Mon-Fri

09:00-18:00

Sat

09:00-18:00

Sun

Outgoing
İnci Psixoloji Reabilitasiya Mərkəzi

Choose doctor

Choose time

Write you telephone number

By applying you accept

rules of service
Əqli gerilik və Psixi İnkişaf Ləngiməsi, onların təlimə təsiri hekimtap.az

Əqli gerilik və Psixi İnkişaf Ləngiməsi, onların təlimə təsiri

22704
Author: Pedaqoq Nigar Gülməmmədli , Əlaqə: 055 365-10-20

Əqli  gerilik  nədir?

Əqli  gerilik(oliqofreniya) idrak proseslərinin fəaliyyətinin çatışmazlığıdır. Əqli gerilik zamanı nitqin inkişafdan geri qalması da müşahidə edilir.Yəni, əqli gerilik psixikanın qismən və ya tam ləngiməsidir. Əksərən, pedaqoji baxımsızlıq nəticəsində əqli cəhətdən yaşıdlarından  geri qalan uşaqları da bu sıraya aid edirlər. Lakin bu, doğru deyil. Çünki  əqli gerilik zamanı beynin üzvi zədələnməsi də müşahidə edilməlidir. Pedaqoji baxımsızlıq yaşayan uşaqlarda isə beynin üzvi zədələnməsi olmur və onlar doğru aparılan təlim nəticəsində öz yaşıdlarına çata bilərlər.

Əqli  geriliyin  səbəbləri  hansılardır?

Əqli  geriliyin  yaranmasının  səbəbləri  çoxdur. Bunlardan  ən  çox  bilinənləri  aşağıdakılardır:
- Genetika;
- Hamiləlik müddətində ortaya çıxmış problemlər (Məsələn,qadının  hamiləlik  dövründə  bir  sıra  infeksion  xəstəliklər  keçirməsi);
- Doğuş zamanı müşahidə edilən problemlər (Məsələn,doğuş  zamanı  uşağın   uzun  müddət  oksigensiz  qalması);
- Sağlamlıq  problemləri.
     
Əqli  geriliyin  əlamətləri  hansıdır?

Əqli  gerilik  xəstəlik deyil, yoluxucu  deyil. Onun  əsas  əlaməti  intellektin  normadan  aşağı  olmasıdır. Əqli  geriliyi  olan  uşaq  ;
-daha gec iməkləyə və ya yeriyə bilər?
-gec danışa bilər, yaxud nitqi aydın olmaya bilər;
-problemləri həll etməkdə çətinlik çəkər;
-təfəkküründə pozulma baş verər.
     
Əqli  geriliyin  dərəcələri  hansılardır?

İntellektin səviyyəsindən asılı olaraq əqli geriliyin 3 forması ayırd edilir:
-Yüngül forma və ya debillik. Bu zaman İQ göstəricisi  50-69 arasını təşkil edir;
-Orta forma və ya imbesillik. Burada İQ göstəricisi 35-49 arasında dəyişir;
- Ağır forma və ya idiotiya. Bu zaman İQ səviyyəsi 34-dən aşağı olur.
         
Əqli  geriliyin  diaqnozu  necə  qoyulur?

Əqli gerilikdə diaqnoz əqli qabilliyyətlərin (İQ) ölçülməsi ilə qoyulur. Buraya daxildir:
- Beyinin öyrənmək, düşünmək, problem həll etmək qabiliyyəti;
- İnsanın müstəqil yaşamı üçün ona gərək olan qabiliyyətləri.
 
Bəs  bunlar  nələrdir?  Məsələn, paltar geyinmək, müstəqil yemək , deyiləni anlamaq, şifahi ünsiyyət bacarığı, yaşıdları və ailə üzvləri ilə ünsiyyət bacarığı və s.
 İlkin diaqnoz qoyulduqdan sonra uşağın zəif və güclü cəhətlərinə diqqət yetirilməlidir. Diaqnoz təcrübəli psixoloq və ya psixiatr tərəfindən qoyulmalıdır.Əqli geriliyi olan uşaqların təlim fəaliyyəti necə olur?  Əqli cəhətdən geri qalmış uşaqlarda dərketmə, fəallıq və müstəqillik çox aşağı olur. Bu da onların bilik, bacarıq və vərdişlərə yiyələnməsinə çətinlik törədir. Bu uşaqların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək üçün yeni metodlar axtarılıb tapılmalıdır. Normal uşaqlardan fərqli olaraq, əqli geriliyi olan uşaqlar onlara verilmiş məlumatlar içərisindən özlərinə lazım olanı seçib tapa bilmirlər, öz şəxsi təcrübələrindən istifadə etməyi bacarmırlar. Bu uşaqların təlim prosesində əyanilik çox mühüm rol oynayır. Əyanilik uşağın hər hansı əşyanı tam qavramasına, onun mahiyyətini araşdırmasına kömək edir.

