QANIN BƏZİ LABORATOR GÖSTƏRİCİLƏRİ VƏ ONLARIN KLİNİK ƏHƏMİYYƏTİ hekimtap.az

QANIN BƏZİ LABORATOR GÖSTƏRİCİLƏRİVƏ ONLARIN KLİNİK ƏHƏMİYYƏTİ

I Qanın ümumi analizi. 1. Hemoqlobin – eritrositlərin (qırmızı qan hüceyrələrinin) tərkibindəki xüsusi piqmentdir; əsas funksiyası oksigeni toxumalara daşıması və karbon qazını orqanizmdən xaric etməsidir.  Artması – orqanizmin susuzlaşması, qan xəstəlikləri, ürək çatışmazlığının bəzi növləri. Azalması – anemiya, qanitirmə, gizli qanaxmalar, daxili orqanların zədələnmələri. 2. Eritrositlər – qırmızı qan hüceyrələri, hemoqlobin daşıyıcısı. Artması – sağlam insanlarda yüksək dağ zirvəsində, ürək qüsurları, bronx, ağciyər, böyrək, qaraciyər xəstəlikləri, hormonal preparatlarla müalicə. Azalması – anemiya, kəskin qanitirmələr, xronik iltihabi proseslər, hamiləliyin son dövrləri. 3. Leykositlər – ağ qan hüceyrələridir, sümük iliyində və limfa düyünlərində əmələ gəlir; əsas funksiyası orqanizmin müdafiəsidir.  Artması (leykositoz) – infeksiya, iltihab, bədxassəli şişlər və leykozlar, hormonal terapiya, bəzi ürək dərmanları (məs., diqoksin). Leykositlərin 5 növü vardır (limfosit, neytrofil, monosit, eozinofil, bazofil), bunların hər biri müəyyən funksiya daşıyır. Ümumi leykositozun bu növlərin hansının hesabına baş verdiyi önəmlidir; məsələn, limfositlərin artması iltihabi prosesin olduğunu göstərir, eozinofillərin artması isə əsasən allergik reaksiyanın göstəricisidir. Azalması (leykopeniya) – virus infeksiyaları (məsələn, qrip), bəzi dərmanlar (qıcolma əleyhinə preparatlar, ağrıkəsicilər). 4. Trombositlər – qanın normal özlülüyünü təmin edən hüceyrələrdir, tromb əmələ gəlməsində iştirak edir.  Artması – xronik iltihabi xəstəliklər (vərəm, yaralı kolit, qaraciyər sirrozu), hormonal preparatlarla müalicə, cərrahi əməliyyatlardan sonra. Azalması – alkoqol qəbulu, ağır metallarla zəhərlənmə, qan xəstəlikləri, böyrək çatmamazlığı, qaraciyər və dalaq xəstəlikləri, hormonal pozğunluqlar, bəzi dərmanlar (antibiotiklər, sidikqovucular, diqoksin, nitroqliserin, hormonlar). 5. EÇS (eritrositlərin çökmə sürəti) – xəstəliyin gedişini göstərir; adətən xəstəliyin 2-4-cü sutkasında artır, bəzən sağalma dövründə maksimuma çatır. Artması – infeksiyalar, iltihab, anemiya, böyrək xəstəlikləri, hormonal pozğunluqlar, travma və əməliyyatdan sonrakı şok vəziyyəti, hamiləlik. Azalması – qan dövranı çatmamazlığı, anafilaktik şok.    II Qanın biokimyəvi analizi. 1. Qlükoza. Artması – şəkərli diabet. Azalması – qeyri-müntəzəm və az qidalanma, hormonal xəstəliklər. b) Ümumi zülal. Azalması – qaraciyər və böyrək xəstəlikləri, kəskin az qidalanma (ağır məhdudlaşdırıcı pəhrizlər). 2. Ümumi bilirubin – qaraciyərin fəaliyyətini göstərir. Artması – hepatitlər, öd daşı xəstəliyi, eritrositlərin parçalanması. 3. C-reaktiv zülal – orqanizmin müdafiə reaksiyasının stimulyatorudur. Artması – iltihabi proseslər, oral kontraseptivlərin qəbulu (normal haldır). 4. Revmatoid faktor – insanın yaşından və cinsindən asılı olmayaraq normada qanda olmamalıdır. RF – antitellərdir, əzələ və birləşdirici toxuma xəstəliklərində, virus infeksiyalarında, bədxassəli şişlərdə, sistem və autoimmun xəstəliklərdə qanda görünür. 5. Transferrin – dəmir daşıyan əsas zülaldır. Azalması – anemiya, sirroz, dəmir artıqlığı, xronik iltihabi proseslər. Yaş artdıqca qanda transferrin təbii olaraq azalır.  6. Ferritin – dəmir metabolizminin pozulmasını göstərir. Artması – qaraciyər xəstəlikləri, xronik böyrək çatmamazlığı, şiş xəstəlikləri. 7. Triqliseridlər – qaraciyərdə karbohidrat mübadiləsi məhsuludur, qida ilə də orqanizmə daxil olur. Artması – şəkərli diabet, ürək-damar xəstəlikləri, hamiləlik. Azalması – qaraciyər zədələnməsinin terminal mərhələsi, qalxanvari vəzi xəstəlikləri, zəif qidalanma. 8. Xolesterin-HDL – “yaxşı xolesterin“. Artması – damar piləklərinin əmələ gəlməsi üçün aşağı risk. Azalması – aterosklerozun proqressivləşməsi (hətta ümumi xolesterin normal səviyyədə olsa da).  9. Xolesterin-LDL – “pis xolesterin“. Artması – aterosklerozun inkişafı. 10. Ümumi xolesterin – HDL və LDL-in birlikdə səviyyəsidir. Artması – şəkərli diabet, ateroskleroz. Azalması – psixofizioloji pozğunluqlar, reproduktiv funksiyanın pozulması. 11. Vitamin B12 – sümük iliyində eritrositlərin əmələ gəlməsində və yetişməsində iştirak edir. Artması – leykoz, qaraciyər və böyrək xəstəlikləri. Azalması – vegetarian qidalanma, parazitar xəstəliklər, mədə-bağırsaq yolunun iltihabi xəstəlikləri. 12. Dəmir – oksigen mübadiləsində iştirak edir. Artması – bağırsaq funksiyasının pozulması. Azalması – rasionda və maddələr mübadiləsində pozğunluq. 13. Kalium – ürəkn fəaliyyətini təmin edir. Artması – kalium preparatlarının lazım olduğundan çox qəbulu, massiv hemoliz, toxumaların ağır zədələnməsi, asidoz, dehidratasiya, işemiya, bəzi sidikqovucu dərmanlar. Azalması – xronik aclıq, davam edən qusma, diarreya, bəzi sidikqovucu dərmanlar, böyrək xəstəlikləri, alkaloz. 14. Kalsium – sümük iliyinin əmələ gəlməsində və əzələlərin, sinirlərin, ürək və damarların fəaliyyətində iştirak edir. Artması – şiş xəstəlikləri. Azalması – vitamin D çatmamazlığı, qidalanmada balansın pozulması, endokrin pozğunluqlar, qaraciyər və böyrək xəstəlikləri.  15. Maqnezium – hüceyrədaxili mübadilə proseslərini və impulsların sinirdən əzələyə ötürülməsini təmin edir. Artması – böyrək çatmamazlığı. Azalması – qeyri-düzgün qidalanma, qaraciyər patologiyaları. 16. Natrium – maqnezium ilə birlikdə impulsların ötürülməsində, həmçinin, kalsium mübadiləsində iştirak edir. Artması – şəkərsiz diabet, sidikçıxarıcı sistemin xəstəlikləri. Azalması – şəkərli diabet, qaraciyər və böyrək çatmamazlığı.  17. Kreatinin – böyrək fəaliyyətini göstərir. Artması – böyrək çatmamazlığı, qalxanvari vəzin xəstəlikləri, şüa xəstəliyi. Azalması – immunitetin enməsi, acqalma, əzələ kütləsinin azalması. 18. Sidik turşusu – qaraciyərdə əmələ gəlir, böyrəklərlə xaric olunur. Artması - podaqra, alkoqolizm, qaraciyər və böyrək patologiyaları. Azalması – qeyri-düzgün qidalanma. 19. Sidik cövhəri – orqanizm üçün toksik olan ammonyakın parçalanması nəticəsində əmələ gəlir. Artması – böyrək çatmamazlığı, yüksək zülallı rasion. Azalması – vegetarian qidalanma, sirroz, hamiləlik. 20. ALAT və ASAT – qaraciyər fermentləridir. Artması – ciddi qaraciyər və ürək-damar xəstəlikləri. 21. Laktat (süd turşusu) – enerji istifadəsi zamanı əmələ gəlir. Artması – fiziki yüklənmə, şəkərli diabet, alkoqol zəhərlənməsi, qaraciyər və böyrək funksiyasının zəifləməsi, aspirin dozasının artıqlığı, şoklar. Hamıya tanış olan fiziki məşqlərdən sonrakı əzələ ağrıları qana aktiv şəkildə süd turşusunun ifraz olunmasının nəticəsidir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 23.04.2020

