Yaddaşından şikayətlənən yaşlı şəxsin diaqnozu... “Skleroz?” “MCİ?” Alsheymer demensiyası? Sadəcə qocalma?
 hekimtap.az

Yaddaşından şikayətlənən yaşlı şəxsin diaqnozu... “Skleroz?” “MCİ?” Alsheymer demensiyası? Sadəcə qocalma?

5903
Author: Sevinc Salamova

Published: 14.11.2017
Sevinc Salamova

Yaşlı şəxslərin öz yaddaşından şikayətlənmələri o qədər təbii qəbul olunur ki, hətta nisbətən gənc adamlar da yaddaşlarının zəifləməsindən şübhələnəndə düşünürlər: “Aha, deyəsən mən də qocalar kimi “skleroz” olmuşam.”  Maraqlıdır ki, gündəlik həyatımıza möhkəm daxil olmuş bu psevdo-tibbi terminin  tibb elmində qarşılığı yoxdur. Elmi-praktiki təbabətdə nə “skleroz”,  nə də “qocalıq sklerozu” anlayışı yoxdur. Qərb ölkələrində isə heç əhali arsında da belə “skleroz” anlayışı yoxdur. Bu yanlış anlayışlar bizə SSRİ dövründən bir özünəməxsus yadigardır. Amma insafən əhali də bu sözləri özündən kəşf etməyib. İş burasındadır ki, ötən əsrin 50-60-cı illərində SSRİ-də zatən elə də çox olmayan media vasitələrində,  xüsusən tibbi-maarif yönümlü radio-verilişlərdə  baş beyin damarlarının arteriosklerozunun və ya aterosklerozunun həm də yaddaş pozulmasının mühüm səbəbi olması geniş işıqlandırılırdı. Belə kütləvi maarif işlərinin məqsədinin həqiqətən camaatın qayğısına qalmaq, və  ya əhalinin fikrini müharibədən sonrakı dövrdə labüd iqtisadi və ərzaq çətinliklərinin sağlıqlı cəhətlərinə (yəni, “az yemək xeyirlidir”) yönəltmək olub-olmadığını bilmirik.  Nə isə ki, əhali üçün  “ beyin damarlarının ateroskleroz  və ya arteriosklerozu” o vaxtdan qısaca “skleroz” olub.  Biz isə bu məqalədə qısa olaraq xüsusən yaşlı şəxslərdə ali sinir fəaliyyəti funksiyalarının, o cümlədən yaddaşın pozulmasının ən vacib səbəbləri olan demensiyalar haqqında danışacağıq.

Demensiya nədir?

Qısa olaraq, demensiya koqnitiv (qavrama) enmə verərək şəxsin gündəlik fəaliyyətini və ya  peşəsi ilə bağlı funksiyalarını pisləşdirən bir sindromdur. Başqa sözlə, demensiya anadangəlmə olmayaraq sonradan müxtəlif xəstəliklər səbəbindən qazanılan, davamlı və bir çox hallarda artan əqil zəiflikdir.

Dünyada demensiyaların tədqiqi üzrə lider olan ABŞ Alsheymer Assosiasiyasının 2011-ci ildə  demensiyalar üçün qəbul olunmuş rəsmi kriteriyaları aşağıdakı kimidir:
 – Koqnitiv və davranış dəyişiklikləri simptomları gündəlik həyat fəaliyyətinə və peşə funksiyalarını yerinə yetirməyə mane olur.
 – Bu koqnitiv və davranış simptomları əvvəlki funksional səviyyədən enişi göstərir.
 – Mental statusun ötüb-keçən pozulması olan delirium və depressiya inkar olunub.
 – Koqnitiv enmə xəstə şəxsin və onun yaxınından anamnez toplanması və xəstə şəxsin obyektiv koqnitiv qiymətləndirilməsi ilə təsdiq olunur.
 – Müsahibə və obyektiv koqnitiv qiymətləndirmə zamanı ən azı 2 qabiliyyətdə enmə təyin olunur:
a) Yeni məlumatın qəbulu və saxlanması – “qısamüddətli yaddaş”
b) Mühakimə yürüdə bilmək.
c) Nitq
d) Görmə-fəza oriyentasiya
e) Davranış

Demensiyaların çoxlu təsnifatları və növləri mövcuddur. Bunlar haqqında danışmayaraq demensiyaların sadəcə iki ən çox yayılmış formasına – Alsheymer xəstəliyinə və Vaskulyar demensiyaya bir qədər diqqət yeirəcəyik.

