Askarid qurdunun müalicəsi

Askarid qurdu (ASCARİS LUMBRİCOİDES)

Nəcisdə ortalama 15-20 sm uzunluğunda , ağ qurdlardır. Təmiz olmayan qida ilə adətən orqanizmə daxil olur. Adətən ev daxilində insanlar bu paraziti bir birinə yoluxdurur.  ASKARİD QURDU XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ: Adətən simptomsuz keçir.   Qarın ağrısı,  gecə yuxu pozğunluğu, tez tez oyanma, kilo ala bilməmək, böyümə- inkişaf geriliyi, qanazlığı, halsızlıq, iştahsızlıq, ürəkbulanma, qusma, bədəndə səpgilər, parazitin çox miqdarda bağırsaqda toplanması bağırsaq keçməzliyinə belə səbəb olur. Bu parazit orqanizmdə invaziya müddətində ağciyərlərdən keçdiyinə görə uzun müddət davam edən öskürək, xışıltı, eozinofil pnevmoniyasına belə səbəb ola bilər. ASKARİD QURDU XƏSTƏLİYİNİN DİAQNOSTİKASI: Nəcis ümumi analizi verməklə diaqnoz qoyulur. ( ən az 3 dəfə) Bir analizdə parazitin aşkar olunmaması uşaqda bu xəstəliyi inkar etməz. Qanla və ya müəyyən aparatlarla diaqnostika yalnışdır.  ASKARİD QURDU XƏSTƏLİYİNİN MÜALİCƏSİ: Ailə üzvlərinin eyni vaxtda müalicə edilməsi şərtdir. Yataq dəstlərinin də qaynadılıb ütülənməsi vacibdir. Maximum 3 günlük , tək dərmanla, ümumi dünya müalicə protokoluna uyğun qaydada müalicə etməklə bu xəstəlik tamamən sağalır. ASKARİDA QURDU XƏSTƏLİYİNİN PROFİLAKTİKASI:  Şərti gigiyena qaydalarına əməl etmək, tez-tez əl yumaq vərdişi, dırnaqların tez-tez kəsilməsi, dırnaq yemək vərdişinin tərgidilməsi bu qurddan qorumada vacibdir. Çiy meyvə və tərəvəzlərin yaxşı yuyulmadan yeyilməməsi, yaxşı bişməmiş ət, fast-foodlardan qaçmaq, içməli suyun təmizliyinə əmin olmadan istifadə etməmək lazımdır. Mövzu ilə bağlı video: © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 20.05.2020

QIL QURDUnun müalicəsi

QIL QURDU (ENTEROBİUS VERMİCULARİS)

