Böyrəküstü vəzi xəstəlikləri və onların müalicəsi
 hekimtap.az

Böyrəküstü vəzi xəstəlikləri və onların...

Böyrəküstü vəzilər – ümumi məlumat Böyrəküstü vəzilər insanın endokrin sisteminə aid olan orqanlardır.  Bu vəzilər sintez və qana hormonlar ifraz vasitəsilə orqanizmin həyat fəaliyyətini dəstəkləyir. Onların köməkliyi ilə maddələr mübadiləsi, insanın stresə normal reaksiyası , piy və karbohidrat nisbəti, qanda şəkərin miqdarı  tənzimlənir. Böyrəküstü vəz mədə-bağırsaq traktına, ürəyə, damarlara da təsir göstərir.   Böyrəküstü vəzilərin quruluşu xüsusilə maraqlıdır – onların formaları müxtəlifdir. Vəzilərdən biri üçbucaq, digəri yarımdairəvi formadadır. Orqanlar nazik fibrozlu kapsulda yerləşir, üst hissəsi qabıq maddədən ibarətdir. Qabıq maddənin işi cinsi, steroid, kortikosteroid hormonların ifarazından ibarətdir. Vəzinin daxili beyin maddəsindən ibarət olub, özündə çox miqdarda sinir hüceyrələri birləşdirir. Onlar katexolamin aktiv maddələr, xüsusən də dofamin, noradrenalin və adrenalin ifraz edir. Böyrəküstü vəzi fəaliyyətinin pozulması Böyrəküstü vəzi funskiyalarının sıradan çıxaran problemləri şərti olaraq iki qrupa bölmək olar. Bu, orqanın patoloji aktivliyi və ya əksinə, funksiyanın aşağı düşməsidir. Funksiyanın aşağı düşməsinə səbəb daha çox orqanın bəzi xəstəliklər, xüsusən də vərəm, qansızma, amiloidoz tərəfindən zədələnməsidir. Belə hallarda hipofunksiyanın aradan qaldırılmasına yönəldilmiş əvəzləyici müalicə aparılır. Bütün orqanizmin işinin ciddi fəsadlarına səbəb olan patoloji aktivlik əksər hallarda müxtəlif şişlərin nəticəsi kimi dəyərləndirilir. Müalicə əsasən, invaziv yolla həyata keçirilir. Daha sonra xəstəyə ömürlük hormonal terapiya təyin edilir. Böyrəküstü vəzi xəstəliklərinin əlamətləri Böyrəküstü vəzin funksional pozuntusunun inkişafı simtomatikası disbalansa səbəb olan hormondan asılıdır. Lakin bəzi ümumi əlamətlər də mövcuddur. İnsan izafi yorğunluq müşahidə etməyə başlayır, periodik olaraq əzələ zəifliyi, qıcıqlılıq yaranır, yuxu pozulur. Tez-tez bədənin müxtəlif yerlərində (əllər, dirsəklər) hiperpiqmentasiya müşahidə edilir. Erkən diaqnostikanı çətinləşdirən səbəb insanların buna etinasız münasibətidir.  Bu da başa düşüləndir. Çünki həmin simtomlar adi yorğunluqdan o qədər də fərqlənmir. Lakin böyrəküstü vəzi xəstəlikləri çox ciddi bir ağırlaşmadır və faciəvi sonluqla nəticələnə bilər.   Xəbərdarlıq! Kəskin böyrəküstü vəzi çatışmazlığı xəstənin ölümünə səbəb ola bilər və təcili müdaxilə tələb edir. Böyrəküstü vəzi xəstəliklərinin diaqnostikası Böyrəküstü vəzi disfunksiyasının daha çox yayılmış və özünü doğrultmuş diaqnostika metodları aşağıdakılardır:  – Sidiyin analizi, qanın hormonal analizi;  – USM;  – MRT;  – Bədxassəli şişlərə şübhə yarndıqda laparoskopiya təyin edilir. Daha çox informativ metod multispiral kompüter tomoqrafiyası hesab olunur. Şüa diaqnostika metodu (sintiqrafiya) da kifayət qədər effektlidir.  Bu metod böyrəküstü vəzinin qabıq və beyin strukturunu yüksək dəqiqliklə müayinə etməyə şərait yaradır.   Böyrəküstü vəzi xəstəliklərinin müalicəsi Bütün zəruri müayinələr böyrəküstü vəznin funksional pozuntularını üzə çıxardıqdan sonra mütəxəssislər tərəfindən lazım olan konservativ müalicə metodları seçilir. Bu metodlar gözlənilən nəticəni vermədiyi halda həkimlər hormonəvəzləyici terapiya təyin edir və orqan xaric edilir.    Qeyd etmək lazımdır ki, əksər hallarda xəstəlik erkən aşkarlanarsa və adekvat müalicə təyin edilərsə, böyrəküstü vəzilərin funksional pozuntuları uğurla (invaziv müalicə) aradan qaldırılır. Tez-tez xəstələr müalicə üçün loğmanlara müraciət edirlər. Xalq təbabəti reseptlərinin konservativ müalicə ilə birgə tətbiqi daha yaxşı nəticələrə səbəb olur. Lakin bunu etməzdən əvvəl mütləq həkim-endokrinoloqla məsləhətləşmək lazımdır!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 16.05.2018

