Diz artroskopiyası
 hekimtap.az

Diz artroskopiyası

Artroskopiya dayaq hərəkət sistemi xəstəliklərinin diaqnostika və mualicəsində tətbiq edilən ən müasir metodlardan biridir. Artoskopiya oynaq xəstəliklərində eyni seansda həm oynağın ayrı-ayrı komponentlərini xüsusi kamera ilə görməyə və xəstəlikli vəziyyət varsa onu müalicə etməyə kömək edir. Diz artroskopiyası da diz oynağının qığırdağının, ön və arxa çarpaz bağlarının, içəri və bayır menisklərin, diz qapağı qığırdaq və bağlarının xəstəliklərində qapalı və miniaçıq əməliyyatlarının aparılmasında tətbiq edilən cərrahi bir metoddur. Əgər xəstədə diz oynağında artroskopiya vasitəsilə aradan qaldırıla biləcək bir xəstəlik varsa, xəstə əvvəlcə ümumi əməliyyatdan əvvəl hazırlıq prosedurlarından keçirilir, qanın laborator müayinəsi, ağciyərlərin və ürəyin müayinəsi anestezioloq tərəfindən aparılır. Əgər aparılan müayinələrdə hər hansı bir həyati vacib problem yoxdursa, diz artroskopiyası əməliyyatının icrasına qərar verilir. Diz oynağındakı problemin ciddiliyindən və hansı anatomik strukturun xəstəlikli vəziyyətdə olmasından asılı olaraq əməliyyat müddəti ortalama 30 dəqiqə ilə 3 saat arasında dəyişir.Məsələn, əgər menisk yırtığına bağlı diz artroskopiyası edilirsə bu müddət ən az, bir diz bağ yaralanmasına bağlı tətbiq edilirsə o zaman əməliyyat müddəti nisbətən uzun çəkəcəkdir. Əməliyyat çox hallarda spinal anesteziya deyilən ``beldən ağrısızlaşdırmaqla`` aparılır. Çox nadir hallarda ümumi anesteziya (narkoz) edilir. Əməliyyat qurtardıqdan sonra həkim diz içərisinə drenaj məqsədilə silikon boru yerləşdirir. Ertəsi səhər silikon drenaj boru çıxarılır və xəstə həkim və ya fizioterapevt müşahidəsilə yeridilir, idman hərəkətləri öyrədilir. Bu əməliyyat sonrasında xəstələrin normal həyata qayıtması çox qısa zamanda olur. Diz artroskopiyası hansı səbəbdən edilməsindən asılı olmayaraq, xəstə həkimin ona verdiyi hər bir tapşırığı diqqətli şəkildə yerinə yetirməlidir. Bəzi xəstələrə isə fizioterapiyadan keçmələri istənilir. Xəstələr artroskopiya sonrasında kontrollarını əməliyyatı icra edən cərraha (həkimin təyin etdiyi müddətdə) nizamlı şəkildə gəlməlidirlər. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 25.06.2018

Uşaqlarda bahar katarı (konyunktivit)
 hekimtap.az

Uşaqlarda bahar katarı (konyunktivit)