QIL QURDU XƏSTƏLİYİNİN YARANMA SƏBƏBLƏRİ:  Bu qurd ümumi tualet istifadəsində ailə üzvləri arasında asanlıqla yayılır. Bu səbəbdən müalicəsi ailəliklə aparılmalı, müalicədən sonra yataq dəstləri və alt paltarları qaynadılıb, ütülənməlidir.Yaranma səbəbi daha çox şərti gigiyena qaydalarına riayet edilməməsi, əl yumaq vərdişlərinin olmaması, parazitin yumurtası ilə bulaşmış, yaxşı yuyulmamış meyvə tərəvəz , çirkli su istifadəsidir. Qıl qurdundan autoinvaziya deyilən, uşağın özü özünü yoluxdurması halı görülür. Belə ki bu parazit zamanı anal dəlik ətrafında qaşınma olur ki, qaşınan uşaq sonra əlini yumadan ağzına apararaq, qurdun yumurtası ilə təkrar yoluxur. Bu hal olmaması üçün uşaqlara gigiyena vərdişlərini ciddi şəkildə aşılamaq lazımdır.  QIL QURDU XƏSTƏLİYİNİN ƏLAMƏTLƏRİ: Bu parazitin dişi forması qalın bağırsaqda (düz bağırsaq) yaşadığı üçün gecələr bağırsaqdan çıxaraq anal dəlik ətrafına yumurtalarını qoyur. Bu səbəbdən əsas əlaməti anal dəlik ətrafında qaşınmadır. Əlavə olaraq bu parazit sidik yollarına, qızlarda vaginaya invaziya edərək sidik yolu infeksiyası, vulvovaginit,ciddi qaşınma, perianal dermatitə səbəb ola bilər. Bundan başqa qıl qurdu zamanı uşaqda ümumi narahatlıq, gecələr yuxudan oyanma, ağlama,narahat yataq, yuxu pozğunluğu,gecə yerinə islatma, yuxuda diş qıcama,ağızdan su axma kimi şikayətlər də olur.  QIL QURDU XƏSTƏLİYİNİN DİAQNOSTİKASI: Bu qurdun diaqnostikası üçün Nəcis ümumi analizi (3 gün aralıqlarla ən az 3 dəfə, 3 gün ard arda Perianal sıyrıntının uşaq yataqdan durmadan götürülüb tədqiq edilməsi və ya qurdun gözlə görülməsi kifayətdir QIL QURDU XƏSTƏLİYİNİN MÜALİCƏSİ: Parazit əleyhinə nəzərdə tutulmuş preparatı 1 gün, 2-3 həftə sonra təkrar etməklə müalicə edilir. Müalicə ailəvi aparılmalı, bütün yataq dəstləri qaynadılıb, ütülənməlidir. QIL QURDU XƏSTƏLİYİNİN PROFİLAKTİKASI Bütün parazitlərdə olduğu kimi qıl qurdundan qorunmaq üçün də şərti gigiyena qaydalarına əməl etmək, tez-tez əl yumaq vərdişlərinin qazanılması, dırnaq yemək kimi zərərli vərdişlərin tərgidilməsi, meyvə-tərəvəzin yaxşı yuyulmadan istifadə edilməməsi, çirkli su istifadəsindən qaçmaq vacibdir Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 20.05.2020

