insult sayılır, TİH (Keçici İşemik Həmlə) kimi qəbul edilməməlidir. Bütün dünya üzrə təxminən hər il 16 million insan həyatlarında ilk dəfə insultla xəstələnirlər. Bunların 9.6 millionu (60 %) az və orta gəlirli ölkələrin payına düşür. 1970 və 2008-ci illər arasında yüksək gəlirli inkişafetmiş ölkələrdə insultun rastgəlmə tezliyi 42 %-ə endi. İnkişaf etmiş ölkələrdə insultun insidansında böyük düşüş insulta aparılan düzgün müalicə və profilaktika tədbirləri hesabına görülür. İnsultun ölüm riski İnsultun fatal nəticəsi 10-15% hallarda insultun 30 günü ərzində müşahidə edilir, yaş artdıqca, individual olaraq 85 yaşdan yuxarı olduqda  fatallıq 30 %-ə yüksəlir. Dünya üzrə hər il təxminən 7.5 million insan insultdan ölür. İnsult ürək xəstəliklərindən sonra ikinci ölümcül xəstəlikdir. İnsultun fəsadları: əlillik Dünya üzrə təxminən 51 million insan insulta görə əlil qalır, bunların 44 millionu (87 %) aşağı və ya orta gəlirli ölkələrin payına düşür. İnsult xərci bütün dünya üzr səhiyyə sektorunda total xərclənən pulların 2-4 %-i təşkil edir. Məsələn Almaniyada insultun orta həyat dəyəri 40.000 evrodur. İnsultun patofiziologiyası və etiologiyası İnsultun patologiyasına serebral, retinal və spinal infarkt (80 % hallarda), beyindaxili qanamalar (təx. 15 %) və subaraxnoidal qanama (5 %) aiddir. İnsult nədir? İnsult “beyin həmləsidir”. İnsult hər hansı səbəbdən beyinə gedən damarların tutulması və ya cırılması nəticəsində həmin damarın qidalandırdığı beyin sahəsininin qansızlaşması ilə yaranan kəskin beyin-qan dövranı pozğunluğudur. İnsult zamanı hər dəqiqiədə 1 milyon beyin hüceyrəsi ölür. İnfarkt toxumasının ətrafında funksiyasını itirmiş, lakin hələ ölməmiş sahə “penumbra” (işemik yarımkölgə) olur. Penumbra 3-4,5 saat ərzində qan dövranı bərpa edilmədikdə infarkt toxumasına çevrilir. İnfarkt geridönməyən prosesdir. Penumbra isə tez zamanda xilas edilə bilən, geridönən prosesdir. İnsultun əlamətləri İnsultun əlamətləri beyinin hansı nahiyəsinin zədələnməsindən asılı olaraq müəyyən nevroloji defisitlə müşahidə edilir. Ən çox nitq pozğunluğu insultlar zamanı rast gəlinir: dizartriya, afaziya. Dizartriya zamanı artikulyasiya apparatı zədələnir. Afaziyalar motor və sensor olur. Motor afaziya zamanı dominant yarımkürənin aşağı alın qırışında yerləşən Broka zonası zədələndikdə müşahidə edilir. Motor afaziya  zamanı xəstənin danışığı anlaşılmır. Sensor afaziya sağ yarımkürənin yuxarı gicgah payında Vernike zonası zədələndikdə yaranır. Xəstə danışığının pisləşdiyinin fərqində olmur, danışılanı anlamır. Qlobal afaziya motor və sensor afaziya eyni vaxtda yarandıqda deyilir. Xəstə danışa bilmir və danışılanları anlamır. Üzün parezi də ən çox rast gəlinən əlamətlərdən biridir. Xəstə gülümsəyərkən zədə tərəfdən əks tərəfdə ağız bucağı enir, gözlərini yumduqda isə tam yumulmur. Hemiparez/hemihipesteziya- ocaq tərəfdən əks tərəfdə yuxarı və aşağı ətraflarda gücsüzlük/ hissiyatın azalması deməkdir. Piramid olun zədələnməsi zamanı hemi şəklində simptomlar yaranır. Xəstə əllərini qaldırıb yuksəkdə saxladıqda ya bir qolu hərəkət etmir, ya da yez düşür. Əzələ gücü 5/5 bal sistemi ilə qiymətləndirilir. Ətraflar hərəkətsiz olduqda 0 balla qiymətləndirirlir. Hissiyat səthi və dərin hissiyata ayrılır. Səthi hissiyata ağrı, tempratur və toxunma hissi aiddir. Dərin hissiyata əzələ-oynaq, vibrasiya hissi aiddir. Ağrı hissi iti  iynə ilə simmetrik olaraq yoxlanılır. Səthi hissiyat azalan ətraflarda digər ətraflara nisbətən iynə küt hiss olunur. Görmə pozğunluqları- homonim hemianopsiya, skatomalar, tunel görmə və.s şəklində rast gəlinir. Arteria ophtalmica stenozu zamanı xəstədə ani olaraq bir gözündə tamamən görmə itir, bir neçə saniyə və ya dəqiqə ərzində görmə bərpa olur. Bu tranzitor işemik həmlə, xəbərdaredici