C viruslu hepatit
 hekimtap.az

C viruslu hepatit

Hepatit C virusu, yoluxma yolları, aşkarlanma üsulları, müalicəsi və ən əsası – bəzi yanlış olan mifər haqqında ümumiləşdirilmiş bir məqalədə sizə maraqlı olan əksər sualların cavabını verməyə çalışmışam. Hazırda hepatit A və B viruslarına qarşı peyvəndlər mövcud olsa da, hepatit C virusuna qarşı peyvənd mövcud deyildir. Əksər dünya alimlərinin və praktiki həkimlərin təcrübəsinə görə HCV demək olar ki, cinsi yolla ötürülmür, bu daha çox ənənəvi cinsi aktlara aid edilir. Qeyri-ənənəvi aktlar, bir neçə cinsi partnyorun olması, homoseksual münasibətlər, aybaşı tsikli zamanı qorunmayan aktlar virusun yoluxma riskini yüksəldə bilər. HCV gündəlik təmaslar zamanı (qucaqlaşmaq, öpüşmək, qidanın hazırlanması, eyni stəkan və boşqablardan istifadə, kitablar vasitəsilə və s.) yoluxmur. İnyeksion narkotik istifadəçiləri arasında HCV-na yoluxma riski çox yüksəkdir, lakin HCV qan vasitəsiylə yoluxduğu üçün hər yoluxmuş şəxsin narkotik istifadəçisi olduğunu düşünmək səhvdir. Tatu, pirsinq, manikür, pedikür, qeyri-steril alətlərlə dərinin zədələnməsinə səbəb ola biləcək müxtəlif manipulyasiyalar zamanı da HCV-na yoluxmanın baş verməsi ehtimalı yüksəkdir. Qanla və qan preparatları ilə təmas (90-cı illərə qədər qan və qan preparatları hepatit viruslarına görə yoxlanmadan keçirilmirdi, çünki virus 1989-cu ildə kəşf edilmişdir), yəni 90-cı illərə qədər qan köçürülməsi aparılmış şəxslər bu virusa görə mütləq yoxlanılmalıdır; bəzi tibbi prosedurlar (stomatoloji, ginekoloji və s.), o cümlədən sünnət zamanı sterilizasiya olunmayan (!) alətlərdən istifadə və daha çox şəxsi gigiyena əşyalarının digər şəxslərlə birgə istifadəsi (qayçı, ülğüc, diş fırçası), eləcə də məişətdə eyni iynə və şprislərdən (məsələn, qlükometrdə şəkərin ölçülməsi üçün eyni iynə ucluğundan) istifadə kimi hallar da C virusunun ötürülməsinə səbəb ola bilər. HCV-na yoluxmuş hamilə qadın körpəsini mütləq yoluxduracaq fikri də tamamən doğru hesab edilmir, çünki, plasentanın (ciftin) soyulması təhlükəsinin olmadığı hallarda HCV cift qanı vasitəsilə dölə ötürülmür. Nadir hallarda yoluxma doğuş zamanı baş verə bilər ki, bu da doğuşdan əvvəl virus yükünün təyini, dar çanaq və s. digər ginekoloji göstərişlər zamanı (ginekoloq tərəfindən təyin edilir!) qeysəriyyə əməliyyatı vasitəsilə aradan qaldırıla bilər. Qeyd etmək lazımdır ki, ananın həyatı boyunca keçirdiyi infeksion xəstəliklərin bir çoxunun antitelləri kimi, hepatit C virusuna qarşı antitellər də uşağa ötürülə bilir və körpənin qanında bu antitellərin 1-1,5 il ərzində aşkarlanması heç də həmişə körpənin yoluxduğunu əks etdirmir. Məhz bu səbəbdən körpə 1,5 yaşından sonra müayinə edilməli və ya antitellər aşkarlandıqda, virus yükünün təyini də aparılmalıdır. Bu dövr ərzində hepatit B virusu əleyhinə peyvəndləri vaxtlı-vaxtında vurdurmaq lazımdır. Süd vəzisinə düzgün qulluq etməklə, gilə ətrafında çatların yaranmasının qarşısını almaqla virusun südlə yoluxmasının da qarşısını almaq olar. HCV-infeksiyalı insanlarda qəbul edilən spirtli içkilər fonunda xroniki hepatit əlamətləri və müvafiq olaraq qaraciyər fibrozunun inkişafı sürətlənir, eləcə də aparılan virus əleyhinə müalicənin effektivliyi zəifləyir. Buna görə də əksər həkimlər spirtli içkilərin qəbulu fonunda virus əleyhinə müalicə təyin etmir. “A viruslu hepatit, B viruslu hepatitə, o isə sonradan C viruslu hepatitə çevrilir” – kimi fikirlər