Uşaqlarda bahar katarı – ümumi məlumat Bahar katarı (digər adı keratokonyunktivitdir) immun təbiətli xəstəlik olub, gözün konyunktivasını və buynuz qişanı zədələyir. Patologiyanın inkişaf mexanizmi allergikdir, yəni immunitetin allergenə qarşı reaksiyası ilə əlaqədardır. Xəstəliyin əsaslı araşdırılmasına 20-ci əsrin ortalarında başlanılıb, buna qədər isə o, nadir patologiyalardan hesab olunurdu. Tədqiqatların nəticəsində xəstəliyin səbəbini və inkişaf mexanizmini müəyyənləşdirmək və mualicə etmək mümkün olmuşdur. Uşaqlarda bahar katarının əlamətləri Katar simmetrik olaraq iki gözü də zədələyir, hər müvsüm təkrarlanır,daha çox oğlanlarda rast gəlinir. Xəstəliyin inkişafında uşağın hansı şəraitdə yaşaması böyük rol oynayır, məsələn, isti və quru hava şəraitində. Allergenə cavab kimi orqanizm E sinfindən olan antitel ifraz edərək, kənar maddəyə qarşı mübarizə aparmağa başlayır. İltihabi prosesin yayılmasının qarşısını almaq məqsədilə, immun müdafiə hüceyrələri bu mübarizəyə qoşulur. Keratokonyunktivit allergik reaksiyanın yeganə əlaməti deyil. Uşaqlarda tez-tez ekzema, astma yaradır. Bahar katarı adətən 5 yaşından sonra başlayır və 25 yaşdan sonra keçib gedir, lakin istisnalar da olur. Xəstəliyə bahar katarı adı ona görə verilmişdir ki, onun kəskinləşmə dövrü adətən, məhz yaz-yay aylarına təsadüf edir. Xəstələrin bir qismində simptomlar bütün il boyu özünü göstərir. Katardan əziyyət çəkən xəstələrdə buynuz qişadakı patologiyalara – keratokonus, keratoqlobus və s. -  digərlərinə nisbətən daha çox rast gəlinir.     Patologiyanın inkişaf riski Aralıq dənizi ölkələri, Afrika, Cənubi Asiya ölkələrində daha yüksəkdir. Bundan başqa, İsveç, Finlandiya və Norveç kimi ölkələrdə də bu xəstəliyə kifayət qədər rast gəlinir. Bahar katarının formaları Katarın aşağıdakı formaları var:  – Tarzal;  – Limbal;  – Qarışıq. Tarzal formada gözün selikli qişası qalınlaşır, süd rəngi alır. Sonra yuxarı göz qapağında açıq-çəhrayı rəngdə kiçik törəmələr əmələ gəlir. Onlardan yapışqan sekret ifraz olunur. Tarzal katarın ağır gedişatı görmənin müxtəlif səviyyəli itirilməsi ilə nəticələnə bilər.   Limbal və ya bulbar formada göz nahiyəsində sarı və ya boz-çəhrayı rəngdə törəmələr əmələ gəlir, onlar kista formasında da ola bilər. Qarışıq formada yuxarıda qeyd olunan hər iki formanın əlamətləri özünü göstərir. Bahar katarının müalicəsi Bahar katarı allergiya əleyhinə hormonal dərmanlarla, yerli olaraq müalicə edilir. Dərman vasitələri gözlərin zədələnmə səviyyəsinə uyğun seçilir.    Yüngül zədələnmələr lekrolin (alomid) kimi vasitələrin tətbiqi ilə aradan qaldırıla bilər. Nisbətən ağır hallarda allerqoftal və ya epersalleq qəbulu tələb olunur.     Buynuz qişanın zədələnməsi zamanı onu bərpa edəcək vasitələr (vitasip, taufol) istifadə oluna bilər. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 23.06.2018

Hirudoterapiya (zəli ilə müalicə)
 hekimtap.az

Hirudoterapiya (zəli ilə müalicə)