HAYMORİTin müalicəsi

HAYMORİT

Haymorit nədir? Haymorit (üst çənə sinusiti) - üst çənə ciblərinin (haymor) selikli qişasının iltihabıdır. İltihabi proses birtərəfli və ya ikitərəfli, eləcə də burunun əlavə ciblərinin zədələnməsi ilə müşayiət oluna bilər.  Bu xəstəlik zamanı haymor boşluqlarına çox miqdarda selik və irinin toplanması səbəbindən nəfəsalma çətinləşir.  Bütün burunətrafı ciblərdə axarlar var və onlar haymor ciblərini burun boşluğu ilə birləşdirir. Bu axarların diametri kiçik olduğundan (1-3 mm) ödem yarandıqda əvvəlcə qismən, sonra isə tamamilə tutulur. Nəticədə selik ciblərdə yığılır və orada iltihabi proses başlayır.    İnfeksiyanın daxilolma yolundan asılı olaraq, haymorit rinogen (əsasən böyüklərdə), hematogen (daha çox uşaqlarda), travmatik və odontogen növlərə bölünür. Həmçinin birtərəfli və ikitərəfli haymorit qeyd olunur.  Haymoritin yaranma səbəbləri hansılardır? Haymoritin kəskin və xroniki formaları mövcuddur. Kəskin haymorit kəskin rinitin ağırlaşması, dişlərin iltihabı (odontogen haymorit), müxtəlif infeksiyaların nəticəsində də inkişaf edə bilər. Təkanverici faktor kimi orqanizmin immun reaktivliyinin soyuqdəymə fonunda aşağı düşməsini də göstərmək olar.   Haymoritin əlamətləri hansılardır? Həm kəskin, həm də xroniki haymoritlərdə eyni əlamətlər üzə çıxa bilər. Buna misal olaraq, burunun və burunətrafı ciblərin selikli qişasının şişməsini, aşağı burun balıqqulaqlarının ödemləşməsini, avazıması və ya qızarmasını, irinli axıntını göstərmək olar. Eyni zamanda, yuxarı burun balıqqulağı və aşağı burun balıqqulağından keçən irinli zolaq qeyd olunur, təbii axarların mənfəzləri daralır.     Kəskin haymorit zamanı titrətmə, bədən hərarətinin qalxması, ümumi halsızlıq, müxtəlif intensivlikli, çox vaxt burunun kökünə, alın nahiyəsinə, dişlərə irradiasiya edən başağrıları müşahidə edilir. İltihablaşmış cibi üz tərəfdən sıxdıqda ağrı şiddətlənə bilər. Ağrı xarakterinə görə daimi və intensivdir, başı aşağı əyərkən, asqırarkən və ya öskürərkən güclənə bilər.  Bəzi hallarda gözlərin yaşarması və işıqdan qorxu hissi müşahidə oluna bilər. Yanaqların, göz qapaqlarının şişməsi, zədələnən tərəfdə iybilmənin azalması da kəskin haymoritin əlamətlərindəndir.  Xroniki haymorit latent şəkildə davam edir. Halsızlıq, baş ağrıları (adətən axşam saatlarında), ümumi zəiflik, burunun tutulması, axması, tez yorulma qeyd olunur və bu hallar davamlı olur.    Haymorit necə müayinə olunur? Haymoritin əlamətləri üzə çıxdıqda həkim-otolarinqoloqa müraciət etmək lazımdır. Xəstəliyi təsdiqləmək üçün ilk növbədə endoskopik müayinə, daha sonra ciblərin rentgenoqrafiyası və burunətrafı ciblərin kompüter tomoqramması (paranozal kompüter tomoqramma) təyin edilir. Zərurət yarandıqda, diaqnostik punksiya, ciblərə yığılan mayenin bakterioloji analizi və allerqotest tətbiq oluna bilər.    Haymorit necə müalicə olunur? Haymorit bir qayda olaraq ambulator müalicə olunur. Ağırlaşmalar zamanı hospitalizasiya göstərişdir. Müalicə zamanı patoloji mayenin zədələnmiş cibdən çıxarılmasını təmin etmək vacibdir.   Haymoritin medikamentoz terapiyasına geniş təsir spektri olan antibiotiklərin, desensebilizasiyaedici terapiyanın, probiotik terapiyanın, burunun selikli qişası üçün yumşaldıcı damcıların, antiseptiklərin, eləcə də ciblərin selikli qişasını bərpa edən vasitələrin və s. təyini aiddir.  Haymoritin cərrahi müalicəsi - funksional endoskopik sinus cərrahiyyəsi (FESS) vasitəsilə həyata keçirilir. Bəzən ehtiyac yarandıqda, otondogen haymoritdə Kolduel-Lyuk əməliyyatından da istifadə oluna bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 20.05.2020

