Language:
English
Bir qrup britaniyalı alim apardığı çoxsaylı tədqiqatlardan sonra belə bir qənaətə gəlib ki, şəkərin həddindən artıq istifadə olunması psixi pozuntulara gətirib çıxara bilər. Lakin bu nəticələr nisbidir, dietoloqlar isə bu fikri, ümumiyyətlə, qəbul etmirlər.
London ali məktəblərinin birində elmi mütəxəssislərin apardıqları tədqiqatda təqribən 8000-ə yaxın adam iştirak edib. Qeyd etmək lazımdır ki, könüllülərdən məlumatların toplanması bir neçə il davam edib. Bundan başqa, layihənin iştirakçıları periodik olaraq sorğu vərəqələrini doldurublar.
O da qeyd olunur ki, tədqiqat çərçivəsində iştirakçıların rasionunda heç bir dəyişiklik edilməyib. Yəni onlar istədikləri kimi qidalanıblar.
Beləliklə, tədqiqatın nəticələrinə görə, alimlər belə nəticəyə gəliblər ki, şəkərin həddindən artıq istifadəsi bəzi psixi pozuntulara səbəb ola bilər.
Əlbəttə, söhbət ciddi psixi xəstəliklərdən getmir. Alimlərin sözlərinə görə, bu halda xroniki formalı depressiyalar, səbəbsiz təşviş və panik tutmalar qeydə alınmışdır. Britaniyalı alimlərin bu nəticələrinə dietoloq və qastroenteroloqlar skeptik yanaşıbılar.
Onlar bildiriblər ki, şəkər və ümumiyyətlə, şirin qidalardan imtina etmək sağlamlıq üçün faydalı ola bilər, məsələn, çəkinin aşağı düşməsinə zəmin yarada, şəkərli diabetin və ürək-damar xəstəliklərinin profilaktikası kimi dəyərləndirilə bilər.
O ki qaldı psixi sağlamlığa, burada heç də hər şey birmənalı deyil. Məsələn, Britaniya Dietoloqlar Assosiasiyasının nümayəndəsi bildirib ki, alimlərin apardıqları bu tədqiqatların nəticələri yalnız respondentlərin cavablarına əsaslanıb və heç bir elmi sübutu yoxdur.
Ona görə də tədqiqatın nəticələrinə ehtiyatla yanaşmaq lazımdır və onları təcrübədə tətbiq etmək məsləhət deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1