Artrit
3211
Author:
Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: (+994) 50 367-41-47
Artrit – oynaqların iltihabi xəstəliyidir. Artrit zamanı oynağın normal hərəkətində iştirak edən oynaq qığırdağının dağılması baş verir və sümük səthlərin bir-birinə sürtülməsi olur, nəticədə oynaqda şişkinlik, ağrı və hərəkət məhdudluğu yaranır. Əsasən əllərin kiçik oynaqlarının, dirsək, diz, aşıq-baldır, bud-çanaq oynaqlarının, onurğa sütununun zədələnməsi müşahidə olunur. Bundan başqa artrit zamanı daxili orqanların: ürək, qaraciyər, böyrəklərin də funksiyası pozula bilər.
Artritin səbəbləri: zədələnmə, infeksiyalar (bakteriya, göbələk, virus), oynağın həddən artıq yüklənməsi, immun sistemin pozulması, artıq çəki, endokrin sistem xəstəlikləri, irsi meyllik, bəzi xəstəliklər: vərəm, brusellyoz, podaqra, psoriaz, dizenteriya, qonorreya səbəb ola bilər;
Artritin növləri:
- monoartrit – bir oynağın zədələnməsi;
- poliartrit – bir neçə oynağın zədələnməsi;
- Xəstəliyin gedişinə görə:
- kəskin artrit – qəfil yaranır, oynaqda güclü ağrı baş verir;
- xroniki artrit – tədricən inkişaf edir, oynaqda ara-sıra ağrı olur.
- Revmatoid artrit – autoimmun xəstəlikdir, oynaqların və daxili orqanların zədələnməsi ilə müşayiət olunur;
- Yuvenil revmatoid artrit (Still xəstəliyi) — 16 yaşadək uşaqlarda rast gəlinən xroniki proqressivləşən xəstəlikdir;
- Podaqrik artrit – oynaq səthlərinə sidik turşusu duzlarının toplanması nəticəsində yaranır;
- Psoriatik artrit – psoriaz xəstəliyi zamanı yaranan oynaq iltihabıdır;
- İnfeksion və ya irinli artrit – müxtəlif infeksiyalar nəticəsində oynaq iltihablaşır. Birincili (açıq yaradan oynağa infeksiya daxil olur) və ikincili (oynağa digər toxumalardan infeksiyanın daxil olması nəticəsində yaranır) növləri var: vərəm, qonorreya, dizenteriya, post streptokok, xlamidiya və virus artriti.
- Osteoartrit — qığırdaq toxumasının proqressivləşən degenerasiyasıdır, tədricən artan ağrılarla xarakterizə olunur. Vaxt keçdikcə oynağın forması dəyişir, sümük səthlərində osteofitlər yaranır.
Artritin simptomları: oynaqlarda ağrı və hərəkət məhdudluğu, xışıltı və diskomfort, oynaq və ətraf toxumalarda şişkinlik və qızartı müşahidə olunur.
Artritin diaqnostikası:
- Anamnez və müayinə;
- Laborator müayinələr;
- İnstrumental müayinələr: rentgenoloji müayinə, MRT (maqnit-rezonans tomoqrafiya), KT (kompyuter tomoqrafiya);
Artritin müalicəsi:
- Əsas səbəbi aradan qaldırmaq lazımdır;
- İltihabəleyhinə müalicə;
- Müalicəvi qidalanma;
- Oynaqların funksiyasının bərpasi:
- Osteopatiya – palpasiya və manual terapiya vasitəsilə sümüklərə, əzələlərə, sinirlərə, oynaqlara, birləşdirici toxumaya, qan dövranına və daxili orqanlara təsir göstərərək orqanizmin bərpasına yönəldilmiş müalicə texnikasıdır.
- Homeosiniatriya – akupunktur nöqtələrinə xüsusi homeopatik preparatların yeridilməsidir.
- Proloterapiya – regenerativ xüsusiyyətli inyeksiyanın orqanizmə yeridilməsi yolu ilə hüceyrələrin və birləşdirici toxumaların bərpasına yardım edən müalicə texnikasıdır.
- Fizioterapiya və reabilitasiya – müxtəlif fiziki faktorlar: soyuq, maqnit ultrabənövşəyi və infraqırmızı şüalar və elektroterapiya ilə aparılır.
- Cərrahi müalicə.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az