Çiyin çıxıqları (Bankart lezionu)
 hekimtap.az

Çiyin çıxıqları (Bankart lezionu)

Bankart lesion (İngilis cərrah Arthur Sidney Blundell Bankart'ın adı verilmişdir) çiyinin önə doğru çıxması nəticəsində oynağın  labrum adı verilən elastik toxumasının ön hissəsinin sümükdən və ya sümüklə birlikdə ayrılmasına deyilir. Çıxma nəticəsində bazu sümüyünün başının arxa hissəsində zədələnmə meydana gələ bilər ki buna da  Hill-Sachs lezionu adı verilir.  Təkrarlanan çiyin çıxıqları  aşağıdakı şəkildə təsnif edilə bilər: Travmatik çıxıqlar Bu tip çıxıqlar travma nəticəsində meydana gəlir (yıxılma, avtomobil qəzasıvə s.). Daha çox bazu sümüyünün başı önə doğru çıxır.Bu zaman labrum deyilən elastik toxumada zədələnmə yarana bilir. Bəzən isə kürək sümüyünün oynaq səthinin sümük kənarını da zədələyə bilir. Hər iki problemə də Bankart lezionu adı verilir (sadəcə labrum yırtığı görülən və ya sümük qopması ilə birlikdə rastlana bilər. Sonuncusuna “bony Bankart” deyilir. Bu xüsusiyyətlərindən dolayı tibb ədəbiyyatında ingiliscə TUBS instabilliyi (Traumatic unilateral dislocations with a Bankart lesion)deyilir. Təkrarlayan çiyin çıxıqlarının əksəriyyəti travmatik çıxıqdır. İlk çıxıq yerinə salındıqdan sonra qol mütləq xüsusi sarğıya alınmalı və kəskin dövr keçdikdən sonra çiyin təkrar muayinə olunmalıdır. Xüsusilə ilk çıxıq 20 yaş altında olmuşsa, 80%  yenidən çıxıq ehtimalı var. 40 yaş üzərində ilk çiyin çıxığı olan xəstələrdə təkrarlanan çıxıq nisbəti 20%-dir. Əgər Bankart lezionu yaranmışsa müalicə yalnız cərrahidir. Atravmatik çıxıqlar Bu çıxıqlar travma olmadan meydana gəlir. Gündəlik həyatda hərəkətlər zamanı (qolu çevirmək, qaldırmaq, tərs bir hərəkət etmək kimi) həm arxaya, həm də önə çıxan, adətən hər iki çiyində görülən, müalicəsində ilkin fizioterapiya seçilən problemdir.Bu xüsusiyyətlərindən dolayı tibb ədəbiyyatında ingiliscə AMBRİ instabilliyi (Atraumatic, Multidirectional,often Bilateral,requires Rehabilitationas first-line therapy, Inferior capsular shift) deyilir.Bu xəstələrdə çiyin çox asan çıxaraq sonradan yerinə girir. Təcrübəli əllərdə fizioterapiya ilə 80% müalicə edilir.Fizioterapiyaya cavab verməyənlər isə cərrahi üsullarla müalicə edilirlər. Vərdişi çıxıqlar Xəstələr çiyinlərini istəkli olaraq önə və arxaya çıxarıb yerinə yerləşdirirlər. Bu psixoloji səbəbli atravmatik (AMBRİ) çıxıqlar kimi təsnif olunur.Bu xəstələrin ilk növbədə bu vərdişdən imtina etmələri lazımdır. Bunun üçün bəzən psixoloji müalicə lazım gəlir. Vərdişi tərgidən xəstələrdə atravmatik (AMBRİ) çıxıq kimi müalicəyə davam edilir. Fizioterapiyaya baxmayaraq, müəyyən hərəkətlərdə çıxıq yaranırsa, cərrahi müdaxilə tətbiq edilə bilər. Çiyin çıxıqlarının müalicəsi Təkrarlanan çiyin çıxıqlarının cərrahi müalicəsi açıq metodlarla və qapalı-artroskopik metodlarla aparılır. Artroskopik cərrahiyyə çiyin oynağında çox az cərrah tərəfindən həyata keçirilir. Buna səbəb texniki olaraq olduqca çətin və xüsusi bir vərdiş tələb etməsidir. Biz də öz təcrübəmizdə təkrarlanan çiyin çıxıqlarında artroskopik cərrahiyyəyə üstünlük veririk. Düzgün texnika ilə edildikdə 90 %faydalılıq əldə edilir. Artroskopik Bankard təmiri Xəstə cərrahi masada oturaq vəziyyətdə (Şezlonq pozisionu) ümumi anesteziya altında çiyində 0.5 sm üç dəlik açılaraq kamera ilə oynağın daxilinə girilərək əvvəlcə muayinə edilir. Yanaşı gedən problem varsa onlar da müəyyənləşdirilir. Daha sonra xüsusi implantla yırtılmış labrum kapsulla birlikdəsümüyün ön kənarına tikilir. Oynaq kapsulunun daraldılması (kapsular shifting) Labrumun yırtılmış olmadığı, labrumun tamamilə degenerasiya olduğu təkrarlanan  çiyin çıxığı və ya labrum təmirinə əlavə olaraq aparılır. Məqsəd təkrarlanan çıxıqlarla genişləmiş  ön-arxa hissədəki kapsul daraldılır. Daraltma üçün bol kapsulun alt hissəsindən başlayaraq yuxarıya doğru tikilir. Bankart təmirində olduğu kimi 3 dəlik istifadə edilməklə aparılır. Dağlama (Shrinkage) Genişləmiş kapsul artroskopik olaraq oynaq içində radiofrekans cərəyanı istifadə edilərək qızdırılması və sonra kapsulun büzüşdürülməsi ilə sonlandırılan müalicə üsuludur. Tək başına və ya bankart təmirinə əlavə olaraq icra edilə bilər. Çiyin çıxıqlarında artroskopik cərrahiyyənin üstünlükləri Yanaşı gedən problemləri də aradan qaldırma imkanı (SLAP, loose body,və s.) ;  – Daha az ağrı;  – Psixoloji daha rahat xəstə;  – Daha asan reabilitasiya;  – Daha az yara izi;  – Daha qısa cərrahi müddət;  – Ağırlaşmalar daha az. Əməliyyatdan sonrakı müşahidə Qol 4 həftə asqıda saxlanılır və gündə 4-5 dəfə etmək şərtilə passiv hərəkətlər verilir. İki həftə sonra yaradakı tikişlər alınır. 10 gün sonra rahatlıqla kompüter istifadə edilə və həmçinin yazı yazıla bilər. 4-6 həftə arası passiv və məhdud aktiv hərəkətlərə icazə verilir. 6-10-cu həftələrdə aktiv hərəkətlər daha da artırılır və bu zaman xəstələr gündəlik işlərinin böyük hissəsini edə, qolun çiyin səviyyəsindən yuxarı və yana aça bilərlər. 12-16-cı həftələrdə bütün hərəkətlərə icazə verilir və nəhayət 16-cı həftədən idmana başlanıla bilər. Tennis, basketbol, voleybol, beysbol kimi qolun başüstü intensiv istifadə edildiyi idman növlərinə 6 ay sonra icazə verilir.Bütün bu proqramların fizioterapevt nəzarətində edilməsi əməliyyatdan sonrakı sağalmanı sürətləndirir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 14.06.2018

