Ozonoterapiya
 hekimtap.az

Ozonoterapiya

Ozonoterapiya nədir? Müasir təbabətdə xəstəliklərin müalicəsi və qarşısının alınması, orqanizmin həyat gücünün yüksəldilməsi məqsədi ilə daim effektiv, təhlükəsiz və yeni müalicə metodlarının axtarışları aparılır. Belə proqressiv müalicə metodlarından biri də ozonoterapiyadır. Təbii, dərmansız, fizioterapevtik müalicə metodu olaraq, ozonoterapiya nəinki xəstəliklərin malicəsinə şərait yaradır, eləcə də, orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası, xəstəliklərin qarşısının alınmasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir. Ozon oksigen qarışığını qana yeritdikdə orqanizmin bir sıra kaskad biokimyəvi proseslərinin işə salınması və ya aktivləşməsi baş verir. Buna görə də ozon-oksigen qarışığını qəbul edən insan güc, enerji gəlişi hiss edir, yorğunluq gümrahlıq hissi ilə əvəz olunur. Bu hal ildırımlı, yağışlı havadan sonra meşədə gəzən hər kəsə məlumdur .Təmizlik, yüngüllük, təravətlilik hissini havada olan ozon molekulları yaradır. Ozon necə təsir göstərir? Ozon molekulları hüceyrə və toxumalara seçici təsir göstərir, orqanizmin orqan və toxumalarını zədələmir, əksinə olaraq, onları enerji ilə təmin edir. Orqanizmdə normada həll olunmuş ozon var, buna görə də onun terapevtik dozalarda istifadəsi tam təhlükəsizdir. Ozonun müalicəvi təsiri Ozonun terapevtik dozaları insan orqanizminə geniş diapozonlu müalicəvi təsir göstərir:  – Mərkəzi və periferik qan dövranı, mikrosirkulyasiya yaxşılaşır; damar divarlarının elastikliyi bərpa olur; eritrositlərin deformasiya qabiliyyəti artır, adqeziv (yapışma) xüsusiyyəti zəifləyir və onların kapilyarlara keçməsi yaxşılaşır; qanın oksigen daşıma xüsusiyyəti yaxşılaşır; qanın qatılığı azalır; qan yaranma stimullaşır. – Orqan və toxumalara antihipoksik təsir göstərir (oksigenin hüceyrələrə çatdırılması və onun utilizasiya prosesləri yaxşılaşır).  Ozonun iştirakı ilə eritrositlər oksigeni 10 dəfə çox özünə birləşdirə və daşıya bilir, buna görə də ozonoterapiyadan sonra qanın rəngi al-qırmızıya doğru dəyişir.  – Qanın detoksikasion (zərərli birləşmələrdən təmizlənmə) potensialı qalxır.  – İltihab əleyhinə təsir göstərir; ümumi və yerli müdafiə sistemlərini (immuniteti) stimullaşdırır, orqanizmin şiş əleyhinə rezistentliyini artırır.  – Bütün növ bakteriyalara, viruslara,göbələklərə və ibtidailərə məhvedici təsir göstərir. Ozonoterapiya xəstəliklərin müalicəsi kimi Ozonoterapiyadan təbabətin bütün sahələrində bir çox xəstəliklərin və patoloji halların müalicəsində istifadə olunur; allergiyalar, şəkərli diabet, bronxit və astma, revmatizm, qaraciyər, mədə və bağırsaq xəstəlikləri, ürəyin işemik xəstəliyi, hipertoniya, ateroskleroz, qan dövranı pozğunluğu xəstəlikləri, xroniki yorğunluq, zəifləmiş immunitet, depresiya, yaddaş və diqqət pozğunluğu, osteoxondroz və yırtıqlar, miqren, LOR və göz xəstəlikləri, cərrahi xəstəliklər, travmalar və s. Hamiləlik zamanı ozonoterapiya Ozonoterapiya hamilələrin əhvalını tez bir zamanda yaxşılaşdırır; iştaha artır, yuxu normallaşır, təngənəfəslik və oyanıqlıq azalır. Hamilələrdə anemiyanın, toksikozların, xroniki infeksiyaların, düşük təhlükəsinin, dölün inkişafdan qalmasının klinik gedişinə müsbət təsir göstərir. Yenidoğulmuş uşaqların ətraf mühitə adaptasiyasını yaxşılaşdırır, analarda laktasiyanı artırır. Ozonoterapiyanın metodları Xəstəlikdən asılı olaraq, ozonoterapiyanın müxtəlif metodlarından istifadə edilir. Əsasən, ozonlaşdırılmış fizioloji məhlulun vena daxilinə yeridilməsi metodu geniş istifadə olunur. Müalicə məqsədi ilə sistem təsirə malik böyük və kiçik ozonohemoterapiyadan da istifadə edilir. Bundan əlavə, ozon-oksigen qarışığını dərialtı, əzələdaxili, rektal, vaginal, oynaqdaxili və oynaqətrafı, ozon kameraları şəklində dəriüstü (bağlı mühitdə qazlaşdırma), materialları (distillə edilmiş su, bitki yağı) ozonlaşdırmaqla xaricə və daxilə istifadə etmək olar.  Ozonoterapiyanın müalicəvi effekt yaratması üçün hər xəstəyə fərdi olaraq (çəkidən, yaşdan, xəstəliyin dövründən asılı olaraq) müalicə sxemi və ozonun verilmə konsentrasiyası təyin olunur. Hər bir müalicə metodunda olduğu kimi, ozonoterapiyanın da göstəriş və əksgöstərişləri var. Plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.  