Hirudoterpiya – ümumi məlumat Zəli ilə müalicə insanlara həlim qədim zamanlardan məlumdur. Məsələn, zəli rəsmlərindən istifadə mənzərələrinə qədim yunan ehramlarında rast gəlmək olar. Hippokrat və Qalen kimi qədim yunan və qədim Roma loğmanları öz əsərlərində zəli ilə müalicə haqqında məlumat vermişlər. Dövrünün ən görkəmli həkimlərindən olan İbn Sinanın yazılarında hirudoterapiya haqqında qeydlər var. Latın dilindən hərfi tərcümədə hirudoterapiya “zəli ilə müalicə” mənasını verir, “hiruda” - zəli, “terapiya müalicə deməkdir.”   Hirudoterapiya – müalicə mərhələləri 1.Dişləmə Dişləmə prosesi bu cür baş verir: zəli bədəndə lazım olan nahiyəyə yapışır. Dəriyə yapıdığını hiss edəndən sonra onu dişləyir. Dişləmə dərinliyi təxminən 1.5-2 mm təşkil edir. Bundan sonra zəli əmələ gələn yaraya ağız suyunu ifraz edir. Zəlinin ağız suyunda məlum olduğu kimi, qan laxtalanmasını ləngidən hirudin maddəsi var. 2.  Qidalanma Zəli pasiyentin bədəni üzərində, xəstəlikdən asılı olaraq, adətən, 20-60 dəq. qalır. Bu müddən ərzində bir zəli 5-15 millilitrqan sora bilir. 3. Qan sorulmasının dayandırılması Əksər hallarda zəli doyduqdan sonra bədəndən özü ayrılır. Lakin bəzən zəlini pasiyentdən vaxtından əvvəl ayırmaq lazım gəlir. Bunun üçün adətən spirt və ya yodla isladılmış adi tampondan istifadə edilir. Bu vasitədən sonra zəli yapışdığı nahiyədən dərhal qopur. Zəlini kənarlaşdırmaq üçün, həmçinin, tütün tüstüsündən, zəlini üzərinə duz və ya limon şirəsi, şərab səpilməsindən də istifadə olunur. Əgər bütün bu vasitələr kömək etməzsə, neştərdən yararlanırlar. Qeyd edim ki, bu zaman zəli ortadan bölünmür, çünkü bu, başlanmış prosesi saxlamayacaq və zəli öz işini davam etdirəcək. Ona görə də ön sorucu dişciklər kəsilir və onun altına hava vurulur. Belə cərrahi müdaxilədən sonra zəli pasiyentdən 100 % “əl çəkəcək”. Onu da əlavə edim ki, bir zəli yalnız 1 dəfə istifadə olunur. "İstifadə olunmuş" zəli seansdan dərhal sonra öldürülür. Zəli ilə müalicə ən təhlükəsiz müalicə üsullarından biri kimi qiymətləndirilə bilər. Hirudoterapiya – müalicəvi effekti  – Qan yenilənir;  – Zəlinin ağız suyunda olan bioloji aktiv maddələr qana daxil olur və bir sıra prosesləri tənzimləməyə başlayır;  – İltihab əleyhinə təsir göstərir;  – Ağrıkəsici xüsusiyyəti var;  – Fibrinolitik təsirə malikdir. Bundan başqa, hirudoterapiya vasitəsilə tromboz riskini azaltmaq, trombofilibitlə mübarizə aparmaq, osteoxondroz zamanı daxili toxumaların qan dövranını yaxşılaşdırmaq, orqanizmdən toksiki maddələri çıxarmaq mümkündür. Zəlilərdən mikrocərrahiyyədə, həmçinin, damarların varikoz genişlənməsində kompleks terapiya kimi geniş istifadə olunur, əzələ spazmlarını aradan qaldırmaq və artroz müalicəsi məqsədilə tətbiq edilir.    Hirudoterapiya – əks-göstərişlər Hirudoterapiyaya əks-göstərişlər aşağıdakılardır:  – Qan laxtalanmasının zəif olması (zəlilərin istifadə olunması faciəvi nəticəyə gətirib çıxara bilər);  – Qan laxtalanmasının qənaətbəxş olmaması üzündən qanaxma ilə müşayiət olunan xəstəliklər (hirudin qanaxmanı gücləndirir);  – Anemiya (qan azlığı);  – Hemoliz (eritrosidlərin sıradan çıxması);  – Qan təzyiqinin aşağı olması;  – Ağır və ya uzunmüddətli xəstəlik fonunda orqanizmin zəifləməsi;  – İmmunitetin zəif olması;  – Zəli fermentlərinə qarşı fərdi allergik reaksiya;  – Hamiləlik dövrü;  – Laktasiya dövrü;  – Kiçik yaşlı uşaqlar. Unutmayın ki, zəli ilə müalicəni yalnız mütəxəssis təyin edə bilər!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 22.06.2018

