Osteoporozun müalicəsi

Osteoporoz

3296
Müəllif: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: 050 367-41-47

Paylaşıldı: 16.12.2020
Əli Əlizadə

Sümük xəstəlikləri arasında ağır fəsadına görə geniş yayılmış xəstəliklərdən biri də osteoporozdur. Kliniki nöqteyi nəzərdən osteoporoz çoxsaylı faktorlar nəticəsində yaranır: yaşla, bədən çəkisi ilə əlaqədar, menopauzanın başlanması ilə bağlı, sümük metobolizminə təsir edən qlükokortikoid və digər qrup dərmanların qəbulu ilə bağlı, yanaşı xəstəliklərin olması nəticəsində və s. Toxuma səviyyəsində bu faktorlar osteoklastlarla (sümük dağıdan hüceyrələr) əlaqəli olan sümük rezorbsiyası (yəni sümüyün dağılması) prosesi ilə osteoblastlarla (sümük yaradan hüceyrələr) əlaqəli olan sümük yaranması prosesləri arasında disbalansa gətirib çıxarır. Nəticədə sümüyün normal homeostazı pozulur və sümük kütləsi, sümük toxumasının mineral sıxlığı azalır. Sonda sümüyün strukturu dəyişir, sümüyün möhkəmliyi azalır və sümük sınığı riski artır.

Əksər hallarda xəstələr sümük sınığı yarandıqda osteoporozun olduğunu müəyyənləşdirirlər. Osteoporoz – qadınlarda postmenopauza dövründə və yaşlı kişilərdə sınıqların əsas səbəbidir. Sınıqlar hər bir sümükdə rast gəlinə bilər. Amma əksər hallarda bud sümüyündə, fəqərələrdə və bilək sümüklərində rast gəlinir. Aşağıdakı vasitələrlə osteoporozun və sınıqların qarşısını almaq mümkündür:

  • Fiziki aktivliyi qoruyub saxlamaq
  • Alkoqol və tütün istifadəsindən imtina etmək
  • Osteoporozun dərman müalicəsini qəbul etmək
  • Sümüyün sağlamlığını qorumaq üçün kalsium və vitamin D ilə zəngin qida qəbul etmək 
     

Səbəbləri və risk faktorları

Osteoporozun yaranması üçün müəyyən risk faktorları var:

  • Cinsiyyət. Qadınlarda osteoporoz daha tez-tez təsadüf olunur.  
  • Yaş. Yaş artdıqca sümük toxumasının kütləsi azalır, kövrəkləşir. Yeni sümük toxumasının yaranması isə ləngiyir.
  • Genetik meyllik. Ailə anamnezində osteoporoz və bud sümüyünün sınığı olan insanlarda osteoporoz tez-tez təsadüf olunur.
  • Hormonal dəyişikliklər. Müəyyən hormonların çatışmazlığı zamanı osteoporoz riski yüksək olur. Məsələn:
    • Qadınlarda menopauzadan sonra estrogen çatışmazlığı.
    • Premenopauza dövründə qadınlarda hormonal pozğunluq.
    • Kişilərdə testosteron hormonunun səviyyəsinin aşağı olması. Testosteron azlığına səbəb olan xəstəliklər osteoporoz riskini artırır. Amma yaşla əlaqədar testosteron sintezinin azalması sümük kütləsinin azalmasının əsas səbəbi deyil.
  • Pəhriz. Kalsium və vitamin D ilə zəngin olmayan qidaların qəbulu osteoporoz və sümük sınığı riskini artırır. Həmçinin qidada zülal çatışmazlığı da bu riski artırır.
  • Digər səbəblər. Bəzi endokrin sistem, mədə-bağırsaq xəstəlikləri, revmatoid artrit, bəzi növ xərçəng xəstəlikləri, QİDS və sinir anoreksiyası da osteoporoza səbəb ola bilər.
  • Dərman preparatları. Bəzi dərman preparatlarının uzun müddətli qəbulu sümük kütləsinin azalmasına və osteoporoza səbəb olur, məsələn:
    • Qlükokortikoidlər (astma və revmatoid artrit xəstəliyinin müalicəsində istifadə olunur).
    • Qıcolma əleyhinə preparatlar (qıcolmaların və digər nevroloji pozğunluqların müalicəsində istifadə olunur).
    • Xərçəng əleyhinə preparatlar.
    • Proton pompa ingibitorları (mədə turşuluğunu azaldır).
    • Serotoninin geri tutulmasının selektiv ingibitorları (depressiya və həyəcan pozğunluqlarının müalicəsində istifadə olunur).
  • Həyat tərzi. Sağlam həyat tərzi sümük möhkəmliyi üçün vacib şərtdir.
    • Fiziki aktivliyin aşağı olması və uzun müddətli hərəkətsizlik sümük kütləsinin azalmasına səbəb olur.
    • Xroniki alkoqolizm də osteoporoz riskini artırır.
    • Müşahidələr göstərir ki, papiros çəkən insanlarda osteoporozun rast gəlmə tezliyi papiros çəkməyənlərə nisbətən çox olur.

Osteoporoz kimlərdə çox təsadüf edir?

Osteoporoz hər bir yaş dövründə rast gəlinə bilir, amma yaş artdıqca xəstəlyin yaranma riski artır. Bəzi qadınlarda bu xəstəlik menopauzadan 1-2 il əvvəl yaranır.

Bəzi dərman preparatları, məsələn: şiş əleyhinə preparatlar və qlükokortikoidlər osteoporozun yaranma riskini artırır.

