Hidrosefaliya

Hidrosefaliya

Hidrosefaliya nədir və daha çox kimlərdə rast gelinir? Hidrosefaliya beyin cərrahlarının ən çox üzləşdiyi xəstəlik olub, hərfi tərcümədə “beyində su” demekdir. Əslində isə beyin-onurğa beyin mayesinin  beyin daxili boşluqlarda, yəni mədəciklərdə normadan çox toplanmasını ifadə edir.  Normal insanlarda da beyin mədəciklərində təxminən 25 ml beyin-onurğa beyin mayesi olur, lakin hidrosefaliyalı xəstələrdə bu mayenin miqdarı 3-4, hətta 10 dəfəyə qədər arta bilər. Hidrosefaliya daha çox  15 yaşına qədər olan uşaqlarda və 50-60 yaşından böyük insanlarda  görülür. Statistik məlumatlara görə 15 yaşa qədər olan uşaqlar arasında rastgəlmə tezliyi 2-2,5/1000 nəfərdir, Azərbaycanda isə bu təxminən 3000-4000 nəfər hidrosefaliyalı uşaq deməkdir. Hər yeni doğulan 1000 uşaqdan birində hidrosefaliya görülür. Hidrosefaliyanın səbəbləri hansılardır? Hidrosefaliyanın səbələri anadangəlmə və qazanılma olmaqla iki qrupa bölünür. Anadangəlmə hidrosefaliyalara irsi xəstəliklər, bətndaxili keçirilmiş infeksiyalar və  travmalar, sinir sisteminin digər genetik xəstəlikləri  səbəb ola bilər. Qazanılma hidrosefaliyalara beyin daxili qanamalar, uşaqlıq dönəmində keçirilən  infeksiyalar, kəllə beyin travmaları, həcmli törəmələr və s. ola bilər. Hidrosefaliyanın əlamətləri nələrdir? Hidrosefaliyanın əlamətləri yaşla bağlı olaraq dəyişir:  Körpə uşaqlarda hidrosefaliya- daha çox özünü zəif əmmə, qusma, yuxululuq, başın böyüməsi, əmgəklərin qabarıq və gərgin olması, qıcolmalar, səbəbsiz ağlamalar  və s.ilə göstərir.  Böyük uşaqlarda hidrosefaliya zamanı- baş ağrısı,  bulantı və qusma, ümumi halsızlıq, davranış dəyişiklikləri, dərslərdən geri qalma, qıcolmalar, görmə pozğunluqları və s. kimi simptomlar görülür. Yaşlı insanlarda hidrosefaliya zamanı- baş ağrıları, sidiyini tuta bilməmək, yerişin pozulması, əqli zəfliyin əmələ gəlməsi və s. kimi şikayətlər görülür. Hidrosefaliyanın diaqnostikası necə aparılır? Hidrosefaliyanın diaqnozu da yaşla bağlı olaraq fərqli aparılır. Hələ əmgəyi bağlanmamış körpələrdə  ultrasəs müayinəsi ilə, daha böyük uşaqlar və yaşlılarda isə komputer tomoqrafiyası ve maqnit rezonans tomoqrafiyası ilə qoyulur. Hidrosefaliyanın dərmanla müalicəsi:      Hidrosefaliyanın müalicəsində istifadə olunan dərman maddələrinin təsiri   keçici olaraq beyin onurğa beyin mayesini ifrazını azaltmaqdan ibarətdir. Keçici təsir göstərdikləri üçündür ki, uşaqlar uzun illər bu dərmanları almaq məcburiyyətində qalırlar,  bu da, məqsədə uyğun deyil. Dərman müalicəsində məqsəd əməliyyata qədər xəstənin simptomlarını azaltmaq olmalıdır, yəni başqa sözlə desək əməliyyata qədər vaxt qazandırmalıdır. Hidrosefaliyanın cərrahi müalicəsi: Hidrosefaliya cərrahi patologiya olduğuna görə müalicəsi də cərrahi üsulladır. Bu üsullar şuntlama əməliyyatı və endoskopla əməliyyatdır. Şuntlamada məqsəd beyindəki artıq mayeni bədənin başqa boşluqlarına yönləndiməkdir. Bu boşluqlar qarın (periton) boşluğu, döş qəfəsi (plevra) boşluğu və ürəkdir. Endoskopla müalicədə əsas məqsəd mədəcikər arasında bağlanmış yolları açaraq beyin-onurğa beyin mayesinin dövranını bərpa etməkdir. Endoskopik müalicənin üstünlükləri hansılardır? Endoskopik əməliyyatın üstünlükləri  daha qısa  davam etməsi, daha az travmatik olması  (xəstənin başında sadəcə bir kəsik olur), bədəndə hər hansı bir yad cisim olmadığına görə buna bağlı ağırlaşmalar olmamasıdır. Bu ağırlaşmalar şunta bağlı infeksiya, şuntun qopması, allergik reaksiyalar və s ola bilər. Təəsüf ki endoskopik müalicə sadəcə seçilmiş xəstələrə tətbiq olunur. Hidrosefaliyanın proqnozu necədir? Hidrosefaliyalı xəstələrin proqnozunu öncədən demək çox çətindir və proqnoz xəstədən xəstəyə dəyişir. Çünki, hidrosefaliya beyni zədələyərək xəstələrin əqli və fiziki inkişafını ləngidir. Proqnoza ən çox təsir edən amillər yanaşı xəstəliklərin olması, xəstənin diaqnoz qoyulan andakı yaşı  və müalicənin effektivliyidir.  Erkən qoyulmuş diaqnoz və düzgün aparılan müalicə, əmələ gələ biləcək əqli və fiziki inkişaf qüsurlarının azaldaraq daha yaxşı proqnoza səbəb ola bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Paylaşıldı: 19.11.2019