SİNUSİTin müalicəsi

SİNUSİT

Sinusit - burunun bir və ya bir neçə əlavə ciblərinin selikli qişasının iltihabıdır. Kəskin zökəm, qrip, infeksion xəstəliklər, həmçinin üz nahiyəsinin travmaları nəticəsində yarana bilir. Bundan başqa, xəstəlik virus və bakteriyalar fonunda da inkişaf edə bilər. Sinusit dedikdə, frontit - burunun alın ciblərinin iltihabı; haymorit - iltihabi proses üst çənə ciblərində inkişaf edir; etmoidit - şəbəkəli labirintin iltihabı; sfenoidit - əsas cibin iltihabı nəzərdə tutulur.   Sinusitin yaranma səbəbləri hansılardır? Sinusitin yaranmasına bir sıra faktorlar təkan verə bilər. Onlara aiddir: 1. Burun boşluğunun anotomik strukturunun anadangəlmə pozuntuları; 2. Hava keçidlərində polipozların inkişafı; 3. Allergik rinitlər;  4. Burun arakəsməsinin əyilməsi; 5. Kəskin respirator virus infeksiyası; 6. Dişlərdə yaranan iltihabi proses və dişlərdə icra olunan cərrahi manipulyasiyalar.   Sinusitin növləri və əlamətləri hansılardır? Sinusitin iki növu var: kəskin və xroniki.  Kəskin sinusit zamanı pasiyentdə yüksək bədən hərarəti, burundan seliyin axması, burun tutulması baş, ağrıları və s. müşahidə oluna bilər. Bunlarla yanaşı, kəskin sinusit üz və göz nahiyələrində ağrılarla da özünü büruzə verə bilər. Ağrılar döyüntülər şəklində davam edir, öskürmə və asqırma zamanı şiddətlənir. Ağrıyan nahiyələrə təzyiq göstərildikdə daha da güclənir.  Xroniki sinusit zamanı xəstəlik uzun müddət davam edir. Bu zaman iltihabi proses kəskinləşmə və remissiyalarla əvəz olunur.  Xroniki sinusitin əsas fərqli cəhəti - patologiyanın 3 aydan çox davam etməsidir. Patoloji proses nəticəsində adətən, burunun selikli qişası da zədələnir, ona görə də rinosinusit inkişaf edir.  Xroniki sinusitin əlamətlərinə burundan patoloji axıntını, burun tənəffüsünün çətinləşməsini, dadbilmə və iybilmənin pozulmasını, alın nahiyəsində ağrıları aid etmək olar. Bunlardan başqa, ürəkbulanma, qulaqda ağrı, öskürək, diş ağrısı, ağızda pis qoxunun yaranması da sinusitin simptomlarındandır.   Sinusitin müayinəsi necə aparılır? Sinusitin əsas müayinə metodu burun boşluğunun endoskopiyasıdır. Onun vasitəsilə selikli qişanın vəziyyətini, burun boşluğunda iltihabın lokalizasiyasını, burun  boşluğunun daxili strukturunun vəziyyətini öyrənmək mümkündür.  Bundan başqa, sinusitin diaqnostikasında rentgen kompüter tomoqrafiyasından və ya maqnit-rezonans tomoqrafiyasından da istifadə olunur.   Sinusit necə müalicə olunur? Sinusitin müalicəsi kompleks şəkildə aparılır. Onun əsas mahiyyəti selikli qişanın ödemini aradan qaldırmaqla mayenin təbii axmasını təmin etməkdir. Bunun üçün damardaraldıcı vasitələrdən istifadə olunur. Paralel olaraq, kortikosteroid, iltihab və allergiya əleyhinə, eləcə də antibakterial preparatlar da tətbiq edilir.  Konservativ müalicə nəticə vermədikdə cərrahi müdaxilə göstərişdir. Onlardan ən effektlisi - funksional endoskopik sinus cərrahiyyəsidir (FESS). Bu zaman ciblərdən seliyin axmasını təmin edən təbii axarların işi bərpa olunur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 20.05.2020