bir siqnaldır. Vaxtında tədbir görülmədikdə insult yaranma riski yüksəkdir. Koordinasiyanın pisləşməsi halları ən çox arxa beyin arteriya hövzəsində infarkt yarandıqda rast gəlinir. Müvazinətimiz pozulduqda xəstədə aşma, piyan kimi gəzmə, dəqiq hərəkətləri yerinə yetirə bilməmə, nitqin pisləşməsi müşahidə edilir. İnsultun əlamətlərini yadda saxlamaq asan olması məqsədi ilə Amerika İnsult Assosasiyası FAST (tez, cəld) anlayışını irəli sürmüşdür. FAST ingilis dilində Face-üz, Arm-qol, Speech-nitq, Time- zaman sözlərinin başlanğıc hərflərindən yaranmışdır. Face- üzdə assimetriya, Arm- qolda zəiflik, Speech- nitqin çətinləşməsi və Time- zəng etmə zamanıdır! İnsultun diaqnostikası Radioloji görüntüləmə metodları insultun diaqnostikasında böyük cığır açmışdır. MRT, MRT angioqrafiya, KT, KT angioqrafiya metodları beyin infarktını, beyindaxili qanamaları, beyin arteriyaların stenozları, ekstrakranial stenozları asanlıqla aşkar edə bilir. DWİ rejimində infarktın yaranma müddətini öyrənmək mümkündür. Ultrasəs doppler müayinəsi damarlar mənfəzində daralmaları, qan axınının sürətini, plakları aşkar edir. Laborator analizlər zamanı qanın ümümi analizi, qanın lipid fraksiyaları, laxtalanma faktorları və s. biokimyəvi müayinələr insultun yaranma səbəblərinin araşdırılmasında, müalicə prinsiplərində böyük əhəmiyyəti vardır. İnsultun risk faktorları:  – Arterial hipertoniya xəstəliyi, şəkərli diabet, ürək xəstəlikləri, hiperxolesterinemiya, hipodinamiya, artıq çəki, laxtalanma sistemində pozulmalar, siqaretçəkmə, spirtli içkilərin qəbulu və s. saymaq olar.  – Arterial hipertoniya xəstələri arterial təzyiqə nəzarət etməlidirlər.Uzun zaman bu xəstəlikdən əziyyət çəkən insanlarda ateroskleroz xəstəliyi daha çox yaranır.  – Siqaretçəkmə insult riskini 50% artırır.  – Spirtli içki 60ml-dən yuxarı olduqda böyük risk daşıyır. Gündə 12ml-dək spirtli içkinin qan-damar sisteminə yararı olduğu göstərilir. İnsultun müalicəsi İnsultun müalicəsi onun hansı forması: işemik və ya hemorragik olmasından asılıdır. Hemorragik insultlar, beyin qansızmaları qansızmanın miqdarından asılı olaraq konservativ və ya neyrocərrahi müdaxilə tələb edə bilir. Kəskin işemik insultun müalicəsi insultun əlamətləri yarandıqdan 3,4,5 saat ərzində mümkündür. Yuxarıda sadalanan insult əlamətlərini görən pasiyent (FAST) tez bir zamanda insult mərkəzinin təcili yardım xidmtinə zəng edir. Təcili yardım briqadası pasiyenti insult üzrə ixtisaslaşmış mərkəzə gətirir. 1 saat ərzində xəstə dəyərləndirilir, uyğundursa xəstəyə trombun əridilməsi, beyni xilas etmək üçün infuziya ilə RTPA yeridilir, tez bir zamanda beyin perfuziyası bərpa olunaraq xəstədə əlamətlər geri dönür. Beləliklə funksiyasını itirmiş penumbranı xilas etmiş oluruq. Əbəs yerə deyilmir ki, zaman=beyin! İnsult zamanı vaxt itirmək beyin itirməyə bərabərdir. İnsultun ölümcül və ya şikəst edən fəsadlarından qorunmaq üçün ilk öncə insultu tanımaq, onun ən azı 3 əlamətlərini öyrənmək və öyrətmək lazımdır. Lakin o zaman bizim də ölkədə inkişafetmiş ölkələrdə olduğu kimi insultdan həyatını itirən, fiziki asılı qalan insanların sayı azalacaqdır. İnsultun əlamətlərinin yaranmasından 4-6 saat ərzində trombun invaziv yolla çıxarılmasından söz gedəcəkdir. Daha sonra görülən müalicə tədbirləri yalnız insultun ikincili profilaktikasından gedəcəkdir. Bir dəfə insult keçirtmiş insan ikinci dəfə insult keçirtmə riski daşıyır. Buna görə də insult keçirtmiş xəstələr, Miokard infarktı keçirtmiş insanları düzgün profilaktik müalicə alaraq bu riski minimuma endirməlidirlər. Unutmayaq ki insultdan kimsə sığortalanmayıb. O hər yerdə, hər vaxt ani olaraq qarşımıza çıxa bilər. Gəlin bu xəstəliyə birlikdə qalib gələk! © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 23.02.2018

