mədə xorası və onun müalicəsi

Mədə xorası və onun müalicəsi

172
Müəllif: Qastroenteroloq-hepatoloq Ülvi İbrahimov

Paylaşıldı: 27.11.2018
Ülvi İbrahimov

Mədə xorası nədir?

Mədə xorası xroniki xəstəlik olub, mədənin selikli qişasının trofik pozuntusu ilə xarakterizə edilir. Daha çox 20-50 yaş arası kişilərdə rast gəlinir.

Xəstəlik yaz və payız mövsümlərində tez-tez residiv edir.

Mədə xorasının yaranma səbəbi əksər hallarda əsəb sistemini gərginləşdirən streslər hesab olunur. Belə ki, bu, mədə-bağırsaq traktının əzələ və damarlarının spazmına gətirib çıxarır.

Lakin xoranın başlıca yaranma səbəbi “Helicobacter Pylori” bakteriyası, eləcə də mədənin müdafiə mexanizmləri və aqressiv faktorlar arasındakı balansın pozulmasıdır. Bu zaman mədənin ifraz etdiyi selik, pepsin (zülalların həzminə cavabdeh olan ferment) və duz turşusunun öhdəsindən gələ bilmir.

Statistika göstərir ki, dünya əhalisinin 14%-i mədə xorasından əziyyət çəkir.

Mədə xorasının əlamətləri hansılardır?

Mədə xorasının başlıca əlaməti qarının yuxarı nahiyəsində yaranan ağrılardır. Bu, daha çox yeməkarası baş verir, ağrılar həmçinin, pasiyenti gecələr də narahat edib, onu qidaya meyilli edə bilər. Ağrı adətən, yeməkdən 30 dəq. sonra dayanır. 

Bundan başqa, qida qəbulundan sonra yaranan ürəkbulanma, yeməkdən sonra ağırlıq hissinin yaranması, qusma, iştahanın və bədən kütləsinin azalması, qıcqırma da xəstəliyin əlamətləri ola bilər.

Bəzən pasiyentlər qəbizlikdən şikayət edirlər, ishal isə mədə xorası xəstəliyi üçün atipik simtom hesab edilir.

Xəstəliyin xarici əlamətləri kimi dilin üzərində əmələ gələn boz rəngli ərpi qeyd etmək olar. Bu, praktiki olaraq, həmişə mədə-bağırsaq traktı problemlərindən xəbər verir.

Mədə xorasının yaranma səbəbləri

Sübut olunub ki, mədə xorası “Helicobacter Pylori” bakteriyasına yoluxma nəticəsində (75%-ə qədər hallarda) yaranır.

Bundan başqa, xəstəliyə digər faktorlar da səbəb ola bilər.

Buraya aiddir:

  • Bəzi dərmanların uzun müddət qəbulu;
  • Digər xəstəliklər - vərəm, şəkərli diabet, Kron xəstəliyi, hiperparatireoz, ağciyər xərçəngi, hepatit, qaraciyər sirrozu, pankreatit, sifilis və s.;
  • Mədə travmaları - qanın zəhərlənməsi, istənilən şok vəziyyətləri, bədən səthinin yanıqları və donmalar;
  • Streslər, qeyri-düzgün qidalanma, pis vərdişlər, qeyri-stabil emosional vəziyyətlər;
  • İrsi faktorlar və s.
     

Mədə xorasının diaqnostikası aşağıdakı kimi aparılır:
 

Xəstəliyin diaqnostikası üçün bir sıra müayinələr həyata keçirilir.

Buraya aiddir:

  • Endoskopik müayinə (qızıl standart hesab edilir). Bu müayinə üsulu ilə xora defektinin lokalizasiyası, dərinliyi, forma və ölçüləri dəqiqləşdirilir, habelə, zədələnmiş orqanın divarlarından histoloji müayinə üçün biopsiya götürülür, məqsəd bədxassəli xüsusiyyətləri istisna etməkdir. 
  • PH-metriya - mədənin turşuluq yaratma funksiyasını müəyyən etmək üçün nəzərdə tutulub.  
  • “Helicobacter pylori” infeksiyasının müayinəsi.

Mədə xorasının müalicə üsulları

Bu xəstəliyi yalnız bir dərman vasitəsi ilə müalicə etmək mümkün deyil, terapiya kompleks yanaşma tələb edir. İlk növbədə “Helicobacter Pylori” bakteriyasını neytrallaşdırmaq lazımdır. Daha sonra mədə şirəsinin turşuluğunu aşağı salmaq vacibdir. Bunun sayəsində bir sıra xoşagəlməz simptomları (məs., gəyirmə, qıcqırma və ürəkbulanma) aradan qaldırmaq və ağırlaşmaların qarşısını almaq mümkündür.

Antibakterial terapiya

Hazırda mədə xorası xəstələrinə maksimum iki kurs antibakterial terapiya təyin edilir.

Cərrahi müalicə

Bəzən mədə xorasını yalnız konservativ müalicə ilə aradan qaldırmaq mümkün olmur. Belə olan halda, əməliyyat göstərişdir. Cərrahi müdaxilə yalnız konkret göstərişlərin əsasında həyata keçirilir, xüsusən də, medikamentoz müalicə lazımi effekt vermədikdə. Həmçinin, dərman preparatlarının qəbulu nəticəsində ağırlaşma riski böyük olarsa, cərrahi müdaxilə tövsiyə olunur.
 

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az