Əqli gerilik və Psixi İnkişaf Ləngiməsi, onların təlimə təsiri

Əqli gerilik və Psixi İnkişaf Ləngiməsi, onların təlimə təsiri

Əqli  gerilik  nədir? Əqli  gerilik(oliqofreniya) idrak proseslərinin fəaliyyətinin çatışmazlığıdır. Əqli gerilik zamanı nitqin inkişafdan geri qalması da müşahidə edilir.Yəni, əqli gerilik psixikanın qismən və ya tam ləngiməsidir. Əksərən, pedaqoji baxımsızlıq nəticəsində əqli cəhətdən yaşıdlarından  geri qalan uşaqları da bu sıraya aid edirlər. Lakin bu, doğru deyil. Çünki  əqli gerilik zamanı beynin üzvi zədələnməsi də müşahidə edilməlidir. Pedaqoji baxımsızlıq yaşayan uşaqlarda isə beynin üzvi zədələnməsi olmur və onlar doğru aparılan təlim nəticəsində öz yaşıdlarına çata bilərlər. Əqli  geriliyin  səbəbləri  hansılardır? Əqli  geriliyin  yaranmasının  səbəbləri  çoxdur. Bunlardan  ən  çox  bilinənləri  aşağıdakılardır: - Genetika; - Hamiləlik müddətində ortaya çıxmış problemlər (Məsələn,qadının  hamiləlik  dövründə  bir  sıra  infeksion  xəstəliklər  keçirməsi); - Doğuş zamanı müşahidə edilən problemlər (Məsələn,doğuş  zamanı  uşağın   uzun  müddət  oksigensiz  qalması); - Sağlamlıq  problemləri.       Əqli  geriliyin  əlamətləri  hansıdır? Əqli  gerilik  xəstəlik deyil, yoluxucu  deyil. Onun  əsas  əlaməti  intellektin  normadan  aşağı  olmasıdır. Əqli  geriliyi  olan  uşaq  ; -daha gec iməkləyə və ya yeriyə bilər? -gec danışa bilər, yaxud nitqi aydın olmaya bilər; -problemləri həll etməkdə çətinlik çəkər; -təfəkküründə pozulma baş verər.       Əqli  geriliyin  dərəcələri  hansılardır? İntellektin səviyyəsindən asılı olaraq əqli geriliyin 3 forması ayırd edilir: -Yüngül forma və ya debillik. Bu zaman İQ göstəricisi  50-69 arasını təşkil edir; -Orta forma və ya imbesillik. Burada İQ göstəricisi 35-49 arasında dəyişir; - Ağır forma və ya idiotiya. Bu zaman İQ səviyyəsi 34-dən aşağı olur.           Əqli  geriliyin  diaqnozu  necə  qoyulur? Əqli gerilikdə diaqnoz əqli qabilliyyətlərin (İQ) ölçülməsi ilə qoyulur. Buraya daxildir: - Beyinin öyrənmək, düşünmək, problem həll etmək qabiliyyəti; - İnsanın müstəqil yaşamı üçün ona gərək olan qabiliyyətləri.   Bəs  bunlar  nələrdir?  Məsələn, paltar geyinmək, müstəqil yemək , deyiləni anlamaq, şifahi ünsiyyət bacarığı, yaşıdları və ailə üzvləri ilə ünsiyyət bacarığı və s.  İlkin diaqnoz qoyulduqdan sonra uşağın zəif və güclü cəhətlərinə diqqət yetirilməlidir. Diaqnoz təcrübəli psixoloq və ya psixiatr tərəfindən qoyulmalıdır.Əqli geriliyi olan uşaqların təlim fəaliyyəti necə olur?  Əqli cəhətdən geri qalmış uşaqlarda dərketmə, fəallıq və müstəqillik çox aşağı olur. Bu da onların bilik, bacarıq və vərdişlərə yiyələnməsinə çətinlik törədir. Bu uşaqların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək üçün yeni metodlar axtarılıb tapılmalıdır. Normal uşaqlardan fərqli olaraq, əqli geriliyi olan uşaqlar onlara verilmiş məlumatlar içərisindən özlərinə lazım olanı seçib tapa bilmirlər, öz şəxsi təcrübələrindən istifadə etməyi bacarmırlar. Bu uşaqların təlim prosesində əyanilik çox mühüm rol oynayır. Əyanilik uşağın hər hansı əşyanı tam qavramasına, onun mahiyyətini araşdırmasına kömək edir. Əqli geriliyin müalicəsi vardımı?   