tamamilə yanlışdır. Adları çəkilən hər hepatit virusunun öz xüsusi quruluşu vardır, həmçinin onların yoluxma yolları və törətdiyi xəstəliklər bir-birindən tamamilə fərqlənir. Yalnız onların törətdiyi xəstəlik (hepatit – qaraciyərin iltihabı) səbəbindən bu viruslar eyni qrupda birləşdirilmişdir. HCV-infeksiyası varsa, mütləq bədən temperaturunun yüksəlməsi, ürəkbulanma, sarılıq, bozumtul nəcis, tündləşmiş sidik, qarın ağrısı, əzələlər və oynaqlarda ağrılar kimi əlamətlər olmalıdır deyə fikir də həmişə özünü doğrultmur, belə ki, C viruslu hepatit əksər hallarda hər hansı xarici əlamətlər olmadan gediş alır. Virusun aşkarlanması istiqamətində ilkin müayinə edilən antitellər (əks-cisimlər) orqanizmin immun sistemi tərəfindən virusa qarşı sintez olunan maddələrdir. Onlar törədicini deyil, onunla təması əks etdirir; eyni zamanda “yaddaş” xarakteri daşıyır, yəni virus əleyhinə müalicə almış, həmçinin virusun özbaşına xaric olunduğu şəxslərdə belə  müalicədən sonra uzunmüddət və ya ömür boyu qanda aşkarlana bilər. Buna görə də virus əleyhinə müalicə almış və sağalmış şəxslər bilməlidir ki, növbəti illərdə anti-HCV qanda aşkarlanması normal haldır və təlaş səbəbi deyil. Yuxarıda vurğulandığı kimi, kəskin C viruslu hepatitdən sonra 20%-dək hallarda “müalicəsiz sağalma” baş verə bilər və həmin şəxslərdə antitellər aşkarlansa da, qanda virusun özünün bir neçə müayinə zamanı “neqativ” olması (aşkarlanmaması) müalicəyə ehtiyacın olmadığını göstərir. Əksər viruslar kimi hepatit C virusunun da fərqli növləri vardır ki, onlar da genotiplər və subtiplər adları altında birləşdirilir. Genotip yalnız müalicənin müddətini təyin edir. Əvvəllər düşünüldüyü kimi, virusun 1-ci genotipi deyil, məhz 3-cü genotipinin daha çox və daha tez fibrotik proseslərə və fəsadlara səbəb olması artıq müəyyən edilmişdir. Hazırki günə qədər hər hansı bitkinin HCV-na qarşı virus əleyhinə təsiri olması müəyyən edilməmişdir. Eyni zamanda son illərin tədqiqatları göstərmişdir ki, qaraciyərin normal funksiyaları fonunda nəzarətsiz qəbul edilən bir çox bitki tərkibli preparatlar, bioloji aktiv əlavələr, o cümlədən tərəvəz şirələri əksinə - özləri toksiki hepatit törədə bilir. “C viruslu hepatitin müalicəsi yoxdur” fikri də səhvdir, çünki hazırda virusun orqanizmdən xaric edilməsinə nail olmaq üçün sınanmış preparatlar vardır, lakin qeyd edildiyi kimi, müalicədən əvvəl göstərişlərlə yanaşı müalicəyə təsir edə biləcək digər amillər də nəzərə alınmalıdır. C viruslu hepatiti olan hər bir kəs eyni müalicəni edə bilməz. Virus əleyhinə preparatın və onun dozasının seçimində bir çox əks-göstərişlər; əvvəllər virus leyhinə aparılmış və müvəffəqiyyətlə nəticələnməmiş müalicələr (virusun xaric edilməməsi); həmçinin yaş, yanaşı xəstəliklər, qaraciyərin funksional və struktur vəziyyəti, eləcə də virusun genotipi və s. kimi amillər də nəzərə alınmalıdır, təbii ki, bunlar həkim tərəfindən müəyyən edilə bilər. Müalicədə istifadə edilən hazırki preparatlar əvvəllər geniş istifadə edilən interferonlar kimi yan təsirlərə malik deyildir. Belə ki, son illərdə “interferonsuz müalicə” sxemləri (və ya virus əleyhinə birbaşa təsirli preparatlar) tətbiq edilməkdədir, bu isə müalicə zamanı yan təsirlərin demək olar ki, “yoxluğu”, daha qısa müalicə müddəti (12-24 həftə)  və müalicələrdən alınan effektivliyin 98-100% qədər yüksəlməsi deməkdir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 19.01.2018