Published: 29.03.2018

Mayomed
6565
Plazmaferez – qanın təmizlənməsi
 hekimtap.az

Plazmaferez – qanın təmizlənməsi

Plazmaferez haqqında ümumi məlumat Son illər dünya təbabətində bir sıra xəstəliklərin və potoloji halların müalicəsində qanın ekstrakorporal detoksikasiya metodlarından geniş istifadə olunur. Qanın ekstrakorporal təmizləmə ("qan yuma", "qan dəyişmə") metodlarından ən geniş istifadə olunan plazmaferezdir. Çox funksional mühit olan qan qanın formalı elementlərindən (eritrosit, trombosit, leykosit) və qanın duru hissəsi olan plazmadan (qan zərdabından) ibarətdir.“Plazmaferez“ termini (yunanca “plazma”-zərdab, “aferezis”-ayırma) qanın duru hissəsi olan qan zərdabının hissəvi ayrılmasını bildirən prosesdir. Qədim zamanlardan həkimlər bir çox xəstəliklərin müalicəsində qan almadan istifadə edirdilər. Müasir klinik praktikada bu məqsədlə plazmaferezdən istifadə olunur.  Plazmaferezin müalicəvi təsirləri Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. Birinci növbədə qan dövranından xəstəliyi saxlayan və ağırlaşdıran pataloji maddələri birbaşa ayırmaqla plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır. Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdirıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödemi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır. Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektliyini artırır. Plazmaferz nəinki qanı həmçinin hüceyrə və toxumalarıda patoloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) patoloji maddələrdən təmizləyir. Plazmaferezin növləri Orqanizmi təmizləmə metodları arasında effektivlik, keyfiyyət və təhlükəsizlik baxımından effektiv metodlardan biri də plazmaferezdir. Şəhərimizin klinikalrinda müalicəvi plazmaferez əsasən  2 üsulla aparılır – membran və sentrifuqalı plazmaferez. Hər 2 üsulun mahiyyəti eynidir - qandan qanın duru hissəsi olan plazma ayrılır. Membran plazmaferezde 1 və ya 2 vena punksiya olunur. Qan plazma-filtrdən keçərək qanın plazması formalı elementlərdən ayrılır və xüsusi konteynerə yığılır. Bir seans zamanı 500 – 1000 ml plazma ayrılır. Seans 2-3 saat cəkir. Sentrifuqalı plazmaferez zamanı 1 vena punksiya olunur. Xüsusui birdəfəlik konteynerə  450-500 ml qan yığılır. Konteynerdəki qan aparatda qravitasiya təsirinə məruz qalır və plazma formalı elementlərdən ayrılır. 1 seans zamanı 240 -280 ml plazma ayrılır. 1 prosedur zamanı  bir neçə plazmaferez seansı aparmaq mümkündür. 1 prosedur seansı 45 - 60 dəqiqə çəkir. Plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur. Hər bir müalicə metodunda olduğu kimi plazmaferezində göstəriş və əks göstərişləri var. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 28.03.2018

