mədə xorası və onun müalicəsi

Mədə xorası və onun müalicəsi

Mədə xorası nədir? Mədə xorası xroniki xəstəlik olub, mədənin selikli qişasının trofik pozuntusu ilə xarakterizə edilir. Daha çox 20-50 yaş arası kişilərdə rast gəlinir. Xəstəlik yaz və payız mövsümlərində tez-tez residiv edir. Mədə xorasının yaranma səbəbi əksər hallarda əsəb sistemini gərginləşdirən streslər hesab olunur. Belə ki, bu, mədə-bağırsaq traktının əzələ və damarlarının spazmına gətirib çıxarır. Lakin xoranın başlıca yaranma səbəbi “Helicobacter Pylori” bakteriyası, eləcə də mədənin müdafiə mexanizmləri və aqressiv faktorlar arasındakı balansın pozulmasıdır. Bu zaman mədənin ifraz etdiyi selik, pepsin (zülalların həzminə cavabdeh olan ferment) və duz turşusunun öhdəsindən gələ bilmir. Statistika göstərir ki, dünya əhalisinin 14%-i mədə xorasından əziyyət çəkir. Mədə xorasının əlamətləri hansılardır? Mədə xorasının başlıca əlaməti qarının yuxarı nahiyəsində yaranan ağrılardır. Bu, daha çox yeməkarası baş verir, ağrılar həmçinin, pasiyenti gecələr də narahat edib, onu qidaya meyilli edə bilər. Ağrı adətən, yeməkdən 30 dəq. sonra dayanır.  Bundan başqa, qida qəbulundan sonra yaranan ürəkbulanma, yeməkdən sonra ağırlıq hissinin yaranması, qusma, iştahanın və bədən kütləsinin azalması, qıcqırma da xəstəliyin əlamətləri ola bilər. Bəzən pasiyentlər qəbizlikdən şikayət edirlər, ishal isə mədə xorası xəstəliyi üçün atipik simtom hesab edilir. Xəstəliyin xarici əlamətləri kimi dilin üzərində əmələ gələn boz rəngli ərpi qeyd etmək olar. Bu, praktiki olaraq, həmişə mədə-bağırsaq traktı problemlərindən xəbər verir. Mədə xorasının yaranma səbəbləri Sübut olunub ki, mədə xorası “Helicobacter Pylori” bakteriyasına yoluxma nəticəsində (75%-ə qədər hallarda) yaranır. Bundan başqa, xəstəliyə digər faktorlar da səbəb ola bilər. Buraya aiddir: Bəzi dərmanların uzun müddət qəbulu; Digər xəstəliklər - vərəm, şəkərli diabet, Kron xəstəliyi, hiperparatireoz, ağciyər xərçəngi, hepatit, qaraciyər sirrozu, pankreatit, sifilis və s.; Mədə travmaları - qanın zəhərlənməsi, istənilən şok vəziyyətləri, bədən səthinin yanıqları və donmalar; Streslər, qeyri-düzgün qidalanma, pis vərdişlər, qeyri-stabil emosional vəziyyətlər; İrsi faktorlar və s.   Mədə xorasının diaqnostikası aşağıdakı kimi aparılır:   Xəstəliyin diaqnostikası üçün bir sıra müayinələr həyata keçirilir. Buraya aiddir: Endoskopik müayinə (qızıl standart hesab edilir). Bu müayinə üsulu ilə xora defektinin lokalizasiyası, dərinliyi, forma və ölçüləri dəqiqləşdirilir, habelə, zədələnmiş orqanın divarlarından histoloji müayinə üçün biopsiya götürülür, məqsəd bədxassəli xüsusiyyətləri istisna etməkdir.  PH-metriya - mədənin turşuluq yaratma funksiyasını müəyyən etmək üçün nəzərdə tutulub.   “Helicobacter pylori” infeksiyasının müayinəsi. Mədə xorasının müalicə üsulları Bu xəstəliyi yalnız bir dərman vasitəsi ilə müalicə etmək mümkün deyil, terapiya kompleks yanaşma tələb edir. İlk növbədə “Helicobacter Pylori” bakteriyasını neytrallaşdırmaq lazımdır. Daha sonra mədə şirəsinin turşuluğunu aşağı salmaq vacibdir. Bunun sayəsində bir sıra xoşagəlməz simptomları (məs., gəyirmə, qıcqırma və ürəkbulanma) aradan qaldırmaq və ağırlaşmaların qarşısını almaq mümkündür. Antibakterial terapiya Hazırda mədə xorası xəstələrinə maksimum iki kurs antibakterial terapiya təyin edilir. Cərrahi müalicə Bəzən mədə xorasını yalnız konservativ müalicə ilə aradan qaldırmaq mümkün olmur. Belə olan halda, əməliyyat göstərişdir. Cərrahi müdaxilə yalnız konkret göstərişlərin əsasında həyata keçirilir, xüsusən də, medikamentoz müalicə lazımi effekt vermədikdə. Həmçinin, dərman preparatlarının qəbulu nəticəsində ağırlaşma riski böyük olarsa, cərrahi müdaxilə tövsiyə olunur.   Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 27.11.2018