Hipertonik kriz hekimtap.az

Hipertonik kriz

Hipertonik kriz nədir ? Hipertonik kriz – arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Bu zaman beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödemi, kəskin böyrək çatmamazlığı).  Hipertonik kriz diaqnozu əsasən diastolik təzyiqin 120 mm c.s.-dan yüksək həddində qoyulur; sistolik təzyiq 180 mm c.s. və daha artıq ola bilər. Lakin klinik praktika göstərir ki, simptomlar və hədəf orqanların zədələnməsi bundan daha az rəqəmlərdə də baş verə bilir.  Hipertonik krizin səbəbləri Kriz hipertoniya xəstəliyinin istənilən mərhələsində baş verə bilər. Əsas səbəblərə aiddir:  yüksək psixoemosional gərginlik; hipertoniya xəstəliyinin qeyri-adekvat müalicəsi; antihipertenziv preparatların qəbulunun dayandırılması; xörək duzunun izafi qəbulu; alkoqoldan çox miqdarda istifadə; bəzi ikincili hipertenziyalar və s. Hipertonik krizin növləri Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur:  ağırlaşmamış hipertonik kriz (I tip); ağırlaşmış hipertonik kriz (II tip). Ağırlaşmamış hipertonik kriz Bu tip krizlər hipertoniya xəstəliyinin əsasən başlanğıc mərhələlərində (I-II dərəcə) əmələ gəlir, hədəf orqanların ciddi zədələnməsi baş vermir. Bilavasitə arterial təzyiqin yüksəlməsi ilə bağlı əlamətlər meydana çıxır. Ağırlaşmamış krizlər, adətən çox kəskin və sürətli inkişaf edir, nisbətən qısa müddətlidir (2-3 saatdan çox çəkmir) və antihipertenziv dərmanlarla asanlıqla aradan qaldırılır. Klinik əlamətlərə arterial təzyiqin yüksəlməsindən başqa oyanıqlıq, narahatlıq, qorxu hissi, taxikardiya, təngnəfəslik, “daxili titrəmə“, soyuq tər, “qaz dərisi“, əllərin əsməsi, üzün qızarması aiddir. Bədən temperaturunun bir qədər yüksəlməsi də mümkündür.  Beyin qan dövranının pozulması özünü baş ağrısı, başhərlənmə, ürəkbulanma, qusma ilə göstərir. Əksər hallarda əsasən sistolik təzyiqin yüksəlməsi görülür.  Bu tip krizlər aradan qaldırıldıqdan sonra poliuriya (sidik ifrazının artması) müşahidə oluna bilər.  Ağırlaşmış hipertonik krizlər Bu tip kriz hipertoniya xəstəliyinin gecikmiş mərhələlərində (II-III dərəcə) əmələ gəlir, hədəf orqanların ciddi zədələnməsi baş verir (hipertonik ensefalopatiya, hemorragik və ya işemik insult, subaraxnoidal qansızma, beyin ödemi, aortanın laylı anevrizması, ağciyər ödemi, miokard infarktı, kəskin böyrək çatmamazlığı, ağır retinopatiya).  Klinik əlamətlər ümumi və ya ocaqlı zədələnmələrə bağlı ola bilər: baş ağrıları, başhərlənmə, ürəkbulanma və qusma, huşun pozulması, ətraflarda zəiflik və soyuma, dil və dodaqların keyiməsi, nitqin və görmənin pozulması, bradikardiya, təngnəfəslik, boğulma, döş qəfəsində ağrılar və s. Həmçinin, EKQ dəyişiklikləri də görülə bilər. Göz dibinin müayinəsində bir qayda olaraq II-III dərəcəli ağır retinopatiya aşkar edilir.  Qeyd etmək lazımdır ki, xəstədə hipertonik krizlərin təkrarlanması antihipertenziv terapiyanın qeyri-adekvat aparıldığını göstərir. Bədxassəli hipertenziya sindromu Bədxassəli arterial hipertoniya – arterial təzyiqin yüksək rəqəmlərə qalxması, hədəf orqanlarda üzvi zədələnmələrin sürətlə proqressivləşməsi və antihipertenziv müalicəyə cavabın olmaması ilə xarakterizə olunur. Bu sindrom birincili arterial hipertoniyası olan xəstələrin təxminən 1%-də, əsasən 40-50 yaşlı kişilərdə rast gəlinir. Əsas klinik simptomlara aiddir:  arterial təzyiqin çox yüksəlməsi; diastolik təzyiqin 130-140 mm c.s.-dan çox olması və dərman müalicəsinə pis tabe olması; demək olar ki, daimi baş ağrıları, başhərlənmə, ürəkbulanma, qusma; görmənin sürətli pisləşməsi (hətta korluğa qədər); ürək çatmamazlığının inkişafı; böyrək çatmamazlığının inkişafı (azotemiya >200 mmol/l). Hipertonik kriz zamanı nə etməli Təcili tibbi yardım xidmətinin çağırılması və həkim briqadası gələnədək xəstəyə ilkin yardımın göstərilməsi xəstənin həyatını xilas edə bilər. Bunun üçün xəstəni uzatmaq və yarımoturaq vəziyyət vermək, təmiz hava qəbulunu təmin etmək (pəncərəni açmaq), titrəmə varsa ayaqları isitmək lazımdır. Arterial təzyiqi endirmək üçün təcili yardım preparatları verilməlidir: kaptopril çeynəmək, dil altına nitroqliserin tableti qoymaq, sidikqovucu dərman (furosemid) içmək və s.  Xəstəyə ilkin yardım göstərildikdən sonra da xəstə bir neçə saat yataqda uzanmalıdır, əks təqdirdə ortostatik hipotenziya – təzyiqin kəskin enməsi və huşun itməsi baş verə bilər.  Hipertonik krizlərin proqnozu və profilaktikası Hipertonik krizlərin proqnozu hədəf orqanların nə dərəcədə zədələndiyindən və təxirəsalınmaz yardımın vaxtında göstərilməsindən asılıdır. Hipertonik krizlərə qarşı əsas profilaktik tədbir kardioloq tərəfindən təyin edilmiş müalicəni əsla dayandırmamaq və göstərilmiş rejim və qaydalara riayət etməkdir. Hipertoniya xəstəliyini düzgün müalicə edən pasiyentlərdə hipertonik krizlər çox nadir rast gəlinir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 23.04.2020