Psixoloq və psixiatrlar tərəfindən uşaqla mütəmadi olaraq zəka testləri keçirilməli, inkişafetdirici tapşırıqlar tədbiq edilməlidir. Bu uşaqların daim fərdi dəstəyə ehtiyacı olur. Psixi inkişaf ləngiməsi (PİL) nədir? Əqli gerilikdən əsas fərqi odur ki, əqli gerilik anadan gəlmə olduğu halda, PİL anadangəlmə deyildir, İQ səviyyəsini qaldırmaq mümkündür. Bu problem uşaqların məktəb təlimi, məktəb müvəffəqiyyətsizliyi ilə yaxından  bağlıdır. PİL erkən yaş dövründən etibarən inkişaf etməyə başlayır.Psixi inkişafın ləngiməsinin təzahürləri daha çox məktəb dövründən özünü göstərməyə başlayır.Onlar həm fiziki,həm də psixoloji cəhətdən məktəbə hazır olmurlar.Onlarda dünyagörüşünün məhdudluğu, ümumi biliklərin çatışmazlığı, ətraf aləm haqqında qeyri-dəqiq təsəvvürlərin olması müşahidə edilir. PİL olan uşağın təlim fəaliyyəti necə olur? PİL olan uşağın şəxsiyyətinin bütün sahələri inkişafdan geri qalır. Məlumdur ki, indiki dövrdə informasiya bolluğu olduğu üçün uşaqlar yeni söz və ifadələri tez mənimsəyir və geniş lüğət ehtiyatına sahibdirlər. Psixi inkişaf Ləngiməsi olan uşaqlarda ümumiləşdirici təfəkkür əyanidir. Onlarda praktik fəaliyyət əsas rol oynayır. Onlar intellektual cəhətdən passivdirlər, maraqları məhdud şəkildədir, ən sadə təlim tapşırıqlarını yerinə yetirmək bu uşaqlar üçün bir problemə çevrilir.         Bəs PİL olan uşaqlara təlimdə necə kömək göstərməli? Bəli, onların maraqları, dünyagörüşləri məhduddur, daha gec öyrənirlər. Lakin hər hansı bir məsələ və ya tapşırıq oyun şəklində, yaxud praktik şəkildə göstərilərsə, onlar bu məsələ və ya tapşırığı həll edərlər. Bu uşaqları düşünməyə cəlb etmək lazımdır.Yəni, onlara düşünmə, dərk etmək tələb edən tapşırıqlar verilməlidir ki, əşyaların yeni xüsusiyyətlərini görüb eyniləşdirsinlər, dərk etsinlər, fərqlərini tapsınlar.       Əqli geriliyi və Psixi İnkişaf Ləngiməsi olan uşaqlarla təlim prosesində müəllim hansı yolu izləməlidir?   Həm əqli geriliyi olan uşaqlarla, həm də Psixi İnkişaf Ləngiməsi olan uşaqlarla təlim prosesində müəllimin başlıca məqsədi, uşağın təfəkkürünü fəallaşdırmaq, onlara anlaşıla biləcək qədər düşünməyi, həmçinin müraciət etməyi öyrətməkdən ibarət olmalıdır. Müəllim sadəcə öyrətməklə kifayətlənməyib, öyrətdiyi bilikləri daim təkrarlamalı, uşaqların beynində möhkəmləndirməlidir.Bilik , bacarıq və vərdişlər müəllim tərəfindən möhkəmləndirilməli və uşaqlara onlardan müxtəlif cür istifadə etməyin yolları öyrədilməlidir. Bu zaman təkrarlamanın müxtəlif yollarından istifadə edilməlidir. Bu tip uşaqların diqqəti də zəif olur. Belə uşaqlar normal uşaqlara nisbətən daha çox tapşırıqlar həll etməlidirlər. Bu uşaqlar üçün hər hansı bir şeyə qarşı maraq yaratmaq çətindir. Çünki onların diqqəti asanlıqla bir şeydən başqa şeyə keçə  bilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 19.11.2019