ptoz və ya göz qapağı sallanması

Ptoz və ya göz qapağı sallanması

Ptoz nədir? Ptoz və ya göz qapağı sallanması tez-tez rast gəlinən oftalmoloji xəstəlikdir. Bu, anadangəlmə defekt  olmaqla yanaşı, göz xəstəliyi, eləcə də travmalar nəticəsində  yarana bilər. Yaşlı adamlarda daha çox rast gəlinir. Normada yuxarı göz qapağı gözün qüzeyli qişasını 1.5 mm örtür. Əgər qapaq qüzeyin yuxarı kənarından 2 mm-dən çox aşağı düşərsə, bu, göz qapağının sallanması deməkdir. Qapağın sallanması gözü cüzi, yaxud da tam örtə bilər.  Ptozun yaradan səbəblər Əksər hallarda ptoza səbəb, yuxarı göz qapağı əzələsinin zəifliyi, dartılması və nazilməsi, bu əzələnin işləməsinə cavabdeh olan sinirin patologiyası olur. Ptozun əlamətləri hansılardır? Patologiya özünü  aşağıdakı əlamətlərlə büruzə verir: Göz yarığı ölçülərinin asimmetriyası; Bir və ya hər iki yuxarı göz qapağının aşağı enməsi; Qapaqların mütəhərrikliyinin qəfil məhdudlaşması; Görmədə ikiləşmə; Gözlərin yorulması və qıcıqlanması. Ptozun diaqnostikası necə aparılır? Ptozun ifadə olunması yuxarı ğöz qapağının bəbəyə nisbətən vəziyyəti ilə dəyərləndirilir. Əgər yuxarı qapağın kirpik sərhəddi gözlər açıq olan halda bəbəyin 1/3-ni örtərsə, bu, I dərəcəli, 2/3-nü tutarsa, II dərəcəli, göstərici 2/3-dən çox olarsa, III dərəcəli  ptoz hesab olunur. İfadə olunmuş ptoz görmə sisteminin normal finksiya göstərməsinə mane olur. Pasiyentlər tez-tez alın əzələsini gərginləşdirir və yaxşı görmək üçün başlarını arxaya əyirlər. Onlar göz qırpmaqda çətinlik çəkir, bu isə gözlərin normadan artıq yorulmasına, qıcıqlanmasına və infeksiyalaşmasına gətirib çıxarır.      Ptoz necə müalicə olunur? Əksər hallarda ptozun müalicəsi cərrahi yolla həyata keçirilir. II dərəcəli, xüsusən də III dərəcəli ptoz zamanı əməliyyat olunmazsa, göz bəbəyini örtən qapaq görməni zəiflədir, iki gözlə tam görməni qetri-mümkün edir. Bu isə tədricən çəpgözlüyə gətirib çıxara bilər. Qapağın sallanması simptomatik olarsa, ptoza səbəb olan əsas xəstəliyin müalicəsi müsbət nəticə verməsi mümkündür.  Cərrahi müalicə vasitəsilə yuxarı göz qapağını qaldıran əzələ və ya bu əzələnin aponevrozu qısaldılır. Əməliyyat ambulator şəraitdə, yerli anesteziya ilə həyata keçirilir. Cərrahi müalicə gözəl effekt verir və estetik baxımdan heç bir narahatçılıq yaratmır.    Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 13.11.2018