Anevrizma hekimtap.az

Anevrizma

Anevrizma nədir ? Anevrizma – arteriya (daha az hallarda vena) və ya ürək divarının şişkinlik şəklində qabarmasıdır; bu, divarın nazilməsi və dartılması nəticəsində baş verir. Əmələ gələn anevrizmatik kisə yaxınlıqda yerləşən orqanları sıxır.  Anevrizma anadangəlmə və ya qazanılmış ola bilər. Anadangəlmə anevrizmalar uşağın erkən yaşlarında özünü göstərməyə də bilər. Qazanılmış anevrizma hipertoniya, ateroskleroz, sifilis (gec mərhələdə), travmalar, infeksiyalaşmış tromblar və s. nəticəsində əmələ gələ bilər. Bu patologiya ilə illərlə xəbərsiz yaşamaq olar; bu müddətdə anevrizma inkişaf edərək hər an həyat üçün təhlükə törədə bilər.  Anevrizmanın növləri Anevrizmanın əsas növləri bunlardır: beyin anevrizması, aorta anevrizması, ürək anevrizması, qarın anevrizması (visseral), yuxu arteriyasının anevrizması. Formasına görə anevrizmalar kisəşəkilli və iyşəkilli olur.  Anevrizma niyə qorxuludur Anevrizmanın əsas təhlükəsi onun tromblaşması və/və ya partlaya bilməsidir. Anevrizmanın partlaması əksər hallarda letal (ölümlə) nəticələnir, lakin ciddi ağırlaşma ilə də yekunlaşa bilər (məsələn, hemorragik insult). Anevrizma həmçinin, residivləşə də bilər, simptomsuz keçərsə, residiv özünü qəfil göstərə bilər.  Anevrizma qadınlarda daha çox rast gəlinir. 40-dan yuxarı yaş həddi, irsiyyət, tütünçəkmə, alkoqoldan çox istifadə etmə və narkotiklər (xüsusilə kokain) anevrizmanın əmələ gəlmə riskini artırır.  Anevrizmanın diaqnostikası Anevrizma diaqnozunun qoyulmasında “qızıl standart“ metod angioqrafiyadır. KT-angioqrafiya daha az invazivdir, lakin hər zaman angioqrafiya qədər informativ deyil. MR-angioqrafiya şüa yüklənməsi vermir, lakin KT-angioqrafiyadan daha az informativdir. USM-doppleroqrafiya ucuz, qeyri-invaziv və kifayət qədər informativ metoddur. Anevrizmanın klinik əlamətləri Anevrizma əsasən təsadüfən, USM və ya rentgenoloji müayinə zamanı aşkar olunur. Anevrizmanın tamlığı pozulmayıbsa, uzun müddət simptomsuz keçə bilər, sonra ölçüsü böyüdüyükcə ətraf toxumaları sıxdığı üçün müvafiq əlamətlər meydana çıxa bilər. Əsas simptomlara müvazinətin pozulması, baş ağrıları, üzdə və göz alması arxasında ağrılar, görmənin və nitqin pozulması, döş qəfəsində, kürəkdə, çiyində ağrılar, öskürək, təngnəfəslik, udmanın pozulması, səsin xırıltılı olması, qarın nahiyəsində gözlə görünən pulsasiyanın olması, qarın ağrıları, baldır nahiyəsində əzələ ağrıları, axsama və s. aiddir. Anevrizmanın partlaması yerləşdiyi nahiyəyə uyğun klinik simptomlar verir: zərbəşəkilli baş ağrıları, ürəkbulanma və qusma, huşun pozulması, hətta itməsi (koma), döş qəfəsində, kürəkdə, qarında kəskin ağrılar, arterial təzyiqin kəskin enməsi və s. Anevrizmanın müalicəsi Müalicə həkim tərəfindən individual olaraq təyin edilir. Defekt kiçik ölçülüdürsə, dinamik müşahidə və risklərin aradan qaldırılması tövsiyə olunur. Ağırlaçmalar zamanı təcili cərrahi müdaxilə göstərişdir. Anevrizmanın profilaktikası Əsas profilaktik metod defektin vaxtında aşkar olunması və sağlam həyat tərzi keçirməkdir. Mütəmadi olaraq profilaktik müayinələrdən keçmək və həkim tövsiyələrinə ciddi riayət etmək lazımdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 23.04.2020

