Aortal stenoz

Aortal stenoz

Aortal stenoz – aorta qapaq taylarının bitişməsi nəticəsində aorta ağzının daralmasıdır. Aortal qapaq dəliyinin sahəsinin 50% və daha artıq daralması qanın sol mədəcikdən aortaya qovulmasına mane olur. Aortal stenozun tezliyi ürəyin bütün qapaq qüsurlarının 25%-ni təşkil edir.  Aortal stenozun səbəbləri Aortal qapaq sahəsinin daralmasının səbəbi 50-80% hallarda revmatizmdir. Digər etioloji faktorlara ateroskleroz, aorta ağzının idiopatik kalsinozu, infeksion endokardit (qapaqlarda trombotik çöküntülərin çapıqlaşması nəticəsində) aiddir.  Aortal stenoz zamanı hemodinamika Aorta qapaq sahəsinin daralması sol mədəcikdən aortaya qanın qovulmasına əhəmiyyətli dərəcədə mane olur. Sol mədəciyin təzyiqlə yüklənməsi artır, yığılma funksiyasının azalması, onun miogen dilatasiyası və nəticədə sol qulaqcığın yüklənməsi baş verir. Artmış təzyiq retroqrad olaraq ağciyər venalarına ötürülür, passiv venoz ağciyər hipertenziyası inkişaf edir. Sağ mədəciyin əhəmiyyətli hipertrofiyası adətən baş vermir. Kompensator olaraq sol mədəcik boşluğunda sistolik təzyiq artır. Sol mədəciklə aorta arasında təzyiq qradiyenti 100-150 mm c.s.-na qədər yüksəlir. Sol mədəciyin əhəmiyyətli konsentrik hipertrofiyası inkişaf edir, sistola uzanır, bradikardiya əmələ gəlir.  Qüsurun kompensasiyasında güclü sol mədəcik əzələsi iştirak edir, ona görə də aortal stenoz üçün uzun müddətli (15-20 il və daha artıq) kompensasiya dövrü xarakterikdir. Hətta fiziki gərginlik zamanı belə sol mədəciyin nasos funksiyası pozulmur. Dekompensasiyanı miokardın işemiyası yaradır (miokard kütləsi ilə koronar tor arasında uyğunsuzluq nəticəsində).  Klinik əlamətlər Xəstənin şikayətləri təngnəfəslik, döş qəfəsində ağrılar, başhərlənmə və bayılmalar, ümumi zəiflik, yorğunluqdan şikayətlənirlər. Sonradan ürək astması və ağciyər ödemi əlamətləri, ürəyin ritm və keçiricilik pozğunluqları da qoşulur. Xəstənin dəri örtükləri avazıyır. Əllə müayinədə ürəyin hüdudlarının sola böyüməsi aşkar olunur. Stetoskopla dinləmədə sistolik küy eşidilir. Nəbz kiçik və yavaşdır. Güclü zirvə vurğusu ilə kiçik nəbz dalğası arasındakı uyğunsuzluq xarakter əlamətdir. Sistolik təzyiq, xüsusilə nəbz təzyiqi azalır.  Diaqnostika Diaqnoz elektrokardioqramma, exokardioqramma, rentgenoqrafiya, fonokardioqramma və sfiqmoqramma (xoruz pipiyi şəkli) müayinələrinə əsasən qoyulur. Diaqnostikada “qızıl standart“ müayinə üsulu bütün qapaq qüsurlarında olduğu kimi exokardioqrafiyadır.  Ağırlaşmalar Əsas ağırlaşmalara beyin qan dövranının pozulması, infeksion endokarditdir. Xəstəliyin simptomları üzə çıxdıqdan sonra xəstənin ömrü 3-4 il və daha az müddətədək qısalır (mitral stenozda bu, 10 ildən çoxdur!). Cərrahi müalicə olunmayan xəstələr bayılmalar və anginoz ağrılar meydana çıxdıqdan sonra orta hesabla 3 il, təngnəfəslik əmələ gəldikdən sonra 2 il və ilk ağciyər ödemindən sonra təxminən 4 ay keçdikdə tələf olurlar. Ölən xəstələrin orta yaş həddi 47-dir.  Aortal stenozun müalicəsi və profilaktikası Dərman müalicəsi aritmiyalara və ürək çatmamazlığına qarşı aparılır. Protez qapaqlar qoyulduqdan sonra ömür boyu antikoaqulyant dərmanlar qəbul edilməlidir. Cərrahi müdaxiləyə göstərişlər təzyiq qradiyentinin 50 mm c.s.-dan çox olması və aortal qapaq dəliyinin sahəsinin 0.75 kv.sm və daha az olmasıdır. Cərrahi müalicə olunmuş xəstələrin 10 illik yaşama göstəricisi 60-70% təşkil edir. Revmatik atakların profilaktikası aparılmalıdır. Qüsurun hətta simptomsuz gedişində də ağır fiziki gərginlik aradan qaldırılmalıdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 13.05.2020

