Atopik dermatit hekimtap.az

Atopik dermatit

Atopik dermatit əsas körpələrdə ilk 2 ay ilə 1 yaş arasında görülən, xroniki təkrarlayan xəstəlikdir.  ATOPİK DERMATİTİN ƏLAMƏTLƏRİ:   Bu əlamətlər həmçinin əsas diaqnoz kriteriyalarıdır. 1.Qaşıntı, qızarıqlıq. 2.Təkrarlayan səpgilər. Yəni ya uzun müddət keçmək bilmir, ya da sıx sıx təkrarlayır.  3.Tipik görülmə yerləri vardır. Körpələrdə və yeni doğulanlarda (0-2yaş) üzdə, baş dərisində ,qol, ayağın xarici səthində , dizdə,dirsəkdə, qulaq arxasında görülür. Bez bölgəsində adətən olmur. Böyük uşaqlarda və böyüklərdə (2 yaş yuxarı) isə səpgilər qol, ayağın daxili, bükülmə yerlərində, dirsək önü, diz arxası, boyun, əl, ayaq biləyi bölgəsində çox görülür.Qaşıntıya bağlı dəridə qalınlaşma, kobudlaşma, dəri cizgilərinin qabarması olur.  4. Ailədə atopiya, allergiya hekayəsinin olması. (Astma, allergik rinit, dermatit və s) ATOPİK DERMATİTİN YARANMA SƏBƏBLƏRİ:   Atopik dermatiti artıran səbəblər: Allergik qidalar.( 1 yaş tez inək südü, bal, şirniyyat, sitrus istifadəsi , abur cuburlar, konservlər, nitritli qidalar, kolbasa, sosiska və s) İnhaler allergenler. Bitki tozları, ev tozları, çirkli ekoloji mühit. Ciddi bakterial infeksiyalar.  Yun, akrilik, sabun, yuyucu tozlar kimi irritasiya edici maddələrlə təmas. Aşırı tərləmə Psixoloji təsirlər . ATOPİK DERMATİTİN DİAQNOSTİKASI:   Diaqnoz aşağıdakı 4 əsas, major kriter və əlavə minor kriterlər əsasında qoyulur: 1.Qaşıntı, qızarıqlıq. 2.Təkrarlayan səpgilər. Yəni ya uzun müddət keçmək bilmir, ya da sıx sıx təkrarlayır.  3.Tipik görülmə yerləri vardır. Körpələrdə və yeni doğulanlarda (0-2yaş) üzdə, baş dərisində ,qol, ayağın xarici səthində , dizdə,dirsəkdə, qulaq arxasında görülür. Bez bölgəsində adətən olmur. Böyük uşaqlarda və böyüklərdə (2 yaş yuxarı) isə səpgilər qol, ayağın daxili, bükülmə yerlərində, dirsək önü, diz arxası, boyun, əl, ayaq biləyi bölgəsində çox görülür.Qaşıntıya bağlı dəridə qalınlaşma, kobudlaşma, dəri cizgilərinin qabarması olur.  4.Ailədə atopiya, allergiya hekayəsinin olması. (Astma, allergik rinit, dermatit və s)  Əlavə minor kriterlər: Qan analizində yüksəlmiş total İgE səviyyəsi, pozitiv dəri testi, erkən yaşda görülməsi, təkrarlayan xroniki konyuktivit ( gözdə qızarma, qaşınma) ekzema və s  3 major+ ən az 3 minor kriter əsasında diaqnoz qoyulur. İlk 3 major, əsas əlamətlər diaqnoz üçün vacibdir. ATOPİK DERMATİTİN DİFFERENSİAL DİAQNOSTİKASI: Qaşıntılı, qırmızı səpgi ilə və ya səpgisiz keçən dəri xəstəlikləri ilə Atopik dermatiti bəzən səhv salırlar.Müalicənin müvəffəqiyyətli olması üçün bu xəstəliklərin düzgün differensial diaqnostikası çox vacibdir.  Bu xəstəlik daha çox, qoturluq, həşərat dişləməsi,psoriaz, ixtioz,seboreik dermatit,kontakt dermatit ilə səhv salınır. Bəzən immun yetməzlikdə görülən keçmək bilməyən ekzemaları da atopik dermatitlə fərqləndirmək vacibdir. Düzgün diaqnoz, düzgün müalicə üçün əhəmiyyətlidir.  ATOPİK DERMATİTİN MÜALİCƏSİ Nəmləndirici vacibdir Vannalar. Yerli steroid (hormonal) kremlər. ( dəridə nazilmə ,atrofiya kimi yan təsiri olduğuna görə uzun müddət özbaşına istifadəsi yolverilməzdir) Yerli steroid kremlərin uzun müddət istifasi ümumi yan təsirlərə səbəb olmaz, həmçinin, astmada istifadə edilən hormonla inhalyasion müalicənin də. Steroid olmayan kremlər. Antihistaminlər ( qaşıntını aradan qaldırmaq üçün istifadə edilir)  ATOPİK DERMATİTİN AĞIRLAŞMALARI: Atopik dermatit düzgün diaqnoz və müalicə olmasa allergik rinit və astmaya keçə bilər ki buna atopik marş, atopik yürüyüş deyilir.  Qaşıntı olduğu üçün dəridə ikincili bakterial infeksiya qoşulması (stafilodermiya, streptodermiya, impetigo), göbələk qoşulması, dəridə soyulma, atopik keratokonyuktivit( gözdə), blefarit, göz qapaqlarında qaşınmaya bağlı keratokonus, göz ətrafındakı dəriyə istifadə edilən steroidlərin yan təsiri kataraktaya səbəb ola bilər.Bu və ya digər ağırlaşmaların olmaması üçün bu xəstəliyin vaxtinda diaqnostikası və düzgün müalicəsi önəmlidir.

