XOLESTERİN VƏ TRİQLİSERİDLƏR hekimtap.az

XOLESTERİN VƏ TRİQLİSERİDLƏR

Xolesterin nədir? Xolesterin – üzvi birləşmədir, təbii yağlı (lipofil) spirtdir, bütün canlı orqanizmlərin hüceyrə membranında mövcuddur; ancaq heyvanlarda vardır, bitkilərdə xolesterin yoxdur. İnsan orqanizmində xolesterin qaraciyərdə, baş və onurğa beynində, böyrəküstü və cinsiyyət vəzilərində, piy toxumasında, həmçinin, çoxlu miqdarda ana südündə mövcuddur. Bu maddənin bədənimizdə ümumi miqdarı təxminən 350 qramdır, bunun 90%-i toxumalarda, 10%-i qandadır (mürəkkəb birləşmələr şəklində). Beynin bərk maddəsinin 8%-dən çoxunu xolesterin təşkil edir. Orqanizmdə olan xolesterinin təqribən 2/3 hissəsini orqanizm özü istehsal edir, əsas “fabriklər“ qaraciyər (80%), böyrəküstü vəzilər, yumurtalıqlar, bağırsaq divarlarıdır; qalan 1/3 hissə xolesterin isə orqanizmə heyvani qidalarla daxil olur, bunlar əsasən ət, yumurta, yağ, süd və süd məhsullarıdır. Sağlam insanda normal həyat fəaliyyəti üçün qida ilə əlavə xolesterinin daxil olmasına ehtiyac yoxdur. Xolesterinin faydaları Xolesterin olmadan həyati vacib orqan və toxumaların normal fəaliyyəti mümkün deyil. Xolesterin maddələr mübadiləsində, öd turşularının, müxtəlif steroid hormonların (həmçinin, cinsiyyət hormonlarının), vitamin D-nin istehsalında bilavasitə iştirak edir. Bundan başqa, xolesterin beynin normal fəaliyyəti üçün vacibdir; son elmi araşdırmalar göstərir ki, xolesterin insanın intellektual qabiliyyətinə birbaşa təsir edir, belə ki, baş beyində neyronların yeni sinapslar yaratmasında iştirak edir. “Yaxşı“ və “pis“ xolesterin Xolesterin sərbəst halda deyil, yağlar və zülallarla birlikdə lipoproteid adlanan birləşmələr şəklində fəaliyyət göstərir.  LDL (“pis” xolesterol) – aşağı sıxlıqlı lipoproteiddir, damar divarında plakların əmələ gəlməsində iştirak edir. Buna baxmayaraq, LDL də normal hüdudlarda orqanizm üçün vacibdir, belə ki, immun sistemin işində, o cümlədən, xərçəng hüceyrələrinə qarşı müdafiədə, qana daxil olan bakteriya və toksinlərin neytrallaşdırılmasında aparıcı rol oynayır.   HDL (“yaxşı” xolesterol) – yüksək sıxlıqlı lipoproteiddir, artıq xolesterolun damar divarından və periferik orqanlardan qaraciyərə geri nəqliyyatını təmin edir, burada xolesterolun utilizasiyası və ödə çevrilməsi baş verir. Həmçinin, sübut olunmuşdur ki, HDL Alsheymer xəstəliyinin inkişaf riskini 30-40% azaldır.  Beləliklə, rasionda yağların artıqlığı ilə yanaşı, çatışmazlığı da orqanizmə ziyandır. Plazmada HDL-in azalması və LDL-in artması ateroskleroz riskini artırır. Yüksək xolesterinin zərərləri Xolesterinin qanda səviyyəsi tədricən yüksəlir və öz-özlüyündə uzun müddət heç bir klinik symptom və görünən əlamətlər yaratmır, ona görə də insanlar əksər hallarda bundan xəbərsiz olurlar. Xolesterolun artıq miqdarı arteriya divarlarına çökərək aterosklerotik piləyin yaranmasına səbəb olur, ateroskleroz inkişaf edir. Böyük ölçülü piləklər və ya əmələ gəlmiş tromblar atreriya mənfəzini qismən və ya tamamilə daraldır və qan axınının zəifləməsinə, hətta kəsilməsinə səbəb olur. Bu vəziyyət ürək damarlarında baş verərsə, stenokardiya, miokard infarktı, beyin damarlarında baş verərsə, beyin insultu ilə nəticələnir.  Aterosklerotik piləyin arterial sistemin hansı qismini tutmasından asılı olaraq müvafiq klinik əlamətlər meydana çıxır. Xolesterinin normal səviyyəsi Xolesterin vacib metabolism məhsulu olduğu üçün onun qanda səviyyəsi ciddi çərçivə daxilində müəyyən olunur. Ortalama və şərti yuxarı hədd 5.17 mmol/l (200 mg/dl) təyin olunmuşdur. Ümumiyyətlə, 20 yaşdan başlayaraq hər 5 ildən bir xolesterin səviyyəsi yoxlanmalıdır. 35 yaşdan sonra xolesterin və digər lipidlər ildə 1 dəfə mütləq kontrol olunmalıdır. Triqliseridlər Triqliseridlər qanda dövr edən lipidlərin (yağların) bir növüdür.  Qida ilə daxil olan karbohidratlar orqanizmdə qlükozaya çevrilir, qan damarları ilə hüceyrələri “qidalandırmaq” üçün toxumalara paylanılır. Hüceyrələr özünə lazım olandan artığını qəbil etmir. Artıq qalmış qlükoza qaraciyərə qaytarılır, qlikogenə çevrilir və əzələlərdə toplanır. Yenə də artıq qalmış qlikogen qaraciyərdə triqliseridlərə çevrilir, piy ehtiyatı şəklində müxtəlif nahiyələrdə toplanır. Bu yağ molekullarının bir hissəsi qanın tərkibində daim dövr edir, qanın özlülüyünü (qatılığını) artırır, trombun əmələ gəlmə ehtimalını yüksəldir.  Qanda triqliseridlərin optimal səviyyəsi 1.7 mmol/l-ə qədərdir.  Nə etməli Kontrol həkim müayinələri və laborator analizlərin təhlili qanda yağların səviyyəsinə nəzarət edilməsində və ciddi ürək-damar xəstəliklərinin qarşısının alınmasında vacib şərtdir. Müəyyən olunmuşdur ki, omeqa-3 yağ turşuları vitamin C və aşağı karbohidratlı pəhrizlə birlikdə qanda triqliserid səviyyəsini normallaşdırır; buna görə də yağlı balıq və zeytun yağı yüksək xolesterin və triqliseridlərlə mübarizədə çox təsiredici vasitədir. Marqarin və fast food-ların tərkibindəki transyağlar isə orqanizm üçün birmənalı şəkildə ziyandır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 15.04.2020