mədə və onikibarmaq bağırsaqda xora xəstəliyi

Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi

Xora xəstəliyi nədir? Xora xəstəliyi - xroniki xəstəlik olub, mədə və ya onikibarmaq bağırsaqda xoranın residivi ilə özünü göstərir. Adatən, xora qastrit (mədənin selikli qişasının iltihabı) və ya duodenit (onikibarmaq bağırsağın selikli qişasının iltihabı) fonunda  əmələ gəlir. Hər iki patologiyanın əsas səbəbi “Helicobacter pylori” infeksiyasıdır.   Xora xəstəliyi istənilən yaşda yarana bilər, lakin patologiya daha çox 30-40 yaşlı kişilərdə əmələ gəlir, kişilərdə xəstəlik qadınlara nisbətən  6-7 dəfə çox rast gəlinir.   Xora xəstəliklərinin yaranma səbəbləri  Xora, eroziya və iltihab nəticəsində selikli qişanın zədələnməsi aqressiya faktorlarını (duz turşusu, pepsin, öd turşu) gücləndirir. Burada əsas rolu “Helicobacter pylori” infeksiyası oynayır. Bu mikroorqanizmlər selikli qişanın iltihabına səbəb olaraq, yerli müdafiə faktorlarını sıradan çıxarır və turşuluğu artırır. Xəstəliyin başlıca yaranma faktorları aşağıdakılardır: Uzun müddətli əsəbi-emosional gərginlik; Genetik meyillilik; Xroniki qastrit və ya duodenitin olması; Qida rejiminin pozulması; Tünd spirtli içkilərin qəbulu, tütün istifadəsi; Bəzi dərman preparatlarının (asetilsalisil turşusu, indometasin və s.) qəbulu. Xora xəstəliyinin əlamətləri Xora xəstəliyinin yaranmasından xəbər verən ilkin əlamət - qarnın yuxarı nahiyəsində yaranan ağrıdır. Bu, daha çox yeməkarası baş verir, ağrı həmçinin, pasiyenti gecələr də narahat edib, onu qidaya meyilli edə bilər. Ağrı adətən, yeməkdən 30 dəq. sonra dayanır.  Nisbətən az rast gəlinən əlamətlər - qida qəbulundan sonra yaranan ürəkbulanma, yeməkdən sonra ağırlıq hissinin yaranması, qusma, iştahanın və bədən kütləsinin azalması, qıcqırmadır.   Xora xəstəliyinin diaqnostikası Xora xəstəliyinin diaqnostikası üçün bir sıra müayinələr aparılır. Buraya aiddir: Qarın boşluğunun rentgenoqrafiyası; Endoskopik müayinə. Bu müayinə üsulu ilə xora defektinin lokalizasiyası, dərinliyi, forma və ölçüləri dəqiqləşdirilir, habelə, zədələnmiş orqanın divarlarından histoloji müayinə üçün biopsiya götürülür, məqsəd - bədxassəli xüsusiyyətləri istisna etməkdir.  PH-metriya - mədənin turşuluq yaratma funksiyasını müəyyən etmək üçün nəzərdə tutulub.   “Helicobacter pylori” infeksiyasının müayinəsi. Xora xəstəliyinin müalicəsi Xora xəstəliyinin medikamentoz müalicəsi mütləq olaraq, mədədə duz turşusunun azaldılmasına yönəldilir. Xoranın törədicisi “Helicobacter  рylori” olduğu təqdirdə, ən azı 7 gün müddətinə əlavə antibiotiklər təyin edilir.  DƏYƏRLİ OXUCULAR, GƏLƏCƏKDƏ MƏDƏ VƏ ONİKIBARMAQ XORA XƏSTƏLİKLƏRİNƏ DAIR AYRI-AYRILIQDA MƏQALƏLƏR HƏSR OLUNACAQ. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 30.10.2018