Uşaqlarda allergik rinit
 hekimtap.az

Uşaqlarda allergik rinit

Uşaqlarda allergik rinit nədir? Allergik rinit allergik mənşəli zökəm olub, ən geniş yayılmış xəstəliklərdən biridir. Bu xəstəliyə istənilən yaşda həm kişilər, həm də qadınlar tutula bilər. Lakin uşaqlar allergik rinitə qarşı daha həssasdırlar. Allergiyanın nəticəsi olan rinit uşağın aktivliyinin aşağı düşməsinə, dəyişkən əhval-ruhiyyəyə və yuxu pozuntusuna səbəb ola bilər. Allergik rinit zamanı burun selikli qişasının iltihabı göynəmə və asqirmaya, burun tənəffüsündə problemlər və burunda axıntılara səbəb olur.    Uşaqlarda allergik rinit – yaranma səbəbləri Uşağın yaşından asılı olaraq, allergik reaksiya tərəfindən törədilən rinit aşağıdakı səbələrdən inkişaf edə bilər:  – Südəmər və erkən yaş dövrü. Allergiya daha çox dərman preparatları, inək südü komponentlərinə, südlü uşaq qidalarına, toyuq yumurtasına və s. cavab reaksiyası kimi inkişaf edə bilər.  – Məktəbəqədər və məktəb yaşlı uşaqlar. Bu yaş qrupuna aid uşaqlarda rinit havadan daxil olan maddələr sayəsində yaranır:bitkilərin tozcuq və ya sporları və s. Allergik rinitin növləri Allergik rinitin aşağıdakı növləri var: 1. Mövsümi: Bu rinit hər il eyni aylarda özünü göstərir. Mövsümi rinitə burun tənəffüsünün pozuntusu, tez-tez asqırma, burundan seliyin çox miqdarda ifrazı, burunda göynəmə və yanma hissləri xarakterikdir. 2. İl boyu davam edən rinit. İl boyu davam edən rinit diaqnozu o zaman qoyulur ki, o, özünü 9 aydan çox və gündəlik olaraq, özünü ən azı iki saatdan bir göstərir. Bu vəziyyət selik ifrazlı zökəm, burun və gözlərdə yanma hissi, bəzən isə öskürəklə müşayiət edilir.    Uşaqlarda allergik rinitin müalicəsi Uşaq allergiyasının müalicəsi kompleks yanaşma tələb edir. Bir qayda olaraq, buraya allergenlərin müəyyən edilməsi və onlarla kontaktın aradan qalıdıralması, immunoterapiya, medikomentoz terapiya və sağlam həyat tərzi aiddir. Uşaqlarda allergik rinitin profilaktikası Allergik reaksiya tərəfindən törədilən allergiya və zökəmin qarşısını almaq üçün düzgün qidalanmaya xüsusi diqqət yetirmək vacibdir (ana südünün ən azı 6 ay verilməsi, erkən qidalanmadan imtina etmək, rasiondan yüksək allergenli məhsulların çıxarılması). Gigiyenik prosedurlar üçün (uşağın otağının təmizlənməsi, paltarlarının yuyulması və s.) hipoallergen maddələrdən istifadə etmək lazımdır. Uşaq paltarları və yataq dəstləri seçərkən təbii parçalara üstünlür vermək lazımdır. Uşağın səhhətinin ümumi göstəricilərinin yaxşılaşdırılması – bu çox vacib mərhələdir, belə ki, tez-tez baş verən kəskin respirator xəstəliklər və soyuqdəymə allergik reaksiyaların inkişafını əhəmiyyətli dərəcədə artırır. Mövzu ilə bağlı video: © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 14.06.2018