Qeysəriyyə əməliyyatından sonra hamiləlik
 hekimtap.az

Qeysəriyyə əməliyyatından sonra hamiləlik

Qeysəriyyə əməliyyatından sonrakı mənzərə Qeysəriyyə əməliyyatından sonrakı ikinci hamiləlik həmişə müəyyən risk daşıyır, lakin bu əməliyyatın aparılması o demək deyil ki, sizin daha uşağınız olmayacaq və ya təbii yolla doğuşa heç bir şansınız yoxdur. Statistikaya görə bütün doğuşların 10-20%-i qeysəriyyə əməliyyatının payına düşür. Bəzi xüsusi profilli müəssisələrdə bu göstərici yuxarı da ola bilər.    İlk hamiləliyin əməliyyat yolu ilə sona çatması səbəblərindən asılı olaraq, həkim qeysəriyyə əməliyyatından sonra ikinci hamiləliyin mümkün olub-olmaması haqda qərar verir. Adətən kontrasepsiya və gələcək hamiləlik haqda tövsiyələr hələ doğum evində verilir. Əgər əməliyyat ümumi vəziyyətin ağır olması ilə əlaqədər, məsələn, ciddi ürək xəstəliyi səbəbindən  aparılıbsa və gələcək hamiləlik əks-göstərişdirsə, bəzən radikal qorunma üsulu – sterelizasiya təklif olunur. Qeysəriyyə əməliyyatı zamanı borular bağlanır və bu zaman əməliyyatdan sonra hamiləlik ehtimalı olmur.     Əgər əməliyyata göstəriş konkret olaraq cari hamiləlik və doğuş zamanındakı ağırlaşmalar olmuşsa (məsələn, genetal herpes və s.) gələcək hamiləliklərə heç bir əks-göstəriş yoxdur.  Qeysəriyyə əməliyyatından sonra uşaqlıqda çapıq qalır. Körpəni uşaqlıqdan çıxarmaq üçün həkimlər uşaqlığın aşağı hissəsində kəsik aparmalı olurlar, daha sonra bu yara birləşdirici toxumanın yaranması vasitəsilə sağalır.      Hesab olunur ki, qeysəriyyə əməliyyatında sonra növbəti hamiləlik üçün optimal dövr 2 il sonradır. Qeysəriyyə əməliyyatından sonra erkən hamiləlik uşaqlıqda çapığın tam birləşməmisi baxımından təhlükəlidir. Bu təhlükənin qarşısını almaq məqsədilə əməliyyatdan dərhal sonra hamiləlik qeydə alınarsa, böyük ehtimal ki, bunu dayandırmaq tövsiyə ediləcək. Düzdür, hamiləliyin qeysəriyyə əməliyyatından bir ay sonra belə baş tutduğu hallarda qadınların normal hamiləlik keçirməsi qeydə alınıb, lakin bu, qayda deyil, istisna hesab olunmalıdır. Ona görə də risk etməyə dəyməz.       Qeysəriyyə əməliyyatından sonra hamiləliyin planlaşdırılması Qeysəriyyə əməliyyatından sonra hamiləliyə hazırlıq kontrasepsiyadan başlayır. Yenidən uğurla uşaq dünyaya gətirmnək istəyirsinizsə, qorunma məsələsinə ciddi yanaşmalısınız. Çünki bu, həyati vacib olan bir məqamdır. Belə ki, uşaqlığa yaraların bərpa olunması üçün sakitlik lazımdır, bu isə vaxt tələb edir. Düzdür, kəsik tez bir zamanda sağalır, lakin birləşdirici toxuma bundan sonra hələ zərif və yumşaq olur. Misal üçün, əgər uşaq dünyaya gəldikdən sonra bir il sonra hamilə qalsanız bu, daha çox risk daşıyacaq, nəinki iki illik fasilədən sonra.         Qeysəriyyə əməliyyatından sonra hamiləlik necə keçir? Əvvəllər  qeysəriyyə əməliyyatı keçirmiş qadınlarda hamiləlik qeydə alınarsa, ginekoloqun qeydiyyatına nə qədər tez düşsəniz o qədər yaxşıdır. Belə hamiləlik zamanı tez-tez USM müayinəsi aparılır və hamilənin vəziyyəti ciddi nəzarət altında olur. Əgər qeysəriyyə əməliyyatından sonra hamiləlik qeyri-adidirsə, yənin iki və ya daha çöxdöllü hamiləlik qeydə alınıbsa, bu, bir qədər riskli ola bilər. Çünki uşaqlığın divarı çox tez dartılır və nəticədə üzərinə ağırlıq düşən çapıq çətin adaptasiya olur. Onu da bilmək lazımdır ki, qeysəriyyə əməliyyatından sonra erkən hamiləlik, eləcə də abort təhlükəlidir. 5-6 həftəlik hamiləlik zamanı hamiləliyin medikamentoz vasitə ilə kəsilməsinin demək olar ki, heç bir  riski yoxdur. Amma əgər mifeqin və ya digər preparatların tətbiqi çüçün vaxt gecikmiş olarsa və hamiləliyin kəsilməsi üçün instrumental müdaxilə tələb edilərsə, bu sizin gələcəkdə ana olmaq qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Həm də bu zaman ağırlaşma riski də çox yüksəkdir.    Qeysəriyyədən sonrakı hamiləlik zamanı doğuşu qətiyyən ev şəraitində keçirmək olmaz. Belə ki, uşaqlığın çapıq boyunca cırılması heç də mif yox, reallıqdır. Yəni uşaq mütləq doğum evində dünyaya gəlməlidir ki, ağırlaşma hallarında müvafiq tədbirlər görülsün.       Qeyd: Əksər hallarda qeysəriyyə əməliyyatından sonra hamiləlik və doğuş normal keçir və sağlam uşağın dünyaya gəlməsi ilə nəticələnir. Əgər əvvəllər əməliyyat keçiribsinizsə narahatçılığa səbəb yoxdur, düzgün yanaşma zamanı gələcəkdə bir, hətta bundan da çox uşaq dünyaya gətirə bilərsiniz. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 15.05.2018

