Artritin səbəbləri

Artrit

3259
Müəllif: Revmatoloq-Osteopat Əli Əlizadə, Əlaqə: (+994) 50 367-41-47

Paylaşıldı: 15.06.2020
Əli Əlizadə

Artrit – oynaqların iltihabi xəstəliyidir.  Artrit zamanı oynağın normal hərəkətində iştirak edən oynaq qığırdağının dağılması baş verir və sümük səthlərin bir-birinə sürtülməsi olur, nəticədə oynaqda şişkinlik, ağrı və hərəkət məhdudluğu yaranır. Əsasən əllərin kiçik oynaqlarının, dirsək, diz, aşıq-baldır, bud-çanaq oynaqlarının, onurğa sütununun zədələnməsi müşahidə olunur. Bundan başqa artrit zamanı daxili orqanların: ürək, qaraciyər, böyrəklərin də funksiyası pozula bilər. 

Artritin səbəbləri: zədələnmə, infeksiyalar (bakteriya, göbələk, virus), oynağın həddən artıq yüklənməsi, immun sistemin pozulması, artıq çəki, endokrin sistem xəstəlikləri, irsi meyllik, bəzi xəstəliklər: vərəm, brusellyoz, podaqra, psoriaz, dizenteriya, qonorreya səbəb ola bilər; 

Artritin növləri: 

  • Lokalizasiyasına görə:
  1. monoartrit – bir oynağın zədələnməsi;
  2. poliartrit – bir neçə oynağın zədələnməsi;
  • Xəstəliyin gedişinə görə: 
  1. kəskin artrit – qəfil yaranır, oynaqda güclü ağrı baş verir;
  2. xroniki artrit  – tədricən inkişaf edir, oynaqda ara-sıra ağrı olur. 
  • Səbəbinə görə: 
  1. Revmatoid artrit  – autoimmun xəstəlikdir, oynaqların və daxili orqanların zədələnməsi ilə müşayiət olunur;
  2. Yuvenil revmatoid artrit (Still xəstəliyi) — 16 yaşadək uşaqlarda rast gəlinən xroniki proqressivləşən xəstəlikdir;
  3. Podaqrik artrit – oynaq səthlərinə sidik turşusu duzlarının toplanması nəticəsində yaranır;
  4. Psoriatik artrit – psoriaz xəstəliyi zamanı yaranan oynaq iltihabıdır;
  5. İnfeksion və ya irinli artrit – müxtəlif infeksiyalar nəticəsində oynaq iltihablaşır. Birincili (açıq yaradan oynağa infeksiya daxil olur) və ikincili (oynağa digər toxumalardan infeksiyanın daxil olması nəticəsində yaranır) növləri var: vərəm, qonorreya, dizenteriya, post streptokok, xlamidiya və virus artriti.
  6.   Osteoartrit — qığırdaq toxumasının proqressivləşən degenerasiyasıdır, tədricən artan ağrılarla xarakterizə olunur. Vaxt keçdikcə oynağın forması dəyişir, sümük səthlərində osteofitlər yaranır. 

Artritin simptomları: oynaqlarda ağrı və hərəkət məhdudluğu, xışıltı və diskomfort, oynaq və ətraf toxumalarda şişkinlik və qızartı müşahidə olunur.  

Artritin diaqnostikası:

  • Anamnez və müayinə;
  • Laborator müayinələr;
  • İnstrumental müayinələr: rentgenoloji müayinə, MRT (maqnit-rezonans tomoqrafiya), KT (kompyuter tomoqrafiya);

Artritin müalicəsi:

  • Əsas səbəbi aradan qaldırmaq lazımdır; 
  • İltihabəleyhinə müalicə;
  • Müalicəvi qidalanma;
  • Oynaqların funksiyasının bərpasi: 
  1. Osteopatiya – palpasiya və manual terapiya vasitəsilə sümüklərə, əzələlərə, sinirlərə, oynaqlara, birləşdirici toxumaya, qan dövranına və daxili orqanlara təsir göstərərək orqanizmin bərpasına yönəldilmiş müalicə texnikasıdır. 
  2. Homeosiniatriya – akupunktur nöqtələrinə xüsusi homeopatik preparatların yeridilməsidir. 
  3. Proloterapiya – regenerativ xüsusiyyətli inyeksiyanın orqanizmə yeridilməsi yolu ilə hüceyrələrin və birləşdirici toxumaların bərpasına yardım edən müalicə texnikasıdır. 
  4. Fizioterapiya və reabilitasiya – müxtəlif fiziki faktorlar: soyuq, maqnit ultrabənövşəyi və infraqırmızı şüalar və elektroterapiya ilə aparılır.
  5. Cərrahi müalicə.

Mövzu ilə bağlı video:

 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az