Язык:
Русский
İnsult ölümcül xəstəliklər içərisində üçüncü yeri tutur
31 января 2018 26970Nevroloq Sevinc Həmidova HəkimTap-a insult barəsində danışıb.
– İnsult beyin qan dövranı pozuntusu olub, beyinə gələn arteriyaların hər hansı bir səbəbdən tutulması, tıxanması nəticəsində beyinin müəyyən hissəsinin qansızlaşması və infarkt toxumasının yaranmasıdır. Bunun nəticəsində həmin sahə qidalanmır, qansızlaşır və infarkt toxuması formalaşır. Bu zaman həmin sahədə beyin funksiyası itirilir və buna uyğun olaraq insultun əlamətləri ortaya çıxır.
– İnsultun ilkin əlamətləri arasında ən çox üç əlamət qeyd olunur. Bunların hamının bilməsi vacibdir ki, zərurət yaranarsa, özlərində, ətraflarında kimsə insult keçirsə onu əlamətlərindən tanıya bilsinlər və təcili olaraq həkimə müraciət etsinlər ki, tutulan damara təcili müdaxilə olunsun. Əlamətlər içərisində birincisi nitq pozulmasıdır. Pasiyent çətinliklə danışır, danışarkən ya onu anlamaq olmur, ya da ki o, danışılanı anlamır. Motor və sensor afaziya müşahidə olunur. Sonra pasiyentin birtərəfli olaraq əl və ayaqlarında hərəkətsizlik yarana bilər – iflic vəziyyəti ortaya çıxır. Bundan başqa, üzdə asimmetriya müşahidə olunur. Gülümsəmə zamanı üzün bir hissəsi hərəkətsiz qalır. Gözləri yumduqda gözün biri yumulmur. Bu əlamətlər vacib əlamətlər sayılır. Yəni həkim olmayan kəslər də bu əlamətlərə görə insultu tanıya bilərlər. Bundan başqa, pasiyentdə baş gicəllənməsi, sərxoş kimi yerimə, görməsində problem də qeyd oluna bilər.
– İşemik və hemorragik insultlar var. İşemik insultlar ümumi insultların 87%-ni təşkil edir. Hemorragik insultlara daha az rast gəlinir. Hemorragik insultlar qansızmalardır, buraya daxili qansızmaları, epidural qansızmaları, subdural qansızmaları və beyindaxili qansızmaları aid etmək olar. Buna səbəb kimi damar patologiyalarını, arteriovenoz malformasiyalar və anevrizmaları (damarın genişlənmiş hissəsinin cırılması nəticəsində qansızmalar ) göstərmək olar.
İşemik insultlar isə tromb və embol nəticəsində yaranır. Tromb nəticəsində damar tutulur və həmin nahiyədə qansızlaşma yaranır. Embol nəticəsində isə hər hansı bir yad cismin və yaxud da trombun başqa bir sahəyə qanla gələrək, beyin damarını tutması deməkdir. Ola bilər ki, məsələn ürək nahiyəsində olan bir tromb qopsun və beyin toxumasını tutsun. Bu tromboembolik insult sayılır.
İşemik insultlar tromb, embo və hemodinamik mənşəli olur. Hemodinomik insultlar çox qan itirildikdə, ağır dərəcəli anemiyalarda, hipoksik vəziyyətlərdə müşahidə olunur ki, bu zaman beyinə uzun müddət qan çatmır.
– İnsulta həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir. Amma təbii ki, insult, əsasən, böyüklərdə yaranır. Risk faktoruna aiddir - siqaretçəkmə, spirtli içkilərin qəbulu, artıq çəki, arterial hipertoniya. Ürək xəstəlikləri – miokard infarktı keçirmiş insanlarda insult riski çox yüksəkdir. Ürək aretmiyası ən ciddi risk faktorlardan sayılır. Xolesterinin yüksək olması, laxtalanma faktorları, laxtalanma sitemində olan pozuntular və azhərəkətlilik də risk faktoruna aiddir.
– Bəli. İnsultlar, ümumiyyətlə, əlilliyə gətirib çıxaran xəstəliklər içərisində birinci, ölümə səbəb olanlar arasında isə ürək xəstəlikləri və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.
– Əgər qansızmadırsa, yəni hemorrogik insultdursa, bu zaman hemotomadan - beyinə yığılan qanın həcmindən asılı olaraq, cərrahi müdaxilə edilə bilər və yaxud da qanın oradan sorulması üçün tədbirlər görülə bilər.
İşemik insultların müalicəsi tamam fərqlidir. Burada zaman çox önəmlidir. Bir insanda insult yaranıbsa, onun itirdiyi təkcə zaman deyil, həm də beynidir. Bunun müalicəsi 3-4.5 saat ərzində aparılır.
Kəskin işemik insult keçirən insanlar əgər 3-4 saat ərzində xüsusi insult mərkəzlərinə çatdırılarsa, 60 dəqiqə ərzində dəyərləndirilir. Əgər uyğundursa, intravenoz (damar yolu ilə) yolla müəyyən dərman yeridilir. Bu da trombun əriməsinə səbəb olur. Bunu biz yalnız 3-4 saat ərzində edə bilirik. Əgər xəstə bu müddət ərzində müraciət etmirsə, düzgün ünvana müraciət etməzsə, qansızlaşmış toxuma artıq infarkt toxumasına çevrilir və biz artıq pasiyentə kömək edə bilmirik. Bundan sonra olan tədbirlər artıq profilaktikadır. Yəni toxuma artıq öləndən sonra bizim müdaxiləmiz mümkünsüz olur. Belə olan halda ətraf toxumanı qorumağa çalışırıq. Pasiyentin təzyiqi yüksəkdirsə, təzyiqi normallaşdırırıq. Yəni risk faktorlarını aradan qaldırmağa çalışırıq. İşemik insultda zaman çox böyük rol oynayır. Hər kəsə məsləhət görərdim ki, insultun ilkin əlamətlərini öyrənsinlər və yaxınlarına öyrətsinlər.
– Əgər pasiyentin təzyiqi yüksəkdirsə, onlar mütləq şəkildə təzyiqlərini sabit saxlamalıdırlar. Şəkərli diabet xəstələri mütəmadi olaraq endokrinoloqa müraciət etməlidirlər – şəkəri normada saxlamalıdırlar. Artıq çəki azaldılmalıdır. Duzlu və yağlı yeməklərdən az istifadə olunmalıdır. Meyvə-tərəvəz mənşəli qidalara daha çox üstünlük vermək tövsiyə olunur. Fiziki aktivliyi artırmaq vacibdir. Siqaret çəkən insanlarda insult riski 2 dəfə yüksək olur, ona görə bu zərərli vərdişi mütləq tərgitmək lazımdır. Spirtli içki 60 qr-dan yuxarı olduqda insult riski artır.
Həmçinin ürək infarktı keçirmiş insanlar böyük risk altındadırlar. Onlar müəyyən dərmanlar var ki, onları müntəzəm qəbul etməlidirlər.
Risk faktorlarına tranzitor işemik həmləni də aid etmək olar. Bu zaman qollarda keyləşmə və ya gücsüzlük yarana, nitq çətinləşə bilər, üzdə əyilmə müşayiət olunması mümkündür. Bir neçə saat sonra vəziyyət bərpa oluna bilər. Bu, bir siqnaldır, deməli, hansısa damar tutuldu və açıldı. Bu simtomlar müşayiət olunan insanlarda bir neçə həftə, bir neçə ay sonra insult yaranma riski yüksəkdir. Bu simptomlar müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır.
Həkimlə əlaqə üçün "daxil olun" !
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1