göz yaşı aparatı xəstəlikləri və onların müalicəsi

Göz yaşı aparatı xəstəlikləri - aqressiv və təhlükəli

Xəstəliyin ümumi təsviri Göz yaşı aparatı xəstəliyi çox geniş yayılmış və təhlükəli patologiyadır. Göz yaşı aparatı emosiyaları ifadə etməklə yanaşı, xüsusi maye vasitəsilə gözləri təbii yolla təmizləyir. Müxtəlif hisslər (kədər, sevinc və s.) keçirərkən insan göz yaşı axıdır. Bu emosional vərdişlərə köklənmiş göz sistemi - göz yaşı vəzisindən, göz yaşı yollarından və çıxarıcı axarlardan ibarətdir.  Müasir oftalmologiyaya məlum olan göz yaşı aparatı xəstəlikləri gözün bir və ya bütün sistemlərinə  zərər yetirə bilər. Bu xəstəliklərə aiddir: Dakrioadenit  - göz yaşı selikli qişasının iltihabı; Epifora - göz yaşının həddindən artıq ifraz olunması; Stenoz -  göz yaşı axarlarının daralması və ya iltihabı. Patologiya niyə yaranır? Göz yaşı vəzilərinin xəstəlikləri anadangəlmə, göz aparatının ananormal quruluşu, yaxud da hər hansı iltihabi xəstəlik  (məsələn, qrip, skarlatina və s.), travma və ya şişlər səbəbindən yarana bilər.  Göz yaşı aparatının daha bir və ən geniş yayılmış səbəblərindən biri də yad cismlərdir (tilişkə, qurdlar, kirpik və s.). Göz yaşı kanallarının anadangəlmə formalaşmaması da mümkündür və bu, adıçəkilən xəstəliklərin yaranmasında başlıca amil kimi çıxış edə bilər.  Xəstəlik özünü bu cür büruzə verir Əgər yeni doğulmuş körpədə yuxarı göz qapaqları şişkindirsə, göz yaşları dayanmadan axırsa və ya ümumiyyətlə, yoxdursa bu, göz yaşı sisteminin anadangəlmə qüsurundan şübhələnmək üçün tutarlı əsasdır.  Gözlərin kəskin iltihabına daha çox uşaqlarda və gənclərdə rast gəlinir. Göz yaşı vəzisinin iltihabı həm birtərəfli, həm də ikitərəfli ola bilər. Bəzi hallarda xəstəlik tüpürcək vəzisinə kimi inkişaf edir.   Bu patologiyanı göz qapağının (yuxarı) şişkinliyi və ağrısı vasitəsilə müəyyənləşdirmək mümkündür. Şişkinlik ciddi olduqda, gözü açmaq çətinləşir, göz almaları yerini dəyişir və onların hərəkəliliyi zəifləyir. Həmçinin, yanaşı gedən simptomları (göz yaşı aparatının xəstəlikləri) müşahidə edilə bilər. Məsələn, baş ağrısı, yuxunun və iştahanın pozulması, hərarətin qəfil qalxması.  Çıxarıcı yolların xəstəliklərini külək və ya soyuqda göz yaşının davamlı axmasından da ayırd etmək mümkündür. Belə olan təqdirdə, göz qapağının rəngi qızarır.   Xəstəlik özünü bu cür büruzə verir Yekun diaqnozu təcrübəli həkim-oftalmoloq müayinə və pasiyentlə söhbət nəticələrinə uyğun qoyur. Zədələnmə nahiyələrini dəqiqləşdirmək üçün  göz yaşı kanalına çox kiçik şprislə rəngləyici maye yeridilir,  geri qayıdan mayenin əsasında göz yaşı axarlarında zədələnmənin olub-olmaması, habelə lokalizasiyası müəyyənləşdirilir.  Şiş və travmaları aşkar etmək üçün rentgen müayinəsindən də istifadə oluna bilər.  Göz yaşı aparatı xəstəliklərinin müalicəsi çox vacibdir Göz yaşı aparatı xəstəliklərini vaxtında və xətaya yol vermədən müalicə etmək lazımdır. Əks halda, göz yaşının toplanması irinləməyə və bunun hətta, baş beyinədək irəliləməsi baş verə bilər. Müalicə fizioterapevtik prosedurlardan, maz və damcılardan ibarətdir. Bütün müalicələr xəstəliyə səbəb olan faktorların aradan qaldırılmasına yönəldilir. Yaşçıxarıcı aparıtın müalicəsi əsas səbəbin aradan qaldırılması və ümumi möhkəmləndirici terapiya üzərində qurulur. Həmçinin, operativ müdaxilə və göz yaşı axarlarının süni yolla genişləndirilməsi də tələb oluna bilər. Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 30.10.2018

pterigium nədir

Pterigium nədir?