Опубликовано: 03.05.2020

Hamiləlikdən sonrakı kardiomiopatiya (postpartum kardiomiopatiya) hekimtap.az

Hamiləlikdən sonrakı kardiomiopatiya(postpartum kardiomiopatiya)

Postpartum kardiomiopatiya nədir Postpartum kardiomiopatiya (PP KMP) – hamiləliyin son ayında və ya doğumdan sonrakı ilk 5 ay ərzində əmələ gələn, ürək çatmamazlığı əlamətləri və sol mədəciyin funksiya pozğunluğu ilə özünü göstərən, nadir, lakin ciddi ağırlaşmalara səbəb ola bilən klinik tablodur. Bu xəstəlikdə ürək boşluqları (əsasən sol şöbələr) genişlənir, ürək əzələsi “gücsüzləşir” və kifayət qədər qan pompalaya bilmir, bunun nəticəsində ürək çatmamazlığı meydana gəlir.  Hamiləlikdən sonrakı KMP-ni digər ürək çatmamazlığı formalarından fərqləndirən əsas kriteriyalar bunlardır: ürək çatmamazlığı hamiləliyin son ayında və ya doğumdan sonrakı ilk 5 ay ərzində əmələ gəlməlidir; ürəyin yığılma (pompa) funksiyası azalmış olmalıdır (exokardioqrafiyada bu göstərici <45% olur; sağlam ürəkdə >55% olmalıdır); ürək çatmamazlığını əmələ gətirəcək başqa səbəb tapılmamalıdır. Risk faktorları Hamiləlikdən sonrakı KMP-nin əmələ gəlməsi üçün əsas risk faktorları aşağıdakılardır: arterial hipertoniya; şəkərli diabet; preeklampsiya (ilk dəfə hamiləliyin 20-ci həftəsindən sonra müşahidə olunan arterial hipertoniya və sidiklə zülal ifraz olunması); erkən doğumu önləmək üçün dərman qəbul etmək; hamiləlik yaşının 30-dan çox olması; əvvəllər 1 və ya daha artıq doğum keçirmək; çoxdöllü hamiləlik (əkiz, üçüz və s.); neqroid irqə mənsub olmaq; toksik maddələrdən istifadə etmək (məs., kokain).  Bütün bunlara baxmayaraq, PP KMP bütün irqlərin nümayəndələrində, çox gənc hamiləlikdə və ilk hamiləlikdə də rast gəlinir. Postpartum kardiomiopatiyanın səbəbləri Xəstəliyin əsas səbəbi naməlumdur. Bəzi mülahizələrə görə iltihab, miokardit, anormal immunoloji cavab, qidalanma pozğunluqları, stres, hormonal və digər amillər səbəb ola bilər. Ana bətnində dölün inkişaf edə bilməsi üçün ananın immun sistemi qismən zəifləyir, bu vəziyyət orqanizmə daxil olan bəzi virusların ürək toxumasında daha təsirli ola bilməsi riskini artırır. Hamilələrdə bəzi fetal (dölə aid) hüceyrələr ananın qan dövranına keçib ananın ürəyinə daxil ola bilir. Doğumdan sonra ananın immun sisteminə zəiflədici təsir aradan qalxdığı üçün bu hüceyrələrə qarşı antikorların (immunoqlobulinlərin) əmələ gəlməsi ürək toxumasında zədələnmələrə səbəb ola bilir. Həmçinin, bəzi hormonlar (məs., prolaktin) hamiləlikdə artan oksidativ stres ilə birlikdə ürəyə gələn qan axımını azaldaraq ürək əzələsində hüceyrələrin ölümünə gətirib çıxara bilər. Klinik əlamətlər Xəstəlik özünü ürək çatmamazlığı simptomları ilə büruzə verir: yorğunluq: xəstə davamlı olaraq özünü halsız və yorğun hiss edir, gündəlik işləri görməyə belə çətinlik çəkir; təngnəfəslik: əvvəl fiziki iş zamanı, sonra sakitlik halında da əmələ gəlir, getdikcə xəstə arxası üstə uzana bilmir, ancaq oturaq vəziyyətdə nəfəs ala bilir; bədəndə maye yığılması: ayaqlarda və topuqlarda ödem, qarında şişkinlik hissi və ağrı, bədən çəkisinin artması, öskürmə, gecə sidiyə getmə saylarının artması baş verir; taxikardiya, aritmiya; bənizin solğunluğu, “bayılma hissi“; trombozlar: bəzi xəstələrdə ürəkdə əmələ gələn tromb digər orqanlara atılaraq müvafiq əlamətlər verir (insult, infarkt, qanlı öskürək və tənəffüs çatmamazlığı). Əksər hallarda bu simptomların bir çoxu hamiləliyin son aylarında və doğumdan sonrakı ilk aylarda zəif şəkildə görüldüyü üçün PP KMP diaqnozu gecikdirilə bilər.  Diaqnostika Diaqnoz klinik əlamətlərə, EKQ və ExoKQ, kardiak MRT müayinələrinə, qanın laborator analizlərinə əsasən qoyulur.  Müalicə Hamiləlikdən sonrakı KMP-nin əsas müalicəsi xəstəliyin etioloji, patogenetik amillərinin  və ürək çatmamazlığı əlamətlərinin aradan qaldırılmasına yönəldilir. Ağırlaşmaların profilaktikası və müalicəsi aparılır. Ümumi möhkəmləndirici və psixi-emosional sakitləşdirici tədbirlər görülür.  Proqnoz Xəstəlik erkən aşkar olunarsa və ağırlaşmalar baş verməzsə, proqnoz qənaətbəxşdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 30.04.2020