Öd daşı xəstəliyindən qorunmaq üçün nəyi bilmək vacibdir?
 hekimtap.az

Öd daşı xəstəliyindən qorunmaq üçün nəyi...

Azərbaycanda  öd daşı xəstəliyi ürək-damar və şəkərli diabet xəstəlikləri ilə yanaşı ən yayılmış xəstəliklərdən biridir. Daşların növləri:  - Xolesterin daşları  - Piqment daşları – qəhvəyi və qara daşlar  - Qarışıq daşlar Daşların yaranma səbəbləri:  - Qadınlarda daha çox rast gəlmək olar: hamiləlik (qarın boşluğunda təziq artdıqca, öd ifrazına manə törədilir), klimaks vaxtı estroqen əvəzedici dərmanların və hamiləlikdən qorunmaq üçün steroid kontraseptivlərin qəbulu.  - İrsi meyillilik.  - Öd kisədə xroniki iltihab prossesi.  - Tərkibində bitki liflərlərin miqdarı az olan qida qəbulu, karbohidratlarla, rafinə olunmuş siriniyyatlarla və yağnan zənqin olan yuksək kaloriyalı yemək rasionu.  - Piylənmə, artıq çəki.  - Şəkərli diabet.  - Xolesterinin yüksək səviyyəsi, xüsusən triqliseridlərin.  - Ekstrimal diyetalar zamanı və bariatrik əməlliyətlardan sonra kəskin arıqlama.  - Öd kisəsinin disfunksiyası (hipokineziya- işləmə qabliyyətinin aşağı düşməsi).  - Qan xəstəlikləri. Xəstəliyin gedişatı:  - 80% hallarda simptomsuz keçir (lal daşlar).  - Simptomlar: adətən yeməkdən sonra diskomfort, sağ qabırğa altı nahiyyədə zəif ağrılar, köpmə, qəbizliklə əvəz olunan diareya, ağızda acılıq.  - Daşların öd kisəsinin boyun hissəsinə və öd axarlarına hərəkəti zamanı tutmaşəkilli 5 dəq-dən 5 saata qədər çəkən kəskin ağrılar, xüsusən axşam və gecə saatlarında, ürəkbulanma, soyuq tər, dərinin və görünən selikli qişanın solğunluğu və saralması. Xəstəliyin profilaktikası:  - Hərəkətli həyat rejimi, fiziki yükləmə, bədən çəkisinə nəzarət.  - Düzgün qidalanma: az porsiyalarnan gündə 4-5 dəfə bitki lifləri ilə zəngin olan qida qəbulu.  - İldə bir-iki dəfə ultrasəs müayinəsindən keçmək və vaxtında aşkar olunan çöküntülü, qatı ödün dərmanların və xüsusi diyet vasitəsi ilə duruldulması.  - Xolesterinin və lipidlərin (triqlisiridlərin) qanda səviyyəsinin normada saxlanılması;  - Ekstrimal diyetalara qadağa qoyulması;  - Bariatrik əməliyyat nəticəsində  arıqlayan xəstələrə Alman mədə-bağırsaq cərrahları cəmiyyətinin son tövsiyyələrinə görə, uyğun bədən çəkisi stabilləşənə qədər ursodezoksixol turşusunun sutka ərzində 500-600 mg qəbulu. Müalicə: Konservativ müalicə üçün göstərişlər:  - Rentgendə görünməyən, yani xolesterin daşları;  - Öd kisəsi daşlarla tam dolu olmamalıdır;  - Daşların ölçüsü 10 mm artıq olmamalıdır;  - Öd kisəsi normal işləməlidir, öd axarları müvafiq olmalıdır (ölçüləri və sərbəstliyi). Cərrahi müalicə üçün göstərişlər:  - Tez tez təkrarlanan ağrı tutmaları;  - Öd kisənin irinli iltihabı;  - Öd kisənin deşilməsi;  - Fəaliyyətini itirmiş və tam daşlarla dolu olan öd kisəsi. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 13.01.2018

Skolioz nədir və effektiv müalicəsi necədir? hekimtap.az

Skolioz nədir və effektiv müalicəsi necədir?