HİPERTONİYA XƏSTƏLİYİNDƏ DOĞRU BİLİNƏN YANLIŞLAR

HİPERTONİYA XƏSTƏLİYİNDƏ DOĞRU BİLİNƏN YANLIŞLAR

Ailəmdə hipertoniya xəstəsi yoxdur. Məndə də olmaz. 1. Ailənin birinci dərəcəli üzvlərində hipertoniya xəstəliyinin olmaması sizdə də olmayacaq demək deyil. Hipertoniya xəstəliyinin rastgəlmə tezliyi genetik faktorla sıx bağlıdır, lakin həyat tərzi dəyişikliklərinə riayət etməmək bu əlaqəni aradan qaldırır.  Yüksək arterial təzyiqin kontrol edilə bilən risk faktorları bunlardır: siqaret çəkmə, şəkərli diabet, piylənmə, qanda yüksək xolesterol səviyyəsi, qeyri-düzgün qidalanma, fiziki aktivliyin az olması. Kontrol oluna bilinməyən risk faktorlarına isə aiddir: kişi cinsiyyəti, yaş, irsiyyət, stres, xronik böyrək çatmamazlığı və s. 2. Yüksək təzyiqə qarşı dərman qəbul edirəm. Xörək duzu qəbulunu azaltmağa ehtiyac yoxdur. Xörək duzunun gündəlik miqdarı 5 gram, yəni 1 təpəsiz çay qaşığından artıq olmamalıdır. Artıq duz qəbulu arterial təzyiqi artırır, həmçinin, təzyiq əleyhinə preparatların təsirini azaldır. Duz miqdarının təxminən 30%-ni çörəkdən alırıq. Heyvani qidalarda və işlənmiş, dondurulmuş ərzaqlarda duz miqdarı çoxdur.  Daş duzda natrium miqdarı rafinə olunmuş duza nisbətən daha azdır, lakin yenə də çox istifadə olunması arterial təzyiqi yüksəldir. Hər hansı bir məhsulda duzun miqdarı onun tərkibindəki natriumdan 2,5 dəfə çoxdur. Yəni bir ərzaqda 100 mg natrium varsa, deməli duzun miqdarı 250 mg-dır.  3.Yüksək təzyiqlə bağlı heç bir şikayətim yoxdur. Ona görə də təzyiqimi ölçdürmürəm.  Əhalinin təxminən 22%-də hipertoniya vardır. Bu vəziyyət 45-54 yaş arasında 40%, 55-64 yaş arasında isə 50%-dir. Yüksək arterial təzyiq şikayətsiz, səssiz və gizli keçə bilir, bu səbəbdən “səssiz qatil“ adlandırılır. Hipertoniya beyin insultu, görmənin itirilməsi, ürək və böyrək çatmamazlığı, bütün damarlarda daralmalara və genişlənmələrə (anevrizmaya) səbəb ola bilər. 4.Təzyiqim normallaşdı. Dərman qəbulunu dayandıra bilərəm. Hipertoniyanın müalicəsi ömür boyu davam etməlidir. Dərmanlar təzyiqi normal həddə salır, lakin onların kəsilməsi təzyiqin yenidən və daha yüksək rəqəmlərə qalxmasına səbəb olur. Buna görə də müalicəyə ara verilməməli, həkimin təyin etdiyi qaydada və dozada aparılmalıdır. Həmçinin, təyin olunmuş vaxtlarda kontrol həkim müayinələrindən keçmək hipertoniyanın ağırlaşmalarının qarşısını ala bilər.  5.Yüksək təzyiqə qarşı dərmanlar alışqanlıq yaradır. Antihipertenziv preparatlar alışqanlıq yaratmır. Yaş artdıqca damarların elastikliyi azaldığı üçün dərman dozası yetərsiz qala bilər, bu halda dərman dəyişdirilməli, dozası artırılmalı və ya başqa dərmanla əvəz olunmalıdır.  6.Qohumum (tanışım) təzyiqə qarşı dərman içir. Mən də həmin dərmanı qəbul edə bilərəm. Bu fikir qətiyyən doğru deyildir! Hər bir dərmanın təsir mexanizmi, əlavə və yan təsirləri fərqlidir. Müalicə təyin edərkən xəstənin yaşı, irsiyyəti, həyat tərzi, yanaşı xəstəlikləri nəzərə alınır. Bir xəstə üçün effektiv olan dərman digər xəstədə ağır nəticələr verə bilər. 7.Müayinələrə gedərkən xəstəxanada arterial təzyiqim ölçülür. Evdə təzyiqimi ölçməyimə gərək yoxdur.  Dərman müalicəsi altında arterial təzyiq mütləq vaxtaşırı ölçülməli, dinamik müşahidə aparılmalıdır. Evdə xəstənin özü və ya yaxınları tərəfindən təzyiq asanlıla ölçülə bilər. Bu haqda həkim pasiyenti ətraflı və düzgün məlumatlandırır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Paylaşıldı: 18.05.2020