Mayomed
29691
Uşaqlarda bronxial astma
 hekimtap.az

Uşaqlarda bronxial astma

Xəstəlik haqqında ümumi məlumat Bronxial astma müasir dövrün ən aktual xəstəliklərindəndir. Statistika üçün qeyd edim ki, ABŞ-də böyük əhalidə 18.5 million, 18 yaşdan kiçik əhalidə isə 6.5 million insan bu xəstəlikdən əziyyət çəkir. Yəni hər 10 uşaqdan biri və ya hər 12 böyük yaşlı əhalidən biri astmadan əziyyət çəkir. Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, astma inkişaf etmiş ölkələrin xəstəliyidir. Ölkə iqtisadi baxımdan nə qədər çox inkişaf etmişsə, şəhər əhalisinin sayı nə qədər çoxdursa, urbanizasiya nə qədər yüksəkdirsə, xəstəliyin rastgəlmə tezliyi o qədər yuxarıdır. Bu barədə klinik tədqiqatlar da aparılmış və sübut olunmuşdur ki, bronxial astma və allergik xəstəliklər və sənayeləşmə arasında bir əlaqə vardır. Astma hərfi tərcümədə “boğulma” deməkdir. Astmanın yaranması bir sıra faktorlardan asılıdır. Bütün xəstəliklərdə olduğu kimi, burad da genetik faktor şübhəsiz rol oynayır. Məsələn, əgər, həm ata, həm anada astma varsa, uşaqda astmanın yaranma riski 50%-dir. Daha bir risk faktoru rütubətdir. Əgər insan rütubətli iqlim şəraitində yaşayırsa, mənzildə rütubət varsa, astmanın yaranma riski artır. Digər risk faktoru kimi toz və toz gənələrini göstərmək olar. Müasir astmanın etiologiyasında toz gənələrinin rolu müxtəlif klinik tədqiqatlarla sübut olunmuşdur. Uşaq vaxtı keçirilən ağır xəstəliklər astmaya meyillilik yaradır. Əgər uşaq, xüsusən yeni doğulan dövrlərdə, tənəffüs yollarının, ağ ciyər xəstəlikləri keçirirsə, bu uşaqların gələcəkdə astma olma riski artır. Başqa bir risk faktoru kimi antibiotikləri göstərmək olar. Ona görə tövsiyə olunur ki, antibiotikdan mümkün qədər az istifadə olunsun. Bu, o demək deyil ki, həkimin göstərişinə əməl olunmamalıdır. Göstəriş varsa, antibiotikdən istifadə olunmalıdır. Ən azı, göstəriş olmadan antibiotikdən istifadə olunmamalıdır. Daha bir risk faktoru siqaret çəkməkdir. Bəli, uşaq siqaret çəkmir. Lakin ana hamiləlik vaxtı siqaret çəkirsə, bu zaman doğulan uşağın astmaya tutulma ehtimalı digər uşaqlardan iki dəfə çoxdur. Uşaq passiv siqaret çəkməyə məruz qalarsa, gələcəkdə onun astma olmaq riskini artırır. Uşaqlarda bronxial astmanın simptomları Bildiyimiz kimi, astma boğulma deməkdir. Astma tənəffüs yollarının xroniki iltihabı deməkdir. Bu, müxtəlif allergenlər səbəbindən bronxların daralması, iltihablaşması nəticəsində əmələ gəlir. Lakin astma diaqnozu qoymaq üçün yalnız klassik simptom olan boğulma tutmalarına fikir verilməməlidir. Astmanın ən başlıca simptomu öskürəkdir. Böyüklərdə sadəcə öskürək astmanın əlaməti ola bilməz. Böyük insan uzun müddət öskürürsə, burada astmanın ola bilmək ehtimalı var. Uşaq yaşlarında isə sadəcə öskürək astmanın əlaməti ola bilər. Uzun müddətli, davamlı öskürək, müalicəyə tabe olmayan öskürək varsa, xüsusən, bu öskürək mövsümi xarakter daşıyırsa, öskürək günün müxtəlif vaxtlarında, məsələn uşaq axşam yerinə uzananda öskürməyə başlayırsa, səhər yuxudan ayılan kimi öskürməyə başlayırsa, uşaq fiziki hərəkətdə olan zaman, gülən və ağlayan zaman davamlı öskürək, boğulma şəklində öskürək müşahidə olunarsa, mütləq astma barədə düşünmək lazımdır. Uşaq yuxarı tənəffüs orqanalarının infeksion xəstəliklərini keçirir, xəstəlik 5-7 gün davam edir. Uşaq 10 gün ərzində öskürməli, sonra sağalmalıdır. Əgər qrip əlamətləri keçdikdən sonra uşaq 10 gündən artıq öskürməyə davam edirsə və bu, yuxarı tənəffüs orqanlarının infeksiaysından sonra bu, hər dəfə təkrarlanarsa, bu halda da astma haqqında düşünmək lazımdır. Uşaqda nəfəs vermənin çətinləşməsi, hava çatışmazlığı hissi, xırıltıların olması, xırıltılı tənəffüs bütün bunlar astmanın əlamətidir.   Uşaqlarda bronxial astmanın diaqnostikası Astmanın diaqnostikası üçün geniş müayinələrə ehtiyac yoxdur. Əgər uşaq 6 yaşından böyükdürsə, bu zaman spirometriya adlanan testdən istifadə olunur. Bununla uşağın ağ ciyərlərinin funksiyası, bronxlardakı daralmanın səviyyəsi yoxlanılır. Buna əsasən həm diaqnoz qoyulur, həm də müalicənin istiqaməti müəyyənləşdirilir. Bundan başqa, allegik testlər aparılır. Qanda spesifik immunoqlobinlər müəyyənləşdirilir. Allergik testlər dəri vasitəsi ilə də aparıla bilər. 6 yaşından kiçik uşaqlarda spirometriya aparıla bilmədiyindən (lazımı üfürmə hərəkətini icra edə bilmədiklərindən) astma diaqnozu qoymaq üçün şikayətlər dinlənilir, astma əleyhinə yazılan preparatların effektliliyi izlənilir, ailədə astma və allergik xəstəliklərdən əziyyət çəkən insanların olub-olmaması müəyyənləşdirilir. Bütün bu məlumatların əsasında astma diaqnozu qoyulur. Uşaqlarda bronxial astmanın müalicəsi Astma müalicəsində kəskin astma tutmalarının müalicəsi və profilaktik müalicə metodları var və onlar bir-birindən fərqlənir. Kəskin astma tutmalarının müalicəsi zamanı istifadə edilən preparatlar uzun müddətli profilaktik müalicə üçün demək olar ki istifadə olunmur. Kəskin tutmalar zamanı “Solbutamol” preparatından istifadə edilir. Bu, birincili seçim preparatıdır. Əgər inqalyasiya və nebulayzer şəklində təyin edilirsə daha effektli olur. Digər preparatlardan “Daksofilin” “Maqnezium sulfat”, göstəriş varsa “Prednezalon” 3-5 günlük qısa kurslar təyin olunur. Pasiyent kəskin vəziyyətdən çıxdıqdan sonra profilkatik müalicə aparılır. Uşaqlarda bronxial astmanın profilaktikası   Profilaktik müalicə kimi daha çox steroid tərkibli preparatlıardan istifadə olunur. Bəzi pasiyentlər bu preparatlara alışqanlıqdan ehtiyat edirlər. Qeyd edək ki, bu preparatlar heç bir alışqanlıq vermir. Onu da vurğulamaq lazımdır ki, aerozol şəklində olan steroid preparatları olmadan astmanın müalicəsi yoxdur. Kliniki tədqiqatlar göstərib ki, əgər bu preparatlar xəstəliyin ilkin mərhələlərində təyin olunmazsa xəstəliyin gedişi ağırlaşır və pasiyentin kontrola götürülməsi çətinləşir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 28.03.2018

