Dil:
Azərbaycanca
21-ci əsrin müasir texnologiyaları bir sıra sağalmaz xəstəliklərdən əziyyət çəkən insanların həyatlarını asanlaşdırıb. Buraya Parkinson xəstəliyi də daxildir.
Bu texnologiyalardan biri də “lazerli ayaqqabılardır”. Onların hazırlanma texnologiyasının mahiyyətini bilmədən bu ad adama qəribə görünə bilər. İş ondadır ki, bu ad ayaqqabıların daxillərinə lazer yerləşdirildiyi üçün verilib. Parkinsondan əziyyət çəkən insan bu ayaqqabıları geyinərkən heç bir problemsiz müstəqil hərəkət etməyi bacarır.
Hər şeydən əvvəl demək lazımdır ki, Parkinson xəstəliyi müxtəlif hərəkətlərin icrası zamanı yaranan “pauzalarla” səciyyələnir.
Misal üçün xəstənin irəli gedərkən müəyyən vaxtda yerində donub qalmasını və daha addım ata bilməməsini göstərmək olar. Bu cür məqamlar 2-60 saniyə arası davam edə bilər. Ən təhlükəlisi isə odur ki, bu “pauzalar” zamanı insan tarazlığını asanlıqla itirə bilir və yıxılır, nəticədə travmalar alır.
Bu simptomun başqa bir xüsusiyyəti ondan ibarətdir ki, xəstə “pauzanı” qısalda bilir. O, bunu diqqətini ayaqlarının yaxınlığında yerləşən hər hansı bir obyektə, yaxınlaşa biləcəyi bir əşyayaya kökləməklə edə bilir. Konsentrasiya obyekti istənilən şey ola bilər: daş parçası, budaqdan qopub düşən yarpaq və ya yerdəki çat. Ancaq onu da başa düşmək lazımdır ki, bu elementlər hər “tormozlanmada” xəstənin qarşısına çıxmaya da bilər. Alimlərin yaratdıqları ayaqqabılar isə bu problemi həll edir. Onların içərisinə quraşdırılmış lazerlər yerə markerlər çəkir ki, onlar da Parkinsondan əziyyət çəkən insanlara dayanmadan hərəkət etməyə yardımçı olur. Ayyaqabılara quraşdırılmış lazer ayaq müstəvidə olduqda insandan 45 sm aralıda qırmızı xətt proyeksiya edir, ayaq növbəti addım üçün qalxdıqda isə proyeksiya sönür. Mütəxəssislər kəşflərini 21 Parkinson xəstəsi üzərində sınayıblar və sübut ediblər ki, “lazer ayaqqabılar” hərəkət zamanı “pauzaların” sayını iki dəfə azaldır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1