Presbiopiyanın müalicəsi

Presbiopiyanın müalicəsi

Presbiopiya nədir?  Presbiopiya - elə bir göz refraksiyası anomaliyasıdır ki, bu zaman insan kiçik şrift və ya kiçik əşyaları yaxın məsafədən görə bilmir. Xəstəliyi yaradan mexanizm kimi yaş faktoru qey olunur. Belə ki, insan yaşlaşdıqca gözdaxili büllurun elastikliyi itir və yaxın və uzak fokuslamanı həyata keçirə bilmir.  Saçların ağarması və üzdə qırışların əmələ gəlməsi kimi, presbiopiya da təbii qocalma prosesinin nəticəsi kimi ortaya çıxır. 45 yaşdan yuxarı hər kəs risk qrupuna daxildir.  Presbiopiyanın əlamətləri hansılardır?  Presbiopiyanın ilk əlamətləri xırda şriftləri oxuyarkən (xüsusən az işıqlandırılmış məkanda) çətinliyin yaranması, uzun müddət oxuduqda astenopatiya, yaxındakı obyektlərin yayınıq görünməsi, baxışın yaxındakı obyektdən uzaqdakına dəyişdirilməsi zamanı ani olaraq dumanlı görüntü və s. Presbiopiyanın əlamətləri digər görmə defektlərində olduğu kimi, günəş işığında özünü daha zəif büruzə verir, çünki bəbəklərin diametri azalır.     Presbiopiya necə müayinə olunur? Xəstəliyin müayinəsi həkim-oftalmoloq tərəfindən aparılır. Əvvəlcə təfsilatlı anamnez toplanılır, patologiyaya meyilliliyin fərdi xüsusiyyətləri araşdırılır. Bundan sonra görmə itiliyi yoxlanılır, refraktometriya (gözün optik gücünün ölçülməsi) həyata keçirilir, ehtiyatlar akkomodasiyası tədqiq edilir, ön kəsiyə baxılır. Bütün bunlarla yanaşı, göz dibinin oftalmoskopiyası aparılır və gözdaxili təzyiq ölçülür.    Presbiopiya necə müalicə olunur?  Presbiopiyanın korreksiyası təkcə xəstəliyin ağırlıq dərəcəsindən deyil, həmçinin pasiyentin həyat tərzindən, yaşından, peşə fəaliyyətindən asılıdır. Xəstəlik 3 üsulla korreksiya olunur: - optik; - kontakt; - cərrahi. Yaxını pis, uzağı yaxşı görən pasiyentlərə yaxından işləmək üçün eynəklərdən istfadə etmək tövsiyə olunur. Bu, yaşa bağlı uzaqdangörmə korreksiyasında ən sadə və əlçatan metodlardan biridir.  Əgər pasiyent eyni zamanda uzağı da pis görürsə, bu zaman bifokal eynəklər məsləhətdir. Onların iki zonası var - biri uzaqdangörməni, digəri isə yaxındangörməni korreksiya edir.   Müasir oftalmologiyada presbiopiyalı pasiyentlərə yeganə kontakt korreksiya üsulu təklif olunur ki, bu da bifokal kontakt linzadır.  Presbiopiyanın cərrahi müalicəsi dedikdə isə Smart linzaların tətbiqi nəzərdə tutulur. Bu zaman  təbii büllur Smart linza ilə əvəz olunur. Belə olan halda, pasiyentin həm yaxından, həm uzaqdangörməsi bərpa edilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 14.05.2020