Cinsi yolla yoluxan xəstəliklər
 hekimtap.az

Cinsi yolla yoluxan xəstəliklər

Son illərdə bütün dünyada cinsi yolla yoluxan xəstəliklərin (CYYX) rastgəlmə tezliyi artmışdır. CYYX-in törədicilərinin əsas yayılma yolu qorunmadan cinsi əlaqədir. Bu infeksiyaların əsas yoluxma yolunun cinsi yol olmasına baxmayaraq, digər yollarla da yoluxması istisna edilmir. Belə ki, qanla (qanköçürmə, şpirislərin təkrar istifadəsi və s), anadan dölə və ya yenidoğulmuşa, az hallarda isə, ağız suyu və məişət əşyaları vasitəsilə infeksiyaların yoluxma halları mümkündür. CYYX-in törədicilərini bir neçə qrupa ayırmaq olar:  – Bakteriyalar - xlamidioz, qonoreya, yumşaq şankr, sifilis, mikoplazmoz, ureaplazmaz  – İbtidailər – trixomoniaz  – Göbələklər – kandidoz  – Parazitlər – gənələr, bitlər  – Viruslar – HİV (İnsan İmmunçatışmazlığı virusu), genital herpes, hepatit B, sitomegalovirus infeksiyası, itiuclu kondiloma CYYX-in əlamətləri 2-3 gündən bir neçə aya qədər olan müddətdə meydana çıxa bilər. Aşağıdakı əlamətlər müşahidə olunduqda təcili həkimə müraciət etmək lazımdır:  – Kişilərdə – uretradan ifrazatın gəlməsi (qonoreya, trixomoniaz, xlamidioz ), sidik ifrazı zamanı yanma hissi və ağrının olması  – Qadınlarda – sidik ifrazı zamanı yanma hissi və ağrı, uşaqlıq yolundan patoloji ifrazat, həmçinin qarının aşağı nahiyəsində ağrının olması Ağızın selikli qişasında və dəri örtüklərində səpgilərin olması da CYYX –in əlaməti ola bilər. Bu əlamətlər meydana çıxdığı halda ya ginekoloq, ya da uroloqa müraciət etməlisiniz. Lakin, bəzi CCYX –in müalicəsi yalnız dəri – zöhrəvi dispanserində aparılır. Sifilis – xroniki gedişə malik olan, klassik CYYX - ə aiddir. Bu xəstəlik ilk növbədə mərkəzi sinir sisteminin, həmçinin daxili orqanların və sümük toxumasının zədələnməsinə səbəb olur. Sifilisin törədicisi solğun treponema (Treponema pallidum) bakteriyasıdır. Xəstəliyin başlanğıc əlaməti kiçik, bərk əsaslı, ağrısız xoranın əmələ gəlməsidir. Sonra bütün infeksion xəstəliklərə məxsus olan ümumi əlamətlər (halsızlıq,baş ağrısı və s.) ortaya çıxır. Xlamidioz – ən geniş yayılmış cinsi yolla yoluxan xəstəliklərdən biridir. Törədicisi Chlamydia trachomatis-dir. Kliniki gedişi əsasən simptomsuz və ya cüzi simptomlarla olur. 46% kişilərdə, 67% qadınlarda tamamilə simptomsuz gedişə malik olur. Qonoreya – törədicisi Neisseria gonorrhoeae (qonokokklar) əsasən cinsi yolla, az hallarda isə, məişət əşyaları vasitəsilə yoluxur və sidik - cinsiyyət orqanlarının selikli qişasını zədələyir. Yoluxduqdan 3-7 sutkadan sonra xəstəlik meydana çıxır. Kəskin qonoreya üçün sidik kanalından selikli, irinli ifrazat, yanma hissi, ağrı, tez-tez ve ağrılı sidik ifrazı xarakterikdir. Lakin, təxmini xəstələrin yarısında xəstəlik simptomsuz gedişə malik olur. Ureaplazmoz – törədicisi ureaplasma urealyticum 60 % normal qadınların, 30% isə yeni doğulmuş qız uşaqlarının uşaqlıq yolunda rast gəlinir. İnfeksiya illərlə orqanizmdə yaşamasına baxmayaraq xəstəlik törətməyə bilər. Trixomoniaz- yayılmasına görə sidik - cinsiyyət traktı xəstəlikləri arasında birinci yeri tutur. Trixomoniaz ağır fəsadlara gətirib çıxardığından təhlükəli xəstəlik hesab olunur. Onun fəsadlarına sonsuzluq, hamiləlik patologiyaları və bu qəbildən olan digər ağırlaşmalar aiddir. Yoluxma xəstə və ya daşıyıcı ilə cinsi kontakt zamanı yaranır. İnkubasion dövrü 1-4 həftədir və ilk dəfə orqanizmə düşdükdə mütləq uretrit yaranmasına səbəb olur. Kandidoz – candida cinsindən olan maya göbələkləri (candida albicans) tərəfindən törədilir. Maya göbələkləri ağızın, uşaqlıq yolunun və yoğun bağırsağın normal mikroflorasına aiddir və yalnız, miqdarının artması ve ya daha patogen ştammların yaranması hallarında xəstəlik yaradırlar. Kandidoz daha çox ümumi və yerli immunitetin düşməsi zamanı meydana çıxır. Cinsi yolla yoluxan xəstəliklərin diaqnozu kliniki əlamətlər (sidik ifrazı zamanı ağrı, uşaqlıq yolundan və sidik kanalından ifrazatın gəlməsi), yaxma və qan analizləri nəticələri əsasında qoyulur. CYYX-lər müalicə olunmadan uzunmüddət orqanizmdə qaldıqda kişi və qadın sonsuzluğu, prostatit, uşaqlıq və artımlarının iltihabı prosesləri, epididimit, cinsiyyət orqanlarının törəmələri və s. ağırlaşmalara gətirib çıxarır.