Mədəaltı vəzinin iltihabı və dözülməz ağrılar
 hekimtap.az

Mədəaltı vəzinin iltihabı və dözülməz ağrılar

Pankreatit mədəaltı vəzinin iltihabı deməkdir. Son 30 ildə dünyada kəskin və xroniki pankreatitdən əziyyət çəkənlərin sayı iki - üç dəfə artıb, xüsusilə cavan və orta yaşlı insanlar arasında. Buda çox vaxtı düzənsiz qida rejiminə və alkoqolun istifadəsinə bağlı olur. Kişilər  arasında pankreatit daha geniş yayılıb. Kişilərdə çox vaxt səbəb alkoqolun suyi istifadəsi, qadınlarda isə xroniki xolesistit, öd yolların diskineziyası, öd daşı xəstəliyi və s. Səbəblər:  – Alkoqol (kişilərdə daha çox);  – Düzənsiz qida rejimi, yağlı yeməklər;  – Siqaret çəkmə;  – Müəyyən dərman qəbulu(sidik qovucular, immunosupressorlar,tetrasiklin və s.);  – Qanda kalsinin yüksək səviyyəsi;  – Xroniki böyrək çatmamazlığı;  – İrsi meyillik;  – Xroniki xolesistit, öd yolların diskineziyası, öd daşı xəstəliyi;  – Triqlisiridlərin yüksəlməsi;  – 12 barmaq bağırsağın xorası, duodenit. Simptomlar:  – Kəskin ağrılar mədə və sol qabırğa altı nahiyyələrdə, kəmərvari ağrılar. Heç bir bədən pozası rahatlıq qətirmir və hədda arxası üstə uzananda ağrılar daha da güclənir. Nəyinki qida  bir qurtum su belə ağrını kəskinləşdirir;  – Güclü ürək bulanma, qusma;  – Ağrı zamanı gəyirmələr, dayanmadan hıçkırma;  – Köpmə, ishal, nəcisdə yağlılıq;  – Hərarətin yüksəlməsi, halsızlıq, ürək döyünmələrinbsayının artması, arterial təziyin enməsi. Diaqnostika:  – Laborator müayinələr – qanda amilaza, lipaza, fosfolipaza A2, alfa-antitripsinin təyini; nəcisin ümumi müayinəsi, nəcisdə pankreatik elastazanın təyini;  – Ultrasəs müayinəsi;  – Kompyuter tomoqrafiyası, MRT;  – Endoskopik retroqrad xolanqiopankreatoqrafiya. MÜALİCƏ stasionarda keçirilməlidir. İlkin yardım:  – Ağrı nahiyyəsinə buzun qoyulması;  – Su və qida qəbulunun dayandırılması;  – Təcili tibbi yardımın çağırılması.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 16.02.2018

Osteopatiya nədir? hekimtap.az

Osteopatiya nədir?