Statistikaya əsasən, son illər məktəblilər arasında skolioz geniş yayılmışdır. Onlar vaxtlarının çoxunu (məktəb dərslərində, evdə ev tapşırıqlarını yerinə yetirərkən, uzun müddətli kompüter arxasında ) oturaq vəziyyətdə keçirirlər.  Nəticədə  bel əzələləri düzgün formalaşmır, skolioz, kifoz kimi qamət pozulması  baş verir. Skolioz onurğa sütununun frontal səthdə davamlı olaraq əyilməsidir. Skolioz, adətən, erkən uşaq yaşlarından başlayaraq yaş artdıqca proqressivləşir. Skolioz vaxtında müalicə olunmazsa  fəqərəarası disklərin degenerativ distrofik dəyişikliklərinə, nəticədə döş qəfəsi və həzm traktı oraqnlarının simpatik tənzimlənməsinin pozulmasına səbəb olur. Valideynlərin çoxu övladlarında skolioz olduğundan məktəblərdə aparılan müayinələr nəticəsində xəbərdar olurlar. Skolioz, xüsusilə buraxılış sinif şagirdlərində daha çox rast gəlinir, bu dövrdə skeletin intensiv inkişafı skoliozu daha nəzərəçarpan edir.  - Onurğada yana əyilmə;  - Qabırğa qövslərində qeyri-bərabərlik;  - Kürək sümüklərinin asimmetriyası;  - Çanaq sümüklərində əyrilik;  - Başın bədənə nisbətən əyri dayanması kimi hallar skoliozun zahiri görünüşcə ilkin əlamətləri ola bilər. Rentgenoqrammalara əsasən skoliozun deformasiyaları dərəcələrlə ifadə edilir. Buna əsasən skoliozun 4 dərəcəsi ayırd edilir:  - 1-ci dərəcəli – 0-10°   - 2-ci dərəcəli – 11-30°   - 3-cü dərəcəli – 31-60°   - 4-cü dərəcəli – >61°  Formasına görə isə “C”-ə bənzər (sağ və ya sol tərəfli bir qövs yaranır ) və ya “S”-ə bənzər  (torakal və lumbar nahiyədə iki qövs yaranır) skolioz ayırd edilir . Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də skoliozu olan uşaqlar daim həkim nəzarətində olmalı, müntəzəm olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür. Skoliozun əsl başlanğıcı isə daha erkən vaxtlara - körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (dölün köndələn vəziyyəti, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında dölün ləngiməsi və s.), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləməmiş yeriməyə başlaması skoliozun ilk risk faktorlarıdır. Sadaladığımız vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, oma sümüyü, çanaq sümüklərində  sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda  bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur. Bir çox valideynlər “zamanla skolioz düzələr” deyə problemi ciddiyə almır. Qabırğa qövsünün birinin digərinə nisbətən daha qabarıq olması, kürək sümüklərinin qeyri-bərabər yerləşməsi, çanaq sümüklərinin asimmetriyası təkcə zahirdən pis görünməklə yanaşı, daxildən də ciddi fəsadlara səbəb olur. Bunlarla vaxtında müdaxilə olunmazsa, yaş artdıqca:  - Protruziya, fəqərəarası disk yırtıqları;  - Aritmiyalar, ürək nahiyəsində ağrı;  - Ağ ciyər problemləri (ağ ciyərin xroniki obstruktiv xəstəlikləri);  - Süd vəzi ölçülərində fərq;  - Mədə bağırsaq problemləri (disbakterioz, kolit, qəbizlik, bağırsaqlarda spazm və s.);  - Diafraqma ilə əlaqəli problemlər (təngnəfəslik);  - Çanaqda durğunluqla əlaqəli cinsi pozulmalar, ağrılı menstruasiyav;  - Əzələ ağrıları, baş ağrıları, daimi yorğunluq kimi hallar yaranır və uzunmüddətli, müxtəlif çətin  müalicə olunan xəstəliklərlə mübarizə aparılır. Skoliozun son zamanlar tez-tez rast gəlməsi və çoxsaylı fəsadlar verməsi onun müalicəsinə də yeni yanaşmalar tələb edir.    Əvvəllər istifadə olunan korsetlər, idman hərəkətləri və s. kimi bir çox müalicə üsulları çoxdan öz aktuallığını itirmişlər. Skoliozlu xəstəyə vahid bir orqanizm kim yanaşılmalıdır. Müalicənin məqsədi zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların da işinin zamanla və ehtiyatla bərpasından ibarətdir.   Skoliozun profilaktikasında və müalicəsində istifadə etdiyimiz üsullar  – osteopatiya, homeosiniatriya, akupunktura, müasir fizioterapiya .  Yenidoğulmuş körpənin doğuş yollarından keçərkən fəqərələrində yaranan ən kiçik  yerdəyişmələrin, hələ tam sümükləşməmiş çanaq sümükərinin normal anatomik fizioloji tamlığını yerinə qaytarmaqda osteopatiya əvəzsiz üsul hesab olunur. Osteopatiyanın üstünlüyü anadan olan andan istifadə olunması, heç bir zərərli təsirlərin olmamasındadır. . Homeosiniatriya - bioloji aktiv nöqtələrə xüsusi bioloji preparatların yeridilməsidir: nəticədə orqan və toxumaların illər ərzində funksional patologiyaları zərərsiz bioloji preparatlarla aradan qaldırılır. Akupunktura - bioloji aktiv nöqtələrdə xüsusi iynələr vasitəsilə enerji axınını bərpa etməklə aparılan müalicə üsuludur. Fizioterapiya - müasir fizioterapevtik aparatlarla aparılan kompleks müalicədir. Skoliozun müalicəsinə erkən yaşlardan başlamaq lazımdır. Məsələn, övladınız dünyaya gələndən sonra onun inkişafına nəzər yetirsəniz, körpənin başını daima bir tərəfə əyməsi, başının formasındakı deformasiyalar, gəzməyə başlayarkən ayaqlarını düzgün atmaması (barmaq uclarında gəzmək, ayaqlarını içəriyə atma) kimi hallar gələcəkdə övladınızda hər hansı bir qamət pozulması yarana biləcəyi ehtimalını bildirir. Skoliozun erkən aşkarlanması sizin və övladınızın gələcəkdə həm maddi, həm də mənəvi əziyyətinizin qarşısını almağa kömək edəcək. Unutmayın ki, profilaktika müalicədən daha üstündür.   Mövzu ilə bağlı video:      © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 10.01.2018

Siqaret çəkmənin ağız boşluğu toxumalarına zərərli təsiri
 hekimtap.az

Siqaret çəkmənin ağız boşluğu toxumalarına zərərli təsiri

...

