Language:
English
Qıcqırma və ya qastroezofaqeal reflyuks qida borusunun yuxarı hissələrinin və yuxarı tənəffüs yollarının ciddi xəstəliklərinə səbəb ola bilər. Qıcqırmaya səbəb mədə şirəsinin qida borusuna atılmasıdır. Bu, müntəzəm baş verərsə, qida borusunun aşağı hissəsinin iltihabı və ya ezofaqit yaranır. Bu xəstəliyi müalicə etmək çətin deyil, lakin əlamətlərinə vaxtında diqqət yetirilməzsə, daha ciddi fəsadlara yol aça bilər.
Alimlər müəyyənləşdiriblər ki, daimi qıcqırma qida borusunun stenozu və qida borusu divarının deşilməsi, həmçinin, qida borusu və yuxarı tənəffüs yollarının xərçənginə gətirib çıxara bilər.
Tədqiqatçılar yaşı 65-dən yuxarı olan 28000 pasiyentin tibbi göstəricilərini təhlil ediblər. Onların 13805-də 2003-2011-ci illərdə tənəffüs yollarının və həzm traktının yuxarı hissələrində onkoloji xəstəliklər qeydə alınıb.
Alimlər təcrübə iştirakçılarının neçə nəfərinin müntəzəm olaraq ezofeqal reflyuksdan - adi qıcqırmadan əziyyət çəkdiyini müəyyənləşdiriblər ki, onun onkoloji xəstəliklər ilə əlaqəli olub-olmadığını aşkara çıxarsınlar.
Məlum olub ki, qıcqırması olan insanlar qırtlaq xərçəngindən 3 dəfə, burun-boğaz xərçəngindən 2.5 dəfə, badamcıqların xərçəngindən 2 dəfə çox əziyyət çəkirlər. Alimlər qeyd ediblər ki, qida borusunun yuxarı hissələri və yuxarı tənəffüs yollarının xərçəngindən hər il 360 000 insan ölür.
Ekspertlər onkoloji xəstəliklərin qıcqırmanın tezliyindən asılılıq mexanizmini hələ ki, dəqiq izah edə bilmirlər. Çox güman ki, bu, həzm şirəsindəki mədə turşususunun qida borusunun yuxarı hissələri və yuxarı tənəffüs yollarına daimi təsiri ilə əlaqədardır.
Onu da qeyd edək ki, bu tədqiqatda siqaret çəkmə və alkohol qəbulu kimi onkogen faktorların təsiri nəzərə alınmayıb. Gələcəkdə daha dəqiq göstəricilər əldə etmək üçün digər onkogen faktorların təsirləri də nəzərə alınacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1