Çiyin artroskopiyası
 hekimtap.az

Çiyin artroskopiyası

Çiyin artroskopiyası nədir? Çiyin artroskopiyası 0,5 smlik dəliklərdən 4mm /30 dərəcə  kamera  ilə  oynaq içərisinə girilərək  diaqnoz və müalicə məqsədli edilən minimum cərrahi müdaxilədir. Çiyin artroskopiyası də diz artroskopiyası ilə birlikdə ən çox tətbiq olunan artroskopik cərrahiyyə metodlarından biridir. Çiyin artroskopiyası  adətən "rotator cuff" əzələ yırtıqları, təkrarlayan çiyin çıxıqları və bağ yaralanmaları, bursit, sıxışma sindromu və s. problemlərdə  tətbiq  edilir.   Çiyin artroskopiyası əməliyyatı necə edilir? Çiyin artroskopiyası ümumi anesteziya və ya lokal anesteziya altında aparılır. İki fərqli əməliyyat mövqeyi vardır. Cərrahi masada oturaq vəziyyətdə və ya yan yatıb qolun yuxarı uzadılması şəklindədir. Bu tamamilə həkimin vərdişinə bağlıdır. Birinin digərinə nəzərən üstünlüyü yoxdur. Əvvəlcə  çiyin  nahiyyəsinin xüsusi giriş nöqtələrinə uyğun  0,5 smlik dəlik açılır. Sonra kamera oynaq içərisinə daxil edilir.Cərrah kameraya bağlı olan monitor sayəsində oynaq içərisini ətraflı şəkildə tədqiq edir.  Diaqnoz müəyyənləşdirilir və eyni seansda cərrahi müalicə  aparılır. Əməliyyatın sonunda isə bu dəliklər  bir və ya iki ədəd tikişlər vasitəsilə qapadılır. Əməliyyatın müddəti, çiyində olan problemə görə dəyişməklə birlikdə ortalama 1-2 saat çəkir. Çiyin artroskopiyasının üstünlükləri  Artroskopiya bir qapalı əməliyyat üsuludur. Bu səbəbdən əməliyyat zamanı və xüsusən əməliyyatdan sonrakı  dövrdə bir çox üstünlüyə malikdir. Çiyin artroskopiya üstünlükləri və ya faydaları bunlardır:  – Problemin daha  dəqiq  görünməsi;  – Daha az ağırlaşma riski;  – Daha sürətli sağalma müddəti;  – Daha ağrısız proses;  – Estetik yara izi. Çiyin artroskopiyası sonrası  – Xəstə adətən ertəsi gün evinə yazılır;  – Yüngül ağrılar sadə ağrı kəsicilərlə nəzarətdə saxlanılır;  – Qol asqısı istifadə edilərək əməliyyat olunmuş çiyinə istirahət vəziyyəti verilir. Hər nə qədər artroskopik cərrahiyyədə sağalma prosesi açıq əməliyyata görə çox sürətli olsa da, 1 həftə istirahət  tövsiyə edilir.  – Şişlik üçün hər saat başı 15 dəqiqəlik buz tətbiq  etmək lazımdır;  – Yaranın 2 gündə bir sarğısı dəyişdirilir;  – Təxminən 15 gün sonra kontrola gəlinir və tikişlər alınır;  – Əməliyyatdan sonra  xəstəyə xüsusi hərəkətlər izah edilir. Bu hərəkətlər sağalma prosesini daha da sürətləndirir;  – Sağalma müddəti xəstəliyə, xəstəliyin ciddiliyinə  görə fərqlilik göstərir. Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 13.06.2018