Alsheymer xəstəliyi nədir?

Alsheimer xəstəliyi və ya Alsheymer demensiyası (qısa olaraq AX ya AD) qavrama və davranış pozulması  ilə özünü göstərən, gündəlik həyat və peşə fəaliyyətini pisləşdirən bir  neyrodegenerativ xəstəlikdir.  Bu xəstəlik əslində aşkar olunana qədər uzun bir dövr keçir. Səbəbi tam olaraq bilinmir.  Lakin məlumdur ki, beyin qabığında,  ilk növbədə yaddaşı kodlaşdıran hippokampus adlanan hissədə plaklar – lövhəciklər yaranır. Xəstəlik tədricən və geriyə dönmədən pisləşir.  Alsheymer demensiyası bütün növ demensiyaların ən çox yayılmış növü olaraq bunların 60-80%-ni təşkil  edir.

ABŞ Alsheymer Assosiasiyasının tipik AX üçün 2011-ci il rəsmi kriteriyaları:
 – Demensiya kriteriyalarına cavab verir.
 – Aylar-illər ərzində tədricən başlanır.
 – Müşahidə dövrü ərzində get-gedə pisləşmə aydın surətdə qeyd olunur.
 – İlkin və ən çox özünü göstərən koqnitiv simptomlar anamnez və koqnitiv müayinədə davamlı aşkar olunur.
 – AX istisna edən əlamətlər – yanaşı kobud Serebrovaskulyar patologiyanın və digər neyrodegenerativ xəstəliklərin ifadə olunmuş əlamətləri, koqnitiv enmə verən digər nevroloji-ümumtibbi patologiyaların əlamətləridir.

Tipik halda Alsheymer xəstəliyində qısamüddətli yaddaş və görmə-fəza oriyentasiyası o qədər aşkar  pozulur ki,  xəstə gündəlik işlərini asanlıqla görə bilmir və peşəsini  səhvlərsiz icra edə bilmir. Başqa sözlə, xəstə bunu gizlətməyə hətta cəhd etsə də başqaları o şəxsdə bu dəyişiklikləri görür.                               

Alsheymer xəstəliyinin hansı kliniki mərhələləri var?

Klininki olaraq koqnitiv əlamətlərin enmə dərəcəsi və digər əlamətlərin olmasından asılı olaraq Alsheymer demensiyasının yüngül, mötədil və ağır mərhələləlri ayırd edilir. Lakin bu mərhələlərin davam müddəti fərdidir. Ümumiyyətlə isə Alshemer xəstəliyinin demensiya dövrü 2 ildən – 20 ilə kimi çəkə bilir.  Alsheymer xəstəliyinin demensiya dövrünün kliniki mərhələlərinin əlamətləri aşağıdakı kimidir:

a) Yüngül AX mərhələsi əlamətləri:
 – Qısamüddətli yaddaş itib.
 – Tanış yerlərin yerləşməsi barədə çaşqınlıq.
 – Sadə gündəlik işləri görmək uzun çəkir.
 – Pulları idarə etmək və hesabları ödəməkdə çətinlik çəkir.
 – Doğru mühakimə yürüdə bilməyərək çox vaxt pis qərar verir.
 – Spontan əqli cəldlik və təşəbbüskarlıq itib.
 – Əhvalı və xasiyyəti dəyişilib, narahatlıq artıb.