Published: 28.03.2018

Dərinin mövsüm xəstəlikləri
 hekimtap.az

Dərinin mövsüm xəstəlikləri

Bir çox xəstəliklər, o cümlədən dəri patologiyası ilin fəsilləri ilə sıx əlaqədədir. Əksər hallarda xroniki  dəri xəstəliklərin kəskinləşməsi və dərinin bakterial-virus infeksiyalarına yoluxma və yayılması yaz-yay aylarına təsadüf edir. Bu,  orqanizmə təsir edən  fəsil dəyişiklikləri  (günün uzanması, vitamin disbalansı, immunitetin zəifləməsi və s. faktorlar) təsirindən bilavasitə aslıdır. İnsanın dəri örtüyü çox mürəkkəb qurulmuş orqan olaraq daxili sistemlər ilə sıx təmasdadır. Odur ki, dəri xəstəliklərinin mövsümi xarakter daşımasında qeyri-adi bir şey yoxdur. Dəri xəstəliklərinin səbəblərindən daxili və xarici faktorları qeyd etmək olar. Daxili  faktorlar  xroniki  dəri xəstəliklərinin  yaz-yay mövsümündə kəskinləşməsinə, xarici faktorlar isə eyni dövrdə kəskin dermatozların əmələ gəlməsinə və bakterial-parazitar xəstəliklərə yoluxmaya səbəb ola bilər. Ciddiliyinə görə daxili faktorlar daha önəmlidir. Fəsil dəyişmələri dövründə kəskinləşən ağır dermatozlara (atopik dermatit, ekzema, psoriaz və s.) səbəb məhz onlardır. Bu xəstəliklər immun sistemindən aslıdır və dəridə olan iltihabi prosseslərin aktivliyi ilin fəsllərindən bilavasitə aslıdır. Məhz yaz-payız aylarında dəridə patoloji proseslərə təkan verən immunitet mexanizmlərinin aktivləşməsinə  rast gəlmək olar. Yaz-payız mövsümü virus xəstəliklərinin, xüsusən sadə-herpesin əmələ gəlməsinə və kəskinləşməsinə çox əlverişlidir. Bu sadə qovucuqlu herpesə nəzarət edən immunitet sisteminin depressiyası ilə bilavasitə əlaqədərdir. Məhz yaz aylarında fizioloji immunodefisit əmələ gəlir, buda öz növbəsində virusun dəri və selikli qişalarında “oyanmağına” səbəb olur. İmmunitetin azalması dəri amebiazı  xəstəliyinə səbəb ola bilər. Dəri amebiazı, bağırsaq amebiazının fəsadı kimi inkişaf edir. Prosesə anal nahiyəsi, sarğı və aralıq  nahiyəsində dəri cəlb olunur. Belə olan hallarda  zədələnmiş nahiyələrdə dərin xoralar və çatlar əmələ gəlir. Yaz-yay aylarında dərinin parazitar və infeksion  xəstəliklərinin sürətlə artması müşahidə olunur. Qotur bunların arasında ən çox yayılmış xəstəlikdir. Bu xəstəliyin zirvəsi yayın axırına təsadüf edir. Yaz-yay aylarında çox saylı göbələk xəstəliklərinə yoluxmaq şansı bir neçə dəfə artır. Yazın sonu, yayın əvvəli gənələrin  və digər  həşəratların  oyanma vaxtı hesab olunur. Gənələrin sancması Borrelioz ( laym xəstəliyi) yarada bilər. Borrelioz xəstəliyinin təhlükəsi ondan ibarətdir ki, təkcə dəridə yox, orqanizmin bir çox sistemlərində (sinir, ürək, ürək-damar və s.) fəsad  törədə bilər. Yaz aylarında birələrin akliyi gözə çarpır. Birə bir metrə qədər tullana bilər və onların  sancması ciddi diskomfort yaradır. Bəzi hallarda xəstə birə sancmasını allergiya kimi qiymətləndirir, müxtəlif təsirsiz dərmanlar qəbul edir, bu da prossesi uzadır, zədələnmiş sahələrdə xüsusi ilə uşaqlarda ciddi fəsad törədir. Yazın sonunda yayın əvvəlində allergik dermatitlərin, xüsusən də övrənin çoxalması gözə çarpır. Bu da günəş aktivliyinin, güllərin açması ilə izzah olunur. Dərinin bakterial infeksiyaları, piodermiyalar yaz və yay aylarında ən çox uşaqlarda  sürətlə yayılmağa başlayır. Bunun səbəbi temperaturun yüksəlməsi, gigiyenik qaydalara əməl edilməməsi nəticəsində dəridə mikroçatlar əmələ gəlməsi və o çatlardan dərialtı təbəqələrə patogen mikrofloranın daxil olmasıdır. Yaz-yay aylarında böyük təhlükə yaradan cinsi  yolla yoluxan infeksiyaların da artmasıdır. Bu xəstəliklər ilə mübarizə təkcə xəstənin özünə yox, eyni zamanda ətrafdakılar üçün  təhlükə törətmə  və insanların reproduktiv funksiyasını pozduğuna görə çox aktualdır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 27.03.2018