Sefalgiyalar
 hekimtap.az

Sefalgiyalar

Sefalgiya və ya baş ağrısı  —əgər siz  baş ağrılarından əziyyət çəkirsinizsə buna dözməli deyilsiniz.Çünki bu sizin iş qabiliyyətinizi və yaddaşınızı poza bilər və ya sizdə gizli gedən bir prosesin əlaməti ola bilər və ən əsası baş ağısının müalicəsində effektiv və ziyansız müalicə üsulu olan osteopatiya ilə ondan bir dəfəlik azad ola bilərsiniz. Sefalgiyaların  yaranma  səbəbləri: Sefalgiyaların əsas səbəbləri əsasən əzələ və bağ aparatı; alından ənsəyə qədər kəlləni əhatə edən vətərlər; damarlar, başın yumşaq toxumasının qan damarları, həmçinin boyun fəqərələrindən daxilindən keçən və ya kəllə daxilində yerləşən damarlar; kəllə sümüklərinin sümüküstlüyü; beyin qişaları; beyin maddəsindən başlanğıc götürən sinirlərlə əlaqəli olur. Yaranma səbəblərinə görə birincili və ikincili sefalgiyalar ayırd edilir: üzvi səbəb olmadan yaranan baş ağrıları birincili, digər patologiya nəticəsində yaranan sefalgiyalar  isə ikincili sefalgiyalara ayrılır. Birincili sefalgiyalara adətən miqren, gərginlik baş ağrıları aiddir. İkincili sefalgiyalara — kəllə damarlarının zədələnməsi, boyun və baş travmaları, kəllənin strukturları göz, qulaq burun boşluğu, dişlərin ağız boşluğu patologiyaları və gicgah çənə oynağı disfunksiyası aiddir.   Sefalgiyalar insanlarda vegetativ krizlər, neyrosirkulyator distoniyalar zamanı yaranır. Sefalgiyaların müalicəsi yaranma səbəbindən asılıdır. Sefalgiyanın əsas səbəbini isə həkim osteopat sizə araşdıracaqdır. Zərif osteopatiya proseduraları  həftədə 2 dəfə və ya 1 dəfə aparılmaqla əsas səbəbi tədricən aradan qaldırılır və hətta baş ağrılarından birdəfəlik qurtulmağa kömək edir. Sefalgiyanın səbəbi arteriyaların gərginliyi ilə əlaqəlidirsə: küt xarakterli; ritmik; sinxron və ritmikdir («sanki başda ürək döyünür»). Damarlarla əlaqəli ağrının digər səbəbi  – arteriya spazmıdır. Bu sefalgiya təzyiqedici, yorucu və ya küt olur. Adətən ürəkbulanma, gözün qarşısında qara nöqtələrin yaranması, gözlərin qaralması ilə təzahür edir. Bu şikayətlər : uzanarkən (xüsusilə yastıqsız uzanarkən); başı aşağı əyib işləyərkən; dar boğazlı geyimlər və ya qalstuk istifadə edərkən ; öskürək tutması, səhərlər narahat edən baş ağrıları, başda daimi ağırlıq hissi, gözlərə təzyiq hissi ilə müşaiyət olunan sefalgiya venoz sefalgiayaya şübhə yaradır. Sefalgiya bu simptomlarla müşaiyət olunursa mütləq müalicə almalısınız: monoton pulsasiya etməyən ağrılar; artan intensivlikli; alın, təpə, boyun və ya ənsəyə irradiasiya edən ağrılar; təzyiq, dartılma və ya gərginliklə özünü biruzə verirsə; güclü emosiya, gərgin iş və ya stressdən sonra yaranırsa; bu sefalgiya tutmaşəklində olmur, o uzun müddət davam edir, dəri və vətərlərdə də ağrı ilə özünü göstərir; Kəllədaxili təzyiqin artması hesabına yaranan sefalgiyalarda simptomlar: yayılan xarakterli; öskürək, asqırmaq zamanı ağrının artması; bəzən ürəkbulanma və ya qusma; gecələr uzanıqlı vəziyyətdə olarkən ağrının artması. Kəllədaxili təzyiq azalarkən yaranan simptomlar: başı yana çevirərkən, boyuna təzyiq edərkən, ayaqüstü dayanərkən artır; tullanma və ya sürətli addım zamanı sanki addımlar başa ötürülür; uzanarkən, boynu aşağı əyərkən azalır; bəzən pulsasiyaedici olur; Kəllə beyin sinirlərinin qıcıqlanması zamanı baş ağrıları tutmaşəkilli, güclü və yandırıcı xarakterli olur. Sanki ildırım vurması və ya cərəyan vurması kimi qiymətləndirilir. Osteoxondrozla əlaqəli və ya gərginlik baş ağrılarında bu simptomlar adətən rast gəlinmir.  Preparat qəbulu və ya preparatın dayandırılması nəticəsində yaranan sefalgiyalar damar sefalgiyaları kimi təsvir olunur. Sefalgiyalar zamanı osteopatiyanın məqsədi  – baş ağrılarının səbəblərinin tapılıb aradan qaldırılmasıdır. Məsələn, boyun əzələlərinin tonusunun normallaşması, gicgah-çənə oynağı disfunksiyasının normallaşdırılması, onurğa sütunu fəqərələri ilə, boyun bağları və əzələlərdə korreksiya edici osteopatiya proseduraları ilə mümkündür.     Sefalgiyanın  müalicəsi  Sefalgiyalar, gərginlik baş ağrıları, damar mənşəli baş ağrıları, miqren, vegetativ damar distoniyası müalicəsi osteopatiya ilə effektiv şəkildə aradan qalxır. Sefalgiyaların medikamentoz müalicəsi Fizioterapiya Akupunktura Osteopatiya    © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 15.04.2020