Daban mahmızı
 hekimtap.az

Daban mahmızı

Daban mahmızı   Daban mahmızı pəncə aponevrozu-ayaqaltı bağın xronik mikrotravması nəticəsindı əmələ gələn patoloji haldır. Bu zaman daban sümüyündən tikana bənzər itikənarlı çıxıntı əmələ gəlir. Xəstəliyin simptomları: Dabana “mismar batması” hissiyyatı. Bu hissiyyat dabana dayaq verdikdə, sonralar hətta sakit halda artır. Yataqdan qalxdiqdan sonra və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra başlayan “Start ağrısı” sindromu Dabanı yükdən azad etmək məqsədilə bədən ağırlığının pəncənin önhissəsinə salınması iə əlaqədar yerişindəyişilməsi.   Daban mahmızının səbəbləri: Daban mahmızının yaranmasına səbəb olan faktorlar: Yastıpəncəlik, daban nahiyəsinə yüksək ağırlıq düşür İntensiv məşqlər Travmalar və onların ağırlaşmaları Artıq çəki Orqan və sistemmlərin patologiyaları (revmatizm, podaqra, damar mənşəli pozuqluqlar) Yaşla bağlı dəyişikliklər  Daban mahmızının diaqnostikası: Xəstəliyin diaqnozu ortoped-travamtoloq tərəfindən baxış, anamnestik məlumatlara və fiziki müayinələrə əsasən qoyulur. Rentgenoloji və ultrasəs müayinələr diaqnozu təsdiqləməyə kömək edir. Bexterev xəstəliyi. Revmatoid artrit və Reyter sindromunu inkar etmək üçün əlavə müayinələr aparılır.    Daban mahmızının müalicəsi: Daban mahmızının terapiyasında aşağıdakı metodlardan istifadə edilir: Yerli kortikosteroidlər Ayaqlar üçün ilıq və mineral vannalar Ortopedik ayaqqabı içliklərinin istifadəsi Massaj  Ultrasəslə müalicə Rentgenoterapiya Müalicəvi bədən tərbiyəsi QSİƏP lə müalicə  Operativ cərrahi müdaxilə  Palçıq applikasiyaları   Ən effektiv müalicə metodlarından biri zərbə dalğa terapiyasıdır. Bu zaman xüsusi tezlikli akustik dalğaların köməyi ilə daban mahmızı nahiyəsində qan dövranı yaxşılaşmaqla ağrılar azalır, iltihab sovrulur, sümük çıxıntılar tədricən əriyərək xəstənin sağalmasına və həyat fəaliyyətinin yaxşılaşmasına gətirib çıxarır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Опубликовано: 30.04.2020

