Qurdağzı anomaliyası
 hekimtap.az

Qurdağzı anomaliyası

9687
Author: Uzman Dr. İlyas Axundzadə, plastik, rekonstruktiv və estetik cərrah, FEBOPRAS

Published: 09.09.2017
İlyas Akhundzade

Bu xəstəlikdə uşaqlar burun və ağız boşluğunu ayıran damaqda müxtəlif boylu yarıq ilə doğulur. Yarıq sadəcə yumşaq damağa aid ola bilər (arxa yarıq), ön tərəfdə yerləşə bilər, ya da bütün damağı  boydan boya tutur. Anomaliya Qafqaz irqində 2000-2500 canlı doğulmuş uşaqlarda 1 xəstə tezliyi ilə görülür. Qurdağzı çox vaxt dovşandodaq ilə birlikdə görülür. Oğlanlarda daha çox dovşandodaq və qurdağzı, qızlarda isə normal dodaq və tək başına qurdağzı anomaliyasına rast gəlir. Səbəbləri tam bilinmir və dovşandodaq anomaliyasındakı kimi bir neçə faktorun xəstəliyin riskini artdığı məlumdur.

Qurdağzı üz quruluşunda anormal görünüşdən başqa bir çox funksional problemlərə də yol açır. Ağız və burun boşluğunun qeyri-təbii birləşməsi qidaların burundan gəlməsinə yol açır. Ağızda vakum yaratmaq mümkün olmadığından əmmə aktı mümkün olmur. Azərbaycanda hələ də, bəzi həkimlər (köhnə biliklərə əsaslanan) belə uşaqların bəslənməsini mədəyə salınan zond (boru) ilə aparılmasını məsləhət görür.  Bu qətiyyən yanlış texnikadır! Çünki uşaqda normal udma refleksinin yaranmasını pozur və gələcəkdə aparılacaq əməliyyatların nəticələrinə də mənfi təsir göstərir. Qurd ağız körpələrinin bəslənməsi tez-tez və az miqdarda aparılmalıdır. Bunun üçün uşaq əldə şaquli vəziyyətdə tutulur və kiçik qaşıq yardımı ilə yedizdirilir. Hər bir yemək qəbulu 30 dəqiqədən çox olmamalıdır.

Yeməklərin burun boşluğuna qaçması həmçinin bura açılan Evstax borularının funksiyasını pozur. Normal halda bu borular orta qulaq ilə bağlıdır və iki boşluq arasında təzyiqi tənzimləyir. Qurdağzı xəstələrində bu boruların qeyri-normal işləməsi özünü tez-tez yaranan orta qulaq iltihabı (otit) ilə büruzə verir.

Bərpa olunmamış damaq uşaq yaşa dolduqca nitq qüsurlarına səbəb olur. Belə insanlar kar samitlərin tələffüzündə (xüsusilə p, t, s, k) çətinlik çəkir, səsləri asta, nitqləri isə qeyri-səlis olur.

Hal-hazırda bir çox cərrah qurdağzının cərrahi bərpasını uşaq 10-18 aylıq olduqda aparır. Heç bir halda bu əməliyyat 5 yaşından o tərəfə ertələnməməlidir. Çünki gec yaşlarda aparılan əməliyyat nitq qüsurlarını aradan qaldıra bilməz.  Əməliyyat nə qədər tez aparılsa danışıq bərpası bir o qədər uğurlu olar.

Qurdağzı anomaliyası daha dərin və geniş həcmli olduğundan ciddi və mərhələli cərrahi bərpa tələb edir.

Bəzi xəstələrə əməliyyatdan qabaq, xüsusilə damağın ön tərəfini tutan geniş yarıqlarda ortodontik müalicə aparıla bilər.

Əməliyyatda isə, ümumi narkoz altında damağın yumşaq toxumaları sərbəst edilərək ortadakı yarığı bağlayacaq şəkildə tikilir. Bu uşaqlarda düzgün nitqin inkişafı üçün əməliyyatdan sonrakı dövrdə loqoped, ya da danışma mütəxəssisi ilə məşğələ aparmaq zəruridir. Bir çox xəstədə bu kifayətdir. Lakin buna baxmayaraq bəzi əlavə əməliyyatlar lazım ola bilər. Loqoped ilə işləməyə baxmayaraq nitqi düzəlməyən uşaqlarda əlavə damaq uzadıcı əməliyyatlar aparılmalıdır. Damağın ön tərəfini tutan yarıqlarda, qalıcı dişlərin düzgün çıxması üçün 6-8 yaşlarında damağa sümük köçürülür.  Bəzi xəstələrdə əng sümüyü və üzün orta hissəsinin inkişafdan qalması yaranır. Bunlara 16-18 yaşlarında diş həkimi nəzarəti altında çənə nizamlama əməliyyatları aparılır.  Nəhayət, çox geniş və dovşandodaq ilə birlikdə görülən yarıqlarda burun quruluşu ciddi şəkildə pozulur. Belə xəstələrə 16-20 yaşlarında burun nəfəsinin və şəklinin bərpası üçün rinoplastika aparılır.

Qurdağzı anomaliyası daha ciddi olmasına baxmayaraq müasir tibbin metodları ilə müvəffəqiyyətlə müalicə edilir.  Əsas odur ki, lazımı müdaxilələr gecikdirilmədən vaxtında aparılsın.

Sizə və yaxınlarınıza sağlıq dolu günlər arzulayıram!

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.