Astiqmatizmin müalicəsi

Astiqmatizmin müalicəsi

Astiqmatizm nədir? Astiqmatizm - büllur və ya buynuz qişanın təbii formalarının pozulması ilə müşayiət olunan refraksiya pozuntusudur. Bu zaman işıq şüaları qeyri-düzgün paylanır və gözün torlu qişasında yanlış təsvir əmələ gətirir.  Astiqmatizmin bu və ya digər formasından əziyyət çəkən insanlar əhatələrində istənilən məsafədə  olan əşyaları yayınıq görürlər.    Təqribi hesablamalara görə, dünya əhalisinin hər dörd nəfərdən biri bu defektdən əziyyət çəkir. Vaxtında   korreksiya olunmazsa, astiqmatizm çəpgözlük və görmənin itirilməsinə səbəb ola bilər.  Astiqmatizmin növləri hansılardır? Təbiətinə görə astiqmatizm anadangəlmə və qazanılmış olur.    - Anadangəlmə astiqmatizm - 0,5 D-dək, uşaqların çoxunda rast gəlinir və “funksional” hesab olunur, yəni görmə itiliyi və onun binokulyarlığına təsir etmir. - Qazanılmış astiqmatizm - göz travmaları, zədələnmələr və cərrahi əməliyyatlar səbəbindən yaranır.     Astiqmatizmin növləri aşağıdakılardır:  - sadə hipermetropik və ya sadə miopik - bir göz almasında uzaqdangörmə və yaxındangörmə, digərində isə normal refraksiyanın müşahidə edilməsi.  - mürəkkəb hipermetropik və ya mürəkkəb miopik - müxtəlif dərəcəli uzaqdangörmə və ya yaxındangörmənin gözün baş meridianlarında yerləşməsi; - qarışıq - uzaqdangörmənin bir, yaxındangörmənin isə digər meridianda müşahidə olunması.   Astiqmatizmin 3 dərəcəsi var: - yüngül dərəcəli astiqmatizm - 3 D-dək; - orta dərəcəli astiqmatizm - 3 D-dən - 6D-dək; - ağır dərəcəli astiqmatizm - 6D-dən yuxarı. Astiqmatizmin yaranma səbəbləri hansılardır? Astiqmatizmin yaranma səbəbləri kimi, əsasən, irsi faktor və göz travmaları göstərilir.  Astiqmatizmin əlamətləri hansılardır? Yüngül dərəcəli astiqmatizmin əlamətləri praktiki olaraq hiss olunmur. Defekt yalnız oftalmoloq müayinəsində aşkara çıxır.   Orta dərəcəli astiqmatizmdə simptomlar artıq müşahidə olunmağa başlayır - dioptriya yuxarı olduqca təsvirlər daha çox yayınıq görünür. Defektin bu mərhələsində daha bir əlamət də qeydə alınır: düz xətlər “əyilməyə” başlayır, əşyaların kənarları “dalğavari “hərəkət” edir.   Ağır dərəcəli astiqmatizmdə görmənin zəifləməsi ilə yanaşı, baş gicəllənmələri və ağrıları, gözlərdə kəsilmə hissi də qeydə alınır.   Astiqmatizmin diaqnostika üsulları hansılardır? Müayinə həkim-oftalmoloq tərəfindən aparılır. Astiqmatizm diaqnozu pasiyent müayinə edildikdən, gözün görmə itiliyi müxtəlif xüsusi cədvəllərin köməyi ilə yoxlanıldıqdan sonra qoyulur. Bundan sonra astiqmatizmin xarakteri müəyyənləşdirilir. Astiqmatizm qeydə alınarsa, buynuz təbəqədəki əyrilik fərqi xüsusi linzaların köməyi ilə təyin edilir.  Astiqmatizmin müalicə üsulları hansılardır? Astiqmatizmin müalicə üsulu kimi eynək və linzaların tətbiqi geniş yayılsa da, defektin müalicəsində “qızıl standart” -  eksimer lazer korreksiyası hesab olunur. Bu zaman cəmi 10-15 dəqiqə ərzində göz üzərində çox dəqiq və pasiyent üçün tam təhlükəsiz olan manipulyasiyalar aparılır. Əməliyyatın mahiyyəti buynuz qişanın dik sahəsinin xüsusi lazerlə götürülməsindən ibarətdir. Əməliyyatdan sonra xəstəlik demək olar ki, tamamilə aradan qalxır. Bundan başqa, gözdaxili torik linzalar da astiqmatizmin müasir müalicə metodlarından hesab edilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 14.05.2020

