Dil:
Azərbaycanca
Tədqiqatçılar bir sıra elmi təcrübələrdən sonra siqaret çəkən insanların baş beyni fəaliyyətində dəyişikliklər aşkar ediblər. Müəyyən edilmişdir ki, siqaret çəkmək Alsheymer xəstəliyini provokasiya edə bilər.
Əlbəttə, siqaret çəkmək bu xəstəliyi yaradan əsas səbəb deyil, ancaq bu patoloji prosesi sürətləndirə bilər.
Amerikalı alimlərin apardıqları tədqiqatlarda 10000-dən çox adam iştirak edib. Bu istiqamətdə 10 ildən çox elmi işlər aparılıb. Uzun illər siqaret çəkən adamların demək olar ki, hamısında irəliləyən demensiya müşahidə edilmişdir.
Başqa sözlə, baş beyin qabığında degenerativ dəyişikliklər baş vermiş, bunun da sayəsində yaddaş keyfiyyətinin aşağı düşməsi və sinir sisteminin digər funksiya pozuntuları müəyyən edilmişdir. Adı çəkilən neyrodegenerativ xəstəliyin inkişafı zamanı məhz bu cür simptomlar özünü büruzə verir.
Qeyd etmək lazımdır ki, Alsheymer xəstəliyinin etiologiyası kifayət qədər öyrənilməyib. Bir çox alimlərin fikrincə, bu xəstəliyin yaranması genetik faktorlarla əlaqədardır. Patoloji prosesin inkişafı müəyyən zülalın sintezinə səbəb olan mutasiyadan sonra başlanır.
Problem ondadır ki, alimlər hələ ki, məhz hansı zülalın patoloji dəyişikliklərə uğradığını müəyyənləşdirə bilmirlər.
Hazırda alimlər birmənalı nəticəyə gəliblər – siqaret çəkmək Alsheymer xəstəliyi yaratmır, amma bu xəstəliyə meyilli olan adamlarda prosesin sürətlənməsinə səbəb ola bilər. Bununla əlaqədar, alimlər təkidlə siqaretdən imtina etməyi və ya çəkilən siqaretlərin sayını minimuma endirməyi tövsiyə edirlər.
Onu da unutmaq olmaz ki, tütün istifadəsi digər təhlükəli problemlər, həmçinin, onkoloji xəstəliklər yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1