Osteopatiya
 hekimtap.az

Osteopatiya

Osteopatiya haqqında ümumi məlumat Osteopatiyanın iş prinsipini ənənəvi dünya görüşünə malik olan həkimlər belə tam anlamır. Misal üçün, sol pəncənin travmasından sonra baş nədən ağrıyır? Pasiyent həmin pəncəyə ehtiyatla yanaşmağa başlayır, çanağın hesabına ağırlığı o biri pəncənin üzərinə salmağa başlayır. Əvvəlcə heç nə baş vermir. Müəyyən müddətdən sonra sağ çiyin və sağ dirsək ağrımağa başlayır. Daha sonra boyun da bu sıraya “qoşulur” və baş ağrıları başlayır. Buradan belə qənaətə gəlmək olar ki, baş ağrısının səbəbi – pəncənin travmasıdır. Çıxış yolu – pəncəni müalicə etmək və yanlış “əzələ yaddaşı”nı aradan qalıdırmaqdır və baş ağrısı keçib gedir.   Sehirbazlıq, magiya, şarlatanlıq! Adi insanlar və təəssüf ki, bir çox həkimlər osteopatiyaya  bu cür yanaşırlar. Lakin buna baxmayaraq, osteopatiya osteoxandroz, qıcıqlanmış bağırsaq sindromu, enurez və bir çox başqa xəstəlikləri dərmansız müalicə etməyə qadirdir.   Osteopatiyanın mahiyyəti  – Sümük, oynaq, əzələ, damarlar və daxili orqanlar arasında balansın tənzim oluması;  – Qan, limfa, onurğa beyin və hüceyrəarası mayenin sərbəst hərəkətini təmin etmək;  – Funksiyanın struktura, strukturun isə funksiyaya qarşılıqlı təsiri. Ona görə də xoş və ağrısız təsir göstərən ostepatiya adi massjdan xeyli mürəkkəb bir prosesdir. Çünki osteopat fiziki faktorlardan başqa, emosional faktorları da nəzərə alır. Belə ki, onların fəsadları heç də fiziki travmalardan geri qalmır.      Daha bir misala baxaq: Siz işə “güclə”gedirsiniz, heç nədən zövq almırsız. Bunun nəticəsi – qıcıqlılıq, əsəb, depressiya və özünüreallaşdırma problemləridir. Elə düşünməyin ki, orqanizm bunları sizə “bağışlayacaq”. Sadalanların fonunda öd kisəsi və mədə, eləcə də qaraciyər “özünü pis aparmağa başlayır”. Osteopat sizə yeniş iş verməyəcək, amma fəsadların aradan qaldırılmasına kömək edəcək.   Osteopatiya seansı necə həyata keçirilir? I mərhələ. Hazırlıq          Səhhətinizə dair olan bütün tibbi sənədləri – tibbi kartları, çıxarışları, analiz cavabları və s. toplayın. Çünki osteopat müayinə zamanı orqanizmdəki bütün problemlərdən xəbardar olmalıdıdr.   II mərhələ. Sorğu   Həkim sizin şikayətləri dinləyir, hansı xəstəliyin nə zaman yarandığını,hansı dövrdə kəskinləşdiyini dəqiqləşdirir. Həmçinin, osteopatiyaya əks-göstərişlərin olub-olmadığını müəyyənləşdirir.       III mərhələ. Diaqnostika Osteopatiyada diaqnostikanın bir çox texnikaları mövcuddur. Həkim sizdən əyilməyi, dikəlməyi, yanlara əyilməyi xahiş edə bilər. Bundan başqa,  passiv vəziyyətdə oynaqların mütəhərrikliyi yoxlanıla bilər. Həkim daha çox gərginləşən və dartılan nahiyələri müəyyənləşdirib, kəllə sümüyünün vəziyyətini dəyərləndirir. IV mərhələ.  Müalicə Həkim daha çox problemli nahiyələri axtarır və müəyyən hərəkətlərlə toxumaların boşalmasına nail olur. Sümüklərin, orqan və oynaqların düzgün vəziyyətə qaytarılması həkimin əlləri vasitəsilə yumşaq və dinamik şəkildə həyata keçirilir. İstənilən halda, xəstəlikdən asılı olmayaraq, seans vaxtı pasiyent xoş hisslər yaşayır, seans başa çatdıqdan sonra isə yüngüllük hiss edir.   Osteopatiya hansı xəstəlikləri müalicə edir? Dayaq-hərəkət aparatı: onurğanın ayrı-ayrı hissələrinin osteoxondrozu və bunun ağırlaşmalarını – yırtıq və protruziyalar, əzələ spazmları, ağrılar, yastıpəncəlik, skoliozlar. Mərkəzi sinir sistemi: doğuş travmalarının fəsadları, baş ağrıları,baş gicəllənməsi, pəltəklik, tiklər və enurez. Periferik sinir sistemi: radikulitlər, radikulopatiyalar. LOR: xroniki tonzillit. Qan dövranı xəstəlikləri: hipertoniya xəstəlikləri. Tənəffüs sistemi: bronxial astma. Həzm orqanları sistemi: öd kisəsi, öd yollarının diskeneziyayası, xroniki qastrit, xolesistit, xroniki qəbizliklər. Sidik-cinsiyyət sistemi: menstrual tsiklin pozuntusu, sonsuzluq, impotensiya.  © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 13.06.2018