Yəqin ki, sizin osteopatiyanın nə olduğu haqqında məlumatınız azdır və müalicə prosesi zamanı yarana biləcək ağrılardan ehtiyatlanırsınız.   Osteopatiya proseduru ağrılı deyil. Osteopat həkim prosedura vaxtı toxumalarda müqavimət yaratmamaq üçün, toxumalara çox incə təsir edir. Pasient manipulyasiya zamanı yaranan hər hansı bir narahatçılığı həkimə bildirməlidir. «London Osteopatik Kollecinin» qabaqcıl müəllimlərindən olan d-r K.S. Datton osteopatik proseduranı başlamazdan əvvəl pasientlərə iki qaydanı izah edir: «Birinci qayda. Əgər mən sizdən hər hansı bir hərəkəti etməyinizi xahiş etsəm və bu ağrılı olsa –  o hərəkəti dayandırın. İkinci qayda. Əgər mən sizə ağrıverici bir hərəkət etsəm məni məlumatlandırın və mən bunu etməyi dayandırım». Osteopatiyada müalicə vasitəsi Osteopatiyada xəstəliyin diaqnostikası və eləcə də müalicəsi yalnız həkimin əlləri vasitəsilə həyata keçirilir. Sağlam insan orqanizmində orqan və toxumalar müəyyən forma, sıxlıq və temperatura malikdir. Patoloji proseslər baş verdikdə bu göstəricilər dəyişir: orqanlar yerini dəyişə bilir, böyüyür, sıxlıqları daha da arta bilir. Professional osteopat müayinə zamanı məhz bu dəyişiklikləri hiss edir. Onun həssas və təcrübəli barmaqları yüngül toxunuşla orqanizmdə baş verən dəyişiklikləri təyin edə bilir. Osteopatiyanın sahələri:   – Struktural osteopatiya – dayaq hərəkət aparatını;   – Kranial osteopatiya – kəllə sümüklərinin qarşılıqlı münasibəti, beyin qışalarının  vəziyyəti, qan və likvorun sirkulyasiyasını;  – Visseral osteopatiya – daxili orqanları əhatə edir.  Əsl osteopat hər hansı bir situasiyadan çıxmağa sizə yardım etməklə yanaşı, xəstəliyin əsl səbəbini tapıb, aradan qaldırmağı öz qarşısına məqsəd qoyur. Bu işdə ona anatomiya və fiziologiyanın dərin bilikləri yardım edir. Sağlamlıq üç bir-birilə əlaqəli: dayaq-hərəkət, neyrohumoral və psixi sistemlərin vəhdətindən asılıdır. Bu sistemlərin hər hansı birində pozulma digər sistemlərə təsir edir və osteopatik zədələnməyə səbəb olur.  Osteopatiyanın üç əsas prinsipi var:  – Bədənin anatomik, fizioloji və mexaniki tamlığı.  – Struktura funksiyanı və funksiya strukturanı idarə edir.  – Həyat – hərəkət deməkdir. Hüceyrə, orqan və bütün orqanizmin normal fəaliyyəti üçün struktur və mayelərin sərbəst hərəkəti vacibdir.  Osteopatın əlləri bəzi tibbi avadanlıqların təyin edə bilmədiyi dəyişiklikləri: əzələ və bağların gərginliyini, daxili orqanların ritm pozulmalarını və s. hiss edə bilir. Həkim osteopat bu problemləri təyin edərək -  əzələ gərginliyini aradan qaldırır, ordakı iltihabı zəiflədir; toxumaya yüngül təzyiq etməklə toxumanın  qan axınını normallaşdırıb orqanın normal işini bəra edə bilir. Bir neçə belə “zərif manipulyasion” seansdan sonra orqanizmin bütün sistemləri müntəzəm işləməyə başlayır. Nəticəni əldə etmək üçün manual terapevtin qəbulunda olduğu kimi, güc tətbiq etmək lazım deyil, sadəcə olaraq hara və necə təsir etməyi dəqiq  ölçmək gərəkdir.  Bağlı qapını iki yolla açmaq mümkündür: güc təsir etməklə sındırmaq yolu ilə (necə ki manual terapevtik və digər ağrılı proseduralarla), ya da heç bir güc tətbiq etmədən açar istifadə edərək açmaq (osteopat həkimin zərif təsiri orqanizmin özünütənzimləmə və özünübərpa mexanizmlərini işə salaraq müalicə effekti əldə etməsi). Osteopatik seansdan sonra orqanizmə yeni vəziyyətə uyğunlaşmaq üçün vaxt vermək gərəkdir, bunun üçün növbəti osteopatik proseduralar arasında ən azı üç gün vaxt verilir. Bu müddət ərzində siz müalicəvi effektin artdığını hiss edəcəksiniz, özünüzdə rahatlıq, həyat eşqinin artması daxili resurslarınızın bərpa olunduğunu hiss edəcəksiniz. Osteopatiya uşaqlarda nəyi müalicə edir?  – Doğuş travmasının fəsadları;  – Yenidoğulmuşlarda sancılar;  – Döş qəfəsi deformasiyaları;  – Birinci boyun fəqərəsi(atlasın) blokadası;  – Kəllə sümüklərində kələ kötürlük (braxiosefalgiya);  – Psixomotor inkişafın ləngiməsi;  – Diqqət yayınıqlığı, yaddaşsızlıq;  – Görmə pozulmaları, çəpgözlük;  – Qamət pozulması, skolioz, kifoz;  – Əyriboyunluq;  – Yastıayaqlıq. Osteopatiya böyüklərdə hansi problemlərin müalicəsində istifadə olunur:  – Dayaq- hərəkət aparatı xəstəlikləri ;  – Travma və əməliyyatdan sonrakı vəziyyət;  – Osteoxondrozun ağırlaşması;  – Ginekoloji xəstəlilər, kiçik çanaqda bitişmə (spayka), ağrılı menstruasiyalar, bəzi növ sonsuzluqlar;  – Miqren və digər mənşəli baş ağrıları;  – Həzm sistemi xəstəlikləri. Hər bir pasientin müalicəsi individual olaraq aparılır və osteopatiyanı bütün xəstəliklərin müalicəsi üçün panaseya hesab etmək doğru olmazdı. Bir sıra Avropa ölkələrində osteopat həkim əzələ gərginliyi, boyun və bel ağrıları, uşaqların zehni qabiliyyətini artırmaq üçün, uşaqlarda və böyüklərdə baş ağrılarının müalicəsi üçün, qamət pozulmalarının bərpası üçün bütün ailə üzvlərinin müraciət edə bildiyi,  ailənin ən sevimli həkiminə çevrilir. Təəssüflər olsun ki, gec mərhələlərdə orqanizmin kimyəvi proseslərinin ciddi pozulmaları zamanı, onkoloji proseslər zamanı osteopatiya gücsüzdür.  Osteopatiyanin aparilmasina əks göstərişlər:  – Ağır infeksiyalar;  – Onkoloji xəstəliklər;  – Tromboz. İlk baxışda osteopat-həkimin qəbulu adi həkim qəbulundan fərqlənməsə də, bəzi fərqlər var.  Osteopat ayaq barmaqlarından tutmuş kəllə sümüklərinə kimi bütün bədəninizi müayindən keçirir. O bədəni öndən, arxadan və yanlardan müayinə edir, bədənin nahiyələrinin bir-birinə uyğunluğunu müqayisə edir, qamət pozulmasını, yeriş zamanı bədənin vəziyyətini nəzərdən keçirir. Ayaqüstə və oturan vəziyyətdə müayinədən sonra isə xəstənin uzanmış vəziyyətində bədənin müxtəlif toxumalarının harmonikliyinə, gərginliyinə, əzlələrin qarşılıqlı münasibətinə, maye axınlarının ritminə diqqət yetirir. O, üç osteopatik sistemin: sümük-əzələ-fassiya, kraniosakral və visseral sistemin ardıcıl müayinəsini aparır. Osteopatik testlərlə bu sistemlərdə mövcud olan patologiyaları aşkara çıxarır. Osteopat həkim xəstəliyi deyil xəstəni müalicə edir. Belində ağrıdan şikayətlənən pasietin kəllə sümükləri ilə işləyən osteopat həkim sizə ilk baxışda qəribə gələ bilər. Osteopat həkim mükəmməl anatomik biliklərə yiyələnmişdir. Orqanizmin müxtəlif nahiyələrindəki əlaqələri dərindən bilən osteopat həkim xəstəliyin səbəbini aradan qaldıraraq mövcud şikayətlərdən birdəfəlik azad edir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 28.01.2018