Adəti çiyin çıxıqları
 hekimtap.az

Adəti çiyin çıxıqları

Çiyin oynağının adəti çıxığı bir qayda olaraq çiyin oynağının ilkin travmatik çıxığının natamam və qeyri-kafi müalicəsi nəticəsində yaranır. Bu patologiya bazu sümüyünün başının kürək sümüyünün oynaq çuxuruna nisbətdə daimi yerdəyişməsi nəticəsində yaranır və yuxarı ətrafın funksiyasının pozulmasına gətirib çixarır.  Çiyin oynağı iki əsas sümükdən-bazu sümüyünün başından və kürək sümüyünün oynaq çuxuru-qlenoid boşluğundan əmələ gəlir. Oynağı öz növbəsində oynaq kapsulu, bağ aparatı, əzələlər damar və sinirlər əhatə edir. Çiyin oynağı mürəkkəb çoxfunksional oynaq olmaqla çoxlu sayda və həcmdə hərəkətlər icra edir. Buna ğörə çiyin oynağı çıxıqlara tez-tez məruz qalır.  Adəti çiyin çıxığı nədir? Əkəsr hallarda travmanın bu növü adi çiyin çıxığının ağırlaşması kimi inkişaf edir. İlkin çiyin çıxığı özbaşına yerinə salındıqda, ixtisaslaşmış tibbi yardım almadıqda, lazımi əməliyyatdan imtina etdikdə, reabilitasiya qaydalarına tam əməl etmədikdə, erkən fiziki aktivlik və idmanla məşğul olduqda adəti çıxıq yaranır. Həmçinin ilkin çıxıq zamanı dəmar və sinirər zədələndikdə ətraf əzələlərin zəifləməsi-atrofiya baş verir ki bu da adəti çıxığın yaranmasında mühüm rol oynağır.  Adəti çiyin çıxığının yaranma səbəbləri:  Ilkin çıxıqdan sonra qeyri-tam fiksasiya; Çıxığın yerinə salınması zamanı buraxılan səhvlər; Müalicə sonrası reabilitasiya qaydalarının pozulması; Yanaşı gərilmələr; Əzələlərin zəifliyi; Çiyin oynağının anadangəlmə qeyri-düzgün inkişafı-anomaliyası; Əzələ və sinir zədələnmələri. Adəti çiyin çıxığının əlamətləri: Adəti çiyin çıxığı özünün xarakterik əlamətlərinə malikdir. Ən əsas əlamət oynaqda olan hər çıxma zamanı kəskin ağrılardır.Oynaq formasını dəyişir və ətraf  normal hərəkətdən və vəziyyətdən qalır. Şişkinlik inkişaf edir. Şişkinləşmiş əzələlər və yerdəyişmişsümüklər damar və sinirləri sıxır. Həmçinin gərilmiş bağlar boşalır və oynağı saxlamaq iqtidarında olmur.  Zaman keçdikcə çıxıq hətta adi yüklənmədən sonra da baş verir. Adi məişətdə və gündəlik həyatında insana saçını daramaq, paltar geyinmək, əlini harasa uzatmaq və yuxuda narahat pozada yatmaq bəs edir ki adəti çıxıq dərhal təkrarlansın. Digər tərəfdən çıxığın yerinə salınması da zəifləyən ətraf toxumalar  səbəbindən asan icra olunur. Xəstə əvvəlkindən daha az intensivlikli ağrılar hiss edir. Ağrı təxminən 1 sutkaya yaxın davam edir, sonra getdikcə itib gedir.  Adəti çiyin çıxıqlarının növləri:  Ön çıxıq: Adəti və travmatik çıxıqların ən çox rast gəlinən növüdür. Bu zaman bazu sümüyünün başıoynaq çuxurunun önünə döğru yrdəyişmə eləyərək kürə çuxurunda ilişib qalır.  Arxa çıxıq: Bütün çıxıqların təxminən 2% ini təçkil edir. Bazu sümüyünün başı kürək sümüyünə nisbətən arxaya doğru yerdəyişir.  Aşağı çıxıq: Bazu sümüyünün başı oynaq çuxurunun aşağısında ilişib qalır.  Diaqnozun qoyulması: Adəti çiyin çıxığının aşkar olunması elə də çətinlik törətmir. Təcrübəli  travmatoloq ortoped ətrafli anamnez topladıqdan sonra fiziki müayinələr aparmaqla ilkin diaqnozu qoya bilir. Əlavə müayinələrdən rentgenoqrafiya, ultrasəs müayinəsi, MRT  vasitəsilə çiyin oynağının hansı strukturlarının zədələnməsi, yumşaq toxumaların və sümüklərin strukturu, vəziyyəti barədə ətrafli məlumat əldə etmək olur.  Müalicə Adəti çiyin çıxıqlarının müalicəsi demək olar ki əksər hallarda cərrahidir. Əməliyyat açıq və qapalı üsullarla həyata keçirilir.Bu travma çox yayıldığından müasir ortopedik cərrahiyyədə adəti çiyin çıxıqlarının cərrahi müalicəsinin çoxlsaylı metodikası vardır. Ümumilikdə isə bu əməliyyatlar aşağıdakı cür təsnif edilir: Oynaq kisəsinin bərkidilməsi;                                                                                                  əzələ-bağ aparatının bərkidilməsi;                                                              sümüklərdə aparılan pastik əməliyyatlar; müştərək vasitəlr. Hal-hazırda effektiv metodlatdan biri  Bankart əməliyyatı hesab olunur. Bu əməliyyat minimal invaziv artroskopik üsulla da icra olunur. Çiyin nahiyəsində 3-4 kiçik ölçülü dəliklər açılmaqla xüsusikamera və alətlərin köməyi ilə oynaq boşluğuna daxil olunur. Reviziyada yanaşı patologiya aşkar edilmədikdə zədələnmiş oynaq dodağı qapalı üsulla  ankerlərin köməyi ilə tikilir. Əgər kifayət qədər sümük defekti varsa açıq Bristou və ya Latarje əməliyyatı icra olunur.  Əməliyyatsonrası dövrdə mütləq fiksasiya sarğısı tətbiq olunmalıdır.  4-6 həftə ərzində immobilizasiya tətbiq edilir. Funksiyaların bərpasından asılı olaraq tədricən yüklənmələr, passiv və aktiv hərəkətlərə  başlanılır. Həmçinin tam bərpanı və sağalmanı təmin etmək məqsədilə əməliyyatsonrası dövrdə fizioterapiya, massaj, müalicəvi gimnastika geniş istifadə olunur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 14.04.2020