AORTAL QAPAQ ÇATMAMAZLIĞI

AORTAL QAPAQ ÇATMAMAZLIĞI

Aortal qapaq çatmamazlığı – aortanın aypara qapaqlarının büzülmə və ya dağılma nəticəsində tam bağlana bilməməsidir. Bu qüsur izoləolunmuş şəkildə 9-14%, aortal stenozla birlikdə müştərək şəkildə 55-60% hallarda rast gəlinir.  Aortal çatmamazlığın səbəbləri 70% hallarda əsas səbəb revmatizmdir, əksər xəstələrdə aortal stenozla və mitral qüsurlarla müştərək şəkildə rast gəlinir. Digər etioloji faktorlar infeksion endokardit, sifilitik aortit, aorta aterosklerozu, aortanın laylı anevrizması, Marfan sindromu, döş qəfəsinin travmaları və s.-dir. Hipertoniya xəstəliyi zamanı aorta mənsəbinin genişlənməsi nəticəsində nisbi aortal çatmamazlıq əmələ gəlir.  Aortal çatmamazlıq zamanı hemodinamika  Diastola zamanı qanın bir hissəsi (5%-dən 50%-ə qədər) aortadan sol mədəciyə qayıdır və sol qulaqcıqdan daxil olan qana qarışır. Bunun nəticəsində sol mədəcik həcmlə yüklənir, bu isə onun kompensator tonogen dilatasiyasına gətirib çıxarır. Sistola zamanı sol mədəcik aortaya artıq qan kütləsi qovur, aortada kəskin təzyiq dəyişiklikləri baş verir.  Sistola uzanır, diastola isə, əksinə, qısalır (aortadan qanın sol mədəciyə geri qayıtmasını azaltmaq üçün), taxikardiya əmələ gəlir. Dekompensasiya zamanı sol mədəciyin miogen (əzələ) dilatasiyası inkişaf edir, bu isə sol qulaqcığın hipertrofiyasına səbəb olur. Sol mədəciyin dilatasiyası artdıqca nisbi mitral qapaq çatmamazlığı inkişaf edir, sol qulaqcıq genişlənir. Passiv ağciyər hipertenziyası, sonra da sağ mədəcik çatmamazlığı inkişaf edir.  Diastolada koronar arteriyalarda təzyiq aşağı olduğu üçün genişlənmiş sol mədəciyin artmış oksigen təchizatı təmin olunmur, nəticədə miokardın işemiyası yaranır və aortal çatmamazlığın dekompensasiyası baş verir. Klinik əlamətlər Erkən mərhələdə əsas şikayətlər arteriyalarda pulsasiyanın hiss edilməsi, ürəkdöyünmə, başhərlənmə, bayılma, ürək nahiyəsində ağrılardır. Sonradan buraya təngnəfəslik, sağ qabırğaaltında ağrılar, periferik ödemlər qoşulur. Xəstədə dəri örtüklərinin avazıması, yuxu arteriyalarının kəskin pulsasiyası (“karotid rəqsi“), aorta qövsünün pulsasiyası (başın əsməsi – Müsse simptomu), badamcıqların pulsasiyası (Müller simptomu), göz bəbəklərinin pulsasiyası (Landolfi simptomu), psevdokapilyar Kvinke nəbzi müşahidə olunur. Auskultasiyada aorta üzərində diastolik küy eşidilir. Nəbz yüksək, çaparlı, tezləşmişdir. Sistolik və diastolik təzyiqlər arasındakı fərq (nəbz təzyiqi) artmış olur.  Diaqnostika Aortal qapaq çatmamazlığı diaqnozunun qoyulması çətinlik törətmir. Diaqnoz elektrokardioqrafiya, exokardioqrafiya, döş qəfəsinin rentgenoqrafiyasına və tipik klinik əlamətlərə əsasən qoyulur.  Ağırlaşmalar Aortal qapaq çatmamazlığı əvvəl sol mədəcik, sonra sağ mədəcik çatmamazlığının inkişafı ilə ağırlaşır. Ürək çatmamazlığı qısa müddətdə - 2-3 il ərzində xəstənin ölümünə səbəb olur (mitral qüsurlardan fərqli olaraq). Həmçinin, infeksion endokardit, stenokardiya, aritmiyalar da müşahidə oluna bilər.  Müalicə və profilaktika Dərman müalicəsi ürək çatmamazlığına və ağrı sindromunun aradan qaldırılmasına yönəldilmişdir. Sol mədəciyin disfunksiyası (təngnəfəslik, bayılma, stenokardiya), onun ölçülərinin çox böyüməsi (kəskin requrgiyasiya – vurğu həcminin 50% qədəri və ya diastolik təzyiq 40 mm c.s. və daha az olduqda) cərrahi müdaxiləyə və protez qapaq qoyulmasına göstərişdir. Aortal qapaq çatmamazlığının profilaktikası infeksion endokarditin və revmatik atakların qarşısının alınmasına yönəldilməlidir. Xəstəliyin başlanğıc mərhələlərində fiziki aktivlik azaldılmalıdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 13.05.2020