Mayomed
9986
Polikistoz yumurtalıq sindromu
 hekimtap.az

Polikistoz yumurtalıq sindromu

Polikistoz yumurtalıqlar sindromu – ümumi məlumat Polikistoz yumurtalıqlar sindromu – qadının orqanizmində hormonal pozuntular fonunda yumurtalıq üzərində çoxlu sayda kiçik kistaların yaranması və yayılmasıdır. Sindrom simtomsuz gedişata malik ola bilər, lakin bəzən menstrual tsiklin pozulması (oliqomenoreya), bədəndə kişisayağı tüklərin əmələ gəlməsi, piylənmə, səpğilərlə ifadə oluna bilər. Hamiləlik düşüklərinə və sonsuzluğa gətirib çıxarması mümkündür.    Yumurtalığın birincili polikistozu anadangəlmə ola, yaxud da hələ yeniyetməlik dövründə menstruasiyanın formalaşması fonunda yarana bilər. Böyük yaşlı qadınlarda Polikistoz yumurtalıqlar sindromu xroniki endokrin patologiya səbəbindən və ya qadın reproduktiv sistemi xəsətəliklərindən – ikincili Polikistoz yumurtalıqlar sindromu – yarana bilər. Reproduktiv fazada Polikistoz yumurtalıqlar sindromundan qadınların 5-10%-i əziyyət çəkir. 25% hallarda qadın sonsuzluğuna səbəb olur. Polikistoz yumurtalıqlar sindromu – əlamətlər Polikistoz yumurtalıqlar sindromu zamanı orqanizmdə yaranan pozuntulardan qadınlar özləri də şübhələnə bilərlər. Sindromun əlamətləri aşağıdakılardır: Menstrual tsiklin qeyri-müntəzəm olması; Saç və dərinin həddindən artıq yağlı olması; Piylənmə; Bədəndə tük əmələ gəlməsində artım; Qarının aşağı nahiyələrində ağrı; Daimi bazal (rektal) temperatur; Sonsuzluq. Polikistoz yumurtalıqlar sindromu – əlamətləri Polikistoz yumurtalıqlar sindromunun əsasında hərşeydən əvvəl funksional problemlərə səbəb olan poliendokrin pozuntular dayanır. Bunlar aşağıdakılardır: Hipofiz və hipotalamus (böyrəküstü vəzi və yumurtalıqların tənzimlənməsində pozuntular ); Yumurtalıqlar (ovulyasiyanın qeyri-müntəzəmliyi və ya olmaması, estrogen ifrazının izafiliyi); Mədəaltı vəzi (insulinin ifrazının artması). Hormonal requlyasiyanın pozuntusu follikulların inkişafdan  və yetişmədən saxlayır, yumurtalıq kapsulalarının ölçülərinin böyüməsinə və qalınlaşmasına səbəb olur. Bunun da nəticəsində tam yetişməmiş follikullardan çoxlu sayda kistozlar əmələ gəlir.      Polikistoz yumurtalıqlar sindromu – diaqnostikası Polikistoz yumurtalıqlar sindromu diaqnozu qoymaq üçün aşağıda sadalanan meyarlardan ən azı ikisinin olması lazımdır: Yumurtalıqların disfunksiyası; Hiperandrogeniya – qadın orqanizmində androgenlərin (kişi cinsiyyət hormonları) həddindən artıq ifrazı; Yumurtalığın böyüməsi və kistoz dəyişikliyin exoskopik və ya laporoskopik mənzərəsi. Polikistoz yumurtalıqlar sindromu – müalicəsi Polikistoz yumurtalıqlar sindromunun müalicəsi ovulyasiya, menstrual və reproduktiv funksiyaların bərpa və ya normallaşdırılmasına yönəldilib. Bu, konservativ və cərrahi yolla həyata keçirilir. Polikistoz yumurtalıqlar sindromu – proqnoz və profilaktika Polikistoz yumurtalıqlar sindromunu tamamilə müalicə etmək mümkün deyil. Ona görə də müalicənin məqsədi hamiləlik üçün əlverişli imkanlar yaratmaqdır. Hamiləlik planlaşdırılması zamanı “Polikistoz yumurtalıqlar sindromu” diaqnozu qoyulmuş qadınlar ovulyasiyanın bərpası və stimullaşdırılması üçün müalicə kursu keçməlidirlər. Yaş ötdükcə Polikistoz yumurtalıqlar sindromu irəliyə doğru inkişaf edir və bu səbəbdən də hamiləlik məsələsini mümkün qədər tez yoluna qoymaq tövsiyə olunur. Mövzu ilə bağlı video:    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 22.06.2018