Total diz protezi
 hekimtap.az

Total diz protezi

Total diz protezi nədir ?  Bütün dünyada olduğu kimi ölkəmizdə də xüsusən son 15 ildə aşırı kirəclənmiş diz oynağında total diz protezi əməliyyatları tətbiq edilir. Məqsəd ağrısız, hərəkətli, stabil bir diz oynağına sahib olmaqdır. Bu əməliyyata qədər xəstələr cərrahi olmayan müalicə metodlarından-həyat şəklini dəyişmək, fizioterpaiya,dərman müalicəsi kimi metodlardan istifadə edir. Keçməyən ağrılar daha da şiddətlənirsə və artıq gündəlik həyatda hərəkət məhdudluğuna səbəb olursa, bu zaman total diz protezi əməliyyatına ehtiyac yaranır. Bu dəfə biz   Uzman Dr. Şəhriyar B.Fətullayev ilə Diz Protezi əməliyyatları haqqında danışdıq. Diz protezi əməliyyatı nədir ? Diz protezi əməliyyatı iki şəkildə aparılır.Oynaq səthlərinin tamamilə çıxarılaraq dəyişdirilməsi proseduruna total diz protezi və kiçik kəsiklər aparılaraq oynaq qığırdaqlarınının hissəvi dəyişdirilməsi isə parsiyal diz proteziəməliyyatı deyilir.Hər iki metod bu gün modern tibbdə tətbiq edilir. Nəticələri mükəmməldir. Xəstə məmnuniyyət göstəriciləri yüksəkdir. Diz protezi əməliyyatına nə vaxt ehtiyac yaranır ? Əməliyyatın başlıca göstərişi ağrıdır. Bu ağrının səbəbi çox ciddi şəkildə araşdırılmalıdır. Ağrı həm iltihabi (revmatoid artrit-lupus artriti və s.) həm də iltihabi olmayan səbəblərdən(osteoartroz) meydana gələ bilər. Əgər ağrı səbəbi revmatik-iltihabi xəstəliklərlə əlaqəli isə bu zaman müalicə revmatoloqlarla birlikdə aparılır və müalicədə antirevmatizmal dərmanlar da tətbiq edilir. Osteoartrozla əlaqədar aparılan əməliyyatlar xəstənin həyat keyfiyyətini artırmaq məqsədilə tətbiq edilir. Total diz protezi elektiv bir əməliyyatdır. Təcili deyil.Cərrahiyyənin zamanlanması qərarı isə xəstə və həkim tərəfindən birlikdə verilir. Əməliyyatın nəticələri necədir ? Düzgün seçilmiş xəstə qrupunda 10 illik müşahidələrdə 95 % fayda əldə edilmişdir. Xəstələr dəsdəksiz yeriyə bilir,pilləkan enib-çixa bilir və xüsusən yuxudan oyandıran ağrılardan azad olurlar.Faydalılığa təsir edən digər bir məsələ isə istifadə edilən implantın keyfiyyəti və edəcək cərrahın təcrübəsi də əsas faktorlardan hesab olunur.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 13.06.2018