Diz oynağında ağrılar
 hekimtap.az

Diz oynağında ağrılar

  Diz oynağı insan orqanizmində olan ən böyük oynaqdır. Formaca  blokvari olub quruluşca mürəkkəb oynaqdır. Bu oynaqda bükmə/açma və rotasion(fırlanma) hərəkətləri mümkündür .Diz oynağı hər gün çoxsaylı yüklənmələrə məruz qalır. Bu yüklənmələr zaman keçdikcə diz oynağının aşılanmasına, yeyilməsinə-tibbi dildə degenerativ dəyişikliyə  gətirib çıxarır. Həmçinin diz oynağının travmalara çox həssas olmasını nəzərə alsaq, bu oynaqda ağrıların tez-tez olması təəccüblü deyil.   Diz oynağında olan ağrıların səbəbləri: Diz oynağında olan ağrıların səbəbləri çoxsaylıdır. Bununla belə, bu səbələri iki əsas qrupa ayırmaq olar-posttravmatik ağrılar və degenerativ dəyişikliklər nəticəsində yaranan ağrılar Diz oynağının travması  çox vaxt fiziki aktiv cavan şəxslərdə, əsasən idman məşqləri zamanı əmələ gəlir. Menisk zədələnmələri, ön çarpaz bağ zədələnmələri, diz oynağını əmələ gətirən qığırdaqların zədələnməsi postravmatik ağrıların əsas səbəbləridir  Degenerativ dəyişikliklər  yaşlı və ahıl şəxslər üçün xarakterikdir. Lakin cavan insanlarda anandangəlmə inkişaf anomaliyaları olduğu kimi yaşlı şəxslərdə də yumşaq toxuma strukturlarının travmatik zədələnmələri baş verə bilər.  İltihabi proseslər Diz oyağının sümük-qığırdaq və yumşaq toxuma strukturlarının septiki və aseptik iltihabı nəticsində yaranan patoloji halların əmələ gətirdiyi ağrılar. Müxtəlif etiologiyalı artritlər, bursit, tendinin, sinovit,  osteomielit diz oynağında ağrılara səbəb olan patoloji vəziyyətlərdir.    Diz oynağında olan ağrıların növləri: Diz oynağında ağrı kəskin başlaya  və ya xronik xarakter ala bilər: Kəskin ağrı yüksək intensivliklə xarakterizə olunur və adətən travmadan sonra qəfil başlayır.  Xronik ağrı tədricən əmələ gəlir. Əvvəlcə diskomfort hissi kimi özünü büruzə verir. Zaman keçdikcə intensiviyi artır.  Ağrıların xarakteri dəyişkən olur: dartıcı ağrılar, batıcı ağrılar,gərilmə hissi,tutma şəkilli ağrılar və ya küt sızıldayan ağrılar- bu ağrı şikayətlərinin yalnız kiçik bir hissəsidir.  Ağrılar fiziki yüklənmədən sonra əmələ gələ bilər(qaçış, pilləkən qalxma) Uzunmüddətli oturma və istirahətdən sonra Axşamlar və səhərlər .  Ağrıların lokalizasiyası: Diz oynağının iç yarısında olan ağrılar medial meniskin, medial kollateral bağın zədələnməsi zamanı, və dizin O-vari deformasiyaları zamanı əmələ gəlir. Diz oynağının bayır  yarısında olan ağrılar lateral  kollateral bağın, lateral meniskin zədələnməsi zamanı və dizin X-vari deformasiyaları zamanı əmələ gəlir. Ön səthdə olan ağrılar patello-femoral sindrom, Ostqut-Şlatter xəstəliyi və diz qapağı zirvəsi sindromu üçün xarakterikdir. Diz oynağının arxa səthində olan ağrılar Beyker kistası lehinə xarakterik qəbul olunur.    Diaqnostika:  Diaqnozun qoyulması üçün  xəstə vaxtında mütəxəssis həkimə müraciət etməlidir. İlkin etapda  həkim tərəfindən klinik müayinə aparılırdir. Ətraflı anamnez toplanılır, fiziki müayinədən keçirir,  lazımi müayinələr təyin ounur. İnstrumental müayinələrdən rentgenoqrafiya, ultrasəs müayinəsi, diz oynağının MRT müayinəsi mühüm diaqnostik əhəmiyyət kəsb edir. Laborator müayinələr diz oynağında əksər xəstəliklərin dəqiqləşmiş diaqnozunun qoyulmasında yardımçı olur Diz oynağı ağrılarının müalicəsi: Diz oynağının ağrılarının müalicə taktikası ağrının səbəindən asılıdır. Müalicə konservati və ya operativ olmaqla aparılır. Konservativ müalicə metodlarına aiddir: Qeyri-steroid iltihab əleyhinə preparatlar-QSİƏP, ağrıkəsici tablet və məlhəm və gellər. İsti və ya soyuğun yerli terapiyası  Ortez istifadəsi (içliklər, ortezlər, bandajlar, ortopedik ayaqqabı) Fizioterapiya Müalicəvi idman hərəkətləri Balneoloji terapiya Oynaqdaxili steroid inyeksiyalar  Konservativ müalicənin effektiv olmadığı hallarda cərrahi müalicə tətbiq edilir. Müasir ortopedik cərrahiyyədə diz oynağının əksər əməliyyatları artroskopik olaraq həyata keçirilir.  Minimal invaziv metod olan artroskopiyanın tətbiqi ənənəvi açıq əməliyyatlardan fərqli olaraq əməliyyatdan sonrakı reabilitasiya prosesini sürətləndirir, ağırlaşma faizini nəzərə çarpan dərəcədə aşağı salır, kosmetik olaraq daha az travmatik hesab olunur. Ağır və böyük dərəcəli artrozlarda vacib və əvəzedilməz cərrahiyə metodu oynag artroplastikasıdır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 20.04.2020