EXOKARDİOQRAFİYA

EXOKARDİOQRAFİYA

Exokardioqrafiya – ultrasəs diaqnostika üsulu olub, ürəyin və onun qapaq aparatının morfoloji və funksional dəyişikliklərini öyrənir. Exokardioqrafiyanın növləri  Exokardioqrafiyanın bir neçə növü vardır. Ən geniş yayılmış metod transtorakal, yəni döş qəfəsi üzərindən aparılan müayinədir. Bu, qeyri-invaziv (yəni damar daxilinə müdaxilə etmədən) metod olduğu üçün aparılması çox sərfəli və asandır. Portativ (daşınıla bilən) aparatlar vasitəsilə transtorakal exokardioqrafiya xəstənin yatağı başında da aparıla bilər.  Digər metod tranezofagial (qida borusundan keçməklə) exokardioqrafiyadır. Bu, yarıminvaziv üsuldur, belə ki, xəstənin qida borusuna ürək səviyyəsinə qədər ucunda exokardioqrafik datçik olan xüsusi zond yeridilir və yalnız stasionar şəraitdə yoxlanılır. Bəzən xüsusi göstərişlər olduqda və ya xəstə zondu udmaqda çətinlik çəkdikdə müayinə xəstənin qısamüddətli səthi yatırılması (sedasiya) ilə aparılır. Transezofagial exokardoqrafiya xüsusi göstərişlər zamanı, məsələn səyrici aritmiyada, bəzi qapaq xəstəliklərində və s. həyata keçirilir. Ürəyin damardaxili ultrasəs müayinəsi invaziv üsuldur, ucunda xüsusi miniatür datçik olan koronar kateter periferik arteriya və ya venalardan keçərək ürək kameralarına, koronar arteriya və venalara, ağciyər arteriyasına daxil edilir. Aydındır ki, bu müayinə yalnız stasionar şəraitdə, xüsusi təchizatlı laboratoriyada və müəyyən göstərişlər olduqda aparılır. Transtorakal exokardioqrafiya necə aparılır Müayinə alaqaranlıq otaqda aparıldıqda görüntü daha aydın olur. Pasiyent sol böyrü üstə uzanır, sol dirsəyini başının altına qoyur, sağ qol sərbəstdir. Həkim xəstənin sağ tərəfində oturur (sol tərəf də olar). Bir əllə datçik pasiyentin döş qəfəsi üzərində, ürəyin exokardioqrafik görüntüləmə nöqtələrində gəzdirilir, digər əllə cihazın üzərindəki düymələr tənzimlənir. Həkimin diqqəti monitordakı ürək görüntüsündə olur. Datçikin yerini, bucaq ölçüsünü dəyişməklə lazım olan görüntü alınır.  Bəzi hallarda görüntünün keyfiyyəti aşağı ola bilər. Məsələn xronik obstruktiv ağciyər xəstəliyi zamanı və ya süni ventilyasiya aparatına bağlı xəstələrdə, piylənmə və döş qəfəsinin deformasiyalarında müayinənin aparılması çox çətinləşir. Müayinənin müddəti görüntünün keyfiyyətindən və patologiyanın ağırlığından asılı olaraq 20-30 dəqiqə arasında dəyişir, bəzi hallarda 45 dəqiqəyə qədər uzana bilər.  Doppler exokardioqrafiya Exokardioqrafiya ürək strukturlarının morfologiyasını görüntüləməklə yanaşı, onların hərəkəti və parametrləri haqqında da məlumat verir. Qan dövranı sürətinin doppler müayinəsi qapaq və anadangəlmə qüsurlar haqqında çox vacib informasiya verir. Doppler ölçmələri əks olunan siqnalın tezliyinin dəyişilməsinə görə obyektin hərəkət sürətinin hesablanmasına əsaslanır. Adətən dopplerdə tezlik dəyişməsi insanın eşidə biləcəyi səs diapazonunda olduğu üçün exokardioqraf bunları səsə çevirib təqdim edə bilir. Doppler rejimin 3 növü vardır: impuls, daimi dalğa və rəngli rejimlər.  Toxuma doppleroqrafiyası - ürək toxumalarından alınan yüksək amplitudlu və aşağı sürətli ultrasəs impulslarının analizidir. Bu metod əsasən miokard funksiyasını qiymətləndirmək üçün istifadə olunur. Sol mədəciyin zirvədən ürəyin əsasına doğru ölçülən toxuma doppleri onun sistolik və diastolik funksiyası haqqında ümumi məlumat verir.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 09.05.2020