Stenokardiya
 hekimtap.az

Stenokardiya

Stenokardiya nədir? Stenokardiya – ürəyin işemik xəstəliyinin kliniki forması olub, sinədə qəfil ağrılar və təngənəfəsliklə ifadə edilir. Bunlar ürək əzələsinin (miokard) kəskin qan dövranı çatışmazlığı və  oksigən çatışmazlığı sayəsində baş verir.    Stenokardiya həm qadınlar, həm də kişilər üçün istənilən yaşda eyni təhlükə daşıyır. Lakin, əsasən, yaşlı insanlar arasında daha geniş yayılıb.   Stenokardiya bütün digər xəstəliklərdə olduğu kimi, ciddi yanaşma tələb edir, əks halda, növbəti stenokardiya tutması miokard infarktı və hətta ürəyin tamamilə dayanmasına səbəb ola bilər. Stenokardiyanın yaranma səbəbləri Stenokardiyanın əsas səbəbi ateroskleroz və ya ürək arteriyası tac damarlarının spazmıdır, bu da öz növbəsində, koranar arteriyaların daralmasına, yaxud da tamamilə tutulmasına gətirib çıxarır. Nəticədə qan və onunla birgə oksigenin ürəyə daşınması pisləşir və ya dayanır, ürək əzələsinin oksigen aclığı yaranır və stenokardiya tutması inkişaf edir. Stenokardiyaya səbəb ola biləcək risk faktorları aşağıdakılardır:  – Siqaret çəkmək;  – Şəkərli diabet;  – Artıq çəki və piylənmə;  – Azhərəkətli həyat tərzi;  – Qanda xolesterin artıqlığı;  – Spirtli içkilərdən sui istifadə;  – Tac damarların patologiyası;  – Ürək-damar sisteminin anadangəlmə qüsurları;  – Arterial təzyiqin dayanıqlı yüksək olması (hipertoniya). Stenokardiyanın əlamətləri Stenokardiyanın başlıca simptomu döş nahiyəsində diskomfort və ya yüngül ağrı hissinin olmasıdır. Adətən, döş qəfəsi və kürəkdəki ağrılar sol qola, çiyinə və boyuna irradiasiya  edir. Ağrı, həmçinin, sol tərəfdən çənə və dişlərdə də qeydə alına bilər. Bəzən ağrı hissləri qıcqırma, sancılar və ürəkbulanma ilə müşayiət olunur. Stenokardiya əlamətləri daha çox aşağıdakı hallarda qeydə alınır:  – Artıq qidalandıqdan sonra;  – Fiziki yüklənmədən sonra;  – Stress fonunda;  – Arterial təzyiq yuxarı olduqda;  – Emisonal oyanıqlıq izafi olduqda. Stenokardiyanın xarekterik əlamətlərindən biri də fiziki tutmanın  1-15 dəq. davam edib, fiziki yüklənmə dayandırıldıqdan və nitratlar (nitroqliserin və s.) qəbul edildikdən sonra kəsilməsidir.    Stenokardiyanın növləri Stenokardiyanın 3 növü mövcuddur: 1. Stabil stenokardiya. Stenokardiyanın bu növü fiziki yüklənmə nəticəsində özünü büruzə verir. Stabil stenokardiyanın tutması 15 dəqiqədən az davam edir, vəziyyətdən çıxmaq üçün sakit dayanmaq və 1 tablet nitroqliserin (dil altına) köməklik edir.   2. Qeyri-stabil stenokardiya. Stenokardiyanın bu növü az yükələnmə, hətta sükunət halında da yarana bilər (pilləkənlə qalxma, sürətli yeriş və s.). Stabil stenokardiyadan fərqli olaraq, qeyri-stabil stenokardiya tutmaları daha uzunmüddətli olurş Bu halda tutmanı aradan qaldırmaq üçün adətən, bir neçə nitroqliserin tableti (3-dən artıq olmayaraq) qəbul etmək tələb olunur (bir neçə dəq. ara verməklə). 3. Variant stenokardiya (və ya vezopastik stenokardiya). "Vezopastik stenokardiyası” adlandırılan bu forma tipik yerləşən ağrı ilə səciyyələnir. O, adətən sakitlik vaxtı baş verir, lakin bəzən fiziki gərginliklə də əlaqəlidir və nitratların təsirindən bir neçə dəqiqəyə yüngülləşir. Daha çox cavan yaşlarda rast gəlinir. Stenokardiyanın diaqnostikası Stenokardiya diaqnozu həkim-kardioloq tərəfindən qoyulur. Yekun nəticə pasiyentin tam müayinəsindən sonra qoyulur. Buraya aiddir:  – Ətraflı anamnez və pasiyentə baxış;  – Ağrı zamanı EKQ çəkilməsi, stress-test və karonar angioqrafiya;  – Döş qəfəsinin rentgenoloji müayinəsi.   Stenokardiyanın müalicə və profilaktikası Stenokardiya kifayət qədər ciddi xəstəlik hesab olunur, ona görə də müalicəsi həkimlərin nəzarəti altında aparılmalıdır. Zərurət yaranarsa, pasiyentə stasionar müalicə təyin edilir. Stenokardiya tutmaları zamanı ilk görüləcək tədbir – tutmanın nitroqliserin qəbulu ilə operativ aradan qaldırılması və tutma keçənə kimi sakit vəziyyət almaqdır. Stenokardiyanın müalicəsi miokard infarktı riskinin azaldılmasına, xəstənin ümumi vəziyyətinin və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilir. Stenokardiya tutmalarından aşağıdakı hallarda qurtulmaq olar:  – Siqaret və spirtli içkiləri tərgitmək;  – Yağ və xolestereni az olan pəhrizlər saxlamaq;  – Gündəlik həyat tərzinə optimal fiziki yüklənmələr daxil edtmək;  – Arterial təzyiqi mütəmadi olaraq təqib etmək. Həkimin ciddi nəzarəti altında tromb yaranmasının qarşısını alan, xolesterinin səviyyəsini aşağı salan və s. preparatların qəbulu. Stenokardiyanın profilaktik tədbirlərinə aiddir:  – Sağlam həyat tərzi;  – Balanslaşdırılmış rasional qidalanma;  – Fiziki aktivliyin artırılmsı. Unutmayın ki, stenokardiya vaxtlı-vaxtında müalicə olunmazsa, ciddi fəsadlara yol aça bilər.  Mövzu ilə bağlı video:   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 12.06.2018