Boyun ağrıları
 hekimtap.az

Boyun ağrıları

Boyunda ağrılardan azad olmaq: gümrahlığın, iş qabiliyyətinin, həyat keyfiyyətinin artması deməkdir.  Bu günlərdə boyun ağrıları geniş  yayılmış bir problemdir. Bu problemin nəticəsi olaraq yorğunluq, halsızlıq, əhvalın pis olması kimi şikayətləri tez-tez eşidirik. Hətta azyaşlı uşaqlar arasında da boyun ağrılarından şikayətlənənlərə rast gəlirik. Uşaqlar boyun ağrılarından azad olmaq üçün tez-tez başlarını yana çevirir və daha sonra rahatlıq tapırlar.  Uzun bir müddət narahat vəziyyətdə əyləşsək, başımız yana çətinliklə dönəcəkdir. Bəzilərimiz bu simptomları müvəqqəti hesab edirik və bir az dincəldikdən sonra  özümüzü yaxşı hiss etsək də, bu vəziyyətlərə  təkrarlana bilir.    Bir çoxlarımız ortopedik yastıqlardan, boyun idman hərkətlərindən, müxtəlif ağrıkəsici məlhəmlərdən, isti boyun bağlarından istifadə etsək də şikayətlər aradan qalxmır.  Boyun ağrılarının yaranma səbəbi Boyun ağrıları çox ciddi bir problemin göstəricisi ola bilər.  Boyun nahiyəsi onurğanın ən hərəkətli nahiyəsidir. Gün ərzində insan  başı ilə ortalama 1000-ə yaxın hərəkət edir və belə yüklənmənin qarşısında şikayətlərin olması gözləniləndir. Əsas səbəb isə əzələlərin həddən artıq gərginləşməsi, travma və ya soyuqlamadır. Xüsusilə boyun ağrıları daha çox boyun osteoxondrozu ilə əlaqəli olur. Əzələ spazmı nəticəsində yerini dəyişən fəqərələr sinirləri  və beynə gedən damarları  sıxır. Beynə arterial qan axını çətinləşdiyi kimi, venoz qanın da beyindən axını çətinləşir və başda dolğunluq hissi yaranır.  Boyun ağrıları zamanı simptomlar Boyun ağrıları nəticəsində hansı simptomlar yaranır: Baş ağrıları əllərdə hissiyyatın azalması; qulaqda küy; başgicəllənmə; səndəlləyici yeriş; yuxusuzluq. Boyun ağrılarının nəticəsi olaraq  boyunla əlaqəli olan bir çox daxili orqanlarda, limfatik sistemdə, ürək qan-damar sistemində, qalxanvari vəzin fəaliyyətində disfunksiyalar yarana bilir. Bu şikayətlərdən ən çox rast gəlinən həzm sistemi şikayətləri:  boyundan çıxan azan sinirin nervus Vagus və diafraqmal sinirin nervus Phrenicus fəaliyyətinin pisləşməsi hesabına qarında meteorizm, öd kisəsinin və bağırsaqların işində funksional pozulmalar şəklində özünü göstərir.  Boyun ağrıları xüsusilə müəllimlər, daim kompyuter arxasında əyləşən ofis işçiləri arasında, planşet smartfon və müxtəlif  qadcetlərdən istifadə edən insanlarda tez-yez rast gəlir.Peşə və həyat vərdişləri hesabına boyun fəqərələri daimi məcburi vəziyyət alırlar. Hər gün təkraralanan əzələ spazmları yerli qan və limfa axınını pozur.     Boyun ağrılarının diaqnostikası: Pasientdə: kəskin, güllə kimi yayılan, inildəyici,yandırıcı, pulsasiya edən ağrılar adətən ikitərəfli və ya birtərəfli əzələ bərkiməsi ilə müşaiyət olunur.   Bəzən boyun ağrıları digər orqanların  xəstəliklərilə əlaqədar ola bilər: ağciyərlər; qalxanvari vəz; yuxarı tənəffüs yolları; bronxial astma; immun sistemin disfunksiyası; kəmərləyici dəmrov; boyun limfadeniti müxtəlif nevralgiyalar. Müalicənin düzgün aparılması  üçün düzgün diaqnoz vacibdir.  Osteopat həkim boyun ağrılarının mənşəyini axtararaq, əzələ bağ aparatının, ligamentoz gərginlikləri, bədənin ümumi vəziyyətinin adaptə olunmuş disfunksiyalarını aşkarlayır, onların daxili orqanlarla əlaqəsinin, kəllə sümükləri, dişləm, görmə aparatının boyun fəqərələrinə təsirini araşdırır. Müayinə osteopat həkimin həssas əlləri vasitəsilə aparılır. Nahiyə aşkarlandıqdan sonra nahiyəyə uyğun insturmental müayinə (USM, rentgen və ya  MRT) ehtiyac olarsa laborator müayinələr aparılır.  Osteopat həkimin həssas əlləri xəstəliyin əsas səbəbini düzgün diaqnostika etməyə, səbəbin boyun osteoxondrozu və ya digər problemlərlə əlaqədar olduğunu aşkar etdikdən sonra onlara müvafiq müalicə üsullarına başlayır. Məsələn boyun və kürək nahiyəsində olan ağrılar sağ tərəfli olarsa qaraciyər problemləri, sol tərəfli ağrılar isə öd kisəsi disfunksiyaları ilə əlaqəli ola bilər.  Boyun ağrılarının müalicəsi Osteopatiya ilə boyun ağrılarının müalicəsi möcüzə deyil, xüsusi tibbi müalicə üsuludur.  Boyun ağrıları zamanı osteopat ənsə nahiyəsində boyun fəqərələri ətrafında əzələ və bağ aparatının işini balanslaşdırır. Onurğa boyunca zərif osteopatiya proseduralarından sonra qan dövranı normallaşır və onurğanın elastikliyi bərpa olunur. Proseduralar adətən həftədə bir dəfə təkrarlanır. Yeni doğulmuş uşaqlardan başlayaraq ahıl yaşlı insnalara qədər tətbiq etmək mümkündür. Osteopatik korreksiyanın heç bir yan təsiri yoxdur və təhlükəsizdir. Bir neçə osteopatiya proseduralarından sonra boyun fəqərələri normal hərəkətliliyini bərpa edir.  Boyun ağrıları aradan qalxdıqdan sonra pasientin həyat keyfiyyəti yaxşılaşır, yuxu rejimi normallaşır, sinir sistemi oyanıqlığı azalır. Pasient daha dözümlü olur, iş qabiliyyəti artır, immun sistemi güclənir. Osteopatiya proseduraları hər bir pasientə individual olaraq seçilir və onun daxili orqanlarında olan disfunksiyalar da aradan qaldırılır.  Pasient ağrıkəsici məlhəmlər, həblər və ya uzunmüddətli fizioprosedurlaradan azad olur. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az    