Androloqa ən çox verilən suallar

Androloqa ən çox verilən suallar

Sual: Cinsi infeksiyalar nə deməkdir və hansılardır? Cavab: Cinsi yolla yoluxan infeksiyalar - Qonoreya (tripper), trixomoniaz, Xlamidioz, Mikoplazma, Ureaplazma, Sifilis, Herpes, sitomeqalovirus, HPV, kimi infeksiyalrı göstərmək olar. Cinsi infeksiyalar bir insandan digərinə cinsi yolla keçir. Sual: Cinsi yolla keçən infeksiyaların əlamətləri əlamətləri hansılardır: Cavab: Cinsiyyət orqanında diskamfort, cinsiyyət orqanından selikli, bulanıq, irinli ifrazatın axması, sidiyə çıxarkən göynəmə, yandırma, Cinsi zəiflik. Sual: Cinsi infeksiyalar necə müalicə olunur? Cavab: Cinsi infeksiyalar Androloq,dermatoveneroloq həkim tərəfindən müvafiq labarator-müayinə metodlarının köməyi ilə dəqiq diaqnoz qoyulduqdan sonra müalicə edilirlər.  Sual:Məndə tez boşalma var,yəni cinsi əlaqə tez bitir,bunun səbəbi nədir və bunun müalicəsi varmı? Cavab:Erkən boşalmanın səbəbləri müxtəlif ola bilər,yəni kişi cinsiyyət sisteminin problemləri-prostatit,vezikulit,orxit və s.,seksual təcrübənin az olması,penisin dərisinin həddən artıq həssaslığı,cinsi uğursuzluğun gözləmə sindromu,müxtəlif nevroz-fobiyalar. Səbəbi dəqiqləşdirdikdən sonra düzgün müalicə kursu təyin etməklə uğurlu nəticə əldə etmək olar. Sual: Mən qadınla əlaqədə olanda bir dəfədən artıq alınmır,ya cinsi orqan oyanmır ya da boşala bilmirəm.Bunun səbəbi nədir və müalicəsi varmı? Cavab: Səbələri müxtəlif ola bilər psixonevroloji(stres,gırginlik), üzvi-orqanik (prostatit, hormonal pozğunluq və s.) səbəb ola bilər. Problemin səbəbini dəqiqləşdirib müalicə etmək olar. Sual: Mənə varikosel diaqnozu qoyulub,əməliyyat olunmalıyammı? Cavab: Varikoselin 3 dərəcəsi var.1 ci dərəcdə əməliyyata çox vaxt ehtiyac olmur.Mütləq spermoqramma analizi verilməlidir. Əgər spermanın aktivlik faizi normadan aşağıdırsa cərrahi əməliyyat olunmalıdır. Sual: Mənə xroniki prostatit diaqnozu qoyulub,amma hərdən yenə problemlərim olur. Cavab: Xroniki prostatit ildə 2 dəfə yazda və payızda profilaktik müalicə olunmalıdır. Sual: Məndə xayada ağrılar olur,səbəbi nə ola bilər? Cavab: Səbəbi epididimit (xaya artımının iltihabı), varikosel (damar genişlənməsi),orxit (xayaların iltihabı) ola bilər. Dəqiqləşdirmək üçün xayalar doppler müayinə olunmalı, səbəbi təyin etdikdən müvafiq müalicə kursu təyin edilməlidir. Sual: Mən bir neçə gün əvvəl cinsi əlaqədə olmuşam,indi cinsi orqandan axıntı gəlir, sidiyə çıxanda yandırır. Səbəbi və mən nə etməliyəm? Cavab: Səbəbi cinsi yolla ötürülən infeksiya ola bilər. Bunun üçün yaxma analizi (PZR metodla) verilməli və müvafiq müalicə kursu ilə müalicə edilməlidir. Sual: Bir neçə ildir ailəliyəm amma uşağım olmur.Səbəbi nədir  və müalicəsi necə aparılır? Cavab: Bu problemı kökündən araşdırmaq lazımdır. İlk növbədə spermoqramma analizi, hormonlar, cinsi infeksiyalar, xayaların doppler müayinəsi aparıldıqdan sonra diaqnozu dəqiqləşdirib düzgün müalicə sxemi tərtib edib bir neçə kursa müsbət nəticə əldə etmək olar. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 08.05.2020