Bud nahiyəsinin plastikası hekimtap.az

Bud nahiyəsinin plastikası

Bud nahiyəsinin plastikası nədir? Bəzən ayaqlarda olan çatışmazlıqları münasib paltar seçməklə aradan qaldırmaq olur. Lakin bu cür estetik qüsur çimərliyə və ya hovuza gedərkən istər-istəməz psixoloji diskomfort yaradır. Bu baxımdna bud nahiyəsi də istisna deyil. Yaş artıqca, insan çox arıqladıqda və ya orqanizmdə hormonal dəyişikliklər baş verdikdə ayaqların yuxarı nahiyələri iri həcmli və kələkötür olur, sallaq dəri isə çox qeyri-estetik görünür. Diyeta, fiziki yükləmələr və apparat kosmetologiyası işə yaramadıqda, plastik cərrahiyyə köməyə çatır. Bud nahiyəsi əməliyyatını  18 yaşını tamamlamış hər xanımda icraetmək olar.  Amma əgər çəki itirməyiniz davam edirsə, o zaman ideal kilonuza çatdıqdan sonra əməliyyatın icra olunması nəticəni daha da mükəmməl edəcəkdir.   Bud nahiyəsi plastikası – əvvəlki və sonrakı mənzərə Müayinə zamanı budun iç səthinin probleminin dəri və ya piylə əlaqədar olduğu müəyyənləşdirilir. Əgər problem yağların miqdarının artıq olmasına bağlıdırsa, liposaksiya əməliyyatı məsləhət görülür, əgər problem artıq dəridirsə, o zaman artıq dərinin kəsilib çıxarılması - bud gərmə əməliyyatının icrası daha düzgündür. Əməliyyatın məqsədi budun iç səthində toplanmış artıq yağ və dərini kənarlaşdıraraq daha sıx, daha incə və daha gözəl bud konturu əldə etməkdir. Əməliyyat pasientin tam yatdığı ümumi anesteziya altında həyata keçirilir və təqribən 2 saat davam edir. Bu zaman budun iç səthi ilə genital nahiyə arasında, təbii büküş nahiyəsində çəp istiqamətdə kəsik aparılır. Bu kəsik budun iç səthində olan artıq dərini yığmağa xidmət edir. Eyni zamanda budun ön və bayır səthində, dizin iç səthində artıq yağlar varsa, bunların da liposaksiya ilə çıxarılması mümkündür. Əməliyyatın sonunda sizə yara yerini fiksasiya etmək məqsədi ilə korset geyindirilir. Ayaqların daha gözəl şəkil alması üçün bu korsetin 1 ay taxılması vacibdir. 1 gün xəstəxanada qalıb, ertəsi gün rahatlıqla evə gedə bilərsiniz.  7-10 gün ayaqlarınızda gərginlik və həssaslıq olacaqdır. 10 gün sonra iş həyatınıza geri dönə bilərsiniz. Bud nahiyəsi plastikası – göstərişlər  – Dəri sallanması, elastikliyin itirilməsi, “batıqların” əmələ gəlməsi;  – Diyeta, kosmetoloji prosedurlar və ya fiziki hərəkətlərlə aradan qaldırılması mümkün olmayan piy “cibcikləri”, “qalife”, budlarda “qulaqclar”;  – Budların iç nahiyəsində artıq dəri və piy toxuması səbəbindən sürtünmə və diskomfort hissi. Bud nahiyəsi plastikası – əks-göstərişlər  – Ürək-damar sistemi xəstəlikləri;  – Onkoloji xəstəliklər;  – Qalxanabənzər vəzi və daxili orqanların xəstəlikləri;  – Kəskin infeksion xəstəliklər;  – Qan laxtalanmasına təsir göstərən xəstəliklər;  – Bir və ya hər iki ayaqda qan damarlarının iltihabı;  – Hamiləlik.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 12.06.2018