COVİD-19 və ürək-damar xəstəlikləri hekimtap.az

COVİD-19 və ürək-damar xəstəlikləri

Ürək xəstəlikləri riski nə qədərdir? Artıq məlumdur ki, COVİD-19 əsasən ağciyərləri zədələyir. Eyni zamanda koronavirus, hətta ürək xəstəliyi olmayan insanlarda da ciddi ürək-damar problemləri yarada bilər. Artıq ürək xəstəliyi olan pasiyentlərdə virus vəziyyəti daha da ağırlaşdıra və fatal nəticələrə gətirə bilər.  Ürək çatışmazlığı olan xəstələr arasında COVİD-19 səbəbilə ölüm halları 10,5% təşkil edir. Həmçinin, 65 yaşdan yuxarı ürəyin işemik xəstəliyi və ya arterial hipertoniya xəstəliyi olan insanlarda virusa yoluxma və kritik vəziyyətlərin yaranması halları üstünlük təşkil edir. Hospitallaşdırılmış COVİD-19 xəstələrinin təxminən 40%-də ürək xəstəlikləri vardır. Əsas şikayətlər hansılardır?  Ürək şikayətlərindən əlavə, COVİD-19 ilə bağlı əsas simptomlar temperaturun yüksəlməsi, öskürək və təngnəfəslikdir. Bir çox xəstələr həmçinin, əzələ ağrıları, boğazda ağrılar, burun tutulması və baş ağrılarını da bildirmişlər. Koronavirusa yoluxmuş 138 xəstənin 16,7%-də aritmiya, 7,2%-də miokardın (ürək əzələsinin) kəskin zədələnməsi, 8,7%-də kardiogen şok müşahidə olunmuşdur. Yaşlı insanlarda xəstəlik əsasən qızdırmasız keçir, öskürək və təngnəfəslik əsas əlamət olur. Koronavirus simptomları miokard infarktını maskalaya bilər. Virusun miokardit (ürək əzələsinin iltihabı) yaratma ehtimalı da vardır.  Hansı tədbirlər görülməlidir? Hər bir virus infeksiyası kimi, COVİD-19 da iltihabın inkişafı hesabına aterosklerotik piləyin destabilləşməsini törədə bilər. Bu dövrdə piləyi stabilləşdirən dərmanların (statinlər, aspirin və s.) qəbulu xəstəliyin gedişini yüngülləşdirə bilər. Ekspertlər ürək-damar xəstəliyi olanlara pnevmokokk və qrip əleyhinə peyvəndlərin olunmasını məsləhət görürlər. Bu, COVİD-19-un bakterial ağırlaşmalarının riskini azaltmaq, həmçinin, COVİD-19-u təqlid edə biləcək qripin profilaktikası üçün lazım bilinir. Ürək xəstələri nələrə diqqət etməlidir? Kardioloqun təyin etdiyi müalicənin davam etdirilməsi və tövsiyə olunan rejimə riayət olunması vacib şərtdir. Həkimin tapşırığı olmadan dərmanların qəbulu dayandırılmamalıdır. Vəziyyətinin kəskinləşdiyi və ya hər hansı yeni əlamətin meydana çıxdığı hallarda xəstə mütləq kardioloqa müraciət etməlidir. Bundan əlavə, ümumi profilaktik qaydalara əməl olunması çox vacibdir; xüsusən 65 yaşdan yuxarı şəxslərin özünütəcridi, əllərin gigiyenasına fikir verilməsi, şəxsi məişət əşyalarının (yemək dəsti, əl-üz dəsmalı və s.) tamamilə individuallaşdırılması zamanı xəstəliklərdən qorunma təmin oluna bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 14.04.2020