Pterigium - gözün selikli qişasının qırmızı və ağ rəngli anomal böyüməsinə və onun əsasən, nazal tərəfdən buynuz qişa ilə birləşməsinə deyilir. Bu, həmçinin, gözün ön tərəfində və ya hər iki gözdə baş verə bilər.  Qanadvari pərdənin böyüməsi zamanı ağrı simptomları müşahidə edilmir, patologiya onun ölçülərindən asılıdır: pterigium nə qədər çox böyüyərsə, diskomfort (məsələn, gözlərin yaşarması, gıcıqlanması, qızarması və ya gözdə yad cismin olması hissi) bir o qədər artıq hiss edilir. Daha ağır hallarda görmədə təhlükə yarana bilər, belə ki, pterigion buynuz qişanı daha çox hissəsini əhatə edir, bu isə astiqmatizmin əmələ gəlməsinə gətirib çıxara bilər.  Pterigiumun yaranma səbəbəri Pterigiumun yaranma səbəbləri məlum deyil, lakin əsas risk faktoru kimi günəş şüalarının gözlərə uzunmüddətli təsiri və gözlərin quruluğu qəbul olunub. Beləliklə, pterigiumun açıq havada normadan artıq olan və isti, küləkli iqlimdə yaşayan insanlarda əmələ gəlmə riski daha çoxdur. Çirklənmiş ətraf mühit, toz, çirk, allergen və kimyəvi maddələrin təsiri də bu xəstəliyin yaranmasına təkan verir.  Pterigiumun əlamətləri İlkin mərhələdə pasiyent demək olar ki, heç bir diskomfort hiss etmir.  Pterigium inkişaf etdikcə, yad cismin olması hissi, gözlərin quruması və qıcıqlanması qeyd olunur. Dəyişmiş konyuktivanın iltihabı ödem, qızarma, göynəmə, yaşarma ilə müşayiət edilir.  Pterigiumun diaqnostikası Xəstəliyin diaqnostikası üçün heç bir xüsusi avadanlığa ehtiyac yixdur və o ,adətən göz və kirpiklərin müayinəsi ilə müəyyənləşdirilir.  Pterigiumun müalicəsi və profilaktikası Pterigiumun ölçüləri böyük olmazsa, adətən, müalicə tələb etmir, lakin diskomfort hissini azaltmaq üçün nəmləndirici göz damcılarından istifadə edə bilərsiniz. Yəni patologiyanın heç bir medikamentoz müalicəsi yoxdur.  Əgər pterigium böyüyərək, görmə nahiyəsinə çatarsa, cərrahi müdaxilə tələb olunur. Bu zaman konyuktivanın zədələnmiş hissəsi aradan qaldırılır və o, pasiyentin sağlam konyuktiva toxuması ilə əvəz edilir (konyuktiv autotransplantant).  Bu əməliyyat yüksək dəqiqliklə həyata keçirilməlidir ki, zədələnmiş nahiyə tamamilə aradan qaldırılsın və residivin qarşısı alınsın.  Pterigiumun ən yaxşı profilaktikası gözlərin ultrabənövşəyi şüalardan keyfiyyətli qorunmasıdır. Belə ki, qanadvari pərdənin yaranmasına başlıca səbəb məhz budur.  Bundan başqa, cərrahi müdaxilə tələb etməyən pterigium artıq mücuddursa, həkim-oftalmoloq bunu daim nəzarətdə saxlamalı və heç bir böyümənin olmadığını qeyd etməlidir.   Digər tərəfdən, əgər böyümə inkişaf edərsə, həkimin nəzarəti vaxtında diaqnostikaya və pterigiumun görməyə sirayət etməzdən əvvəl aradan qaldırılmasına şərait yaradar.  Bundan başqa, əvvəllər pterigiumdan əziyyət çəkmiş pasiyentlər istənilən dəyişikliklərə qarşı diqqətli olmalı və hər hansı simtom yaranarsa, mütləq oftalmoloqa müraciət etməlidirlər. Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 25.10.2018