DÖŞ QƏFƏSİNDƏ AĞRIların səbəbləri

DÖŞ QƏFƏSİNDƏ AĞRI 

Döş qəfəsində ağrı sindromu klinik praktikada xəstələr arasında ən çox rast gəlinən şikayətlərdəndir. Bu sindromun (xüsusən ürək nahiyəsində ağrının) differensial (müqayisəli) diaqnostikası müəyyən çətinliklərlə bağlıdır, lakin xəstələrə vaxtında və düzgün ilk yardım göstərilməsində, həmçinin lazımi müayinə və müalicə taktikasının seçilməsində mühüm əhəmiyyət daşıyır. Epidemiologiya Ambulator müraciət edən xəstələrin əksəriyyətində döş qəfəsində ağrı əsas şikayət olaraq bildirilir. Bu sindromun səbəbi əksər hallarda kardioloji patologiya ilə əlaqəli deyil. Lakin bu ağrının ciddi ürək-damar xəstəliyinin göstəricisi olma ehtimalı nəzərdə tutularaq ilk növbədə diaqnostik və proqnostik sualları aydınlaşdırmaq vacibdir.  Təxirəsalınmaz yardım şöbələrinə döş qəfəsində ağrı ilə müraciət etmiş xəstələrin 50%-ində miokard infarktı, qeyri-sabit stenokardiya, ağ ciyər arteriyasının tromboemboliyası və ürək çatışmazlığı kimi kardioloji vəziyyətlərin diaqnozu qoyulur. Lakin ambulator şəraitdə bu şikayətlə müraciət etmiş xəstələrdə əksər hallarda əzələ-sümük patologiyaları, mədə-bağırsaq xəstəlikləri, gərginlik stenokardiyası, panik pozulmalar və ya digər psixiatrik vəziyyətlər, ağ ciyər xəstəlikləri aşkar edilir. Döş qəfəsində ağrının səbəbləri Döş qəfəsində ağrı aşağıdakı patologiyalar zamanı meydana çıxa bilər: Döş qəfəsi daxili səbəblər: ürək mənşəli (ürəyin işemik xəstəliyi, ürəyin qapaq xəstəlikləri, kardiomiopatiyalar, miokardit, perikardit); damar mənşəli (aortanın laylanması, aorta anevrizması, aorta koarktasiyası, ağciyər tromboemboliyası); ağciyər-bronx mənşəli (traxeobronxit, pnevmoniya, plevrit, şiş xəstəlikləri); divararalığı xəstəlikləri (mediastenit, ezofagial spazm, reflüks ezofagit, diafraqmanın qida borusu dəliyinin yırtığı); Döş qəfəsi xarici patologiyalar (onurğa sütunu patologiyaları, döş qəfəsi divarı törəmələri, süd vəzisi xəstəlikləri, mədə xorası, xolesistit, pankreatit, panik pozulmalar, depressiya, hiperventilyasiya və s.). Döş qəfəsində ağrının diaqnostikası Diaqnozun qoyulmasında ən önəmli ilk addım ətraflı anamnez toplanmasıdır. Bu zaman ağrının necə başlandığı və hansı tempdə inkişaf etdiyinə, lokalizasiyasına, xarakterinə, davametmə müddətinə, hansı nahiyələrə ötürüldüyünə, ağrını ağırlaşdıran və yüngülləşdirən amillərə, tənəffüs aktı ilə əlaqəsinə, digər yanaşı simptomların mövcudluğuna xüsusi diqqət yetirilməlidir.  Xəstənin vəziyyətinin proqnostik cəhətdən qiymətləndirilməsində ağrıların işemik və qeyri-işemik xarakterinin müəyyənləşdirməsinin mühüm əhəmiyyəti vardır. Residivləşən və ya davamlı ağrı sindromu zamanı provokasiyaedici amillər (məs. bədənin düzgün olmayan vəziyyəti ilə əlaqədar olması və s.) aşkar edilməlidir. Ağrının əmələ gəlməsinin şəraitini aydınlaşdırmaq lazımdır. Bu, travmalar, üzün müddətli antifizioloji vəziyyət, xüsusən xəstənin professional fəaliyyəti ilə əlaqədar meydana çıxan vəziyyətlər (ağırlıq qaldırması, uzun müddət avtomobil idarə etmə və s.), o cümlədən uzun müddətli, adət edilməmiş fiziki gərginlik, ağır yükün daşınması, kəskin hərəkətlər, ümumi və yerli soyuqlama ola bilər. Ağrının əmələ gəlməsində psixi amillərin (keçirilmiş emosional stresslər, panika, həyəcan, qorxu hissi, apatiya) rolu nəzərə alınmalıdır. Yaş və cins kimi amillərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir (kürək nahiyəsində ağrıların qadınlarda 9 osteoporoz mənşəli, kişilərdə onkoloji xəstəliklər nəticəsində meydana gəlməsi mümkündür). Fizikal müayinə çox önəmlidir. Bu zaman pasiyentin emosional vəziyyəti nəzərə alınmalıdır. Vizual müayinə zamanı döş qəfəsi, onurğa sütunu və süd vəziləri nəzərdən keçirilir, herpetik səpgilərin, aşağı ətraflarda venaların varikoz genəlmələrinin olub-olmaması müəyyənləşdirilir. Arterial təzyiq, nəbz, bədən hərarəti ölçülür. Döş qəfəsinin və yuxarı ətrafların palpasiyası ağrılı (trigger) nöqtələrin, qabırğa sınıqlarının, əzələlərdə zəiflik, atrofiya, gərginlik, hissiyyatın pozulması və s. təyin etmək üçün aparılır. Ürəyin və ağciyərlərin auskultasiyası çox vacib müayinə metodudur. Laborator-instrumental müayinələrin aparılması diaqnostikada həlledici rol oynayır (elektrokardioqrafiya, exokardioqrafiya, döş qəfəsi və həzm sisteminin rentgenoqrafiyası, qastroezofaqoskopiya, kompüter tomoqrafiya, qanın laborator müayinəsi və s.).  Anamnez və fizikal müayinələrin nəticələrinə əsasən döş qəfəsində ağrının həyat üçün təhlükəli səbəbi aşkar olunmadıqda belə, əksər yaşlı şəxslərə ən azı EKQ, ExoKQ və döş qəfəsinin rentgenoqrafiyası müayinələri aparılmalıdır. Döş qəfəsində ağrının kardioloji əhəmiyyəti Döş qəfəsində ağrı fiziki hərəkətlə bağlıdırsa, sakitlik vəziyyətində və dil altına nitroqliserin qəbulu ilə azalır və ya kəsilirsə, təngnəfəslik, boğulma və ürəkbulanma ilə müşayiət olunursa, döş sümüyü arxasında şiddətli yanma, göynəmə, sıxıcı, təzyiqedici xarakterlidirsə, sol qola, çiyinə, boyuna, dişlərə, kürəyə ötürülürsə, kürəkarası nahiyədə çox kəskin, “bıçaq batması“ kimi hissiyyat verirsə, dərhal xəstəyə sakit, uzanmış vəziyyət verilməli və təcili tibbi yardıma zəng edib kardioloji briqada çağırılmalıdır. Belə hallarda ən qısa zamanda ilkin tibbi yardımın göstərilməsi və stasionara çatdırılma xəstənin həyatda qalma şansını artırır.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 08.05.2020

