DİABETİK RETİNOPATİYA
 hekimtap.az

DİABETİK RETİNOPATİYA

2882
Author: Oftalmoloq Ruslan Məmmədov, Əlaqə: (+994) 77 766-77-33

Published: 16.04.2020
Ruslan Məmmədov

Diabetik retinopatiya nədir?

Diabetik retinopatiya - şəkərli diabetin torlu qişanın damarlarını zədələyən və fəsadlara gətirib çıxardan ən ciddi ağırlaşmalarından biridir. 30 il şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin 90%-də rast gəlinir. Əsasən, şəkərli diabetin uzunmüddətli davamı nəticəsində yaranır. Lakin müasir oftalmoloji müayinələr retinopatiyanı ilkin mərhələdə aşkar etməyə şərait yaradıb.  

Görmənin pozulması şəkərli diabetin əlilliyə aparan növlərindən biri hesab olunur. Bu patologiyadan əziyyət çəkən insanlarda korluq, diabetik retinopatiya yaşamayanlarla müqayisədə 25 dəfə çox rast gəlinir. İnkişaf etmiş ölkələrdə diabetik retinopatiya, qarşısı alına bilən korluğun əsas səbəbidir. 


Diabetik retinopatiyanın hansı növləri var?

Diabetik retinopatiyanın iki növü var. Onlara aşağıdakılar aiddir:

  • Qeyri-proliferativ retinopatiya;  
  • Proliferativ retinopatiya.

Qeyri-proliferativ retinopatiya  — gözün torlu qişasında patoloji dəyişikliklərlə müşayiət olunur.  Bu zaman mikroanevrizmalar, qansızmalar (kiçik nöqtələr və ya ləkələr şəklində), sərt ekssudatlar (qan lipidlərinin intraretinal sahəyə çıxması) və intraretinal mikrovaskulyar anomaliyalar (arteriollar və venullar arasında şunt) izlənir.

Proliferativ retinopatiya — xəstəliyin bu  növündə görmə sinirinin diskinin və/və ya torlu qişanın digər nahiyələrində neavaskulyarizasiya, şüşəvari cisimə qansızmalar, vitreoretinal traksiyalar və torlu qişanın traksion qopması qeydə alınır. Proliferativ retinopatiya  ikincili (neovoskulyar) qlaukomanın inkişafına gətirib çıxara bilər. Neovoskulyar qlaukoma proliferativ diabetik retinopatiyanın ən qorxulu ağırlaşmalarındandır və standart antiqlaukomatoz müalicəyə çətin tabe olur. Müalicəsiz ağrılı göz sindromuna qədər inkişaf edir. 

Diabetik makulyar ödem – makulada (görmə itiliyini təmin edən sahə) maye və lipidlərin yığılması nəticəsində baş verən qalınlaşmadır. Diabetik retinopatiyanın hər iki növü zamanı müşahidə oluna bilər.


Diabetik retinopatiyanın yaranma səbəbləri və risk faktorları hansılardır?

 Diabetik retinopatiyanın əsas yaranma səbəbi kimi uzunmüddətli hiperqlikemiya göstərilir. Bundan başqa, onun immun faktorlara bağlılığı da ehtimal edilir. Risk faktorlarına aşağıdakılar aiddir:

  • uzunmüddətli şəkərli diabet;
  • pasiyentin yaşı;
  • insulinin miqdarının qısamüddətli artırılması;
  • hamiləlik;
  • hipertonus;
  • nefropatiya;
  • hiperlipidemiya;
  • nikotin asılılığı və s. 


Diabetik retinopatiya necə müayinə edilir?

Diabetik retinopatiyadan əziyyət çəkənlər endokrinoloqla yanaşı, oftalmoloqun da nəzarətində olmalıdırlar. Diabetik retinopatiyanın ağırlığından aslı olaraq 3-12 aydan bir oftolmoloji müayinə mütləqdir. Müayinə zamanı gözün itiliyi və gözdaxili təzyiq ölçülür, oftalmoskopiya aprarılır ki, bu da ekssudat, nöqtəvari qansızmaların və anevrizmlərin müəyyən edilməsinə şərait yaradır. Gostəricilərdən aslı olaraq ultrasəs müayinəsi, Optik Koherens Tomoqrafiyası və flüoressein angioqrafiyası aparılır.  


Diabetik retinopatiyanın əlamətləri hansılardır?

Xəstəliyin ağrısız inkişaf etməsi və çox az simptomlarla üzə çıxması onu daha da təhlükəli edir. Qeyri-proliferativ mərhələdə görmənin zəifləməsi subyektiv olaraq, hiss edilmir. Makulyar ödemin yaranması  əşyaların təsvirinin bulanmasına səbəb ola bilir. Yaxın məsafədən işləmək və ya kitab oxumaqda çətinləşmələr də diabetik retinopatiyanın əlamətlərindəndir.

Proliferativ mərhələdə gözdaxili qansızmalar fonunda gözlərin önündə sayrışan tünd rəngli ləkələr və örtük əmələ gəlir. Şüşəyəbənzər cismə qansızma çox olduqda və torlu qişanın traksion qopması zamanı görmə qabiliyyəti kəskin azalır, yaxud tamamilə itirilir.

 
Diabetik retinapatiya necə müalicə olunur?

Diabetik retinopatiyanın müalicəsi kompleks şəkildə endokrinoloq və oftalmoloq tərəfindən aparılır. 

Diabetik retinopatiyanın müalicəsi xəstəliyin dərəcəsindən çox asılıdır. Hazırda ən effektiv və etibarlı metod torlu qişanın lazerokoaqulyasiyası hesab edilir. Bu metod “qızıl standart” sayilir. Bu prosedur yerli anesteziya ilə bir neçə mərhələyə aparılır və pasiyentin stasionarda qalmağına ehtiyac olmur.  

Çox vaxt lazer koaqulyasiyası vaxtında həyata keçirilmədikdə ağırlaşmalar müşahidə edilir (proliferativ retinopatiya). Bu cür ağırlaşmalar şüşəvari cismə qansızma, torlu qişanın traksion qopmasına, qüzehli qişanın rubeozuna və neovaskulyar qlaukomaya gətirib çıxara bilir. Belə hallarda görməni qorumaq şansını vitrektomiya verir.  Qeyd etmək lazımdır ki, vitrektomiya oftalmologiyada mürəkkəb əməliyyatlardan biridir və onu yalnız yüksək ixtisaslı mütəxəssisə etibar etməyiniz vacibdir. 

Diabetik makulyar ödem və şüşəvari cismə yüngül dərəcəli qansızmalarda intravitreal Anti-VEGF inyeksiyası tədbiq edilir.  

 

Diabetik retinopatiya ilə zarafat etməyin, o KORLUĞA gətirib çixarda bilər!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az