b) Mötədil AX mərhələsi əlamətləri:
 – Yaddaş itkisi və çaşqınlıq artıb.
 – Diqqətsizlik
 – Dostları və ailə üzvlərini tanımaqda çətinlik çəkir.
 – Nitqində, oxuma və yazıda, hesablamada çətinliklər var.
 – Yeni (yer, əşya, hadisə) nəsə öyrənə bilmir və gözlənilməz situasiya ilə bacarmır.
 – Fikirlərini mütəşəkkil ifadə edə və məntiqi düşünə bilmir.
 – Xüsusilə axşamlar narahatlıq, qorxu keçirir, boşuna gəzir və ağlağandır.
 – Təkarlanan söz və ifadələr, hərəkətlər qeyd olunur.
 – Psixi əlamətlər – hallusinasiyalar, illuziyalar, sayıqlamalar, izahsız şübhə və paranoya qeyd olunur.
 – Özünə-nəzarət itib. Məsələn, cəmiyyət önündə söyüşlə danışır, soyunur və ya təbii ehtiyacını yerinə yetirir.
 – Perseptual motor problemləri: mürəkkəb, bir neçə aktdan ibarət olan hərəkəti icra etməkdə çətinlik var. Məsələn, stol arxasından özü sərbəst dura bilmir.

c) Ağır AX mərhələsi  əlamətləri:
Bu şəxslər ailə üzvlərini və dostlarını qətiyyən tanımır. Onlarla ünsiyyət qurmaq demək olar ki, mümkün deyil. Bu xəstələr gündəlik qayğılarına- qidalanma, geyinmə, yuyunma və s. görə tamamilə başqalarından asılıdırlar. Xəstə huşunda olsa da, demək olar ki, bütün şəxsi keyfiyyətləri itib. Amerikalı həkimlər  bu mərhələni belə bir aforizmlə ifadə edirlər: “İşıq yanır, amma evdə heç kəs yoxdur.” Bundan başqa ağır AX-də aşağıdakı əlamətlər də ola bilər:
 – Arıqlama (qida qəbulundan imtina, baxımsızlıq və ya disfagiyaya görə)
 – Qıcolmalar
 – Daimi inildəmə və donquldanma
 – Artmış yuxululuq və yataq yaraları
 – Çanaq funksiyalarına nəzarətin tamamilə itməsi

Son mərhələdə xəstə günboyu yataqdan durmur. Ölümün səbəbi çox vaxt aspirasion pnevmoniyadır.

Skeleroz, alsheymer - Hekim Tap

“Demensiya” diaqnozu hansı müayinə metodları ilə qoyulur?

Demensiya,  Alsheymer demensiyası ilk növbədə kliniki diaqnozdur. Bütün laborator-instrumental müayinələr əsasən digər səbəbləri inkar etməyə yönəlmişdir. Beləliklə aşağıdakı müayinələr aparılır:
 – Yaddaş zəiflləməsi, davranış dəyişikliyi kimi koqnitiv dəyişikliyi olan xəstə və onun yaxınından anamnez toplanması. Bu ən həlledici məqamdır.
 – Obyektiv və nevroloji müayinə - digər nevroloji xəstəlikləri və digər orqan xəstəliklərini aşkar etməyə kömək edir.
 – Koqnitiv qiymətləndirmə - burada “AD8” kimi subyektiv və “MMSE”, “Mini-Cog”, “MoCA” kimi obyektiv skrininq testlər istifadə olunur.
 – Neyropsixoloji müayinə - mütəxəssislər tərəfindən aparılır.
 – Laborator müayinələr  - qanın formalı hissəciklərin tam müayinəsi, qanın biokimyəvi müayinəsi, TSH, homosisteinlər, vitamin B12, fol turşusu və vitamin D və nadir hallarda bəzi xüsusi parametrlərin təyini. Məqsəd daxili orqan xəstəliklərini aşkar etməkdir.
 – Neyrovizualizasiya - ən yaxşı müayinə üsulu MRT-dir. Əsas məqsəd demensiyanı mimikriya edən Xroniki Subdural Hematoma, kəllədaxili şiş, hidrosefaliya kimi xəstəlikləri aşkar etməkdir.
 – Nisbətən yeni müyinə üsulları likvorun xüsusi analizləri, demensiya üçün xüsusi PET, f-MRT, nadir hallarda istifadə olunan bəzi spesifik genetik analizlərdir.  Müayinələr nəticəsində  xəstənin funksional statusu və depressiyanın olub-olmaması da müəyyənləşdirilməlidir.