Stomatoloqa müraciət edən pasientlərin bir qismində diş ətində iltihab, diş ətinin çəkilməsi və dişlərin laxlaması əlamətləri müşahidə edilir. Bu pasientlərin böyük bir hissəsi siqaret çəkən insanlardır. Amma bu insanların əksəriyyəti siqaretin tərkibindəki tütünün yanma məhsullarının dişlərə və bütövlükdə ağız boşluğu toxumalarına ziyanlı olmasından xəbərsizdirlər. Siqaret tüstüsü ilə ağız boşluğuna 100-dən çox zəhərli maddə daxil olur. Bunlardan ammonyak, aseton, metanol, nikotin, metan, fenol birləşmələri, karbon oksid, arsen, kadmium, sinil turşusu kimi maddələri göstərmək olar. Siqaret tüstüsü ağız boşluğu toxumalarına bir neçə istiqamətdə zərərli təsir edir. Bu təsirləri nəzərdən keçirək. 1. İmmunitetə təsiri Siqaret tüstüsünün tərkibində ağız boşluğundan bədənə daxil olan zəhərli maddələr orqanizmin immunitetini aşağı salır. Nəticədə, orqanizm həm dişlərin üzərində, həm də bütövlükdə ağız boşluğunda toplanmış zərərverici bakteriyalara lazımi səviyyədə cavab verə bilmir. 2. Dişin sərt toxumalarina təsiri Siqaretin yanma məhsulları dişlərin üzərinə çökərək orada bakteriyaların toplanması üçün əlverişli şərait yaradır. Siqaret çəkilən zaman isti tüstü ilə nəfəs alınan soyuq havanın növbələşməsi dişin mina qatında mikroçatlar əmələ gətirir. Əmələ gələn mikroçatlar sonradan daha da böyüməyə başlayaraq mina qatının altında yerləşən və möhkəmliyi nisbətən az olan dentin qatının bakteriyaların ifraz etdiyi turşunun təsirindən zədələnməsinə və bununla da kariyesin əmələ gəlməsinə səbəb olur. 3. Diş ətinə təsiri Siqaret tüstüsünün tərkibindəki nikotin qan damarlarını daraldaraq diş ətinə qanın gəlişini azaldır. Qan təchizatı pozulduğundan diş ətində atrofiya başlayır. Diş əti nazikləşir, həddən çox yumşaq və boş olur ki, bu da bakteriyaların diş əti cibindən daha dərin toxumalara nüfuz etməsinə və orada artıb çoxalmasına səbəb olur. Artıb çoxalan bakteriyalar diş ətinin iltihabını yaradır. 4. C vitamini defisiti Nikotinin zərərverici təsirini dəf etmək üçün orqanizm C vitaminini sərf etməyə başlayır. Nəticədə C vitamini defisiti yaranır. Bu da diş əti qanamalarına və dişlərin laxlamasına gətirib çıxarır. 5. Ağız suyuna təsiri Siqaret tüstüsü ağız suyunu qatılaşdırır və nəticədə qatılaşmış ağız suyu dişlərin səthini yaxşı yuya bilmir. Digər tərəfdən, siqaret tüstüsü ağız suyunun qələviliyini azaltdığından, ağız suyu, mikroorqanizmlərin ifraz etdiyi turşuları lazımi səviyyədə neytrallaşdıra bilmir. Nəticədə turşular dişlərin mina qatını zədələyir. 6. Ağız boşluğunun selikli qişasına təsiri İsti tüstü selikli qişanı qurudur və bu tüstüdən ayrılan kimyəvi maddələr ağız boşluğunu zərərverici mikroorqanizmlərdən qoruyan lizosim fermentinin ifrazının qarşısını alır. Tüstünün təsirindən qurumuş selikli qişanın yenilənməsi baş vermədiyindən selikli qişada xərçəng xəstəliyinin inkişaf etməsi ehtimalı artır. Statistika göstərir ki, siqaret çəkən insanlarda ağız boşluğu selikli qişasının xərçəng xəstəliyinə tutulma ehtimalı siqaret çəkməyənlərə nisbətən 6 dəfə çoxdur. 7. Maddələr mübadiləsinə təsiri Siqaret tüstüsünün təsirindən ağız boşluğu toxumalarında oksigen defisiti yaranır. Oksigen, toxumalarda gedən maddələr mübadiləsində fəal iştirak etdiyindən, yaranmış oksigen defisiti ağız boşluğu toxumalarında maddələr mübadiləsini pozur. 8. Regenerasiyaya təsiri Siqaret tüstüsü toxumaların regenerasiyasını ləngidir. Əgər ağız boşluğunda hər hansı bir yara və ya zədə olursa, regenerasiya, yəni yara və zədələrin sağalma prosesi ləngidiyindən həmin nahiyəyə əlavə infeksiya düşməsi baş verir. 9. Dad hissiyatının zəifləməsi Tütünün tərkibindəki qətran və nikotin dad reseptorlarının həssaslığını azaldır. Siqaret çəkən insanlarda dadbilmə hissiyatı zəiflədiyindən onlar yeməklərinə çoxlu duz, ədviyyat və şəkər əlavə edirlər ki, bu da bütövlükdə orqanizmə daha çox ziyan gətirir. Beləliklə, diş və diş ətinin, eləcə də bütövlükdə ağız boşluğu toxumalarının sağlamlığını istəyən insanlar siqaret tüstüsünün zərərli təsirlərini nəzərə almalıdırlar.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az

