Şəlpə qulaq əməliyyatı (otoplastika)
 hekimtap.az

Şəlpə qulaq əməliyyatı (otoplastika)

10092
Author: Plastik-estetik cərrah Nəzmin Musayeva

Published: 13.09.2018
Nazmin Musayeva

Xalq arasında şəlpə qulaq olaraq bilinən qulaqların plastikasında istifadə olunan otoplasti əməliyyatı, narahatlıq verən şəlpə görüntüsünü korreksiya etmək məqsədiylə olunur. Cərrahi müdaxilə ilə pasiyent bu vəziyyətdən həmişəlik xilas olur və psixoloji baxımdan da rahatlayır. 

Şəlpə qulaq əməliyyatı üçün ən uyğun yaş neçədir?

Qulaqların inkişafı (80%i) 5-6 yaşa qədər tamamlanır. Bu səbəbdən məktəbə başlamadan bu cür əməliyyatlar edilə bilər. Əməliyyatın bu yaşlarda olunması xüsusilə uşağın ruhi vəziyyətində meydana gələ biləcək mənfi halların qarşısnı ala bilər.

Şəlpə qulaq əməliyyatı yuxarı yaşlarda oluna bilərmi?

Şəlpə qulaq əməliyyatının daha yuxarı yaşlarda da edilməsi mümkündür. Kiçik uşaqlarda əməliyyat, ümumi anesteziya ilə, böyüklərdə isə yerli anesteziya ilə olunur. Ümumiyyətlə hər yaşda qulaqda estetik əməliyyat edilə bilər.

Şəlpə qulaq kişilərdə niyə daha sıx rast gəlinir?

Şəlpə qulaq əməliyyatına kişilərin daha sıx müraciət etdiyi doğrudur. Bunun səbəbi çox sadədir: eyni vəziyyətdəki qadınlar saçları ilə qulaqlarını asanlıqla gizləyə bildiyi halda, kişilərin əksəriyyətinin belə bir imkanı yoxdur.

Şəlpə qulaq əməliyyatı necə aparılır?

Bu əməliyyat qulaq arxasından edilən kiçik bir kəsiklə aparılır. Qulağın qığırdaq toxuması açılır. Qulaq seyvanının arxa hissəsinə doğru qıvrımını təmin etmək üçün həkim uyğun gördüyü yerlərdən qığırdaq törpüsü ilə qığırdaq toxumasını incəldir. Yenidən yaradılmış qıvrımın qalıcı olması üçün xüsusi tikişlər qoyulur.

Əməliyyat sonrası hər hansı iz qalarmı?

Xeyr, şəlpə qulaq əməliyyatı qulaq arxasından reallaşdığı üçün xaricdən hər hansı bir əməliyyat izi görünməz.

Əməliyyat nə qədər çəkir?

Şəlpə qulaq əməliyyatı təxminən 1saata qədər davam edir və pasiyent eyni gün evə yazılır.

Hansı anesteziya tətbiq olunur?

Şəlpə qulaq əməliyyatı yerli və ümimi anesteziya ilə icra edilir.

Şəlpə qulaq əməliyyatı sonrası nə baş verir?

Əməliyyat sonunda hər iki qulaq üzərinə möhkəm sarılmış təzyiqli sarğı qoyulur. Ertəsi gün sarğı üçün həkim ilə görüşülür. Əməliyyat sonrası 3-5 gün qulaqlarda qızartı və yüngül bir şişlik meydana gələ bilər. Əməliyyat sonrası ilk gün ağrı hiss oluna bilər, belə hallarda həkiminiz ağrıkəsici təyin edəcəkdir. Bir neçə gün sonra sarğılar çıxarıldıqdan sonra 2 həftə müddətlə qulaqların üzərinə gələcək şəkildə tenisçi bantı istifadə etmək məsləhət görülür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az