Uşaqlarda sistit xəstəliyi
 hekimtap.az

Uşaqlarda sistit xəstəliyi

Uşaqlarda sistit xəstəliyi nədir? Sistit sidik kisəsinin iltihabi prosesidir. Oğlan uşaqları ilə müqayisədə qızlarda daha çox rast gəlinir. Bu da anatomik quruluşla əlaqədardır. Qızlarda sidik kanalı oğlanlara nisbətən daha qısadır. Ona görə də sidik kanalında olan hər hansı bir infeksion proses sidik kisəsinə daha tez yayılır. Çox vaxt valideynlər bunu ciddi qəbul etməyib, soyuqdəymə kimi qəbul edirlər. Əgər xəstəlik vaxtında müalicə olunmazsa bu, pielonefritlə nəticələnə və ya xroniki sistitə gətirib çıxara bilər.   Uşaqlarda sistit xəstəliyini əmələ gəlmə səbəbləri Xəstəliyin əmələ gəlməsinə səbəb daha çox infeksion xəstəliklər, bakterial infeksiyalar, göbələk xəstəlikləri, bağırsaq çöpləri və gigiyena qaydalarına düzgün əməl edilməməsi ola bilər. Uşaqlarda sistit xəstəliyinin simptomları Xəstəliyin əsas simptomları tez-tez sidiyə getmək, sidiyə gedərkən ağrı və yanğı hissləri, sidiyin xoşagəlməz iyli olması, sidiyin bulanıq, selikli olması, temperatur, qarının aşağı nahiyələrində ağrılardır. Bəzi hallarda xəstəlik özünü qusma ilə də biruzə verir. Uşaqlarda sistit xəstəliyinin diaqnostikası Sistitin diaqnostikası üçün əvvəlcə sidiyin ümumi analizi verilir, sidiyin “əkilməsi” həyata keçirilir və böyrəklərin ultrasəs müayinəsi aparılır. Uşaqlarda sistit xəstəliyinin müalicə metodları Müalicə, əsasən, antibiotiklərlə aparılır. Pasiyentə bol maye verilir. Uşaqlarda sistit xəstəliyinin profilaktikası Gigiyena qaydalarına düzgün əməl etmək sistitin əsas profilaktikasıdır. Hər nəcis və hər sidik ifrazından sonra sidik-cinsiyyət sistemi mütləq təmiz yuyulmalıdır. Yuyulmanı sabunla etmək o qədər də vacib deyil. Sabunla yumanı gecə yuxusundan əvvəl həyata keçirmək yetərlidir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az

Published: 27.03.2018

HekimTap Pro
19785
Qadın cinsi hormonları
 hekimtap.az

Qadın cinsi hormonları

Hormonlar haqqında ümumi məlumat Hormonlar bioloji aktiv maddə olub, daxili sekresiya vəziləri tərəfindən ifaz olunur. Hormonların miqdarı qanda az olsa da, onların disbalansı orqanizmə cox böyuk təsir edir. Hormonal fonun qiymətləndirilməsinin vaxtında aparılması müəyyən xəstəliklərin erkən aşkarlanmasına şərait yaradır. Qadınların müayinəsində hormonların rolu Qadınların sağlamlığının yoxlanılmasında əsas laborator müayinələrdən biri də qadın cinsi hormonlarının yoxlanılmasıdır. Bildiyimiz kimi, hormonal fon cinsi inkişafla yanaşı, orqanizmin bir çox sistemlərinə, maddələr mübadiləsinə, psixoemosianal fona təsir edir. Əsas etibarilə qadınlar cinsi hormonların laborator müayinəsinə aybaşıda baş vermiş hər hansı pozğunluq və ya hamiləliyin planlaşdırılması və yaxud yarımçıq hamiləliklər  müşahidə edildikdə müraciət edirlər. Hormonal disbalansın əlamətləri Hormonal disbalans özünü bir çox əlamətlərlə büruzə verə bilər. Bunlara dəridə səpgilərin artması, saçların tez yağlanması, tökülməsi, tüklənmə, ödemlər, şişkinlik, dəridə quruluq, çəkinin artması, baş ağrıları, yorğunluq və s. göstərmək olar. Cinsi hormonlar menstrual tsiklin dövrünə görə 2 qrupa bölünur: 1. Folikulyar faza hormonları 2. Lüteal faza hormonları Qadınlarda əsas hormonal fonu estrogenlər, progesteron, lh, fsh, prolaktin, testesteron, DHEAS hormonları təşkil edir. Bu hormonların verilməsi menstrual tsiklin fazasından asılıdır. Analizin nəticəsində yanlışlığa yol verməmək üçün analizin verilmə qaydasına düzgün əməl etmək lazımdır. Bildiyimiz kimi, analizlər səhər, acqarına verilməlidir. Bu zaman, həmçinin, sutka ərzində spirtli içki içmək, siqaret çəkmək, cinsi əlaqədə olmaq məsləhət görülmür. Bundan başqa, fiziki yük və hər hansı dərman preparatının qəbulu yolverilməzdir. Xəstədən qan sakit vəziyyətdə gotürülməlidir. Cinsi hormonların müayinəsi zamanı qan verdikdə xəstə aybaşı tsiklinin gününü, hamiləlik varsa, həftəsini, menopauzadadırsa onun baş vermə tarixini və hətta, hansısa hormonal dərman və ya antibiotik qəbul edirsə,  bildirməlidir. Yuxarıda dediyimz kimi, hormonlar aybaşı tsiklinin müəyyən vaxtı verilməlidir. Məsələn, FSH LH PRL aybaşının 3-5-ci günü verilir. Ovulyasiyanı izləmək ucun LH hormonu tsikl ərzində  bir neçə dəfə verilməsi tövsiyə olunur. Testr DHEAS 8-10-cu gün, progesteron 21-22-ci gün verilməlidir. Əgər aybaşı pozğunluğu varsa, o zaman E2 və progesteron tsikl ərzində bir neçə dəfə verilir. Hormonal balansa təsir göstərən digər faktorlar Dərialtı piy qatı cinsi hormonların balansında mühüm rol oynayır. Piy toxumasında estrogenlər sintez olunur və piy toxuması həddindən artıq inkişaf etdikdə piylənmə zamanı qanda estrogenlər artır, hormonal balans pozulur və aybaşı pozğunluğu meydana gəlir. Ona görə də piylənmədən əziyyət çəkən şəxslərdə klimaks dövründə qanaxma çox olur . Klimaks - qadınlarda fizioloji proses olub, hormonal yerdəyişmənin baş verməsi ilə müşayiət olunur. Bu dövrdə xəstənin hormonal vəziyyətini qiymətləndirmək üçün estrogenlər FSH LH  analizləri müayinə olunmalıdır. FSH menopauza dərəcəsini müəyyən etmək üçün vacib olan müayinə hesab edilir. Hormonların düzgün müayinəsi xəstəliyin diaqnostikasında və müalicənin təyin edilməsində əsas rol oynayır. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 27.03.2018