uşaqlarda göbək yırtıqları haqqında vacib məlumatlar

Uşaqlarda göbək yırtıqları haqqında vacib məlumatlar

Uşaqlarda göbək yırtığı necə əmələ gəlir, səbəbləri nələrdir? Uşaqlarda göbək yırtığının yaranma səbəbi hamiləlik dövründə qarının ön divarındaki toxumaların göbək ətrafında tam olaraq birləşməməsidir. Nəticədə açıq qalan deffektdən yırtıq əmələ gəlir. Vaxtında doğulan uşaqların 20-25%-də kiçik də olsa göbək yırtığı vardır. Yarımçıq doğulan və xüsusi ilə çəkisi 1500 qramdan az olan uşaqların isə təxminən 70-75%-i göbək yırtığı ilə dünyaya gəlirlər. Yaranma səbəbləri arasında az da olsa xromosom xəstəlikləri (Down sindiromu, Beckwith Wiedemann sindiromu və s.) və tiroidin (qalxanabənzər vəz) anadangəlmə xəstəlikləri də vardır. Diaqnozu necə qoyulur? Adətən göbək düşdükdən sonra, uşaq ağladığı zaman göbək nahiyyəsindən qabaran şişliyin görünməsi ilə diaqnoz qoyulur. Deffektin ölçüsünü təyin etmək üçün ultrasəs muayinəsi edilməlidir. Qasıq yırtıqları kimi boğulma təhlükəsi varmı? Xeyir göbək yırtıqlarında boğulma risqi çox azdır - 0.7-1 %-dir. Yırtıq möhtəviyyatı isə bağırsaqlar və piylik olur. Əməliyyat edilməzsə öz-özündən bağlana bilərmi? Göbək yırtıqlarında iki yanaşma şəkli var: 1-ci əməliyyat etmədən izləmək. 2-ci əməliyyat etmək. Uşaqlarda  göbək yırtıqları 4-5 yaşına qədər və heç bir müdaxilə etmədən öz-özlüyündən bağlana bilər. Təqribən 70%-i ilk bir il içərisində öz-özündən qapanır. Ancaq bu hal bütün göbək yırtıqlarına şamil edilə bilməz. Bəs hansı hallarda mütləq əməliyyat edilməlidir? Göbək yırtıqlarında əməliyyat qərarı əsasən deffektin ölçüsünə görə verilir. Əgər göbək yırtığının boylama ölçüsü 2.5 sm-dən genişdirsə 2 yaşına qədər izləyib əməliyyat etmək lazımdır, çünki deffekt geniş olduğu üçün öz-özündən bağlanma ehtimalı  demək olar ki, yoxdur. 4 yaşında bir uşaqda göbək deffektinin ölçüsü 1.5 sm-dən böyükdürsə mütləq əməliyyat edilməlidir. 1.5 sm-dən kiçikdirsə yeniyetmə dövrünə qədər izlənilə bilər. Göbək yırtıqları boğularsa öncə reduksiya etməyə çalışılmalıdır, əgər reduksiya olarsa planlı şəkildə-olmazsa təcili olaraq əməliyyat edilməlidir.  Göbəyin üzərini bağlamağın, metal əşya (qəpik) qoymağın faydası varmı? Əlbəttə ki, xeyir. Bu tip müdaxilələrin deffektin bağlanmasında heç bir faydası olmaz. Tam əksinə dərini zədələyərək bağırsaqların qarın boşluğundan dəri səthinə çıxmasına səbəb ola bilər. Əməliyyat necə aparılır? Əməliyyat ümumi anesteziya ilə icra edilir. Göbək nahiyyəsində kiçik bir kəsik edilməklə deffekt bağlanılır və xəstə eyni gün içərisində evə göndərilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 22.10.2018

reflüks xəstəliyi 

Reflüks xəstəliyi - yaranma səbəbləri, müayinə və...