QAN TƏZYİQİ səbələri

QAN TƏZYİQİ HAQQINDA 

Qan təzyiqi nədir və necə əmələ gəlir Hüceyrələrin qidalanması və enerji istehsal edə bilməsi üçün lazım olan maddələr və oksigen qan yolu ilə çatdırılır, əmələ gələn lazımsız mübadilə məhsulları və karbondioksid yenə də qan vasitəsilə hüceyrədən daşınır. Ürək bir pompa (nasos) rolunu oynayır: ağciyərlərdən gələn “təmiz“ qanı arteriyalar vasitəsilə bütün vücuda pompalayır və “kirli“ qanı venalar vasitəsilə ağciyərlərə çatdırır.  Hər bir ürək atımında ürək əvvəlcə qanı pompalamaq üçün yığılır, sonra qanın yenə ürəyə dolması üçün “boşalır“, istirahət halına keçir. Qan pompalanan zaman aorta divarındakı ən yüksək təzyiq sistolik qan təzyiqi, istirahət halında əmələ gələn ən aşağı təzyiq isə diastolik qan təzyiqi adlanır. Optimal sistolik təzyiq 120 mm c.s.-dan, diastolik təzyiq 80 mm c.s.-dan aşağı olmalıdır.  Hipertoniya nədir Yetişkin (18 yaşını keçmiş) insanda fərqli iki gündə ən az iki dəfə aparılan ölçmədə sistolik təzyiqin 140 mm c.s. və ya daha çox olması, diastolik təzyiqin isə 90 mm c.s. və ya daha çox olması hipertoniyadır.  Sistolik təzyiqi 120-139 mm c.s., diastolik təzyiqi 80-89 mm c.s. aralığında ölçülən insanlar hipertoniya xəstəliyi üçün namizəddirlər və həkim tərəfindən məsləhət görülən sağlam qidalanma, siqareti tərgitmə, idman hərəkətləri etmə, bədən çəkisi artıqdırsa arıqlama kimi bəzi tədbirləri almalıdırlar.  Qan təzyiqini necə düzgün ölçməli Qan təzyiqi yeməkdən əvvəl, ən az 10 dəqiqə sakit bir şəraitdə dincəldikdən sonra ölçülməlidir. Pasiyent son yarım saat içərisində çay qəhvə içməməli, siqaret çəkməməlidir. Qolu sıxan geyim şıxarılmalıdır. Qol alt tərəfdən dəstəklənərək ürək səviyyəsində tutlmalıdır. Hər iki qoldan ən az 2 dəqiqə fasilə ilə 2 dəfə ölçmə aparılıb orta rəqəm alınmalıdır. Yüksək olan tərəfin rəqəminə diqqət edilməlidir.  Əlavə müayinələr nə üçündür Xəstələrin 90-95%-də yüksək təzyiqə səbəb ola biləcək başqa bir xəstəlik yoxdur. Buna primer (birincili) hipertoniya deyilir. Digər 5-10% xəstədə yüksək təzyiq hər hansı bir səbəbə və ya xəstəliyə yanaşı olaraq meydana çıxır. Bu isə ikincili hipertoniyadır. İkincili hipertoniya yaradan səbəblər ciddi patologiyalardır (böyrək və böyrəküstü vəzin xəstəlikləri, böyrək damarlarının daralması, aorta koarktasiyası – aortanın bir hissəsinin anadangəlmə dar olması, qalxanvari vəzin xəstəlikləri və s.). Buna görə də, xüsusən hipertoniya ilk dəfə aşkar olunduqda həkim ətraflı anamnez topladıqdan və fiziki müayinə etdikdən sonra bəzi laborator analizləri, bəzən də xüsusi testləri yoxlamağı lazım bilir.  Qan təzyiqinin yüksəlməsi nələrə səbəb olur Qan təzyiqinin yüksəlməsi ürəyin iş yükünü artırır və arteriyaları zədələyir. Vaxt keçdikcə xüsusən ürək, böyrək, göz və beyinə gedən arteriyalarda xəsarət əmələ gəlir. Bu damarlar bu cür yüksək təzyiqə uzun müddət səssizcə “dözə bilir“. İllər boyu təzyiqin yüksəlməsi şikayət vermədən, tamamilə səssiz, gizli arta bilir. Ancaq bu, xəstələrə zərər vermir demək deyil. Hipertoniya insult, miokard infarktı və böyrək çatmamazlığının əsas səbəblərindən biridir.  Hipertoniyanın dərman müalicəsində nələrə diqqət edilməlidir Antihipertenziv dərmanların hər biri fərqli mexanizmlərlə qan təzyiqini kontrol edir. Bəzən xəstəyə bir deyil, bir neçə qrupdan olan dərman yazılmalıdır. Bu dərmanlar xəstənin yaşı, cinsiyyəti, yüksək təzyiqin səbəbi, təzyiqin həddi və yanaşı xəstəlikləri nəzərə alınaraq təyin edilir, hansı saatlarda və necə qəbul etməli olduğu xəstəyə izah olunur. Hipertoniya xronik xəstəlik olduğu üçün müəyyən vaxtdan bir həkim kontrolu və bəzən ömür boyu müalicə tələb edir. Bu səbəbdən xəstələrin dərman qəbuluna qarşı diqqətli olması və təyin olunan vaxtlarda kontrola gəlməsi müalicənin effektivliyi üçün vacib şərtdir. Antihipertenziv dərmanların əlavə təsirləri varmı Antihipertenziv dərmanların əlavə təsirləri vardır. Ancaq bunlar dərmanın əsas təsirini üstələmir və hər xəstədə özünü göstərmir. Bir qrupdan olan dərmanın əlavə təsiri ortaya çıxdıqda o, digər qrupdan olan dərmanla dəyişdirilir, yanaşı təsir dozaya bağlıdırsa, doza azaldılır. Aydındır ki, bu dəyişikliklər xəstə tərəfindən detil, həkim tərəfindən edilməlidir. Çünki yanlış dəyişiklik olunarsa, əlavə və əks təsirlər daha kəskin şəkildə meydana çıxa bilər. Buna görə də xəstələr həkimdən xəbərsiz dərmanı dəyişdirməməli / kəsməməli və kontrol müayinələrə ciddi yanaşmalıdırlar.  Hipertoniya barədə yanlışlar nələrdir Şikayəti olmayan insanın qan təzyiqi səviyyəsinin yüksək olmasına ciddi yanaşmaması; hipertoniyası olan bir adamın kontrol müayinələrə getməməsi, davamlı dərman istifadəsinə müxtəlif səbəblərlə ara verməsi və ya kəsməsi; dərmanların uzun müddət istifadəsinin zərərverəcəyini düşünərək və dərmanın dayandırılmasının əlavə təsirlərə səbəb ola biləcəyini nəzərə almayaraq dərman içməmək; başqa bir xəstənin dərmanını həkimdən xəbərsiz qəbul etmək; rejim və həyat tərzində dəyişikliklər etməmək; elmi əsasları olmayan bəzi müalicə metodlarından (məs., bəzi bitkilər) istifadə etmək.  Dərman müalicəsi ömür boyu davam etməlidirmi Yüngül hipertoniyalı xəstələrdə bəzi rejim və həyat tərzində dəyişikliklərə riayət olunarsa, həkimin qərarı ilə dərman müalicəsinə bir müddət fasilə verərək qan təzyiqinə nəzarət etmək və normal səviyyə saxlanılarsa, dərman qəbulunu tamamilə dayandırmaq olar. Lakin hipertoniyanın ağır dərəcələrində və formalarında müalicə ömür boyu və ciddi həkim nəzarəti altında aparılmalıdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 08.05.2020

Rotator manjet nədir və nəyə lazımdır?

Rotator manjet nədir və nəyə lazımdır?