Fəqərəarası disk yırtığı
 hekimtap.az

Fəqərəarası disk yırtığı

Fəqərəarası disk yırtığı – son zamanlarda insanlar daha cavan yaşda fəqərəarası disk yırtığından əziyyət çəkməyə başlamışlar və hər il fəqərəarası disk yırtığından əziyyət çəkənlərin sayı artmaqdadır. Təəssüflər olsun ki, pasientlər fəqərəarası disk yırtığının müalicəsinin erkən vaxtlarında həkimə müraciət etmirlər. Böyük əksəriyyət ağrıları müxtəlif mazlar və ağrıkəsicilərlə yayındırmağa üstünlük verirlər. Halbuki erkən vaxtda həkimə müraciət fəqərəarası disk yırtığının əməliyyatsız müalicəsini təmin edə bilərdi.  Fəqərəarası disk yırtığının cavanlaşması ilə əlaqədar əsas risk yaş qrupları 25-50 yaş arasına təsadüf edir.   Fəqərəarası disk yırtığının yaranma səbəbi Fəqərəarası disk yırtığı yaranması bizim həyat tərzimizlə əlaqəlidirsə, müalicəsi  yaranma səbəbindən və mərhələdən asılı olaraq dəyişir. Düzgün olmayan qamət, oturaq həyat tərzi və ya əksinə ağır fiziki aktivlik, fiziki aktivliyin heç olmaması, artıq çəki  və bu kimi bir sıra faktorlar nəyinki osteoxondrozun , həm də fəqərəarası disk yırtığının yaranmasına təkan verə bilir.   osteoxondrozun müalicəsinə vaxtında başlamasaq degenerativ-distrofik proseslər proqressivləşə bilir. Fəqərəarası diski əhaət edən fibroz həlqə parçalanır və diskin möhtəviyyatı fəqərəarası disk yırtığını yaradır.  Osteopatik diaqnostika zamanı  xoniki yüklənmə aşkarlanır, fəqərələrdəki asimmetriya aşkarlanır, bu dəyişikliklərin səbəbi araşdırılır.   Osteoxondrozdan başqa fəqərəarası disk yırtığının yaranmasına səbəb olan digər faktorlar:  onurğa sütunu travmaları; onurğa sütunun anadangəlmə və ya qazanılmış xəstəlikləri; orqanizmdə vitamin və mineral defsisiti; hamiləlik; hormonal dəyişikliklər ; yaşlanma.  Fəqərəarası disk yırtığının ən çox rast gəlinən səbəbi travmalardır - orqanizmin müxtəlif nahiyələrinin, başın və ya ətrafların travmaları da həmçinin. Fassiyanın bir tərəfli dartılması və gərginləşməsi diskə düşən təzyiqi artırmaqla yanaşı diskin çəpinə əyilməsinə və burulmasına da səbəb olur. Jelatinəbənzər nüvə diskin daha qalın olduğu tərəfə axır və fibroz həlqəni, diski əhatə edən fəqərərası  bağları zədələyir. Osteopat həkimin müalicəsi bu nüansları araşdırıb onları aradan qaldırmağa yönəlir.  Fəqərəarası disk yırtığının lokalizasiyası və simptomları  Onurğa sütunun bel şöbəsi ən çox yüklənməyə məruz qalan nahiyədir, yüklənməyə nisbətən az isə boyun və döş nahiyəsində rast gəlinir. Fəqərəarası disk yırtığı yerləşməsinə görə: arxa yan; ön yan; yan; orta; kombinəolunmuş. Fəqərəarası disk yırtığının yaranma etapları: prolaps. Bu mərhələdə fibroz həlqədə çatlar yaranır, diskin qabarması az təzahür edir, bu etapda boyun nahiyəsi üçün 1-2 mm, bel nahiyəsi üçün 2-3 mm qabarma rast gəlinir. Prolaps mərhələsində  ağrılar az və ya periodik ola bilər. İlkin etaplarda adətən pasientlər diskomforta az əhəmiyyət verirlər və həkimə müraciət etməkdən çəkinirlər. Nəticədə onlarda proses ağırlaşır və protruziya yaranır. Fibroz həlqə öz tamlığını qoruyur, qabarmanın ölçüsü boyun nahiyəsində 2-3 mm-dən çox, bel nahiyəsində 3-5 mm-dən çox olarsa ağrılar daha intensiv hala gəlir.   ekstruziya. Fibroz həlqənin parçalanması  jelatinəbənzər nüvənin kənara çıxması baş verir. Adətən fibroz həlqənin dağılması mərhələsi ( yıxılma, ağır yük qaldırma, bədənin qəfil fırladılması və s.) kəskin hərəkətlərdən sonra artır. Pasientdə kəskin, güllə kimi yayılan ağrılar yaranır.  Fibroz həlqənin dağılması zamanı hərəkət məhdudlaşır, yerli iltihab və ödem yaranır. Fəqərəarası diskin boyun nahiyəsində ekstruziya 4-6 mm, bel nahiyəsində 5-10 mm çatır.   sekvestrasiya. Xəstəliyin ən ağır mərhələsidir. Bu mərhələdə fəqərəarası yırtığın qabarması diskdən ayrılır və qidalanmadan kənar qalır və təcrid olunur.  Toxumalarda yaranan yad cisim kəskin iltihabi prosesə səbəb olur. Fəqərəarası sinirlərin zədələnməsi hesabına pasient sakitlik vəziyyətində də güclü ağrı hiss edir. Fəqərəarası disklərin ödemi, fəqrəarası sinirlərin sıxılmasına əzələ spazmına səbəb olur. Nadir hallarda osteopatik müalicənin effektivliyi rast gəlinsə də, bu mərhələdə cərrahi müdaxilə mütləqdir.  Fəqərəarası disk yırtığının simptomları və müalicəsi onun lokalizasiyasından asılıdır:  bel nahiyəsinin fəqərəarası disk yırtığı beldə, qasıq nahiyəsində  ağrılar, ağrıların ayaqlara irradiasiya etməsilə, ayaqlarda zəifliklə, sinirə təzyiq edərkən ayaqda və qasıq nahiyəsində keyimə ilə özünü biruzə verir;  döş nahiyəsində yırtıq zamanı kürəkdə, iki kürək sümüyü arasında və döşdə ağrılar, belin bir hissəsinin və ya döş qəfəsinin keyiməsi; boyun nahiyəsində fəqərəarası disk yırtığı baş ağrıları, baş gicəllənmə, çiyində və əldə ağrılarla, əl barmaqlarında keyimə ilə özünün biruzə verir. Yuxu pozulması, yaddaş pozulması, arterial təzyiqin anidən qalxması və müalicəyə tabe olmaması boyun fəqərəarası disk yırtığı ilə əlaqəli ola bilər.  Fəqərəarası disk yırtığının ağır fəsadı onurğa kanalının daralması və onurğa beyninin sıxılması ola bilər.  Nəticə olaraq - ətrafların iflicinə də gətirib çaxara bilər. Bel nahiyəsinin fəqərəarası disk yırtığı sidik ifrazında və reproduktiv sistemdə disfunksiyalar hətta ayaq əzələlərinin atrofiyası ilə yekunlana bilər. Ona görə də ilk simptomlarda həkimə müraciət etmək mütləqdir. Fəqərəarası disk yırtığının diaqnostikası və müalicəsi  Fəqərəarası disk yırtığının müalicəsi diaqnoz təsdiqləndikdən sonra təyin olunur. Fəqərəarası disk yırtığının ən informativ diaqnostikası MRT (maqnit rezonans tomoqrafiya ) ilə mümkündür. Rentgenoqrafiya və kompyuter tomoqrafiya MRT ilə müqayisədə daha az informativdir.  Medikamentoz müalicə zamanı yerli regenerasiyanı bərpa edən, ödem əleyhinə, iltihabəleyhinə preparatlardan istifadə olunur. Yerli simptomatikanı aradan qaldırmaqla yanaşı  akupunktura, biopunktura, homeosiniatriya, nevral terapiya ilə fəqərəarası disk yırtığının məqsədyönlü müalicəsi aparılır.   Fəqrəarası disk yırtığının osteopatik müalicəsi Sizə ilkin səbəbi aradan qaldırmaqla əməliyyatsız müalicə almağa kömək edəcəkdir. Xüsusi texnikaların köməyi və  toxumalara əllərin yüngül toxunuşu ilə osteopat əvvəllər keçirilmiş travmanın qalıqlarını, disk və fəqərələrin yerdəyişməsini, fəqərələrətrafı əzələlərin spazmı aradan qaldırır, yerli qan və limfa dövranını bərpa edir. Vaxtında osteopatik müalicə ilə bir çox pasientlər fəqərəarası disk yırtığından əməliyyatsız xilas olmuşlar. Ağrı azaldıqca insanların həyat keyfiyyəti yaxşılaşır. Fəqərəarası disk yırtığının osteopatik müalicəsi zamanı bütün bədənə müsbət təsir göstərilir və  yanaşı problemlər də müalicə olunur. Müalicə kursundan sonra osteopat həkim həyat tərzinin yaxşılaşdırılması və bədənin  korreksiyası üçün məsləhətlər verir. Beləliklə xəstəliyin residivləri sığortalanır. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 16.04.2020

