Rauf Məmmədov hekimtap.az

Rauf Məmmədov

Stomatoloq

15 il iş təcrübəsi

Bakı
Parodont xəstəlikləri və müalicəsi

Parodont xəstəlikləri və müalicəsi

Müəllif: Stomatoloq Rauf Məmmədov , Əlaqə:050 255 88 50
8815

Paylaşıldı: 03.12.2019
Rauf Məmmədov

PARODONT NƏDİR?

Parodont toxumalarına diş əti, diş, periodont, diş kökü sementi və alveol sümüyü aiddir. Parodont toxumaları vahid bir sistem təşkil edir. Bu sistem dişlərin sümükdə möhkəmliyini təmin edir, çeynəmə təzyiqini qəbul edir və nizamlayır.
Parodont xəstəlikləri diş əti və dişi yuvasında saxlayan toxumaların iltihabi xəstəlikləridir. Bu xəstəliklər diş əti iltihabı ilə başlayır. Vaxtında müalicə edilməzsə parodontitə qədər irəliləyərək diş əti və dişləri dəstəkləyən alveol sümüyündə geriyə dönməz proseslər meydana gətirə bilirlər. Bununla da dişlərin laxlaması və nəticədə itirilməsi baş verir. Diş itirilmələrinin 70% səbəbi parodont xəstəlikləridir. Bu xəstəliklərə erkən dövrdə diaqnoz qoyulduqda və düzgün müalicə tədbirləri seçildikdə asan və effektiv şəkildə müalicə oluna bilirlər.
Dişi əhatə edən toxumaların xəstəlikləri hələ qədim dövrlərdən aşkar edilib. Sivilizasiyanın inkişafı ilə əlaqədar olaraq kariyes kimi parodont xəstəlikləri də sürətlə çoxalmağa başlamışdır. Müasir dövrdə aparılmış müayinələr parodont xəstəliklərinin uşaqlar və böyüklər arasında geniş yayılmasını təsdiq etməklə yanaşı, həmçinin bu xəstəliklərin daha erkən yaşlarda da müşahidə edildiyini söyləməyə imkan verir.

PARADONTUN SƏBƏBLƏRİ:

Parodont xəstəliklərinin baş verməsinin iki əsas səbəbi bakteriyalar və diş daşlarıdır. Bu problemlərin həll olunması parodont xəstəliklərinin müalicəsinin əsas təməl prinsiplərini təşkil edir.Ən çox yayılmış parodont xəstəliklərindən biri parodontitdir. Bu xəstəlik zamanı bütün parodont toxumaları zədələnir. İltihabi prosesin yayılmasından asılı olaraq parodontitlər yerli və yayılmış formada aşkar edilir. Yerli parodontit zamanı bir və ya bir neçə diş nahiyəsində parodontun zədələnməsi baş verir. Bəzi hallarda düzgün hazırlanmamış qapaqlar, körpüyəbənzər protezlər, düzgün aparılmamış ortodontik müalicə, düzgün qoyulmamış plomblar dişin bağ aparatını zədələyərək parodontitin yaranmasına səbəb olur.
Xəstəliyin gedişi orqanizmin müqavimətindən də asılıdır. Orqanizmin müqaviməti aşağı düşdükdə və prosesə ikincili infeksiya qoşulduqda xəstəlik daha da ağırlaşır. Parodontitin əmələ gəlməsində genetik xüsusiyyətlərin, yaş dəyişikliklərinin, hamiləliyin, şəkərli diabetin, qan xəstəliklərinin rolu vardır. Səbəbləri göstərərkən ağızla nəfəs almanı da unutmaq olmaz. Havanın quruducu təsiri ağız suyunun müdafiə funksiyalarını zəiflədir və bakteriyaların inkişafına şərait yaranır. Parodontit zamanı güclü hormonal dəyişikliklərlə müşayiət olunan hamiləliyin böyük əhəmiyyəti vardır. Hamiləliyin bütün dövrü ərzində parodont toxumalarında hormonların çoxalması nəzərə çarpır. Bu zaman diş ətində ödem və qanaxma müşahidə edilir. Bəzən dişlərdə laxlama da olur. Parodontit və şəkərli diabet arasında əlaqə çoxsaylı tədqiqatlarla sübut olunmuşdur. Şəkərli diabet olan xəstələrin 51-98%-də parodontitə rast gəlinir. Buna görə də bəzən şəkərli diabetin ilk diaqnozu stomatoloq tərəfindən qoyulur.

PARADONTUN MÜALİCƏSİ:

Parodont xəstəliklərinin müalicəsi xəstəliyi törədən səbəblərin aradan qaldırılması ilə başlayır. Əgər düzgün qoyulmamış plomblar, düzgün hazirlanmamış qapaqlar, körpüyəbənzər protezlər və ortodontik aparatlar varsa onlar yenisi ilə əvəz olunmalıdır. Ağiz gigiyenası korreksiya edilməli və diş daşları təmizlənməlidir. Ağır hallarda yerli iltihab əleyhinə müalicə, parodontal ciblərin açıq və ya qapalı kuretaji həyata keçirilir. Aciq və qapalı kuretaj sayəsində parodontal ciblər ləğv olunur.
Yerli müalicə prosesində parodontal ciblərə daxil edilmiş dərman preparatları tez bir zamanda yuyularaq oradan çıxır və bunun nəticəsində aparılmış müalicənin effekti istənilən formada alınmır.Buna görə də parodontal sarğılardan istifadə olunur.Parodontal sarğılar dərman preparatlarının diş ətində, parodontal ciblərdə uzun müddət qalaraq təsir göstərməsini təmin edir.Parodont xəstəliklərinin profilaktikası və müalicəsi təbii dişlərin qorunması, daha rahat çeynəmə və həzmin baş verməsi deməkdir.Parodontitin profilaktikasının əsas metodu ağız boşluğunun fərdi gigiyenasıdır. Buna dişlərin düzgün və mütəmadi olaraq təmizlənməsi, keyfiyyətli diş fırçaları və məcunların istifadəsi və s.aiddir.


Rauf Məmmədov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz