Dil:
Azərbaycanca
Günəş şüalarının dəriyə təsiri
Müəllif: Dr. Şəhla Məmmədova 06 İyul 2019 12869Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir. Günəşin fotosintez, D vitamini yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir göstərmək kimi böyük əhəmiyyəti var. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də günəş şüaları məsləhət görülür. Günəş işığı həm də estetik görünüş verir, xoşbəxtlik hormonu ifrazını artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Bütün bunlara baxmayaraq, Günəş şüalarının həddindən artıq qəbulu xəstəliyə və ya xroniki proseslərin kəskinləşməsinə səbəb ola bilər.Günəş şüalarının ən təhlükəlisi ultrabənövşəyi şüalardır. Belə ki, bu şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Həkimlər günəş şüaları altında qaralma zamanı yol verilən səhvlər və qaydalara riayət olunmamasının bədəndə bir sıra fəsadlara, o cümlədən bədxassəli şişlərin yaranmasına da səbəb ola biləcəyini bildirirlər. Ona görə də günəş vannası müəyyən normalar daxildə qəbul edilməlidir. Zərərli günəş şüalarından qorunmaq üçün bir sıra vacib məqamlara əməl olunmalıdır.
Günəşin ultrabənövşəyi şüalarından necə qorunmalı ?
Kölgədə qalmaq, günəşin zərərli təsirlərindən tam qorunmaq demək deyil, qum və dəniz günəş şüalarını əks etdirdiyi üçün möhkəm toxunmuş, açıq rəngli geyimlər geymək, geniş kənarları olan papaqlar və gün eynəklərindən istifadə etmək lazımdır. Saat 11.00-15.00 arası dəniz kənarına getmək, günəş şüaları altında olmaq məsləhət görülmür. Yay aylarında qoruma kremlərindən mütləq istifadə etmək lazımdır. Dərinin təbii qorunmasının davamlılığı hər bir insan üçün fərdi olan, yanmalar yaranmadan dərinin günəş altında qala biləcəyi müddətdir.
Günəş kremləri bütün kosmetik markaların kolleksiyalarında var və bu vasitələr tərkibində SPF (Sun Protection Factor) olması ilə seçilir. SPF 25, 30. 50 kimi miqdarlarda ola bilər. Günəşdən qoruyucu vasitələr fiziki, kimyəvi və ikisinin də tərkibi olmaqla üç tipə ayrılır. Fiziki qoruyucular dəridə baryer meydana gətirirlər. Günəşdə çox qalmaq məcburiyyətində olduqda allergik və ya həssas dərisi olanlar, uşaqlar və hamilələr istifadə edə bilərlər. Akne problem olanlar su əsaslı günəş qoruyucu məhsullardan istifadə etməlidirər: Yağlı məhsullar məsamələri tıxayır, yeni sızanaqların meydana gəlməsinə zəmin yaradır. Quru dərisi olanlar dərini nəmləndirməsi üçün krem formalı vasitəyə üstünlük verməlidirlər. Ləkələri olanlar örtmə xüsusiyyəti olan və bədən rəngində SPF 50 tonal kremi kimi dermo kosmetik xüsusi məhsulları seçə bilərlər. Dəniz və hovuzda uzun müddət vaxt keçirənlər, açıq havada idman edənlər və tərləməyə meylli insanlar suya davamlı (Waterproof) xüsusiyyəti olan qoruyucu istifadə etməlidilər. Çünki bu məhsullar suda qalanda və ya islandıqda qoruyucu təsirini 40-80 dəqiqə saxlaya bilirlər. SPF 30 tərkibli qoruma məhsulu şüaların 97 faizini blok edir. SPF 50 isə 98 faizinə maneə törədir. Bu səbəbdən də 50 faktordan yuxarı olan günəş qoruyuculara üstünlük vermək şərt deyil, çünki qorunma müddətini uzatmır: Günəşdən qorunmaq istəyərkən, ən çox edilən səhvlərdən biri də günəş kreminin çimərlikdə sürtülməsidir. Kremin dəri tərəfindən mənimsənilib qoruyucu xüsusiyyətinə başlaması üçün təxminən 30 dəqiqə lazımdır. Bu səbəbdən qoruyucu krem açıq havaya çıxmazdan 20-30 dəqiqə əvvəl, üz və bədən səthinə vurulmalıdır. Günəş qoruyucuları ultrabənövşəyi şüaların sıx olduğu vaxtlarda - saat 10.00-16.00 arasında 2 saatdan bir çəkmək lazımdır.
Tənbəllik etmədən günəşdən həm özümüzü, həm də uşaqlarımızı qoruyaq ki, hər zaman gənç və sağlam qalaq !
Müəllif təcrübəli həkim kosmetoloq Dr. Şəhla Məmmədova.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1