Ependimomalar haqqında
 hekimtap.az

Ependimomalar haqqında

Ependimoma nədir? Ependimoma – ependim hüceyrələrindən əmələ gələn beyin şişidir. Ependim hüceyrələri beyin daxili boşluqların divarını əmələ gətirən hüceyrələrdir. Bu şişlər adətən beyin daxili boşluqlarda (mədəciklərdə) yerləşirlər. Həm baş beyində, həm də onurğa beynində rast gəlinirlər. Ependimomanın növləri Ependimomaların təbiətinə görə 3 dərəcəsi var :  – I dərəcə (xoş xassəli)  – II dərəcə (orta)  – III dərəcə (bəd xassəli). Bundan başqa, mikroskopik quruluşuna görə ependimomaların 4 növü vardır: 1. Miksopapillar ependimoma ( I dərəcə), 2. Subependimoma ( I dərəcə), 3. Ependimoma (II dərəcə), 4. Anaplastik ependimoma (III dərəcə). Ependimomalar kimlərdə görülür? Ependimomalar nisbətən az rast gəlinən şişlər olub, bütün beyin şişlərinin 3-6%-ni təşkil edirlər. Uşaqlarda rast gəlmə sıxlığı daha çoxdur. Belə ki, ependimomaların 30%-i 3 yaş altı uşaqlarda görülür. Uşaqlarda daha çox baş beyində, böyüklərdə isə daha çox onurğa beynində rast gəlinir. Ependimomaların əlamət və simptomları hansılardır? Ependimomaların əlamətləri və simptomları şişin yerindən və ölçüsündən asılı olaraq dəyişir. Ən çox rast gəlinən əlamət baş ağrısı və bulantı-qusmadır. Bundan başqa əgər şiş beyin kötüyündədirsə xəstələrdə çəpgözlük, müvanizətin və yerişin pozulması kimi əlamətlər əmələ gələ bilər. Beyin yarımkürələrində yerləşən şişlər isə özünü qıcolma tutmaları, bədənin bir tərəfində qüvvətsizlik və ya hissiyatın pozulması əlamətləri ilə birüzə verir. Ependimomaların diaqnostikası Ependimomaların diaqnostikasında ən geniş yayılmış müayinə üsulu kompüter tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafıyadır (MRT). Əlavə olaraq şiş çox yayılıbsa, beldən beyin-onurğa beyin mayesi alaraq da diaqnoz qoymaq mümkündür. Ependimomaların müalicəsi Ependimomaların müalicəsi şişin ölçüsünə, yerinə və beyinə sirayət edib-etməməsinə  görə dəyişir. Müalicə prinsipləri cərrahi əməliyyat, şüa terapiyası və kimyəvi terapiyadır. Cərrahi əməliyyat əksər şişlər zamanı ilk seçimdir. Əməliyyat zamanı əsas məqsəd şişi tam və ya tama yaxın çıxarmaqdır. Çünki, şiş toxumasının çıxarılması ilə xəstələrin sağalma şansı arasında birbaşa əlaqə vardır. Əksər hallarda şişin tam çıxarılması mümkün olsa da, bəzən şişin beyinə sirayət edən qisimlərini çıxarmaq mümkün olmur. Bu xəstələrdə əməliyyat sonrası şişin pato-histoloji rəyinə görə ya şüa terapiyası, ya da kimyəvi terapiya tədbiq edilir. Şüa terapiyası və kimyəvi terapiyanın əsas məqsədi şiş hüceyrələrini zədələyərək, onların böyüməsinin və çoxalmasının qarşısını almaqdır. İstər cərrahi əməliyyat qərarı, istərsə də əməliyyat sonrası şüa və kimyəvi terapiya qərarının alınması hər bir xəstənin ümumi vəziyyəti və şişin xarakterindən asılı olaraq dəyişir. Buna görə də müalicə taktikası seçilərkən hər bir xəstəyə fərdi yanaşılır.   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. https://hekimtap.az  

Опубликовано: 11.06.2018

Spinner