HekimTap Pro
49371
Hamiləlik zamanı baş verən düşüklər
 hekimtap.az

Hamiləlik zamanı baş verən düşüklər

Budur, qadının çoxdandır gözlədiyi hamiləlik baş tutdu. Lakin hamiləlik başlayandan uşağın dünyaya gəlməsi üçün 9 ay keçməlidir. Bu periodda qadını ciddi sınaqlar gözləyə bilər və onlardan ən qorxulusu hamiləlik zamanı baş verən düşüklərdir. Hamiləliyin pozulması nədir? “Hamiləliyin pozulması” dedikdə mama-ginekoloqlar hamiləliyin 37 həftəyədək pozulmasını nəzərdə tuturlar. Əgər bu, 22 həftəyədək baş veribsə, buna “düşük”, daha gec olubsa erkən doğuş deyilir. Birinci halda körpənin həyatı uğrunda mübarizə aparmağa dəyməz, ikinci halda isə halda uşağa həyat vermək üçün mütəxəssislər əllərindən gələni edirlər. Qadında düşük və ya erkən doğuş iki dəfədən artıq baş veribsə, o zaman  “adəti düşük” diaqnozu qoyulur.   Hamiləliyin pozulma səbəbləri Həmiləlik bir sıra səbəblərdən pozula bilər. Buraya aşağıdakılar aiddir:  – Hormonal pozuntular – yumurtalıq, plasenta funksiyalarının çatışmazlığı, estrogen və ya progesteron  defisitilə nəticələnən böyrəküstü vəz funksiyalarının pozulması və ya kişi cinsi hormonlarının (androgenlərin) artıqlığı;  – Dölün xromosom və gen anomaliyaları, hansı ki, həyat ehtimalını sıfıra endirir (xüsusən də erkən düşüklərdə). Belə hallarda ümid gələcək hamiləliyin uğurlu olacağına qalır. Yəni, genetik kod pozuntusundan heç kim sığortalanmayıb. Yaş artdıqca genetik anomaliyaların yaranma riski artır, ona görə də yaşı 30-dan yuxarı olan qadınlara hamiləlik planlaşdırarkən genetik müayinədən keçmək tövsiyə olunur;       – Istmiko-servikal çatışmazlıq;  – Kəskin infeksion  xəstəliklər (qrip, qızılca və s.)  – Cinsiyyət yollarının xroniki infeksiyaları (xlamidioz, mikoplazmoz və s.). Mikroorqanizmlər uşaqlığın selikli qişasının iltihabına səbəb ola, hamiləliyin inkişafını poza bilər;  – Uşaqlığın inkişaf qüsurları;  – Uşaqlıq (miomalar) və yumurtalıqların şişləri;  – Süni abortlar;  – Hamiləlik zamanı əlavə yüklənməyə məruz qalan digər orqanların, məsələn, böyrək, ürək-damar, endokrin və başqa sistemlərin xəstəlikləri;  – Pis vərdişlər (siqaret çəkmək, alkoqolizm, narkomaniya);  – Həddindən artıq fiziki və əsəbi gərginlik;  – Ətraf mühitin zərərli təsirləri (radiasiya, ziyanlı kimyəvi maddələr, dərman preparatları və s.). Ağır fiziki əmək, zərərli istehsalatda iş, vibrasiyanın təsiri (məsələn, stüardessalarda) düşük riskini artırır;  – İmmunoloji səbəblər. Təkrar hamiləlik zamanı ananın orqanizmi dölü zədələyən maddələr ifraz edə bilər. Belə vəziyyət rezus-konflikt zamanı yaranır;  – Travmalar. Düşük təhlükəsi zamanı müalicə Düşük təhlükəsinin müalicəsi bu vəziyyəti yaradan səbəblərdən və hamilə qadının vəziyyətinin nə dərəcədə ağır olmasından asılıdır. Bəzi hallarda qadın müalicə üçün stasionarda saxlanılır, əgər vəziyyət çox da ciddi deyilsə, müalicəni evdə də almaq olar. Qeyd olunduğu kimi, genetik pozuntular zamanı hamiləliyi qorumaq nadir hallarda mümkün olsa da, həkimlər bunu etməyə çalışırlar. Düşük təhlükəsi zamanı nə qəbul etmək lazımdır? Müstəqil olaraq heç bir şey. Bütün müalicələri həkim təyin etməlidir. Özünümüalicə çox ciddi fəsadlara yol aça bilər. Düşük təhlükəsi zamanı qadına psixoloji sakitliyini qorumaq çox vacibdir. Ona görə də belə hallarda bir qayda olaraq, təbii sakitləşdiricilər təyin edilir. Praktik olaraq həmişə uşaqlığın tonusunu aradan qaldırmaq üçün spazmolitiklər, bundan başqa, orqanizmi möhkəmləndirmək üçün vitaminlər təyin olunur.   Səbəb hormonal pozuntu olarsa, qadına daha çox dyufostan və ya utrojestan təyin edilir. Bu preparatların tərkibində progestoron hormonunun sintetik analoqu var. Progestoron səviyyəsinin normallaşması sayəsində hamiləliyi qorumaq olur. Bu cür təyinatlar bir qayda olaraq, hamiləliyin erkən dövründə verilir. Hamiləliyin son dövrlərində düşük təhlükəsi zamanı uşaqlıq boynuna halqa qoyulur. Bu, vaxtından əvvəl açılmanın qarşısını alır. Çox sadə bir əməliyyatdır və heç bir əks-göstərişi yoxdur. Hamiləlik zamanı düşük baş verərsə nə etməli? Hamiləlik zamanı düşük baş vermişsə, ruhdan düşmək lazım deyil. Düşük hər hansı vəziyyətdə hamiləliyin uğursuz keçməsi deməkdir. Lakin bu, o demək deyil ki, növbəti hamiləliyi saxlamaq mümkün olmayacaq. Belə vəziyyətlərdə məsləhətdir ki, ərinizlə birgə həkimə müraciət edib, lazımı müayinə və müalicələrdən keçəsiniz ki, normal hamiləliyə mane olan faktorlarlar aradan qaldırılsın. Bundan başqa, 6 ay müddətinə kontraseptivlərdən istifadə etmək məsləhətdir ki, qadın orqanizmi sağlam uşaq dünyaya gətirmək üçün bərpa oluna bilsin.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 14.05.2018