Miqrenin müalicəsi

Miqrenin müalicəsi

Miqren nədir? Miqren başın bir hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir.Miqren digər xəstəliklərlə(arterial təzyiqlə,beyin şişi, kəllədaxili təzyiqin artması, qlaukoma ilə və s)əlaqədar deyil.Miqren 1-cili baş ağrılarının ən geniş yayılmış növüdür.Yayılmasına göre 10% kişilərdə,22%qadınlarda rast gəlinir.Miqren  yunan dilində hemikrania yəni başın yarısı sözündən götürülmüşdür. Miqrenin simptomları: Miqren tez-tez rast gəlinən ürək bulanması,qusma ilə müşayiət olunan ,işığın və səsin təsirindən güclənən, uzunmüddətli 4saatdan-72 saatadək davam edən baş ağrısıdır.Miqren zamanı pulsasiyaedici ağrıların olması xarakterikdir.Miqren zamanı baş ağrı o qədər şiddətli olur ki əmək qabiliyyəti itirilir.Fiziki iş ağrını artırır. Miqrenin səbəbləri: Miqrenin səbəbi sadə bir qıcıq ola bilər.Müxtəlif qoxular ,parlaq işıq, səs-küy, isti və soyuq ,fiziki gərginlik,tütünçəkmə, xroniki stress ,yuxu pozğunluğu, qeyri requlyar qidalanma, cinsi yetişkənlik dövrü ,menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik, qida məhsulları miqrenin başlamasına səbəb ola bilər. Miqrenin diaqnostikası: Miqren zamanı bütün müayinələr norma həddində olur.Heç bir patologiya aşkar olunmur. Miqrenin müalicəsi: Triptanlar tutma zamanı təyin olunur. Miqren zamanı ən yaxşı müalicə fizioterapiya usüllarından nevral terapiya, akupunktura və nevral terapiyadır.Bu zaman ağrıların şiddətinin tam keçməsi və remissiya  mümkündür.Bu terapiyaları keçirməklə pasienti tam ağrıdan azad edirik. Miqrenin  profilaktikası: Miqrenin profilaktikası qıcıqların aradan qaldırılması,zərərli adətlərin ləğvi,sağlam həyat tərzi,qidalanma və yuxu rejimi yanaşı olaraq müalicə.