Published: 04.01.2018

Minimal İnvaziv Yastıpəncə əməliyyatı hekimtap.az

Minimal İnvaziv Yastıpəncə əməliyyatı

Yastıpəncəlik ümumilikdə genetik səbəbə bağlıdır. Bəzi hallarda artıq hərəkətlilik, zəiflik, bağ çatışmazlığı buna səbəb ola bilər. Yastıpəncəliyin müalicəsində müasir cərrahi və konservativ üsullar var. Bu müalicə üsulları yastıpəncəliyin dərəcəsinə bağlıdır. Şiddətli yastıpəncəlik deformasiyası hələ də müxtəlif osteotomiyalar, bağ köçürmələri ilə düzəldilir. Aşıq-baldır oynağının, ayağın xarici tərəfində kiçik kəsik (1sm), ayağın çökməsini önləyən kiçik bir stent kanala yerləşdirilməsi ilə pəncənin deformasiyası (əyriliyi) aradan qaldırılır. Əməliyyatdan sonrakı dövr:  - Normal ayaqqabı geyinmək 6-8 həftədən sonra başlayır;  - Yüngül məşqə 6 həftədən sonra qayıda bilərsiniz, ancaq 12-16 həftə ərzində hər hansı bir professional məşqlərə icazə verilməyəcək;  - Cərrahi əməliyyat ümumi və yerli anesteziya altında aparıla bilər;  - Cərrahi əməliyyat tipik olaraq 30 dəqiqə çəkir;  - Yastıpəncə əməliyyatında yaş məhdudiyyəti yoxdur. Həyatınızda gözəl addım atmaq istəyirsinizsə, yastıpəncəlikdən azad olun!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 04.01.2018

Patoloji sınıqlar
 hekimtap.az

Patoloji sınıqlar

Patoloji sınıq nədir? Şiş, metabolik sümük xəstəlikləri zamanı müşahidə olunan sınıqlara patoloji sınıqlar deyilir. Bütün yaşda olan insanlarda rast gəlsədə əsasən yaşlı insanlarda daha çox təsadüf edir. Patoloji sınıq adi sınıqlardan fərqli olaraq adətən yüngül zədələnmə nəticəsində əmələ gəlir və aşağıdakı formada təsnif olunur. Şiş mənşəli  - Birincili- xəstəlik  birincili sümüyün özündədi və sınan nahiyəni zəiflədir. Əsasən uşaq və yeniyetmələrdə müşahidə edilir. Buraya fibroz displaziyanı, sümük kistasını, eozinofil qranulomanı və s. göstərmək olar).  - İkincili ( metastatik– orqanizmdə inkişaf edən hər hansısa bir şişin sümüyə metastaz verməsi- sıçraması zamanı). Metabolik  - Osteoporoz (sümük strukturunun xüsusən yaşla əlaqədar olaraq zəifləməsi və öz möhkəmliyinin itirməsi).  - Hiperparotriodizm (sümük əriməsi-paratiroid vəzinin funksiyasının artması zamanı sümüyü təşkil edən əsas elementlərdən olan kalsiumun sümükdən qana keçməsi nəticəsində).  - Paget xəstəliyi (bu xəstəlik zamanı sümük normal sümükdən daha zəif olur. Xəstəliyin səbəbi bilinmir). İrsi xəstəliklər  - Natamam osteogenez (osteogenezis imperfecta) –kollagen defisiti ilə bağlı sümüklərin sınığa meyilliyi ilə xarakterizə edilən irsi xəstəlikdir. Ən çox patoloji sınıqara səbəb olan xəstəliklərdən biridir. Patoloji sınığın əlamətləri nədir? Xəstəliyin əsas əlaməti patoloji sınıq olan nahiyyədə ağrı və hərəkət məhdudluğunun olmasıdır. Patoloji sınığın diaqnozu necə qoyulur? Xəstəliyin diaqnozunu çox hallarda rentgenolji müayinə ilə təyin etmək olur. Diaqnozu dəqiqləşdirmək və sınığın etioloji mənşəyinin təyin etmək üçün kompüter tomoqrafiyası, MRT, qanın müayinəsindən, biopsiyadan da istifadə edilir. Birincili ocaq varsa mütləq aşkar edilməlidir. Patoloji sınıqlar necə müalicə  olunur? Patoloji sınığın müalicəsində bir sıra amillər nəzərə alınaraq konservativ və cərrahi müalicə taktikası seçilir. Buraya xəstəliyin ağırlıq dərəcəsi, xəstənin yaşı, ümumi vəziyyəti, yanaşı gedən xəstəlikləri, patoloji sınığın lokalizasiyası və s. kimi amilləri göstərmək olar. Əgər patoloji sınıq xoşxəssəli proses zəminində yaranıbsa sınıq cərrahi yolla müxtəlif üsullarla müalicə olunur, sümük defekti varsa bərpa edilir. Bədxəssəli şiş zəminində əmələ gələn sınıqlar daha kompleks müayinə və müalicə tələb edir.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 29.12.2017