Vaskulyar demensiya nədir?

Vaskulyar demensiya bütün demensiyaların ikinci ən çox yayılmış növü sayılır. Amma bu daha çox bir xəstəlik kimi yox, bir xəstəliklər qrupu kimi nəzərdən keçirilir. Bu zaman beynin iri və kiçik damarlarının müxtəlif xəstəlikləri – insultlar, TİA-lar, səssiz lakunar infarktlar, arterial hipertenziya ilə əlaqədar arterioskleroz, ateroskleroz, leykoensefalopatiya fonunda tədrici və ya iri damar problemlərindən sonra pilləli koqnitiv enmə baş verir. İlk vaxtlar daha çox alın payı əlamətləri qeyd olunaraq xəstədə davranış, əhval, xasiyyət dəyişikliyi nəzərə çarpır. Xəstə laqeyd, ya hər işə qarışan, kobud-acıqlı və ya bəzən ifrat güləyən, həddən artıq qarınqulu və ya iştahası küskün ola bilir. Mühakimə yürütmə və zehni iş görmə qabiliyyətləri pozulur. Heç nəyə diqqət verə bilmir. Adi gündəlik işləri görə bilmir. Çox vaxt nitq, yeriş, çanaq funksiyaları pozulması və depressiya qeyd olunur. Nevroloji statusda ocaqlı əlamətlər qeyd oluna bilir. Baş beynin MRT müayinəsi zamanı subkortikal işemik ocaqlar və damar xəsətliklərinin digər əlamətləri qeyd olunur.   Hesab olunur ki, adətən vaskulyar  demensiyada yaxın yaddaşın itməsi Alsheymer xəstəliyindən fərqli olaraq ilk əlamət olmur. Lakin son illərin tədqiqatları – patoloji təşrihlər göstərir ki, sırf vaskulyar demensiya əslində az rast gəlinir. Bundan fərqli olaraq vaskulyar demensiya əlamətləri Alsheymer xəstəliyi ilə birgə çox qeyd olunur. Başqa sözlə, baş beyin qan dövranının pozulması  təkcə vaskulyar demensiyası yaratmır, həm də Alsheymer xəstəliyinin inkişafına kömək edir.  Buna görə də Amerika Ürək Assosiasiyası və Amerika İnsult Assosiasiyası vaskulyar mənşəli yüngül koqnitiv dəyişiklikləri və ağır dementiv prosesləri özündə birləşdirən ümumiləşdirici “Vaskulyar Koqnitiv Pisləşmə” anlayışını elmə gətirmişdir.

Alsheymer xəstəliyinin nə kimi risk faktorları var?

2006-cı ildə dr M.Kivipelto əməkdaşları ilə birgə geniş bir tədqiqat apararaq statistik olaraq Alsheymer xəstəliyi riskini hesablayan “Aqreqat Risk Şkalası”  təklif etmişdir:

Risk faktoru

Əmsal
(Alsheymer xəstəliyi ehtimalını neçə dəfə artırır)

I dərəcəli xəstə qohum (ata,ana, qardaş, bacı)

3,0

Huş itirməsi ilə Kəllə-Beyin Travması

2,0

65 yaşdan yuxarı yaş

1,0

75 yaşdan yuxarı yaş

4,0

85 yaşdan yuxarı yaş

16,0

Ümumi təhsil 7 ildən aşağı

3,6

Qadın cinsi

1,5

Sistolik arterial təzyiq 140 mm c.süt-dan çox

2,2

Bədən çəkisi indeksi 30 kq/m2-dən çox

2,3

Qanda xolesterin 6,5 mmol/l-dən çox

1,9

Genetik analizdə Ap0E4 bir nüsxədə müsbətdir

4,0

Keçirilmiş beyin insultu

2,4

Keçirilmiş miokard infarktı

2,5

Kontrolsuz Şəkərli diabet tip 2

2,0

Oturaq həyat tərzi

1,7

Davamedən siqaret çəkmə

2,3

 