Aortal stenoz

Aortal stenoz

Aortal stenoz – aorta qapaq taylarının bitişməsi nəticəsində aorta ağzının daralmasıdır. Aortal qapaq dəliyinin sahəsinin 50% və daha artıq daralması qanın sol mədəcikdən aortaya qovulmasına mane olur. Aortal stenozun tezliyi ürəyin bütün qapaq qüsurlarının 25%-ni təşkil edir.  Aortal stenozun səbəbləri Aortal qapaq sahəsinin daralmasının səbəbi 50-80% hallarda revmatizmdir. Digər etioloji faktorlara ateroskleroz, aorta ağzının idiopatik kalsinozu, infeksion endokardit (qapaqlarda trombotik çöküntülərin çapıqlaşması nəticəsində) aiddir.  Aortal stenoz zamanı hemodinamika Aorta qapaq sahəsinin daralması sol mədəcikdən aortaya qanın qovulmasına əhəmiyyətli dərəcədə mane olur. Sol mədəciyin təzyiqlə yüklənməsi artır, yığılma funksiyasının azalması, onun miogen dilatasiyası və nəticədə sol qulaqcığın yüklənməsi baş verir. Artmış təzyiq retroqrad olaraq ağciyər venalarına ötürülür, passiv venoz ağciyər hipertenziyası inkişaf edir. Sağ mədəciyin əhəmiyyətli hipertrofiyası adətən baş vermir. Kompensator olaraq sol mədəcik boşluğunda sistolik təzyiq artır. Sol mədəciklə aorta arasında təzyiq qradiyenti 100-150 mm c.s.-na qədər yüksəlir. Sol mədəciyin əhəmiyyətli konsentrik hipertrofiyası inkişaf edir, sistola uzanır, bradikardiya əmələ gəlir.  Qüsurun kompensasiyasında güclü sol mədəcik əzələsi iştirak edir, ona görə də aortal stenoz üçün uzun müddətli (15-20 il və daha artıq) kompensasiya dövrü xarakterikdir. Hətta fiziki gərginlik zamanı belə sol mədəciyin nasos funksiyası pozulmur. Dekompensasiyanı miokardın işemiyası yaradır (miokard kütləsi ilə koronar tor arasında uyğunsuzluq nəticəsində).  Klinik əlamətlər Xəstənin şikayətləri təngnəfəslik, döş qəfəsində ağrılar, başhərlənmə və bayılmalar, ümumi zəiflik, yorğunluqdan şikayətlənirlər. Sonradan ürək astması və ağciyər ödemi əlamətləri, ürəyin ritm və keçiricilik pozğunluqları da qoşulur. Xəstənin dəri örtükləri avazıyır. Əllə müayinədə ürəyin hüdudlarının sola böyüməsi aşkar olunur. Stetoskopla dinləmədə sistolik küy eşidilir. Nəbz kiçik və yavaşdır. Güclü zirvə vurğusu ilə kiçik nəbz dalğası arasındakı uyğunsuzluq xarakter əlamətdir. Sistolik təzyiq, xüsusilə nəbz təzyiqi azalır.  Diaqnostika Diaqnoz elektrokardioqramma, exokardioqramma, rentgenoqrafiya, fonokardioqramma və sfiqmoqramma (xoruz pipiyi şəkli) müayinələrinə əsasən qoyulur. Diaqnostikada “qızıl standart“ müayinə üsulu bütün qapaq qüsurlarında olduğu kimi exokardioqrafiyadır.  Ağırlaşmalar Əsas ağırlaşmalara beyin qan dövranının pozulması, infeksion endokarditdir. Xəstəliyin simptomları üzə çıxdıqdan sonra xəstənin ömrü 3-4 il və daha az müddətədək qısalır (mitral stenozda bu, 10 ildən çoxdur!). Cərrahi müalicə olunmayan xəstələr bayılmalar və anginoz ağrılar meydana çıxdıqdan sonra orta hesabla 3 il, təngnəfəslik əmələ gəldikdən sonra 2 il və ilk ağciyər ödemindən sonra təxminən 4 ay keçdikdə tələf olurlar. Ölən xəstələrin orta yaş həddi 47-dir.  Aortal stenozun müalicəsi və profilaktikası Dərman müalicəsi aritmiyalara və ürək çatmamazlığına qarşı aparılır. Protez qapaqlar qoyulduqdan sonra ömür boyu antikoaqulyant dərmanlar qəbul edilməlidir. Cərrahi müdaxiləyə göstərişlər təzyiq qradiyentinin 50 mm c.s.-dan çox olması və aortal qapaq dəliyinin sahəsinin 0.75 kv.sm və daha az olmasıdır. Cərrahi müalicə olunmuş xəstələrin 10 illik yaşama göstəricisi 60-70% təşkil edir. Revmatik atakların profilaktikası aparılmalıdır. Qüsurun hətta simptomsuz gedişində də ağır fiziki gərginlik aradan qaldırılmalıdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Paylaşıldı: 13.05.2020

Spinner