Eloğlu
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun Kliniki Cərrahiyyə Klinikasının şöbə müdiri, cərrah Anar Namazova ithaf edirəm
Ay ürəyi gözlərindən oxunan,
Ay əlləri dərdə dərman, eloğlu.
Ürəyinə bu dünyanı sığdıran,
Xəstələrə ümid, güman, eloğlu.
Sən oğlusan buz bulaqlı dağların,
Gen dərəli, göy yaylaqlı dağların,
Qantəpərli, quzqulaqlı dağların,
Heç unutma, zaman-zaman, eloğlu.
Gah gülərüz, gah narahat görünən,
Xəstə gülsə qayət rahat görünən,
Əməlində yalnız həyat görünən,
Geniş qəlbi dərin ümman, eloğlu.
Sən Tanrıdan göndərilmiş salamsan,
Turalımın qardaşısan, balamsan,
Mərd, vüqarlı, basılmayan qalamsan,
Qucur səni bil, asiman, eloğlu.
Nə yazıq ki, hər qımışan mərd deyil,
Bədxahlara tale belə sərt deyil.
Bundan sonra ağrı-acı dərd deyil,
Qədərimdən varsa aman, eloğlu.
Şəmsi Qoca, uca bildi bil səni,
Qocaltmasın ötən aylar, il səni.
Elə söykən, ucaldacaq el səni,
Doktor Anar, ay din-iman, eloğlu.