Bu cədvələ əsasən əmsallar toplanır və nəticələr belə hesablanır:
 – 4 və daha azdırsa – AX riski azdır
 – 5-12 arasındadırsa – AX riski orta dərəcədədir
 – 13 və daha yuxarı isə – AX riski yüksəkdir. 

Alsheymer xəstəliyinin 100% qarşısını almaq olarmı?

85 il ömür sürmüş mərhum şairimiz Osman Sarıvəllinin bir şerində deyildiyi kimi, hər kəs 100 il yaşamasa günah onun özündədir. Amma iş də burasındadır ki, şəxs nə qədər çox qocadırsa  AX riski bir o qədər də çoxdur. 2017-ci il üçün ABŞ Alsheymer assosiasiyasının verdiyi məlumata əsasən,  bu ölkədə 65-74 yaşlı şəxslərin 3%-də, 75-84 yaşlı şəxslərin  17%-də, 85 yaşdan yuxarı şəxslərin 38%-də  Alsheymer demensiyası var.  Lakin Alsheymer xəstəliyi birdən-birə yaranmır. Müəyyən olunub ki, bu çox uzun və  mürəkkəb çoxfaktorlu bir patoloji prosesdir. İlk mərhələsi 5-20 ilə yaxın gizli, tamamilə simptomsuz bir dövrdür. Sonrakı 1-10 il ərzində və bəzən daha artıq müddədə xəstə və qohumları yüngül koqnitiv dəyişiklik aşkar edirlər. Bu adətən predementiv dövr - Yumşaq Koqnitiv Pozulma (MCİ-mild cognitive impairment) mərhələsidir. Bu şəxslər  ilkin olaraq yaddaş pisləşməsindən və bəzən digər koqnitiv çətinliklərdən şikayətlənirlər və obyektiv olaraq da bu təsdiq olunur. Lakin onlarda demensiya yoxdur. Başqa sözlə, bu koqnitiv enmə onların gündəlik həyatını və ya peşə funksiyalarını pozmur.  Hər il MCİ olanlardan təxminən 5-10%-i Alsheymer demensiyası mərhələsinə keçir. Lakin xoşbəxtlikdən MCİ olan şəxslərdə  60% hallarda 10 ildən şox müddət  keçsə də demensiya mərhələsi inkişaf etmir. Hazırda  yalnız risk faktorlarına yönələn tədbirlərlə Alsheymer xəstəliyi ehtimalını azaltmaq olar. Hələlik təəssüf ki, 100% AX riskini ləğv edən və ya prosesi hər hansı bir mərhələdə dayandıra bilən dərman vasitəsi yoxdur. Əslində bunun ən böyük bir səbəbi son illərə qədər demensiyaları müalicə edən dərmanların tədqiqinə az maliyyənin ayrılmasıdır. Lakin vəziyyət müsbət tərəfə dəyişib.  2012-ci ildə ABŞ-da Barak Obama administrasiyası Alshemyer xəstəlyini modifikasiya edən müalicə növlərinin tədqiqi üçün tarixi bir qərar qəbul etdi və  belə müalicə növlərinin işlənilməsi üçün 156 milyon ABŞ dolları ayırdı.   Ona görə də son illər vaksinlərlə, digər xüsusi  preparatlarla  bağlı ümidverici tədqiqatlar aparılır. Hər şey uğurlu alınsa,  ilk belə qabaqlayıcı və  effektiv müalicələrin klinikada tətbiqi təxminən 2025-ci ilə planlaşdırılır.

Koqnitiv cəhətdən “normal qocalmaq” üçün mən nə etməliyəm?