Paylaşıldı: 17.11.2019

Keramik diş

Keramik diş

DİŞİN BƏRPA NÖVLƏRİ: Əgər plomb ilə kökü sağlam olan dişi bərpa etmək mümkün deilsə dişi çəkdirməyə ehtiyyac yoxdur. Keramik qapaq ilə dişin əvvəlki funksiyasını qaytarmaq mümkündür. Keramik qapaqlar bir çox növdə olur.  METAL KERAMİKA NƏDİR? Stomatologiyada  istifadə olunan metal-keramik qapaqlar (koronkalar) estetik görünüşü, müsbət gigiyenik xüsusiyyətləri və funksional rahatlığı ilə əvəzolunmaz bərpa vasitəsidir.  Amma son vaxtlar, metal-keramik qapaqların bəzi estetik nöqsanlarını və periodontal toxumalara mənfi təsirini nəzərə alaraq, metalsız yanı tam keramik qapaqların hazırlanması çoxalıbdır. METALSIZ KERAMİKA NƏDİR? Metalsız keramik qapaqlar – içərisində metal olmayan keramik qapaqlardır. Müasir texnologiyalar içərisində metal olmasa da kifayət qədər möhkəmliyə malik keramik konstruksiyaların yaradılmasına imkan verir. Hal-hazırda hazırlanan metalsız keramik qapaqlar 20-30 il əvvəl hazırlanan metalsız keramik qapaqlardan möhkəmliyinə görə qat-qat üstündür. ZİRKONİUM KERAMİKA NƏDİR? Bildiyimiz kimi müasir dövrdə, hər sahə mükəmməlləşir. Stomatologiya sahəsidə ən sürətlə və keyfiyyətlə mükəmməlləşən bir sahədir. İncələyəcəyimiz mövzu sırf olaraq müasir dövrün mövzusudur.  Zirkon diş –XVII əsrdə kəşf edilən zirkonium metalından hazırlanan diş növüdür. İstiliyə və korroziyaya davamlıdır. Allergiyası olan insanlar belə rahatlıqla istifadə edə bilərlər. Yüksək estetik keyfiyyətlərə malikdir. Parlaqlıq, görünüş, rəng, şəffaflıq baxımından təbii dişə ən çox oxşarlığı olan bərpa növüdür. Qeyd etdiyimiz xüsusiyyətlərinə görə bu gün ən çox tələb olunan diş növlərindən biridir və getdikcə daha da populyarlıq qazanır. ZİRKONİUM KERAMİKANIN MÜSBƏT TƏRƏFLƏRİ: • İnsan orqanizminə qətiyyən ziyansızdır. • Allergik reaksiyalar törətmir. • Diş ətini qıcıqlandırmır. • Hazırlanmasında ən son texnologiyalardan istifadə olunur. • Çəkisi yüngül oldugundan uyğunlaşma prosesi tez çəkir.  • Estetik baxımdan təbii dişdən seçilmir.