Опубликовано: 30.04.2020

MİTRAL QAPAQ PROLAPSI
 hekimtap.az

MİTRAL QAPAQ PROLAPSI

Mitral qapaq prolapsı nədir Mitral qapaq – sol qulaqcıqla sol mədəcik arasında yerləşir, iki (ön və arxa) taydan ibarətdir, taylara sol mədəciyin məməyəbənzər əzələlərinin vətər xordaları birləşir.  Mitral qapaq prolapsı – ürəyin yığılması zamanı qapaq taylarının sol qulaqcığa doğru əyilməsidir. Bu, ən çox rast gəlinən qapaq anomaliyasıdır. Bütün yaş qruplarını əhatə etməklə əhalinin 5-8%-də müşahidə olunur. Cavan yaşlarda əsasən qadınlarda, 50 yaşdan yuxarı kişilərdə və qadınlarda eyni nisbətdə rast gəlinir.  Əmələ gəlmə səbəbləri və növləri Əsas səbəblər qapaq taylarının özünün, məməyəbənzər əzələlərin və xordaların anatomik dəyişiklikləri, sol mədəciyin yığılma funksiyasının pozulmasıdır. Mitral qapaq prolapsı ilə bir çox anadangəlmə və qazanılmış ürək patologiyaları əlaqəlidir: qulaqcıqlararası çəpərin defekti, hipertrofik kardiomiopatiya, ürəyin işemik xəstəliyi, revmatik endomiokardit, miokarditlər, Marfan sindromu və s. Prolaps birincili və ikincili ola bilər. Birincili prolaps anadangəlmə sindrom hesab olunur və qapaq və əzələ-xorda strukturunda dəyişikliklə izah olunur. İkincili prolaps hər hansı bir xəstəliyin ağırlaşması kimi meydana çıxır. Əsas iltihabi səbəblərdən biri revmatizmdir. Endokardın revmatik zədələnməsi zamanı mitral qapaq prolapsı 20-80% hallarda qeyd oluna bilər. İkinci əsas səbəb ürəyin işemik xəstəliyidir, bu zaman 16-32% hallarda prolaps yarana bilər.        Prolapsın ağırlaşması Mitral qapaq taylarının sol qulaqcığa doğru nə qədər əyilməsindən asılı olaraq prolapsın 3 dərəcəsi ayırd edilir:  I – yüngül dərəcə (3-6mm); II – orta dərəcə (6-9mm); III – ağır dərəcə (>9mm). Prolapsın əsas ağırlaşması mitral çatmamazlığın (sistola zamanı qanın bir hissəsinin sol qulaqcığa geri qayıtması) əmələ gəlməsidir. Prolapsı olan pasiyentlərin 42-100%-də rast gəlinir. Mitral çatmamazlığın 4 dərəcəsi ayırd olunur. II dərəcədən başlayaraq aydın klinik şikayətlər meydana çıxır. Prolaps və mitral çatmamazlıq nəticəsində ürək çatmamazlığı, infeksion endokardit, qulaqcıqların səyriməsi və tromboembolik ağırlaşmalar inkişaf edə bilər.        Klinik əlamətlər Əksər hallarda prolaps simptomsuz keçir. Bəzi pasiyentlərdə qeyri-spesifik əlamətlər görülə bilər: döş qəfəsində zəif ağrılar, təngnəfəslik, ürəkdöyünmə hissi, başhərlənmə, həyəcan. Bəzən emosional gərginlik ürəkdöyünməni artıra bilər, bu, əsasən, xoşxassəli aritmiyaların əlamətidir (qulaqcıq ekstrasistolaları, tutmaşəkilli qulaqcıq taxikardiyası və s.).  Endokardit əmələ gəlmişdirsə, xəstədə temperaturun yüksəlməsi, bədən çəkisinin azalması, tromboemboliyalar, hətta insult qeyd oluna bilər. Ağır dərəcəli prolaps zamanı 1%-dən az hallarda vətər xordalarının yırtılması nəticəsində qəfləti ölüm baş verə bilər. Mədəcik aritmiyaları səbəbindən ölüm halları nadir olur. Prolapsın diaqnostikası Mitral qapaq prolapsının diaqnostikasında “qızıl standart“ metod exokardioqrafiyadır. Müayinə zamanı prolapsın dərəcəsi, yaratdığı ağırlaşmalar, ürəyin ölçüləri və funksiya pozğunluqları dəqiq görülür və ölçülür.  Prolapsın müalicəsi Yüngül dərəcəli prolaps müalicə tələb etmir, lakin dinamik müşahidə aparılması, vaxtaşırı exokardioqrafiya olunması lazımdır. Ağır hallarda prolapsın və qapaq çatmamazlığının törətdiyi ağırlaşmaların simptomatik müalicəsi aparılır. Mitral çatmamazlığın ağır dərəcələrində və xordaların yırtılması zamanı rekonstruktiv (bərpaedici) cərrahi əməliyyat olunması göstərişdir. Prolapsın proqnozu Bir qayda olaraq, proqnoz qənaətbəxşdir. Patologiyanın erkən aşkar olunması proqnoza təsir edir. Bəzi hallarda ağırlaşmaların qarşısını almaq üçün dərman müalicəsi təyin edilməlidir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 30.04.2020