Seboreyali dermatit və səbəbləri
 hekimtap.az

Seboreyali dermatit və səbəbləri

Piy vəziləri halokrin sekresiyalı alveolyar vəzilərdir və böyük əksəriyyəti tük follikulları ilə əlaqəlidir. Ovuc və ayaqaltı istisna olmaqla dəri örtüyünün bütün sahələrində rast gəlinir. Dəridə 4-8 milyona qədər piy vəziləri mövcuddur, daha çox başın tüklü hissəsində, boyunda, burunda, döş qəfəsinin yuxarı hissəsində və onurğanın dərisində rast gəlinir (1sm²-də 400-900 a qədər ). Sutka ərzində 20 gr dəri piyi ifraz olunur, bunun 67%-I sudan və 33%-I bərk çöküntüdən ibarətdir. Bərk çöküntünün çox hissəsi lipidlərdən, az miqdarda zülallardan, hormonlardan, və digər maddələrdən təşkil olunmuşdur. Piy vəzilərinin sekreti tükləri və dərini yağlamaq hesabına müdafiə funksiyasını təmin edir, dəriyə elastiklik verir və dəri səthinin toxuma müqavimətini asanlaşdırır. Sərbəst yağ turşuları saxlaması hesabına bakteriosid və funqostatik aktivliy malikdir piy vəzilərinin sekreti. Piy vəzilərinin funksiyası beyin qabığı tərəfindən idarə olunur.Ona görə də ruhi gərginlik, yorğunluq və s. zamanı piy vəzilərinin funksiyası dəyişir. Bundan başqa müəyyən edilmişdir ki, piy vəzilərinin funksiyası endokrin sistemin vəziyyətindən də asılıdır. Belə ki, cinsi yetişkənlik zamanı oğlan və qızlarda piy vəzilərinin funksiyası artır. Qocalarda isə tezliklə piy vəzilərinin funksiyası azalır. Beləliklə, ifraz olunan dəri piyinin miqdarı və keyfiyyəti sinir və endokrin, həzm sistemlərin vəziyyətindən, xəstələrin cinsindən, iqlimdən, ilin mövsümündən və qidalanma xüsusiyyətlərindən asılı olaraq dəyişir. Piy vəzilərinin funksiyasının pozulması nəticəsində əmələ gələn xəstəlik seboreyadır. Seboreya zamanı dəri piyi həm kəmiyyət olaraq, həm də tərkib olaraq dəyişir.Xəstəliyin etiologiya və patogenezi tam aydın deyil. Cinsi yetişkənlik dövründə normal sinir-endokrin əlaqələr pozulur: Beləki, hipofizin və böyrəküstü vəzinin funksiyası artır, cinsiyyət vəziləri aktivləşir,androgenlərlə estrogenlər arasında normal əlaqə pozulur.  Xəstəlik zamanı androgenlərlə estrogenlər arasında nisbi tarazlığın androgenlərin artması istiqamətində pozulur. Bununla yanaşı olaraq mərkəzi sinir sisteminin fəaliyyəti də dəyişilir.Onun vegetative bölməsinin tonusu artır və beləliklə, yeni sinir-endokrin əlaqələri yaranır. Vegetativ sinir və endokrin sistemlərin qarşılıqlı əlaqəsinin müvəqqəti pozulması nəticəsində piy vəzilərində hiperplaziya, hiperfunksiya müşahidə olunur, dəri piyinin kimyəvi tərkibi dəyişir. Follikulyar hiperkeratoz baş verir.  Bundan başqa müəyyən edilmişdir ki, mədə-bağırsaq sistemi xəstəlikləri, xroniki infeksion xəstəliklər, hipovitaminozlar  vs  zamanı seboreyanın gedişi ağırlaşır. Hazırki dövrdə tüklü hissənin seboreyasənən və kəpək törədicisi olaraq Pitirosporum göbələkləri göstərilir. 90 %  hallarda bu maya göbələkləri sağlam insanın dərisində də olur. Göbələk piy vəzilərinin ətrafında olur və böyümək, inkişaf etmək üçün onun sekretindən istifadə edir. Uyğun olmayan şərait olduqda dərinin və piy vəzilərinin müdafiə funksiyası pozulur. Orqanizm pitirosporumların çoxalmasına nəzarəti itirir və onların sayı hədsiz çoxalır. Başın tüklü hissəsinin  normal mikroflorasının 50 %-ni  bu göbələklər təşkil etdiyi halda, seboreya zamanı bu 75 %  təşkil edir.    Göbələkləri aktivləşdirən səbəblərdən biri də piy vəzilərinin ifraz etdiyi piyin tərkibinin dəyişməsidir. Bu haqda yuxarıda məlumat verilib. Klinik şəkli: Seboreya əsasən dəri örtüyünün piy vəziləri ilə zəngin olan başın tüklü hissəsində, alında, burunda, çənədə, döş qəfəsinin ön və arxa yuxarı nahiyyələrində,cinsiyyət üzvlərində müşahidə olunur. Klinik şəklindəm asılı olaraq seboreyanın aşağıdakı formaları var: 1. Qatı  seboreya 2. Duru seboreya 3. Quru  seboreya 4. Qarışıq  seboreya Qatı seboreya 20-30 % kişilərdə,3% qadınlarda xəstəlik qatı seboreya kimi gedir. Xəstəliyin ilk əlamətləri 16-20 yaşında başlayır. Bu zaman xəstələrin üzündə yağlanma artır və tək-tək kamedonlar və sızaqlar əmələ gəlir. Bir neçə ilə xəstəlik maksimuma çatır. Dəri örtüyünün bir çox sahələrində kamedonlar, sizaqlar, ateromlar əmələ gəlir. Bu xəstələrdə adətən dəri qalınlaşır, onun haşiyələri kobudlaşır və məsamələr genişlənir. Qatı seboreyalı xəstələrdə piy qatı olduğundan piy axarlarından çətinliklə xaric olur. Bu vaxt   nöqtəvari kamedonlardır. Bu kamedonları yanlardan sıxdıqda oradan bir ucu qara sapvari piy kütləsi xaric olur. Qatı seboreyalı xəstələrdə həqiqi və qeyri-həqiqi ağ sızaqlar, ateroma daha çox müşahidə olunur. Həqiqi ağ sızaqlar epidermisin səthi kistası deməkdir. O, bərkimiş epidermis hüceyrələrindən ibarətdir. Qeyri-həqiqi ağ sızaqlar isə piy vəzilərinin səthi kistası hesab olunur. Onlar buynuzlaşmış hüceyrələrdən və piy maddəsindən ibartdir. Ateroma piy vəzilərinin dərin kistasıdır. Onlarən içərisi qatılaşmış piylə dolu olur.Bəzən ateroma iltihablaşır. Adi sızaqlar ( gənclik sızaqları) kimi məlum olan səpələnmiş düyüncüklü, bərkimiş, absesli və birləşmiş sızaqlar seboreyalı xəstələrdə adətən böyük həcmli, çox miqdarda olur və uzun sürür. Düyüncüklü sızaqların inkişafı 2-3 həftə çəkir. Bu müddətdən sonra iz buraxmadan qurtarır. Lakin bəzən irinləşir. Bərkimiş sızaqlar 3-4 həftə uzanır. Onlar adətən bərk konsistensiyalı, ağrılı və göyümtül-çəhrayı rəngdə olur. Özündən sonra xırda çapıq buraxır. Birləşmiş sızanaq ( acne conglobata ) daha ağır keçir. Onlar bir neçə komedonların, sızaqların və ateromların birləşməsindən əmələ gəlir. Birləşmiş sızaqlar bəzən irinləşir və özündən sonra çapıq buraxır. Qatı seboreyanın gedişində bəzən furunkulyoz, piodermit və başın tüklü hissəsində kəpəklənmə müşahidə olunur. Çox nadir hallarda dazlıq baş verə bilər. Duru  seboreya İlkin əlamətləri qızlarda 12-14, oğlanlarda isə 13-16 yaşlarında baş verir.Seboreya adətən üzdə və başın tüklü hissəsində piylənmənin artması ilə başlanır. Bəzən həmin yerlərdə tək-tək kamedonlar, qabarcıqlar, yaxud sızaqlar əmələ gəlir. Xəstələrin bir qismində xəstəlik kəskinləşmirş fizioloji seboreya yaxud duru seboreyanın yüngül forması kimi gedir. Xəstələrin bir qismində isə yağlanma daha da artər. Bu zaman dəri piyi duru olduğundan o genişlənmiş piy axarlarından asanlıqla axıb gedir.Ona görə də duru seboreyalı xəstələrdə kamedonlar demək olar ki, heç əmələ gəlmir. Duru seboreya zamanı deridəki məsamələrin genişlənməsi hesabəna dəri apelsin qabığını xatırladır. Piy vəzlərinin hipersekresiyası səbəbindən dəri yağlı, parlaq görünür. Başın tüklü hissəsində tüklər parlaq olur, sanki saçlar yağlanıb və bir-birinə yapışır. Həmçinin başın tüklü nahiyəsində sarı qabıqlanma daha qalın müşahidə olunur. Yağlanmış dəri əsasında adətən qabarcıqlar və irinli sızaqlar baş verir.Düyüncüklü seboreya ( seborea tuberosum ) 2-3 mm böyüklüyündə, yarımdairəvi və tünd qırmızı rəngdə olur. Subyektiv əlamətlər demək olar ki, olmur.   