Hamiləlik zamanı baş verən düşüklər
 hekimtap.az

Hamiləlik zamanı baş verən düşüklər

3140
Author: Mama-ginekoloq Aygün Ağayeva

Published: 14.05.2018
HekimTap Pro

Budur, qadının çoxdandır gözlədiyi hamiləlik baş tutdu. Lakin hamiləlik başlayandan uşağın dünyaya gəlməsi üçün 9 ay keçməlidir. Bu periodda qadını ciddi sınaqlar gözləyə bilər və onlardan ən qorxulusu hamiləlik zamanı baş verən düşüklərdir.

Hamiləliyin pozulması nədir?

“Hamiləliyin pozulması” dedikdə mama-ginekoloqlar hamiləliyin 37 həftəyədək pozulmasını nəzərdə tuturlar. Əgər bu, 22 həftəyədək baş veribsə, buna “düşük”, daha gec olubsa erkən doğuş deyilir. Birinci halda körpənin həyatı uğrunda mübarizə aparmağa dəyməz, ikinci halda isə halda uşağa həyat vermək üçün mütəxəssislər əllərindən gələni edirlər. Qadında düşük və ya erkən doğuş iki dəfədən artıq baş veribsə, o zaman  “adəti düşük” diaqnozu qoyulur.  

Hamiləliyin pozulma səbəbləri

Həmiləlik bir sıra səbəblərdən pozula bilər. Buraya aşağıdakılar aiddir:

 – Hormonal pozuntular – yumurtalıq, plasenta funksiyalarının çatışmazlığı, estrogen və ya progesteron  defisitilə nəticələnən böyrəküstü vəz funksiyalarının pozulması və ya kişi cinsi hormonlarının (androgenlərin) artıqlığı;
 – Dölün xromosom və gen anomaliyaları, hansı ki, həyat ehtimalını sıfıra endirir (xüsusən də erkən düşüklərdə). Belə hallarda ümid gələcək hamiləliyin uğurlu olacağına qalır. Yəni, genetik kod pozuntusundan heç kim sığortalanmayıb. Yaş artdıqca genetik anomaliyaların yaranma riski artır, ona görə də yaşı 30-dan yuxarı olan qadınlara hamiləlik planlaşdırarkən genetik müayinədən keçmək tövsiyə olunur;     
 – Istmiko-servikal çatışmazlıq;
 – Kəskin infeksion  xəstəliklər (qrip, qızılca və s.)
 – Cinsiyyət yollarının xroniki infeksiyaları (xlamidioz, mikoplazmoz və s.). Mikroorqanizmlər uşaqlığın selikli qişasının iltihabına səbəb ola, hamiləliyin inkişafını poza bilər;
 – Uşaqlığın inkişaf qüsurları;
 – Uşaqlıq (miomalar) və yumurtalıqların şişləri;
 – Süni abortlar;
 – Hamiləlik zamanı əlavə yüklənməyə məruz qalan digər orqanların, məsələn, böyrək, ürək-damar, endokrin və başqa sistemlərin xəstəlikləri;
 – Pis vərdişlər (siqaret çəkmək, alkoqolizm, narkomaniya);
 – Həddindən artıq fiziki və əsəbi gərginlik;
 – Ətraf mühitin zərərli təsirləri (radiasiya, ziyanlı kimyəvi maddələr, dərman preparatları və s.). Ağır fiziki əmək, zərərli istehsalatda iş, vibrasiyanın təsiri (məsələn, stüardessalarda) düşük riskini artırır;
 – İmmunoloji səbəblər. Təkrar hamiləlik zamanı ananın orqanizmi dölü zədələyən maddələr ifraz edə bilər. Belə vəziyyət rezus-konflikt zamanı yaranır;
 – Travmalar.

Düşük təhlükəsi zamanı müalicə

Düşük təhlükəsinin müalicəsi bu vəziyyəti yaradan səbəblərdən və hamilə qadının vəziyyətinin nə dərəcədə ağır olmasından asılıdır. Bəzi hallarda qadın müalicə üçün stasionarda saxlanılır, əgər vəziyyət çox da ciddi deyilsə, müalicəni evdə də almaq olar.

Qeyd olunduğu kimi, genetik pozuntular zamanı hamiləliyi qorumaq nadir hallarda mümkün olsa da, həkimlər bunu etməyə çalışırlar.

Düşük təhlükəsi zamanı nə qəbul etmək lazımdır? Müstəqil olaraq heç bir şey. Bütün müalicələri həkim təyin etməlidir. Özünümüalicə çox ciddi fəsadlara yol aça bilər.

Düşük təhlükəsi zamanı qadına psixoloji sakitliyini qorumaq çox vacibdir. Ona görə də belə hallarda bir qayda olaraq, təbii sakitləşdiricilər təyin edilir. Praktik olaraq həmişə uşaqlığın tonusunu aradan qaldırmaq üçün spazmolitiklər, bundan başqa, orqanizmi möhkəmləndirmək üçün vitaminlər təyin olunur.  

Səbəb hormonal pozuntu olarsa, qadına daha çox dyufostan və ya utrojestan təyin edilir. Bu preparatların tərkibində progestoron hormonunun sintetik analoqu var. Progestoron səviyyəsinin normallaşması sayəsində hamiləliyi qorumaq olur.

Bu cür təyinatlar bir qayda olaraq, hamiləliyin erkən dövründə verilir. Hamiləliyin son dövrlərində düşük təhlükəsi zamanı uşaqlıq boynuna halqa qoyulur. Bu, vaxtından əvvəl açılmanın qarşısını alır. Çox sadə bir əməliyyatdır və heç bir əks-göstərişi yoxdur.

Hamiləlik zamanı düşük baş verərsə nə etməli?

Hamiləlik zamanı düşük baş vermişsə, ruhdan düşmək lazım deyil. Düşük hər hansı vəziyyətdə hamiləliyin uğursuz keçməsi deməkdir. Lakin bu, o demək deyil ki, növbəti hamiləliyi saxlamaq mümkün olmayacaq.

Belə vəziyyətlərdə məsləhətdir ki, ərinizlə birgə həkimə müraciət edib, lazımı müayinə və müalicələrdən keçəsiniz ki, normal hamiləliyə mane olan faktorlarlar aradan qaldırılsın. Bundan başqa, 6 ay müddətinə kontraseptivlərdən istifadə etmək məsləhətdir ki, qadın orqanizmi sağlam uşaq dünyaya gətirmək üçün bərpa oluna bilsin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.