ARİTMİYA
 hekimtap.az

ARİTMİYA

 Aritmiya nədir Aritmiya – ürək yığılmalarının sayının, ritminin və ardıcıllığının pozulmasıdır. Bu, patologiyanın ümumi adıdır, ürəyin normal ritmindən başqa bütün dəyişiklikləri ifadə edir. Aritmiyanın növləri çoxdur, bunların bəziləri həyat üçün təhlükəlidir. Aritmiya həm gənc, həm yetkin yaşda, hətta uşaqlarda da rast gəlinir.  Aritmiyanın növləri Aritmiyalar əsasən 3 böyük qrupa ayrılır:  impulsun əmələ gəlməsinin pozulması; impulsun ötürülməsinin pozulması; kombinəolunmuş ritm pozğunluqları. Bəzi aritmiyalar həyat üçün təhlükəlidir, bəziləri ciddi ağırlaşmalarla    nəticələnə bilər, bəziləri isə klinik əhəmiyyət daşımır. Aritmiyanın səbəbləri və tətikləyici faktorlar Hətta özünü tam sağlam hesab edən insanda da aritmiya baş verə bilər. Aritmiyalar kardiak və qeyri-kardiak səbəblərdən yaranır. Ürəyin keçirilmiş xəstəlikləri, qüsurlar, ürəyin elektrik sistemində struktur anomaliyaları və s. aritmiyaya səbəb olur. Qeyri-kardiak səbəblərə aiddir: genetik faktor, artıq çəki, hormonal dəyişikliklər, fiziki yüklənmə, alkoqol və siqaret, sinir sistemi pozğunluqları, qeyri-adekvat qidalanma, yuxusuzluq, şəkərli diabet, bəzi dərman preparatları və s. Aritmiyanın funksional növləri tez-tez rast gəlinir, səbəbi psixogen, reflektor və humoral pozğunluqlardır. Səbəb aradan qaldırıldıqdan sonra ritm normallaşır. Aritmiyanın əlamətləri Əsas klinik əlamətlər bunlardır: qəflətən əmələ gələn zəiflik və əzginlik; ürək yığılmalarının sayının artması və insanın bunu hiss etməsi; döş qəfəsində sıxılma, “boğulma” hissi; təngnəfəslik tutması; ürəkdə “dayanma hissi“; qəflətən baş hərlənməsi və ya huşun itməsi, baş ağrıları və s. Bütün bu simptomlar həkimə müraciət etmək üçün ciddi “siqnaldır”  Tutma necə başlayır Aritmiya tutmalarının başlanması hiss olunmaya da bilər. Yüngül həyəcan və əzginlik, hava çatmamazlığı hissi yarana bilər. Başhərlənmə əsas əlamətlərdəndir. Pasiyent qeyri-ixtiyari olaraq əlini ürək nahiyəsinə qoyur, sanki bununla sakitləşməyə çalışır. Belə hallarda qorxmaq və təşvişə düşmək lazım deyil. Təcili tibbi yardım briqadası çağırmaq, xəstəni uzatmaq, qalstuku və yaxalığı açmaq, otağın pəncərəsini açıb təmiz hava gəlməsini təmin etmək, emosional olaraq sakitləşdirmək lazımdır.  Aritmiyaların diaqnostikası Diaqnoz xəstənin anamnezinə, elektrokardioqrafiya, exokardioqrafiya, Holter müayinəsi, tredmil-test, qanın analizi və b. müayinələrə əsasən qoyulur. Aritmiyaların müalicəsi Müalicə stasionar və ya ambulator şəraitdə aparıla bilər. Aritmiya erkən mərhələdə aşkar olunarsa, müalicəyə yaxşı tabe olur. Yanaşı xəstəliklərin müalicəsi və tətikləyici faktorların aradan qaldırılması vacibdir.  Aritmiyaların proqnozu Proqnoz əsasən qənaətbəxşdir. Yüngül aritmiya növləri təhlükəli deyil. Həyati təhlükə daşıyan aritmiyalar stasionarda müalicə olunmalıdır, bəzi hallarda proqnozu pisdir.  Aritmiyaların vaxtında aşkar olunması üçün heç bir şikayət və narahatlıq olmasa belə, ildə ən az bir dəfə kontrol elekrokardiqramma müayinəsindən keçmək və kardioloqun qəbulunda olmaq vacibdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 30.04.2020

MİOKARDİT
 hekimtap.az

MİOKARDİT