Ateroskleroz
 hekimtap.az

Ateroskleroz

Ateroskleroz nədir? Düzgün olmayan, qeyri-rasional qidalanma, azhərəkətli həyat tərzi, streslər – bütün bunlar aterosklerozun yaranmasına gətirib çıxara bilər. Ateroskleroz – magistral (iri) damarları zədələyən bir xəstəlikdir. Bu zaman damarların divarlarında xolesterin çöküntüsü əmələ gəlir, nəticədə aterosklerotik düyün yaranır, bu isə damarın keçiriciliyini azaldır. Bu isə onunla nəticələnir ki, zədələnmiş damarda qan dövranı zəifləyir və bir qayda olaraq, qan dövranının zəifləmə səviyyəsi - damarın stenozuna (daralması) gətirib çıxarır.   Aterosklerozun yaranma səbəbləri Aterosklerozun yaranmasında risk faktorlarının inkişafının təbbi ki, böyük rolu var. Onlardan bəzilərinin qarşısını almaq olmur, məsələn, yaş həddi, kişi cinsinə mənsubluq, irsi meyillilik. Digər risk faktorlarının qarşısını almaq isə mümkündür: arterial hipertenziyanı nəzarətdə saxlamaq, alimentar piylənmənin qarşısını almaq, siqareti tərgitmək. Üçüncü qrup risk faktorlarının qarşısını qismən almaq olur: şəkərli diabet, müxtəlif səbəblərdən maddələr mübadiləsinin pozulması, fiziki aktivliyin kifayət qədər olmaması, izafi emosional gərginlik, insanın fərdi xüsusiyyətləri, qeyri-rasional qidalanma (çox yemək, heyvan mənşəli piylərlə zəngin qidaya meyilli olmaq). Aterosklerozun simptomları Xəstəliyin mənzərəsivə xəstənin şikayətləri bu və ya digər arteriyaların zədələnməsindən asılıdır. Belə ki, koronar arteriyaların aterosklerozu özünü stenokardiya, infarkt formasında göstərir. Patoloji prosesin əsasında ürəyin qana olan tələbatı və ona daxil olan qanın real miqdarı arasındakı qeyri-mütənasiblik dayanır. Bəzi hallarda aorta aterosklerozunun ağır formaları simptomsuz gedişata malik ola bilər. Lakin hər iki qolda, boyunda, beldə, qarının yuxarı nahiyələrində yayılan sinəarxası sıxıcı və yandırıcı ağrılar müşahidə edilə bilər. Stenokardyadan fərqli olaraq, bu ağrılar uzunmüddətli olur, gah güclənir, gah da zəifləyir. Böyrək damarlarının zədələnməsi zamanı ağır arterial hipertoniya yaranır. Baş beyin arteriyalarının aterosklerozu zamanı iş qabiliyyətinin aşağı düşməsi (əsasən əqli), yaddaşın zəifləməsi, erkən yorulma qeydə alınır. Tədricən başgicəllənməsi, yuxusuzluq müşahidə edilir, xəstələr narahat, xırdaçı olurlar. Onların intellekti aşağı düşür. Beyin arteriyası aterosklerozunun ağırlaşmaları beyin qan dövranının pozuntusu, qansızma (insult), trombozlardır. Ətraf arteriyaların aterosklerozu (daha çox aşağı ətraflar) gəzinti zamanı baldır-ayaq əzələlərində özünü büruzə verir – uyuşma, ətrafların soyuması hissi yaranır. Aterosklerozun müalicəsi Müalicə taktikası sinir və psixi yüklənmənin aradan qaldırılması və maddələr mübadiləsinin normallaşdırılmasına əsaslanır.   Ənənəvi olaraq, qanda lipidlərin səviyyəsini aşağı salan, toxumaların trofikliyini və oksigenasiyasını yaxşılaşdıran, qanın reologiyasını yaxşılaşdıran, damar divarlarının elastikliyini artıran medikamentoz preparatlar təyin edilir. Rasional qidalanma seçilir, əmək və istirahətin rejimi korrequrasiya olunur, sistematik müalicəvi gimnastika tövsiyə edilir. Orqanların normal qan dövranına təhlükə yaradan ateroskleroz düyünlər olarsa, bu, cərrahi müdaxiləyə göstərişdir.   Ateroskleroz ləng gedişə malik xəstəlikdir və onu erkən müəyyənləşdirmək çox çətindir, ağırlaşma isə xəstənin həyatını təhlükə altına salır. Ona görə xəstəlik həkim tərəfindən daim təqib olunmalı, lazımi tədbirlər görülməlidir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 22.06.2018