Irincikli sızanaq (seborea pustilosa ) bəzən birincili əmələ gəlir. Bəzən də onlar qabarcıqların irinləməsi nəticəsində yaranır. Bir neçə gün sonra irinlik quruyur və qartmaqla örtülür. Çox keçmədən həmin qartmaqlar tökülür və onların yerində qızartı qalır. Seboreyanın bu formasında da dəri piyinin kimyəvi tərkibi dəyişdiyindən  o özünün bakteriosid funksiyasını itirir. Buna görə də bəzən ikincili infeksiya qoşula bilər. İrinli səpgilərin əmələ gəlməsində stafilokokların və follikul parazitlərinin ( demodex folliculorum ) əhəmiyyəti vardır. Əksər hallarda piodermitə rast gəlinir ( osteofollikulit, follikulit, furunkul, sikoz, impetiqo, başın tüklü hissəsinin diffuz xroniki streptodermiya ). Quru seboreya Müxtəlif səbəblərdən əmələ gələ bilər: dəriyə qeyri-düzgün qulluq, yaş xüsusiyyətləri, iqlim vs faktorlar. Məsələn, tez-tez sabun və isti suyla yuyunmaq dərinin qurumağına gətirib çıxarır. Quru seboreya zamanı piy ifrazatı azaldığı üçün bütün başın dərisi və tüklər quruyur,pulcuqlar əmələ gəlir. Pulcuqlar asanlıqla dəridən ayrıla bilir,bəzən özbaşına tökülür (kəpək ). Bəzən onlar birləşib ağ-bozumtul vəya sarı-bozumtul qartmaq əmələ gətirir. Saçlar adətən quru, cansəz, haçalanmış uclu olur.  Bu əlamətləri qaşınma müşayiət edir. Əgər xəstə saçını gec-gec yuyursa bu hal daha da şiddətlənir və dərinin yeni sahələrini əhatə edir, kəpəklənmə daha geniş vesət alır. Xəstəliyin bu formasında bədənin müxtəlif nahiyələrində follikulyar keratoz müşahidə olunur. Bundan başqa dəridə nazik pulcuqlarla əhatə olunmuş çəhrayı vəya qırmızımtıl ləkələr-seboreidlər qeyd olunur. Subyektiv olaraq xəstələr dəridə dartılma, yüngül qaşınma hiss edir, bu əlamətlər yuyunduqdan sonra ( əsas da soyuq su ilə ) daha da artır. Qarışıq forma Əksər hallarda rast gəlinir, məsələn üzün orta nahiyyəsi (alın, burun, çənə) yağlı, yanaqlar isə quru olur vəya üzdə duru seboreya, başın tüklü hissəsində isə qatı yağlı  seboreya ola bilər. Tipik hallarda seboreya diaqnozunu qoymaq çətinlik törətmir: xəstənin yaşı, səpgilərin lokalizasiyası və xarakteri düzgün diaqnoz qoymağa imkan verir. Bəzən xəstəliyi seboryalı ekzema və psoriazla differensasiya etmək lazım gəlir. MÜALİCƏ Müalicənin əsasını pəhriz təşkil edir, yağlı, duzlu, ədviyatlı qidalar, spirtli içkilər, konservlər, kakao, bal, qoz, şokolad vs məhdudlaşdırılmalı bəziləri tamamilə ləğv olunmalıdır.Qida rasionuna soyutma ət, balıq, kəsmik,qatıq, meyvə, tərəvəz, göyərti vs daha çox yer tutmalıdır. Orqanizmdə olan digər daxili, xroniki xəstəliklər tapılmalı və müalicə olunmalıdır (mədə-bağırsaq, endokrin, sinir sistemi xəstəlikləri,həmçinin cinsi xəstəliklər ).Yalnız bundan sonra seboreya müalicəsi müsbət nəticə verə bilər. Ümumi müalicə zamanı vitamin  A, C, E, grup B istifadə olunur. Vit A 100.000 BV sutkalıq dozada 2-3 ay müddetində təyin olunur.Vitaminoterapiya ilə yanaşı mikroelementlər də təyin oluna bilər (kükürd preparatları, dəmir, fosfor vs ). Yağlanmanı azaltmaq üçün antiandrogen preparatlardan da istifadə oluna bilər. Məsələn “Diana” preparatı bu xüsusiyətə malikdir.Qadınlara bu preparat aybaşı tsiklinin 5-ci günündən 21 gün müddətində 1 tabletkadan təyin olunur. Kişilərdə isə 20 günlük intervalla 10 günlük təyin olunur preparat. Seboreya zamanı yerli olaraq spirt tərkibli qarışımlar, rezorcin (2-5% ), salisil turşusu ( 2-3% ), bor turşusu istifadə olunur.Həmçinin vitamin A, E tərkibli kremlərdən də istifadə oluna bilər. Kəpək əleyhinə selen sulfid tərkibli şampunlardan istifadə oluna bilər.Periodik olaraq ildə iki dəfə selen sulfid preparatlarından istifadə etmək olar. Steroid hormonlardan kortizon, prednizolon, deksametazon, triamsinolon vs seboreyalı və sızanaqlı xəstələrin müalicəsində geniş istifadə olunur. Bu hormonlar əsasən aşağı və orta dozalarda və qısa müddət təyin olunur. Müəyyən nəticə əldə ettikdə bu hormonlar dayandırılır. Xəstəlik nahiyyəsində ikincili infeksiya baş verdikdə antibiotiklərdən: benzilpenisilin, bisilin, levomitsin, eritromisin, daha yaxşı nəticə verir. Bu xəstələrin müalicəsində stafilokok anatoksini, vaksin, histoqlobulin, qamma-qlobulin vs immun-bioloji üsullarla müalicə aparılır.   Başın tüklü hissəsinin tutulması zamanı ketakanazol, sink, və qətran tərkibli şampunlar təyin olunur. Onlar həftədə iki dəfədən az olmamaqla ən az bir ay istifadə olunur. Sonrakı müddətdə bu preparatlar profilaktik məqsədlə iki həftədə bir dəfə istifadə olunmalıdır. Həmçinin ağır formalarda salisil spirti, qətran preparatları və yumuşaldıcı preparatlar istifadə olunmalıdır. Effekt alınmasa steroid mazlar yerli olaraq istifadə olunur. Daha ağır formalarda isə bu mazlarla yanaşı göbələk əleyhinə preparatlar daxilə qəbul olunur: Ketakanazol 200 mg/gün, terbinafin 250 mg/gün, Flukanazol 100 mg/gün vs. Müalicə 4 həftə davam edir. Kompleks müalicə məqsədilə vitaminlər, allergiya əleyhinə, sakitləşdirici, mədə-bağırsaq sistemi funksiyasını normallaşdıran preparatlar istifadə oluna bilər. Proqnoz: Yaxşıdır. Əsasən xəstəlik 26-28 yaşınadək qurtarır. Bəzən iz qoya bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 25.01.2018