Paylaşıldı: 17.11.2019

Parodontitin müalicəsi

Parodontit

PARODONTİT NƏDİR? Parodont xəstəlikləri diş əti və dişi yuvasında saxlayan toxumaların iltihabi xəstəlikləridir. Bu xəstəliklər diş əti iltihabı ilə başlayır. Vaxtında müalicə edilməzsə parodontitə qədər irəliləyərək diş əti və dişləri dəstəkləyən alveol sümüyündə geriyə dönməz proseslər meydana gətirə bilirlər. Bununla da dişlərin laxlaması və nəticədə itirilməsi baş verir. Diş itirilmələrinin 70% səbəbi parodont xəstəlikləridir. Bu xəstəliklərə erkən dövrdə diaqnoz qoyulduqda və düzgün müalicə tədbirləri seçildikdə asan və effektiv şəkildə müalicə oluna bilirlər. Parodont xəstəliklərinin profilaktikası və müalicəsi təbii dişlərin qorunması, daha rahat çeynəmə və həzmin baş verməsi deməkdir. PARODONTİTİN YARANMA SƏBƏBİ NƏDİR? Parodont xəstəliklərinin baş verməsinin əsas iki səbəbi bakteriyalar və diş daşlarıdır. Bu problemlərin həll olunması parodont xəstəliklərinin müalicəsinin əsas təməl prinsiplərini təşkil edir. Parodontit üçün bütün parodont toxumalarının zədələnməsi xarakterikdir.  Xəstəliyin yüngül,orta və ağır formaları ayırd edilir,kliniki gedişinə görə kəskin,xroniki və ağırlaşmış növləri mövcuddur.  Kəskin parodontitə nadir hallarda rast gəlinir. Əksər hallarda infeksiya nəticəsində yaranır. Bəzi hallarda düzgün hazırlanmamış qapaqlar, körpüyəbənzər protezlər, düzgün aparılmamış ortodontik müalicə dişin bağ aparatını zədələyərək parodontitin yaranmasına səbəb olur.  Xroniki parodontitə daha çox rast gəlinir. Xroniki parodontit uzunmüddətli gedişi ilə fərqlənir. Xəstəliyin gedişi orqanizmin müqavimətindən də asılıdır.  Orqanizmin müqaviməti aşağı düşdükdə və prosesə ikincili infeksiya qoşulduqda xəstəlik daha da ağırlaşır. İltihabi prosesin yayılmasından asılı olaraq parodontitlər yerli və yayılmış formada aşkar edilir. Yerli parodontit zamanı bir və ya bir neçə diş nahiyəsində parodontun zədələnməsi baş verir. Bir çox hallarda düzgün qoyulmamış plomb buna səbəb olur. Diş çöküntüləri, ayrı-ayrı dişlərin həddindən artıq yüklənməsi,dişlərin anomaliyaları,ortopedik-ortodontik konstruksiyaların düzgün hazırlanmaması,çıxan protezlər hazırlayan zaman klammerlərin düzgün seçilməməsi parodontitin yaranmasına gətirib çıxarır.

Paylaşıldı: 17.11.2019

Disgrafiya

Disgrafiya

Disqrafiya  nədir? Disqrafiya  özünü  yazıda  göstərən  bir  problemdir.Ancaq  bu  problem  uşaqda  zəka  geriliyi  olduğu  mənasına gəlməməlidir. Disqrafiyası  olan  uşaqlar  çətin  oxunan,qarışıq,tez-tez  səhvə  yol  verən  bir  yazıya  sahibdirlər.Ancaq bu,səhv  verilən  təlimin  də nəticəsi  ola  bilər. Ona  görə  də,disqrafiyanı düzgün  ayırd  etmək  lazımdır.Disqrafiya  müşahidə  edilən  uşaqların  yazısı  oxunaqsız olur. Bununla  yanaşı,onlarda  cümlə  qurmada  çətinlik,  sözlər  arasında  ya  həddindən  çox  boşluq  buraxma  və  ya  əksinə,sözləri  boşluq  buraxmadan , bitişik  yazma  halları  müşahidə  edilir. Disqrafiyanın  əlamətləri  nələrdir?Disqrafiyalı  uşaqlarda  özünü  göstərə  bilən   hallara  nəzər  salaq:   -Qarışıq  yazma; -Yaşıdlarına  nisbətən  daha  yavaş  yazma; -Sinif  işlərində  və  testlərdə  səhvlərə  yol  vermə,zəif  nəticə  göstərmə; -Bir-birinə  oxşar  hərf  və  rəqəmləri  tərsinə  yazma(məsələn,6-9); - Hecalara  düzgün  ayra  bilməmə; -Böyük-kiçik  hərfləri  qarışıq  yazma ;  -Hecaların  yerini  qarışdırma  və s. Disqrafiyanın  korreksiyası. Disqrafiya  diaqnozu  qoyulan  uşaqlarda  hər  gün  ən  azı  10-15  dəqiqə  yazı  yazma  çalışmaları  edilməlidir. Təlimə  marağı  olmayan  uşaqlarda  bu  prosesi  əyləncəli  şəkildə  etmək  daha  məsləhətlidir  və  məqsədəuyğundur. Hər   şeydən  əvvəl, səslər  uşaqlara  tam  aydın  olmalıdır.Məsələn, uşağa  “B”  hərfini  yaz  dediyiniz  zaman, onu” bı”  şəklində  tələffüz  etsəniz, uşaq  əlbəttə “B” deyil, “Bı”  kimi  yazacaq.Ona  görə  də,  hər  bir  səsi  düzgün  tələffüz  etməyi  bacarmalısınız. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 13.11.2019