 Gəlin razılaşaq ki, bu sualın cavabı bizim hər birimizə maraqlı olmalıdır. Öncə “normal koqnitiv qocalma” dedikdə Amerika Milli Təbabət Akademiyasının-MTA (National Academy of Medicine-NAM, formerly İnstitute of Medicine – İOM) bu barədə qeyd etdiyi ən əsas xüsusiyyətləri göstərək:
 – Koqnitiv qocalma yüksək mütəhərrik bir prosesdir və bu prosesin sürəti həm fərdlər arasında, həm də fərdin özü üçün zaman getdikcə dəyişə bilir.
 – Koqnitiv qocalma əqli proseslərin keyfiyyət yox, daha çox kəmiyyət göstəricilərinin-sürətin və həcmin bir qədər azalması ilə müşayiət olunur.
 – Normal koqnitiv qocalmada bəzi aspektlər stabil qalır və ya hətta əhəmiyyətli dərəcədə yaxşılaşır:
a) bilik artır və müdrüklük yaranır.
b) insanın özünü xoşbəxt hiss etməsi ilə bağlı yaş getdikcə “U”-formalı dəyişiklik qeyd olunur.
c) stress, acıq, narahatlıq, kin-küdurətin hamısı yaş getdikcə azalır

Amerika MTA bununla əlaqədar 3 əsas tövsiyyə edir:
a) Kardio-vaskulyar risk faktorlarını azaltmalı
b) Fiziki aktivliyi xüsusilə artırmalı
c) Qəbul olunan  dərman vasitələrinə diqqət yetirməli
İndi isə MTA tövsiyyələrini bir qədər açıqlayaq.

a) Kardio-vaskulyar risk faktorlarını azaltmalı
Əgər ötən məqalələrimizin birində son vaxtlar əhali arasında insultun niyə bu  qədər artmasını izah edən bölümü oxumusuzsa, onda məlumat üçün qeyd edək ki, bütün bu risk faktorlarının - yüksək arterial təzyiq, hiperxolesterinemiya, şəkərli diabet, alkohol, siqaretçəkmə, narkotiklər, azhərəkətlilik, ürək xəstəlikləri və  xroniki yuxu defisitinin Alsheymer demensiyası riskini də artırması elmi tədqiqatlarda sübut olunmuşdur. Bu cür fundamental böyük tədqiqatlardan birində Barnes və Yaffe belə bir statistik nəticəyə gəlib ki, əgər ABŞ-da Şəkərli Diabet-tip 2 sayı 10% və ya  25% azalsa – bu müvafiq olaraq 17000 və 42000 nəfərin  Alsheymer xəstəlyindən qorunmasına gətirib çıxarardı! Bu müəlliflər qeyd edirlər ki, ABŞ-da Alsheymer demensiyası hallarının potensial olaraq ümumilikdə təxminən 50%-inə qədəri  modifikasiya oluna bilən risk faktorlarından asılıdır.  Beləliklə,  son illərin tədqiqatlarına əsasən hətta insult olmadan da keçən, kliniki özünü göstərməyən  “gizli” kiçik damar (arteriola, kapilyar, venula) xəstəliklərinin – səssiz lakunar infarktlar, leykoensefalopatiyanın həm Alsheymer demensiyası, həm də Vaskulyar demensiya riskini artırması təyin olunmuşdur. Bilirsinizmi, bu nə deməkdir? Bu o deməkdir ki, ötən əsrin 50-60-cı illərində Sovet tibbi maarifləndirici radio-verilişlərində deyildiyi kimi, məhz baş beyin damarlarının arteriosklerozu və aterosklerozunun  (“skleroz”) azaldılmasına yönəlmiş tədbirlər Alsheymer demensiyasına qoruyucu təsir göstərir. Bəzən tibb elmi də moda kimidir: “Yeni-yaxşıca unudulmuş köhnədir.” 