Qadınlarda kişilərə nisbətən osteoporoz çox təsadüf olunur. Həm yaşlı kişilərdə, həm də yaşlı qadınlarda eyni dərəcədə osteoporoz riski ola bilir.

Bəzi uşaq və yeniyətmələrdə idiopatik (səbəbi bəlli olmayan) yuvenil osteoporoz yarana bilər. 

Simptomlar

Osteoporozu “lal” xəstəlik də adlandırırlar, çünki heç bir əlamət olmadan cərəyan edir və sümük sınığı yarandıqdan sonra xəstə bunu aşkar edir. Fəqərə sınığı zamanı beldə və kürəkdə kəskin ağrı, çəkinin azalması, onurğa sütununda deformasiyalar və qamət pozğunluqları (kifozun artması – qozbellik) qeyd olunur.

Osteoporozdan zədələnmiş sümüklər elə kövrək olur ki, sınıq ya spontan (özbaşına) ya da cüzi travma, əyilmə, ağırlıq qaldırma, öskürək nəticəsində baş verir.

Diaqnostikası

Xəstəliyin diaqnostikasında aşağıdakılara diqqət yetirmək lazımdır:

  • Keçirilmiş sınıqlar
  • Xəstənin həyat tərzi (pəhriz, idman, alkoqol və papiros qəbulu).
  • Cari və keçmiş xəstəliklər və qəbul olunan dərman preparatları.
  • İrsiyyət.
  • Qadınlarda – menstrual anamnez.

Həkim həmçinin tibbi baxış keçirərək aşağıdakılara diqqət yetirməlidir:

  • Boy və çəkidə azalma.
  • Qamət pozğunluğu.
  • Əzələ gücü.

Onurğa sütununda və bud sümüklərində sümüyün mineral sıxlığını ölçmək üçün  densitometriyadan istifadə olunur.

Müalicə

Müalicənin məqsədi – sümük kütləsinin azalmasını dayandırmaq və ya yavaşlatmaqdır. Bununla da sümük sınıqlarının qarşısını almaq mümkün olacaq. Həmçinin xəstəyə aşağıdakıları tövsiyyə etmək lazımdır:

  • Düzgün qidalanmaq.
  • Həyat tərzini dəyişmək.
  • Fiziki hərəkətlər.
  • Sümük sınıqlarından özünü qorumaq.
  • Dərman müalicəsi.

Osteoporoz digər xəstəliklər nəticəsində yaranıbsa, həmin xəstəliklərin də paralel müalicəsi aparılmalıdır. Sümük sıxlığını azaldan preparatın dozası azaldılmalı və ya onu başqa dərmanla əvəz etmək lazımdır.

Qidalanma

Müalicənin əsas şərtlərindən biri balanslaşdırılmış qidalanmadır.

  • Çoxlu meyvə və tərəvəz.
  • Xəstənin yaşına, çəkisinə və boyuna uyğun müvafiq kalorili qidalanmaq.
  • Çoxlu maye içmək, tərkibində kalsium, vitamin D və zülal olan qidalar ilə qidalanmaq. 

Kalsium və vitamin D osteoporozun qarşısının alınması və sümük kütləsinin artırılması üçün vacib maddələrdəndir. Vitamin D kalsiumun bağırsaqdan sorulması üçün vacibdir.

  • Alkoqol və tütün qəbulundan imtina etmək.
  • Müntəzəm olaraq həkim qəbulunda olmaq və sümük sağlamlığına zərər verə biləcək istənilən faktor haqqında həkimdən məsləhət almaq.

Fiziki hərəkətlər

Fiziki hərəkətlər – osteoporozun müalicəsinin vacib hissəsindən biridir. Fiziki hərəkətlər sümük toxumasını möhkəmləndirir. Amma yaşlı şəxslərdə fiziki  hərəkətlər sümük kütləsini artırmır, amma:

  • Əzələ gücünü və kütləsini artıraraq, koordinasiya və balansı yaxşılaşdırır. Nəticədə yıxılma riski də azalmış olur.

Fiziki hərəkətlər xəstənin sümüklərində qəfil ağrı yaratmamalıdır. Osteoporoz zamanı intensiv fiziki hərəkətlərdən imtina etmək lazımdır.

Dərmanlar

Xəstənin yaşını, cinsini, sağlamlığının ümumi vəziyyətini və osteoporozun dərəcəsini nəzərə alaraq dərman müalicəsi təyin olunur:

  • Bifosfonatlar. Bu tip dərmanlar sümük kütləsinin azalmasına mane olur.
  • Kalsitonin. Bu preparat qalxanvari vəzin hormonundan əldə olunur. Osteoporoz üçün olan dərmanlara əks göstriş olduqda istifadə oluna bilər.
  • Estrogenin aqonist /antaqonistləri. Postmenopauza dövründə olan qadınlarda osteoporozun müalicə və profilaktikası üçün estrogenin selektiv modulyatorlarından istifadə olunur. Bunlar estrogen deyil, amma bəzi toxumalara estrogenə bənzər təsir göstərməklə digər toxumalara estrogenin təsirini blokada edir.
  • Paratiroid hormonun (PTH) analoqu. PTH – qalxanabənzər ətraf vəzin hormonu olmaqla, sümük kütləsini artırır. Postmenopauzada olan qadınlara və sümük sınığı riski olan osteoporozlu kişilərə göstərişdir.

RANK (RANKL) liqand ingibitorları. Bu preparatlar sümük kütləsinin itgisini tormozlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az