Helmintozlar
 hekimtap.az

Helmintozlar

Respublikamızın ərazisi yer kürəsinin şimal subtropik qurşağında yerləşməsi, onun təbii-iqlim şəraiti , əhalinin adət və məşğuliyyəti helmintozların bəzi növlərinin  geniş yayılması üçün şərait yaradır. Yer kürəsində yayılmış 250-dən artıq növ helmintozun 30-u respublikamızda müşahidə olunur. Azərbaycanda hazırda əsasən insanlarda askaridoz, enterobioz, teniarinxoz, exinokokkoz, trixosefalyoz kimi helmintozlara rast gəlmək olar. Helmintozların klinikasını bilməyib, onların vaxtında aşkar edilməməsi və onlara qarşı spesifik müalicələrin düzgün aparılmaması bu xəstəliklərin əhali arasında geniş yayılmasına səbəb olur. ASKARİDOZ Bu xəstəliyi askarida (Ascaris lumbricoides)  qurdu yaradır. Askaridoza respublikamızın bütün təbii-iqlim bölgələrində rast gəlmək olur. Askaridanın uzunluğu 15- 45 sm qədər ola bilər. Bu helmint insanın nazik bağırsağında 12-15 aya qədər yaşayır və gün ərzində 240 minə qədər yumurta tökür. Bu yumurtalar insanın nəcisi ilə torpağa tökülür. Qurdun inkişaf etmiş yumurtası əllər, göyərtilər, meyvələrlə insanın ağızına düşərək onun yoluxması baş verir. Simptomlar: Xəstəliyin gedişatı iki dövründən ibarətdir . Birinci dövr – qanda və tənəffüs yollarında miqrasiya zamanı:  – Allerqik hallar – bədəndə qaşınma ilə davam edən səpkilər, məxmərək.  – Öskürək, üşütmə, əzginlik, hərarətin artması və s. müşahidə edilir.  – Bəzən isə bu dövürdə xəstələrdə heç bir şikayət olmur. İkinci dövr – bağırsaqda inkişaf edəndə:  – Qarında ağrı, köpmə.  – İştahın pozulması, ürək bulanma.  – Yorğunluq, ümumi zəiflik, baş hərlənməsi, yuxunun pozulması, əsəbiləşmə. Ağırlaşmalar:  – Bağıraq keçməzliyi;  – Ümumi öd axarının tıxanması və bunun nəticəsində yaranan sarılıq, kəskin ağrılar;  – Nadir hallarda kəskin pankreatit;  – Qusma zamanı tənəffüs yollarına düşmə ehtimalı və nəticədə bu yolların tıxanması.     ENTEROBİOZ Bu xəstəliyi bizquyruq qurdu (Enterobius vermicularis) törədir. Ağ rənqtə 0,5-1 sm dir, xəstə bəzən bu qurdu nəcisində görə bilir, bizquyruğun yumurtası solğun olur lobyaya oxşayır, yəni bir tərəfi çöküb əks tərəfi isə qabarıq olur. Respublikamızın bütün bölqələrində bu xəstəlik yayılmışdır. Bizquyryqlar nazik bağırsağın aşağı və bütün yoğun bağırsaqda 3-4 həftə yaşadıqdan sonra düz bağırsağa enib, onun dəliyindən çıxaraq büküşlərinə 5-17 minə qədər yumurtalarını tökürlər. Yumurtalar perianal (arxa ətrafı) büküşlərdə 4-8 saat müddətində insanı yoluxdurma qabliyyətini qazanırlar. Bu qurdlar aralıq hissədə olarkən xəstədə qaşınma olduğdan özlərini qaşıdıqda əllərini, xüsusən dırnaqaltı sahələrini qurdun inkişaf etmiş yumurtalarıilə çirkləndirirlər və özlərini yenidən təkrar-təkrar yoluxdururlar. Qurdun inkişaf  etmiş yumurtaları alt tumana, mələfəyə, yorğan-döşəyə də tökülür, onları çırpıb-yığışdırdıqda bu yumurtular toz vasitəsi ilə mənzilə yayılmış olur və bu yolla ailənin bütün üzvləri əllərini bu yumurtalarla çirkləndirərək özlərini yoluxdururlar. Simptomlar:  – Perianal (arxa ətrafı) büküşlərində, aralıq sahələrində qaşınma, xüsusən gecə saatlarında;  – Qarında tutmaşəkilli, bəzən çox kəskin ağrılar;  – Bəzən ishal və ya qəbizlik;  – Baş ağrısı, yuxusuzluq, yüksək qıcıqlanma;  – Enurez (uşaqlarda gecələr sidiyi saxlaya bilməmək);  – Qadınların, xüsusən qızların cinsiyyət üzvlərində qaşınma, iltihab və bəzən selikli ifrazat. Diaqnostika: Müayinələr səhər tualetdən əvvəl və ya xəstə yatdıqdan 1,5-2 saat sonra aparılmalıdır. Perianal büküşlərdən sıyrıntı götürülüb, yaxma şəklində mikroskopda baxılır. EXİNOKOKKOZ Bu xəstəliyi exinokokk (Echinicoccus granulosus) qurdu törədir. Qurdun uzunluğu 0,5 sm olub, bədəni 3-4 buğumdan ibarətdir və baş hissəsində 4 ədəd əmzikdən başqa 2 cərgə düzülmüş qarmaqcıqlarla yerləşir. Exinokokk qurdu olan iti tumarladıqda əllər vasitəsilə qurdun yumurtaları insanın ağzına düşərək onun yoluxmasına səbəb olur. Bundan başqa yuyulmamış tərəvəz və gilə meyvələri də yoluxmaya səbəb ola bilər. Hədəf orqanları: 75% qara ciyər, 10% ağ ciyər, 15% isə orqanizmin başqa orqanlarıdır. Simptomlar:  İlk dəfə simptomlar bir neçə il yoluxmadan meydan şıxa bilər və yaxud yalnız instrumental müayinə zamanı (USM, KT, MRT) xəstəlik aşkar oluna bilər. Hədəf orqanın xəstəliklərinə uyğun simptomlar müşahidə edilir. Məsələn:  – Sağ qabırğa altı nahiyyədə küt ağrılar.  – Halsızlıq, iştahasızlıq, ürək bulanma.  – Sarılıq, dəridə qaşınma.  – Döş sümüyü arxasında ağrılar, öskürək, ara bir qanla müşahidə olunan.  – Qanda eozinofiliya. Ağırlaşmalar:  – Qovucuqların (kista) irinlənməsi, dağılması, öd yollarının iltlhabı, qara ciyərin absessi və s.  – Diaqnostika: USM, KT, MRT vasitəsilə . Müalicə: Exinokokkozun yeganə radikal müalicəsi cərrahi əməliyyatdır. TENİARİNXOZ Bu xəstəliyi öküz teniyası (Taeniar hynchus saginatus) törədir. Qurdun uzunluğu 4-15 metrəyə çatır. Bədəni zəncir düzülmüş buğumlardan ibarət olduğundan lentə oxşayır və xalq arasında lentvari və ya kəpənək qurd adlanır.                 Yoluxma: Finozlu ətdən az qaynadılmış və ya yaxşı qızardılmamış xörəklər yedikdə öküz teniyasının sürfələri insanın bağırsağına düşür, orada parazitin baş hissəsi qovuqcuqdan çıxaraq 4 ədəd sorucu əmzikləri vasitəsilə insanın nazik bağırsağının selikli qişasına möhkəm yapışır və boyun hissəsindən yeni buğumlar əmələ gəlməyə başlayır. Yoluxmadan 3-4 ay sonra xəstədən qurdun buğumları xaric olunur. Simptomlar:  – Xəstələrdə vaxtaşırı qurdun axırıncı buğumlardan nəcislə ya da sərbəst şəkildə xaricə tökülür və bununlada xəstə özünün kəpənək qurduna yoluxmuş olduğunu hiss edir;  – Ümumi zəiflik;  – İştahanın pozulması;  – Qarında ağrı;  – Bəzən qusma;  – İshal və ya qəbzlik. Ağırlaşmalar: Appendisit, bağırsaq keçməzliyi. Diaqnostika: Əsasən sorğu üsulu ilə. Perianal (arxa ətrafı) büküşlərdən    götürülmüş sıyrıntının və nəcisin müayinəsi zamanı qurdun yumurtalarını aşkar etmək olur. Müalicə: Konservativ (dərmanlar vasitəsilə) xəstəxana şəraitində   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 25.01.2018