Perikardit
 hekimtap.az

Perikardit

Perikardit nədir? Perikardit - ürəyin perikard (xarici) qatının infeksion və ya qeyri-infeksion (aseptik) iltihabıdır. İltihabi proses perikardın visseral və parietal qişalarını əhatə edir. Perikardit bir çox daxili orqan xəstəliklərinin ağırlaşması kimi və ya xəstəliyin klinik əlamətlərindən biri kimi əmələ gəlir. Bəzi hallarda isə perikardit sərbəst şəkildə ciddi əhəmiyyət kəsb edir, onun klinik şəkli və yaratdığı hemodinamik dəyişikliklər ön plana çıxır. Autopsiya zamanı 3-6% hallarda ürəyin seroz qisasının əvvəllər keçirilmiş iltihabının əlamətləri aşkar olunur, halbuki, həyatda qoyulan perikardit diaqnozları daha azdır. Qadınlar kişilərə nisbətən daha çox, əsasən 40 yaşa qədər xəstələnirlər. Perikarditin səbəbləri Perikardit infeksion və qeyri-infeksion amillərin təsirindən inkişaf edir. İnfeksion perikarditlərə aiddir: qeyri-spesifik kokk perikarditləri – infeksion endokarditin, sepsisin, pnevmoniyanın və b. gedişini ağırlaşdırır; vərəm perikarditləri - ağciyərlərin, sümüklərin, sidik-ifrazat sisteminin vərəmi zamanı, həmçinin, orqan vərəminin bir növü kimi perikard vərəmi şəklində inkişaf edir; virus perikarditləri – virus infeksiyasının (ECHO, Koksaki və s.) ağırlaşması kimi təzahür edir; revmatik perikarditlər. İnfeksion perikarditlər həmçinin, qarın və qayıdan yatalaq, dizenteriya, bruselyoz, sifilis, kandidozlar və s. zamanı da rast gəlinə bilər. Son illər klinikada daha çox müxtəlif qeyri-infeksion perikarditlər görünür. Bunlara aiddir: allergik, həmçinin, dərman perikarditləri; birləşdirici toxumanın sistem xəstəliklərində yaranan perikarditlər; autoimmun perikarditlər (miokard infarktlı xəstələrdə, komissurotomiya (qapaq əməliyyatı) keçirmiş xəstələrdə; maddələr mübadiləsinin ciddi pozğunluğu zamanı yaranan perikarditlər; bədxassəli şişlər zamanı yaranan perikarditlər (ağciyər, süd vəzi xərçəngi, mezotelioma, limfomalar və s.). Perikarditin təsnifatı Klinik-morfoloji formalarına görə perikarditlər kəskin (6 həftəyə qədər), yarımkəskin (6 həftə - 6 ay), xronik (6 aydan çox), həmçinin, kataral, fibrinoz, eksudativ, adheziv, konstriktiv ola bilər. Ağırlaşmış hallarda ürəyin tamponadası və «zirehli» ürək inkişaf edə bilər. Perikarditin əlamətləri Perikarditin simptomları onu törədən əsas xəstəliyin xarakteri və ağırlığından asılıdır. Əsas əlamətlərə ürək nahiyəsində ağrılar, quru öskürək, təngnəfəslik, ürəkdöyünmə, udmanın pozulması, boğulma və s. aiddir. Maye sürətlə yığılarsa, ürəyin tamponadası yaranır; bu, həyat üçün təhlukəli vəziyyətdir, qan təzyiqinin enməsi, ətrafların soyuması və sianozlaşması (göyərməsi), sidik ifrazının azalması baş verir. «Zirehli» ürək inkişaf edərsə, ürəkdöyünmə, təngnəfəslik, qarın nahiyəsinə maye yığılması (assit), qaraciyərin böyüməsi, ayaqlarda ödemlər və s. müşahidə olunur. Perikarditin diaqnostikası Perikard diaqnozunun qoyulmasında xəstəyə baxış, ağciyərlərin auskultasiyası, arterial təzyiqin və nəbzin ölçülməsi, döş qəfəsinin rentgenoqrafiyası mühüm rol oynayır. Ən əsas diaqnostik metod isə ürəyin exokardioqrafiyasıdır. Həmçinin, KT və ürək-damar MRT müayinəsi də çox informativdir. Perikarditin müalicəsi İlk dəfə aşkar olunan kəskin perikardit zamanı xəstənin hospitalizasiyası və fiziki aktivliyin məhdudlaşdırılması önəmlidir. Ürəyin hemodinamik göstəriciləri monitorlaşdırılmalı və müvafiq dərman müalicəsi aparılmalıdır. Müalicə xəstəliyin klinik-morfoloji formasından asılı olaraq aparılır. Qeyri-steroid iltihab əleyhinə preparatlar, hormonal preparatlar, antibiotiklər (bakterial infeksiya varsa), vərəm əleyhinə terapiya və digər simptomatik müalicə təyin edilir, tamponada zamanı təxirəsalınmaz perikardiosentez (mayenin çəkdirilməsi), yapışqan perikarditlərdə subtotal perikardektomiya (perikardın rezeksiyası, yəni kəsilməsi) icra olunur. Perikarditin proqnozu Fibrinoz (quru) perikarditin proqnozu adətən qənaətbəxşdir; 1/4 hallarda quru forma mayeli (eksudativ) perikarditə, nadir hallarda isə konstriktiv perikarditə keçə bilər. Kəskin eksudativ perikardit zamanı sağalma əsasən 2-6 həftə ərzində baş verir. Xəstələrin 15%-də ürəyin tamponadası inkişaf edə bilər. 10-20% hallarda isə xəstəliyin residivləşməsi (geri qayıtması) müşahidə olunur. Proqnoz əsas xəstəliyin (vərəm, şiş, uremiya və s.) xarakterinə, ağırlıq dərəcəsinə və müalicənin adekvatlığına əsasən müəyyən edilir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 16.04.2020