Reflüks xəstəliyi - yaranma səbəbləri, müayinə və müalicəsi Mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsi reflüks xəstəliyi adlandırılır. Reflüks xəstəliyi tez-tez rast gəlinən  xəstəliklərdən sayılır. Reflüks zamanı mədədəki maddələr qida borusuna atılır, bu isə normal deyil, belə ki, qida borusu, qidanın geriyə deyil, mədəyə daxil etmək funksiyasını daşıyan orqandır.  Özü-özlüyündə qastroezofageal reflüks patoloji proses deyil. Sağlam adamda reflüks gün ərzində bir neçə dəfə rast gəlinə bilər  (məsələn, yağlı yeməkdən sonra). Yəni, günə bir-iki reflüks normal sayılır. Lakin reflüks müntəzəm olaraq özünü göstərirsə və bu, mədədəki maddələrin çoxlu miqdarda xaric olunması ilə müşayiət olunursa, artıq söhbət ciddi patologiyadan gedir. Belə əlamətlər qida borusu iltihabına və bir sıra başqa simptomlara gətirib çıxara bilər.  Reflüks daha çox yaşlı insanlara aid xəstəlikdir, kişilərdə qadınlara nisbətən 2 dəfə çox rast gəlinir. Reflüks xəstəliyi - risk faktorları Reflüks xəstəliyinin yaranmasına bir sıra faktorlar səbəb ola bilər. Buraya aiddir: Mədənin xora xəstəliyi və ya qastrit; Diafraqmanın qida borusu hissəsinin yırtığı; Aşağı qida borusu sfinkterinin tonusunu aşağı salan preparatların qəbulu. Bundan başqa, aşağıdakıların yan təsirləri də reflüks xəstəliyinə təkan verə bilər: Tütün istifadəsi; Hamiləlik; İnfeksion xəstəliklər; Mədə şişləri; Xroniki pankreatit və ya xolesistit; Spirtli içkilər və s.  Patologiyanı necə ayırd etməli Reflüks xəstəliyinin əsas əlaməti qıcqırmadır. Bu, pasiyentlərin təqribən 80%-də rast gəlinir. Xəstəlik tez-tez gəyirmə (bəzən turş və ya acı tamlı), bəzən isə sinədə ağrı ilə (əsasən də qida qəbulundan sonra), gecələr çox miqdarda tüpürcək ifrazı ilə özünü göstərir.  Reflüksun diaqnostikası bu cür aparılır Reflüks xəstəliyinə şübhə yaranarsa, xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirmək məqsədilə bir sıra diaqnostik prosedurların həyata keçirilməsi vacibdir. Əsas prosedur - qida borusu səthinin və mədənin endoskop vasitəsilə müayinəsidir. Həmçinin, rentgenoloji müayinə, mədə daxili maddələrin turşuluğunun müəyyənləşdirilməsi, manometriya, billimetriya, stintiqrafiya və s. tətbiq oluna bilər.  Xəstəliyinin müalicə üsulları hansılardır? Reflüks xəstəliyi əksər hallarda konservativ metodlarla müalicə edilir. Konservativ müalicə üsulları iki qrupa ayrılır - medikamentoz və qeyri-medikamentoz. Medikamentoz müalicə Reflüks xəstəliyinin müalicəsi əsasən, aşağıdakı preparatlarla aparılır: Prokinetiklər, Antasidlər, Proton nasosu inhibitorları, Histamin reseptorları blokatorları və xolinoblokatorlar.   Qeyri-medikamentoz müalicə Reflüks xəstəliyini yalnız  dərman preparatları ilə müalicə etmək mümkün deyil. Qeyri-medikamentoz müalicə metodlarına pəhriz saxlama, həyat tərzi və qida vərdişlərinin dəyişdirilməsi də aiddir.  Reflükslə bağlı simptomların xoşagəlməz simptomlarını aradan qaldırmaq üçün rasiondan bir sıra məhsulların çıxarılması tövsiyə edilir. Buraya daxildir: qazlı içkilər, kəskin dadlı qidalar, kofe, kakao, alkohol, yağlı və qızardılmış qidalar, ədvalar, çox soyuq və ya çox isti qidalar, göbələklər, paxlalılar. Bunlardan başqa, artıq çəkinin və stress vəziyyətlərinin azaldılması da vacib tədbirlərdən sayılır. Ağır hallarda reflüks xəstəliyi cərrahi üsulla aradan qaldırılır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Paylaşıldı: 16.10.2018