b) Fiziki aktivliyi xüsusilə artırmalı
Bu tövsiyyə ilə əlaqədar olaraq qədim latın aforizmini xatırlatmaq yerinə düşərdi: “Sağlam bədəndə sağlam ruh olar!”.  2011-ci ildə dr K.Erikson və əməkdaşlarının apradığı tədqiqata əsasən müntəzəm idman koqnitiv yaxşılaşma verərək baş beynin gicgah payının yaxın yaddaşa cavabdeh olan  hipokampus adlanan hissəsinin həcmini də artırır. Oxşar nəticələri dr L.D Baker və əməkdaşları da 2015-ci ildə “PACE” adlanan tədqiqatda əldə ediblər.

c) Qəbul olunan  dərman vasitələrinə diqqət yetirməli
MTA mütəxəssisləri antixolinergik təsirli dərman vasitələrini yaşı 65 və daha yuxarı olan şəxslərdə qəbul olunmamasını və ümumiyyətlə orta yaşlarda da az qəbul olunmasını məqsədəuyğun sayırlar. Bu dərman vasitələrinə bəzi antidepressant və antihistamin maddələri, həmçinin sidik ifrazı pozulmalarında istifadə olunan bir qisim preparatlar aiddir.

Vaskulyar fakorlara təsir edərək xüsusilə qoruyucu təsir edən preparatlara isə angoiotenzin-reseptor blokatorları və bəzi bazis oral hipoqlikemik preparatları misal gətirmək olar.

Bundan əlavə zehni aktivliyin artırılması, yuxu rejiminə əməl olunması, sağlıqlı qıda qəbulu da müsbət koqnitiv nəticələrə gətirib çıxarır.

Koqnitiv sağlam pəhriz: nə yeməli və nəyi yeməməli?

Əslində burada da ürək-damar xəstəliklərinin riskini azaldan, meyvə-tərəvəzlə zəngin, pörtülmüş ağ ətə (toyuq, balıq), qoz-fındığa  üstünlük verilən, azduzlu pəhriz öz müsbət rolunu oynayır. Qızartma yeməklər və qırmızı ət (mal, qoyun, donuz, yağlı çöl quşları) ilə pəhriz isə mənfi təsir edir. Bioaktiv qida əlavələri barədə tədqiqatlara əsəasən:
 – Kakao yağının əlavə qəbulu koqnitiv pis təsir edir.
 – Vitamin E əlavəsi pis təsir edir.
 – Üzüm dənəsi ekstraktı və darçın bir qədər müsbət təsir edir.
 – Balıq məhsulları və pomidor-bibərlə zəngin Aralıq dənizi pəhrizi müsbət təsir edir.
 – Xüsusilə, qara qarağat koqnitiv müsbət təsir edir.

Vaskulyar demensiya və Alsheymer xəstəliyi necə müalicə olunur

Vaskulyar demensiya qabaqlana bilən patologiya sayılır. Çünki medikamentoz və qeyri-medikamentoz tədbirlərlə baş beyin qan dövranı pozulmalarının qarşısını almaq mümkündür. Ona görə də  vaskulyar demensiyaların müalicəsi də əslində serebrovaskulyar patologiyanın müalicəsi deməkdir. Bu müalicə növləri  “Baş beyin qan dövranı pozulmalarının ağırlaşmalarının bərpa müalicəsi” adlı məqaləmizdə nisbətən ətraflı təsvir olunmuşdur.  

Əvvəlki bölümdə göstərilənləri nəzərə alaraq Alsheymer xəstəliyində demensiya üçün xüsusi  preparatlardan biri və damar problemləri ilə bağlı zəruri müalicə  tətbiq olunur. Demensiya üçün antixolinesteraza qrupuna aid olan 3 dərmandan biri yüngül AX mərhələsində tətbiq olunur. Mötədil və ağır dərəcəli AX mərhələsində əlavə olaraq N-metil-D-aspartam reseptoru antaqonisti olan preparat da əlavə olunur. 

Bu məqalədə alınan yekun nəticə:
Serebrovaskulyar patologiyanın profilaktika və müalicəsinə yönəldilmiş medikamentoz və qeyri-medikamentoz tədbirlər həm də demensiyaların qarşısını almaqda mühüm rol oynayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.