Dilaltı qədəh
 hekimtap.az

Dilaltı qədəh

DİLALTI QƏDƏH (PƏRDƏ) Uşaqlarda görülən xəstəliklərdən biri də dilaltı qədəh (pərdə) problemidir. Dilaltı qədəh çox qısa olan körpələr dillərini ağız içərisində çox rahat çevirə bilməz, əmməkdə çətinlik yaşaya bilərlər. Dillərini rahatca çölə çıxara bilməzlər. Böyüyəndə danışarkən hərfləri fərqli tələffüz edə bilərlər. Dil pərdəsi çox qısa olan körpələrdə şübhəsiz uşaq cərrahının fikri alınmalıdır. Lazımlı görülsə, cərrahi müdaxilə ilə dilaltı pərdənin qısalığı düzəldilməlidir. Problem, damaq ilə dil arasında olan bağın qalın və ya qısa olmasından qaynaqlanır. Problemlə bağlı olaraq dil hərəkətləri məhdudlaşdırılır. Bu hal problemi yaşayan uşağın danışmasına və qidalanmasına mənfi təsir edir. Lakin bu problem ümumiyyətlə ciddi bir problemə gətirib çıxarmaz. Uşaqların bir hissəsinə cərrahi müdaxilə lazım ola bilər. Uşaqda dilaltı qədəh olub-olmadığı necə aydın olar? Bunu bilməyin ən asan yolu dil pərdəsinin alt dodaq xəttini keçib keçmədiyinə baxmaqdır. Uşağınıza dondurma və ya lollipop növü şəkəri yalatmağa çalışın. Uşağın dili ağzının içərisində kifayət qədər hərəkətli deyilsə yeməklərin artıqları tam olaraq təmizlənməz, bu səbəbdən dişləri də qoruya bilməz. Ayrıca ağız qoxusuna və diş çürüməsinə səbəb ola bilər. Dilaltı qədəh olan uşaq nə vaxt əməliyyat olunmalıdır? Uşaqda dilaltı pərdə çox qısadırsa cərrahı olaraq müdaxilə edilməlidir. Əmmə funksiyasında bir problem yoxdursa iki yaşa qədər gözlənilməlidir.Körpənin bəslənməsində problem yoxdursa iki yaş ətrafında çıxış funksiyası qiymətləndirilməlidir. Danışmasına təsir edəcək dərəcədə problem varsa, hərfləri çıxarmaqda çətinlik çəkirsə dil pərdəsi kəsilir. Dilaltı qədəh cərrahiyyəsi, lokal anesteziya ilə edilən asan bir əməliyyatdır. Uşaq daha böyükdürsə ümumi anesteziya ilə etmək daha yaxşı olar. Bu mövzuda mütəxəssislərin ailələrə tövsiyəsi budur: Uşağınızda nitq pozulması varsa əvvəlcə eşitmə funksiyası qiymətləndirilməlidir. Yaxşı eşitmirsə yaxşı danışa bilməz. Çox ailə dilaltı qədəh kəsildikdən sonra danışmayan uşağın danışmağa başlayacağını düşünür. Bu səhv fikirdir. Çünki dilaltı qədəh yalnız bəzi hərflərin düzgün çıxmasını mane olar. Nitq pozğunluğunun səbəbi başqa nələrsə ola bilər. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 16.04.2020