Miokardit nədir Miokardit – ürəyin əzələ qişasının ağır iltihabi xəstəliyidir, kardiomiositlərin nekrozu ilə nəticələnir. Xəstəliyin inkişafı 2 əsas mexanizmdən biri ilə təyin olunur: infeksion və ya digər karditoksok agentin təsiri ilə kardiomiositlərin birbaşa zədələnməsi; infeksion və ya digər kardiotoksik agentə qarşı baş vermiş autoimmun reaksiya ilə kardiomiositlərin zədələnməsi. Miokardın iltihabı ocaqlı və ya diffuz ola bilər. İltihab perikard qişasına yayılarsa, mioperikardit əmələ gəlir. Miokarditin səbəbləri Miokarditi əmələ gətirən səbəblər infeksion və ya qeyri-infeksion ola bilər. Bir çox hallar idiopatik (naməlum səbəbli) olaraq qalır. İnfeksion miokardit əsasən virus etiologiyalıdır. Əsas törədicilər parvovirus B19 və insanın herpes virusu (6-cı tip) hesab olunur. İnkişaf edən ölkələrdə xəstəliyin əmələ gəlməsi revmatik kardit, Şaqas xəstəliyi və ya HİV (QİÇS) ilə əlaqələndirilir.  Qeyri-infeksion səbəblərə kardiotoksinlər, bəzi sistem pozğunluqlar və bəzi dərman maddələri (hiperhəssaslıq reaksiyasının törətdiyi miokardit) aiddir.  Giqant hüceyrəli miokardit Giqant hüceyrəli miokardit – miokarditin nadir forması olub, fulminant (ildırımsürətli, tez inkişaf edən) gedişi ilə xarakterizə olunur. Səbəbi məlum deyil, lakin autoimmun mexanizm inkar edilmir. Biopsiya zamanı xarakter çoxnüvəli giqant hüceyrələr müəyyən olunur. Bu xəstələr kardiogen şok vəziyyətində və ağır aritmiya formaları ilə stasionara daxil olurlar.  Giqant hüceyrəli miokarditin proqnozu pisdir. Xəstəliyin bu formasını digər xəstəliyi olmayan, ildırımsürətli ürək çatışmazlığı və davamlı aritmiyaları olan xəstədə inkar etmək lazımdır, çünki immunosupressiv (immun sistemin aqressiv reaksiyasını azaldan) terapiya həyatda qalmanı artıra bilər. Klinik əlamətlər Miokarditin klinik əlamətləri müxtəlif ola bilər: minimal simptomlar və ya ildırımsürətli ürək çatmamazlığı və ölümlə nəticələnən aritmiyalar görülə bilər. Simptomlar miokarditin etiologiyasından, həmçinin, miokardın zədələnmə dərəcəsindən asılıdır. Xəstələrdə yorğunluq, təngnəfəslik, ödem, döş qəfəsində ağrılar olur. İşemik ağrıdan fərqli olaraq, hərəkət, öskürək, tənəffüs və ya udma perikardit ağrısını gücləndirir.  İnfeksion mənşəli miokarditdə bədən temperaturunun yüksəlməsi, əzələ ağrıları, dərman səbəbli miokarditdə dəridə səpgilər müşahidə olunur. Miokardit gedişinə görə kəskin, yarımkəskin və xronik olur. Bəzi hallarda ürək boşluqlarının böyüməsi (dilatasion kardimiopatiya) ilə nəticələnir. Miokarditin diaqnostikası Elektrokardioqramma, exokardioqramma, qanın laborator analizi yoxlanmalıdır. “Qızıl standart“ metod endomiokardial biposiyadır (EMB), lakin mənfi nəticə xəstəliyi inkar etmir. EMB-nın riskli ağırlaşmaları var, miokardın yırtılması və ölüm baş verə bilər, bu səbəbdən rutin olaraq icra edilnmir, əsasən ildırımsürətli ürək çatmamazlığında yoxlanılır. Digər müayinələr etioloji xarakter daşıyır: qanın biokimyəvi analizi və əkilməsi, autoimmun xəstəliyin təyini, HİV analizi, qrip, streptokokk və Koksaki viruslarına qarşı antitellərin təyini və s. Miokarditin müalicəsi  Müalicə əsasən 2 istiqamətdə aparılır: ürək çatmamazlığı və aritmiyaların müalicəsi; əsas xəstəliyin müalicəsi. Sarkoidoz, dərman mənşəli və giqant hüceyrəli miokarditdə immunosupressiv terapiya aparılır. Miokarditin proqnozu Proqnoz ümumiyyətlə pisdir. Həkimə erkən müraciət etdikdə müalicə nəticə verə bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 30.04.2020