Disleksiya

Disleksiya

Disleksiya  nədir? Disleksiya- burada “dys” önşəkilçidir. “Normadan  zəif,əksik”  mənasına  gəlir,leksiya   isə  “söz”, “ nitq” deməkdir.Disleksiyaya  hadisə  və  isimləri  xatırlamada  çətinlik,öyrənilənlərin  tez  unudulması,bəzi  oyunları  oynamaqda  yaşanan  çətinliklər,əl  və  barmaqlardan  yetərincə  istifadə  edə  bilməmə  aiddir. Əsas  meyarları: Əsas  ayırdetmə  meyarlarına  aşağıdakıları  daxil  edə  bilərik:  -Oxuda  çətinlik  çəkmə,səhv  oxuma; -Oxuduğunu  anlamaqda  çətinlik  çəkmə; -Hərfləri  qarışdırma  və  ya  yazmaqda  çətinlik; -Rəqəmləri  öyrənməkdə və  saymaqda  çətinlik. Daha  aydın  şəkildə  ifadə  etsək,disleksiya,  zəkanın  normal, akademik  səviyyənin  və  yaşın , aldığı  təlimdən  geri  qalmasıdır. Disleksiyanın  əlamətləri – Disleksiyanın  əlamətləri 3  mərhələyə  ayrılır: 1) Məktəböncəsi  mərhələ.Buraya  0-6  yaş  aralığı aiddir; 2)Məktəb  mərhələsi.Bu  mərhələ  7-11  yaş  aralığını  əhatə  edir. 3) 12  yaş  və  sonrası. Xüsusi  öyrənmə  çətinliyi  yaşayan  uşaqlarda  yanaşı  gedən  bir  sıra  başqa  problemlərə  də  rast  gəlinir.Ən  çox  rast  gəlinən problemlər  isə  diqqət  əksikliyi  və  hiperaktivlikdir.  Disleksiyanın  aradan  qaldırılması və korreksiyası. Bəs bu  uşaqlara  necə  kömək  edilməlidir? Hər  şeydən  öncə,onların  duyğularını  anlamaq  lazımdır; Daha  sonra,cəhdləri  dəyərləndirilməli, təqdir  edilməlidir. Onlara  qarşı  mənfi  rəylər  edilməməlidir(məsələn,”Sən  bacarıqsızsan”kimi  ifadələri  işlətməkdən  qaçmaq  lazımdır). Disleksiyadan  əziyyət  çəkən  uşaqların  oxusunda  axıcılıq  olmur.Bəs  bunu  necə  müəyyən  etməli?Kiçik  bir  mətn  parçası  seçilir  və uşaqdan  1  dəqiqı müddətində  həmin  mətni  oxumasi  istənilir.Oxunan  söz  sayı  qeydə  alınır.Uşaq  normalda  I  sinfin  sonunda  60-70 söz, II  sinfin  sonunda  70-80 söz,III  sinfin  sonunda  80-90-a  yaxın  söz  oxumalıdır.Doğru  oxumanı  müəyyən  etmək  üçün  doğru oxunan  söz  sayı  1 dəqiqədə oxunan  söz  sayına  bölünür. Disleksiya  müşahidə  edilən  uşaqlar , adətən,söz  sonunu  uyduraraq, hərf,heca  atlayaraq,səsləri  bir-birinə  qarışdıraraq   oxuyurlar.Yazılışı  oxşar  olan  hərfləri  qarışdıra  bilirlər .Məsələn, b,d,q,p kimi  hərfləri  həm  yazıda,həm  də  oxuda  qarışdırma  halları ilə  rastlaşa  bilərik.  Disleksiya , zəkanın  normal  olmasına,uşağın yaxşı  təlim  almasına  baxmayaraq  meydana  gələ  bilər.Və  sonda  onu  da  qeyd  etmək  istərəm  ki,  disleksiya  əsla  bir  xəstəlik  deyildir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 13.11.2019