hepatit c qastroenteroloq ülvi ibrahimov

Hepatit C

Hepatit C nədir? Hepatit C, virus hepatitləri arasında ən təhlükəlisi sayılır. Bu virus orqanizmin hepatit C virusu ilə yoluxması nəticəsində baş verən qaraciyər xəstəliyidir.  Hepatit C virusunun çoxalması və qaraciyər toxumalarının zədələnməsi nəticəsində patoloji proseslər inkişaf edə, qaraciyər sirrozu və qaraciyər xərcəngi yarana bilər.  Xəstəliyin daha bir təhlükəsi onun ilkin simptomlarının olmamasıdır - onlar bir qayda olaraq, ifadə olunmur (buna görə xəstəliyə “mülayim qatil” adı da veriblər), infeksiya gizli inkişaf edir. Peyvəndi isə hələ ki, mövcud deyil. Statistikaya görə, hepatit C dünyada hər il 350 minə yaxın insanın ölümünə səbəb olur. Hepatit C-nin əlamətləri Qeyd olunduğu kimi, hepatit C-nin ilkin əlamətləri çox zəif müşahidə olunur və yaxud, ümumiyyətlə müşahidə olunmur. Bu, orqanizmin müqavimətindən asılıdır. Adətən ilkin simptomları yoluxmadan 2 həftə - 6 ay sonrası üzə çıxır.  Həkimlər infeksiyadan şübhələndikdə, ilkin diaqnostika kimi qanın seroloji analizi olunmalıdır. Bu müayinə zamanı sizin qanınızda HCV virusunun anticisimlərinin (Anti-HCV antibody) olub olmaması yoxlanılır. Hepatit C-nin ilkin simptomlarına iş qabiliyyətinin aşağı düşməsini, astenik vəziyyəti, yorğunluq hissini aid edirlər. Əsas əlamətlər bunlardır:  – İştahanın pozulması və ya olmaması;  – Ürəkbulanma;  – Ümumi zəiflik, asteniya, əhvalın pisləşməsi;  – Oynaqlarda ağrı;  – Dəri örtüyünün, selikli qişanın, gözlərin ağ qişasının sarımtıl rəng alması;  – Qaraciyər və dalağın ölçülərinin böyüməsi. Hepatit C-yə yoluxma yolları  – Qeyri-steril şprislərlə inyeksiya zamanı;  – Xəstə donorun qan, plazma, orqan və toxumalarının köçürülməsi zamanı;  – Stomatoloji klinikalarda, gözəllik salonlarında, tatu döydürülməsi və s. qeyri-steril alətlərin istifadəsi zamanı;  – Yoluxmuş adamla cinsi akt zamanı;  – Məişət yolu ilə yoluxma: üzqırxan cihazlar, diş fırçalarının istifadəsi zamanı (çox nadir hallarda rast gəlinir);   – Hamiləlik zamanı anadan uşağa yoluxma;  – Qeyri-steril şəraitdə doğuş və əməliyyat prosedurları zamanı. Hepatit C-nin ağırlaşmaları  – Qaraciyər toxumalarının fibrozu;  – Qaraciyər sirrozu;  – Qaraciyər toxumalarının xərçəngi;  – Portal xarakterli hipertenziya;  – Assit, mayenin qarın boşluğuna yığılması;  – Daxili orqanların varikoz genişlənməsi;  – Orqanizmin xroniki intaksikasiyası;  – Qaraciyər ensefalopatiyası;  – Gizli daxili qanaxmalar. Hepatit C-nin müalicəsi Hepatit C-nin müalicə kursuna aşağıdakılar aiddir:  – Preparatlarla virus əleyhinə müalicə;  – Qaraciyər funksiyalarının bərpası üçün dərman preparatlarının qəbulu;  – Qüvvətləndirici təsirə malik preparatların, immunomodulyator və immunostimulyatorların tətbiqi. UNUTMAYIN Kİ, pəhriz qaydalarına, gündəlik rejimə əməl olunmadıqda, habelə, fiziki aktivlik azaldıqda medikamentoz müalicə kursu effekt vermir. Mövzu ilə bağlı video:     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az 

Paylaşıldı: 12.10.2018

Spinner