Nefrotik sindrom xəstəliyində qidalanma
 hekimtap.az

Nefrotik sindrom xəstəliyində qidalanma

Nefrotik sindrom dediyimiz xəstəlikdə, böyrəklərin süzmə və geri əmmə qabiliyyəti pozulur. Sidikdə aşırı zülal itkisi olur. Böyrəklərdən su və natriumun geri əmilməsi artır. Sidik azalır. Bu səbəblə hüceyrəarası maye artaraq bədəndə şişmə başlayır. Səhərlər göz qapaqlarında, yeridikdən sonra ayaqlarda şişkinlik olur. Nefrotik sindromlu xəstələrin qidalanmasında əsas məqsəd ödəmlərin düzəldilməsi, itkilərin qarşılanması, bunlar edilərkən də, xəstənin yetərli və dəngəli qidalanmasıdır. Qidalanma: 1. Pəhrizdə zülal mənşəli qidaların miqdarı artırılaraq zülal itkisini qarşılamalıdır. Hər kiloqramma 1.5-2.0 qr protein qəbul edilməlidir. Qəbul edilən protein, yüksək keyfiyyətli heyvani qida şəklində olmalıdır.  2. Pəhrizin enerji dəyəri, xəstənin ehtiyacını qarşılayacaq şəkildə olmalıdır. Yetərli miqdarda karbohidrat və yağ qəbul edilməlidir.  3. Bədənində şişkinlik olan xəstələrin pəhrizində duz kəskin azaldılmalıdır. Arterial qan təzyiqi normal olan və ödəmi olmayan xəstələr duz istifade edə bilərlər. 4. Pəhrizin maye və elektrolit dəyəri, xəstənin sidik çıxışı və ödəminə görə tənzimlənir.  5. Xəstənin vitamin və mineral ehtiyacı mütləq qarşılanmalıdır. 6. Xəstənin yaxşı qidalanması üçün, yetərli miqdar və çeşitdə qidalar verilməlidir. Duzsuz pəhrizdə olan iştahsız xəstələrin istəyinə görə yeməklərinə limon, sarımsaq, kəklik otu, vanil və bənzər əlavələr qatıla bilər.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   

Published: 27.12.2017

Yastıayaqlıq... hekimtap.az

Yastıayaqlıq...