Gingivit

Gingivit

GİNGİVİT NƏDİR? Gingivit - diş ətində şişkinliyə, qırmızılığa və asanlıqla qanamaya səbəb olan, diş əti xəstəliklərinin ən mülayim formasıdır. Gingivit – yetərincə yayılmış bir xəstəlikdir. Gingivitin yaranmasına bir çox səbəblər var. Bunlar: şəkərli diabet, siqaret çəkmək, qocalma, genetik meyillilik, sistemik xəstəliklər, stres, qeyri-kafi qidalanma, cinsi yetkinlik dövrü, hormonal dəyişikliklər, hamiləlik, maddə asılılığı, QİÇS və müəyyən dərmanların istifadəsidir. GİNGİVİTİN NÖVLƏRİ: Gingivitin bir neçə növləri vardır:   • kataral,   • xoralı-nekrotik,   • hipertrofik gingivit.   • atrofik ginginit Kataral gingivitin kliniki simptomları: qızartı, damağın selikli qişasının şişkinliyi, qan axmalar. Gingivitin bu formasındadişlərdə cüzi qaşınmadan, yemək zamanı ağrılardan ibarətdir. Xoralı-nekrotik gingivit zamanı damağın selikli qişasında yaralar və nekroza uğramış sahələr əmələ gəlir. Onun kliniki simptomları bunlardır: qalitoz (ağızdan xoşagəlməz qoxu), damağın ağrılı olması; orqanizmin ümumi vəziyyəti həmçinin ağırlaşır: xəstə ümumi əzginlik hiss edir, bədən hərarətinin 39 dərəcəyədək yüksəlməsi, limfa düyünlərinin böyüməsi mümkündür. Hipertrofik gingivitdə damaq məməciklərinin böyüməsi baş verir və dişin bir hissəsi örtülür. Xəstəliyin ilkin mərhələlərində hər hansı bir simptom olmur. Sonradan isə damağa toxunanda və ya yemək yeyəndə qan axma və ağrılar başlayır. Atrofik gingivitdə isə, əksinə, damaq toxumasının atrofiyası (azalması) baş verir, və damağın səviyyəsi zamanla aşağı düşür və dişin dibi görünməyə başlayır. Atrofik qingiviti olan insan bunu isti və soyuq yeməklərə həssaslıqda hiss edir. MÜALİCƏ VƏ PROFİLAKTİKASI: Gingivitin müalicəsi stomatoloq tərəfindən aparılmalıdır. Müalicə diş piləklərinə təsirdən, yerli və ümumi amilləri aradan qaldırmaqdan ibarətdir. Bəzi hallarda cərrahi müdaxilə zəruridir (küretaj). Bundan başqa əksər hallarda xüsusi vasitələrə əl atmaq lazım olur, həm də sadəcə xəstəliyin kəskin fazasının müalicəsi üçün deyil, həmçinin ciddi ağırlaşmaları dayandırmaq və ya qarşısını almaqçün. Müxtəlif preparatlardan istifadə olunur: antibiotik, iltihaba qarşı vasitələr, yerli immunomodulyatorlar. Yoluxucu-iltihabi proseslərdən əmələ gələn gingivitlərdə infeksiyanın törədicisini aradan qaldırmaq lazımdır. Buna görə həkim antibakterial vasitələr və ya göbələyə qarşı dərmanlar təyin edə bilər. Gingivitin profilaktikası üçün növbəti tədbirlər görmək lazımdır:  • müntəzəm olaraq stomatoloqun müayinəsindən keçmək;  • hər gün diş ərpini diş pastası və ipək sap vasitəsiylə aradan qaldırmaq;  • dişləri təmizləmək üçün hər 3-6 ay stomatoloqa müraciət etmək.

Paylaşıldı: 13.11.2019

Spinner