Çiyin ağrıları
 hekimtap.az

Çiyin ağrıları

Çiyin ağrısının səbəbləri Çiyin ağrıları cəmiyyətdə insanlar arasında bel ağrısı, diz ağrısı kimi şikayətlərdən sonra ən çox rastlanan ciddi problemlərdəndir. Bunu anlamaq üçün bir neçə təməl anlayışlar haqqında məlumat vermək istərdim. Çiyin mürəkkəb quruluşlu və geniş hərəkət imkanlarına sahib oynaqdır. Oynaq, əzələ-vətər qrupu (buna Rotator Cuff deyirik) və bağlarla stabilizə edilir. Əzələlər kürək sümüyündən başlayıb bazu sümüyünə yapışır. Çiyin nahiyyəsində ağrılar bu əzələ qrupunun funksiya pozuntusu və ya tamlığının pozulması(tam və ya natamam yırtıq) nəticəsində yarana bilər.Hətta ilk şübhələniləcək səbəblər arasındadır. Rotator cuff  əzələlərində  ən çox aşağıdakı 3 problem  görülə bilər: 1.Sıxışma; 2.Cuff vətərlərində zəiflik və gücsüzlük; 3.Vətərlərdə yırtıq; Həkiminiz bu 3 vəziyyətdən hansının olduğunu muayinələr nəticəsində müəyyən etdikdən sonra sizə müalicə istiqaməti seçəcəkdir. Bu istiqamətlər Konservativ(dərman və fizioterapiya) və Cərrahi metodlar(açıq və ya qapalı) ola bilər. Çiyin ağrılarının əlamətləri Əlbəttə sadəcə ağrı xəstəliyin başlanğıc əlaməti ola bilər, ancaq yeganə simptomu deyil. Xüsusi klinik muayinə metodları və radioloji üsullar da tətbiq olunmalıdır. Yəni ağrılar və hərəkət məhdudluğu olan bu xəstə qrupunda çiyin MRT-si çəkilməsi və bu vətərləri anatomik olaraq dəyərləndirmək mütləqdir. Klinik olaraq aşağıdakı simptomlar daha çox rastlanır:  – Həssas və zəif çiyin;  – Qolda və çiyində şiddətli ağrı (hərəkətlə artan ağrı xarakterikdir);  – Hərəkət məhdudluğu(qolu xüsusən baş üzərinə qaldırmaqda məhdudluq);  – Əlinizi belinizə qoyduqda çiyində artan ağrılar xarakterikdir; Çiyin ağrılarının müalicəsi Yuxarıda qeyd etdiyim kimi, ilk öncə xəstəliyi anlamaq və diqnozu dəqiqləşdirmək müalicənin istiqamətini müəyyən edir. Əgər Rotator Cuff əzələ-vətər quruplarında zəiflik və ağrı varsa ,(buna tendinozis deyirik) dərman müalicəsi və fiziopterapiya yetərli olacaqdır. Xəstə məmnuniyyəti yüksəkdir Yox əgər kliniki və radioloji olaraq bu əzələ-vətər quruplarında yırtıq varsa (tam və ya natamam) cərrahi müdaxilə ilə xəstənin şikayətlərini aradan qaldırırıq. Bunlar mürəkkəb və təcrübə gərəkdirən əməliyyatlardır. Əməliyyat, qapalı-artroskopik aparılır və dəri səthində kiçik kəsiklərdən kamera köməyi ilə oynaq içərisində müdaxilələrə əsaslanır. Əgər uzun müddətli çiyin ağrıları və hərəkət məhdudluğu varsa bu vəziyyət əzələlərdə incəlməyə səbəb olur, ozaman qapalı-artroskopik əməliyyatlar mümkün olmur.Bu vəziyyətlər üçün xüsusi istehsal edilmiş çiyin protezlərindən istifadə edirik. Ona görə də xəstələrimiz həm bizim işimizi asanlaşdırmaq həm də əməliyyatdan yüksək fayda görməsi üçün hərəkət məhdudluğunu və ağrıları gözardı etməməlidirlər. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 14.05.2018