Miopiya hekimtap.az

Miopiya

Miopiya nədir?  Miopiya (yaxındangörmə) - pasiyentin ayrı-ayrı obyektlərin uzaq məsafədən pis görməsi ilə müşayiət olunan görmə deffektidir. Bu, refraksiya pozuntuları arasında ən çox yayılmışı hesab olunur. Miopiya astiqmatizm və ya presbiopiya kimi problemlərlə də müşayiət oluna bilər. Miopiya eynək, kontakt linzalar və ya refraksion cərrahiyyə vasitəsilə korreksiya olunur.    Miopiyanın yaranma səbəbləri hansılardır? Miopiyanın inkişafında əsas faktor kimi irsiyyət göstərilir. Statistikaya görə, yaxındangörmədən əziyyət çəkən uşaqların 50%-inin valideynlərində eyni refraksiya patologiyası müşahidə edilir.   Daha bir risk faktoruna, gözlərin həddindən artıq yüklənməsini aid etmək olar. Məsələn, kifayət qədər işıqlanma olmadıqda hansısa obyektə yaxın məsafədən baxmaq, düzgün olmayan pozalarda yazmaq, və ya oxumaq və s. miopiyanın inkişafına səbəb ola bilər.     Miopiyanın növləri hansılardır?  Refraktometriyanın nəticələrinə və tələb olunan korreksiyaya əsasən, miopiyanı 3 dərəcəyə bölürlər: - yüngül –  < -3 dptr. - orta – -3 – -6 dptr. - yüksək – > -6 dptr.   Miopiyanın dərəcəsi -30 dioptriyaya qədər yüksələ bilər.   Miopiyanın əlamətləri hansılardır?  - uzaqdangörmənin dəqiq olmaması səbəbindən obyektlərə yaxınlaşma; - uzaqda yerləşən obyektlərin təsvirinin yayınıq olması; - uzaqda yerləşən obyektləri görmək üçün gözlərin qıyılması; - gözlərin yorulması; - baş ağrıları və s.    Miopiyanın müalicə üsulları hansılardır?   Miopiyanı korreksiya etmək üçün bir sıra metodlar mövcuddur. Onlar arasında həm optik, həm də cərrahi (refraksion cərrahiyyə) üsullar yer alır.  Yaxındangörmənin korreksiyası üçün ən çox yayılmış metodlar - eynək və ya linzaların tətbiq olunmasıdır.  Eksimer lazer, miopiyanın ən müasir, təhlükəsiz və effektiv korreksiya üsuludur. Eksimer lazer vasitəsilə görmənin bərpası xüsusi soyuq şüa vasitəsilə həyata keçirilir. Bu zaman şüa buynuz qişanın ən nazik qatlarını buxarlandıraraq onun əyriliyini lazımi səviyyəyə çatdırır. Eksimer lazer korreksiyası görmə məhdudiyyəti olmadan dolğun həyat sürməyə şərait yaradır.  Miopiyanın daha bir unikal korreksiya üsulu Smart linzaların (“ağıllı” linzaların) tətbiqidir. “Ağıllı” linzalar gözə uzaq, orta və yaxın məsafələrdən gələn işıq şüalarını sındıraraq, retinada bir nöqtədə toplayır, beləliklə, tək bir linza ilə eyni zamanda bütün məsafələrdəki cismləri görmək mümkün olur. Bu linzalar eynək və kontakt linza ehtiyacını aradan qaldırır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 14.04.2020