Rotator manjet nədir və nəyə lazımdır? Bazu oynağının rotator manjeti 4 əzələnin-tinüstü, tinaltı, kürəkaltı, kiçik girdə əzələ  vətərinin konglomeratı(birləşməsi) olub bazu sümüyünün böyük qabarına bağlanır. Əzələlərin hər biri ayrılıqda bazunun müəyyən hərəkətinə  cavabdeh olub birlikdə son nəticədə  bazu başının oynaqda saxlanmasına, hərəkətlər zamanı stabilləşməsinə və  bazunun fırlanma hərəkətlərinə(rotasiya) xidmət edir. Bu əzələlərdən ən azının birinin zədələnməsi bazu oynağında ağrılar və hərəkət məhdudluğuna gətirib çıxarır.   Rotator manjetin zədələnmə səbəbləri  Bazu oynağının rotator manjetinin zədələri  əksər hallarda kəskin travmadan sonra yaranır. Bu zaman xəstələr anamnezdə dəqiq travma olmasını və ağrıların, hərəkət məhdudluğunun travmadan sonra yaranmasını qeyd edirlər.  Bir çox hallarda rotator manjetin zədələnməsi xronik mikrotravma səbəbindən baş verir ki, bu da əmək şəraiti qolun yuxarı qaldırılması və tullama vəziyyyəti tələb edən şəxslərdə rast gəlinir. Bu qrupa beysbol, tennis, ağır atletika və avarçəkmə  ilə məşğul olan idmançılar daxildir. Bir qrup peşə sahibləri, müəllimlər, rəngsazlarvə s əllərini daimi yüksəkvəziyyətdə saxlamağı məcbur olurlar ki, bu da rotator manjetin zədələnəsinə şərait yaradan amillərdəndir.Topa zərbələr, ötürmələr, lövhədə yazı yazma və bu kimi bir çox hallarda rotator manjet vətərlərinin daimim mikrotravmatizasiyası əzələ liflərinin mikrocırılmalarıma və son nəticədə vətərlərin zəifləməsinə, cüzi travmadan sonra isə tam qopasına gətirib çıxarır. Bəzi hallarda rotator manjetin cırılması yaşla əlaqədar degenerativ-distrofik dəyişikliklər səbəbindən  baş verir.   Rotator manjetin zədələnməsi və cırılmasının növləri: Zədələnmənin xarakterindən asılı olaraq bu növlərə bölünür:  Tam və natamam zədələnmə- vətərin zədələnmə dərəcəsinə görə təsnif olunur, adından məlum olduğu kimi tam zədələnmədə natamamdan fərqli olaraq  rotator manjeti əmələ gətirən vətərlər eni boyu tam zədələnir və funksiya tam itir. Mexanizminə görə travmatik və degenerativ zədələr ayrılır, zaman görə təzə və köhnəlmiş zədələnmələr qeyd edilir.    Rotator manjetin zədələnməsi əlamətləri: Bazu oynağı rotator manjetinin zədələnməsinin əsas əlamətləri ağrı və hərəkət məhdudluğudur. Ağrılar həm sakit halda, sonrakı dövrlərdə isə qolu hərəkət etdirdikdə əmələ gəlir. Zaman keçdikcə bu əlamətlərə əzələ zəifliyi və qolu yuxarı qaldırmağın mümkünsüzlüyü qoşulur. Əsasən ağrılar qolu 70-120 dərəcə uzaqlaşdırdıqda daha aktiv özünü büruzə verir.   Rotator manjetin zədələnməsinin diaqnostikası Rotator manjetin zədələnəsinin diaqnostikası ixtisaslı həkim ortoped-travmatoloq tərəfindən həyata keçirilir. Bu zaman xüsusi testlərdən istifadə edərək həkim xəstənin qolunu müəyyən passiv hərəkətlər etdirməklə zədəlnmiş qolun hərəki aktivliyini qiymətləndirir və pasientin bu hərəkətlərə reaksiyasını izləyir. Rotator manjetin geniş həcmli zədələnmələrində “düşən qol”simptomu və Leclerk simptomu(qolu aktiv qaldırmaq istədikdə xəstənin çiyni qalxır) daha spesifik əlamətlər hesab olunur. Fiziki müayinəlrin nəticəsi instrumntal radioloji müayinələrlə dəqiqləşdirilməlidir. İnstrumental müayinələrdən ən informativləri USM. KT və MRT müayinələri hesab olunur.  Müalicə Rotator manjetin zədələnməsinin müalicəsi konservativ və operativ olur. Konservativ müalicə natamam zədələnmələrdə, funksiyaların cərrahi müdaxilə olmadan bərpa şansı yüksək olduqda tətbiq edilir. Bu halda bazu oynağının immobilizasiyası ilkin şərtdir. Bununla yanaşı QSİƏP təyini, fizioterapevtik prosedurlar, ağrı çox olduqda qlükokortikoid blokadası tətbiq edilir. Trombositlərlə zənginləşdirilmiş autoplazmanın (PRP) oynaqdaxili inyeksiyası çox yaxşı klinik effekt verir.  Əgər konservativ müalicənin effektsizliyi 2-3 ay ərzində davam edirsə onda cərrahi müdaxilə haqda düşünülməlidir. Rotator manjeti əmələ gətirən vətərlərin bərpası kifayət qədər çətin bir əməliyyat olub yalnız təcrübəli cərrah travmatoloq-ortoped tərəfindən icra olunmalıdır. Əməliyyat açıq və qapalı yolla aparıla bilər. Açıq üsulla aparılan əməliyyatın iri həcmli cərrahi yaranın mövcudluğu, əlavə ağırlaşmalar riski və əməliyyatsonrası dövrdə gec sağalma kimi mənfi cəhətləri vardır.  Müasir ortopedik cərrahiyyədə rotator manjetin  zədələnməsinin bərpası artroskopik üsulla həyata keçirilir. Kəsik əvəzinə bazu oynağı nahiyəsində 3-4 5 mm deşik açılır. Xüsusi alətlər və kamera oynaq boşluğuna daxil edilir. Monitorda oynağın içi videogörüntü şəklində əks olunur,cərrah bu zaman oynağın içini reviziya eləyir, zədənin yerini və dərəcəsini aşkar edir. Vətərlərin özü yırtılıbsa yırtıq tikilir, əgər vətər bağlanan yerindən qopursa xüsusi ankerlərin köməyi ilə sümüyə təsbit edilir. Ankerlər lövbər formasında arxasında sapı və iynəsi olan xüsusi metal implantlardır. Metal lövbər sümüyə yeridilir, saplar ilə isə vətər tikilir.     Reabilitasiya Əməliyyatdan sonra xəstənin qolu bir neçə həftəliyə(adətən3-4) uzaqlaşmış vəziyyətdə xüsusi şinada fiksə olunur. Bu vəziyyətdə vətərlərin gərilməsi azalır və təkrari yırtılam riski aradan qalxır, sağalma üçün əlverişli şərait yaranır. İlk həftədən başlayaraq xəstəyə xüsusi təmrinlərin köməyi ilə əməliyyat olunan oynaqda hərəkətlərin bərpasına başlanılır. Bu hərəkətlər ciddi olaraq cərrahın və təcrübəli reabilitoloqun nəzarəti ilə tətbiq edilməlidir.Tam reabilitasiya kursu bir neçə ay çəkir.     © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Paylaşıldı: 06.05.2020