Uşaqlarda boy qısalığı
 hekimtap.az

Uşaqlarda boy qısalığı

Nanizm nədir? Uşaqlarda boy atmanın ləngiməsinə tibbdə nanizm və ya alçaqboyluluq deyilir. Bu uşağın boyunun pasport yaşından geri qalması ilə xarakterizə olunur. Xəstəliyin hansı forma və yaranma səbəbləri Boy ləngiməsinin yaranma səbəbindən asılı olaraq 2 forması var: 1. Endokrin (bura endokrin vəzilərin fəaliyyətində yaranan pozuntular aiddir.) 2. Qeyri-endokrin (digər orqan patologiyaları ilə əlaqədar olan səbəblər) Xəstəliyin yaranma səbəbləri aşağıdakılardır: 1. Konstitusional boy ləngiməsi (bu zaman cinsi inkişaf da ləngiyir. Hədəf boy valideynlərin boyundan asılıdır. 2. Genetik alçaqboyluluq (ailəvi xarakter daşıyır. Hədəf boy valideynlərin boylarından asılıdır.) 3. Vaxtından erkən doğulmuş uşaqlar 4. Boy ləngiməsi ilə müşayiət olunan genetik sindromlar (Turner sindromu, Nuan sindromu və s.) Xronik xəstəliklər 1. Ürək qüsurları 2. Bronxial astma 3. Qastroenteritlər( mədə bağırsaq iltihabi xəstəlikləri) 4. Anemiya (qanazlığı) 5. Aclıq (az təminatlı ailələrdə, uşaq qidasının miqdarının düzgün hesablanması) 6. Dərman preparatlarının qəbulu Endokrin xəstəliklər  – Boy hormonu defisiti 1. Anadangəlmə boy hormonu çatışmazlığı (hipofiz və hipotalamusun inkişaf pozuntuları) 2. Qazanılma boy hormonu çatışmazlığı (beyin travmaları, hipofiz və beyində olan törəmələr) 3. Boy hormonunun təsirinin pozulması  – Hipotireoz (qalxanvari vəzi funksiyasının zəifləməsi)  – Kuşinq xəstəliyi (böyrəküstü vəzi problemləri)  – Hiperparatireoz (qalxanətrafı vəzi problemləri)  – Psevdohiperparatireoz  – Vitamin D defisiti  – Şəkərli diabet  – Şəkərsiz diabet Uşaqlarda boy qısalığı boy qısalığının diaqnostikası İlk növbədə düzgün anamnezin toplanması və antropometrik göstəricilərin toplanması aparılmalıdır. Sonra laborator müayinələrə başlanılır;  – Hər iki əl bilək sümüklərinin rentgen müayinəsi olunur;  – İlk növbədə boy hormonu və insulinə bənzər boy faktorları yoxlanılır;  – Burada problem aşkarlanarsa, müxtəlif stimulyasiya sınaqları qoyulur və bu sınaqlarla boy hormonunda olan defisit dəqiqləşdirilir;  – Qanın ümumi analizi;  – Şəkərin təyini;  – Qalxanvari vəzi hormonları;  – Beyin MRT- ilə hipotalamus və ya hipofiz bölgəsində hər hansı bir törəmənin olub-olmaması dəqiqləşdirilir;  – Genetik defektin müayinəsi məqsədilə kariotip müayinə olunur (genetik sindromlara şübhə varsa). Uşaqlarda boy qısalığının müalicəsi 1. Boyun ləngiməsinə səbəb olan əsas xəstəlik müalicə olunur. 2. Konstitusional və genetik boy ləngiməsi müalicə olunmur. 3. Boy hormonu defisiti isə boy hormonu ilə əvəzedici müalicə olunur. Hədəf olaraq ilk il 8-13 sm, növbəti illərdə isə ildə 5-6 sm boy artması nəzərdə tutulur. Uşaqlarda boy qısalığının profilaktikası Uşaqların yaxşı boy atması üçün zülal, yağ, mineral və vitaminlərlə zəngin qidalar normal miqdarda qəbul olunmalı, idmanla məşğul olmalı, gün şüalarını yetərincə almalıdırlar. Əgər bunlara baxmayaraq, boy artımında ləngimə hiss olunarsa, mütləq endokrinoloqa müraciət etməlidirlər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 14.05.2018