Əqli geriliyin müalicəsi vardımı?  

Psixoloq və psixiatrlar tərəfindən uşaqla mütəmadi olaraq zəka testləri keçirilməli, inkişafetdirici tapşırıqlar tədbiq edilməlidir. Bu uşaqların daim fərdi dəstəyə ehtiyacı olur.

Psixi inkişaf ləngiməsi (PİL) nədir?

Əqli gerilikdən əsas fərqi odur ki, əqli gerilik anadan gəlmə olduğu halda, PİL anadangəlmə deyildir, İQ səviyyəsini qaldırmaq mümkündür. Bu problem uşaqların məktəb təlimi, məktəb müvəffəqiyyətsizliyi ilə yaxından  bağlıdır. PİL erkən yaş dövründən etibarən inkişaf etməyə başlayır.Psixi inkişafın ləngiməsinin təzahürləri daha çox məktəb dövründən özünü göstərməyə başlayır.Onlar həm fiziki,həm də psixoloji cəhətdən məktəbə hazır olmurlar.Onlarda dünyagörüşünün məhdudluğu, ümumi biliklərin çatışmazlığı, ətraf aləm haqqında qeyri-dəqiq təsəvvürlərin olması müşahidə edilir.

PİL olan uşağın təlim fəaliyyəti necə olur?

PİL olan uşağın şəxsiyyətinin bütün sahələri inkişafdan geri qalır. Məlumdur ki, indiki dövrdə informasiya bolluğu olduğu üçün uşaqlar yeni söz və ifadələri tez mənimsəyir və geniş lüğət ehtiyatına sahibdirlər. Psixi inkişaf Ləngiməsi olan uşaqlarda ümumiləşdirici təfəkkür əyanidir. Onlarda praktik fəaliyyət əsas rol oynayır. Onlar intellektual cəhətdən passivdirlər, maraqları məhdud şəkildədir, ən sadə təlim tapşırıqlarını yerinə yetirmək bu uşaqlar üçün bir problemə çevrilir.
       
Bəs PİL olan uşaqlara təlimdə necə kömək göstərməli?

Bəli, onların maraqları, dünyagörüşləri məhduddur, daha gec öyrənirlər. Lakin hər hansı bir məsələ və ya tapşırıq oyun şəklində, yaxud praktik şəkildə göstərilərsə, onlar bu məsələ və ya tapşırığı həll edərlər. Bu uşaqları düşünməyə cəlb etmək lazımdır.Yəni, onlara düşünmə, dərk etmək tələb edən tapşırıqlar verilməlidir ki, əşyaların yeni xüsusiyyətlərini görüb eyniləşdirsinlər, dərk etsinlər, fərqlərini tapsınlar.
     
Əqli geriliyi və Psixi İnkişaf Ləngiməsi olan uşaqlarla təlim prosesində müəllim hansı yolu izləməlidir?
 
Həm əqli geriliyi olan uşaqlarla, həm də Psixi İnkişaf Ləngiməsi olan uşaqlarla təlim prosesində müəllimin başlıca məqsədi, uşağın təfəkkürünü fəallaşdırmaq, onlara anlaşıla biləcək qədər düşünməyi, həmçinin müraciət etməyi öyrətməkdən ibarət olmalıdır. Müəllim sadəcə öyrətməklə kifayətlənməyib, öyrətdiyi bilikləri daim təkrarlamalı, uşaqların beynində möhkəmləndirməlidir.Bilik , bacarıq və vərdişlər müəllim tərəfindən möhkəmləndirilməli və uşaqlara onlardan müxtəlif cür istifadə etməyin yolları öyrədilməlidir. Bu zaman təkrarlamanın müxtəlif yollarından istifadə edilməlidir. Bu tip uşaqların diqqəti də zəif olur. Belə uşaqlar normal uşaqlara nisbətən daha çox tapşırıqlar həll etməlidirlər. Bu uşaqlar üçün hər hansı bir şeyə qarşı maraq yaratmaq çətindir. Çünki onların diqqəti asanlıqla bir şeydən başqa şeyə keçə  bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az