Çiyin ağrıları
 hekimtap.az

Çiyin ağrıları

Çiyin oynağı (Bazu oynağı) insan orqanizminin ən vacib iri oynaqlardan biri olmaqla həmçinin ən çox zədəyə məruz qalan oynaq hesab edilir. Buna səbəb çiyin oynağının yuxarı ətrafın demək olar ki bütün hərəkətlərində iştirak etməklə daim yüklənməyə məruz qalmasıdır. Çiyin oynağı ən çox professional idmançılarda, ağır fiziki işlə məşğul olan peşə sahiblərində, həmçinin kəskin qəfil və ehtiyatsız hərəkət zamanı istənilən şəxslərdə zədələnir. Travmanın ən çox yayılan səbəbləri açıq qol üzərinə yıxılma, birbaşa çiyin üstə yıxılma, oynağın gərilməsi, çıxıqlar, yarımçıxıqlar hesab olunur.  Ağrıların səbəbləri bu xəstəliklər və patoloji hallar ola bilər: Bazu oynağı vətərlərinin  qopması-Rotator manjetin zədələnməsi; Adəti bazu çıxığı, bazu oynağının xroniki qeyri-stabilliyi, Bankart və Hill-Saks zədələnmələri ; Bazunun ikibaşlı vətərinin uzun başının zədələnməsi(SLAP-zədələnmə); Impicment sindrom-(subakromial boşluğun sıxılması sindromu); Onurğanın boyun şöbəsinin osteoxondrozu; Çiyin artriti; Artroz; Adheziv kapsulit, “donmuş çiyin” sindromu  Kalsifikasiyaedən tendinit. Bazu sinirinin nevriti; İnfeksion xəstəliklər (vərəm, xlamidioz,kandidoz, streptokokk infeksiyası ) Diaqnozun qoyulması üçün həkim ilk öncə ətraflı anamnez toplayır, ağrıların əmələ gəlmə vaxtı, tezliyi, intensivliyi barədə məlmat alır. Sonra fiziki müayinə metodlarınin tətbiqi ilə bazu oynağında hərəkətlər, ağrıların lokalizasiyası, yayılması yoxlanılır. Əlavə instrumental müayinə  metodlarından aşağıdakılar istifadə olunur: Rentgenoqrafiya: Adi rentgenoqrammalarda bazu oynağını təçkil edən sümük və qığırdaq toxumalarının vəziyyəti, sınıq vı ya çıxığın olub-olmaması, oynaq yarığının vəziyyəti haqqında tam ətraflı məlumat alaq mümkündür.. Ultrasəs müayinəsi: Bazu oynağında ultrasəs müayinəsinin  köməyi ilə oynaq kapsulu, oynaq qığırdağı və oynaqətrafı yumşaq toxumaların vəziyyəti haqqında malumat əldə etmək olur МRT: maqnit-rezonans tomoqrafiya: ən informativ qeyri-invaziv prosedura olmaqla oynaqdaxili bütün strukrurlrın, ən əsas da bağ və vətərlərin quruluşu, anatomik vəziyyəti, degenerativ dəyişiklikləri barədə ətraflı məlumat verir. Laborator müayinələr: Oynaqda olan spesifik və qeyri spesifik iltiabi,autoimmun  proseslərin diaqnostokasında hemoqramma,CRP, revmotestlər, biokimyəvi laborator göstəricilər mühüm rol oynayır. Çiyin ağrılarının müalicəsi Xəstəni tam müayinələrdən keçirdikdən və diaqnozu təsdiqlədikdən sonra həkim kompleks müalicə təyin edir. Bu zaman həm ağrıları aradan qaldırmaq üçün simptomatik, həm də ağrıalrın yenidən əmələ gəlməməsi üçün patogenetik, yəni ağrını yaradan səbəbləri aradan ğötürən,həmçinin də bərpaedici müalicə tədbirləri istifadə olunur.   Çiyin ağrılarının müalicəsi 80% hallarda konservativ, yəni əməliyyatsız mümkün olur. Konservativ müalicə tədbirlərinə aşağıdakılar daxildir: Çiyin oynağının immobiizasiası, yəni hərəkətsizləşdirilməsi Qeyri steroid iltihab əleyhinə preparatlar qəbulu Fizioterapiya, kinezoterapiya Zərbə dalğalı terapiya Müalicəvi idman, Massaj Oynaqdaxili steroid inyeksiyaları Cərrahi müalicə 6 ay ərzində aparılan konservativ müalicə effekt vermədikdə, həmçinin instrumental müayinələrin nəticəsinda çiyin oynağı bağlarında ciddi zədə aşkarlandıqda  cərrahi müalicə taktikası seçilir. Müasir təbabətdə çiyin oynağında icra olunan əməliyyatların böyük əksəriyyəti artroskopik üsulla aparılır.  Bu zaman kiçik ölçülü dəliklərdən xüsusi alətlər çiyin oynağına daxil edilir.  əməliyyatdan sonrakı dövrdə yaraların sağalması, erkən reabilitasiya və ağırlaşmaların minimuma endirilməsi artroskopik əməliyyatların üstün cəhətlərindəndir.  Xəstə məliyyatdan sonra 1-2gün stasionarda yatır.  Qol yumşaq qol asqısında 3-6 həftə immobilizasiya olunur. Bu müddətdə kiçik amlitudalarda aktiv və passiv hərəkətlərə icazə verilir. Fizioprosedurlar təyin olunur. Reabilitasiya 4-6 ay müddətinə davam edir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 13.04.2020