DİABETİK RETİNOPATİYA
 hekimtap.az

DİABETİK RETİNOPATİYA

Diabetik retinopatiya nədir? Diabetik retinopatiya - şəkərli diabetin torlu qişanın damarlarını zədələyən və fəsadlara gətirib çıxardan ən ciddi ağırlaşmalarından biridir. 30 il şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin 90%-də rast gəlinir. Əsasən, şəkərli diabetin uzunmüddətli davamı nəticəsində yaranır. Lakin müasir oftalmoloji müayinələr retinopatiyanı ilkin mərhələdə aşkar etməyə şərait yaradıb.   Görmənin pozulması şəkərli diabetin əlilliyə aparan növlərindən biri hesab olunur. Bu patologiyadan əziyyət çəkən insanlarda korluq, diabetik retinopatiya yaşamayanlarla müqayisədə 25 dəfə çox rast gəlinir. İnkişaf etmiş ölkələrdə diabetik retinopatiya, qarşısı alına bilən korluğun əsas səbəbidir.  Diabetik retinopatiyanın hansı növləri var? Diabetik retinopatiyanın iki növü var. Onlara aşağıdakılar aiddir: Qeyri-proliferativ retinopatiya;   Proliferativ retinopatiya. Qeyri-proliferativ retinopatiya  — gözün torlu qişasında patoloji dəyişikliklərlə müşayiət olunur.  Bu zaman mikroanevrizmalar, qansızmalar (kiçik nöqtələr və ya ləkələr şəklində), sərt ekssudatlar (qan lipidlərinin intraretinal sahəyə çıxması) və intraretinal mikrovaskulyar anomaliyalar (arteriollar və venullar arasında şunt) izlənir. Proliferativ retinopatiya — xəstəliyin bu  növündə görmə sinirinin diskinin və/və ya torlu qişanın digər nahiyələrində neavaskulyarizasiya, şüşəvari cisimə qansızmalar, vitreoretinal traksiyalar və torlu qişanın traksion qopması qeydə alınır. Proliferativ retinopatiya  ikincili (neovoskulyar) qlaukomanın inkişafına gətirib çıxara bilər. Neovoskulyar qlaukoma proliferativ diabetik retinopatiyanın ən qorxulu ağırlaşmalarındandır və standart antiqlaukomatoz müalicəyə çətin tabe olur. Müalicəsiz ağrılı göz sindromuna qədər inkişaf edir.  Diabetik makulyar ödem – makulada (görmə itiliyini təmin edən sahə) maye və lipidlərin yığılması nəticəsində baş verən qalınlaşmadır. Diabetik retinopatiyanın hər iki növü zamanı müşahidə oluna bilər. Diabetik retinopatiyanın yaranma səbəbləri və risk faktorları hansılardır?  Diabetik retinopatiyanın əsas yaranma səbəbi kimi uzunmüddətli hiperqlikemiya göstərilir. Bundan başqa, onun immun faktorlara bağlılığı da ehtimal edilir. Risk faktorlarına aşağıdakılar aiddir: uzunmüddətli şəkərli diabet; pasiyentin yaşı; insulinin miqdarının qısamüddətli artırılması; hamiləlik; hipertonus; nefropatiya; hiperlipidemiya; nikotin asılılığı və s.  Diabetik retinopatiya necə müayinə edilir? Diabetik retinopatiyadan əziyyət çəkənlər endokrinoloqla yanaşı, oftalmoloqun da nəzarətində olmalıdırlar. Diabetik retinopatiyanın ağırlığından aslı olaraq 3-12 aydan bir oftolmoloji müayinə mütləqdir. Müayinə zamanı gözün itiliyi və gözdaxili təzyiq ölçülür, oftalmoskopiya aprarılır ki, bu da ekssudat, nöqtəvari qansızmaların və anevrizmlərin müəyyən edilməsinə şərait yaradır. Gostəricilərdən aslı olaraq ultrasəs müayinəsi, Optik Koherens Tomoqrafiyası və flüoressein angioqrafiyası aparılır.   Diabetik retinopatiyanın əlamətləri hansılardır? Xəstəliyin ağrısız inkişaf etməsi və çox az simptomlarla üzə çıxması onu daha da təhlükəli edir. Qeyri-proliferativ mərhələdə görmənin zəifləməsi subyektiv olaraq, hiss edilmir. Makulyar ödemin yaranması  əşyaların təsvirinin bulanmasına səbəb ola bilir. Yaxın məsafədən işləmək və ya kitab oxumaqda çətinləşmələr də diabetik retinopatiyanın əlamətlərindəndir. Proliferativ mərhələdə gözdaxili qansızmalar fonunda gözlərin önündə sayrışan tünd rəngli ləkələr və örtük əmələ gəlir. Şüşəyəbənzər cismə qansızma çox olduqda və torlu qişanın traksion qopması zamanı görmə qabiliyyəti kəskin azalır, yaxud tamamilə itirilir.   Diabetik retinapatiya necə müalicə olunur? Diabetik retinopatiyanın müalicəsi kompleks şəkildə endokrinoloq və oftalmoloq tərəfindən aparılır.  Diabetik retinopatiyanın müalicəsi xəstəliyin dərəcəsindən çox asılıdır. Hazırda ən effektiv və etibarlı metod torlu qişanın lazerokoaqulyasiyası hesab edilir. Bu metod “qızıl standart” sayilir. Bu prosedur yerli anesteziya ilə bir neçə mərhələyə aparılır və pasiyentin stasionarda qalmağına ehtiyac olmur.   Çox vaxt lazer koaqulyasiyası vaxtında həyata keçirilmədikdə ağırlaşmalar müşahidə edilir (proliferativ retinopatiya). Bu cür ağırlaşmalar şüşəvari cismə qansızma, torlu qişanın traksion qopmasına, qüzehli qişanın rubeozuna və neovaskulyar qlaukomaya gətirib çıxara bilir. Belə hallarda görməni qorumaq şansını vitrektomiya verir.  Qeyd etmək lazımdır ki, vitrektomiya oftalmologiyada mürəkkəb əməliyyatlardan biridir və onu yalnız yüksək ixtisaslı mütəxəssisə etibar etməyiniz vacibdir.  Diabetik makulyar ödem və şüşəvari cismə yüngül dərəcəli qansızmalarda intravitreal Anti-VEGF inyeksiyası tədbiq edilir.     Diabetik retinopatiya ilə zarafat etməyin, o KORLUĞA gətirib çixarda bilər!   © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Published: 16.04.2020

Spinner