Refleksoterapiya
 hekimtap.az

Refleksoterapiya

Refleksoterapiya dəridə olan bioloji aktiv nöqtələrə müxtəlif fiziki faktorlarla (iynə, metal, maqnit, lazer şüası, zəli, daşlar, metal kürəciklər və s.) təsir göstərməklə aparılan müalicə metodudur. Nəticədə orqanizmin yerli, regional, ümumi reaksiyası aktivləşdirilir ki, bunun sayəsində sinir, immun, endokrin sistemlərində balans bərpa olunur, bioloji aktiv maddələrin ifrazı normallaşır. Onlar isə öz növbəsində sinir impulslarını qarşısını kəsir, bu isə ağrını aradan qaldırır, əzələləri boşaldır, stresi çıxarır, orqanizmdəki  hərəki, vegetativ və emosional reaksiyaları normallaşdırır, həmçinin,arterial təzyiqi tənzimləyir Refleksoterapiya metodları  – Klassik korporal (bədəndəki nöqtələrə nazik iynələrlə təsir göstərilməsi) və aurikulyar refleksoterapiya (qulaq seyvanları nöqtələrinə təsir göstərilməsi);  – Səthi iynə refleksoterapiyası (applikator və iynəli diyircəklərdən, kiçik çəkiclərin istifadə);  – Mikrocərəyan və ya elektropunktur refleksoterapiya (elektrik mikroimpulslarla müalicə metodu);  – Şərq refleksoterapiyası (orqanizmdəki həyatverici qüvvələrin balansının diaqnostikasına əsaslanan qeyri-ənənəvi tibb metodu);  – Lazer refleksoterapiyası (lazer impulasları ilə innovasion refleksoterapiya metodu);  – Vakuum refleksoterapiyası (banka massajı);  – Hirudorefleksoterapiya (tibbi zəlilərin istifadəsi). Refleksoterapiyaya göstərişlər Sinir sistemi və hissiyat orqanları: nevralgiya nevriti, radikulit, nevrozlar, nevrasteniya, xroniki yorğunluq sindromu, epilepsiya, enurez; Ürək-damar sistemi xəstəlikləri: hipertoniya xəstəliyi, neyrosirkulyator distoniya, Reyno sindromu, Manyer xəstəliyi; Göz xəstəlikləri: konyuktivit; Qulaq xəstəlikləri: otitlər, qulaqda səs-küy; Kardiologiya: ürəyin işemik xəstəliyi; Ağciyər xəstəlikləri: xroniki bronxit, bronxial astma; LOR: rinit, zökəm; Dəri xəstəlikləri: neyrodermit, psoriaz; Endokrin sistemi xəstəlikləri: şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri; Sümük-əzələ sistemi xəstəlikləri: artritlər, artroz, osteoartroz, osteoxondroz; Parkinsonizm, uşaq serebral iflici,dağınız skleroz; Ginekoloji xəstəliklər: klimaks; Müxtəlif etiologiyalı və lokalizasiyalı ağrı sindromları: diş ağrısı, menstrual ağrılar, baş ağrıları; Mədə-bağırsaq traktı xəstəlikləri: qastrit, xora xəstəliyi, xroniki qəbizlik. Refleksoterapiyaya əks-göstərişlər  – Bədxassəli şişlər;  – Kəskin infeksion xəstəliklər;  – Kəskin damar xəstəlikləri;  – Kəskin psixi xəstəliklər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 21.06.2018