Ağciyer xəstəlikləri zamanı idman hərəkətləri
 hekimtap.az

Ağciyer xəstəlikləri zamanı idman hərəkətləri

Ağciyer xəstəlikləri zamanı fiziki aktivliyi artırmaq, nəfəsalma idmanlarını etməklə çətin  nəfəsalmanı azaltmaq olar. Ağciyər xəstəliyi olan insanlar sağlam insanlara nisbətən daha cox çalışmalıdırlar.Çünki nəfəsalmaq üçün normalda çalışan əzələlərdən də başqa boyun ve çiyin əzələləri də iştirak edir.Ağciyərdə sərtləşmə varsa  diafraqmanın daha cox çalışması lazımdır.Çox çetin olan bu durumda nəfəssizlik yaranır.Nəfəssizlik hissi ağciyər xəstəliyinin başlıca göstəricisidir.  Ağciyərimiz havadakı oksigenin bədənimizə keçməsi  funksiyasını yerinə yetiririr. Bunun üçün ağciyər və qarın boşluğu arasında diafraqma və qabırğalararası  əzələlərdən  istifadə olunaraq nəfəs alırıq.Ağciyərdə borular və kicik hava kisəcikləri vardır.Hər bir hava kisəciklərinin ətrafı  qan damarları ilə  əhatə olunub.Ağciyərlərlə vücuda  daxil olan oksigen bu damarlar vasitəsiylə qana keçir. Nəfəsalma idmanları Rahat nəfəsalma: bu idman ücün oturun çiyinlərinizin və döşünüzün üst hissəsini sərbəst buraxın.Əllərinizi qarnımızın üst qisminə yerləşdirin.Qarın bölgənizin nəfəs  alırkən çölə, nəfəs verirkən  içəri hərəkəti  diafraqmanın istifadə etdiyinizi göstərir.             Dərin nəfəsalma Bu nəfəsalma zamanı qarnınıza doğru burnunuzdan dərin  nəfəs alın.Nəfəsinizi 3 saniyə tutun və ağzınızdan üfləyərək verin .Bir dəfədə 3-4 kəs nəfəs alıb verin, dincəlin. Bunu 10 dəfə tekrarlayın. Bu idmanı edərkən  mədəniz boş olmalıdır. Yemək yedikdən 2 saat sonra edə bilərsiniz. Gün ərzində bu şəkildə 3 və ya 4 dəfə edə bilərsiz. Bu nəfəsalma idmanları: 1. Diafraqmanın gücün artırır 2. Ağciyərimizə daha cox hava girməsinə səbəb olur. 3. Bəlğəmin  evuakasiyasına səbəb olur. 4. Ağciyər və döş divarlarınızın hərəkətli qalmasına səbəb olur. 5. Nəfəs alıb vermə sıxlığını azaldır. 6. Nəfəs darlığınız olduğu zaman sakinləşmənize səbəb olur.   Tənəffüs sistemi xəstəlikləri və idmanları.      Ağciyər xəstəlikləri səbəbiylə çətin nəfəsalmanız günlük hərəkətlərinizi məhdudlaşdırır. Bu səbəblədə  həftənin çox günü idman etməyiniz şərtdir. Sizin hərəkətsiz olmağınız ən kiçik bir hərəkətdə belə nəfəsdarlığı yaradır. Düzgün planlaşmış sizə uyğun idman hərəkətləri bu baxımdan sizə yardımcı ola bilər: -Sizi gücləndirər -Sümüklərinizin gücünü və rahat hərəkətini  qoruyar -Əgər idman etməkdə cətinlik cəkirdinizsə, zövq aldığınız bir idman hərəkətiylə başlaya bilərsiz. İlk başlanğıcda hərəkət qısa sürürsə həvəsdən düşməyin. Hədəfiniz gedərək bunu artırmaq olmalıdır .       Hərəkət öncəsi belğəminizi təmizləyin. Bir necə dəqiqə rahat və dərin nəfəs alın. Ardından 3-4 dəfə dərin nəfəs alın.Nəfəs aldığınızın 2 qatı sonrası nəfəsinizi verməyə çalışın. Nəfəs alıb verərkən saymağınız sizə köməklik edə bilər. Məs: nəfəs al 1-2, nəfəs ver1-2-3-4 bu arada nəfəsinizi tutmayın. İdmanlara, bədəninizi yavaş tempdə hərəkətlərlə isidərək başlayın. Bunun ücün uzanma və gərmə hərəkətlərindən istifadə edə bilərsiz. Bu hərəkətlər sizi hazır hala gəlmənizə yardımçı olar:                   Bunun ücün arxası dəstəkli  bir stulda əyləşin, nəfəs alın , nəfəsinizi yavaşca verərkən gövdənizi sola doğru çevirin və qollarınızla çiyninizin gerisinə doğru uzanmağa çalışın .Bir necə dəfə gərin və dincəlin.Eyni hərəkətləri sağ tərəf ücün də edin. Digər hərəkət qollarınızı çiyin səviyyəsinə gətirin və nəfəs alaraq yuxarı qaldırın. Hərəkətlər zamanı nəfəsdarlığı hiss edirsinizsə bir az dincəlin. Sonra təkrar davam edin. Nəfəsdarlığını  hiss etməniz normaldır. Hərəkət zamanı nəbzinizin artışı normaldan 20 atm yüksək olmalıdı.Əgər bu atışdan coxdursa cox yüklənməyin. Əgər azdırsa bir az da artıq hərəkət edə bilərsiz. Bu xəstəlik zamanı yürüş etmək daha uyğundu. Əgər oksigen qəbul edirsizsə yürüyüş zamanı istifadəsin davam edin.                 Sadə yürüyüş  proqramı ücün məsləhətlər. 1. Nəfəsdarlığınız olmadan gəzə bildiyiniz qədər  gəzə bilərsiz.Hava normaldırsa açıq havada gəzməyiniz məsləhətdir. 2. Qollarınızı və çiyninizi rahat sallayaraq yürüyün. 3. Uyğun bir yürüyüş tipi secin. 4. Hər gün bir az daha da irəliyə yürüyün. 5. Ən uyğun zaman səhər və günorta yeməyindən 2 saat sonradır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 13.04.2020