Lyamblioz və digər parazitar bağırsaq xəstəlikləri
 hekimtap.az

Lyamblioz və digər parazitar bağırsaq xəstəlikləri

LYAMBLİOZ Xəstəliyin törədicisi Lamblia intestinalis adlı ibtidaidir. Bu xəstəlik 20% uşaqlarda və 3-5% böyüklərdə müşahidə olunur. İnfeksiyanın mənbəyi  xəstə və ya bu xəstəliyin daşıyıcısı insandır. Yoluxma adətən çirkli su, pis yuyulmuş qida məhsulları, qab qaşıq və s. məişət əşyaları vasitəsilə olur. Xəstəlik kəskin və ya xroniki formada ola bilər. Simptomları:  – Qarının orta hissəsində ağrılar.  – İştahanın azalması, ürək bulanma, ara bir qusma.  – Üç dörd gün ərzində sutkada dörd dəfəyə qədər davam edən kəskin qoxulu selikli nəcis ifrazı.  – Dəridə müxtəlif  tipli səpkilər. Diaqnostika:  – Nazik bağırsaq möhtəviyyatının və yə nəcisin mikroskopik müayinəsi.  – Nəcisdə Lamblia antigenin təyini.  – Qanın seroloji müayinəsi zamanı İgG, İgA, İgM antiqenlərin təyini. Müalicə:  – Konservativ-spesifik dərmanların kompleks şəklində təyini. BLASTOSİTOZ Xəstəliyin törədicisi Blastocystis hominis adlı ibtidaidir. Bu xəstəlik bütün yaş qrup pasientlərdə çox geniş yayılıb. Hədəf orqanı əsasən yoğun bağırsaqdır. Yoluxma yolları:  – Yuyulmamış gilə-meyvələr və tərəvəzlərdən istifadə.  – Blastosist ilə çirkləndirilmiş çiy suyun qəbulu.  – Blastosist ilə çirkləndirilmiş məişət əşyaların istifadəsi. Simptomlar:  – Qarında tutma şəkilli kəskin ağrılar.  – İshall və ya qəbizlik.  – Tam iştahasızlıq.  – Bədən çəkisinin azalması.  – Vaxtaşırı ürəkbulanma və qusma.  – Uzun sürən subfebril hərarət (37.0-372.).  – Allerqik hallar – bədəndə qaşınma ilə davam edən səpkiləri və qaşınma.  – Uşaqlarda bəzən ancaq dermatolojı və allerqik simptomatika  qeyd olunur. Diaqnostika:  – Blastositoz diaqnozunu təstiqləməq üçün nəcis mikroskopik  müayinə olunmalıdır. Profilaktika:  – Suyun qaynadılması, qida məhsulların mükəmməl yuyulması və şəxsi gigiyenaya riayət olunmasından ibarətdir. Müalicə:  – Spesifik dərmanların kompleks şəklində təyini. AMEBİAZ Xəstəliyinin törədicisi Entamoeba hystolytica kimi ibtidayidir. Xəstəlik zamanı yoğun bağırsaqda xoralar əmələ gəlir. Bu xəstəliyə sağlam daşıyıcı və artıq amebiazla xəstə insan başqalarını yoluxtura bilər. Yoluxma:   – Krannan gələn çiy suyun istifadəsi zamanı, çirkli əllər və əşyaların vasitəsilə baş verir. Cinsindən və yaşından asılı olmayaraq yoluxma ehtimalı insanlarda çox yüksəkdir. Simptomlar:  – Xəstəliyin başlanğıcında sulu nəcis sutka ərzində 4-6 dəfə və güclü köpmə müşahidə olunur.  – 3-5 gün ərzində defekasiya aktının (böyuk bayra getmə) sayı dahada artır, nəcisdə selik əmələ gəlir və qarının aşağı hissələrində sağ və sol tərəfdə kəskin ağrılarla müşayət edilir.  – Beş gündən sonra artıq qan qarışığı ilə jele şəklində sutka ərzində 20 dəfəyə qədər nəcis ifrazı qeydə alınır.  – Qarın köpür, dil qalın ərplə örtülür.  – Aldadıcı böyük bayra getmə istəyi – tenezmalar yaranır.  – Amebiaz bağırsaqlardan başqa qara ciyəri, ağ ciyərləri, dərini zədələyə bilər. Diaqnostika:  – Amebiaz diaqnozunu təstiqləməq üçün nəcis mikroskopik müayinə olunmalıdır. Müalicə:  – Konservativ olur (xüsusi dərmanlar vasitəsilə). Müalicəsiz bu xəstəlik ölümlə nəticələnə bilər. Profilaktika:  – Kran suyundan və başqa yoxlanılmamış çiy sulardan qəti içmək olmaz, şəxsi gigiyenaya riayət olunmalıdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 25.01.2018

Osteogenesis imperfecta – natamam osteogenez və ya kövrək sümüklər xəstəliyi
 hekimtap.az

Osteogenesis imperfecta – natamam osteogenez və ya...

Osteoporozun ən çox yayılmış genetik səbəbi olub, birləşdirici toxumanın generəlizə olunmuş xəstəliyidir. Bətndaxili dövrdə inkişaf edən letal formalardan başlayaraq, yetkin yaşlarda aşkarlanan yüngül formalara qədər mövcuddur. Tip 1 kollagenin kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində baş verir. Tip 1 kollagen dəri və sümük ekstrasellular matriksinin əsas komponentidir. Patologiya zamanı sümük matriksində defektiv tip 1 kollagen, çoxlu 3 və 4 tip kollagen olur. Sümük hüceyrələrində anormal osteoblast differensiasiyası və sümüyü rezorbsiya edən osteoklastların aktivliyinin artması qeyd olunur. Sümüklər yüngül zədədən qırılır. Ağır formalarda uşaqlar çoxsaylı qınıqlarla dünyaya gəlir. Sınıqlarla yanaşı mavi sklera, karlıq da ola bilər. Xəstəliyin bir neçə tipi var: 1. Tip 1 – yüngül 2. Tip 2 – perinatal letal 3. Tip 3 – proqressiv deformasiya edici 4. Tip 4 – orta ağır və s. DNT sekanslama vasitəsilə diaqnoz qoyulur. Mutasiyanın aşkarlanması ailənin uşaqlarında patologiyanı vaxtında aşkarlayıb hamiləliyi planlaşdırmağa kömək edir.ağır formaların diaqnozu bətndaxili dövrün 16-cı həftəsindən etibarənUSM vasitəsilə qoyula bilər. ALP (qələvi fosfotazanın) normal və ya yüksək olması hipofosfataziyadan fərqləndirməyə imkan verir. Xəstəliyin ağırlaşmasının və ölümün səbəbi kardiopulmonar sistemdir. Nevroloji ağırlaşmalar beyin kötüyünün sıxılması, bazilyar invaginasiya və s. kimi ola bilər. Tam sağalma olmasa da yüngül formalarında yaş artdıqca sınmalar azalır. Müalicə zamanı ortopedik nəzarətlə yanaşı fiziki rehabilitasiya effektiv olur. Bəzi hallarda boy hormou ilə müalicə sümük histologiyasına müsbət təsir edir. Bisfosfonatlarla müalicə effektivdir. Pamidronat intra venoz şəkildə 2-3 il ərzində periodik təkrarlanan kurslarla verilə bilər. Bəzi tədqiqatlara görə bu müalicə sınıqları azaltmasa da sümük ağrılarını azaldır, həyat keyfiyyətinin yaxşılaşmasına kömək edir, eləcə də sümük sıxlığının artmasına və fəqərəarası məsafələrin azalmasına səbəb olur. Ölkəmizdə də bu xəstəliyə çox rast gəlinir. Lakin vaxtında aşkarlanmır, kalsium preparatları ilə nəticəsiz olaraq müalicə olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Опубликовано: 20.01.2018

Spinner