Pəncə skeletimiz üçün dayaq və amartizator rolunu oynayır, hərəkət zamanı tarazlığı, bədən yükünün bərabər paylanmasını və bədənin ahəng hərəkətini təmin edir. İnsanın yerişi, qaməti, günün sonunda  ağrıların və diskomfortun dərəcəsi ayaq tağının formasından asılıdır. Ayaq tağının qeyri-düzgün formalaşması və ya onun zədələnməsi bütün dayaq-hərəkət aparatının işinin pozulmasına səbəb olur. Bu zaman aşıq-daban oynağı, diz və bud çanaq oynaqları və bütün bədən əzlələləri əziyyət çəkirlər. İnsanda yastıayaqlıq varsa, ayaq tağı düzgün fəaliyyət göstərmir. Yastıayaqlıq niyə yaranır? Yastıayaqlığın  simptomları Ayaq tağının tam və ya hissəvi olmaması yastıayaqlıq adlanır. Yastıayaqlıq köndələn, boylama və ya qarışıq ola bilər.   Yastıayaqlığın bir neçə səbəbi var. Ən əsas səbəbi isə ayaqlara düşən yükün həddən artıq olmasıdır. Bu yüklənmə həddən artıq çox və ya az ola bilər. Bu statik yastıayaqlıq adlanır. Digər yastıayaqlıq növlərinə pəncənin paralitik, travmatik, raxitik zədələnməsi və ya anadangəlmə yastıayaqlıq aiddir.   Yastıayaqlıq simptomları ilə qadınlar daha tez-tez rastlaşırlar. Risk faktorlarına artıq çəki, ayaqüstə iş rejimi, dikdaban və ya dar ayaqqabılar geyinmək aiddir. Bu faktorların nəticəsində  pəncənin kostruksiyası dəyişir. Ayaq pəncəsinin əzələ-bağ aparatı zəifləyir. Bu cür ayaq, uzun müddət bir yerdə dayanmaqdan və ya çox gəzməkdən ağrımağa başlayır.  Yerimə zamanı yastıyaqlı pəncədə normal pəncədən fərqli olaraq addımlama zamanı yaranan impuls pəncənin tağı tərəfindən zəifləmir və bütün oynaqlara ötürülür. Beləliklə dayaq-hərəkət aparatı normal fizioloji vəziyyətindən daha çox yüklənir. Bu zaman amartizator funksiyasını onurğa sütunu öz üzərinə götürür. Nəticədə onurğa sütünu boyunca çoxsaylı ağrılar, yırtıqlar, sinir köklərinin sıxılması və s. kimi problemlər yarana bilər.  Yastıayaqlıq simptomları:  - Ayaqqabı seçimində problemlər yaranır, pəncənin eni adət etdiyiniz ölçüdə ayaqqabını geyinməyə imkan vermir.  - Ayaqda, baldırda və bud nahiyəsində günün sonunda yaranan ağırlıq və küt ağrılar. Bu ağrılar yuxudan sonra keçir.  - Baldır  əzələlərində ağrı, pəncələrdə şişkinlik, qamət pozulmaları (kifoz, skolioz )  - Ayaq baş barmağının dərisində çapıqlaşma zonaları yeriş zamanı diskomfort hissi yaradır.   - Yerişin dəyişilməsi, yerişin ritmi və sürəti dəyişir. Ayaqqabı və corabın iç tərəfi yeyilməyə başlayır.    - Boylama yastıayaqlıqda pəncənin ortasına təzyiq zamanı ağrı olur, pəncə yastılaşır, ayaq arxası şişkinləşir.   - Köndələn yastıayaqlıq zamanı isə ayaq ucları enlənir.  Ayaq yastığı nahiyəsində “döyənək” yaranır. Pəncə ucları getdikcə enlənir.  Daha ağır formalarda bu simptomlarla yanaşı ayaq baş barmağında ağrılı sümük əllənə bilər. Gəzərkən ayaqlar tez yorulurlar, qamət və yeriş pozulur. Yastıayaqlığı necə aşkar edirik? Yastıayaqlığın müalicə üsulları  Yastıayaqlığı çox asan bir testlə üzə çıxartmaq mümkündür. Ayaq pəncəsini hər hansı bir bitki yağı ilə yağlayıb, ağ vərəqin üstünə çıxaraq alınan şəkilə əsasən ayaq pəncəniz haqqında sizə məlumat vermək mümkündür. Ayaq barmaqlarından pəncəyə kimi olan nahiyədə oymanın ölçüsünə əsasən yastıayaqlığı təyin etmək mümkündür. Oyma nə qədər kiçikdirsə yastıayaqlığın dərəcəsi də bir o qədər böyükdür. Yastıayaqlığa şübhə və ya ona səbəb olan faktorlar və simptomlar varsa, mütəxəssisə getməyi təxirə salmayın. Pəncənin bu cür vəziyyəti müalicə olunmazsa simptomlar getdikcə artacaq və yaş artıqca şikayətlər çoxalacaqdır.  Bunun üçün ayaq pəncəsi və bədənin bütün sümük-oynaq sistemi osteopat həkim tərəfindən müayinə olunur, hər hansı bir oynaqda olan patologiyalar oynağın bağ aparatı və sümük sistemi arasındakı əlaqə  normal fizioloji vəziyyətə qaytarılır.Osteopat həkim öz əlləri vastəsilə pasient orqanizminə müəyyən ritm və tezlikdə təsir göstərərək itirilmiş funksiyaları normallaşdırmağa və balansa qaytarmağa yönəlmişdir.  Osteopatik müalicə üsulu  təmamilə ziyansızdır və əks göstərişləri yoxdur.  Ayaqdakı əzələ və bağ aparatını bu fizioloji vəziyyətdə saxlamaq üçün hər bir pasientə müvafiq olan ayaqqabı üçün içlik –supinator  təyin olunur. Osteopatik müalicəylə yanaşı supinatorlar da təyin olunarsa daha tez effekt əldə etmək mümkündür. Supinatorlar ayaq tağının itirilmiş amartizator funksiyasını əvəz edir və həkim tərəfindən təyin olunmalıdır. Mütəxəssisə vaxtında müraciət olunarsa, bir sıra dayaq-hərəkət sistemi xəstəliklərindən sığortalanmaq mümkündür.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 25.12.2017

Spinner