Diz oynağının ön çarpaz bağ zədələnməsi

Diz oynağının ön çarpaz bağ zədələnməsi

Ön çarpaz bağ diz oynağının sabitliyini təmin edən vacib bağlardan biridir. Bu bağ baldırın buda  nisbətən həddindən artıq yerdəyişməsini məhdudlaşdırır. Beləliklə sağlam  ön çarpaz bağ, hərəkətlər zamanı diz oynağında  yarımçıxıq və qeyri-sabitliyin qarşısını alır. Zədələnməsi  Ön çarpaz bağın zədələnməsi əksər hallarda professional idmançılarda, dağ xizəyi sürənlərdə, orta yaş dövründə olan aktiv insanlarda rast gəlinir. Travmanın mexanizmi sabit pəncənin üzərində dizin rotasion ( firlanma) hərəkəri və ya birbaşa dizə kontakt-zərbə hesab olunur.  Diz içəri, bayıra fırlana və həddən artıq bükülən zaman ön çarpaz bağ həm ayrıca, həm də diz oynağının digər kapsul-bağ aparatı srukturları ilə birgə zədələnir. Klinik əlamətləri: Ön çarpaz bağın kəskin zədələnməsi hallarında xəstələr aşağıdakı əlamətləri qeyd edirlər: Travma zamanı diz oynağında xarakterik səs “şıqqıltı” səsi. Travmadan dərhal sonra yaranan şişkinlik-hemartroz. Travmanın xarakteri(sabit pəncə üzərində dizin burulması, bükülməsi) Travmadan sonra əvvəlki fiziki aktivliyin olmaması. Diz oynağında qeyri-stabillik hissi.   Ön çarpaz bağ zədələndikdə ağrıların şiddəti elə də çox olmur. Ağrılar ön çarpaz bağla yanaşı diz oynağının digər yumşaq toxuma strukturları da zədələndikdə intensiv olur. Kombinə olunmuş zədələnmələrə rast gəlinir: Ön çarpaz bağla birgə bir meniskin(iç, yan) zədələnməsi. Ön çarpaz bağla birgə hər iki meniskin zədələnməsi. Ön çarpaz bağla birgə iç yan bağın və iç meniskin zədələnməsi- “bədbəxt triada” adlanan kliniki hal.   Travmadan dərhal sonra nə etməli:  Diz oynağını imkan daxilində əlaltı vasitələrlə və ya varsa xüsusi ortezlərlə hərəkətsizləşdirmək. Diz oynağına yerli soyuq(buz) tətbiqi15-20 dəqiqə soyuq, 60 dəqiqə istirahət. Ağrıkəsici qəbulu Tez bir zamanda ixtisaslaşmış tibbi yardım üçün həkim travmtoloq ortopedə müraciət etmək Özbaşına heç bir müalicə və ya manual prosedurlar etməmək   Diaqnostika: Diz oynağının zədələnmələrinin kliniki müayinəsi mümkün qədər ilk saatlarda aparılmalıdır. İlkin müayinə zamanı zədələnmiş oynaqda mayenin miqdarı çox olarsa bu zaman maye punksiya olunub xaric olunmalıdır, əks halda müayinəyə mane ola bilər. Punksiya zamanı xaric olunan mayenin rəngi və xarakteri əhəmiyyətli məlumatdır.  Diz oynağı ön çarpaz bağının zədələnməsinin vacib klinik simptomları Laxmann simptomu və Ön çəkməcə simptomudur. Bu simptomlar klinik müayinədə təcrübəli travmatoloq-ortoped tərəfindən aşkarlanır. İnstrumental müayinə metodlarından ilk növbədə rentgenoloji müayinə oynaqdaxili mümkün olan sümük zədələnmələrini aşkar etmək üçün tətbiq edilməlidir. Ən informativ və həssas müayinə metodu MRT diz oynağının ğn çarpaz bağının zədələnməsinini 90-95%hallarda dəqiq aşkarlayır.   Müalicəsi Diz oynağının qeyri stabilliyinə səbəb olduğu üçün ön çarpaz bağ  zədələnmələri müasir ortopediyada operativ yolla  bərpa olunur. Bağın tikişlə bərpası mümkün olmadığı üçün zədələnmiş bağ yenisi ilə- pasientin öz vətərlərindən “yeni bağ” yaratmaqla  əvəz olunur. Müasir artroskopik ön çarpaz bağ cərrahiyyəsində transplantat kimi pasientin öz bağlarından və vətərlərindən, ən çox Harmstring  vətərlərdən və diz qapağı xüsusi bağından istifadə olunur.  İlkin etapda zədələnmiş bağın qalıqları oynaqdan təmizlənir, yeni bağ üçün uyğun ölçülərdə kanallar işlənib hazırlanır. Xəstədən alınmış autotransplantatın ucları bud və qamış sümüyündən açılmış xüsusi dəliklərə metal və biopolimerlərdən hazırlanan fiksatorlarla təsbit edilir. Əməliyyat artroskopik texnikadan, xüsusi alətlərdən  istifadə edilməklə 1.5-2 saat davam edir.    Əməliyyatdan sonra xəstənin diz oynağı xüsusi şarnirli breys vasitəsilə 5 həftə müddətinə immobilizasiya olunur. Bərpa dövrü 4-6 həftədən 6 aya qədər davam edir.İlk 2 həftə müddətində xəstəyə sarğılar, yaraya qulluq, ağrıkəsici və ödem əleyhinə müalicə tətbiq olunur. Sonrakı 2həftədən 6 aya qədər olan dövrlərdə xəstənin fiziki aktivliyi bərpa olunur, əməliyyat olunan ətrafa yük vermədən gəzmək, əməliyyat olunan diz oynağında dərəcələri artırmaqla aktiv bükmə/açma hərəkətləri, əzələlərin bərkidilməsinə yönəlmiş prosedurlar həyata keçirilir.12-ci həftədən xəstə implantın yeniliyini nəzərə almaqla  gündəlik sosial həyatına qayıda bilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Paylaşıldı: 04.05.2020

Spinner