Anevrizma hekimtap.az

Anevrizma

6335
Author: Kardioloq Günay Novruzova, Əlaqə: (+994) 50 628-68-97

Published: 23.04.2020
Gunay Novruzova

Anevrizma nədir ?

Anevrizma – arteriya (daha az hallarda vena) və ya ürək divarının şişkinlik şəklində qabarmasıdır; bu, divarın nazilməsi və dartılması nəticəsində baş verir. Əmələ gələn anevrizmatik kisə yaxınlıqda yerləşən orqanları sıxır. 

Anevrizma anadangəlmə və ya qazanılmış ola bilər. Anadangəlmə anevrizmalar uşağın erkən yaşlarında özünü göstərməyə də bilər. Qazanılmış anevrizma hipertoniya, ateroskleroz, sifilis (gec mərhələdə), travmalar, infeksiyalaşmış tromblar və s. nəticəsində əmələ gələ bilər. Bu patologiya ilə illərlə xəbərsiz yaşamaq olar; bu müddətdə anevrizma inkişaf edərək hər an həyat üçün təhlükə törədə bilər. 

Anevrizmanın növləri

Anevrizmanın əsas növləri bunlardır: beyin anevrizması, aorta anevrizması, ürək anevrizması, qarın anevrizması (visseral), yuxu arteriyasının anevrizması. Formasına görə anevrizmalar kisəşəkilli və iyşəkilli olur. 

Anevrizma niyə qorxuludur

Anevrizmanın əsas təhlükəsi onun tromblaşması və/və ya partlaya bilməsidir. Anevrizmanın partlaması əksər hallarda letal (ölümlə) nəticələnir, lakin ciddi ağırlaşma ilə də yekunlaşa bilər (məsələn, hemorragik insult). Anevrizma həmçinin, residivləşə də bilər, simptomsuz keçərsə, residiv özünü qəfil göstərə bilər. 

Anevrizma qadınlarda daha çox rast gəlinir. 40-dan yuxarı yaş həddi, irsiyyət, tütünçəkmə, alkoqoldan çox istifadə etmə və narkotiklər (xüsusilə kokain) anevrizmanın əmələ gəlmə riskini artırır. 

Anevrizmanın diaqnostikası

Anevrizma diaqnozunun qoyulmasında “qızıl standart“ metod angioqrafiyadır. KT-angioqrafiya daha az invazivdir, lakin hər zaman angioqrafiya qədər informativ deyil. MR-angioqrafiya şüa yüklənməsi vermir, lakin KT-angioqrafiyadan daha az informativdir. USM-doppleroqrafiya ucuz, qeyri-invaziv və kifayət qədər informativ metoddur.

Anevrizmanın klinik əlamətləri

Anevrizma əsasən təsadüfən, USM və ya rentgenoloji müayinə zamanı aşkar olunur. Anevrizmanın tamlığı pozulmayıbsa, uzun müddət simptomsuz keçə bilər, sonra ölçüsü böyüdüyükcə ətraf toxumaları sıxdığı üçün müvafiq əlamətlər meydana çıxa bilər. Əsas simptomlara müvazinətin pozulması, baş ağrıları, üzdə və göz alması arxasında ağrılar, görmənin və nitqin pozulması, döş qəfəsində, kürəkdə, çiyində ağrılar, öskürək, təngnəfəslik, udmanın pozulması, səsin xırıltılı olması, qarın nahiyəsində gözlə görünən pulsasiyanın olması, qarın ağrıları, baldır nahiyəsində əzələ ağrıları, axsama və s. aiddir.

Anevrizmanın partlaması yerləşdiyi nahiyəyə uyğun klinik simptomlar verir: zərbəşəkilli baş ağrıları, ürəkbulanma və qusma, huşun pozulması, hətta itməsi (koma), döş qəfəsində, kürəkdə, qarında kəskin ağrılar, arterial təzyiqin kəskin enməsi və s.

Anevrizmanın müalicəsi

Müalicə həkim tərəfindən individual olaraq təyin edilir. Defekt kiçik ölçülüdürsə, dinamik müşahidə və risklərin aradan qaldırılması tövsiyə olunur. Ağırlaçmalar zamanı təcili cərrahi müdaxilə göstərişdir.

Anevrizmanın profilaktikası

Əsas profilaktik metod defektin vaxtında aşkar olunması və sağlam həyat tərzi keçirməkdir. Mütəmadi olaraq profilaktik müayinələrdən keçmək və həkim tövsiyələrinə ciddi riayət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az