Hipofiz adenomaları
 hekimtap.az

Hipofiz adenomaları

Hipofiz adenoması nədir? Hipofiz adenomaları – hipofiz vəzindən əmələ gələn xoş xassəli şişlərdir. Hipofiz vəzi, 0,5 qram ağırlığında olub, kəllə əsasında, gözlərin arxasında yerləşən kiçik bir vəzdir. Hipofiz vəzi orqanizmin hormonal balansını tənzimləyən çox önəmli vəzidir. Tərkibində hormon ifraz edən və hormon ifraz etməyən  hüceyrə qrupları vardır.  Hipofiz vəzindən əsas 6 hormon ifraz olunur: AKTH – böyrək üstü vəzin funksiyasını tənzimləyir. Prolaktin – hamiləlikdən sonra südün əmələ gəlmə və ifrazını tənzimləyir. Böyümə hormonu – insanın normal inkişafını tənzimləyir. TSH – qalxanabənzər vəzinin funksiyasını tənzimləyir. FSH – follikul yetişməsini tənzimləyir. LH – cinsi hormonların ifrazını tənzimləyir. Sadalanan bu  hormonlar başqa orqanların fəaliyyətini tənzimlədiyi üçün hipofiz vəzinə  “dirijor vəz” də deyilir. Hipofiz adenomasının növləri Hipofiz adenomaları fərqli xüsusiyyətlərinə görə müxtəlif qruplara ayrılırlar: 1. Ölçüsünə görə:  – Mikroadenoma – ölçüsü 1 sm-dən kiçik olan adenomalar  – Makroadenoma – ölçüsü 1 sm-dən böyük olan adenomalar            2. Təbiətinə görə:  – Xoşxassəli – hipofiz şişlərinin əksəriyyəti adenomalardır ki, bunlar da xoşxassəlidir. Bu şişlər yavaş böyüyür.  – Bədxassəli – hipofiz karsinoması bədxassəli şiş olub, sürətli böyümə və çoxalma qabiliyyətinə malikdir. 3. Hormon ifrazına görə:  – Funksional aktiv – hipofiz vəzisinin hormon ifraz edən hüceyrələrindən əmələ gəlirlər və həddindən artıq hormon ifraz edirlər.  – Funksiyonal aktiv olmayan – hipofiz vəzisinin hormon ifraz etməyən hüceyrələrindən əmələ gəlirlər və daha çox ətraf toxumaları sıxışdıraraq əlamət verirlər. Hipofiz adenomasının əmələ gəlmə səbəbləri Əksər adenomların əmələ gəlmə səbəbləri hələ də məlum deyil. Buna baxmayaraq, digər şişlər də olduğu kimi hipofiz adenomalarının da əmələ gəlməsində  genetik faktorların rolu olduğu düşünülməkdədir. Hipofiz adenomalarının diaqnostikası Hipofiz adenomalarının diaqnostikasında həm laborator, həm də instrumental müayinə üsulları tədbiq olunur. Laborator müayinə – qan analizləri ilə qanda müxtəlif hormonların miqdarı təyin edilərək, hər hansı bir hormonun artıq ifraz olunması və ya çatışmazlığı haqqında məlumat əldə olunur. Məsələn: qanda prolaktin hormonun həddən artıq yüksək olması prolaktinoma olması haqqında məlumat verir. İnstrumental müayinə – kontrastlı hipofiz MRT-si hipofiz vəzi və onun ətrafındakı strukturlar, həmçinin adenomanın varlığı, ölçüsü, tərkibi, yerləşməsi haqqında ərtaflı məlumat verir. Hipofiz adenomalarının əlamət və simptomları Hipofiz adenomaları 3 fərqli mexanizmlə əlamət verirlər: 1. Hipofiz vəzində həddən artıq hormon ifraz edərək- ifraz olunan hormonun növündən asılı olaraq müxtəlif əlamətlər üzə çıxır:  – Prolaktinoma – prolaktin hormonu ifraz edən adenomalardır. Aybaşı olmaması və ya pozğunluğu, hamiləlik olmadan süd vəzilərindən süd gəlməsi, sonsuzluq, cinsi istəyin azalması kimi simptomlar verir.  – Somatotropinoma – boy hormonu ifraz edən adenomalardır. Böyüklərdə akromeqaliyaya- əl, ayaq, burun, alt çənə kimi üzvlərin həddindən artıq böyüməsinə, uşaq və gənclərdə isə qiqantlığa səbəb olur.  – AKTH ifraz edən adenomalar – Böyrəküstü vəzindən kortizol sintezini artıraraq, Kuşinq sindromuna səbəb olur. Bunun nəticəsində piylənmənin artması, hipertoniya xəstəliyi, şəkərli diabet, oynaq ağrıları, əhval ruhiyyənin dəyişməsi kimi əlamətlər üzə çıxır.  – TSH ifraz edən adenomalar – Qalxanabənzər vəzinin fəaliyyətini artıraraq zob xəstəliyinə səbəb olur. Xəstələrdə əsəbilik, nəbzin yüksəlməsi, yüksək təzyiq, tərləmənin artması, arıqlama kimi əlamətlər görülür. 2. Böyüyüb ətraf toxumaları sıxışdıraraq – Çox böyük makroadenomalar görmə sinirini və beyin toxumasını sıxaraq əlamətlərə səbəb ola bilər. Bu əlamətlər aşağıdakılardır:  – Görmə sahəsinin daralması  (Bitemporal hemianopsiya);  – Görmə kəskinliyinin azalması və bulanıq görmə,  – Görmənin itirilməsi (korluq);  – Hipofiz yetməzliyi;  – Baş ağrısı və s. 3. Normal ifraz olunmalı olan hormonların ifrazını ləngidərək (hormon yetməzliyi)- əgər adenoma çox böyükdürsə normal hipofiz vəzini sıxışdıraraq hormon yetməzliyi və ya hipofiz yetməzliyinə səbəb ola bilər. Bunun nəticəsində azalan hormonun növündən asılı olaraq aşağıdakı əlamətlər üzə çıxa bilər:  – FSH, LH azalarsa – cinsi istəkdə azalma, sonsuzluq, qadınlarda aybaşı pozğunluğu və s.  – TSH azalarsa – iştahsızlıq, çəkinin artması, yorğunluq, halsızlıq, yuxululuq, yaddaş pozğunluqları və s.  – AKTH azalarsa – Yorğunluq, təzyiqin davamlı aşağı olması, qanda elektrolitlərdə pozğunluq və hətta ağır hallarda komaya səbəb ola bilər.  – Boy hormonu azalarsa – inkişaf geriliyi, cırtdan boyluluq, yorğunluq, halsızlıq və s. Hipofiz adenomalarının müalicəsi Hipofiz adenomalarının müalicəsi müxtəlif amillərdən:  – Adenomanın hormon ifraz edib-etməməsi;  – Adenomanın ölçüsü;  – Şişin ətraf toxumalara sirayət etmə dərəcəsindən;  – Xəstənin yaşı və ümumi vəziyyətindən asılıdır. Hipofiz adenomasının dərman müalicəsi- Hipofiz adenomalarının müalicəsində dərman müalicəsi önəmli yerə sahib olub aşağıdakı hallarda:  – Prolaktinomaların əməliyyata ehtiyac qalmadan dərmanla tam müalicəsində;  – Akromeqaliya və Kuşinq xəstəliyində əlamətləri və xəstənin şikayətlərini azaltmaq üçün dərmanla müalicəsində;  – Müxtəlif növ adenomalarda hormon yetməzliyi əmələ gələrsə, dərman müalicəsi ilə aradan qaldırılmasında istifadə olunur. Hipofiz adenomasının cərrahi müalicəsi – Müasir neyrocərrahiyyədə hipofiz adenomalarının ən geniş yayılmış və ən effektli cərrahi müalicəsi endoskopik yolla əməliyyatdır. Endoskopik yolla burundan girilərək, kəllə qapağı açılmadan hipofiz adenomaları tam çıxarıla bilər. Endoskopik yolla icra olunan əməliyyatlar həm əməliyyat müddətini qısaldır, həm də xəstələrin erkən evə yazılması üçün şərait yaradır. Bəzi, çox böyük makroadenomalar açıq üsulla kraniotomiya edilərək (kəllə qapağı açılaraq) əməliyyat olunurlar. Hipofiz adenomalarında şüa terapiyası – Bəzi adenomalar əməliyyatla tam aradan qaldırıla bilinmirsə və dərman müalicəsi də fayda etmirsə, o zaman belə xəstələr şüa terapiyasına yönləndirilirlər. Şüa terapiyasında məqsəd adenomanın böyüməsinin qarşısını almaqdır. Hipofiz adenomalarında proqnoz Hipofiz adenomaları əksəriyyəti xoş xassəli olduqlarına görə proqnozları yaxşıdır. Buna baxmayaraq, bəzi funksional aktiv adenomalar xəstələrdə yanaşı gedən xəstəliklərə (şəkərli diabet, hipertoniya, sonsuzluq və s.) səbəb olaraq xəstələrin həyat keyfiyyətini aşağı sala bilərlər. Buna görə də adenomaların erkən diaqnozu və düzgün müalicə taktikasının seçilməsi çox önəmlidir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 14.05.2018