HekimTap Pro
37981
Hipertoniya xəstəliyi
 hekimtap.az

Hipertoniya xəstəliyi

Hipertoniya nədir? Hipertoniya qan təzyiqinin yuxarı olması deməkdir. Bu, müxtəlif səbəblərdən özünü simptom şəklində də özünü göstərə bilər. Eləcə də orqan və üzvlərdə baş verən dəyişkənlik nəticəsində özünü xəstəlik formasında büruzə verə bilər. Simtomatik hipertoniya və hipertoniya xəstəliyini ayırd etmək vacibdir. Hipertoniya xəstəliyi həm yaşlı, həm də cavan admlarda yarana bilər. Bunun əsas yaranma səbəbləri oturaq həyat tərzi, diyetaya düzgün əməl etməmək, yağlı və duzlu məhsullardan çox istifadə etməkdir. Daha bir səbəb əsəb sisteminin yüksək gərginliyə məruz qalmasıdır. Hipertoniya xəstəliyi birincili və ikincili olmaqla iki yerə bölünür. Birincili hipertoniya essensial hipertoniya adlanır. Bu, əsəb sisteminin gərginliyi fonunda əmələ gəlir. Həmçinin, böyrəklərdə baş verən dəyişikliklər nəticəsində də yarana bilər. İkincili hipertoniya orqanların zədələnməsi nəticəsində baş verir. Məsələn, qalxanabənzər vəzin zədələnməsi, böyrəklərdə baş verən dəyişikliklər, parinxamotoz mənşəli pozuntular, həmçinin, böyrəyin damar sistemində baş verən dəyişikliklər, böyrək arteriyasının stenozu və s. Bundan başqa, böyürəküstü vəzdə baş verən dəyişkənliklər, patoloji proseslər təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çox yuxarı təzyiqin yaranması feyoxromostoma adlanan böyrəküstü vəzin şişləri zamanı da müşahidə olunur. Hipertoniyanın simptomları Hipertoniya xəstəliyi çox zaman simptomsuz keçir. Onu görə də insanlar adətən təzyiqin qalxdığını hiss etmirlər. Təzyiq yüksək olması yalnız xüsusi müayinələrdən sonra aşkar edilir. Təzyiqin yuxarı olması baş ağrısı, baş gicəllənməsi, əzginlik şəklində özünü büruzə verir. Ağrılar ənsə nahiyəsindən tutaraq, pulsasiya şəklində baş verir. Müəyyən dövrdən sonra görmədə problenlər, vizual pozuntular da yarana bilər. Əgər qan təzyiqinin yüksəlməsi uzun müddət davam edərsə, hipertonik ensofalopatiya əlamətləri üzə çıxa, ürəkbulanma, qusma baş verə bilər. Hipertoniyanın diaqnostikası     Hipertoniyanın diaqnostikası ilkin dövrdə xəstənin şikayətlərinin dinlənməsi ilə həyata keçirilir. Hər iki ətrafda qan təzyiqi ölçülür. Bundan başqa, qanın ümumi analizi aparılır, qanda xolesterin və kreatinin miqdarı müəyyənləşdirilir. Böyrəklərin funksional sınaqları yoxlanılır. Həmçinin, ürəkdə baş verən dəyişiklikləri aşkar etmək üçün elektrokardoqramma olunmalıdır. Belə ki, sol mədəciyin hipertrofiyası əlamətləri aşkar oluna bilər. Bundan başqa, ehtiyac yaranarsa, exokardioqrafiya edilir. Hipertoniyanın müalicə metodları Xəstəlik aşkar edildikdən sonra ilkin dövrdə müşahidə aparılmalıdır. Aşkar olunmalıdır ki, bu simtomatik hipertoniyadır, yoxsa hipertoniya xəstəliyi artıq yaranıb. Əgər simptomatik hipertoniyadırsa, ilkin olaraq həyat tərzinin dəyişilməsi, duz qəbulunun miqdarının maksimum dərəcədə azaldılması, yağlı yeməklərdən imtina etmək (xolesterini aşağı salmaq məqsədilə), siqaret çəkməmək, spirtli içkilər qəbul etməmək tövsiyə olunur. Pasiyent müşahidə altına alınır – müəyyən dövrdən bir təzyiqi ölçülür. Bədən çəkisinin aşağı salınması təzyiqin endirilməsində vacib şərtlərdən biridir. Müşahidələr göstərir ki, hər 10 kq çəkinin aşağı salınması təzyiqin 5-7 mm.c.s enməsinə səbəb olur. Əgər təzyiq normallaşmazsa, 140-90-dan aşağı enməzsə, prehipertoniya müalicəsinə başlamaq olar. İlkin müalicə tiazid diuretikləri ilə aparılır. Xəstəliyin müalicəsində monoterapiya və bir neçə dərmanın kombinasiyasından istifadə oluna bilər. Sonrakı mərhələdə angioenzim çevirici inhibitorlarından istifadə edilir. Bu qrupdan olan preparatların əlavə təsirlərləri də yarana bilər. Onlar özünü öskürək, qəbizlik və s. kimi göstərir. Lazımi preparat və doza həkim tərəfindən müəyyənləşdirilir və təzyiqə uyğun olaraq, tənzimlənir. Bundan sonra saxlayıcı müalicə seçilir. Bundan başqa, hipertoniyanın müalicəsində renin inhibitorlarından və reseptor blokatorlarından istifadə edilir. Xəstəliyin tipindən asılı olaraq, bu dərmanlar  monoterapiya və yaxud da kombinasiya edilmiş formada tətbiq olunur. Xolesterini aşağı salmaq üçün müxtəlif preparatlardan, qanın laxtalanma sürətini aşağı salan dərmanlardan da istifadə edilir. Hipertoniyanın profilaktikası Hipertoniya xəstəliyinin profilaktikası məqsədilə aktiv həyat tərzi keçirmək, yağlı qidalardan az istifadə etmək, heyvan mənşəli yağları məhdudlaşdırmaq və bitki mənşəli yağlara üstünlük vermək, siqaret çəkməmək, spirtli içkilərdən istifadə etməmək tövsiyə olunur.    Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Published: 24.03.2018

Mayomed
45103
Spinner