Aybaşı tsiklini pozan 10 əsas faktor
 hekimtap.az

Aybaşı tsiklini pozan 10 əsas faktor

Son zamanlar pasientlərimin arasında ən geniş yayılmış şikayətlərdən biri də əvvəllər normal olan tsikllərinin son vaxtlar pozulması ilə əlaqəli şikayətlərdir. Əlbəttə yaxşı olardı ki, hər bir qadının öz aybaşılarını qeyd etdiyi bir təqvimi olsun. Belə təqvim sizə tsiklinizdə yaranan cüzi bir dəyişimi də vaxtında aşkarlamağa yardım edə bilər. Orta hesabla hər aybaşı tsikli 21-35 gün arasında dəyişə bilir. 35 gündən çox aybaşının ləngiməsi artıq hər hansı bir səbəbə bağlı ola bilər. Bu müddət aybaşının ilk günündən hesablanmalıdır. Əgər son zamanlar bu ləngimənin tez- tez təkrarlandığını hiss edirsinizsə, onda, mütləq həkimə müraciət etməlisiniz. Qeyri- müntəzəm aybaşı tsikli hər hansı patologiyanın olduğunu göstərir. Aşağıda aybaşı tsiklinə neqativ təsir göstərəcək daha çox yayılmış 10 faktor ilə tanış ola bilərsiniz. 1. Həddən artıq fiziki yüklənmələr Bilirsinizmi ki, idmançı qadınların aybaşı tsiklləri çox zaman pozulmuş olur. İntensiv fiziki aktivlik az miqdar piy toxuması ilə birgə orqanizmə neqativ təsir edir. Bu orqanizm üçün stressdir və bu zaman hipofiz adlanan və beyin əsasında yerləşən vəzimiz cinsi hormon ifrazını azaldır. Tədqiqatlar göstərir ki, 50% idmançı qadınlarda aybaşı tsiklinin pozğunluğu  ilə əlaqəli şikayətləri var. Əgər aybaşınız 3 ay və daha çox ləngiyirsə, mütləq professional məsləhət almanıza ehtiyacınız var. Belə ki, bu ciddi hormonal prosesin nəticəsində ola bilər, sümük sıxlığına və həmçinin digər orqan zədələnmələrinə səbəb ola bilər. 2. Artıq çəki Çox təəssüflər olsun ki, artıq çəki təkcə bədən quruluşumuza mənfi təsir göstərmir. Piy toxumasının artıqlığı esterogen, insulin, testesteron kimi hormonların səviyyəsində artıma səbəb olur. Bu zaman aybaşı adətən qeyri-müntəzəm, daha çox və intensiv ola bilir. Bu tip pasientlərdə esterogenlərin uzun müddətli artıqlığı uşaqlıq divarına öz mənfi təsirini göstərə bilər, bu da qalınlaşmaya və gələcəkdə onkoloji problemlərə yol aça bilər. 3. Həddən artıq aşağı çəki Əgər siz çox aşağı çəkilisinizsə, onda bayaqkı mexanizmin əksini gözləmək lazımdır. Yəni, yumurtalıqlardan esterogen ifrazı azalmağa başlayır. Requlyar aybaşı tsikli üçün çəki müəyyən həddə olmalıdır. Əgər qısa müddət ərzində kəskin arıqlamısınızsa, siz aybaşı tsiklinizin azaldığını özünüz hiss edəcəksiniz. Əgər çox çəki itirmisinizsə, ancaq bu norma çərçivəsindədirsə, onda bir neçə ay ərzində orqanizm buna adaptasiya olacaq. 4. Bəzi dərmanların təsiri Bir sıra dərman növlərinin uzun müddət qəbulu da aybaşı tsiklini poza bilər. Məsələn, qalxanvari vəzi hormonal preparatları, steroid preparatlar, nevroloji praktikada istifadə olunan bəzi preparatlar aybaşı  tsiklinə təsir göstərə biləcək preparatlar arasındadır. 5. Pestisidlərin təsiri Pestisidlər, yəni müxtəlif meyvə və tərəvəzlərə tez yetişməsi üçün vurulan kimyəvi maddələr də endokrin proseslərə təsir edə bilər. Bu maddələr endokrin vəzilərin funksiyasını azalda və hətta saxlaya bilər. Tədqiqatlara əsasən, fermada və plantasiyalarda işləyən qadınlarda, hansılarda ki, pestisidlərlə uzun müddətli kontakt qeyd olunub, uzanan aybaşı və ya uzun müddətli ləkələnmələr müşahidə olunur. Ona görə də ekoloji təmiz və mövsümi qidalara üstünlük vermək lazımdır. 6. Yorğunluq hissi Güclü stress həmçinin aybaşı tsiklinin müntəzəmliyinə neqativ təsir. Həmçinin, çox yorulma və psixi gərginlik döllənmə ilə əlaqəli problemlər yarada bilər. Ona görə də çalışın sakit olasınız və həyatı necə var elə qəbul edib zövq alasınız. 7. Oral kontraseptivlər Əgər siz hamiləlikdən qorunma həbləri içirsinizsə, və onları günün müxtəlif vaxtında qəbul etmisiniz, və ya tabletlər arasında 24 saat fasilə vermisinizsə, onda aybaşı pozğunluqları ilə qarşılaşa bilərsiniz. 8. Yaş Bəlkə də elə bilirsiniz ki, yaş artdıqca həmişə aybaşının miqdarı azalaraq kəsilir. Ancaq sizi sürprizlər gözləyə bilər. Disfunksional uşaqlıq qanaxmaları kimi tanınan aybaşı pozğunluğu bu dövrün ciddi patologiyalarındandır. 9. Yuxu rejiminin pis olması Yuxu rejiminə riayət olunmaması, reproduktiv funksiyanın, ovulyasiyanın pozulmasına, hormonların düzgün ifraz olunmamasına səbəb olur. Bundan başqa qeyri-müntəzəm yuxu melatonin ifrazının pozulmasına da gətirir ki, bu da aybaşıya öz təsirini göstərir. Ona görə də melatoninlə əlaqəli keçmiş məqalələrimdə dediyim ki, yataq otağından tünd pərdələr asıb, vaxtında yatmağa getmək lazımdır. 10. Uzun məsəfələrə səyahət Müxtəlif saat qurşağına malik ölkələr arasında səyahət edərkən nəzərə alın ki, adaptasiyaya olunana qədər melatonin qeyri-müntəzəm ifrazı orqanizmə öz neqativ təsirini göstərir. Əgər belə səyahətlər tez-tez təkrarlanmırsa, bu o qədər də ciddi deyil, ancaq səyahətlər sizin həyatınızın bir hissəsinə çevrilibsə, bütün orqanizmdə, o cümlədən aybaşı funksiyasında da öz izini qoyacağı dəqiqdir. Beləliklə, ən azından özümüzün riayət edə biləcəyi qaydalara əməl etsək, orqanizmin funksiyalarınn normallaşmasına nail ola bilərik. Sizi özünüzə qarşı diqqətli olmağa çağırıram. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 20.06.2018