Baş ağrıları hekimtap.az

Baş ağrıları

Baş ağrıları əhalinin böyük əksəriyyətini narahat edir, birincili və ikincili olmaqla iki qrupa bölünür. Səhiyyə xidmətinə müraciətlər əsasən birincili başağrıları - miqren və gərginlik baş ağrıları səbəbindən olur. Baş ağrılarının qiymətləndirilməsində xəstənin ətraflı sorğusu çox əhəmiyyətlidir.  Birincili baş ağrıları hansılardır ? Miqren   Miqren baş ağrıları – birtərəfli (ikitərəfli də olur), pulsasiya edən, bir neçə dəqiqədən bir neçə saata qədər müddətdə artan, ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə müşayiət olunur. Əmək qabiliyyətinin itirilməsi belə ki, adi fiziki yükdən baş ağrılarının güclənməsi baş verir. Miqren tutmaları ildə bir dəfədən hər gün baş verən tutmalara qədər, davametmə müddəti isə 4-72 saat ola bilər.   Miqren baş ağrıları tutmalarına təkan verən qıcıq amillər: isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs - küy, fiziki gərginlik - hərəkət, xronik stress, yuxu pozğunluğu, vaxtsız ve ya pis qidalanma, tütünçəkmə, сinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik, dərman amili (nitroqliserin, oral kontraseptivlər, hormonal terapiya, opiat və barbituratlar, nifedipin və s.), qida məhsulları (sitrus meyvələri, tərkibində kofein, nitritlər və aspartam olan qida məhsulları, yetişmiş pendir, şokolad, alkoqol, monosodium qlutamatlı qida məhsulları və s.)    Miqren tutmaları auralı və aurasız ola bilər.  Aurada baş ağrının əvvəlində və ya ondan bir qədər öncə olan bir sıra - görmədə işıqlanma, ləkələr, əyri xəttlərin yaranması və ya görmənin itməsi, nitqin tutulması, iynə batması və.s kimi əlamətlər ola bilir. Gərginlik baş ağrıları Miqrenə nəzərən mülayim olur. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur.  Ağrılar ikitərəfli, sıxıcı, təzyiqedici xarekterli olur, fiziki gərginlik zamanı artmır,  ürəkbulanma və qusma olmur.  Emosional durumlar, iş rejiminin gərginliyi, cinsi problemlər, yuxunun pozulması, havanın dəyişməsi, gicgah - çənə oynağında problem və əzələ gərginliyi Gərginlik baş ağrılarına səbəb olur.  Trigeminal vegetativ baş ağrıları Üçlü sinir nahiyəsində birtərəfli, güçlü baş ağrıları ilə səciyyələnir. Bu da Klaster baş ağrısı şəklində büruzə verə bilər. Yəni orbital – göz çuxurunda, supraorbital -gözün üstündə, gicgah nahiyəsində cəmləşən birtərəfli, tutmaşəkilli güclü ağrılar konyuktivanın qızarması, göz yaşının axması, burunun tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, mioz, ptoz, göz qapaqlarının şişkinliyi ilə müşayiət olunur. Tutma müddətinin daha qısa olduğu və daha tez-tez təkrarlandığı digər növ trigeminal baş ağrıları da var. İkincili baş ağrıları hansılardır ?  İkincili baş ağrıları əsas xəstəliyin əlaməti olaraq yaranır və infeksion, şiş, damar, dərman və digər mənşəli baş ağrılarını əhatə edir. Boyun "mənşəli" baş ağrıları Onurğa sütununun boyun hissəsində skelet-əzələ disfunksiyası nəticəsində də baş ağrıları əmələ gələ bilir. Beyindaxili təzyiq  Yüksək beyindaxili təzyiqdə xəstə uzanarkən, öskürmə, gülmə və gərginlik zamanı baş ağrıları olur.  Beyindaxili təzyiq aşağı olduqda isə xəstə ayaq üstə durarkən baş ağrıları yaranır, uzandıqda keçir.  Qadınlarda baş ağrıları Qadınlarda baş ağrıları, ginekoloji statusdan (hamiləlik, aybaşı, menopauza, oral kontraseptivlərin qəbulu) asılı olaraq tez - tez rastlanır.    Həmçinin, qapalı bucaqlı qlaukoma, 50 yaşdan yuxarı insanlarda giqant hüceyrəli arteriit, dəm qazı ilə zəhərlənmələr, kəskin və xroniki postravmatik baş ağrıları növləri də aktualdır.    Müalicə baş ağrının növündən asılı olaraq aparılır. Spesifik müalicələr olduğu halda analgetiklərin qəbulu özü baş ağrısı səbəbi ola bilər. Baş ağrını yaradan qıcıq amillərdən uzaqlaşmalı, mümkün qədər sağlam yaşam tərzinə keçmək baş ağrılarının yaranma intensivliyini azaldacaq.      © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 14.05.2018