Təngnəfəslik hekimtap.az

Təngnəfəslik

Təngnəfəslik nədir? Nəfəs alıb vermə normal halda fərqinə varılmadan, şüursuz şəkildə baş verir. Ağır fiziki iş istisna olmaqla, insan normada tənəffüs aktını hiss etməz (fikir verməz). Təngnəfəslik və ya nəfəs darlığı – tənəffüsün normal fəaliyyətinin pozulması nəticəsində çətin nəfəs alıb-vermə və pasiyent tərəfindən bunun hiss edilməsidir. Xəstələr bunu adətən, “döş qəfəsim sıxılır, nəfəsim çatmır, havam çatmır, nəfəs-nəfəsə qalıram” sözlərilə ifadə edirlər. Əgər insan hər zaman çıxdığı pilləkənlə artıq qalxa bilmirsə, düz yolda gəzərkən yaşıdlarından geri qalırsa və yeriyərkən tez-tez dayanmağa məcbur olursa nəfəs darlığı problemi vardır. Bu vəziyyət ciddi xəstəliklərin əlaməti ola biləcəyi üçün həkimə müraciət etmək mütləqdir. Çox vaxt əsas səbəb müalicə olunduqda təngnəfəslik də keçir; bəzi xronik xəstəliklərdə uzunmüddətli dərman müalicəsi tələb oluna bilər. Bir neçə dəqiqə ərzində əmələ gələrək artan təngnəfəslik zamanı isə yalnız ən qısa zamanda yardım göstərilməsi insanın həyatını xilas edə bilər.  Təngnəfəsliyin səbəbləri: Oksigenin havadan hüceyrələrə çatdırılmasını əngəlləyən hər hansı pozğunluq və ya xəstəlik zamanı təngnəfəslik əmələ gəlir. Əsas səbəblər 3 böyük qrupa ayrılır:       1 - Ağciyər səbəbli: xronik obstruktiv ağciyər xəstəliyi (XOAX), astma, pnevmoniya, ağciyər emboliyası, ağciyər durğunluğu, ağciyər xərçəngi, plevra boşluğuna maye yığılması, hava yollarına yad cismin düşməsi və s.;       2 - Ürək səbəbli: ürək çatışmazlığı, miokard infarktı, ürək tamponadası (perikard boşluğuna çox maye yığılması).       3 – Digər səbəblər: anemiya (qanazlığı), əzələ xəstəlikləri, piylənmə, psixoloji problemlər, kəskin yüksəklik sindromu (dağ şəraiti) və s. Təngnəfəsliyin əlamətləri: Təngnəfəslik uzanmış vəziyyətdə əmələ gəlib, oturarkən və ya ayaq üstə keçə bilər (ortopnoe, daha ağır forması – paroksizmal gecə taxikardiyası ağırlaşmış ürək çatışmazlığının əlamətidir) və ya əksinə, oturarkən və ya ayaq üstə arta bilər (platipnoe). Nəfəs darlığının əsas subyektiv əlamətlərinə aiddir: nəfəsin tezləşmiş və səthi olması; döş qəfəsində sıxılma hissi; hava çatışmazlığı; boğulma hissi; dodaqlarda və əllərdə göyərmə; nəfəs alıb verərkən xırıltının olması; çırpıntı hissi; kəsik-kəsik danışmaq, uzun cümlə qura bilməmək; baş ağrısı, başhərlənmə, halsızlıq. Bu əlamətlərin hamısı hər nəfəs darlığında olmaya bilər. Hansı simptomun üzə çıxması əsas xəstəlikdən asılı olaraq dəyişilir. Təngnəfəsliyin diaqnostikası Təngnəfəslik özü xəstəlik deyil, hər hansı bir xəstəliyin təzahürüdür. Bu xəstəliyi aşkar etmək üçün ilk növbədə ətraflı anamnez toplanmalı, dəqiq fiziki müayinə aparılmalıdır.  Nəfəs darlığının davametmə müddəti, xarakteri, günün hansı saatlarında baş verdiyi, hansı şikayətlərlə müşayiət olunduğu (məs., öskürək, döş qəfəsində ağrı), azaldığı və ya artdığı bədən vəziyyətləri və şərait, tətikləyici səbəblər və s. araşdırılmalıdır. Bədən temperaturu, tənəffüsün dəqiqəlik sayı, arterial təzyiq və nəbz ölçülməlidir. Tənəffüs çətinləşdiyi üçün köməkçi tənəffüs əzələləri də prosesə qoşulur, bu səbəbdən qabırğa aralarında və körpücük sümükləri üstündə çəkilmələr olur. Dəri və selikli qişalar oksigen azlığından göyərmiş ola bilər. Uzunmüddətli təngnəfəslik zamanı dırnaq yatağı ilə barmaq arasındakı bucağın artması səbəbilə barmaqlar çubuq formasını ala bilər. Ayaqlarda ödem, iri boyun damarlarında gərginləşmə görülə bilər. Ağciyərlərin stetoskopla müayinəsi zamanı azalmış və ya anormal tənəffüs səsləri eşidilə bilər. Ürək tonlarını dinləmək də çox vacibdir. Pulsoksimetrlə qanın oksigen doyumluluğu ölçülür. Qanın laborator analizinin yoxlanması mütləqdir. Həmçinin tənəffüs funksiyası testi, bronxoskopiya, ağciyərlərin kompüter tomoqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, angioqrafiya müayinələri aparılmalıdır.  Təngnəfəsliyin müalicəsi: Təngnəfəsliyin müalicəsi onu törədən xəstəliyin və ya səbəbin aradan qaldırılmasına əsaslanır. Müalicə 3 yolla aparıla bilər: Dəstək və ya köməkçi müalicə (oksigen müalicəsi, müsbət təzyiqli ventilyasiya və s); Dərman müalicəsi (bronxodilatatorlar, iltihab əleyhinə preparatlar, sidikqovucular, antibiotiklər və s.); Cərrahi müalicə. Təngnəfəsliyin profilaktikası: Tozlu, çirkli mühitdən və astma tutmalarını artıran səbəblərdən uzaq durmaq; Çəkini azaltmaq; Həkim tövsiyələrinə və təyinatına ciddi riayət etmək, Təcili vəziyyətlərdə ilkin yardım yollarını öyrənmək; Tütün məhsullarından imtina; Oksigen cihazlarının istifadə qaydalarını bilmək və s.       Nəfəs darlığı hiss etdikdə, hətta öz-özünə keçsə belə mütləq həkim müayinəsindən keçmək lazımdır. Psixoloji təngnəfəslik Hər hansı bir üzvi xəstəlik olmadan meydana gələn nəfəs darlığıdır. Aparılan bütün analizlərin və testlərin nəticələri normaldır. Qavrama pozğunluğu, panik tutmalar, posttravmatik stres pozğunluğu kimi hallarda görülə bilər. Əsas əlamətləri döş qəfəsində ağrı, həyəcan, çırpıntı hissi, tənəffüsün tezləşməsi, gecələr baş verməməsi, tipik tətikləyici faktorlarla əlaqəsinin olmaması, fiziki sakitlik vəziyyətində və qəfil ortaya çıxması, pasiyentin rahat danışması və uzun cümlələr qura bilməsidir. Bu zaman nevropatoloqun və psixoterapevtin müayinəsi zəruridir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 12.04.2020

Spinner