Böyrək polikistozu
 hekimtap.az

Böyrək polikistozu

Böyrək polikistozu nədir? Böyrək polikistozu, əsasən, anadangəlmə xəstəlik olub (əldə olunmuş polikistoz formalarına nadir hallarda rast gəlinir), böyrək parenximasında seroz mayesinin (kista) toplanması ilə xarakterizə edilir. İrsi polikistozun səbəbi genetik mutasiyalardır.  Bu mutasiyalar erkən uşaq yaşlarından və ya insanın həyatı boyu (bir qayda olaraq, polikistozun ilkin əlamətləri 40 yaşınadək üzə çıxır) özünü büruzə verir. Kistaların ölçüləri fərqli olub, daim böyümə tendensiyasına malikdir.  Polikistoz bəzi hallarda digər orqanlarda (məsələn, qaraciyərdə) dəyişikliklərlə müşayiət olunur. Böyrək polikistozunun simptomları Polikistozun əlamətləri funsional parenximanın həcminin azalması, həmçinin, kistaların təzyiqi nəticəsində özünü göstərməyə başlayır. Böyrək polikistozunun əsas simptomları aşağıdakılardır:  – Arterial hipertoniya əlamətləri – baş ağrısı, baş beyin damarlarının ikincili zədələnməsi, görmədə pozuntular;  – Beldə və qarının aşağı nahiyələrində ağrılar;  – Böyrək daşı xəstəliyinin inkişafı və böyrək sancısı tutmaları;  – Gematuriya – sidikdə qanın olması;  – Böyrəklərin hormonal funksiyalarının pozulması fonunda inkişaf edən ağır anemiya (eritrositlərin sintezində iştirak edən eritropoetin hormonun azalması);  – Böyrək çatışmazlığı zəminində yaranan, artan intoksikasiya əlamətləri;  – Elektrolit balansının pozuntusu;  – Polikistozun ən ciddi ağırlaşmalarından biri baş beyin damarlarının anevrizmidir – bu zaman damarların partlaması və beyindaxili qansızmanın (hemorragik insult) riski yüksəkdir. Böyrək polikistozunun bir çox simptomları qeyri-spesifikdir və bu, xəstəliyin erkən aşkar olunmasına əhəmiyyətli dərəcədə çətinləşdirir.   Yuxarıda sadalanan əlamətlərdən biri və ya bir neçəsi aşkar olunarsa, dərhal mütəxəssisə müraciət etmək tövsiyə olunur. Böyrək polikistozunun diaqnostikası Nefroloqlar xəstəlik tarixini öyrəndikdən sonra polikistozu müəyyən etmək üçün aşağıdaki müayinə metodları tətbiq olunur:  – Böyrəklərin ultrasəs müayinəsi. Bunun vasitəsilə kistaların mövcudluğu, onların ölçüləri, həmçinin, böyrək ləyənləri və sidik ifrazı sisteminin vəzyiyyəti öyrənilir;  – Kompüter və maqnit-rezonans tomoqrafiyası şiş əmələgəlmə prosesini istisna edir. Baş beyinin KT və MRT-si damar anevrizminin diaqnostikası üçün tətbiq olunur;  – Göz dibinin müayinəsi arterial hipertoniya səbəindən yaranan ikincili dəyişiklikləri müəyyən etmək üçün aparılır;  – Böyrəklərin laborator müayinəsi (kreatinin, sidik cövhəri və elektrolitlərin səviyyəs), həmçinin, anemiyanın səbəbini müəyyən etmək üçün analizlər;  – Sidiyin müayinəsi, o cümlədən bakterioloji əkilmə;  – Hormonal testlər;  – Genetik testlər – xəstəliyin yaranmasına səbəb olan məlum xromosomların olub-olmamasını aşkara çıxarmaq üçün. Böyrək polikistozunun müalicəsi Böyrək polikistozunun müalicəsi simptomatik olub, böyrək funksiyalarının qorunmasına və ağırlaşmaların qarşısının alınmasına yönəldilir. Böyrək polikistozunun müalicəsinə aiddir:  – Müasir hipotenziv preparatlar vasitəsilə arterial təzyiqi nəzarətdə saxlamaq;  – Böyrək sancıları zamanı ağrıkəsici terapiya;  – Sidikqovucu preparatların tətbiq olunması;  – Antibakterial terapiya;  – Elektrolit balansı pozuntusunun korreksiyası;  – Xüsusi dieta. Böyrək polikistozu ətraf toxumalara əhəmiyyətli dərəcədə mexaniki təsir göstərərsə, həmçinin, geri dönməyən proseslərə səbəb olarsa, cərrahi müdaxilə göstərişdir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Published: 20.06.2018

Spinner