Hamiləlik və hepatit C
 hekimtap.az

Hamiləlik və hepatit C

Hər bir gələcək ana dünyaya sağlam və möhkəm uşaq gətirməyi arzulayır. Ona görə də bir çox qadınlar hələ hamiləlikdən əvvəl müxtəlif müayinələrdən keçirlər ki, hamiləlik vaxtı hər hansı bir xəstəliyin uşağa keçmə riskini istisna etsinlər. Qadınları narahat edən təhlükəli xəstəliklərdən biri də hepatit C virusudur. Həqiqətən də hamiləlik və hepatit C çox arzuolunmaz bir vəhdətdir. Belə ki, xəstəliyin uşağa keçmə riski yüksəkdir. Hepatit C anadangəlmə qüsurlara səbəb olmasa da, bəzən uşaqlar qaraciyərin iltihabı əlamətləri ilə dünyaya gəlirlər. Həklimlər hepatit C-ni “mülayim qatil” adlandırırlar. Çünki xəstəliyin kəskin dövründə simtomlar özünü ya əhəmiyyətsiz dərəcədə bildirir, ya da ümumiyyətlə göstərmir. Lakin zaman keçdikcə hepatit xroniki hala keçir, daha sonra sirroz və hətta xərçəng yaranmaq riski ortaya çıxır.    Hamiləlik zamanı hepatit C-nin xüsusiyyətləri Qadın hamiləlik dövründə hepatit C-yə yoluxduqda iltihabi əlamətlər özünü göstərməyə bilər və ya əlamətlər zəif ifadə olunduğundan buna fikir verməyə bilər. Lakin virus tədricən qaraciyər hüceyrələrini sıradan çıxarır, bu da bəzən intoksikasiyaya səbəb olub, düşük hallarına təkan verə bilər. Ayrı-ayrı tibbi göstəricilərə görə hamiləlik hepatit C-nin kəskinləşməsinə şərait yarada bilir. Əgər kəskinləşmə olmazsa, xəstəlik özü bir qayda olaraq, ananın və dölün vəziyyətinə mənfi təsir göstərmir. Lakin uzun müddətdən sonra (3-5 ildən çox) hamiləliyin pozulması hallarına daha çox rast gəlinir. Hepatit C 90% hallarda xroniki prosesə çevrilir. Hepatitin xroniki forması yoluxma anından 6 ay sonra inkişaf edir, kəskinləşmə və remissiya dövrləri ilə xarakterizə olunur.   Hepatitə bətndaxili yoluxma Hepatit C virusu uşağa doğuş vaxtı nadir hallarda keçir, bu, əsasən, hamiləlik dövründə baş verir. Bu zaman xəstəlik döldə oksigen çatışmazlığına səbəb olan plasentanın inkişafını ləngidə bilər. Qeyd etmək lazımdır ki, hepatitli anaların dünyaya gətirdiyi uşaqların qanında əksər hallarda virusa qarşı antitellər aşkar edilir, hansı ki, uşağın 2 yaşının ortalarında yox ola bilər. Lakin onlar 18 aydan sonra aşkara çıxarsa bu, xəstəliyin mövcudluğuna dəlalət edir.     Uşaqda hepatit C-nin olmasını həmçinin, dolayı yolla qaraciyər iltihabını əks etdirən ferment yüksəlməsi, virusun RNT testinə 2 dəfə müsbət cavab (uşağın 3 və 6 aylığında aparılır) da göstərir. Ana və uşaqda hepatit C virusunun eyni genotipi perinatal yoluxmanı təstiqləyə bilər. Hamiləlik zamanı hepatitin müalicəsi Xəstəliyin terapiyası bir neçə mütəxəssisin – hepatoloq, mama-ginekoloq və immunoloq tərəfindən həyata keçirilməlidir. Hamilə qadınlara hepatit C virusunun müalicəsi yalnız xəstəliyin əlamətləri ifadə olunduqda təyin edilir, belə ki, xəstəliyin ən pik dövrü ağır intoksikasiya ilə müşayiət olunur ki, bu da düşük riski yaradır.    Qalan hallarda həkimlər ana və uşağın vəziyyətinin müşahidə taktikasını seçirlər. Həm də iş ondadır ki, hepatit C zamanı təyin edilən əsas virus əleyhinə preparatlar yan təsirlərinə görə hamiləliyə əks-göstərişdir.      Bəzi həkimlər  parenteral qrup interferonlardan istifadə etməkdən də imtina edirlər, belə ki, onlar da çoxsaylı yan təsirlərinə görə hamiləlik dövründə əks-göstərişdir. Hepatit C-dən əziyyət çəkən əksər qadınlar hamiləlik və uşaq dünyaya gətirməkdən qorxurlar. Qeyd etmək lazımdır ki, bu xəstəlik normal  hamiləlik və doğuşa əks-göstəriş deyil. Hepatitin müasir müalicə və profilaktika metodları kəskin proses və ağırlaşma riskini əhəmiyyətli dərəcədə aşağı salır. Ən əsası odur ki, hamiləlik dövründə sağlamlığınıza diqqətlə nəzarət edib, vaxtında lazımi müayinələrdən keçəsiniz. Bu, hepatit C-nin aktivliyini müəyyən etməyə və adekvat terapiya təyin etməyə şərait yaradır. Nəticədə qadın xəstəliyi daha asan keçirir və virusun uşağa keçmək ehtimalının qarşısı alınır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 14.05.2018

Spinner