ÜRƏK QAPAQLARI hekimtap.az

ÜRƏK QAPAQLARI

Ürəkdə qan axını və hemodinamik stabillik qapaqlarla tənzim olunur. Qapaqlar ürək boşluqları arasında və ürək boşluqları ilə damarlar arasında yerləşir. Ürəyin həm sol, həm də sağ mədəciyində birtərəfli «gətirici» və birtərəfli «çıxarıcı» qapaqlar vardır. Sağ qulaqcıqla sağ mədəcik arasında üçtaylı qapaq, sağ mədəciklə ağciyər arteriyası arasında pulmonar qapaq yerləşir. Sol qulaqcıqla sol mədəcik arasında mitral qapaq, sol mədəciklə aorta arasında aortal qapaq yerləşir.  Qapaqlar ürəyin daxili qişasından (endokarddan) əmələ gələn büküşlərdir. Hər bir qapaq aparatı fibroz həlqədən və ona birləşmiş qapaq taylarından ibarətdir. Mitral və pulmonar qapaqlar iki taydan, trikuspid və aortal qapaqlar üç taydan ibarətdir. Qapaqların mürəkkəb makro- və mikrostrukturu onların möhkəmliyini, elastikliyini təmin edir. Qapaq strukturları müxtəlif gərginliyə məruz qalır; məsələn, sol mədəciyin sistolası zamanı mitral qapaq taylarının səthindəki gərginlik, xordaların taylara birləşdiyi nöqtələrdəki gərginlikdən 500-800 dəfə azdır.  Ürək qapaqları insan ürəyinin normal fizioloji fəaliyyətinin vacib və ayrılmaz hissəsidir. Qapaqların zədələnməsi zamanı ürəyin işi ciddi şəkildə pozula bilər. Qapaq zədələnmələri anadangəlmə və ya qazanılmış, stenoz (daralma) və ya çatmamazlıq şəklində olur.  Anadangəlmə qapaq qüsurları yalnız cərrahi yolla müalicə olunur. Qazanılmış qapaq qüsurları ağır hallarda cərrahi, başlanğıc mərhələlərdə medikamentoz yolla müalicə olunur, bu zaman qüsurun törətdiyi xəstəliyin dərman müalicəsi aparılır (məsələn, ürək çatmamazlığı, tromboemboliyaların profilaktikası, səyrici aritmiyanın profilaktikası və müalicəsi və s.). Cərrahi müalicədə bioloji və süni qapaq protezlərindən istifadə olunur.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 28.04.2020

Spinner